1
CORC ORUELL
HEYVANISTAN
İngilis dilindən çevirən: Vilayət QULIYEV
downloaded from KitabYurdu.org
2
"Malikanə" fermasının sahibi mister Cons gecə toyuq damının qapısını bağladı.
Amma elə sərxoş idi ki, divardakı deşiyə bir şey tıxamaq yadından çıxdı. Arxa
qapını təpiyi ilə vurub açdı. Əlində titrəyən fənərin qaranlıqda açdığı işıqlı
dairələrlə yıxıla-dura həyətdən keçdi. Mətbəxdə çəlləyin dibində qalmış axırıncı
stəkan pivəni birtəhər töküb içdi və missis Consun bayaqdan bəri xoruldadığı
yatağına uzandı.
Yataq otağında işıq sönən kimi fermada narahat hərəkət başladı. Bütün günü şaiyə
gəzirdi ki, əslən Middluaytdan olan, sərgilərdə bir neçə mükafat qazanmış Mayor
ləqəbli qoca donuz dünən gecə qəribə yuxu görüb, bu gecə yuxusunu heyvanlara
danışmaq istəyir. Odur ki, mister Cons yatmağa gedən kimi böyük anbara yığışmaq
qərara alınmışdı. Qoca Mayor (hamı onu belə çağırırdı, sərgilərdə isə
"Uillinqdonun yaraşığı" adı ilə təqdim olunurdu) fermada böyük hörmət sahibi
qazandığından onun çağırışı dinməz-söyləməz qəbul edilmişdi.
Mayor həmişəki adəti üzrə anbarın yuxarı tərəfində, səkiyə döşənmiş samanın
üstündə yerini rahatlayıb gözləyirdi. Başı üzərindəki dirəkdən fənər asılmışdı.
Mayorun artıq on iki yaşı vardı. Son vaxtlar boyundan çox eninə verirdi. Hətta
qorxunc dişlərinə baxmayaraq yenə də gözlərində müdriklik və xeyirxahlıq işığı
parlayan nəcib görünüşlü donuz idi. Heyvanların hamısı gəlib şakərlərinə uyğun
yerləri tutana qədər xeyli vaxt keçdi. Əvvəlcə üç köpək-Blyubell, Cessi və Pinçer
içəri girdilər, onların ardınca donuzlar gəlib səkinin qabağında, samanın üstündə
özlərinə yer elədilər. Toyuqlar pəncərənin önünə toplandılar, göyərçinlər itələşə-
itələşə dam dirəklərinə qondular, qoyunlarla inəklər isə donuzların arxa tərəfində
döşəməyə uzanıb həmişəki adətləri üzrə dərhal gövşək vurmağa başladılar. Qoşqu
atları Bokserlə Klover bir yerdə içəri girdilər. Onlar enli, tüklü dırnaqlarının
mümkün qədər az yer tutmasına və kiçik heyvanların ayaqları altında qalıb
əzilməməsinə çalışaraq ehtiyatla hərəkət edirdilər. Klover orta yaşlarında, boylu-
buxunlu madyan idi. Dördüncü dayçasını dünyaya gətirəndən sonra əvvəlki
zərifliyini itirmişdi. Bokserin görkəmi isə istər-istəməz hörmət doğururdu. Yerdən
yalına qədərki hündürlüyü 6 futdan çox olardı. Gücü iki adi atın gücü qədərdi.
Burnunun üstündəki qaşqası ona bir az səfeh görkəm verirdi. Elə əslində də Bokser
downloaded from KitabYurdu.org
3
intellekt sarıdan axsayırdı. Lakin həlim xasiyyətinə və fövqəladə əməksevərliyinə
görə hamının hörmətini qazanmışdı. Atlardan sonra Müriel, ağ keçi və Bencamin
adlı uzunqulaq içəri girdilər. Bencamin fermanın ilk sakinlərindən idi və yaramaz
xasiyyəti ilə seçilirdi. Çox az danışırdı. Ağzını açanda isə mütləq nə isə riyakar bir
söz deyirdi. Məsələn, bir dəfə demişdi ki, cənab Allah quyruğu ona mığmığadan
qorunmaq üçün verib. Lakin nə mığmığa, nə də quyruğu olmasa, daha məmnun
qalardı. Fermadakı heyvanlar heç vaxt Bencaminin güldüyünü görməmişdilər.
Səbəbi ilə maraqlananlara gülməyə bir əsas görmədiyini deyirdi. Bunu çox nəzərə
çarpdırmasa da, Bokserlə möhkəm dost idilər. Bazar günlərini əksər hallarda
bostanın arxasındakı hasara alınmış örüş yerində birlikdə keçirir, kəlmə kəsmədən
sakitcə otlayırdılar.
Bokserlə Klover təzəcə uzanmışdılar ki, analarını itirmiş bir dəstə ördək balası
anbara soxuldu. Onlar qaqqıldaşaraq o tərəf, bu tərəfə qaçışır, təsadü¬fən ayaq
altında qalıb əzilməmək üçün təhlükəsiz yer axtarırdılar. Kloverin qabağa
uzadılmış ayaqlarının müdafiə səddi kimi əla boşluq yaratdığını görüb ora
doluşdular və dərhal da yuxuya getdilər. Sonra mister Consun iki yerlik arabasına
qoşduğu Molli-səfeh, lakin yaraşıqlı balaca ağ madyan ağzındakı qəndi xırçıldada-
xırçıldada naz-qəmzə ilə anbara girdi. O, qabaq sıralarda özünə yer tapdı və
içəridəkilərin diqqətini cəlb etmək ümidi ilə, yalına bağladığı qırmızı lenti
oynatmağa başladı. Ən axırda pişik gəldi. Həmişəki adəti üzrə isti yer tapmaq üçün
o tərəf-bu tərəfə boylandı, axırda da özünü Bokserlə Kloverin arasına verdi. Mayor
danışmağa başlayandan sonra o, yerində aramsız qurdalanır və astadan
mırıldanırdı. Odur ki, deyilənlərdən bir kəlmə də eşidə bilmədi.
Arxa qapının yanında, payanın üstündə mürgü döyən əl qarğası Mosesdən başqa
bütün heyvanlar yığışmışdı. Mayor hamıya yerini rahatlamağı təklif edəndən və
səbrlə sakitlik yaranmasını gözləyəndən sonra boğazını təmizləyib sözə başladı:
-Yoldaşlar, yəqin dünən gecə qəribə yuxu gördüyümü eşitmisiniz. Bu söhbətə
sonra qayıdacağam. Lakin əvvəlcə başqa sözüm var. Yoldaşlar, bundan sonra hələ
uzun müddət sizinlə birlikdə olacağımı düşünmürəm. Ona görə də ölməmişdən
əvvəl həyat təcrübəmi hamınızla bölüşməyi özümə borc sayıram. Mən uzun ömür
downloaded from KitabYurdu.org
4
sürmüşəm. Donuz damında tək-tənha qaldığım gecələrdə fikirləşmək üçün çox
vaxtım olub. Sizi əmin edə bilərəm ki, yer üzündə mövcudluğun mənasını indi hər
bir heyvandan daha yaxşı anlayıram. Sizinlə də elə bu barədə danışmaq istəyirəm.
Beləliklə, yoldaşlar, mövcudluğumuzun mənası nədədir? Gəlin həqiqətin gözünə
dik baxaq: həyatımız qısa və miskindir, ağır zəhmətlə doludur. Doğulduğumuz
gündən bizə ancaq nəfəsimizi canımızda tutmağa kifayət edəcək qədər yemək
verirlər. Kimin bədənində təpəri, gücü varsa, son nəfəsi ağzından çıxana qədər
işləməlidir. Günlərin birində, artıq işə yaramayanda tərəddüdsüz-filansız hamımızı
sallaqxana bıçağının altına göndərirlər. Ingiltərədə bir yaşına çatmış elə heyvan
yoxdur ki, haqqı çatan istirahətin, yaxud xoşbəxtliyin nə olduğunu bilsin.
Ingiltərədə heç bir heyvan azad deyil. Bütün yaşayışımız başdan-başa miskinilik və
köləlikdən ibarətdir. Həqiqət belədir.
Bəlkə bu təbiətin adi bir qanunudur? Bəlkə bütün bunlar ona görə belə olur ki,
torpaqlarımız məhsuldar deyil, sakinlərinin həyatını təmin edə bilmir? Yox,
yoldaşlar, min dəfə yox! Ingiltərənin iqlimi mülayimdir, torpağı barlı-bəhərlidir.
Bu ölkə indiki sakinlərindən qat-qat artıq heyvanı yedirib bəsləməyə qadirdir.
Təkcə bizim fermada bir düjin at, iyirmi inək, yüzlərlə qoyun saxlamaq olar.
Onların həyatlarının rahatlıq içərisində, təsəvvürünüzə gətirmədiyimiz şəxsi
ləyaqət, hər kəsin izzəti-nəfsinə hörmət şəraitində keçməsini təmin etmək olar. Bəs
elə isə biz niyə bu cür acınacaqlı vəziyyətdə yaşayırıq? Çünki zəhmətimizin bütün
bəhrələrini Insan oğurlayır. Budur, yoldaşlar, qarşımıza çıxan bütün sualların
cavabı! Bu cavab tək bir sözdən ibarətdir-İnsan! Bizim yeganə düşmənimiz
Insandır! Insanı səhnədən uzaqlaşdırın, o zaman aclığı və kölə əməyini döğuran
səbəblər də aradan qalxacaq!
Insan yeganə məxluqdur ki, heç nə istehsal etmədən hər şeyə ağalıq edir. O, süd
vermir, yumurtlamır; kotana qoşulmaq üçün çox zəif, dovşanı qovub tutmaq üçün
çox astagəldir. Amma bununla belə bütün heyvanların üzərində hökmrandır. O
zavallı heyvanları qul kimi qabağında işlədir, onlara yalnız acından ölməmələri
üçün yem verir. Qalan nə varsa hamısına özü sahib çıxır. Torpaq bizim
zəhmətimizlə becərilir, peyinimizdən gübrə kimi istifadə olunur. Ancaq heç
downloaded from KitabYurdu.org
5
birimizin dərimizdən savayı özgə sərvətimiz yoxdur. Bax siz, qarşımda uzanıb
gövşək vuran inəklər, keçən il neçə min qallon süd vermisiniz? Onunla heç olmasa,
buzovlarınızı doyunca əmizdirə bilərdiniz. Amma xəbəriniz də yoxdur ki, süd hara
getdi, necə oldu? Aydın məsələdir, düşmənlərimiz son damlasına qədər
boğazlarına töküblər. Siz, toyuqlar, ötən il nə qədər yumurtlamısınız, vermisiniz,
nə qədər cücə çıxarmısınız? Hanı onlar? Hamısı bazara göndərilib. Çünki Consun
və adamlarının əlləri daim pulla oynamalıdır. Klover, de görüm əziyyətlə
böyütdüyün dörd balan hardadır? Axı qoca vaxtında onlar sənin arxan, təsəllin
olmalı idilər. Hamısı bir yaşlarına çatan kimi satılıb. Dayçalarının heç birinin
üzünü ömrün boyu görə bilməyəcəksən. Dörd ağır döğuşdan, kotana qoşulub bu
qədər yer şumlayandan sonra bir ovuç yulafdan və küncünə qısıldığın uçuq
tövlədən başqa nəyin var?
Hətta bu miskin həyatımızın da təbii axarı ilə sona çatmasına imkan vermirlər.
Özümlə bağlı şikayətçi deyiləm. Hər halda bəxtim gətirib. On iki il ömür
sürmüşəm, dörd yüzdən çox övlad dünyaya gətirmişəm. Normal donuz ömrü
yaşamışam. Lakin heç bir heyvan ömrünün axırında canını amansız bıçaqdan
qurtara bilmir. Bax siz, qarşımda oturan gənc, məsum donuz balaları, bir il
keçməmiş hamınızın həyatı bu hasarın çölündə sona yetəcək. Heç nə görmədən
dünyadan köçüb gedəcəksiniz. Bu dəhşətli tale inəkləri, qoyunları, donuzları,
toyuqları-bir sözlə, hamımızı gözləyir. Hətta atların və itlərin də bəxti gətirmir.
Bax, Bokser, zaman keçəcək, qüvvətli əzələlərin gücdən düşəndə Cons tərəddüd
etmədən səni sallaqxanaya satacaq. Orada başını kəsəcəklər, leşindən itlərə yem
bişirəcəklər. Amma itlər də sevinməsinlər. Qocalıb dişləri töküləndə, işə
yaramayanda Cons onların da boyunlarına kərpic bağlayıb yaxınlıqdakı nohurda
batıraçaq.
Bütün bunlardan sonra, yoldaşlar, fəlakətlərimizin insan nəslinin zülmündən
qaynaqlandığı sizə gün kimi aydın deyilmi? Biz Insanı devirməliyik, yalnız o
zaman zəhmətimizin bəhrəsinə sahib çıxacağıq. Istəsək, hətta bir gecə ərzində
zənginliyə və sərbəstliyə qovuşa bilərik. Bunun üçün nə etməliyik? Gecə-gündüz
çalışmalıyıq, bədənimizi və ruhumuzu insan nəslinin hakimiyyətini devirməyə
downloaded from KitabYurdu.org
6
hazırlamalıyıq. Yoldaşlar, mən sizi Üsyana səsləyirəm. Bilmirəm, bu Üsyan nə
vaxt olacaq- bir həftə, yoxsa yüz il sonra?! Lakin altımdakı samanı gözümlə
gördüyümə inandığım kimi ədalətin də tez ya gec zəfər çalacağına o qədər
inanıram. Bu fikri əsla fikrinizdən çıxarmayın, yoldaşlar! Həyatınızın son saatına
qədər onun gerçəkləşməsi üçün çalışın. Bir də hamınıza vəsiyyət edirəm ki,
dediklərimi özünüzdən sonra gələnlərə çatdırın. Qoy gələcək nəsillər qələbə əldə
olunana qədər mübarizəni davam etdirsinlər.
Yoldaşlar, onu da bilin ki, qətiyyət və iradəniz sarsılmaz olmalıdır. Qoy heç bir
dəlil-sübut sizi tutduğunuz yoldan çəkindirməsin. Insanın və heyvanların ümumi
maraqlarının olması, bir tərəfin inkişaf və tərəqqisinin o biri tərəfin də rifahına yol
açması haqqında deyilənlərə heç vaxt qulaq asmayın. Bunlar hamısı yalandır.
Insanı öz şəxsi maraqlarından başqa heç bir canlının mənafeyi düşündürmür. Biz
heyvanlar arasında isə bundan sonra qoy sarsılmaz birlik, mübarizədə bərkiyən
dostluq ruhu hökm sürsün. Bütün insanlar-düşməndirlər! Bütün heyvanlar-
dostdurlar!
Mayor sözünü qurtarmağa macal tapmamış bərk səs-küy qopdu. O, danışan zaman
dord iri siçovul deşiklərdən çıxmış, yuvalarının qabağında çöməlib mayorun
nitqinə qulaq asmağa başlamışdılar. Ortaya bir anlıq sakitlik çokəndə itlər onları
görmüş, üstlərinə atılmışdılar. Yalnız bir an içərisində qaçıb yuvalarına
soxulmaları siçovulları gerçək ölümdən qurtarmışdı.
Mayor qabaq ayağını yuxarı qaldırıb hamını sakitliyə çağırdı:
-Yoldaşlar, bir məsələni də həll etməliyik. Gəlin aydınlaşdıraq: siçovullar və
adadovşanları kimi vəhşi heyvanlar bizim dostlarımızdır, yoxsa düşmənlərimiz?
Məsələni iclasın müzakirəsinə çıxarıram: siçovulları özümüzə yoldaş saya
bilərikmi? Gəlin səs verək.
Səsvermə dərhal keçirildi və siçovulların heyvanlara yoldaş sayılması qərarı böyük
səs çoxluğu ilə qəbul olundu. Yalnız dörd heyvan – üç itlə bir pişik onların
əleyhinə səs vermişdi. Sonradan pişiyin məsələnin həm lehinə, həm də əleyhinə səs
verdiyi aşkara çıxmışdı.
Mayor davam etdi:
downloaded from KitabYurdu.org
7
-Deyiləcək bir neçə sözüm də var. Dönə-dönə təkrar edirəm: Insana, onun bütün
istəklərinə qarşı düşmənçiliyin hər birinizin borcu olduğunu heç vaxt unutmayın!
Iki ayağı üstə gəzən hər bir canlı düşmənimizdir. Dörd ayağı üstə gəzən, yaxud
uçan hər canlı-dostumuzdur. Bir şeyi də yadınızda saxlayın: Insana qarşı mübarizə
apararkən biz heç vəhclə ona bənzəməməliyik. Hətta mübarizə qələbə ilə başa
çatandan sonra da Insanın həyat tərzini qəbul etməyin. Evdə yaşamaq, yorğan-
döşəkdə yatmaq, paltar geymək, spirtli içki içmək, siqaret çəkmək, pulla oynamaq
və ticarətlə məşğul olmaq heç vaxt, heç bir heyvanın ağlına da gəlməməlidir.
Insanın vərdişlərinin hamısı pisliklərdən ibarətdir. Nəhayət, heç bir heyvan öz
həmcinsinə zülm etməməlidir. Zəif, yaxud güclü, ağıllı, yaxud səfeh olsaq da,
hamımız qardaşıq! Heç bir heyvan digər heyvanı öldürməməlidir. Bütün
heyvanların hüquqları bərabərdir.
Indi isə yoldaşlar, dünən gecə gördüyüm yuxunu sizə danışmaq istəyirəm. Yuxuda
qovuşduğum arzunu sözlə təsvir etməkdə acizəm. Bu üzərində Insan yaşamayan
torpaqla bağlı arzudur. Yadıma çoxdan unudulmuş saydığım şeylər düşdü. Uzun
illər bundan əvvəl, mən hələ balaca çoşka olanda anamla rəfiqələri köhnə bir
mahnı oxuyurdular. Ancaq onlar mahnının yalnız melodiyasını və ilk üç sözünü
bilirdilər. Balaca vaxtı mən də bu melodiyanı öyrənmişdim. Amma sonra unutdum.
Və qəribədir dünən gecə yuxumda həmin melodiyanı xatırladım. Ən təəccüblüsü
budur ki, mahnının sözləri də yadıma düşdü. Heyvanların bu mahnını çox-çox illər
bundan əvvəl oxuduqlarına, sonra isə nəsillərin yaddaşından silindiyinə inanıram.
Yoldaşlar, indi həmin mahnını sizə oxuyacağam. Artıq qocalmışam, səsim xırıltılı
çıxır. Ancaq əminəm ki, melodiyanı və sözləri sizə öyrədəndən sonra onu məndən
də yaxşı oxuyacaqsınız. Mahnı "Ingiltərənin heyvanları" adlanır.
Qoca Mayor boğazını təmizləyib oxumağa başladı. Səsi həqiqətən də xırıltılı
çıxırdı. Lakin yetərincə yaxşı oxuyurdu. "Clementine" və "La Cucaracha"nı
xatırladan melodiyanı həyəcansız dinləmək olmurdu. Sözləri də gözəldi:
Ingiltərə, Irlandiya heyvanları,
Ormanların, iqlimlərin canlıları!
downloaded from KitabYurdu.org
8
Qulaq asın müjdə dolu xəbərimə,
Yaxınlaşır gələcəyin xoş anları!
Əvvəl-axır o xoş günü görəcəyik,
Qəddar Insan taxt-tacından devriləcək!
Bol bəhrəli Ingiltərə torpaqları
Heyvanların özlərinə veriləcək.
Buruntaqlar açılacaq burnumuzdan,
Kürəyimiz ağır yükdən qurtulacaq.
Bizi xofa salmayacaq qırmanc səsi,
Aclıq, əzab həmişəlik yox olacaq!
Göz önündə canlandırın bu səhnəni:
Arpa, buğda, zərif yulaf, yaşıl otlar...
Yonca, paxla, silos, şəkər çuğunduru...
Gün görəcək həm atalar, həm övladlar!
Nur yağacaq Ingiltərə çöllərinə,
Axar sular durulacaq, çağlayacaq!
Biz azadlıq arzusuna qovuşanda,
Sərin yellər ruhumuzu oxşayacaq!
O günlərə qovuşmadan olsək belə,
O günlərin xatirinə çalışaq biz!
Ey inəklər, atlar, qazlar, hinduşkalar,
Azadlığın eşqi ilə alışaq biz!
Ingiltərə, Irlandiya heyvanları,
Ormanların, iqlimlərin canlıları!
downloaded from KitabYurdu.org
9
Hər tərəfə yayın müjdə xəbərini,
Yaxındadır gələcəyin xoş anları!
Mahnı heyvanların arasında vəhşi bir həyəcan yaratdı. Mayor axırıncı sözü oxuyub
qurtarmamış onlar təkrarlamağa başladılar. Ən kütbeyinləri belə artıq melodiyanı
tutmuş və bir neçə sözü yadlarında saxlamışdılar. Donuzlarla itlər kimi ağıllı
heyvanlar isə artıq bir neçə dəqiqədən sonra həm melodiyanı, həm də sozləri
tamam oyrənmişdilər. Bir neçə təkrar cəhddən sonra bütün ferma heyrətamiz
yekdilliklə oxunan "Ingiltərə heyvanları"nın sədalarından lərzəyə gəlmişdi. Inəklər
ritmə uyğun mouldayır, itlər hürüşür, qoyunlar mələyir, atlar kişnəyir, ördəklər
qaqqıldaşırdılar. Mahnı heyvanların o qədər xoşlarına gəlmişdi ki, özləri də fərqinə
varmadan artıq onu beş dəfə oxumuşdular. Əgər ortalığa maneə çıxmasaydı, bəlkə
də səhərə qədər oxuyardılar.
