9.4. MƏHSULUN İSTEHSALI VƏ SATIŞI XƏRCLƏRİ
Məhsulun (işin, xidmətin) maya dəyəri istehsal prosesində istifadə olunan təbii
ehtiyatların, xammal, material, yanacaq, enerji, əsas fondların və əmək ehtiyatlarının
dəyərini, onların istehsalına və satışına sərf edilən digər xərcləri özündə əks etdirir.
Məhsulun istehsalat xərcləri vergiqoyma məqsədilə müvafiq normativ - hüquqi aktlarla
təsdiq edilmiş limitlər, normalar və normativlər əsasında müəyyənləşdirilir. Normativ aktlara
müvafiq olaraq məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilən xərclər aşağıdakı kimi
qruplaşdırılır:
-material xərcləri;
-əmək haqqı xərcləri;
-sosial ehtiyaclara ayırmalar;
-əsas fondların amortizasiyası (köhlənməsi); -sair xərclər.
1. Material
xərclərinə məhsul istehsalına, işlərin görülməsinə, xidmətlərin
göstərilməsinə sərf edilən xammalın, materialın dəyəri daxildir.
2. Əmək haqqı xərclərinə qanunvericiliklə nəzərdə tutulan hədlər daxilində müvafiq
məhsul (iş, xidmət) istehsalında çalışan işçilərə hesablanan əmək haqqı və müavinətlər üzrə
xərclər aid edilir. Əməyin ödənilməsi üzrə xərclər onun faktiki hesablaması zamanı
müəssisənin real pul xərcləri aparmasından asılı olmayaraq maya dəyərinə daxil edilir.
3.Sosial ehtiyaclara ayırmalar təsərrüfat subyektinin üzərinə qanunvericiliklə qoyulmuş
məcburi xərclər növündən biridir. Bu məcburi sığorta ödənişləri müəssisə və təşkilatların
Azərbaycan Respublikasının büdcədənkənar məqsədli- Dövlət Sosial Müdafiə Fonduna-
98
ayırmalar hesabına formalaşır. Həmin fonda ayırma normaları (faiz dərəcələri)
qanunvericiliklə tənzimlənir və müəssisənin işçilərinə hesablanmış aylıq əmək haqqının
ümumi məbləğinə mütənasib olaraq müəyyən edilən vəsait vaxtaşırı müvafiq fondlara
köçürülür. Sosial ehtiyaclara ayırmaların məhsulun maya dəyərinə aid edilməsi faktiki ödəmə
müddətindən asılı olmayaraq əməyin ödənilməsinə vəsait ayrıldığı vaxt həyata keçirilir.
4. Əsas fondların amortizasiyası (köhnəlməsi, aşınması) məhsulun maya dəyərinə əsas
istehsal fondlarının balans dəyərinə görə qanunvericiliklə (bu barədə zaman - zaman hökumət
xüsusi qərar verir) müəyyən edilmiş normalara uyğun daxil edilir. Dünya təcrübəsi amortizasiya
ayırmalarının qrup normalarını əsas götürür. Bu məqsəd üçün bütün əsas fondlar onların istismar
müddətindən və digər texniki göstəricilərindən asılı olaraq qruplaşdırılır, amortizasiya ayırmaları
məbləği isə hər bir obyekt üzrə və eləcə də əsas fondların qrupları üzrə də müəyyən edilir.
Amortizasiya ayırmaları məhsulun maya dəyərinə daxil edildiyinə görə, onların kəmiyyəti
ödəniləcək ümumi vergi məbləğində öz əksini tapır. Başqa şərtlər eyni olmaqla amortizasiya
ayırmalarının həcmi nə qədər çoxdursa, müəssisənin mənfəət və əmlak vergiləri bir o qədər az
olur. Amortizasiya ayırmaları pul məsrəflərini ifadə etmir. Bu haqq - hesab kəmiyyətidir ki,
müəssisəyə daxili mənbə hesabına investisiya üçün xüsusi ehtiyat vəsaiti toplamağa imkan verir.
Bu mənbə hesabına investisiya proqramı maliyyələşdirdiyi vaxt həmin amortizasiya ayırmaları pul
formasını almış olur. Ayrı - ayrı qrup məsrəflər özlüyündə istehsalın sonrakı mərhələsinin
hazırlanması ilə əlaqədardır. Bitməmiş istehsal qalığı, gələcək dövrün gəlirlər ehtiyatı, gələcək
dövrün xərcləri və s. onlara aiddirlər.
5. Məhsulun maya dəyərinə daxil edilən sair xərclər öz iqtisadi məzmununa görə olduqca
geniş əhatəyə malikdir və xarakterinə görə onlar yuxarıda sadalanan dörd qrup xərc elementlərinin
heç birinə aid edilə bilmir. Onlar məhsulun maya dəyərinə müxtəlif üsullarla daxil edilir. Sair
xərclərin tərkibinə ilk növbədə vergilər, rüsumlar, xüsusi büdcədənkənar fondlara ayırmalar,
dövlət rüsumu, torpaq vergisi və nəqliyyat vergisi aid edilir. Sair xərclərə eyni zamanda ekoloji
cərimələr, kəşflərə və səmərələşdirici təkliflərə görə mükafatlar, kreditdən istifadəyə görə
ödəmələr, ezamiyyə xərcləri, kadrların hazırlanması xərcləri, rabitə, bank, reklam xidmətlərinin
ödənilməsi, qeyri - material aktivlərin amortizasiyası, məhsul satışı ilə bağlı və başqa məsrəflər də
aiddir. Bu növ xərclərə ikili ödəmə üsulu xarakterikdir. Qanunvericiliklə müəyyən edilmiş norma
daxilində onlar məhsulun maya dəyərinə daxil edilir, normadan artıq xərclər isə vergiyə
cəlbetmədən sonra müəssisənin sərəncamında qalan mənfəət hesabına ödənilir. Beləliklə, uçot
əlamətləri üzrə təsnifləşdirilən məsrəflər məhsulun maya dəyərinə spesifik üsulla daxil edilir.
