7.2. Verilənlərin rabitə kanalları ilə ötürülməsi
7.2.1. Şəbəkədə qarşılıqlı fəaliyyət metodları
Kompüterlər arasında əlaqə onların arasında fiziki rabitə yaratmaq yolu ilə əldə edilir.
Verilənlər şəbəkədə xüsusi kabelin köməyi ilə, telefon və ya radio ilə ötürülür. Bu xətlərin
169
fiziki xarakteristikaları kompüterdəki şinin xarakteristikalarına uyğun olmadığından,
siqnalın dəyişdirilməsi lazım gəlir. İnformasiya kabellə ötürülərkən dəyişdirmə prosesi
üçün şəbəkə adapterindən, telefon və ya radio ötürməsində isə modemdən istifadə edilir.
Şəbəkəyə qoşulmuş kompüterlər şəbəkə düyünləri, məlumat ötürən xətlər isə rabitə
kanalları adlanır. Əslində, şəbəkə düyünü dedikdə, ya adapter, ya da modem nəzərdə
tutulur. Odur ki, bir kompüterdə bir neçə şəbəkə adapteri və ya modem olduqda həmin
kompüter şəbəkə düyünləri kimi fəaliyyət göstərir.
Bir və sıfırlar sırası şəklində ötürülən məlumat blokunun ilki və sonu müəyyən edilir.
Buna paketlərin sinxronlaşdırılması deyilir. Sinxronlaşdırma qaydasına kommunikasiya
protokolu deyilir. Siqnalötürmə prosesi şəbəkə trafiki adlanır. Biristiqamətli ötürmə
kanalına simpleks kanal deyilir. İkiistiqamətli kanal dupleks kanal adlanır.
Kommunikasiya avadanlığı. Şəbəkədə telefon xətlərindən, xüsusi naqildən, koaksial
və optik kabellərdən və radio dalğalarından istifadə edilir. Ən ucuz kabel 2-3 naqilli
kabeldir ki, bu da saniyədə 10 meqabit informasiya ötürə bilir. Lakin küyə qarşı
müqaviməti azdır. Bu problem kabelin ekranlaşdırılması üsulu ilə həll edilir. Bu halda
kabel bahalaşır. Koaksial kabel orta bahalığa malik, küyə qarşı yaxşı müdafiə olunan
kabeldir. Bir neçə kilometrə ötürmə zamanı istifadə edilir. Saniyədə 100 meqabit
informasiya ötürür. Hər kilometr yarımdan sonra gücləndirici (təkrarlayıcı və ya fəal
konsentrator), son ucda isə xüsusi siqnaluducu (terminator) olmasını tələb edir. Optik
kabel bahadır. Lakin ötürmə sürəti saniyədə 10-50 qiqabayta çatır. Kabelin uzunluğuna
məhdudiyyət yoxdur. Küy təsir etmir. Kabeli budaqlandırmaq çox mürəkkəbdir. Paralel
qoşulmaq, gizli dinləmək qeyri-mümkündür.
Son zamanlar rabitə kanalları daha çox peyk rabitəsinə əsaslanır. Kommunikasiya
peyklərinin 3 tipi vardır:
aşağı orbitli peyklər (LEO – Low Earth Orbit) 290 - 1600 km yüksəklikdə Yerin
fırlanma sürətindən çox sürətlə uçur. Bunlar səmərəli deyil. Küyə qarşı müqaviməti azdır.
Atmosferin yuxarı qatlarında müqavimətə rast gələrək yavaşıyıb mövqeyini dəyişir.
Orta orbitli peyklər (MEO – Middle Earth Orbit) 10-16 min km yüksəklikdə Yerin
fırlanma sürətindən artıq sürətlə uçur.
Geostasionar (geosinxron) orbitli peyklər (GEO – Geostationary Earth Orbit) 35
min km yüksəklikdə Yerlə bərabər sürətlə fırlanır. Buna görə də bu peyklər ekvator
170
üzərində bir nöqtədə asılmış şəkildə uçur. Retranslyator stansiyaları üçün bu peyklər çox
münasibdir.
