Azerbaijan - Law on approval of the Manual of Internal Service of the Armed Forces, 1995 [Aze]
XIV fəsil. Hərbi qulluqçuların sağlamlığının qorunması Ümumi müddəalar 360. Hərbi qulluqçuların sağlamlığının qorunması sanitar-gigiyena qaydalarına
əməl edilməsi, profilaktika və epidemiya əleyhinə tədbirlərin keçirilməsi ilə, həmçinin
şəxsi heyətin sağlamlığı üzərində daimi tibbi nəzarətlə əldə edilir.
361. Hər bir hərbi qulluqçu şəxsi və ictimai gigiyena qaydalarına ciddi riayət
etməli və öz orqanizmini gündəlik möhkəmləndirməlidir.
Soyuq vaxtlarda hərbi qulluqçuların orqanizminin həddindən artıq soyuması və
donması, isti vaxtlarda isə həddindən artıq qızması, gün yanıqları və istilikvurma
hallarının qarşısını alan tədbirlərin görülməsi xüsusi əhəmiyyət kəsb edir.
362. şəxsi gigiyena qaydalarının yerinə yetirilməsinə aşağıdakılar daxildir:
səhərlər əl-üzün yuyulması, dişlərin təmizlənməsi, bədənin qurşağa qədər soyuq
su ilə silinməsi;
hər qida qəbulundan qabaq əllərin yuyulması;
yatmazdan qabaq əl-üzün yuyulması, dişlərin təmizlənməsi və ayaqların
yuyulması;
üzün və başın vaxtında qırxılması, dırnaqların tutulması;
hamamda müntəzəm çimmə, alt və yataq dəyişəyinin, ayaq dolaqlarının və
corabların dəyişilməsi;
hərbi geyimin, ayaqqabının və yatağın təmiz saxlanması.
İctimai gigiyena qaydalarına aşağıdakılar daxildir: yataq otaqlarında,
ayaqyolularında və digər ümumi istifadə otaqlarında təmizliyin saxlanılması; otaqların
havasının müntəzəm surətdə dəyişdirilməsi; ictimai yerlərdə, həmçinin alayın
(briqadanın) yerləşdiyi ərazidə təmizliyin saxlanılması.
363. Bütün hərbi qulluqçular saçlarını səliqə ilə vurdurmalıdırlar. Əsgərlərə,
matroslara, müddətli xidmət çavuşlarına, eləcə də hərbi məktəblərin bütün
kursantlarına qısa saç saxlamağa icazə verilir.