Lakin bədbəxtçilikdən mister Cons səsə-küyə yuxudan oyandı. Həyətə tülkü
girdiyini fikirləşib həmişə yataq otağının bir küncündə saxladığı tüfəngini götürdü,
qaranlığa bir neçə dəfə atəş açdı. Güllələr ambarın divarına dəydi. Toplantını
dərhal dayandırdılar. Hərə öz yerinə qaçdı. Toyuqlar uçuşub damın altındakı
dirəklərdə yerlərini tutdular, heyvanlar samanın üstündə sərələndilər və ferma bir
anda sükuta qərq oldu.
II F Ə S İ L
Üç gün sonra qoca Mayor yatdığı yerdə sakitcə canını tapşırdı. Cəsədini bostanın
aşağısında dəfn etdilər.
Bu martın əvvəllərində olmuşdu. Sonrakı üç ay ərzində gizli fəaliyyət xeyli
genişləndi. Mayorun nitqi fermanın ağlı başında olan sakinlərinin əksəriyyətini
həyata yeni nəzərlərlə baxmağa vadar etmişdi. Onlar Mayorun müjdə verdiyi
Üsyanın nə zaman başlayacağını bilmirdilər. Heç biri bu hadisənin sağlıqlarında
baş verəcəyini düşünmək üçün ciddi əsas görmürdü. Lakin Üsyanı onların
hazırlamalı olduqlarını yaxşı başa düşürdülər. Ferma sakinləri arasında təşkilatçılıq
downloaded from KitabYurdu.org
10
və maarifçilik işlərinin aparılması əqli qabiliyyətləri bütün heyvanlar tərəfindən
yekdilliklə qəbul olunan donuzların üzərinə düşmüşdü. Onların arasında iki cavan
donuz - mister Consun ətliyə vermək üçün bəslədiyi Snouboll və Napoleon
xüsusilə fərqlənirdilər. Napoleon ətli-canlı, ilk baxışdan hətta bir qədər qəddar
görünüşlü Berkşir donuzu idi. O, fermada yeganə berkşirli sayılırdı. Çox
danışmaqla arası yoxdu, ancaq ağlı başında olan və işini bilən donuz nüfuzu
qazanmışdı. Snouboll isə xarakterinin canlılığı, alovlu natiqliyi və çətin
vəziyyətlərdən çıxış yolu tapması ilə seçilirdi. Lakin Napoleonla müqayisədə
xarakterində dərinlik çatışmırdı. Fermadakı qalan erkək donuzlar hələ azyaşlı
idilər. Onların arasında Çığırğan adlı balaca, gombul çoşka daha çox tanınırdı.
Çığırğan yupyumru yanaqları, daim qaynayan kiçik gözləri, cəld hərəkətləri və zil
səsi ilə tay-tuşlarından fərqlənirdi. O, gözəl natiq idi. Hər hansı çətin məsələnin
müzakirəsi zamanı sürətlə bir küncdən o biri küncə addımlayır, aramsız titrəyən
quyruğunun hərəkəti ilə sözlərinə xüsusi inandırıcılıq verirdi. Deyirdilər ki,
Çığırğanın əlində qaranı ağa çevirmək heç nədir.
Bu üç nəfər qoca Mayorun fikirlərini animalizm adlandırdıqları ardıcıl baxışlar
sisteminə çevirdilər. Həftədə bir neçə dəfə gecə mister Cons yatandan sonra onlar
anbarda gizli toplantılar keçirir və heyvanlara animalizm prinsiplərini izah
edirdilər. Doğrudur, ilk vaxtlar ferma sakinlərinin kütlüyü və laqeydliyi ilə
qarşılaşırdılar. Bəziləri hələ də "sahibimiz" dedikləri mister Consa loyal
münasibətin zəruriliyindən danışır və bu zaman "Mister Cons bizi saxlayır. O
olmasa acından ölərik"- kimi səfeh sözlər söyləyirdilər. Digərləri soruşurdular ki,
"Niyə biz oləndən sonra baş verəcək dəyişikliklərə görə indidən əziyyət
çəkməliyik?", yaxud "Əgər Üsyan mütləq olacaqsa, onda çalışıb-çılaşmamağımızın
nə fərqi var?" Bu düşüncələrin animalizm ruhu ilə bir araya sığmadığını izah etmək
üçün donuzlar xeyli əziyyət çəkməli olurdular. Heyvanların içərisindən ən axmaq
sualı isə ağ madyan-Molli verdi. "Üsyandan sonra qənd olacaqmı?"-onun
Snoubolla verdiyi ilk sual bu idi.
downloaded from KitabYurdu.org
11
-Yox!-deyə Snouboll qətiyyətlə dilləndi. -Biz fermada şəkər istehsal etmək
fikrində deyilik. Bir də, şəkərsiz də keçinə bilərsən. Ürəyin istəyən qədər ot və
yulaf olacaq.
-Bəs, mənə yalıma lent bağlayıb gəzməyə icazə veriləcək? - deyə sakitləşmək
bilməyən Molli ikinci sualını verdi.
-Yoldaş, - Snouboll üzünü ona çevirdi, - ağlını başından çıxaran bu lentlər köləlik
rəmzidir. Doğrudanmı, sən azadlığın belə alabəzək lentlərdən qat-qat qiymətli
olduğunun fərqində deyilsən?
Molli onun fikri ilə razılaşdığını bildirdi. Lakin səsi o qədər də inandırıcı çıxmadı.
Əhliləşdirilmiş qarğanın-Mosesin yaydığı yalanların təkzibi donuzlara daha böyük
əziyyət bahasına başa gəlirdi. Mister Consun sevimlisi Moses boşboğaz və qeybət
düşkünü kimi tanınınrdı. Amma ağıllı danışmağı bacarırdı. O, Noğul dağı adlı
möcüzəli olkənin yerini bildiyini iddia edirdi. Guya öləndən sonra bütün heyvanlar
həmin dünyaya yollanacaqlar. Bu ölkə səmanın yüksək qatında, buludlardan çox-
çox yuxarı yerləşirmiş. Mosesin dediyiniə görə Noğul dağında həftənin yeddi günü
də Bazar günü imiş, bütün mövsümlərdə hər yerdə xoş ətirli yonca bitirmiş,
kollardan isə kəllə qənd və jmıx kökələri sallanırmış. Heyvanlar əlini ağdan-qaraya
vurmayan, gününü nağıl danışmaqla keçirən Mosesi sevmirdilər. Ancaq Noğul
dağı haqqında deyilənləri həqiqət kimi qəbul edənlər də tapılırdı. Belələrini Noğul
dağı adlı yerin olmadığına inandırmaq üçün donuzlar xeyli əziyyət çəkməli
olurdular.
Iki qoşqu atı- Bokserlə Klover donuzların ən sədaqətli davamçıları idilər. Düzdür,
özləri hansısa məsələ haqqında sərbəst fikir söyləməyə çətinlik çəkirdilər. Lakin
donuzları ilk gündən rəhbər kimi qəbul edən Kloverlə Bokser onların dediklərini
sinələrinə yığır, sonra isə tələsmədən sadə, anlaşıqlı tərzdə digər heyvanlara başa
salırdılar. Onlar anbardakı gizli toplantıların birini də buraxmır, həmişə belə
görüşlərin sonunda ifa olunan "Ingiltərə heyvanları" mahnısını hamıdan uca səslə
oxuyurdular.
Üsyan hər kəsin güman etdiyindən daha tez və asanlıqla baş verdi. Xasiyyəti ağır
olsa da, mister Cons bir vaxtlar pis fermer sayılmırdı. Sonra işləri günü-gündən
downloaded from KitabYurdu.org
12
pozulmağa başladı. Məhkəmə çəkişmələrində xeyli pul uduzandan sonra fermaya
marağını itirdi. Içkiyə qurşandı. Bütün gününü mətbəxdə Vindzor kreslosunda
şellənməklə keçirirdi. Qəzet oxuyur, içir, hərdənbir də Mosesə pivəyə batırılmış
çörək qırıntıları yedirirdi. Işçiləri tənbəl və oğru idilər. Tarlaları alaq basmışdı.
Binaların damı uçulub-dağılırdı. Hasarların təmirə ehtiyacı vardı. Heyvanlar çox
vaxt yemlənməmiş qalırdılar.
Iyun ayı gəldi. Ot biçməyin vaxtı idi. Iyunun ortalarında bir şənbə günü mister
Cons Uilliqdona yollandı və "Qırmızı Şir" meyxanasında o qədər içdi ki, bazar
günü günortaya qədər evə qayıda bilmədi. Işçilər səhər inəkləri sağıb dovşan
tutmağa getmişdilər. Heyvanları yemləmək heç kəsin yadına düşməmişdi. Evə
qayıdan kimi mister Cons salondakı divana sərələndi, üzünü "Dünya yenilikləri"
qəzeti ilə örtdü və o dəqiqə də yuxuya getdi. Heyvanlara hələ də yem verən
olmamışdı. Nəhayət, onların səbir kasası daşdı. Inəklərdən biri buynuzu ilə yem
anbarının qapısını sındırdı. Dərhal bütün heyvanlar içəri doluşdular. Elə bu zaman
mister Cons yuxudan oyandı. Bir neçə dəqiqədən sonra o dörd işçisi ilə özünü yem
anbarına çatdırdı. Əllərindəki qırmanclar hər tərəfə şaqqıltı salmışdı. Lakin ac
heyvanları daha belə şeylərlə qorxutmaq mümkün deyildi. Əvvəlcədən hər hansı
bir plan qurmasalar da bir nəfər kimi zülmkarların üzərinə atıldılar. Qəfildən
Consla işçiləri hər tərəfdən təpikləndiklərinin və buynuzlandıqlarının fərqinə
vardılar. Artıq gec idi- vəziyyət nəzarətdən çıxmışdı. Əvvəllər heç vaxt
heyvanların belə qudurğan davranışın görməmişdilər. Həmişə istədikləri kimi
doyüb alçaltdıqları heyvanların qəfil qəzəbi onları elə qorxutmuşdu ki, ağılları
başlarından çıxmışdı. Vəziyyəti belə görəndə özlərini müdafiə etmək fikrindən əl
çəkib dabanlarına tüpürdülər. Bir neçə dəqiqədən sonra beşi də nəfəslərini güclə
dərərək malikanənin ortasından içərisindən keçib böyük yola aparan cığıra çıxdılar.
Qələbələrindən ruhlanan heyvanlar onları təqib edirdilər.
Yataq otağının pəncərəsindən bütün bunları görən missis Cons əlinə düşənləri yol
çantasına doldurub arxa qapıdan fermanı tərk etdi. Moses də qanadlarını çırparaq
qonduğu budaqdan havaya qalxdı, var səsi ilə qarıldaya-qarıldaya onun ardınca
uçdu. Bu arada heyvanlar artıq mister Consla adamlarını qovub yola çıxarmış,
downloaded from KitabYurdu.org
13
malikanənin beş laylı ağır qapılarını onların arxasınca bağlamışdılar. Beləcə,
heyvanlar hələ axıra qədər nə baş verdiyinin fərqinə varmadan Üsyan qələbə ilə
başa çatdırılmışdı. Artıq Cons qovulmuş, "Malikanə" ferması tamamilə özlərinin
ixtiyarına keçmişdi.
Əvvəlcə heyvanlar taleyin bu qəribə töhfəsinə inana bilmirdilər. Ilk işləri
insanlardan kiminsə ətrafda gizlənmədiyini yoxlamaq üçün fermanın sərhədləri
boyunca dörd bir tərəfə lohrəm yerişlə dövrə vurmaq oldu.. Sonra Consun
nifrətəlayiq hakimiyyətinin son nişanələrini məhv etmək məqsədi ilə çaparaq ferma
binasına qayıtdılar. Tovlənin yanındakı qoşqu alətləri saxlanan anbarın qapısı
sındırıldı, cilovlar, yüyənlər, boyunduruqlar, Consun donuzları və qoçları
axtaladığı dəhşətli bıçaqlar çıxarılıb quyuya atıldı. Tapqırlar, üzəngilər,
buruntaqlar, yəhərlər – insanın heyvan üzərində rahatca ağalıq etmək üçün
düşünüb tapdığı bütün bu alçaldıcı əşyalar həyətdə alovlanmaqda olan tonqala
toküldü. Qırmancların da aqibəti eyni oldu. Onların çatırtı ilə yandığını gorən
heyvanlar sevincdən atılıb-düşürdülər. Snouboll yarmarka günlərində atların yal-
quyruğuna bağlanan rəngli lentləri də tonqala atdı.
-Lentlər insan adlanan məxluqlara aid geyim ünsürü sayılır,-deyə o, izahat verdi. -
Bütün heyvanlar lüt gəzməlidirlər.
Bu sözləri eşidən Bokser adətən yayda milçəklərdən və mığmığalardan qorunmaq
üçün başına qoyduğu həsir şlyapanı çıxarıb tonqala atdı.
Qısa vaxtda fermada mister Consu xatırladan nə vardısa hamısı məhv edildi. Sonra
Napoleon heyvanları həyətin arxasındakı ərzaq anbarına aparıb hərəsinə ikiqat yem
payı verdi. Itlərin hər birinə isə gündəlik normadan əlavə iki biskvit verildi.
Birlikdə "Ingiltərə heyvanları" mahnısını yeddi dəfə əvvəldən axıra kimi oxudular
və yatmaq üçün yerlərini rahatlamağa getdilər. Həmin gecə həyatlarında ilk dəfə
rahat və səksəkəsiz yatdılar.
Heyvanlar həmişəki kimi sübh çağı yuxudan oyandılar. Dərhal dünənki parlaq
qələbə yadlarına düşdü. Birlikdə örüşə yollandılar. Otlaq yerinin yaxınlığında təpə
vardı. Oradan fermanın ərazisinə gözəl mənzərə açılırdı. Xoş, işıqlı sübh şəfəqləri
downloaded from KitabYurdu.org
14
altında təpəyə qalxıb ətrafa tamaşa etdilər. Bəli, bütün bu ərazi indi özlərinin idi,
ətrafda göz işlədikcə uzanan nə varsa, hamısı onlara məxsus idi. Bu fikirdən vəcdə
gələn heyvanlar təpənin üstündə dövrə vurmağa, şıllaq atmağa başladılar. Onlar
hələ üstündən səhər şehi çəkilməmiş çəmənlikdə ağnayır, ağızlarını şirəli otla
doldurur, dırnaqları ilə yumşaq yeri qazıyır və torpağın sərməstedici ətrini ləzzətlə
sinələrinə çəkirdilər. Sonra lal bir heyranlıq içərisində zəmilərə, otlaqlara, meyvə
bağına, nohura və pöhrəliyə baxa-baxa fermanın dörd bir tərəfini dolaşdılar. Elə bil
bütün bunları əvvəllər görməmişdilər və indi nə varsa hamısının özlərinin
olduğuna inana bilmirdilər.
Sonra tikililərin yanına qayıtdılar və nə edəcəklərini bilmədən sakitcə malikanənin
açıq qapısı önündə dayandılar. Indi malikanə də onların idi. Lakin içəri girməyə
sanki ürək eləmirdilər. Ani tərəddüddən sonra Snoubolla Napoleon çiyinləri ilə
qapını itələyib açdılar və heyvanlar bir-bir içəri girdilər. Nəyə isə toxunub
sındıracaqlarından qorxduqları üçün çox ehtiyatla hərəkət edirdilər. Onlar
dırnaqları üstündə otaqdan-otağa keçir, heyrətlə ətrafdakı cah-cəlala baxır, səslərini
çıxarmağa cəsarət etmədən aramsız udqunurdular. Qu tükündən yorğan-döşəklər,
pərqu balışlar, bürünc çərçivəli güzgülər, yumşaq divanlar, Brüssel xalçaları,
kraliça Viktoriyanın qonaq otağından asılmış litoqrafiyası- heyvanlar daim
fermada yaşasalar da bütün bunları ilk dəfə görürdülər. Yalnız pilləkənlə aşağı
enəndə Mollinin yanlarında olmadığının fərqinə vardılar. Geri qayıdıb onu ən
xudmani yataq otağında tapdılar. Molli missis Consun bəzək stolundan götürdüyü
mavi lentlərdən birini çiyninə ataraq səfeh görkəmlə heyran-heyran güzgüdəki
əksinə tamaşa edirdi. Heyvanlar onu bərk məzəmmət elədilər, sonra birlikdə
otaqdan çıxdılar. Mətbəxdə asılmış bir neçə qaxac donuz budunu ehtiyat saxlamaq
üçün götürdülər. Bokser təpiyi ilə vurub pivə çəlləyinin qapağını sındırdı. Evdə
başqa heç nəyə toxunmadılar. Malikanənin muzey kimi qorunub saxlanması
haqqında yekdilliklə qətnamə qəbul olundu. Razılaşdılar ki, heç bir heyvan burada
yaşamamalıdır.
downloaded from KitabYurdu.org
15
Birlikdə səhər yeməyi yedilər. Sonra Snoubolla Napoleon yenidən heyvanların
hamısını yanlarına çağırdı.
-Yoldaşlar,-deyə Napoleon sözə başladı, -artıq saat yeddinin yarısıdır və bizi uzun
bir gün gözləyir. Bu gün ot biçininə başlayırıq. Amma əvvəlcə başqa bir mühüm işi
yerinə yetirməliyik.
Yalnız indi məlum oldu ki, donuzlar son üç ay ərzində vaxtı ilə mister Consun
uşaqlarına dərs keçilən, sonra isə yararsız əşya kimi anbarın bir küncündə atılıb
qalan əlifba kitabından yazıb-oxumağı öyrənmişlər. Hapoleon çoşkalardan birini
içərisində ağ və qara rənglər olan qutuları gətirməyə göndərdi. Sonra qabağa düşüb
hamını fermanın əsas yolun üstündəki beş laylı darvazasının önünə gətirdi. Burada
Snouboll (məhz Snouboll, çünki onun xətti hamınınkından yaxşı idi) fırçanı haça
dırnaqlarının arasında tutaraq darvazanın üstündəki "MALIKANƏ" FERMASI"
sözlərini qaraladı və yerinə "HEYVANISTAN" yazdı. Indən sonra fermanın yeni
adı belə olacaqdı. Sonra onlar yenidən əsas binanın yanına qayıtdılar. Napoleon və
Snoubollun əmri ilə nərdivan gətirildi və böyük ambarın arxa divarına söykədildi.
Onlar heyvanlara izah etdilər ki, yazıb-oxumağı öyrəndikləri üç ay müddətində
animalizm təliminin əsaslarını yeddi prinsip şəklinə salmağa nail olublar. Indi
həmin yeddi prinsip ambarın divarına yazılacaq. Bu prinsiplər qanun qüvvəsi qəbul
edəcək və Heyvanıstanın bütün sakinləri bundan sonra daim həmin prinsiplər
əsasında yaşayacaqlar. Snouboll çətinliklə (donuzlar üçün nərdivan üzərində
müvazinətlərini saxlamaq o qədər də asan deyildi) yuxarı dırmaşıb işə başladı. Bir
neçə pillə aşağıda dayanmış Çığırğan rəng qutusunu qabaq ayaqları arasında
tutmuşdu. Prinsiplər his çəkmiş divara iri hərflərlə yazıldı. Onları azı otuz metr
aralıdan oxumaq mümkündü. Animalizmin əsas tələbləri belə idi:
YEDDİ PRİNSİP
1. Iki ayağı üstə gəzən hər bir canlı düşməndir.
downloaded from KitabYurdu.org
16
2. Dörd ayağı üstə gəzən, yaxud uçan hər bir canlı dostdur.
3. Heyvanlar paltar geyinmirlər.
4. Heyvanlar yorğan-döşəkdə yatmırlar.
5. Heyvanlar spirtli içki içmirlər.
6. Bir heyvan başqa heyvanı öldürə bilməz.
7. Bütün heyvanlar bərabərdirlər.
Yazı səliqəli çıxmışdı. Döğrudur, bir yerdə "dostdur" əvəzinə "dsotdur" yazılmışdı,
başqa bir yerdə isə "c" hərfi tərsinə çevrilmişdi. Amma bütünlükdə hər şey aydın,
düzgün idi. Prinsipləri hamının anlaması üçün Snouboll onları bir-bir ucadan
oxudu. Heyvanların hamısı razılıq içərisində başlarını tərpətdilər. Ən diribaşları isə
vaxt itirmədən elə buradaca prinsipləri əzbərləməyə başladılar.
-Indi isə, yoldaşlar,- Snouboll dırnaqları arasında tutduğu fırçanı aşağı tullayıb zil
səslə qışqırdı, - hamı ot biçininə! Qoy biçini Consdan və kölələrindən daha tez və
itkisiz başa çatdırmaq hamımızın şərəf borcu olsun!
Lakin elə bu anda bayaqdan bəri səbirsizliklə ayaqlarını götürüb-qoyan üç inək
bərkdən böyürməyə başladı. Artıq ikinci gün idi ki, onları sağan yox idi. Yelinləri
şişib partlayırdı. Donuzlar azacıq fikirləşəndən sonra vedrə gətizdirib inəkləri
kəmali-ədəblə sağdılar. Sən demə, donuz dırnaqları bu işə əməlli-başlı
uyğunlaşdırılıbmış. Tezliklə beş vedrə buğlanan ağappaq, yağlı inək südü ilə
doldu. Heyvanlar çoxu maraqla gözlərini vedrələrə zilləmişdilər.
-Yaxşı, bəs bu südü nə edəcəyik?-deyə kimsə soruşdu.
-Cons bəzən onun bir hissəsini bizim yemimizə qatırdı, - deyə toyuqlardan biri
dilləndi.