Şəbəkə adapteri verilənlərin ötürülməsi ilə bağlı baza funksiyalarının bir hissəsi ilə
proqramlaşdırılmışdır. Bunu prosessor kompüter portuna görə tanıyır. Şəbəkə adapteri
prosessorun porta daxil etdiyi əmrlərlə idarə edilir. Qalan funksiyaları özü icra edir.
Şəbəkə adapteri rabitə kanalı ilə daxil olan məlumatlar arasından lazımi verilənləri qəbul
edib öz buferinə yığaraq prosessorun qəbuledici əmrini gözləyir. Şəbəkəyə ötürüləcək
məlumatları prosessordan öz buferinə yığan şəbəkə adapteri şəbəkənin azad olmasını
gözləyir və sonra ötürür.
Şəbəkə drayveri şəbəkə adapteri ilə bilavasitə qarşılıqlı fəaliyyət göstərən proqrama
deyilir. Bu, prosessorun sorğularını adapterin anladığı əmrlərə və əksinə tərcümə etmək
üçündür.
Şəbəkə modulu paketləri bu və ya digər kommunikasiya protokoluna uyğun surətdə
işləyən sistem proqramıdır. Şəbəkə modulu şəbəkə drayveri ilə, şəbəkə əməliyyat
sisteminin proqramları ilə və digər şəbəkə modulları ilə qarşılıqlı fəaliyyət göstərir.
Şəbəkə interfeysi şəbəkə adapteri, şəbəkə drayveri və şəbəkə modulunun birgə
fəaliyyətinin nəticəsi kimi meydana çıxır.
Körpü bir texnologiya ilə yaradılmış iki şəbəkəni bir-birinə qoşan şəbəkə düyünüdür.
Körpü öz şəbəkəsi üçün nəzərdə tutulan məlumatlara toxunmur, yalnız başqa şəbəkəyə
ötürüləsi məlumatları ötürür.
Marşrutizator və ya paket kommutatoru müxtəlif texnologiyalarla qurulmuş
şəbəkələri qoşmaq üçündür. Marşrutizatorun funksiyasını şəbəkə kompüterlərindən biri
icra edir.
Şlüz müxtəlif şəbəkə avadanlığı və müxtəlif protokollu verilənlərlə xarakterizə olunan
iki şəbəkəni birləşdirir.
Multipleksor xəbəri təkrarlayaraq eyni vaxtda bir neçə kanalla ötürməyə, həmçinin
bir neçə kanalla ötürülən siqnalları bir kanalda birləşdirib ötürməyə imkan verən şəbəkə
moduludur.
Şaxələndirici bir neçə işçi stansiyanı bir rabitə kanalına qoşan qurğudur. Bu, bir
kanalla ötürülən siqnalı iki və ya üç kanala şaxələndirir. Daha çox kanala şaxələndirmə
halında xab (ingiliscə, Hub) deyilən təkrarlayıcı qurğudan istifadə edilir.
171
7.2.2. Açıq sistemlərin şəbəkədə qarşılıqlı fəaliyyətinin etalon modeli
Müasir cəmiyyət üçün xarakterik olan standartlaşdırma problemi qlobal informasiya
fəzasının yaranması ilə əlaqədar olaraq informasiya yayımı sferasında xüsusilə kəskindir.
Şəbəkələrarası qarşılıqlı fəaliyyət prosedurları üçün Beynəlxalq Standartlaşdırma Təşkilatı
(İSO – İnternational Standard Orqanization) tərəfindən işlənib hazırlanmış standartlardan
istifadə edilir. Bu, ―açıq sistemlərin qarşılıqlı fəaliyyət standartları‖ (OSİ Ref. Model –
Open Systems İnterconnection – Reference Model) və ya ―Yeddisəviyyəli şəbəkə
mübadiləsinin etalon modeli‖ adlanır.
İSO modeli şəbəkədə məlumat ötürülüşü məsələsini 7 səviyyəyə bölür:
1.
Fiziki səviyyə (Physical Layer);
2.
Kanal səviyyəsi (Data Layer);
3.
Şəbəkə səviyyəsi (Network Layer);
4.
Nəqliyyat səviyyəsi (Transport Layer);
5.
Seans səviyyəsi (Session Layer);
6.
Verilənləri təqdimetmə səviyyəsi (Presentation Layer);
7.
Tətbiqi səviyyə (Application Layer).
