Nadir şahın dini islahatları. Nadir şahın apardığı dini siyasət Səfəvilər dövründən yayılan
məzhəb ixtilaflarına son qoyulmasına, sünnülər, şiələr və sair məzhəb tərəfdarlarının vahid
məqsədlər ətrafında birləşdirilməsinə xidmət edirdi. Bu məqsədlə 1743-cü ilin noyabr ayında
Nadir şah xanımı, Şah Sultan Hüseynin qızı Raziyyəbəyim ilə Kərbəlaya gəlmiş, burada
imamların qəbirlərini ziyarət edib, səcdəgahın təmiri üçün 20000 pul ayırmışdı. Bundan sonra
Nadir şah Nəcəfə gəlib burada bütün müqəddəs yerlərin din alimlərinin iştirakı ilə məclis təşkil
etdi, sünnü və şiə təriqətləri arasında olan ixtilafların aradan qaldırılması üçün tapşırıqlar verdi.
Məlumdur ki, dövrünün ən qüdrətli və möhtəşəm dövləti olan Osmanlı dövlətinin sultanı 1517-ci
ildə Misirin fəthindən etibarən, həm də müsəlman dünyasının xəlifəsi kimi əmir əl-mömin
(möminlərin əmiri) olmaqla ruhani hakimiyyətini də təmsil edirdi. Ona görə də Nadir şah dini
tələblərlə bağlı məsələləri Osmanlı sultanı ilə bilavasitə razılaşdırmaq yolunu tutdu.
Orta əsrlər müsəlman idarəçilik sisteminin mahiyyətini müəyyən edən Nadir şah islamla
bağlı mövcud stereotipləri məhv etdi. Özü müsəlman ayin və ibadətlərini ardıcıl olaraq yerinə
yetirsə də, din xadimlərinin dövlət işlərinə müdaxiləsini minimuma endirdi və dünyəvi
məzmunlu qüdrətli bir imperiya yarada bildi. Şiə məzhəbinin dövlətin idarəçiliyində
hegemonluğunu bir kənara qoyaraq, vahid məzhəbin bərqərar olması istiqamətində ən müxtəlif
səviyyələrdə tədbirlər gördü. Nadir xəlifə kimi ruhani hakimiyyətini də həyata keçirən türk
sultanı Mahmud ilə yazışmalardan sonra VI İmam Cəfər Əs-Sadiqin adı ilə bağlı olan Cəfəriliyin
rəsmi təriqət kimi qəbul edilməsinə cəhd etdi. Hənəfi, Şafii, Hənbəli və Maliki məzhəbləri kimi,
dörd məşhur məzhəblə yanaşı, sünnülər Cəfəri məzhəbini də felən tanıdılar. Cəfərilər adı çəkilən
sünnü məktəbinin davamçıları ilə bərabər, Kəbə ətrafında namaz üçün ayrıca yer (məqam və ya
musalla) aldılar. Bütün bunlar Nadirin müstəsna fəaliyyətinin nəticəsi idi. Nadir şahın həm dini,
həm siyasi, həm də hərbi sahədə apardığı siyasət məhz Turan və İslam aləmini birləşdirmək
olmuşdur. 1740-cı ildə Nadir şah Sultan I Mahmuda (1730-1754) belə bir müraciətlə məktub
göndərmişdi ki, əgər siz Cəfəri məzhəbini qəbul etsəniz, mən bütün məmləkətlərimi Osmanlıya
qataram.
|