-Indi süd haqqında düşünmək vaxtı deyil, yoldaşlar!- deyə Napoleon irəli çıxıb iri
gövdəsi ilə vedrələrin qabağını kəsdi. -Südün qayğısına qalan tapılar. Bizim üçün
ən vacib məsələ ot biçinidir. Yoldaş Snouboll buradan sizi birbaşa iş üstünə
aparacaq. Mən də bir neçə dəqiqədən sonra özümü çatdıracağam. Irəli, yoldaşlar!
Ot biçini bizi gözləyir!
Heyvanlar çəmənliyə yollanıb bütün günü ot biçdilər. Axşam fermaya qayıdanda
isə südün yoxa çıxdığını gördülər.
downloaded from KitabYurdu.org
17
III F Ə S İ L
Biçində nə qədər əziyyət çəkdilər, nə qədər qan-tər tökdülər! Amma zəhmətləri
hədər getmədi. ümid etdiklərindən də böyük uğur qazandılar.
Bəzən işdə çətinliklər yaranırdı. Aydın məsələdir ki, əmək alətləri heyvanlara yox,
insanlara uyğunlaşdırılmışdı. Heyvanların ən böyük çətinliyi arxa ayaqlar üstə
dayanaraq tələb olunan aləti işlədə bilməmələri idi. Lakin donuzların ağlı
sayəsində hər bir çətinlikdən çıxış yolu tapmaq olurdu. Atlara gəldikdə isə onlar
tarlaların hər qarışına bələd idilər. Onlar otu biçməyi və tayaya vurmağı mister
Consla işçilərindən daha yaxşı bacarırdılar. Donuzlar özləri çol işlərində
işləmirdilər. Onlar yalnız təşkilati məsələləri həll edir və ümumi rəhbərliyi həyata
keçirirdilər. Təbii ki, bu rəhbər rola özlərinin hərtərəfli bilikləri sayəsində
yüksəlmişdilər. Bokserlə Klover gah otbiçən, gah otyığan maşına qoşulur (aydın
məsələdir ki, daha döyülməkdən və zorla işlədilməkdən söhbət gedə bilməzdi!) və
yorulmadan çəmənlik boyu dövrə vururdular. Arxadan isə donuzlardan biri
addımlayır və vəziyyətdən asılı olaraq "Bir az da güc ver, yoldaş!", yaxud "Sürəti
artır, yoldaş!" kimi tapşırıqlarla işə rəhbərlik edirdi. Otu tez biçmək və toplamaq
üçün hər bir heyvan can qoyurdu. Hətta toyuqlarla ördəklər də səhərdən axşama
qədər yandırıcı günəş altında yanlarını basa-basa dimdiklərində nazik ot saplaqları
daşıyırdılar. Nəticədə, heyvanlar otu mister Consun vaxtındakından iki gün tez
biçib qurtardılar. Ferma qurulandan belə məhsul toplanmamışdı. Heç bir itkidən
söhbət gedə bilməzdi. Iti gözləri olan toyuqlarla ördəklər son yonca yarpağına
qədər hər şeyi toplamıdılar. Biçin vaxtı heç bir heyvan hətta ağız dolusu ot
oğurlamaq fikrinə düşməmişdi.
Bütün yay boyu fermada işlər qurulu saat kimi ahəngdar davam etdi. Heyvanlar
işin öhdəsindən gələ bildiklərinə görə çox xoşbəxt idilər. Topladıqları hər çəngə ot
downloaded from KitabYurdu.org
18
sinələrini dağa döndərirdi. Çünki bu məhsul özlərinin idi, onu özləri üçün tədarük
etmişdilər, daha acgöz sahiblərinin xəsisliklə verdiyi pay deyildi. Tüfeyli həyat
keçirən insan adlı məxluq qovulduqdan sonra indi kimsə bu məhsula göz dikə
bilməzdi. Artıq boş vaxtlarında heyvanlara çox şey haqqında düşünmək lazım
gəlirdi. Hələ lazımi təcrübələri olmadığından bir sıra çətinliklərlə üzləşirdilər.
Məsələn, yayın sonunda dənli bitkiləri biçən zaman taxılı, yaxud arpanı dədə-baba
qaydası ilə təmizləyir, nəfəsləri ilə üfürərək dəni qılçıqdan və xırda saman
çöplərindən arıtlayırdılar. Çünki fermada taxıldöyən maşın yox idi. Ancaq bir
tərəfdən donuzların fəhmi, o biri tərəfdən isə Bokserin güclü əzələləri onları
həmişə çətin vəziyyətlərdən çıxarırdı. Bokser işgüzarlığı ilə hamını heyran
qoymuşdu. O, Consun zamanında da heç vaxt zəhmətdən boyun qaçırmırdı. Indi
isə sanki özündə üç atın gücünü birləşdirmişdi. Elə günlər olurdu ki, fermadakı
bütün çətin, ağır işləri öz qüvvətli çiyinlərinə götürməli olurdu. Gün çıxandan şər
qovuşana kimi yorulmadan çalışırdı. Onu həmişə işlərin ən çətin getdiyi yerdə
görmək olardı. Bokser xoruzların birinə onu səhərlər yuxudan başqalarından yarım
saat tez oyatmağı tapşırmışdı. Iş günü baqşlayana qədər Bokser heç bir
məcburiyyət olmadan işlərin axsadığı çətin sahələrdə əlləşib mütləq nəyi isə
düzəldir, sahmana salırdı. Hər hansı maneə,yaxud çətinliklə üzləşdiyi zaman öz-
özünə təkrarladığı sözlər vardı: "Mən daha çox işləyəcəyəm!". Bu sözlər Bokserin
həyat şüarına çevrilmişdi.
Fermanın digər sakinləri də bacardıqları qədər işləyirdilər. Məsələn, taxıl biçini
vaxtı toyuqlarla ördəklər tarlalardan bir-bir topladıqları dənlər sayəsində ümumi
anbara beş buşel məhsul gətirmişdilər. Oğurluq, yemək payı üstə qanqaraçılıq,
dava-dalaş, söz-söhbət, paxıllıq, qısqanclıq - keçmiş vaxtlar üçün adi sayılan bütün
bu ürəkbulandıran hallar birdəfəlik aradan qaldırılmışdı. Demək olar ki, heç kəs
heç nədən şikayətlənmirdi. Doğrudur, sübh tezdən yuxudan oyanmaq Mollinin o
qədər də xoşuna gəlmirdi. Yaxud dırnaqlarının arasında daş qalması bəhanəsi ilə
hər an işi yarımçıq atıb qaçmağa hazır idi. Pişik də bəzən özünü çox qəribə
aparırdı. Tezliklə məlum oldu ki, bir iş görmək lazım gələndə onu axtarıb tapmaq
mümkün olmur. Pişik saatlarla ortalıqda gözə dəymirdi. Sonra isə ya nahar vaxtı,
downloaded from KitabYurdu.org
19
ya da axşam iş qurtarandan sonra gəlib çıxır və özünü sanki heç nə olmamış kimi
aparırdı. Amma bu zaman elə səmimiyyətlə üzr istəyir, elə nəzakətlə miyoldayırdı
ki, niyyətinin xeyirxahlığına inanmamaq mümkün olmurdu. Qoca uzunqulaq
Bencamin isə deyəsən, Üsyan zamanından bəri zərrəcə dəyişməmişdi. O, heç vaxt
əlavə işə öz xoşu ilə can atmır, ancaq heç bir işdən də boyun qaçırmırdı. Consun
zamanında olduğu kimi astagəl inadkarlıqla çalışırdı. Bencamin Üsyan və onun
nəticələri haqqında danışmaqdansa susmağa daha çox üstünlük verirdi. Ondan
Cons qovulandan sonra özünü xoşbəxt hiss edib-etmədiyini soruşanda burnunu
altında donquldanırdı: "Eşşəklərin ömrü uzun olur. Hələ heç biriniz ölü eşşək
görməmisiniz". Bu sözləri eşidənlər onun nə demək istədiyi üzərində baş
sındırmalı olurdular.
Bazar günləri iş yox idi. Səhər yeməyi həmişəkindən bir saat gec yeyilirdi.
Yeməkdən sonra hamı hər həftənin istirahət günləri mütləq keçirilən mərasimə
tələsirdi. Əvvəlcə təntənəli şəkildə bayraq qaldırılırdı. Snouboll anbardan missis
Consun köhnə yaşıl süfrəsini tapmışdı. Süfrənin üzərində ağ rənglə dırnaq və
buynuz təsviri çəkmişdi. Hər bazar günü səhər bu bayraq bağın ortasındakı bayraq
dirəyinin üzərinə qaldırılırdı. Snoubollun izahatına görə yaşıl rəng Ingiltərənin
yaşıl çöllərinin rəmzi idi. Dırnaqla buynuz isə insan nəslinin hakimiyyəti tamam
devrildikdən sonra qurulacaq Heyvanıstan Respublikasını təcəssüm etdirirdi.
Bayraq qaldırma mərasimi başa çatan kimi hamı böyük anbara, Məşvərət şurasının
iclasına toplaşırdı. Burada növbəti həftə ərzində görüləcək işlər planlaşdırılır,
müxtəlif qətnamələr irəli sürülür və müzakirə edilirdi. Qətnamə təklifləri bir qayda
olaraq donuzlardan gəlirdi. Qalan heyvanlar necə səs vermək lazım olduğunu
bilirdilər, lakin heç vaxt öz qətnamələrini hazırlamaq fikri ağıllarına gəlməmişdi.
Snoubolla Napoleon müzakirələrdə hamıdan fəal iştirak edirdilər. Lakin heç vaxt
ümumi fikirdə olmamaları heyvanların diqqətindən yayınmamışdı. Biri nə isə təklif
edən kimi digəri mütləq onun əleyhinə çıxırdı. Bəzən hətta əvvəlcədən haqqında
qərar qəbul edilən və əlavə müzakirələrə ehtiyac duyulmayan məsələlərdə də
onların arasında qarşıdurma yaranırdı. Məsələn, bağın arxasındakı kiçik otlaq
yerində əmək fəaliyyətlərini başa vuran heyvanlar üçün istirahət guşəsi yaradılması
downloaded from KitabYurdu.org
20
ideyası gündəliyə çıxanda hər növdən olan heyvanların təqaüd yaşının fərdi
qaydada müəyyənləşdirilməsi haqqında qızğın mübahisələr başlanmışdı. Məşvərət
həmişə "Ingiltərə heyvanları" mahnısının oxunması ilə başa çatırdı. Günortadan
sonra heyvanlar istirahət edirdilər.
Əvvəllər qoşqu alətləri saxlanan anbarı donuzlar öz qərargahlarına çevirmişdilər.
Burada fermadan tapdıqları kitabların yardımı ilə onlar axşamlar dəmirçilik,
dülgərlik və başqa vacib sənətlərin sirlərinə yiyələnirdilər. Snouboll bu işlərlə
yanaşı digər heyvanların "Heyvan Komitələri" adlandırılan qurumlarda
təşkilatlanması ilə məşğul olurdu. Bu işə bütün varlığı ilə bağlanmışdı. O, oxuyub-
yazma kurslarından başqa toyuqlar üçün Yumurta Istehsalı Komitəsi, inəklər üçün
Təmiz Quyruqlar Cəmiyyəti, siçovullar və adadovşanları ilə tərbiyəvi iş aparmaq
üçün Vəhşi Yoldaşların Yenidən Maarifləndirilməsi Komitəsi, qoyunların
yunlarını çirk və pıtraqdan qorumaları üçün Ağ Yun Hərəkatı və bir sıra digər
ictimai qurumlar yaratmışdı. Lakin nədənsə bu layihələrin hamısı uğursuzluğa
düçar olurdu. Vəhşi heyvanların əhliləşdirməsi ilə bağlı təşəbbüslərin səmərəsizliyi
də çox tezliklə üzə çıxdı. Vəhşi yoldaşlar özlərini əvvəlki kimi aparır, xoş
münasibət və nəcib rəftar görəndə isə bundan dərhal öz xeyirləri üçün
yararlanmağa çalışırdılar. Məsələn, pişik Yenidən Maarifləndirmə Komitəsinin
üzvləri sırasına daxil olmuş və bir neçə gün böyük fəallıq göstərmişdi. Onu hətta
bir dəfə damda oturaraq yaxınlıqdakı qarğalarla söhbət etdiyini görmüşdülər. Pişik
qarğalara danışırdı ki, indi bütün heyvanlar yoldaşdırlar və hər hansı bir qarğa
çəkinmədən gəlib onun caynaqlarına toxuna bilər. Amma qarğalar arada məsafə
saxlamağı daha üstün tutmuşdular.
Savad kursları isə heyvanlar arasında böyük uğur qazanmışdı. Payıza doğru demək
olar ki, hər bir heyvan müəyyən dərəcədə savad əldə etmişdi.
Donuzlar mükəmməl yazıb-oxuyurdular. Itlər də oxumağı sürətlə öyrəndilər.
Amma onları Yeddi Prinsipdən başqa heç nə maraqlandırmırdı. Müriel adlı keçi
oxumağı itlərdən də yaxşı bacarırdı. Bəzən axşamlar zibillikdən tapdığı qəzet
parçalarını digər heyvanlar üçün oxuyurdu. Bencamini də donuzların hər biri qədər
savadlı saymaq olardı. Amma o, heç vaxt öz qabiliyyətini nümayiş etdirməyə can
downloaded from KitabYurdu.org
21
atmırdı. Söhbət düşəndə dodaqaltı oxumağa yararlı bir şey tapılmadığından
şikayətlənirdi. Klover də əlifbanı axıra çıxmışdı, lakin hərfləri yan-yana düzüb söz
qoşa bilmirdi. Bokserin hövsələsi isə yalnız D hərfini öyrənməyə qədər çatmışdı.
O, iri dırnaqları ilə tozun üzərində A, B, C, D hərflərini cızır, sonra qulaqlarını
şəkləyib yalmanını çırpır, diqqətini cəmləyib sonrakı hərfi xatırlamağa çalışırdı.
Bəzən Bokser novbəti E, F, G, H hərflərini də oyrənməyə müvəffəq olurdu, lakin
bu zaman təccüblə əvvəl oyrəndiyi A, B, C və D-nin yadından çıxdığını görürdü.
Nəhayət o, savadını əlifbanın ilk dörd hərfi ilə məhdudlaşdırmaq qərarına gəldi.
Bokser yaddaşını təzələmək üçün bu hərfləri gündə bir və ya iki dəfə toz üzərində
yazırdı. Adındakı dörd hərfi öyrənəndən sonra Molli də təhsilini davam
etdirməkdən boyun qaçırdı. O, kiçik budaqları hərflər şəklində düzərək adını yazır,
hərflərin bəzi yerlərinə bir və ya iki gül taxır, o tərəf bu tərəfə gəzişərək yaratdığı
sənət nümunəsinə heyranlıqla tamaşa edirdi.
Fermadakıların çoxu isə A hərfindən o yana keçə bilmədilər. Kütbeyinlikləri ilə ad
çıxarmış qoyun, ördək, toyuq kimi heyvanların isə hətta Yeddi Prinsipi
əzbərləməyə də qabiliyyətlərinin çatmadığı aşkara çıxdı. Bunu görən Snouboll çox
fikirləşəndən sonra Yeddi Prinsipin mahiyyətinə elə bir ciddi xələl gətirmədən
onların "Dörd ayaq yaxşıdır, iki ayaq pisdir!" ifadəsi ilə əvəzlənməsini təklif etdi.
Onun fikrincə, animalizm təliminin bütün mahiyyəti bu ifadədə öz əksini tapmışdı.
Kim bu müdrik sözləri dərindən mənimsəsə, insanların məhvedici təsirindən
həmişəlik xilas ola bilərdi. Lakin quşlar əvvəlcə ifadənin özlərinə qarşı çevrildiyini
düşünüb incidilər. Çünki insanlar kimi onların da iki ayağı vardı. Snouboll isə bu
fikrin yanlış olduğunu sübuta yetirərək dedi:
-Yoldaşlar, quşların qanadları fəaliyyət orqanı deyil, hərəkət orqanıdır. Başqa sözlə
desək, onların qanadları da ayaq sayılmalıdır. Insanın fərqləndirici əlaməti isə ƏL-
dir. O, məhz əlləri vasitəsi ilə özünün bütün yaramazlıqlarını həyata keçirir.
Quşlar Snoubollun uzun-uzadı danışıqlarından bir şey anlamasalar da, məsələnin
mahiyyətini başa düşdülər. Xüsusi əqli qabiliyyəti ilə seçilməyən bütün heyvanlar
dərhal yeni aforizmi əzbərləməyə başladılar. "DÖRD AYAQ YAXŞIDIR, IKI
AYAQ PISDIR" kəlamı iri hərflərlə anbarın arxa divarına, Yeddi Prinsipdən baş
downloaded from KitabYurdu.org
22
tərəfdə yazıldı. Yeni kəlamın mənası nəhayət qoyunlara da çatdı və sözlər o
dərəcədə xoşlarına gəldi ki, həmin gündən örüşdə uzandıqları zaman xorla "Dörd
ayaq yaxşıdır, iki ayaq pisdir!", "Dörd ayaq yaxşıdır, iki ayaq pisdir!"-deyə
saatlarla mələşir və yorulub əldən düşənə kimi eynu şeyi təkrarlayırdılar.
Napoleon Snoubollun yaratdığı komutələrin işinə qətiyyən maraq göstərmirdi.
Onun fikrincə, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaq yaşa dolanlarla
işləməkdən daha önəmli idi. Napoleon yeni nəsillə bağlı fikirlərini ilk dəfə ot
biçinindən sonra, Cessi ilə Blyubel dünyaya doqquz sağlam küçük gətirəndə
açıqlamışdı. Balacalar analarının döşündən ayrılan kimi Napoleon onları yanına
apardı və təlim-tərbiyələri ilə şəxsən özünün məşğul olacağını elan etdi. Küçüklərə
çardaqda yer düzəldildi. Həmin çardağa isə yalnız donuzların qərargahı olan anbar
binasından keçib getmək mümkün idi. Küçüklər burada tam qapalı şəraitdə
saxlanırdılar. Bir müddət keçəndən sonra ferma sakinləri onların mövcudluqlarını
yerli-dibli unutdular.
Tezliklə südün yoxa çıxması ilə bağlı sirli hadisə də aydınlaşdı. Sən demə,
donuzlar onu hər gün öz yemlərinə qarışdırırmışlar. Bir azdan meyvə bağında ilk
almalar yetişdi. Ağacların altındakı çəmənlik budaqlardan qopub tökülən
meyvələrlə doldu. Heyvanlar bu meyvələrin hamının arasında bərabər bölünməsini
təbii sayırdılar. Lakin günlərin birində yerə tökülən almaların toplanaraq
donuzların istifadəsi üçün onların qərargahına gətirilməsi haqqında əmr elan
olundu. Əmri eşidən heyvanlar burunlarının altında donquldandılar. Lakin bir
faydası olmadı. Bütün donuzlar bu məsələdə yekdillik nümayiş etdirdilər. Hətta
Napoleonla Snoubollun da mövqeləri üst-üstə düşdü. Çığırğan müvafiq izahat
işləri aparmaq üçün heyvanların yanına göndərildi.
-Yoldaşlar!-deyə o, zil səsi ilə qışqırmağa başladı.- Ümid edirəm ki, donuzların bu
hərəkətini onların eqoizmə qapılmaları, yaxud özlərini başqalarından artıq hesab
etmələri ilə əlaqələndirməyəcəksiniz. Əslində çoxumuzun süddən və almadan xoşu
gəlmir. Şəxsən mən özüm onlara baxa bilmirəm. Alma və süddən istifadədən
yeganə məqsəd sağlamlığımızı qorumaqla bağlıdır. Süd və almanın tərkibində
(bunu artıq Elm sübuta yetirib, yoldaşlar!) donuzların özlərini həmişə yaxşı hiss
downloaded from KitabYurdu.org
23
etmələri üçün zəruri olan maddələr vardır. Biz donuzlar əqli fəaliyyətlə məşğuluq.
Fermadakı bütün idarəçilik və təşkilati işlərin məsuliyyətini daşıyırıq. Gecə-
gündüz sizin rifahınızın keşiyində dayanırıq. Yalnız SIZIN rifahınız üçün bu südü
içir, bu almaları yeyirik. Əgər donuzlar öz vəzifələrini yerinə yetirmək qüdrətində
olmasalar bunun nə ilə nəticələnəcəyini bilirsinizmi? Bilmirsinizsə, bilin – o zaman
Cons geri qayıdacaq! Bəli, Cons yenidən geri qayıdacaq! Yoldaşlar, mən tam
əminəm ki, – nitqinin bu yerinə çatanda Çığırğan quyruğunu tərpədə-tərpədə daha
sürətlə o tərəf bu tərəfə atıldı və ağlamsındı, – sizin aranızda Consun qayıtmasını
istəyən bir heyvan da yoxdur!
Həmin dəqiqələrdə heyvanların tam əmin olduqları bir şey vardısa da, o da heç
birinin Consun geri qayıtmasını istəməmələri idi. Məsələ bu şəkildə qoyulandan
sonra etiraz etməyə heç bir heyvanın sözü qalmadı. Donuzların sağlamlığı
qayğısına qalmağın zəruriliyi fikri hamıya aydın oldu. Odur ki, müzakirə
aparmadan südün və yerə düşən almaların (habelə yetişəndən sonra ağaclardakı
meyvənin əksər hissəsinin) donuzların istifadəsinə verilməsi haqqında qərar qəbul
edildi.