Fiziki səviyyə protokollarının əsas təyinatı fiziki rabitə və onunla bağlı istismar
hazırlığını təmin etməkdən ibarətdir. Bu səviyyə üçün çəbəkə adapteri və modem proqram
təminatı məsuliyyət daşıyır. Fiziki səviyyə paketləri kanal səviyyəsi paketləri ilə eynidir.
Kanal səviyyəsi məlumat ötürən rabitə xətlərinin idarə edilməsi səviyyəsidir və lokal
şəbəkələrdə paketləri idarə edir. Bilavasitə rabitə xətti ilə ötürülən paketə kadr deyilir.
Rabitə kanalı və ya qəbuledici qurğu bu və ya digər səbəbdən işə hazır deyilsə, buna
şəbəkə konflikti deyilir. Konflikti həll etmək üçün ötürməni təxirə salmaq lazımdır.
Şəbəkə səviyyəsinin protokolları lokal şəbəkə daxilində fəaliyyət göstərir. Bu
səviyyədə şəbəkə modulu ötürülən informasiyaya mənbə və ünvan barədə lazımi
informasiyanı əlavə edir ki, bu da hansı kompüterin hansı kompüterlərlə bağlantıya malik
olduğu məlum olur. TCP/IP ailəsinə daxil olan IP (Internet Protokol) şəbəkə səviyyəsinə
aiddir.
Nəqliyyat səviyyəsinin protokolları aralarındakı məsafədən asılı olmayaraq iki
kompüter arasında kəsilməz ötürməni təmin edir. Protokollar sistemində nəqliyyat
səviyyəsi iki protokolla təmsil olunur: 1) TCP – Transmission Control Protocol və 2)
UDP – User Datagramm Protocol.
172
Bir seans daxilində müxtəlif kompüterlər bir neçə dəfə informasiya mübadiləsi
etdikdə sean səviyyəsindən istifadə edilir.
Məlumatın ötürülməyə hazırlanmasına tətbiqi səviyyədə başlanır. Bu səviyyəyə
məlumat ötürən tətbiqi proqram məsuldur. Tətbiqi səviyyəyə http, telnet və s. İnternet
servisləri aiddir.
7.3. Lokal şəbəkə topologiyası
Lokal şəbəkə topologiyası dedikdə, şəbəkə düyünlərinin birləşdirilməsinin həndəsi
forması nəzərdə tutulur. Ulduzşəkilli, dairəvi və şin topologiyaları geniş yayılmışdır.
Ulduzşəkilli topologiyada düyünlərdən biri mərkəz olur. Mərkəzi kompüter bütün işçi
stansiyalarla birbaşa əlaqələndirilir. Bu topologiyada konflikt yaranmır, lakin kabel sərfi
artır. Məhsuldarlıği yüksək olsa da, şəbəkənin etibarlılığı mərkəzi kompüterin etibarlılığı
qədərdir. İcazəsiz müdaxilədən qorunmaq asandır.
Dairəvi topologiyada işçi stansiyalar bir-biri ilə ardıcıl qoşulur. Kompüter bir şəbəkə
adapteri ilə informasiyanı qəbul edir, digər adapterlə ötürür. Bu halda məlumat dairə üzrə
hərəkət edir. Ötürmə asanlaşır. Ötürmə müddəti dairədəki kompüterlərin sayından asılıdır.
Dairəvi qoşulmuş kompüterlərdən hər hansı biri imtina etdikdə şəbəkə imtina edir. Lakin
bu topologiyada şəbəkəyə istənilən sayda kompüter qoşmaq mümkündür. Çünki faktiki
olaraq şəbəkə hər dəfə yalnız iki kompüter arasındakı məsafə ilə bağlı olur.
Şin topologiyasında bütün işçi stensiyalar bir rabitə kanalına qoşulur. Bu halda
kanaldan istifadə üçün növbə yaradılır. Ünvan ötürülən paketdə göstərilir. Konflikti aradan
qaldırmaq üçün şin arbitrajı metodundan istifadə edilir. Adətən müxtəlif kompüterlər üçün
kanal müxtəlif tezliklə işləyir.
Praktikada ağacşəkilli topologiyadan geniş istifadə edilir. Bu, adı çəkilən
topologiyaların kombinasiyasından yaradılır.