Onlar istər hazır məhsulun satışı hesabına mənfəətin formalaşmasına və istərsə də vergiyə cəlb
edilən mənfəətə bu və ya digər dərəcədə təsir göstərirlər. Məsrəflərin ayrı - ayrı elementləri
arasındakı nisbət istehsala çəkilən xərclərin strukturunu ifadə edir. Məhsulun istehsalı və satışına
çəkilən xərclər toplusu onun tam maya dəyərini təşkil edir. Müəssisə üçün maya dəyəri istehsal
edilən məhsulu satışa buraxarkən ona qiymət qoymaq üçün əsas meyar kimi çıxış edir və
həmçinin məhsul satışından əldə ediləcək mənfəəti, bu mənfəətin vergi yükünü müəyyən etmək
üçün əsas olur. Ona görə də məhsulun maya dəyərini müəyyən etmək qaydasına aid olan normativ
sənədlər mülkiyyət formasından və hüquqi statusundan asılı olmayaraq bütün təsərrüfat
99
subyektlərinə eyni dərəcədə şamil edilir ki, bu da bazar münasibətləri və rəqabət mühitində
müəssisələrin hamısını bərabər şəraitdə fəaliyyət göstərməyə sövq edir.
Məhsulun istehsalı və satışı ilə bağlı olan xərclərin planlaşdırılması hər şeydən əvvəl
müəssisənin çevik və optimal qiymət siyasətinin müəyyənləşdirilməsi üçün zəruridir. Bu halda ən
vacib şərt isə dəyişən və sabit xərclərin ayrılıqda planlaşdırılması və istehsalat ehtiyatlarının daha
səmərəli, daha qənaətlə həcmini müəyyən etməkdən ibarətdir. Xərclərin planlaşdırılması müxtəlif
metodlarla həyata keçirilə bilər. Onların seçimi makroiqtisadi vəziyyətdən, müəssisənin
həcmindən, onun fəaliyyət miqyasından və uçot imkanlarından asılıdır.
Məsrəflərin uçotu sabit və dəyişən xərclər bölümləri üzrə aparıldıqda planlaşma əsasən
dəyişən məsrəfləri əhatə etməlidir. Sabit xərclər məhsul istehsalı həcminin azalması və yaxud
artması zamanı kəskin dəyişmir, yalnız onların buraxılan məhsul vahidinə nisbi kəmiyyəti dəyişir.
Nəzərə alınmalıdır ki, sabit xərclərin normalarının artıb-azaldığı müddətlərdə dəyişən xərclərin
artımı mənfəətin azalmasına gətirib çıxarmır. Əksinə, məhsul istehsalının artan həcminə
mütənasib olaraq mənfəət artmış olur. Sabit xərclər planlaşdırıldıqda onların məhsul buraxılışının
həcmi ilə qarşılıqlı əlaqələndirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhsul buraxılışının həcminin
xeyli dəyişməsi maya dəyərində böyük dəyişikliyə səbəb ola bilər.
Sabit xərclər planlaşdırılarkən müəssisə aşağıdakı vəzifələri həll etməlidir:
-zəruri məhsul buraxılışı həcmi və satışını müəyyən etməlidir, bu halda sabit və dəyişən
xərclərin ödənilməsinə nail olunur;
-sabit xərclərin zəruri kəmiyyətinin haqq - hesabını aparmalı və onları real istehsal
imkanları ilə tutuşdurmaqla müqayisə etməlidir.
Məhsulun maya dəyərinə müxtəlif amillər təsir edir. Əgər maya dəyərinin strukturunda
material məsrəfləri böyük xüsusi çəki təşkil edirsə, deməli istehsal material tutumludur və
məsrəflərin idarə edilməsində material xərclərinin aşağı salınmasına xüsusi diqqət
yetirilməlidir. Əgər maya dəyərinin tərkibində əmək ödənişləri (sosial vergilər də daxil
olmaqla) çoxluq təşkil edirsə, deməli istehsal əmək tutumludur və əmək məhsuldarlığının
yüksəldilməsi məsələləri ön plana çəkilməlidir ki, bu yolla maya dəyərinin nisbi aşağı
salınmasına nail olunsun. Əgər maya dəyərinin tərkibində amortizasiya ayırmaları üstünlük
təşkil edirsə, deməli istehsal fondtutumludur. Əsas vasitələrindən istifadənin səmərəlilik
dərəcəsi, istehsal fondlarının yüklənməsi səviyyəsi öyrənilməli və mövcud əsas fondlardan
istifadəni yaxşılaşdırmaq üçün tədbirlər görülməlidir. Belə olduqda məhsul vahidinə
amortizasiya payı azalar və məhsulun maya dəyəri aşağı düşər.
|