IV F Ə S İ L
Yayın sonunda Heyvanıstanda baş verən hadisələrlə bağlı xəbər ölkənin xeyli
hissəsinə yayıldı. Snoubolla Napoleon qonşu fermaların sakinləri ilə əlaqə yaradıb
onlara Üsyanın tarixi haqqında məlumat vermək və "Ingiltərə heyvanları"
manhısının melodiyasını öyrətməkçün göyərçinləri hər gün səmaya qaldırırdılar.
Fermadan qovulandan sonra mister Cons vaxtının çoxunu Uillinqdondakı "Qırmızı
Şir" meyxanasının barında keçirirdi. Söhbətinə qulaq asmağa razı olan hər kəsə
taleyinə yazılmış dəhşətli ədalətsizlikdən - bir sürü alçaq heyvanın bütün var-
yoxunu əlindən almasından şikayətlənirdi. Qonşu fermerlər əslində onun halına
acıyırdılar, ancaq hər hansı bir kömək göstərməyə tələsmirdilər. Ürəklərinin
dərinliyində hər biri gizlicə mister Consun fəlakətindən öz xeyirlərinə necə istifadə
downloaded from KitabYurdu.org
24
etmək haqqında fikirləşirdi. Iş elə gətirmişdi ki, Heyvanıstanın qonşuluğunda
yerləşən iki fermanın sahibləri arasında münasibətlər həmişə gərgin olmuşdu. Bu
fermalardan Foksvud adlanan birincisi ərazicə böyük, amma başlı-başına
buraxılmış, əkin sahələrini alaq basmış, otlaq yerləri örənimiş, hasarları orada-
burada uçulub-dağılmağa başlayan malikanə idi. Onun sahibi mister Pilkinqton
bütün il boyu mövcümdən asılı olaraq vaxtının çoxunu ov etmək, yaxud balıq
tutmaqla keçirən əhlikef centlmenlərdən sayılırdı. Pinçfild adlanan digər ferma
kiçik olsa da, daha yaxşı vəziyyətdə saxlanırdı. Onun sahibi gününü məhkəmə
çəkişmələrində keçirən, bir şillinqdən otəri qardaşının boğazını üzməyə hazır olan
mister Frederik adlı kobud, yaramaz bir adamdı. Mister Pilkinqtonla mister
Frederikin bir-birlərini görməyə gözləri yox idi. Qarşılıqlı nifrətləri o qədər güclü
idi ki, hətta ümumi maraq xatirinə dava-dalaşı bir tərəfə buraxıb müəyyən razılığa
gəlməyi ağıllarına da gətirmirdilər.
Amma bununla belə Heyvanıstandakı üsyan xəbərindən bərk qorxmuşdular və öz
heyvanlarının bu məsələdən xəbər tutmalarının qarşısını almaq üçün çalışırdılar.
Xəbəri eşidəndə əvvəlcə fermanı müstəqil şəkildə idarə etmək fikrinə düşən
heyvanları ələ salıb gülmüşdülər. Qonşular iki həftəyə hər şeyin dağılıb gedəcəyini
deyirdilər. Onlar "Malikanə" fermasındakı (mister Pilkinqtonla mister Frederik
inadla fermanı köhnə adı ilə çağırır, yeni, "Heyvanıstan" adını eşitmək belə
istəmirdilər) heyvanların tezliklə ya bir-birləri ilə əlbəyaxa olacaqları, ya da sadəcə
acından öləcəkləri barəsində peyğəmbərlik edirdilər. Lakin aradan bir müddət
keçəndən və qonşu fermada heç bir heyvanın acından ölməyə hazırlaşmadığı
məlum olandan sonra Frederiklə Pilkinqton valı dəyişmdilər. Indi onlar
Heyvanıstanda hökm sürən qəddarlıq və amansızlıq barəsində danışmağa daha çox
üstünlük verirdilər. Hamını inandırmağa çalışırdılar ki, Heyvanıstanda
heyvanyeyənlik baş alıb gedir, güclü heyvanlar zəiflərə qızardılmış şişlə işgəncə
verirlər, bütün dişi heyvanlar ümumiləşdirilib və s. "Təbiətin qanunları əleyhinə
üsyan qaldırmağın cəzası budur"-deyə Frederiklə Pilkinqton müdrikcəsinə
başlarını tərpədərək sözlərinə yekun vururdular.
downloaded from KitabYurdu.org
25
Lakin onların danışdıqları heç vaxt tam həqiqət kimi qəbul olunmurdu. Insanların
qovulduğu, idarəçiliyin tamamilə heyvanların əlinə keçdiyi əsrarəngiz ferma
haqqındakı söhbətlər ağızdan-ağıza keçərək daha geniş miqyasda yayılırdı. Bütün
il boyu qonşu ərazilərdə heyvanların həyəcan doğuran müqavimət təşəbbüsləri
barəsində xəbərlər dolaşırdı. Həmişə itaətkarlıqları ilə seçilən öküzlər birdən-birə
vəhşiləşmişdilər. Qoyunlar ağılın qapısını sındırır və yoncalıqları tapdalayırdılar.
Inəklər süd vedrələrini vurub aşırırdılar. Atlar maneələrə yaxınlaşanda tərslik edir
və şahə qalxaraq süvariləri bellərindən atırdılar. Bütün bunlar azmış kimi,
"Ingiltərə heyvanları" mahnısının musiqisi, hətta sözləri hər yerdə yayılmağa
başlamışdı. Mahnı heyrətamiz sürətlə hər tərəfə yol tapırdı. Insanlar onun gülünc
olduğunu söyləsələr də, mahnını eşidən zaman qəzəblərini cilovlaya bilmirdilər.
Onlar bir tərəfdən heyvanların bu cəfəng, hərzə sözlərinin mənasını başa
düşmədiklərini deyirdilər, o biri tərəfdən də hansı heyvanı bu mahnını oxuyan
yerdə yaxalasalar qamçı ilə cəzalandırırdılar. Lakin mahnı yenə də səslənməkdə
davam edirdi. Qaratoyuqlar hasara qonub onu cəh-cəh vururdular. Goyərçinlər
budaqlarda yerlərini rahatlayıb mahnının sözlərini quruldayırdılar. Dəmirçi
çəkiclərinin gurultusunda, kilsə zənglərinin cingiltisində manhının melodiyaları
duyulurdu. Bu səsi eşidən insanlar özləri də hiss etmədən qorxudan əsirdilər. Hiss
edirdilər ki, bu səs yaxın gələcəkdəki məhşər günlərinin əks-sədasıdır.
Oktyabrın əvvəllərində, zəmilərin biçilib tayaya vurulduğu, taxılın bir hissəsinin
doyüldüyü işli-güclü günlərin birində havada dövrə vuran bir dəstə göyərçin çox
həyəcanlı halda Heyvanıstan ərazisinə qondu. Öz əlaltıları ilə birlikdə Cons, eləcə
də Foksvud və Pinçfild fermalarından onlara qoşulmuş bir yığın adam artıq
malikanənin beşlaylı darvazasından içəri keçmişdilər və əsas yolla düz ferma
binasının üstünə gəlirdilər. Consdan başqa hamısının əlində dəyənək vardı.
Hamıdan qabaqda addımlayan keçmiş ferma sahibi isə tüfənglə silahlanmışdı.
Onların fermanı geri qaytarmaq üçün gəldiklərinə şübhə ola bilməzdi.
Heyvanlar bu hücumu çoxdan gözləyirdilər. Odur ki, vaxtında lazımi hazırlıq işi
görülmüşdü. Yuli Sezarın apardığı müharibələr haqqında fermanın ambarından
tapdığı köhnə kitabı diqqətlə öyrənən Snouboll müdafiənin təşkilini öz üzərinə
downloaded from KitabYurdu.org
26
götürmüşdü. Əmrlər ildırım sürəti ilə verilirdi. Iki dəqiqədən sonra artıq hər bir
heyvan əvvəlcədən ayrılmış mövqedə idi.
Insanlar ferma tikililərinə çatanda Snouboll ilk zərbəni endirdi. Sayları otuz beşə
çatan göyərçinlərin hamısı eyni vaxtda adamların üzərində o tərəf-bu tərəfə uçuşur,
onların başlarına nəcis tökürdülər.
İnsanlar əl-qol hərəkətləri ilə göyərçinləri qovmağa çalışan zaman hasarın
arxasında pusquya yatmış qazlar irəli atılaraq onların baldırlarını amansızlıqla
dişləməyə başladılar. Lakin bu sadəcə hücuma keçənlərin sıralarını pozmaq və
diqqəti yayındırmaq üçün düşünülmüş yüngül manevr idi. Təbii ki, adamlar
əllərindəki dəyənəklərlə qazları asanlıqla qovub pərən-pərən saldılar. Bu zaman
Snouboll ikinci cinahı döyüş meydadına çıxardı. Müriel, Bencamin, habelə
Snoubollun özünün rəhbərliyi ilə bütün qoyunlar irəli atılaraq insanları mühasirəyə
aldılar. Onlar başları ilə hər tərəfdən düşmənlərə kəllə atırdılar, Bencamin isə
adamların ətrafında dövrə vurur və şıllaq zərbəsi endirməyə çalışırdı. Lakin yenə
də insanlar əllərindəki dəyənəklər və altı nallı çəkmələrlə sərt müqavimət
göstərirdilər. Qəflətən Cnouboll ciyiltili bir səs çıxardı. Bu, geri çəkilmək işarəsi
idi. Bir an içərisində heyvanlar mütəşəkkilliklə çəkilib darvazadan həyətə girdilər.
Insanların zəfər çığırtıları ətrafı bürüdü. Hər şey düşündükləri kimi olmuşdu:
düşmən qabaqlarından qaçmışdı. Onlar nizamsız halda heyvanları təqib etməyə
başladılar. Snoubolla da elə bu lazım idi. Basqınçılar həyətə girəndə pəyənin
yanında pusquda durmuş üç at, üç inək və donuzların qalanları irəli atılıb insanların
geri qayıtmaq yolunu kəsdilər. Snouboll hücum komandası verdi, özü isə birbaşa
Consun üzərinə atıldı. Cons onun yaxınlaşdığını görüb tüfəngini qaldırdı, atəş açdı.
Snoubollun kürəyini yalayaraq keçən və arxasınca qanlı şərid buraxan güllə
yaxınlıqdakı qoyunların birini yerindəcə öldürdü. Lakin atəş səsi Snoubollu
downloaded from KitabYurdu.org
27
qorxutmadı, o, bədəninin bütün ağırlığı ilə özünü Consun ayaqlarına çırpdı.
Müvazinətini itirən Cons peyin yığınının üstünə yıxıldı, tüfəngi əlindən yerə
düşdü. Düşmənlərin canına ən çox qorxu salan isə Bokser idi. O, qızmış ayğır kimi
şahə qalxaraq yaxın gələni nallı ayaqları ilə vurub yerə sərirdi. Ondan ilk zərbəni
yeyən və huşsuz halda palçığın içərisində yıxılıb qalan foksvudlu mehtər oldu. Bir
neçə nəfər bunu görüb əllərindəki dəyənəkləri tulladılar və arxalarına baxmadan
qaçmağa başladılar. Insanlar vahiməyə düşdülər. Heyvanlar isə onları bütün həyət
boyunca təqib edir, buynuzlayır, şıllaqlayır, dişləyir, itələyirdilər. Fermada
bacardığı şəkildə insandan öz intiqamını almağa can atmayan bir heyvan da
qalmamışdı. Hətta sakitcə özünü damda günə verən pişik də qəflətən naxırçılardan
birinin çiyninə atılıb caynaqlarını onun ətinə elə ilişdirdi ki, zavallı gücü gəldikcə
çığırmağa başladı. Ozlərini çətinliklə açıq qapıya çatdıran insanlar böyük yola
çıxmaq üşün bir-birlərini itələyirdilər, qaçıb qurtarmağı qənimət sayırdılar.
Heyvanların üstünə hücumdan heç beş dəqiqə keçməmişdi. Lakin indi hamısı az
öncə fermaya gəldikləri yolla biabırçı şəkildə geri qaçırdılar. Qazlar isə insanların
dallarınca dabanqırma gəlir, arada fürsət tapıb baldırlarını dişləyirdilər.
Bir nəfərdən başqa hamı qaçıb canını qurtarmışdı. Həyətin arxa tərəfində Bokser
dırnaqlarnı işə salıb üzüquylu düşmüş mehtəri ehtiyatla arxası üstə çevirməyə
çalışırdı. Lakin o, tərpənmirdi.
-Ölüb! - deyə Bokser kədərlə dilləndi. - Mən belə olmasını istəmirdim.
Ayaqlarımdakı dəmir nallar tamam yadımdan çıxmışdı. Ancaq kim mənim
həqiqətən də bu insanı öldürmək istəmədiyimə inanacaq?
-Sentimentallığı bir kənara burax, yoldaş!-deyə yarasından hələ də qan axan
Snouboll qışqırdı. -Müharibənin öz qanunları var. Ən yaxşı insan ölü insandır!
-Mən heç kəsin, hətta insanın da ölümünə bais olmaq istəməzdim,-deyə Bokser bir
də təkrar etdi. Onun gözləri yaşla dolmuşdu.
-Bəs Molli haradadır?-deyə kimsə soruşdu.
Molli doğrudan da yoxa çıxmışdı. Bir anlığa fermada boyük həyəcan yaşandı:
insanların Mollini vurub şikəst etmələrindən, yaxud əsir götürmələrindən
ehtiyatlanırdılar. Lakin az keçməmiş Mollinin tövlədə olduğu bilindi. O, başını
downloaded from KitabYurdu.org
28
axurun içərisindəki ota soxub qorxusundan titrəyirdi. Tüfəng səsi eşidilən kimi
qaçıb özünü bura salmışdı. Heyvanlar bu mənzərəyə tamaşa edib təzədən həyətə
qayıdanda Bokserin zərbəsindən huşunu itirən mehtər də özünə gəlib aradan
çıxmışdı.
Yalnız bu zaman heyvanlarda dəhşətli bir sevinc hissi peyda oldu. Hər kəs
qışqırtısı ilə qarşısındakının səsini batırmağa çalışaraq özünün döyüş
meydanındakı rəşadətindən danışırdı. Dərhal kortəbii qələbə bayramı başlandı.
Təntənəli şəkildə bayraq qaldırıldı, təkrar-təkrar "Ingiltərə heyvanları" mahnısı
oxundu. Sonra həlak olmuş qoyunun təntənəli dəfn mərasimi keçirildi, məzarı
üzərində xanıməli kolu əkildi. Snouboll təzə məzar önündə kiçik nitq söylədi.
Lazım gələn anda bütün heyvanların öz həyatlarını Heyvanıstan yolunda qurban
verməyə hazır olmalarının zəruriliyini vurğuladı.
Heyvanlar yekdilliklə "Birinci dərəcəli qəhrəman heyvan" ordeninin təsisi
haqqında qərar qəbul etdilər. Ilk ordenlərlə Snouboll və Bokser təltif olundu.
Orden dedikləri, əslində, uzun müddətdən bəri anbarların birində saxlanan,
əvvəllər bayram günləri və yarmarkalar zamanı heyvanları bəzəmək üçün istifadə
olunan yuvarlaq bürünc medalyondu. Eyni gündə "Ikinci dərəcəli qəhrəman
heyvan" mükafatı da təsis olundu. Döyüş zamanı həlak olmuş qoyun ölümündən
sonra həmin mükafata layiq görüldü.
Döyüşün necə adlandırılması ətrafında uzun-uzadı müzakirələr aparıldı. Nəticədə
"Pəyə döyüşü" adı üzərində dayandılar. Çünki qələbəni təmin edən pusqu məhz
mal pəyəsinin yaxınlığında qurulmuşdu. Mister Cönsun tüfəngi palçığın
içərisindən tapıldı. Fermada müəyyən patron ehtiyatının olduğu məlum idi.
Tüfəngi bundan sonra bayraq dirəyinin dibində saxlamaq, artilleriyanı əvəz edən
silah kimi ondan ildə iki dəfə - oktyabr ayının 12-də,"Pəyə döyüşü"nün və yayın
ortasında- Üsyan gününün ildönümləri zamanı yaylım-salam atəşləri açmaq qərara
alındı.
V F Ə S İ L
downloaded from KitabYurdu.org
29
Qiş yaxınlaşdıqca Molli daha qaşqabaqlı görünürdü. Səhərlər işə gecikir, hər dəfə
də yatıb yuxuya qaldığını bəhanə gətirib üzrxahlıq eləyirdi. Iştahı daş dəlsə də
həmişə bədənindəki xəyali ağrılardan şikayətlənirdi. Müxtəlif bəhanələrlə iş-
gücünü atıb golməçənin yanına qaçır, gözlərini zilləyib səfeh-səfeh sudakı əksinə
tamaşa edirdi. Lakin ortalıqda məsələnin heyvanların düşündüklərindən daha ciddi
olması haqqında şaiyələr dolaşırdı. Bir dəfə quyruğunu nazla oynadan Molli
ağzındakı otu gövşəyə-gövşəyə həyətdə özü üçün cövlan eləyəndə Klover ona
yaxınlaşdı.
-Molli, səninlə ciddi bir məsələ haqqında danışmaq istəyirəm, - dedi. - Bu gün
səhər sənin Heyvanıstanı Foksvuddan ayıran hasardan o yana baxdığını gördüm.
Hasarın o biri tərəfində mister Pilkinqtonun adamlarından biri dayanmışdı.
Doğrudur, kifayət qədər uzaqda idim. Ancaq əminəm ki, gozlərim məni aldatmır.
Gördüm ki, həmin adam sənə nə isə deyir. Sən də ona burnunu sığallamağa imkan
verirdin. Bütün bunlar nə deməkdir, Molli?
-Elə şey yoxdur. Mən orada olmamışam. Bunlar hamısı yalandır!-deyə Molli
dırnaqları ilə yerdən torpaq parçaları qopararaq fınxırdı.
-Molli! Gozümün içinə düz bax! Namusuna and içə bilərsənmi ki, həmin adam
sənin burnunu qaşımayıb?
-Belə şey olmayıb!-deyə Molli baxışlarını Kloverin gözlərindən yayındıraraq
təkrar etdi. Bir an sonra isə başını çevirib dördnala çəmənliyə tərəf götürüldü.
Klover dərin fikrə getdi. Heç kəsə bir söz söyləmədən Mollinin tövləsinə yollandı.
Onun axurunun dibinə döşənmiş samanı dırnaqları ilə eşələməyə başladı. Lap
küncdə, samanın altında kiçik kəllə qənd və müxtəlif rəngli alabəzək lentlər
gizlədilmişdi.
Üç gün sonra Molli yoxa çıxdı. Bir neçə həftə onun harada olduğu bilinmədi.
Sonra göyərçinlər Mollinin Uillinqdonda görünməsi xəbərini gətirdilər. O, qara-
qırmızı rəngli faytona qoşulmuş halda meyxananın qabağında dayanıbmış. Sifətdən
meyxanaçıya oxşayan, əyninə qısa dama-dama şalvar və uzunboğaz çəkmə geymiş
kök, qırmızısifət kişi onu qaşovlayırmış. Mollinin belinə təzə çul salınıbmış, alnına
downloaded from KitabYurdu.org
30
isə qırmızı lent bağlanıbmış. Göyərçinlərin dediyinə görə, çox özündən razı və
məmnun görkəmi varmış. Bu söhbətdən sonra bir daha Mollidən danışan olmadı.
Yanvarda pis havalar başlandı. Torpaq donub dəmirə döndü, daha çöldə bir iş
görmək mümkün deyildi. Indi görüşlərin çoxu böyük ambarda keçirilirdi. Donuzlar
növbəti mövsüm üçün görüləcək işlərin planlaşdırılması ilə məşğul idilər.
Heyvanıstanın siyasəti ilə bağlı bütün vacib qərarların digər heyvanlarla
müqayisədə fermanın ən ağıllı sakinləri sayılan donuzların səlahiyyətinə
verilməsinə baxmayaraq, onların irəli sürdükləri təkliflər böyük səs çoxluğu ilə
təsdiqlənməli idi. Snoubolla Napoleon arasında bu məsələ ətrafında mübahisə
başlanmasaydı, həmin qayda hələlik özünü tam şəkildə doğruldurdu. Lakin son
vaxtlar onlar əllərinə razılaşmamaq üçün kiçik bir imkan düşən kimi narazılıqlarını
bildirirdilər. Əgər biri hansısa tarlada arpa əkməyin sərfəli olduğunu deyirdisə, o
biri dərhal qətiyyətlə həmin ərazinin yulaf əkini üçün ayrılması tələbini irəli
sürürdü. Əgər biri hansısa tarlada şəkər çuğunduru yetişdirməyi məqsədəuyğun
sayırdısa, o biri dərhal burada şəkər çuğundurundan başqa istənilən bitkinin
yetişdirilməsinin mümkün olduğunu sübuta yetirməyə başlayırdı. Hər birinin öz
tərəfdarları vardı və onların mübahisələri tərəfdarlar arasında daha qızğın şəkil
alırdı. Məşvərət şurasının toplantılarında Snouboll qeyri-adi natiqlik qabiliyyəti ilə
əksəriyyəti öz tərəfinə çəkirdisə, Napoleon daha çox kuluarlarda öz xəttini uğurla
həyata keçirirdi. Qoyunlar arasında onun xüsusilə böyük nüfuzu vardı. Məşvərət
şurası zamanı qoyunlar həm içəridə, həm də çöldə "Dörd ayaq yaxşıdır, iki ayaq
pisdir!"-deyə mələşirdilər. Nəticədə, çox vaxt iclası yarımçıq dayandırmaq lazım
gəlirdi. "Dörd ayaq yaxşıdır, iki ayaq pisdir!" şüarının ən çox Snoubollun
nitqlərinin kəskin məqamlarında daha ucadan və inadla səsləndirildiyi də diqqətdən
yayınmamışdı. Snouboll fermanın anbarında atılıb qalmış "Fermer və heyvandar"
jurnalının bir neçə köhnə sayını diqqətlə öyrənmişdi. Son zamanlar fermada çox
şeyi yenidən qurmaq və bir sıra ciddi dəyişikliklər həyata keçirməklə bağlı böyük
planlar üzərində işləyirdi. O, drenaj şəbəkəsi, silos emalı, gübrələrdən istifadə
haqqında əsl mütəxəssis kimi danışırdı. Çox mürəkkəb bir sxem hazırlamışdı. Bu
sxemə əsasən heyvanlar hər gün peyinlərini birbaşa tarlanın əvvəlcədən müəyyən
downloaded from KitabYurdu.org
31
edilmiş müxtəlif yerlərində boşaldır və bununla da daşıma problemi öz həllini
tapırdı. Napoleon sxemlərlə məşğul olmur, Snoubollu isə heç bir iş görməməkdə
ittiham edirdi. Hiss olunurdu ki, Napoleon öz saatını gözləyir. Lakin yel dəyirmanı
məsələsi ortaya atılanda onların əvvəlki qarşıdurmalarının heç birinin indiki qədər
kəskin olmadığı aşkara çıxdı.