7.3.1. Lokal şəbəkələrin fəaliyyət texnologiyası
Lokal şəbəkələrdə düyünlərin qarşılıqlı fəaliyyətinin təşkili zamanı əsas rolu rabitə
kanalına müraciət metodu oynayır. Kompüterlərin kabel birləşmələrinin 3 növü tətbiq
edilir: 1) Token Ring (marker dairəsi), 2) Arcnet, 3) Ethernet.
Tokrn Ring texnologiyası İBM kompaniyası tərəfindən işlənib hazırlanmışdır. Bu
texnologiyada dairəvi hərəkət edən marker məlumat ötürmək istəyən düyün tərəfindən
173
dayandırılır. Məlumat ötürən düyün ünvandan ötürmənin bitməsi barədə təsdiq alan kimi
marker azad edilir və marker, onu gözləyən düyünlər növbəsindəki ilk düyünə keçir.
Arcnet ( Attached Resource Computer Network) texnologiyası 1977-ci ildə Datapoints
korporasiyası tərəfindən işlənib hazırlanmış sadə, ucuz, etibarlı və çevik lokal şəbəkə
arxitekturasıdır. Bu texnologiyada kompüterlərdən biri xüsusi marker yaradır və ardıcıl
olaraq bir kompüterdən digərinə ötürür. Əgər hər hansı stansiya məlumat ötürmək
istəyirsə, həmin markeri gözləyir, marker alan kimi ötürəcəyi məlumata ünvan informa-
siyasını qoşub markerlə birlikdə ötürür. Arcnet texnologiyası istənilən topologiyada
istifadə edilə bilir.
Ethernet texnologiyası şəbəkə düyünlərinin ümumi şinə paralel qoşulması şəraitində
işləyir. Marker azad olan kimi şəbəkənin növbəti ötürməyə hazır olduğunu xəbər verir. Bu
texnologiyanı 1970-ci illərin sonunda Xerox Corporation kompaniyası təklif etmişdir.
7.3.2. Lokal şəbəkədə işin sistem təminatı
Lokal şəbəkədə məlumat ötürülüşü prosesi şəbəkə əməliyyat sistemini təşkil edən
proqram vasitələri kompkeksinin köməyi ilə həyata keçirilir. Bəzi şəbəkə ƏS-ləri,
məsələn, Novell NetWare, ayrıca kompüter üçün yaramır. Bu halda şəbəkə örtüyündən
istifadə edilir. UNİX və ya Windows NT həm şəbəkədə, həm də ayrıca kompüterdə işləyir.
Şəbəkə ƏS-nin vəzifələri aşağıdakılardan ibarətdir:
Verilən və proqramları bir kompüterdən digərinə ötürmək;
Ayrıca kompüterdə proqram işlətmək;
Şəbəkədə fayl sisteminin idarə edilməsi;
İstifadəçilərin şəbəkə resurslarına müdaxiləsinin və verilənlərin icazəşiz
müdaxilədən qorunmasının idarə edilməsi;
Xarici və operativ yaddaşdakı verilənlərin təhlükəsizliyinin təmin edilməsi,
imtinalardan qoruma, verilənlərin arxivləşdirilməsi və təkrarlanması;
Giriş-çıxış üzrə şəbəkə resurslarının paylanması;
Şəbəkədən kollektiv istifadə qaydalarına əməl olunmasının uçotu və nəzarət
edilməsi;
Şəbəkənin əmr prosessorunun interfeysinin təmin edilməsi.
174
Şəbəkə ƏS-nin proqram təminatı 2 hissəyə bölünür. Əgər mərkəzi server varsa, bəzi
modullar şəbəkəni idarə edən sistem cədvəllərinin saxlandığı mərkəzi serverdə işləyir. Bu
modullar şəbəkə sisteminin nüvəsini təşkil edir. Digər modullar işçi stansiyalarda işləyir.
Adətən şəbəkə elə qurulur ki, işçi stansiyalar yalnız serverin disklərinə və birgə istifadə
edilən printerlərə müraciət edə bilir. Stansiyalar bir-birinin diskinə müdaxilə edə bilmir.
Lakin Net Link proqramı serverə müraciət etmədən iki kompüter arasında (əgər həmin
proqram hər iki kompüterə yüklənibsə) birbaşa informasiya mübadiləsinə imkan verir.
