1. İnformasiya təhlükəsizliyi anlayışı və əsasları
İnformasiya təhlükəsizliyi probleminin daha ətraflı şərhinə keçməzdən əvvəl,
informasiya cəmiyyətinin əsasını təşkil edən informasiya anlayışı haqqında məlumatın
verilməsi zəruridir. Belə ki, informasiya anlayışı olduqca geniş və müxtəlif anlamlarda
işlədilir. Elə fəaliyyət sahəsi tapmaq mümkün deyil ki, orada informasiya anlayışı istifadə
olunmasın. Burada informasiya anlayışı aşağıdakı kimi başa düşülür.
Elmi-texniki inqilab informasiya cəmiyyətinin yaranmasına səbəb olmuşdur. Bu
cəmiyyətdə informasiya və biliklər ən mühüm resurs və başlıca əmtəədir. Vətəndaşların,
cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və
texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana
çıxarır. Müasir cəmiyyət tədricən öz informasiya infrastrukturunun vəziyyətindən asılı
olur.
İnformasiya - təqdimat formasından asılı olmayaraq şəxslər, əşyalar, faktlar, hadisələr,
təzahürlər, proseslər və anlayışlar haqqında məlumatlar və biliklərdir.
İnformasiya kompüterə daxil edilmiş verilənlər, proqram kodları, məktub, yaddaş qeydləri,
işlər, düsturlar,
sxemlər, çertyojlar, diaqramlar, dissertasiyalar, məhkəmə
sənədləri və s. formalarda ola bilər.