Geniş otlaq yerində, ferma tikililərindən bir az aralıda kiçik təpə vardı. Kiçik olsa
da, fermanın ən hündür yeri sayılırdı. Süxurların tədqiqindən sonra Snouboll
buranın yel dəyirmanı tikmək üçün ən münasib yer olduğunu bildirdi. Dəyirmanın
pərləri dinamonu hərəkətə gətirməli və fermanı elektriklə təmin etməli idi. Bu,
tövlələri işıqlandırmağa, qışda isə qızdırmağa imkan yaradacaqdı. Üstəlik elektrik
mişarını, ot doğrayanı və çuğundurqarışdıran maşınları işlətmək, hətta inəkləri
mexaniki üsulla sağmaq mümkün olacaqdı. Heyvanlar ömürləri boyu belə şey
eşitməmişdilər (ferma dədə-baba qaydası ilə idarə edildiyindən, orada yalnız ən
bəsit texnikadan istifadə olunurdu), ona görə də Snoubollun dediklərinə heyrətlə
qulaq asırdılar. O isə təəccüblənmiş heyvanların gözləri qarşısında fantastik
maşınların cazibədar lövhələrini canlandırırdı. Gələcəkdə heyvanların əvəzinə
bütün işləri bu maşınlar görəcəkdi. Ferma sakinləri isə çəmənlikdə gəzib-
dolaşacaq, vaxtlarını söhbət etmək və kitab oxumaqla keçirəcəkdilər.
Bir neçə həftədən sonra Snouboll yeldəyirmanı ilə bağlı layihəsini hazırlayıb başa
çatdırdı. Texniki təfərrüatlar mister Consa məxsus "Ev üçün min faydalı şey", "Hər
kəs bənna ola bilər" və "Ibtidai elektrik kursu" kitablarından götürülmüşdü.
Snouboll layihə üzərində ferma binasının çardağında işləyirdi. Buradan bir vaxtlar
inkubator kimi istifadə olunmuşdu. Hamar taxta döşəmə sxemlərin çəkilməsi üçün
çox əlverişli idi. Snouboll bəzən saatlarla çardaqda qapanıb qalırdı. O, arada bir
lazımlı səhifələrinin üzərinə xırda daşlar qoyduğu kitaba baxır, təbaşir parçasını
dırnaqları arasında tutaraq biri-birinin ardınca müxtəlif çızıqlar və xətlər çəkir,
hərdən kənarda dayanıb işinə tamaşa edir və sevincindən xoruldayırdı. Tədricən
onun layihəsi bir xeyli dirsəkli val, dişli çarx və s. ibarət mürəkkəb bir mexanizmə
çevrildi. Bu mürəkkəb mexanizmin planı artıq bütün döşəməni tutmuşdu.
Snoubollun layihəsi qalan heyvanlar üçün tamamilə anlaşılmaz, eyni zamanda da
downloaded from KitabYurdu.org
32
çox heyrətamiz bir mənzərə idi. Fermanın bütün sakinləri gündə azı bir dəfə
Snoubollun sxemlərinə tamaşa edirdilər. Hətta toyuqlar və qazlar da təbaşirlə
çəkilmiş xətləri ayaqlamamağa çalışaraq layıhəyə baxmağa gəlirdilər. Yalnız
Napoleon maraq göstərmirdi. O, əvvəldən yeldəyirmanı ideyasının əleyhinə
olduğunu bildirmişdi. Lakin bir gün gözlənilmədən Napoleon da planla tanış
olmağa gəldi. Ağır-ağır sxemin ətrafında gəzib-dolaşdı, hər detalı diqqətlə
nəzərdən keçirdi, iki dəfə xoruldadı və kənara çəkilib gözlərini qıyaraq nifrətlə
baxdı. Sonra isə qəfildən dal ayağını qaldırıb çertyojun üstünə işədi və heç bir söz
demədən çıxıb getdi.
Yeldəyirmanı məsələsi fermada dərin fikir ayrılığı yaratmışdı. Snouboll dəyirman
tikintisinin çətin olacağını inkar etmirdi. Divarları hörmək üçün daş gətirilməli idi,
sonra pərləri quraşdırmaq, naqil və dinamo tapmaq lazım idi. (Onları haradan və
necə tapacağı haqqında Snouboll bir soz demirdi). Lakin bütün işlərin bir il ərzində
başa çatdırılmasının vacibliyini bildirirdi. Ondan sonra hər şey elə asan olacaqdı ki,
heyvanlara həftədə yalnız üç gün işləmək kifayət edəcəkdi. Napoleon isə mübahisə
edib deyirdi ki, indi əsas məsələ məhsul istehsalını artırmaqdır. Əgər heyvanlar
vaxtlarını boş yerə dəyirman tikintisinə sərf etsələr acından öləcəklər. Heyvanlar
iki yerə bölümnüşdülər. Bir qismi "Snoubolla və üç günlük iş həftəsinə səs verin!",
digərləri isə "Napoleona və dolu axurlara səs verin!" şüarı ilə çıxış edirdilər.
Dəstələrin heç birinə qoşulmayan yeganə heyvan Bencamin idi. O, nə məhsul
bolluğu yaradılacağına, nə də dəyirmanın heyvanların əməyini yüngülləşdirəcəyinə
inanırdı. Deyirdi ki, dəyirman oldu-olmadı, həyat öz axarı ilə davam edəcək. Yəni
vəziyyət get-gedə daha da korlanacaq.
Dəyirmanla bağlı mübahisələrlə yanaşı fermanın müdafiəsi məsələsi də gündəlikdə
dayanırdı. Hamı başa düşürdü ki, insanlar "Pəyə döyüşündə" məğlub olsalar da,
fermanı ələ keçirmək və mister Consun hakimiyyətini bərpa etmək üçün yeni, daha
qətiyyətli təşəbbüs göstərmək fikrindən daşınmayıblar. Bunun üçün kifayət qədər
səbəb vardı. Artıq insanların məğlubiyyət xəbəri hər tərəfə yayılmış və qonşu
fermalardakı heyvanların müqavimət həvəsini artırmışdı. Həmişəki kimi bu
məsələdə də Snoubolla Napoleon arasında fikir ayrılığı yarandı. Napoleonun
downloaded from KitabYurdu.org
33
fikrincə heyvanlar odlu silah tapmalı və ondan istifadə qaydalarını öyrənməli
idilər. Snouboll isə deyirdi ki, onlar havaya daha çox göyərçin qaldırmalı və qonşu
fermalardakı heyvanlar arasında üsyan fikrini yaymalıdırlar. Biri deyirdi ki,
özlərini müdafiə etməyi öyrənməsələr məğlub olacaqlar, o biri iddia edirdi ki, hər
yerdə heyvanların üsyanı başlansa, müdafiəyə ümumiyyətlə ehtiyac qalmayacaq.
Ferma sakinləri əvvəlcə Napoleona, sonra Snoubolla qulaq asırdılar, lakin hansının
haqlı olduğunu heç cür anlaya bilmirdilər. Qulaq asdıqları anda kim danışırdısa,
onun fikri ilə razılaşdıqlarını başa düşürdülər.
Nəhayət, Snoubollun planını tam başa çardırdığı gün gəlib çatdı. Novbəti bazar
günü Məşvərət şurasının yığıncaqda dəyirmanın tikintisinə başlayıb-başlamamaq
məsələsi səsverməyə çıxarıldı. Heyvanlar boyük anbara toplaşdıqdan sonra
Snouboll ayağa qalxdı, mane olmağa çalışan qoyunların mələrtilərinə əhəmiyyət
vermədən dəyirman tikilməsinin zəruriliyini əsaslandıran dəlillərini ortaya qoydu.
Sonra Napoleon cavab vermək üçün ayağa qalxdı, qətiyyətlə bildirdi ki, dəyirman
tikintisi cəfəng işdir, heç kəsə bu məsələnin lehinə səs verməyi məsləhət görmür.
Sözünü qurtaran kimi yerində oturdu. Çıxışı heç yarım dəqiqə çəkmədi. Deyəsən,
danışığının necə təsir bağışlaması da onu maraqlandırmırdı. Snouboll sıçrayıb
yerindən qalxdı, yenidən mələşməyə başlayan qoyunlara təpinib dəyirman
ideyasının müdafiəsi ilə bağlı ehtiraslı bir nitq söylədi. Indiyə qədər heyvanların
rəğbəti tərəflər arasında demək olar ki, yarı bölünmüşdü. Ancaq Snoubollun
natiqlik məharəti vəziyyəti bir an içərisində dəyişdi. Snouboll heyvanları alçaldan
fiziki əməyin ağır şərtləri aradan qaldırıldıqdan sonra Heyvanıstanın qısa müddət
ərzində necə dəyişəcəyini birbaşa hədəfə dəyən sözlərlə təsvir etdi. Indi onun
təxəyyülü saman döğrayan və çuğundur sıxan maşınlardan çox qabağa getmişdi.
Snouboll ehtiraslı nitqi ilə heyvanların gözləri qarşısında qeyri-adi mənzərələr
canlandıraraq deyirdi ki, elektrik enerjisi toxum səpən və ot biçən, taxıl döyən və
dərz bağlayan maşınları işlədəcək, elektrikin köməyi ilə torpaq şumlanacaq və
downloaded from KitabYurdu.org
34
malalanacaq, hər tövlədə işıq yanacaq, isti və soyuq su olacaq, isitmə sistemi
işləyəcək. O, nitqini başa çatdıranda səsvermənin nəticəsi artıq heç kimdə şübhə
doğurmurdu.Lakin elə həmin anda Napoleon ayağa qalxdı, Snoubolla sınayıcı
nəzərlərlə çəp-çəp baxıb o ana qədər keç kəsin eşitmədiyi qəribə bir səs çıxardı.
Bayırdan qəzəbli it hürüşməsi eşidildi. Boyunlarına xalta bağlanmış, sinələrindən
mis lövhəciklər asılmış doqquz nəhəng köpək sürətlə anbara soxuldu. Onlar
birbaşa Snoubollun üstünə atıldılar. Snouboll tam zamanında yerindən sıçrayıb
canını itlərin dişindən qurtara bildi. Bir an keçməmiş o, ozünü ambarın qapısına
atdı, itlər də dalınca sıçradılar. Təəccüblənmiş və qorxudan dilləri tutulmuş
heyvanlar qapı önünə toplaşıb baş verənləri izləyirdilər. Snouboll var gücü ilə
tarladan böyük yola tərəf qaçırdı. Aydın məsələdir ki, o ancaq donuz kimi qaça
bilirdi. Arxadan dabanqırma gələn köpəklər Snoubollu haqlamaqda idilər. Birdən
ayağı sürüşdü və hamı onun artıq ələ keçdiyini düşündü. Amma Snouboll son anda
özünü düzəldib əvvəlkindən də bərk qaçmağa başladı. Köpəklər yenə onu
haqladılar. Onlardan biri sivri dişlərini Snoubollun quyruğuna uzatdı. Snouboll
zamanında quyruğunu köpəyin ağzından xilas edib var gücü ilə irəli atıldı. Indi onu
köpəklərdən yarım addımlıq məsafə ayırırdı. Son anda Snouboll özünü hasardakı
deşikdən bayıra ata bildi və bir daha onu gorən olmadı.
Qorxmuş heyvanlar sakitcə anbara doluşdular. Az keçməmiş köpəklər də geri
qayıtdılar. Əvvəlcə heç kəs onların haradan peyda olduqlarını təsəvvürünə gətirə
bimirdi. Lakin tezliklə hər şey aydın oldu. Onlar bir zaman Napoleonun
analarından aldığı və tərbiyəsi ilə özünün məşğul olduğu küçüklər idi. Düzdür, hələ
böyüyürdülər, lakin artıq canavara bənzəyən heybətli itlərə çevrilmişdilər. Onlar
Napoleonu dovrəyə aldılar. Bir vaxtlar digər itlərin mister Consun qarşısında
quyruq buladıqları kimi köpəklərin də indi eyni hərəkəti Napoleonun qarşısında
etmələri heç kəsin diqqətindən yayınmadı.
Napoleon köpəklərin əhatəsində vaxtı ilə Mayorun öz nitqini soylədiyi döşəmədən
azacıq hündür olan səkiyə qalxdı. Bu gündən etibarən Məşvərət şurasının bazar
günü iclaslarının keçirilməyəcəyini elan etdi. Bildirdi ki, belə toplantılara ehtiyac
yoxdur, bu, sadəcə boş yerə vaxt itirməkdir. Gələcəkdə fermanın işləri ilə bağlı
downloaded from KitabYurdu.org
35
bütün məsələlər onun rəhbərliyi altında donuzlardan ibarət xüsusi komissiya
tərəfindən həll ediləcək. Komissiya əlahiddə şəkildə toplanacaq və qəbul olunmuş
qərarlar barəsində heyvanlara sonra məlumat veriləcək. Fermanın bütün sakinləri
əvvəllər olduğu kimi yenə də hər bazar günləri səhər bayraq qaldırılması və
"Ingiltərə heyvanları" mahnısının oxunması mərasimində iştirak edəcək, ardınca da
həftəlik tapşırıqlarını alacaqlar. Lakin bu zamn heç bir müzakirə aparılmayacaq.
Snoubollun qovulmasının yaratdığı sarsıntıya baxmayaraq heyvanlar toplantıların
ləğvi xəbərini məyusluqla qarşıladılar. Əgər fikirlərini yaxşı əsaslandıra
bilsəydilər, bəziləri hətta etiraz etməyə də hazır idilər. Iş o yerə çatmışdı ki, Bokser
də əməlli-başlı həyəcanlanmışdı. O, qulaqlarını şəklədi, bir neçə dəfə yalını
silkələdi, fikirlərini nizama salmağa çalışdı. Amma sonda deməyə lazımlı sözlər
tapa bilmədi. Donuzlardan bəzilərinin yaxşı danışmaq qabiliyyəti vardı. Birinci
sırada oturmuş dörd gənc donuz ciyiltili səslə etirazlarını bildirdilər. Onların dördü
də eyni anda sıçrayıb ayağa qalxdılar və xorla danışmağa başladılar. Lakin
Napoleonu dövrəyə alıb oturmuş köpəklər onların üstünə astadan mırıldayan kimi
donuzlar səslərini kəsib yerlərində oturdular. Qoyunlar təxminən on beş dəqiqə
ərzində var səsləri ilə "Dörd ayaq yaxşıdır, iki ayaq pisdir", - deyə mələdilər.
Bununla da müzakirələr açmaq niyyətinin qarşısı alındı.
Sonra Çığırğan yeni qaydaları izah etmək üçün heyvanların yanına göndərildi.
-Yoldaşlar!-deyə o, çığırırdı.- Inanıram ki, hər bir heyvan yoldaş Napoleonun öz
üzərinə əlavə məsuliyyət götürməklə nə qədər böyük fədakarlıq etdiyini layiqincə
qiymətləndirməyi bacaracaq. Yoldaşlar, elə düşümnəyin ki, rəhbərlik etmək - kef
çəkməkdir. Əksinə, bu çox böyük və ağır məsuliyyətdir. Bütün heyvanların
bərabərliyi ideyasına yoldaş Napoleon kimi ürəkdən inanan başqa lider yoxdur.
Əlbəttə, əgər qərarları siz qəbul etsəydiniz o, özünü daha xoşbəxt sayardı. Lakin
bəzən siz səhv addım ata bilərsiniz. Bəs onda necə olardı, yoldaşlar?
Təsəvvürünüzə gətirin ki, siz dəyirman xəyalplovu ilə meydana atılan Snoubollun,
indi cinayətkardan o qədər də fərqlənmədiyi aşkara çıxan Snoubollun arxasınca
getmək barəsində qərar qəbul etmisiniz...
-O, "Pəyə döyüşündə" cəsarətlə vuruşurdu!-deyə kimsə dilləndi.
downloaded from KitabYurdu.org
36
-Cəsarət hələ hər şey demək deyil!- Çığırğan etiraz etdi.-Sədaqət və itaət-ən vacib
olanlar bunlardır. "Pəyə döyüşünə" gəldikdə isə inanıram ki, bir vaxt gələcək,
Snoubollun bu döyüşdəki rolunun həddindən artıq şişirdildiyi ortaya çıxacaq.
Intizam, yoldaşlar, dəmir intizam-bu gün ən vacib məsələ budur! Bir yanlış addım
kifayətdir ki, düşmənlər yenidən üstümüzə ayaq açsınlar. Inanıram ki, yoldaşlar,
siz heç biriniz Consun geri qayıtmasını istəmirsiniz!
Həmişəki kimi bu dəfə də Consla bağlı dəlil hamını susdurdu. Heyvanların heç biri
onun qayıtmasını istəmirdi. Əgər bazar günü müzakirələri Consun dönüşü ilə
nəticələnəcəkdisə, onda bu müzakirələr dərhal dayandırılmalı idi! Hər şeyi götür-
qoy etməyə vaxt tapmış Bokser hamının fikrini bildirərək dedi: "Əgər yoldaş
Napoleon belə deyirsə, deməli belə olmalıdır". Bundan sonra o, özünün "Mən daha
çox işləyəcəyəm!" şüarına "Napoleon həmişə haqlıdır!" şüarını da əlavə etdi.
Artıq havanın şaxı sınmışdı, yaz şumu başlanmışdı. Snoubollun dəyirman layihəsi
üzərində işlədiyi çardaq otağının qapısı o vaxtdan bağlı saxlanırdı. Heyvanlara
layihənin pozulduğu xəbəri çatdırılmışdı. Indi hər bazar günü səhər saat onda hamı
ambara toplaşır, həftə ərzində görüləcək işlərlə bağlı tapşırıqlar alırdı. Qoca
Mayorun yalnız kəllə sümükləri salamat qalan başı məzardan çıxarılmış, tüfəngin
arxasında, bayraq dirəyinin dibindəki kötüyün üstünə qoyulmuşdu. Bayrağa
ehtiram bildirəndən sonra heyvanlar anbara girməmişdən əvvəl növbə ilə qoca
Mayorun kəllə sümüyü önündən keçməli və ona təzim etməli idilər. Indi heyvanlar
anbarda əvvəllər olduğu kimi hamısı bir yerdə oturmurdular. Napoleon, Çığırğan
və gözəl şerlər, mahnılar müəllifi kimi tanınan Minimus adlı istedadlı donuz
anbarın yuxarı başında, nisbətən yüksək yerdə otururdular. Doqquz köpək
yarımdairə şəklində dayanaraq onları qabaq sıralardakı donuzlardan ayırırdı. Qalan
heyvanlar üzlərini Napoleonun əyləşdiyi hündür yerə tərəf çevirərək anbardakı boş
yerlərini tuturdular. Napoleon hərbi komanda verirmiş kimi kobud səslə öz
tapşırıqlarını oxuyur, axırda isə "Ingiltərə heyvanları" yalnız bir dəfə ifa
olunduqdan sonra hamı dağılışırdı.
Snoubollun qovulmasının üçüncü həftəsi, bir bazar səhəri heyvanlar dəyirmanın
nəyin bahasına olursa-olsun tikilməsi ilə əlaqədar Napoleonun sozlərini eşidib bərk
downloaded from KitabYurdu.org
37
təəccübləndilər. Napoleon qərarını nəyə görə dəyişdiyini izah etmədi. Lakin
bildirdi ki, bu əlavə iş heyvanlardan son dərəcə böyük zəhmət tələb edir və hətta
vəziyyətlə əlaqədar gündəlik qida norması da azaldıla bilər. Layihə ən xırda
detallarına qədər nəzərdən keçirilmişdir. Son üç həftə ərzində donuzlardan ibarət
xüsusi komissiya onun üzərində işləmişdir. Dəyirmanın və digər yardımçı binaların
tikintisinin təxminən iki il müddətində başa çatdırılması nəzərdə tutulurdu.