7.4. Qlobal kompüter şəbəkələri
7.4.1. Qlobal kompüter şəbəkəsi – İnternet
İnternet müxtəlif lokal və qlobal şəbəkələr birləşməsindən yaranmış Ümumdünya
kompüter şəbəkəsidir. İnternetin xarakterik xüsusiyyəti odur ki, şəbəkələrarası informasiya
mübadiləsi TCP/IP protokolları üzrə həyata keçirilir. Bu protokollar hətta etibarlılığı
yüksək olmayan xətlərdə də etibarlı ötürməni təmin edə bilir. IP-ünvanları sistemi İnternet
vasitəsilə lokal şəbəkələrdəki hər bir kompüter resurslarını birmənalı şəkildə təyin edir.
Sosial baxımdan, İnternet - özünəməxsus düşüncə tərzi, dili və əxlaqı ilə seçilən
informasiya mədəniyyəti törədən informasiya fəzasıdır.
İnternetin özəyini ölkə və kontinentləri birləşdirən super sürətli transkontinental optik
rabitə xətləri təşkil edir. Bu xətlərə konkret coğrafi regionlara xidmət edən nisbətən aşağı
sürətli, az güclü xətlər birləşdirilir. Bunlara isə nisbətən daha zəif ötürmə qabiliyyəti olan
lokal şəbəkələr qoşulur.
İnternetdə bütün şəbəkəni idarə edən vahid mərkəz yoxdur. İnternet texnologiyanın
köməyi ilə fəaliyyət göstərir və idarə edilir.
İnternetdən əvvəl ABŞ Müdafiə Nazirliyinin sifarişi ilə ARPANET şəbəkəsi yaradıl-
mışdı. Sonra bir-neçə universitet arasında şəbəkə yaradıldı. Bu şəbəkələrin əsasında
İnternet quruldu.
Bu şəbəkələr aşağıdakı prinsiplərə əsaslanır:
İnformasiya kiçik porsiyalarla (paketlərlə) ötürülməlidir;
Paketin qəbul edildiyi və səhvsiz olduğu ünvan tərəfindən təsdiq edilməlidir;
Lazım gəldikdə paketin ötürülməsi təkrar edilməlidir;
175
Paketin hərəkət marşrutu ötürmə zamanı müəyyən edilməli və hətta bir xəbər
daxilindəki paketlər də müxtəlif marşrutlarla ötürülə bilməlidir;
Qəbul edilmiş paketlər ünvanda birləşdirilməklə xəbər bərpa edilməlidir.
Kommunikasiya protokolu olan İP şəbəkə səviyyəsinin protokolu olub, İnternet
şəbəkəsi ilə ötürülən paketin formatını təsvir edir.
Nəqliyyat protokolu olan TCP informasiyanın ötürülməsinə və bütövlüyünə nəzarət
edir. Yəni, İnternetdə kompüterlər arasındakı informasiya mübadiləsi İP protokolu ilə
ötürülən paketlərin TCP protokolu ilə nəzarətdə saxlanmasına əsaslanır.
İnternet daxilində hər bir şəbəkə özünəməxsus rabitə texnologiyasına əsaslanaraq
spesifik tələblərə uyğun fəaliyyət göstərir. Lakin bütün şəbəkələr informasiya paketlərini
qəbul edib lazımi ünvana ötürə bilir.
İlk vaxtlar İnternet yalnız elmi informasiya mübadiləsini həyata keçirdiyindən,
kommersiya xarakteri daşımırdı. Son illərdə İnternetin kommersiya tərəfi daha böyük
əhəmiyyət daşımağa başlamışdır.
Kompaniya və korporasiyaların korporativ informasiya və kommunikasiya resursları
əsasında İnternetin İntranet texnologiyası yaranmışdır.
