10.4.MÜƏSSİSƏLƏRİN VERGİ VƏ SOSİAL SIĞORTA ÖDƏMƏLƏRİ
Mülkiyyət formasından asılı olmayaraq respublikamızda sahibkarlıq fəaliyyəti göstərən
bütün müəssisə və təşkilatlar qanunvericiliklə nəzərdə tutulmuş müxtəlif növ vergi
ödəyiciləri hesab olunurlar. Vergi Məcəlləsinə əsasən hazırda respublika ərazisində aşağıdakı
vergi növləri tətbiq edilir:
- fiziki şəxslərin gəlir vergisi; -hüquqi şəxslərin mənfəət vergisi; -əlavə dəyər vergisi; -
aksizlər; -əmlak vergisi; -torpaq vergisi; yol vergisi; -mədən vergisi; -sadələşdirilmiş vergi.
Fiziki şəxslərin gəlir vergisi birbaşa vergi olmaqla dövlət büdcəsinin gəlirlərində
dinamik artımı ilə fərqlənir və əhalinin böyük əksəriyyətini əhatə etdiyi üçün geniş
vergitutma bazasına malikdir. Azərbaycan Respublikası ərazisində və onun hüdudlarından
kənarda muzdlu işlə və digər fəaliyyətlə məşğul olan rezident və qeyrirezident fiziki şəxslər
gəlir vergisinin ödəyiciləridirlər. Son illər Azərbaycan Respublikasının dövlət büdcəsi
gəlirlərinin strukturunda əhalidən gəlir vergisinin xüsusi çəkisi orta hesabla 14 - 15 faiz təşkil
etmişdir.