Həmin axşam Çığırğan heyvanlarla fərdi söhbət zamanı Napoleonun heç zaman
dəyirman tikintisinin əleyhinə olmadığını izah edirdi. Əksinə, lap əvvəldən bu işin
təşəbbüskarının yoldaş Napoleon olduğunu deyirdi. Sən demə, Snouboll inkubator
otağının döşəməsinə çəkdiyi planı onun kağızları arasından oğurlayıbmış! Yəni,
dəyirman ideyasının ilk müəllifi Napoleon idi. "Bəs elə isə Napoleon niyə
layihənin əleyhinə belə kəskin çıxış etdi?"-deyə bəziləri soruşurdular. Söhbət belə
şəkil alanda Çığırğan gözlərini hiyləgərcəsinə qıydı."Bu yoldaş Napoleonun bicliyi
idi,-dedi.- O, özünü dəyirman tikintisinin əleyhdarı kimi GÖSTƏRƏRKƏN sadəcə
manevr edir, təhlükəli xarakterə və mənfi təsir gücünə malik Snoubolldan xilas
olmaq istəyirdi. Artıq Snouboll fermadan uzaqlaşdırılıb və layihə onun heç bir
müdaxiləsi olmadan həyata keçirilə bilər. Civciv bütün bunların taktika olduğunu
dedi. Sonra bir neçə dəfə də təkrarladı: "Bəli, taktika, yoldaşlar, taktika!": Bu
sözləri deyərkən Civciv yerində oynayır və gülə-gülə quyruğunu tərpədirdi.
Heyvanlar bu sözün mənasını başa düşdüklərinə o qədər də əmin deyildilər. Lakin
Civciv elə inandırıcı danışırdı, onu müşaiyət edən üç köpək isə elə hədələyici
tərzdə mırıldanırdılar ki, onlar heç bir əlavə sorğu-sualsız deyilənlərlə razılaşdılar.
VI F Ə S İ L
İl boyu heyvanlar qul kimi çalışdılar. Lakin onlar zəhmətlərindən həzz alırdılar.
Özlərini fəda etmələri, əziyyət şəkmələti ilə bağlı heç bir şikayət eşidilmirdi.
Bilirdilər ki, nə iş görürlərsə özləri və övladları üçün görürlər. Daha Insan adlanan
bir dəstə tənbəl, oğru məxluq üçün can qoymurlar.
downloaded from KitabYurdu.org
38
Yazda və payızda hər gün on saat işləyirdilər. Avqustda isə Napoleon bazar günləri
nahardan sonra da işləmək zərurəti yarandığını elan etdi. Doğrudur, bu məsələ tam
könüllülük əsasında idi. Lakin işə çıxmayan heyvanın yemək payı yarıbayarı
azaldılırdı. Nə qədər əlləşib vuruşsalar da, hələ görülməmiş bir xeyli iş qalmışdı.
Biçin vaxtı ötən ildəki qədər bol məhsul toplaya bilməmişdilər. Yayın əvvəlində
köklü bitkilər əkilməsi nəzərdə tutulan iki sahə isə şum vaxtında başa
çatdırılmadığından ümumiyyətlə boş qaldı. Qarşıdan gələn qışın ağır keçəcəyini
indidən gorməmək mümkün deyildi.
Dəyirmanın tikintisində də gozlənilməz çətinliklər yaranmışdı. Fermanın
yaxınlığında yaxşı əhəngdaşı mədəni vardı, həyətindəki anbarların birindən isə
xeyli qum və sement dolu kisələr tapmışdılar. Bir sözlə, tikinti üçün zəruri olan
bütüm materialları əl altında toplanmışdı. Həllini dərhal tapa bilmədikləri çətinlik
sal daşları lazımi ölçülərdə kəsib-doğramaq idi. Daşları qırmaq üçün ling və
cəkiclə işləmək tələb olunurdu. Amma heyvanların heç biri bunu bacarmırdı.
Çünki heç bir heyvan dal ayaqları üstündə dik dayana bilmirdi. Bir həftəlik hədər
cəhdlərdən sonra kiminsə ağlına daşların sındırılmasında qravitasiya qüvvəsindən
istifadə etmək fikri gəldi. Karxanada bütöv halda hörgüdə istifadəsi mümkün
olmayan çoxlu iri, sal qaya parçaları vardı. Onlara kəndir bağladılar, sonra inəklər,
atlar, qoyunlar-bir sözlə, qolunda gücü olan bütün heyvanlar hamısı birlikdə üzü
yuxarı dartmağa başladılar. Xüsusilə çətin anlarda hətta kənarda dayanıb göstəriş
verən donuzlar da işə əl yetirirdilər. Daşları sürüyüb karxananın kənarındakı
hündür yerə gətirir, oradan üzüaşağı buraxırdılar. Dik yamacdan yuvarlanan daşlar
parçalanıb kiçik hissələrə bölünürdü. Bundan sonra onları tikinti yerinə daşımaq
elə bir çətinlik törətmirdi. Nisbətən iri daş parçalarını atlar arabada daşıyırdılar.
Qırıntıları aparmaq isə qoyunlara həvalə olunmuşdu. Hətta Müriellə Bencamin də
köhnə ikitəkərli faytona qoşulur və bacardıqları yardımı edirdilər. Yayın sonunda
kifayət qədər daş ehtiyatı yığıldı və donuzların ayıq-sayıq nəzarəti altında tikintiyə
başlandı.
İş yavaş və çətin gedirdi. Bəzən nisbətən böyük bir daşı yuxarı qaldırmaq üçün
bütün günü qan-tər içərisində əlləşmək lazım gəlirdi. Sonda isə işin tərsliyindən
downloaded from KitabYurdu.org
39
daş gumbultu ilə təzədən karxanaya düşüb qırılırdı. Gücü az qala bütün
heyvanların toplam gücünə bərabər olan Boksersiz heç bir işin öhdəsindən gəlmək
mümkün deyildi. Bəzən iri daş parçası üzüaşağı sürüşəndə və az qala heyvanları da
dartıb özü ilə karxananın dibinə sürüyəndə Bokser ipi var gücü ilə çəkib daşı
saxlayırdı. Kəsik-kəsik nəfəs alan, dırnaqları ilə daşlardan qığılcım qoparan,
arxasında iri daş parçası tərdən islanıb parıldayan gövdəsi ilə qarış-qarış təpəyə
dırmanan Bokser hər kəsdə heyranlıq hissi doğururdu. Klover bəzən ona özünü
üzüb əldən salmamağı məsləhət görürdü. Lakin Bokser ona heç vaxt qulaq asmırdı.
"Mən daha çox işləyəcəyəm!" və "Napoleon həmişə haqlıdır!"-şüarlarını bütün
çətinliklərin açarı sayırdı. Artıq Bokser xoruzdan səhərlər onu yarım saat deyiıl, 45
dəqiqə tez yuxudan oyatmağı xahiş etmişdi. Özünə o qədər də çox görünməyən bu
qənaət olunmuş vaxt ərzində Bokser təkbaşına karxanada çalışır, sındırılmış daşları
toplayır, onları dəyirman tikilən təpəyə daşıyırdı.
İş ağır olsa da həmin yay heyvanların yaşayışı o qədər də pis deyildi. Yemək
Consun vaxtındakından çox olmasa da, hər halda az da sayıla bilməzdi. Həm də
indi onlar yalnız özlərini yedirmək qayğısına qalırdılar. Daha beş nəfər Insan
adlanan, əlini ağdan-qaraya vurmayan tənbəl, bədxərc məxluqu saxlamaq haqqında
düşünmürdülər. Bu elə güclü hiss idi ki, heyvanları bir çox məhrumiyyətlərə sinə
gərməyə məcbur edirdi. Məhz heyvan kimi işləmək bəzi hallarda səmərəliliyi
artırır və əməyi yüngülləşdirirdi. Məsələn, insan heç zaman tarlaları heyvanlar
qədər yaxşı gübrələyə bilməzdi. O biri tərəfdən, indi heç bir heyvan oğurluq
etmədiyindən otlaqları əkin yerlərindən ayıran çəpərlərin çəkilməsinə və təmirinə
ehtiyac qalmırdı. Amma bütün bunlara baxmayaraq yayda gözlənilməz çətinliklər
özünü göstərməyə başladı. Parafin yağı, mismar, məftil, it biskviti, nal almaq lazım
idi. Bu məhsulların heç biri fermada istehsal olunmurdu. Sonra toxum və süni
gübrələrə ciddi ehtiyac olduğu aşkara çıxdı. Digər tərəfdən, müxtəlif iş alətləri,
nəhayət dəyirman üçün avadanlıq da alınmalı idi. Bütün bunların hansı yolla əldə
ediləcəyini heç kəs təsəvvürünə də gətirə bilmirdi.
Bir bazar günü səhər heyvanlar həftəlik tapşırıq almağa toplaşanda Napoleon yeni
siyasi kursa keçməklə bağlı qərar qəbul etdiyini bildirdi. Artıq Heyvanıstan qonşu
downloaded from KitabYurdu.org
40
fermalarla ticarət əməkdaşlığına başlayır. Təbii ki, məqsəd qazanc əldə etmək
deyil. Sadəcə son dərəcə zəruri olan mal və materialları almaq lazımdır. "Hər şey
dəyirman tikintisinin tələblərinə tabe tutulmalıdır!" - deyə vurğulayan Napoleon
bir neçə ot tayasını və bu ilki buğda məhsulunun bir hissəsini, habelə gələcəkdə
pula ehtiyac yaranarsa, Uillinqton bazarında yumurtaları satmaq fikrində olduğunu
bildirdi. Napoleon istehsal etdikləri məhsulun satılmasının toyuqların dəyirman
tikintisinə töhfəsi kimi alqışladığını ayrıca diqqətə çatdırdı.
Əvvəlcə heyvanlar pərtlik hissi keçirdilər. Heç vaxt insanlarla əlaqə saxlamamaq,
heç vaxt ticarətlə məşğul olmamaq, heç vaxt puldan istifadə etməmək-məgər
Consun fermadan qovulmasından sonra ilk təntənəli toplantıda bütün bu məsələlər
barəsində yekdilliklə qərar qəbul olunmamışdı? Heyvanlar hamısı həmin
qətnamələri yaxşı xatırlayırdılar.Ən azı onların yaddan çıxmadığını düşünürdülər.
Napoleon Məşvərət şurasının iclaslarını qadağan edən zaman etirazlarını bildirmək
istəyən dörd donuz yenə də çəkinə-çəkinə səslərini qaldırmaq istədilər. Lakin
itlərin qəzəbli mırıltısı onları dərhal sakitləşdirdi. Sonra həmişəki kimi qoyunlar
"Dörd ayaq yaxşıdır, iki ayaq pis!"-deyə xorla mələşdilər və ani pərtlik hissi aradan
qalxdı. Napoleon ayağını qaldıraraq hamını sakitliyə çağırdı, məsələ ilə bağlı artıq
lazımi göstərişlər verdiyini bildirdi. Həm də heyvanlardan heç birinin etimad
doğurmayan Insan adlı məxluqla ünsiyyətinə əsla ehtiyac olmayacaqdı. Bu ağır
yükü Napoleon öz çiyinlərinə götürürdü. Uillinqtonda yaşayan vəkil Uimper
Heyvanıstanla qalan dünya arasında vasitəçilik etməyə razılıq vermişdi. Bundan
sonra o, hər həftənin birinci günü səhər lazımi təlimatlar almaq üçün fermaya
gələcəkdi. Napoleon nitqini həmişə olduğu kimi "Yaşasın Heyvanıstan!" şüarı ilə
bitirdi. "Ingiltərə heyvanları" himni ifa olunduqdan sonra hamı dağılışdı.
Həmin gün Çığırğan fermanı dolaşıb heyvanları bir də sakitləşdirdi. O, hamını
inandırırdı ki, ticarətlə məşğul olmamaq və puldan istifadə etməmək barəsində
qərar yoxdur, ümumiyyətlə belə təklif verilməyib. Onun dediyinə görə bütün
bunlar mənasız uydurmalardan və Snoubollun dövriyyəyə buraxdığı yalanların
əks-sədasından başqa bir şey deyildi. Lakin bir neçə heyvan hələ də şübhə içində
qaldıqlarından Çığırğan bic-bic onlardan soruşurdu: "Bütün bunları sadəcə yuxuda
downloaded from KitabYurdu.org
41
görmədiyinizə əminsiniz, yoldaşlar? Əlinizdə həmin qərarların yazılı mətni var?
Onlar haradasa yazılıb?". Həqiqətən əldə heç bir yazılı mətn olmadığından
heyvanlar bütün bunları sadəcə yanlışlıq kimi qəbul etmək firki ilə razılaşdılar.
Mister Uimper razılaşdırıldığı kimi hər bazar ertəsi səhər fermaya gəlirdi. O, iri
bakenbardlı, balaca boylu, sifətindən hiyləgərlik yağan bir adam idi. Xırda
vəkilliklə məşğul olurdu. Lakin Heyvanıstanın nə vaxtsa vasitəçiyə ehtiyac
duyacağını və bu işdən yaxşı qazanc götürmək mümkün olduğunu hamıdan əvvəl
anlaya bilmişdi. Hər dəfə vəkilin gəldiyini görən heyvanlar səbəbini anlamadıqları
qorxu keçirir və ondan mümkün qədər uzaq olmağa çalışırdılar. Amma istənilən
halda Napoleonun dörd ayağı üstündə dayanıb ikiayaqlı mister Uimperə əmrlər
verməsi heyvanların qəlbini qürur hissi ilə doldurur və onları yeni qaydalarla
qismən də olsa barışmağa vadar edirdi. Indi onların insan nəsli ilə münasibətləri
əvvəlki vaxtlardakından xeyli fərqlənirdi. Heyvanıstanın tərəqqiyə qovuşduğunu
görən insanların qəzəb və nifrəti daha da artmışdı. Bir vaxtlar bütün insanlar
fermanın gec-tez iflasa uğrayacağının, dəyirman tikintisini isə uğursuzluqla başa
catacağının labüd olduğunu danışırdılar. Pivəxanada görüşərkən onlar müxtəlif
sxem və diaqramları bir-birlərinə göstərib dəyirmanın mütləq uçacağını iddia edir,
hətta uçmasa belə heç zaman işləməyəcəyini deyirdilər. Ancaq ürəklərində əsla
istəməsələr də, öz işlərini baçarıqla idarə edən heyvanlara get-gedə artan
hörmətlərini də gizlətmirdilər. Münasibətlərin dəyişməsinin əlamətlərindən biri də
insanların fermanın keçmiş "Malikanə" adından imtina etmələri və onu yeni adı ilə
"Heyvanıstan" adlandırmaları idi. Onlar artıq özü də fermanın nə vaxtsa geri
qaytarılacağına ümidini itirən və başını götürüb harasa gedən Consun iddialarını
müdafiə etməkdən əl çəkmişdilər. Hələlik mister Uimperin vasitəçiliyi istisna
olunmaqla Heyvanıstanla qalan dünya arasında elə bir əlaqə yox idi. Lakin
Napoleonun ya Foksvuddan mister Pilkinqton, ya da Pinçfilddən mister Frederiklə
downloaded from KitabYurdu.org
42
müəyyən iqtisadi razılaşmalar əldə etməsi barəsində şaiyələr gəzib dolaşırdı. Lakin
onların hər ikisi ilə eyni vaxtda heç bir danışıq aparılmırdı.
Bu hadisə donuzların gözlənilmədən ferma binasına köçüb orada yaşamağa
başladıqları vaxta təsadüf etmişdi. Heyvanlar yenə Üsyandan dərhal sonra evdə
yaşamaq əleyhinə qərar çıxarıldığını yada salmağa başladılar. Yenə də Çığırğan
onları heç vaxt belə bir qərarın qəbul edilmədiyinə inandırmalı oldu. O deyirdi ki,
fermanın beyni olan donuzlara işləmək üçün sakit şərait lazımdır. Digər tərəfdən,
Rəhbərin (son vaxtlar o, Napoleonun adı gələndə yalnız bu kəlmədən instifadə
edirdi) nüfuzu onun tövlədə deyil, evdə yaşamasını tələb edir. Donuzların yalnız
qonaq otağında dincəlmək və mətbəxdə yeyib-içməklə kifayətlənmədiklərini, həm
də yorğan-döşəkdə yatdıqlarını eşidən bəzi heyvanların bu xəbərdən qanları lap
qaraldı. Bokser "Napoleon həmişə haqlıdır!" şüarı ilə söz-söhbətə son qoymaq
istədi. Lakin heyvanların yorğan-döşəkdən istifadəsi əleyhinə qərarı yaxşı
xatırladığını düşünən Klover anbarın arxa divarına yaxınlaşdı və Yeddi Prinsipi
höccələməyə başladı. Sonda ayrı-ayrı hərfləri oxumaqdan başqa heç bir çey
bacarmadığını görüb Mürieli köməyə çağırmalı oldu.
-Müriel, Dördüncü Prinsipi mənə oxu. Orada yorğan-döşəkdə yatmaq əleyhinə bir
şey deyilmir ki?
Müriel çətinliklə də olsa, mətni oxudu.
-Burada yazılıb ki, "Heyvanlar mələfə çəkilmiş yataqda yatmırlar".
Yaddaşından heç vaxt şikayətlənməyən Klover Dördüncü Prinsipdə mələfələr
haqqında bir şey deyildiyini xatırlaya bilmirdi. Lakin divarda belə yazılmışdısa,
deməli belə olmalı idi. Təsadüfən elə bu vaxt Çığırğan iki-üç köpəyin əhatəsində
oradan keçirdi. O, dərhal məsələyə aydınlıq gətirdi:
-Yoldaşlar, yəqin indi biz donuzların ferma bunasındakı yataq otaqlarında,
çarpayılarda yatdığımızı eşitmisiniz. Niyə də yatmayaq? Siz güman edirsiniz ki,
yataqla bağlı hər hansı bir qadağa vardı? Yataq nədir? Yatmaq üçün yer. Yəni,
tövlənin yerliyinə döşənmiş bir qucaq saman da yataqdır. Qadağa isə yatağa deyil,
özünə hər yerdə rahatlıq axtaran Insanın icad etdiyi mələfəyə qarşıdır. Biz yorğan-
döşəklərin üzündən mələfələri götürüb atmışıq və sadəcə odeyala bürünüb yatırıq.
downloaded from KitabYurdu.org
43
Insanların yataqları rahat imiş. Lakin bizim-bütün əqli əməyi öz üzərinə götürmüş
donuzların tələblərinə cavab verəcək dərəcədə rahat deyildir. Yoldaşlar, əminəm
ki, bizi istirahət hüququndan məhrum etmək haqqında düşünmürsünüz. Gündəlik
ağır işlərimizi yerinə yetirərkən tamam yorulub əldən düşməyimizi istəmirsiniz.
Nəhayət inanıram ki, heç biriniz Consu yenidən görmək fikrində də deyilsiniz,
elədirmi?
Heyvanlar dərhal belə fikirdə olmadıqlarını bildirdilər və yataqla bağlı söz-söhbətə
də son qoyuldu. Odur ki, bir neçə gün sonra donuzların səhərlər qalan
heyvanlardan bir saat gec yuxudan oyanacaqları elan olunanda heç bir şikayət
eşidilmədi.
Payızda heyvanlar hamısı yornuq düşmüşdülər, lakin xoşbəxt idilər. Il ağır
olmuşdu. Otun və dənin bir hissəsi satılandan sonra qış üçün ərzaq ehtiyatları
yetərli deyildi. Bütün ümidlər dəyirmana bağlanmışdı. Burada isə işlərin ancaq
yarısı görülmüşdü. Biçindən sonra aydın, quru havalar xeyli çəkdi. Heyvanlar
həmişəkindən daha çox işləyirdilər. Bütün günü ağır daşlarla əlləşir və dəyirmanın
divarlarının daha bir neçə fut qalxdığını görüb sevinirdilər. Biçin vaxtı Bokser
hətta gecələr də gəlir, ay işığında bir-iki saat işləyirdi. Istirahət vaxtı heyvanlar
yarımçıq dəyirmanın ətrafında dövrə vurur, dik yuxarı qalxan qalın divarlara
heyranlıqla baxır və özlərinin belə bir bina tikmək bacarıqlarına təəccüblənirdilər.
Yalnız qoca Bencamin dəyirmanla bağlı heyranlığı bölüşmürdü. Eyni zamanda
eşşəklərin hamıdam çox yaşamaları haqqındakı məsxərəçi sözlərini çıxmaq şərti ilə
nə isə başqa bir söz dediyini eşidən də olmamışdı.
Nəhayət, soyuq cənub-qərb küləkləri ilə noyabr ayı gəldi. Tikinti dayandı, çünki
yağış beton qarışdırmağa imkan vermirdi. Bir gecə elə dəhşətli tufan qalxdı ki,
ferma binası bünövrəsi üzərində silkələnməyə başladı, anbarın damından bir neçə
kirəmit qopub yerə düşdü. Yuxudan ayılan toyuqlar qorxu içində vurnuxmağa və
qaqqıldaşmağa başladılar. Onlara elə gəlmişdi ki, yaxınlıqda tüfəng atılır. Səhər
heyvanlar bayraq dirəyinin sındığını, bağçadakı küknar ağacının isə turp kimi
kokündən çıxıb böyrü üstə düşdüyünü gördülər. Təpəyə tərəf baxanda heyvanların
downloaded from KitabYurdu.org
44
sinəsindən fəryad səsləri qopdu. Gözləri önündə dəhşətli bir mənzərə açıldı-
dəyirman uçulub-dağılmışdı.
Heyvanlar bir anda təpəyə tərəf götürüldülər. Son vaxtlar gəzməyə nadir hallarda
çıxan Napoleon hamıdan qabaqda qaçırdı. Bəli, onların mübarizələrinin bəhrəsi
yerlə-yeksan olmuşdu. Tikili bünövrəyə qədər dağılmışdı, daşlar qırılıb-
parçalanmış, dörd bir yana səpələnmişdi. Ilk anlar heç kim bir kəlmə danışmadan
dayanıb kədərlə daş qalağına baxırdılar. Napoleon da sükut içində var-gəl edir,
arada bir əyilib torpağı iyləyirdi. Onun nə haqdasa çox ciddi düşündüyünü göstərən
çubuq kimi dik yuxarı qalxmış quyruğu dayanmadan titrəyirdi. Qəflətən
axtardığını tapmış kimi yerində dayandı:
-Yoldaşlar!-deyə astadan dilləndi.-Bilirsinizmi, bu kimin işidir? Gecə gəlib
dəyirmanımızı dağıdan düşmənin adını bilirsinizmi? Onun adı SNOUBOLL-dur!