Lokal və korporativ şəbəkələrin İnternetə qoşulması üçün müxtəlif mürəkkəbliyə
malik məsələlər həll edilməlidir. Belə ki:
Şəbəkələr TCP/IP protokolları üzrə təşkil edilməlidir;
İnternet ünvanları və adları şəbəkənin bütün daxili istifadəçiləri üçün alınmalıdır;
Lokal və ya korporativ şəbəkələr İnternetə fiziki qoşulmalıdır;
İnternetə qoşulmuş şəbəkədə informasiya ötürülməsinin marşrutu təyin edilməli və
marşrutlaşdırma idarə edilməlidir;
Şəbəkə daxilində və şəbəkədən kənar ünvanlar arasında elektron poçtla informasiya
mübadiləsi reallaşdırılmalıdır;
İnternet bazasında İntranet texnologiyasına maneəsiz informasiya xidmədi təşkil
edilməlidir;
İnternetə qoşulmuş şəbəkənin təhlükəsizlik problemi həll edilməlidir.
7.4.2. İnternet xidmətləri
176
İnternet xidmətləri cürbəcürdür. Əsas xidmətlər aşağıdakılardır: elektron poçt,
telekonfrans, informasiya yayımı siyahıları, fayllara məsafədən müraciət, uzaq terminal
rejimində iş, Ümumdünya hörümçək toru.
İnternet xidmətləri: interaktiv, birbaşa və təxirə salınmış oxu kimi 3 növə bölünür.
Təxirə salınmış oxu xidmətində sorğu ilə cavab eyni vaxtda baş vermir. Elektron poşt bu
xidmət növünə aiddir. Birbaşa müraciət xidmətində sorğuya həmin anda cavab verilir.
Lakin cavab alanın əlbəəl reaksiya verməsi tələb olunmur. Faylların ötürülməsi bu növ
xidmətə aiddir. Alınmış informasiyaya əlbəəl reaksiya verilməsi tələb olunan xidmət növü
interaktiv sayılır və Ümumdünya hörümçək toru belə xidmətdir.
Elektron poşt (e-mail) İnternetin daha populyar xidmətidir. Bu zaman bir
kompüterdən ötürülən mətni ünvan öz kompüterində alır, lakin onu özünə münasib vaxtda
oxuyur.
Müxtəlif prinsiplərlə qurulmuş, müxtəlif protokollarla işləyən şəbəkələrdə elektron
məktub ötürmək üçün SMPT (Simple Mail Transfer Protocol) protokolundan, qəbul etmək
üçün isə POP protokolundan istifadə edilir. Windows ƏS mühitində elektron poçt üçün
Outbook Express, Microsoft Outbook, Netscape Communikator və digər proqramlardan
istifadə etmək olar.
Şəbəkə yenilikləri Usenet və ya telekonfrans da İnternetin geniş yayılmış xidmət-
lərindəndir. Bu halda xəbər alan şəbəkə düyünü həmin xəbəri siyahıda olan bütün
düyünlərə translyasiya edir. Beləliklə, bir xəbər çoxqat təkrarlanaraq qısa müddətdə bütün
dünyaya (Usenet konfrans iştirakçılarına) yayılır.
İnformasiya yayımı siyahıları elektron poçtla işləyən sadə İnternet xidmətidir. Bu
halda bir məktub siyahıda qeydiyyata düşmüş bütün abonentlərə ötürülür. Bu yayımı hansı
təşkilat icra edirsə, o da yayıma nəzarət edir. Halbuki belə nəzarət Usenet xidməıtində
yoxdur.
FTP xidməti xüsusi serverlərdə saxlanan fayllara (həmçinin, arxiv fayllarına)
müraciəti təmin edir.
Ümumdünya hörümçək toru (World Wide Web – WWW) İnternetin ən populyar
xidmətidir. Bu xidmət hipermətn anlayışına əsaslanır. Mətn informasiyasının ardıcıl, xətti
formada deyil, bir-biri ilə iqtibaslar şəklində bağlı olan mətnlər çoxluğu kimi təşkil
edilməsinə hipermətn deyilir. Bir mətn daxilindəki iqtibas digər mətnə keçidə imkan verir.
İqtibas edilən mətn başqa kompüterdə, başqa ölkədə, başqa kontinentdə ola bilər.
177
Hipermətn ideyası əsasında mulyimediya texnologiyasına əsaslanan hipermediya
yaradılmışdır. Hipermətn sənədi HTML (Hyper Text Markup Language) dilində tərtib
edilir. HTML formatını ötürmək üçün HTTP (Hyper Text Transfer Protocol)
protokolundan istifadə edilir. WWW sənədindəki iqtibaslar elə təşkil edilmişdir ki, hər bir
informasiya resursu İnternetdə birmənalı ünvanlaşdırılır. İnternetdə informasiya resursuna
iqtibaslar URL-ünvanlar (Uniform Resource Locator) adlanır.