Qəflətən Napoleonun səsi ildırım kimi şaqqıldadı. -Bəli, bu Snoubollun işidir!
Onun ürəyi bizə nifrətlə doludur. O, təxribat törədərək planlarımızı pozmaq,
özünün biabırçı şəkildə qovulmasının intiqamını almaq istəmişdir. Bu satqın
gecənin qaranlığından istifadə edib ərazimizə soxulmuş, bir illik zəhmətimizi puç
etmişdir. Yoldaşlar, mən bu saat, burada xain Snoubolla ölüm hökmü çıxarıram.
Bu hökmü yerinə yetirib ədaləti bərpa edən heyvanı "Ikinci dərəcəli qəhrəman
heyvan" ordeni və yarım buşel alma mükafatı gözləyir. Kim onu diri tutub gətirsə,
bir buşel alma alacaq!
Bu işdə Snoubollun günahkar olduğunu eşidən heyvanlar sarsılmışdılar. Hər
tərəfdən narazılıq sədaları eşidilirdi. Hər kəs geri qayıdacağı təqdirdə Snoubollu
necə tutmağı fikirləşirdi. Az keçməmiş təpədə əzilmiş otun üstündəki donuz
dırnaqlarının ləpiri diqqəti cəlb etdi. Doğrudur, ləpirlər cəmisi bir neçə metrlik
məsafədə idi və hasardakı deşiyə çatıb yox olurdu. Napoleon onları diqqətlə iylədi
və Snoubollun izi olduğunu dedi. Onun fikrincıə, Snouboll çox güman ki, Foksvud
ferması tərəfdən gəlmişdi.
-Bir an da ləngimək olmaz, yoldaşlar!-deyə Napoleon dırnaq izlərini diqqətlə
gözdən keçirəndən sonra dilləndi. -Işimiz çoxdur. Elə bu gündən dəyirmanın
bərpasına başlayırıq. Qara, yağışa baxmadan bütün qışı tikintini davam
downloaded from KitabYurdu.org
45
etdirməliyik. Bu şərəfsiz xainə bizi belə asanlıqla niyyətimizdən daşındıra
bilməyəcəyini göstərməliyik. Yaddan çıxarmayın, yoldaşlar, planlarımızda heç bir
dəyişiklik ola bilməz! Onlar günbəgün həyata keçiriləcək. Irəli, yoldaşlar! Yaşasın
dəyirman! Yaşasın Heyvanıstan!!
VII F Ə S İ L
Qış çox sərt keçirdi. Yağış və qarın dalınca güclü küləklər əsdi, sonra isə düz
fevrala qədər şaxtalar davam etdi. Dəyirmanın bərpasına başlayan heyvanlar var
qüvvələri ilə işləyirdilər. Başa düşürdülər ki, kənardan onların işinə göz qoyanlar
var, dəyirmanın tikintisini vaxtında qurtarmasalar paxıl insanın əlinə sevinmək və
toy-bayram eləmək üçün əlavə bəhanə verəcəklər.
Insanlar isə Snoubollun bu işdə əli olduğuna inanmır, dəyirmanın uçmasını
divarların nazikliyi ilə izah edirdilər. Heyvanlar bunun həqiqət olmadığını yaxşı
blilrdilər.
Lakin hər ehtimala qarşı bu dəfə divarları əvvəlki kimi on səkkiz düym deyil, üç
fut qalınlığında tikməyi qərara almışdılar. Bu isə o demək idi ki, daha çox daş
yığmaq lazım olacaq. Karxana uzun müddət ərimiş qar suyu ilə dolduğundan bir iş
görmək mümkün olmamışdı. Quru, şaxtalı havalar başlananda vəziyyət bir az
düzəldi. Lakin iş çox ağır gediridi, heyvanlar isə gələcəyə əvvəlki kimi ümidli
deyildilər. Onlar daim aclıqdan, soyuqdan əziyyət çəkirdilər. Ruhdan düşməyən
yalnız Bokserlə Klover idi. Çığırğan vətənə xidmətin sevinci və əməyin şərəfi
haqqında gözəl nitqlər söyləyirdi. Amma heyvanları ruhlandıran Bokserin gücü və
"Mən daha çox işləyəcəyəm!" şüarı idi.
Yanvarda ərzaq çatışmazlığı hiss olundu. Heyvanların dən payı xeyli azaldıldı.
Doğrudur, kartofun normadan çox veriləcəyi elan olundu. Amma sonra məlum
oldu ki, üstü yaxşı basdırılmadığından kartofun çox hissəsini don vurub. Kartoflar
downloaded from KitabYurdu.org
46
yumşaq və dadsız idi, aralarında tək-tükünü yemək olurdu. Heyvanların dilinə
günlərlə saman və çuğundurdan başqa bir şey dəymirdi. Onlar aclıqla üz-üzə
qalmışdılar.
Bu faktı mütləq dünyadan gizlətmək lazım idi. Dəyirmanın dağılmasından
ruhlanan insanlar Heyvanıstan haqqında yeni yalanlar yayırdılar. Yenə də bütün
heyvanların aclıq və xəstəliklərdən qırılması, aralarında dəhşətli qarşıdurma
yaranması, heyvanyeyənlik və yeni doğulanların öldürülməsi hallarının artması
haqqında şaiyələr dolaşırdı. Napoleon Heyvanıstanda ərzaq qıtlığı ilə bağlı
yaranmış vəziyyət haqqında əsl həqiqətin üzə çıxacağı təqdirdə bunun necə ağır
nəticələr verəcəyini yaxşı başa düşürdü. Ona görə də əks-təəssürat yaratmaq üçün
cənab Uimperin imkanlarından istifadə etmək qərarına gəlmişdi. Heyvanlar
fermaya hər həftə təkrarlanan səfərləri zamanı onunla çox nadir hallarda
ünsiyyətdə olurdular. Indi isə əvvəlcədən seçilmiş bir neçə heyvana, ələlxüsus da
qoyunlara mister Uimperin eşidə biləcəyi şəkildə ərzaq bolluğu haqqında danışmaq
tapşırılmışdı. Bundan əlavə, Napoleon ambardakı boş çəlləkləri qumla doldurmağı,
üstünü isə fermada qalan taxıl və unla örtməyi tapşırmışdı. Münasib bir bəhanə ilə
mister Uimper anbara aparılmış, taxıl və un dolu çəlləklərə baxmasına imkan
yaradılmışdı. O da təbii ki, dərhal tora düşmüş, bütün dünyaya Heyvanıstanda heç
bir ərzaq qıtlığının olmaması haqqında məlumatlar yaymışdı.
Lakin bütün bunlara baxmayaraq yanvarın sonunda haradan olursa olsun toxumluq
dən tapmaq zərurəti yarandı. Həmin günlər Napoleon heyvanların arasına nadir
hallarda çıxırdı. Bütün vaxtını hər qapısında heybətli bir köpəyin dayandığı
malikanə binasında keçirirdi. Hər dəfə onu sıx əhatə edən və yaxınlaşmaq istəyən
hər kəsin üstünə dişlərini qıcayan altı köpəyin müşaiyəti ilə həyətə çıxması isə
bütöv bir mərasimə çevrilirdi. Indi Napoleon çox vaxt bazar günləri də görünmür,
əmrlərini isə ayrı-ayrı donuzlar, ən çox da Çığırğan vasitəsi ilə çatdırırdı.
Bir bazar günü Çığırğan yenicə anbara girib yerlərini rahatlayan toyuqlara bundan
sonra yumurtalarını təhvil verməyi tapşırdı. Napoleon hər həftə bazara dörd yüz
yumurta göndərmək barədə Uimper vasitəsilə ilə müqavilə bağlamışdı. Əldə
downloaded from KitabYurdu.org
47
olunan vəsait yayda vəziyyət yaxşılaşana qədər fermanı taxıl və unla təchizinə
yönəldiləcəkdi.
Toyuqlar bunu eşidəndə bərk çığır-bağır saldılar. Əvvəlcədən də onlara belə bir
fədakarlığın zəruriliyi izah olunmuşdu. Lakin inanmamışdılar. Onlar artıq qırt
yatmağa hazırlaşırdılar. Belə vaxtda yumurtalarının əllərindən alınması qatillik idi.
Consun qovulmasından sonra ilk dəfə idi ki, fermada üsyana bənzər bir hadisə
yaranmışdı. Üç cavan beçənin rəhbərlik etdiyi toyuqlar Napoleonun istəyinə qarşı
çıxmağa cəhd göstərdilər. Etiraz forması kimi toyuqların çardaqdakı çatıların
üstündə yumurtlamaları qərara alındı. Yuxarıdan düşən yumurtalar döşəməyə
dəyib parçalanırdı. Napoleon tez və amansız şəkildə önləyici tədbirlər gördü. O,
toyuqların yem payının kəsilməsini əmr etdi, onlara hətta bir buğda dənəsi
verənlərin də dərhal edam olunacaqlarını bildirdi. Əmrin icrasına nəzarət köpəklərə
tapşırıldı. Toyuqlar beş gün müqavimət göstərdilər. Sonda təslim olub hinlərinə,
fallarının üstünə qayıtdılar. Bu müddətdə doqquz toyuq həlak oldu. Onların
cəsədləri bağda dəfn olundu və xaricə brüsüllöz xəstəliyindən olmələri haqqında
məlumat yayıldı. Mister Uimperin hadisədən yerli-dibli xəbəri olmadı. Artıq
yumurtalar səliqə ilə toplanır və həftədə bir dəfə baqqalın furqonlu arabası ilə
fermadan aparılırdı.
Bütün bu vaxtda Snoubollu görən olmamışdı. Onun qonşu fermalardan birində-ya
Foksvudda, ya da Pinçfilddə gizləndiyi haqda şaiyələr dolaşırdı. O dövrdə
Napoleon əvvəlki illərlə müqayisədə qonşuluq münasibətlərini nisbətən
yaxşılaşdıra bilmişdi. Bu da on il əvvəl fermadakı cökə meşəliyi qırılan zaman
səliqə ilə kəsilib bir tərəfə qalaqlanmış əla ağac materialı sayəsində mümkün
olmuşdu. Tələbat vardı və mister Uimper Napoleona onları satmağı məsləhət
görmüşdü. Həm mister Pilkinqton, həm də mister Frederik bu materialı
məmnuniyyətlə almaq istəyirdilər. Lakin Napoleon onların ikisi arasında tərəddüd
edir, hələlik bir qərara gələ bilmirdi. Maraqlıdır ki, Napoleon mister Frederikslə
razılığa gəlmək istəyəndə Snoubollun Foksvudda gizləndiyi aşkara çıxırdı, mister
Pilkinqtona meyl edəndə isə Snoubollun Pinçfilddə peyda olması xəbəri yayılırdı.
downloaded from KitabYurdu.org
48
Yazın erkən çağı qəflətən həyəcanlandırıcı bir fakt aşkarlandı: Snouboll gecələr
dəfələrlə gizli şəkildə fermaya gəlirmiş! Heyvanlar bundan elə narahat olmuşdular
ki, daha tövlələrində rahat yata bilmirdilər. Deyirdilər ki, Snouboll gecənin
qaranlığında fermaya gəlir, oğurluq və ziyançılıqla məşğul olurdu. O, taxıl
oğurlayır, südlə dolu vedrələri vurub aşırır, yumurtaları sındırır, əkinləri tapdalayır,
meyvə ağaclarının qabığını gəmirirdi. Indi Heyvanıstanda hansı iş düz getməsə
bütün günahlar Snoubollun üstünə atılırdı. Məsələn, pəncərə şüşəsi sındırılanda,
yaxud su borusunun yolu tutulanda dərhal kimsə bunun Snoubollun fermaya gecə
səfərlərinin nəticəsi olduğunu əminliklə deyirdi. Ambarın açarı itəndə bütün ferma
tərəddüd etmədən Snoubollun onu oğurlayıb quyuya atdığına inanmışdı.
Maraqlıdır ki, açar un kisələrinin birinin altından tapılandan sonra da heç kəs
fikrini dəyişməmişdi. Inəklər yekdilliklə Snoubollun gecələr gizlicə tövləyə girib
onları sağdığını iddia edirdilər. Həmin qış Heyvanıstana böyük narahatlıq gətirən
siçovulların da Snoubolla əlbir hərəkət etdikləri söylənirdi.
Napoleon Snoubollun fəaliyyətinin ətraflı təhqiq olunması haqda sərəncam verdi.
O, köpəklərin müşaiyəti ilə həyətə çıxıb (heyvanlar arada müəyyən məsafə
saxlamaqla ardınca gəlirdilər) ferma tikililərinin hamısını diqqətlə nəzərdən
keçirdi. Napoleon addımbaşı dayanır və Snoubollun ləpirlərini tapmaq məqsədi ilə
yeri iyləyirdi. Dediyinə görə, iyin köməyi ilə iz sahibinin kimliyini öyrənmək
qabiliyyətinə malik idi. Napoleon həyətin hər küncündə, anbarda, inək damında,
toyuq hinində, bostanda torpağı iyləyir və az qala hər yerdə Snoubollun izini
aşkara çıxarırdı. O, cəhəngini torpağa söykəyir, bir neçə dəfə dərindən nəfəs alır və
hər dəfə də dəhşətli səslə bağırırdı: "Yenə Snouboll! O, burada olub. Mən onun
iyini uzaqdan hiss edirəm". Hər dəfə "Snouboll" adı çəkiləndə köpəklər dəhşətli
səslə mırıldayır, dişlərini qıcadırdılar.
Heyvanlar səksəkə içərisində idilər. Onlara elə gəlirdi ki, Snouboll gözə
görünmədən fermada dolaşan, havanı zəhərləyən və hamını təhlükə qarşısında
qoyan şər ruha çevrilib. Bir axşam Çığırğan heyvanları bir yerə topladı və
sifətindəki həyəcanlı ifadəni gizlətmədən onlara ciddi yeniliklər çatdırmaq
istədiyini bildirdi.
downloaded from KitabYurdu.org
49
-Yoldaşlar!-deyə Çığırğan çiyinlərini əsəbiliklə dartıb qışqırdı.- Ən dəhşətli sirrin
üstü açılıb. Snouboll bu gün də bizə hücum edib fermanı əlimizdən almaq
niyyətindən daşınmayan pinçfildli Frederikə satılıb. Snouboll hücum başlananda
ona bələdçilik etməyi boyun olub. Bundan daha dəhşətli sirlərin də üstü açılıb.
Indiyə qədər biz düşünürdük ki, Snoubollun qiyamının əsas səbəbi onun özündən
müştəbehliyi və iddialarıdır. Lakin səhv etmişik, yoldaşlar! Bilirsinizmi əsl səbəb
bədir? Hadisələrin lap başlanğıcından Snoluboll Consun tərəfində dayanırmış!
Bütün bu müddət ərzində o, Consun gizli agenti imiş! Bütün bunlar Snoubollun
qoyub getdiyi və bizim yalnız indi üzə çıxardığımız sənədlərlə təsdiq olunub.
Fikrimcə, bu çox ciddi məsələdir, yoldaşlar! Məgər Pəyə döyüşündə məğlub və
darmadağın olunmağımız üçün onun necə canfəşanlıq etdiyini (şükür ki, qara
niyyətinə çatmadı!) gözümüzlə görməmişdikmi?
Heyvanlar yerlərində donub qaldılar. Bu Snoubollun dəyirmanı dağıtmasından da
dəhşətli yaramazlıq idi. Heyvanların eşitdikləri xəbəri həzm etmələri üçün bir neçə
dəqiqə vaxt lazım oldu. Qəribədir, hamısı Pəyə döyüşündə Snoubollun savaşa necə
rəhbərlik etdiyini, necə hücuma atıldığını, hətta Consun açdığı atəş nəticəsində
belindən yaralanandan sonra da geri çəkilmədiyini xatırlayır, yaxud xatırladıqlarını
düşünürdülər. Bütün bunlardan sonra Snoubollun necə Consun tərəfində olması ilk
anda heyvanların heç birinə çatmadı. Hətta çox nadir hallarda sual verən Bokser də
təəccüblənmişdi. O, qabaq ayaqlarını qatlayıb uzandı, gözlərini yumdu və böyük
çətinliklə fikirlərini sahmana salmağa çalışdı. Nəhayət dilləndi:
-Mən buna inanmıram. Snouboll Pəyə döyüşündə hamıdan cəsarətlə vuruşurdu.
Gözlərimlə görmüşəm. Bəyəm biz döyüşdən dərhal sonra ona "Birinci dərəcəli
qəhrəman heyvan" ordeni vermədikmi?
-Bu bizim səhvimiz idi, yoldaşlar! Indi isə dəqiq şəkildə bilirik və bütün bunlar
aşkara çıxardığımız məxfi sənədlərdə də öz əksini tapıb: əslində Snouboll o zaman
bizi tələyə salmaq məqsədi güdürmüş.
downloaded from KitabYurdu.org
50
-Axı o yaralanmışdı! - Bokser sakitləşmək bilmirdi.- Hamımız yarasından necə qan
axdığını gözümüzlə görmüşdük.
-Bu əvəlcədən qurulmuş oyunun bir hissəsi idi!- deyə Çığırğan qışqırdı. -Consun
gülləsi onun belini yüngülcə cızmışdı. Əgər oxumağı bacarırsınızsa, özünün bu
barədə nə yazdığını sizə göstərə bilərəm. Plana görə hadisələrin ən gərgin anında
Snouboll geri çəkilmək əmri verməli və meydanı düşmənə buraxmalı idi. Snouboll
niyyətini həyata keçirməyə çox yaxın idi. Yoldaşlar, indi deyə bilərəm ki, əgər
qəhrəman Rəhbərimiz Napoleon olmasaydı, o, öz qara niyyətinə çata bilərdi!
Consla adamları həyətə soxularkən Snoubollun qəfildən geri qaçmasnı, heyvanları
da arxasınca aparmasını xatırlamırsız? Məgər yadınızda deyil ki, hamının vahimə
içərisində olduğu, hər şeyin az qala itirildiyi həmin dəqiqələrdə yoldaş Napoleon
"Insanlığa olüm!" çığıraraq necə irəli atıldı və dişlərini mister Consun baldırına
necə keçirdi? Əlbəttə, hamınız bunu çox gözəl xatırlayırsınız, yoldaşlar!- deyə
Çığırşan sağa-sola göz ataraq sözünü bitirdi.
Çığırğan döyüş səhnəsini görüntünü təsvir edəndən sonra heyvanlara elə gəldi ki,
hadisələrin məhz belə olduğunu xatırlayırlar. Ən azı döyüşün gərgin anında
Snoubollun həqiqətən də qaçması yadlarına düşdü. Lakin Bokser hələ də inamsız
görünürdü.
-Mən Snoubollun lap əvvəldən xəyanət yolunu tutduğuna inanmıram-deyə o
sozünə yekun vurdu.-Sonrakı hərəkətləri başqa məsələdir. Amma inanıram ki,
Pəyə döyüşündə o etibarlı yoldaş idi.
-Rəhbərimiz yoldaş Napoleon,- deyə Çığırğan asta, lakin qətiyyətli səslə dilləndi, -
qəti şəkildə, bəli qəti şəkildə yoldaş... nədir, o Snoubollun lap başlanğıcdan
Consun agenti olduğunu bildirmişdir. Bəli, başlanğıcdan, hələ Üsyan fikri ortada
olmamışdan!
-Bu başqa məsələ!- Bokser razılaşdı. - Əgər yoldaş Napoleon deyibsə, həqiqətdir!
-Bəli, yüzdə-yüz həqiqətdir, yoldaş! -Çığırğanın balaça, qaynaşan gözləri ilə
Bokserə çəp-çəp baxması heyvanların diqqətindən yayınmadı. O, dönüb getmək
istədi, lakin birdən dayandı və əsəbi şəkildə əlavə elədi:
downloaded from KitabYurdu.org
51
-Mən fermanın bütün sakinlərinə xəbərdarlıq edirəm ki, gözlərini və qulaqlarını
bacardıqca geniş açsınlar. Çünki Snoubollun maskalanmış əlaltılarının bu
dəqiqənin özündə də aramızda gəzib-dolaşdıqlarını düşünmək üçün əlimdə kifayət
qədər əsas var.
Dörd gün sonra Napoleon günorta bütün heyvanların həyətə toplanmalarını əmr
etdi. Hamı deyilən vaxtda gələndən sonra mükafatlarının ikisini də döşünə taxmış
Napoleon (bir müddət əvvəl o, özünü "Birinci dərəcəli qəhrəman heyvan" və
"Ikinci dərəcəli qəhrəman heyvan" ordenləri ilə təltif etmişdi) dəhşətli mırıltıları ilə
bütün heyvanların canına qorxu salan doqquz nəhəng köpəyinin əhatəsində
malikanədən çıxdı. Qabaqcadan nə isə qorxunc bir hadisənin baş verəcəyini hiss
edən heyvanlar sakitcə yerlərində dayanmışdılar.
Napoleon dayandı, hamını qəzəbli nəzərlərlə süzdü. Sonra hökmlü səslə xoruldadı.
Köpəklər göz qırpımında irəli atılıb dörd donuzun qulaqlarından yapışdılar.