WWW xidmətinin köməyi ilə istifadəçi öz informasiya fəzasını vahid bütöv kimi
qəbul edir. İqtibaslar WWW müştərisi olan brauzer adlanan proqramlar vasitəsilə dərk
edilir.
Telnet xidməti məsafədəki kompüterlərə terminal müraciətini təmin edir.
Proxy-server (əlaqələndirici server) tez-tez müraciət edilən informasiyanın üzünü
özündə saxlayır və təkrar müraciətlərdə uzaq qoşmalara ehtiyac qalmır.
7.4.3. İnternetdə resursların ünvanlaşdırılması
Ümumdünya şəbəkəsi olan İnternetdə hər bir kompüter (əslində, kompüterin şəbəkə
adapteri) eyni zamanda 3 ünvan alır: birincisi, adapterin zavod nömrəsidir, ikincisi, İP
ünvanın kodudur, üçüncüsü, domen ünvanıdır ki, bütün bunlar da istifadəçi interfeysi üçün
nəzərdə tutulmuşdur.
İP-ünvanı 4 baytlıq ölçüyə malikdir və 3 hissədən ibarətdir: İP –ünvanın ranqı, lokal
şəbəkənin nömrəsi və şəbəkə daxilindəki kompüterin nömrəsi. İP –ünvanın ranqı bu tipdən
olan şəbəkələrin sayını və maksimal ölçüsünü təyin edir. Şəbəkənin nömrəsi qeydiyyat
zamanı verilir. Şəbəkənin nömrəsini şəbəkənin sahibi olan təşkilat verir. Şəbəkə daxilində
kompüterin nömrələnməsi isə şəbəkə inzibatçısının səlahiyyətindədir.
Ünvanların domen təşkilatı DNS (Domain Name System) iyerarxik quruluşludur.
Yuxarı səviyyənin bir neçə domeni vardır ki, bunların da hər birinə müəyyən ad verilir:
mom, edu, org, gov, ru, az və s. Növbəti səviyyə domeni yuxarı səviyyə domeninə yeni ad
əlavə etməklə yaradılır. Məsələn, econ.msu.ru Moskva Dövlət Universiteti İqtisad
fakültəsinin şəbəkədəki domen adıdır.
Domen adları sistemi İnternet xidmətləri içərisində mərkəzi yerlərdən birini tutur.
7.4.4. TCP/IP protokolları ailəsi.
178
Artıq qeyd edildiyi kimi, TCP/IP protokolları müxtəlif səviyyəli kommunikasiya
protokollarının tam ailəsini əhatə edir. Buraya aşağıdakılar aiddir:
IP (Internet Protocol) – şəbəkələrarası protokol;
TCP (Transmission Control Protocol)- baza nəqliyyat protokolu;
UDP (User Datagram Protocol)- TCP protokolundan fərqlənən ikinci nəqliyyat
protokolu;
ARP (Address Resolution Protocol)- İP və Ethernet ünvanlarının uyğunluğunu
müəyyən etmək üçün istifadə edilir;
SLİP (Serial Line İnternet Protocol)- telefon xətti ilə verilən ötürülməsinin kanal
protokolu;
PPP (Point to Point Protocol)- ―məntəqədən məntəqəyə‖ məlumat mübadiləsinin
kanal protokolu;
FTP (File Transfer Protocol) – fayl mübadiləsinin tətbiqi protokolu;
telnet –virtual terminalın emulyasiyasının tətbiqi protokolu;
DNS (Domain Name System)- domen adları sistemi;
RİP (Routing İnformation Protocol)- marşrutlaşdırma protokolu;
NFS (Network File System)- paylanmış fayl sistemi və şəbəkə çap sistemi;
SNMP (Simple Network Management Protocol)- şəbəkəni idarə edən sadə protokol.
Kanal səviyyəsinə SLİP və PPP protokolları, Şəbəkə (şəbəkələrarası) səviyyəsinə İP
və ARP protokolları, nəqliyyat səviyyəsinə TCP və UDP protokolları aiddir.
Dostları ilə paylaş: |