Qorxudan və ağrıdan qışqıran donuzları sürüyüb Napoleonun ayaqları altına
atdılar. Onların qulaqlarından qan axırdı. Kopəklər bu qanı yaladılar və elə bir
anda ağılları başlarından çıxdı. Hamının təəccüb dolu baxışları altında üç köpək
eyni amansızlıqla Bokserin üstünə atıldı. Bokser bunu görüb üzərinə gələn köpəyə
havadaca elə bir güclü təpik ilişdirdi ki, o, zingildəyib yerə sərildi, aman istədi.
Digər iki köpək quyruqlarını qısıb qaçdılar. Bokser sualedici nəzərlərlə Napoleona
baxdı. Deyəsən, ayağının altındakı köpəyin axırına çıxmaq, yoxsa buraxmaqla
onun fikrini bilmək istəyirdi. Napoleonun sifətinin ifadəsi dəyişdi, sərt səslə
Bokserə köpəklə işi olmamasını əmr etdi. Bokser ayağını qaldırdı, köpək ağrıdan
zingildəyə-zingildəyə bir tərəfə süründü.
Ortalığa sakitlik çökdü. Dörd donuz qorxudan əsə-əsə gözləyirdi. Üzlərinin hər
cizgisindən özlərini suçlu saydıqları oxunurdu. Napoleon onları cinayətlərini etiraf
etməyə çağırdı. Məşvərət şurasının toplantıları ləğv edilərkən bu donuzlar
etirazlarını bildirmişdilər. Onlar dərhal fermadan qovulduğu gündən Snoubolla
əlaqə yaratdıqlarını, dəyirmanın dağıdılmasında ona komək etdiklərini,
Heyvanıstanın mister Fredriksin əlinə keçməsi üçün gizli ittifaqa girdiklərini
boyunlarına aldılar. Sonra Snoubollun uzun illər boyu mister Consun məxfi agenti
downloaded from KitabYurdu.org
52
olması haqqında özünün məlumat verdiyini sözlərinə əlavə etdilər. Onlar
etiraflarını bitirən kimi köpəklər üstlərinə atılıb dördünün də boğazını gəmirdilər.
Napoleon qorxunc səslə heyvanların içərisində yenə də günahlarını etiraf etmək
istəyənlərin olub-olmaması ilə maraqlandı.
Bir müddət əvvəl toyuqların yumurta ilə bağlı narazılıqlarına rəhbərlik etmiş üç
beçə qabağa çıxıb Snoubollu yuxuda gördüklərini və Napoleonun əmrlərinə tabe
olmamaq haqqında göstəriş aldıqlarını bildirdilər. Köpəklər onları da bir göz
qırpımında parça-parça etdilər. Sonra bir qaz yanını basa-basa ortaya gəlib keçən il
məhsul yığımı zamanı altı buqda dənəsi gizlətdiyini və gecə xəlvətcə yediyini
etiraf etdi. Qoyunlardan biri Snoubollun təkidi ilə gölə işədiyini, ikisi isə
Napoleonun ən sədaqətli pərəstişkarlarından sayılan və astma xəstəliyindən əziyyət
çəkən qoca qoçu uzun müddət tüstülənən tonqalın ətrafında dövrə vurmağa məcbur
etməklə ölüm həddinə çatdırdığını boynuna aldı. Onların da aqibəti əvvəlki
günahkarlarınkı kimi oldu- hamısı köpəklərin pəncəsində can verdilər. Napoleonun
ayaqları yanında cəsədlərdən təpə yaranana və Consun qovulmasından sonra
hamının yadından şıxmış kəsif qoxulu qan iyi havanı ağırlaşdırana qədər
günahların etiraf olunması və cəzalandırma mərasimi davam etdi.
Hər şey bitəndən sonra donuzlardan və köpəklərdən başqa hamı meydanı tərk
etdilər. Heyvanlar sarsılmış və alçaldılmışdılar. Bilmirdilər ki, nədən daha çox
sarsılıblar: bəzi heyvanların xəyanət yolu tutub Snoubolla əlaqə yaratmasından,
yoxsa şahidi olduqları amansız mühakimədən? Qədim vaxtlarda da belə dəhşət
dolu qanlı səhnələr olmuşdu. Buna baxmayaraq indiki hadisə heyvanlara daha ağır,
sarsıdıcı təsir bağışlamışdı. Çünki hər şey öz aralarında baş verirdi. Cons fermadan
gedəndən bu günə qədər bir heyvan başqa heyvana əl qaldırmamışdı. Hətta bir
siçovul da öldürülməmişdi.
Heyvanlar yarımçıq dəyirmanın yanına-təpəliyə qalxdılar. Sanki bir-birlərinin
nəfəsini duymaq, istiliyini hiss etmək istəyirlərmiş kimi yan-yana uzandılar.
Klover, Müriel, Bencamin, inəklər, qoyunlar, bir dəstə qaz, toyuqlar-hamısı bir
yerdə idi. Təkcə pişik gözə dəymirdi. O, Napoleon heyvanlara meydana toplaşmaq
downloaded from KitabYurdu.org
53
əmri verməmişdən aradan çıxmışdı. Bir müddət heç kəs danışmadı. Təkcə Bokser
ayaq üstə dayanmışdı. O, var-gəl edir, uzun və qara quyruğunu sağa-sola yellədir,
arabir təəccüb dolu kişnərtilərlə sükutu pozurdu.
-Heç nə anlamıram,-deyə Bokser sükutu pozdu.- Fermamızda belə hadisənin baş
verdiyinə inana bilmirəm. Gorünür, haradasa səhv etmişik. Fikrimcə, yeganə çıxış
yolu yenə çox işləməkdədir. Mən bundan sonra səhərlər yuxudan bir saat da tez
oyanacağam.
O, arxaya çevrilib ağır addımlarla karxanaya tərəf getdi. Bayaqdan bəri gozaltı
elədiyi iki ağır daşı qaranlıq düşməmiş dəyirmana çatdırmaq üçün sürüməyə
başladı.
Heyvanlar Kloverin başına toplaşmışdılar. Uzandıqları yerdən dord bir tərəfə gözəl
mənzərə açılırdı. Böyük yola qədər uzanan geniş otlaqlar, taxıl zəmiləri,
pöhrəliklər, nohur, sıx və yamyaşıl xəsillə örtülmüş faraş taxıl zəmiləri, fermanın
qırmızı damı və bacadan qalxan göyümsov tüstü - bir sözlə, bütün Heyvanıstan
gözləri önündə idi. Aydın, sakit yaz axşamıydı. Çəmənliklər və sarmaşıqlı hasarlar
batmaqda olan günəşin qızılı şəfəqləri ilə işıqlanmışdı. Heyvanlar xəfif bi kədər və
heyrətlə anladılar ki, hər qarışı özlərinin olan bu ferma əvvəllər onlara heç vaxt
indiki kimi doğma və əziz görünməyib. Klover təpədən üzü aşağı baxanda gözləri
yaşla dolmuşdu. Əgər fikirlərini sözə çevirə bilsəydi, yəqin uzun illər bundan əvvəl
insan nəslinin hakimiyyətini devirmək üçün mübarizəyə başlayanda qarşılarına
qoyduqları məqsədin belə olmadığını deyərdi.
Qoca Mayor onları ilk dəfə üsyana səsləyən gecə gələcəklə bağlı gözləri önündə
qətiyyən az əvvəl şahidi olduqları qorxu və qətl səhnələri canlanmamışdı. Klover
özü bu gələcəyi aclıqdan və döyülməkdən həmişəlik xilas olmuş bərabərhüquqlu
heyvanların cəmiyyəti kimi təsəvvür edirdi. Həmin cəmiyyətdə hər kəs bacarıq və
qabiliyyətinə görə çalışmalı idi. Mayor tarixi nitqini söyləyən gecə o özü analarını
itirmiş ördək balalarını ayaqları arasında saxlayıb qoruduğu kimi bütün güclülər
zəiflərə yardım əli uzatmalı idilər. Bunun əvəzində isə səbəbini anlamadığı halda
elə bir şəraitə gəlib düşmüşdülər ki, heç kəs fikirləşdiyini dilinə gətirə bilmirdi.
Dişləri qana batmış köpəklər meydan sulayırdılar. Ozləri sarsıdıcı cinayətlərini
downloaded from KitabYurdu.org
54
boyunlarına alan yoldaşlarının işgəncə içərisində öldürülmələrinə tamaşa etməli
olurdun. Klover heç vaxt üsyan etmək, müqavimət göstərmək fikrində olmamışdı.
Lakin bilirdi ki, baş verən hadisələrə baxmayaraq, yenə də Consun
zamanındakından daha yaxşı yaşayırlar. Odur ki, nə olursa olsun, insanların geri
qayıtmasına yol verilməməlidir. Bundan sonra nə olsa da o, sədaqətini qorumalı,
çox işləməli, verilən bütün tapşırıqları dəqiq yerinə yetirməli, Napoleonun
liderliyini sözsüz qəbul etməlidir. Ancaq hələ də həyat onun və başqa heyvanların
arzuladıqları, uğrunda çarpışdlqları həyat deyildi. Onlar dəyirmanı belə bir gün
üçün tikmirdilər. Sinələrini Consun gülləsinin qabağına belə bir həyat üçün sipər
etməmişdilər. Fikirlərini ifadə etməyə söz tapmayan Kloverin demək istədikləri bu
idi.
Söz tapa bilmədiyindən o, içini dolduran hissləri soydaşlarına ayrı cür çatdırmaq
qərarına gəldi və uca səslə "Ingiltərə heyvanları" mahnısını oxumağa başladı.
Ətrafdakı heyvanlar da ona qoşuldular. Mahnını melodiyasına uyğun şəkildə, lakin
asta və kədərli səslə oxuyurdular. Əvvəllər heç vaxt belə oxumamışdılar.
Üçüncü dəfəni başa vururdular ki, Çığırğan iki köpəyin müşaiyəti ilə onlara
yaxınlaşdı, dırnağı ilə işarə edərək çox vacib xəbər çatdıracağını bildirdi. Sonra isə
yoldaş Napoleonun xüsusi sərəncamı ilə bu gündən etibarən "Ingiltərə heyvanları"
mahnısının ləğv olunduğunu elan etdi. Bundan sonra mahnının oxunması da yasaq
edilirdi.
Heyvanlar heyrətlənmişdilər.
-Nəyə gorə?-deyə Müriel az qala qışqırdı.
-Daha belə şeylərə ehtiyac yoxdur, yoldaşlar- Çığırğan sərt səslə cavab verdi -
"Ingiltərə heyvanları" Üsyan dövrünün mahnısı idi. Üsyan çoxdan başa çatıb. Bu
gün xainlərin cəzalandırılması ilə son noqtəni qoyduq. Daxili və xarici düşmənlər
məğlub edilib. "Ingiltərə heyvanları"nda biz gələcəkdə qurmaq istədiyimiz gözəl
cəmiyyətlə bağlı arzularımızı ifadə etmişdik. Belə cəmiyyət artıq bərqərar olub.
Deməli, bu mahnı da köhnəlib və daha ona ehtiyac qalmayıb.
Bərk qorxsalar da bəzi heyvanlar etirazlarını bildirmək istədilər. Lakin elə bu anda
qoyunlar həmişəki adətləri üzlə "Dord ayaq yaxşıdır, iki ayaq pisdir!"-deyə
downloaded from KitabYurdu.org
55
mələşməyə başladılar. Mələşmə bir neçə dəqiqə çəkdi və bununla da mübahisələrə
son qoyuldu.
O gündən "Ingiltərə heyvanları" mahnısını eşidən olmadı. Əvəzində şair Minimus
yeni himn yaratdı. Himn belə başlayırdı:
Heyvanıstan, Heyvanıstan, Heyvanıstan,
Heç vaxt sənə bata bilməz xain insan!!
Indi hər bazar günü bayraq qaldırılanda heyvanlar bu himni oxuyurdular. Lakin
himnin nə sözləri, nə də melodiyası onlara "Ingiltərə heyvanları"nı xatırladırdı.
VIII F Ə S İ L
Aradan bir neçə gün keçəndən və amansız mühakimələrin xofu bir az səngiyəndən
sonra heyvanlardan hansısa altıncı Prinsipi xatırladı, yaxud xatırladığını düşündü.
Altıncı Prinsipdə "Bir heyvan başqa heyvanı öldürə bilməz!"-deyilirdi. Heç kəs
donuzların və köpəklərin yanında bərkdən danışmağa cəsarət etməsə də, heyvanlar
gözləri onündə törədilən qətllərin bu Prinsiplə uzlaşmadığını başa düşürdülər.
Klover Bencamindən Altıncı Prinsipi oxumağı xahiş etdi. Bencamin həmişəki adəti
üzrə belə işlərə qarışmadığını deyib boyun qaçırdığından bu dəfə Mürielə üz
tutmalı oldu. Müriel bərkdən oxudu: "Bir heyvan başqa heyvanı SƏBƏBSIZ
öldürə bilməz". Nədənsə, bu "səbəbsiz" kəlməsi mətni əzbər bilənlərin hamısının
yadından çıxmışdı. Ancaq indi hər şeyi xatırladılar. Bildilər ki, Prinsip təhrif
olunmayıb. Snoubolla ittifaq yaradan xainlərin oldürülməsi üçün kifayət qədər
səbəb vardı.
Il boyu heyvanlar köhnə vaxtdakından daha çox işləməli oldular. Divarları
əvvəlkindən ikiqat qalın olmaq şərti ilə dəyirmanı tikmək və vaxtında təhvil
vermək, bununla bir sırada fermadakı gündəlik işləri də yerinə yetirmək çox çətin
idi. Bəzən heyvanlara elə gəlirdi ki, iş günü Consun zamanındakından uzundur,
yeməkləri isə pisdir. Lakin bazar günləri səhərlər haça dırnaqları arasında
bürmələnmiş uzun kağız tutan Çığırğan onlara əvvəlki dövrlə müqayisədə bütün
növlər üzrə məhsul istehsalının 200, 300, bəzən hətta 500 faiz artması haqqında
downloaded from KitabYurdu.org
56
rəqəmlərin əks olunduğu sənədləri oxuyurdu. Heyvanların bu rəqəmlərə
inanmamaq üçün elə bir əsasları yoxdu. Ələlxüsus ona görə ki, Üsyandan əvvəlki
dövrün həyat şəraiti hamının yaddaşından silinmişdi. Bununla belə bəzi günlərdə
heyvanlar tezliklə rəqəmlərin azalacağına, yemin isə çoxalacağına ümid edirdilər.
Indi bütün tapşırıqlar Çığırğanın, yaxud da digər donuzlardan birinin vasitəsi ilə
verilirdi. Napoleon heyvanlar arasında iki həftədə bir dəfədən çox gorünmürdü.
Həyətə çıxanda isə onu yalnız köpəklərdən ibarət məiyyəti deyil, həm də dəstənini
qabağında gedən və hər dəfə Napoleon danışmamışdan qabaq var səsi ilə
"Quqqulu-qu!"-deyə banlayan iri, qara xoruz müşaiyət edirdi. Indi Napoleonun
ferma binasında hamıdan ayrı iqamətgahının olduğunu danışırdılar. Iki köpəyin
ayıq-sayıq nəzarəti altında "Kroun Derbi" firmasının qab-qacaq dəstində gətirilən
yeməyini tək yeyirdi. Bu qablar əvvəllər Consun qonaq otağındakı servantda
saxlanırdı. Başqa bir yenilik isə yaylım atəşi ilə bağlı idi. Indi ənənəvi ildönümləri
ilə yanaşı Napoleonun ad günündə də atəşfəşanlıq olurdu.
Daha onu sadəcə "Napoleon" deyə çağırmırdılar. Rəsmi titulla müraciət etmək,
"Rəhbərimiz yoldaş Napoleon" demək tələb olunurdu. Donuzlar bu ada "Bütün
dünya heyvanlarının atası", "Insanlığın qənimi", "Qoyunların himayədarı",
"Ordəklərin müdafiəçisi" kimi titulların da əlavə olunmasını təklif edirdilər.
Çığırğan dəyirmi yanaqlarından göz yaşları süzülə-süzülə Napoleonun
müdrikliyindən və ürəyinin boyüklüyündən, bütün heyvanlara, ilk növbədə isə
insanların əlində olan fermalarda cəhalət içərisində, zəlil və kölə vəziyyətdə
yaşayanlara bəslədiyi dərin məhəbbətdən danışırdı. Hər bir uğur, taleyin hər bir
töhfəsi üçün Napoleona təşəkkür etmək adət halını almışdı. Məsələn, bir toyuq
başqa toyuğa deyirdi: "Böyük Rəhbərimiz yoldaş Napoleonun qayğısı sayəsində
beş gündə altı yumurta yumurtlamışam". Yaxud göldən su içməyə gələn bir inəyin
başqa inəyə dediyi bu sözləri eşitmək olurdu: "Yoldaş Napoleonun rəhbərliyi
altında sularımız necə dadlı olub!". Heyvanların ümumi minnətdarlıq hissi şair
Minimusun "Yoldaş Napoleon" şerində dərin ifadəsini tapmışdı:
Məzlumların atası,
downloaded from KitabYurdu.org
57
Xoşbəxtliyin memarı,
Çirkablar hökmdarı!
Qəlbim nəşəylə dolur
Sənin parlaq günəştək
Yolumuza nur saçan
Qürur və hökm dolu
Gözlərinə baxanda,
Yaşa, yoldaş Napoleon!
Ovladınçün həyatda
Hər şeyi təmin etdin
Oz dəmir iradənlə.
Indi dolu qarnımız,
Altımıza sərməyə,
Quru samanımız var!
Sayəndə tövləmizdə
Rahatca uyuyuruq.
Yaşa, yoldaş Napoleon!
Istər balaca olaq,
Istərsə yaşa dolaq,
Hər zaman vəzifəmiz
Sənə sədaqət yolun
Tutmaq olacaq, inan!
Bu azad fermamızda
Gözün açan hər heyvan
Söyləyəcək ürəklə -
Yaşa, yoldaş Napoleon!
downloaded from KitabYurdu.org
58
Napoleon şeiri bəyənmiş və iri hərflərlə Yeddi Prinsiplə üzbəüz anbarın qarşı
divarına həkk olunmasını əmr etmişdi. Mətnin yuxarı tərəfində Napoleounun
profildən işlənmiş portreti asılmışdı. Bu portreti ağ rənglə Çığırğan ozü çəkmişdi.
Bu arada Napoleon mister Uimperin vasitəsi ilə Frederik və Pilkinqtonla mürəkkəb
danışıqlar aparırdı. Ağac materialı hələ satılmamışdı. Onu Frederik almaq istəyirdi.
Lakin münasib qiymət təklif etmirdi. Həmin ərəfədə Frederikin öz adamıları ilə
birlikdə Heyvanıstan üzərinə hücum hazırladığı və tikintisinə paxıllıq etdiyi
dəyirmanı uçurmaq istədiyi haqda şaiyələr yeniləndi. Snoubollun Piçfild
fermasında gizlənməsi aşkara çıxdı. Yayın ortasında üç toyuğun öz xoşları ilə
Napoleonun yanına gələrək Snoubollun onları Heyvanıstan liderini oldürmək
məqsədi ilə sui-qəsdə cəlb etməsini boyunlarına alması heyvanları daha da
həyəcanlandırdı. Sui-qəsdçi toyuqlar dərhal edam olundu. Napoleonun
təhlükəsizliyi üçün ciddi tədbirlər görüldü. Gecələr onun yataq otağını hərəsi bir
küncdə dayanan dörd köpək qoruyurdu. Pinki adlı gənc donuz isə zəhərləmə
təhlükəsinin qarşısını almaq üçün əvvəldən bütün yeməklərdən dadmalı idi.
Təxminən bu dövrdə Napoleonun ağac materialını mister Pilkinqtona satmaq
qərarına gəldiyi məlum oldu. Bundan başqa o, Heyvanıstanla Foksvud arasında bir
sıra məhsulların mübadiləsi ilə bağlı mühüm saziş imzalamaq haqqında düşünürdü.
Yalnız Uimper vasitəsi ilə əlaqə saxlamalarına baxmayaraq Napoleonla Pilkinqton
arasındakı münasibətlər demək olar ki, dostluq səviyyəsinə yüksəlmişdi. Insan
nəslindən olduğuna görə heyvanlar Pilkinqtona inanmırdılar. Lakin onu həm
qorxduqları, həm də nifrət etdikləri Frederikdən daha üstün tuturdular. Yayın sonu
yaxınlaşdığına və dəyirman tikintisi yekunlaşdığına görə Heyvanıstana gözlənilən
xəyanətkar hücum haqqındakı şaiyələr də get-gedə artırdı. Danışırdılar ki, mister
Frederik fermaya hücum məqsədi ilə tüfənglə silahlanmış iyirmi adam tutub, yerli
polislə hakimləri püşvətlə ələ alıb və əgər Heyvanıstanla bağlı vəsiqələri ələ
keçirsə sorğu-suala tutulmayacaq. Bu da azmış kimi Pincfilddən Frederikin öz
heyvanları ilə amansız rəftarı haqqında dalbadal dəhşətli xəbərlər gəlirdi.
Deyirdilər ki, o, qoca yabını ölənə qədər döyüb, inəkləri ac saxlayıb, itini diri-diri
downloaded from KitabYurdu.org
59
sobada yandırıb. Axşamlar isə ayaqlarına ülgüc bağladığı xoruzları döyüşdürərək
onların biri-birlərini al qana qərq etmələrindən ləzzət alır. Həmcinslərinin başına
açılan oyunları eşidən heyvanların damarlarındakı qan intiqam eşqi ilə qaynayırdı.
Bəzən qüvvə toplayıb Pinçfildə hücuma keçmək, insanları qovub əsarətdəki
heyvanları azad etmək çağırışları eşidilirdi. Lakin hər dəfə Çığırğan onlara çiy
hərəkətlərdən çəkinməyi və bütünlüklə yoldaş Napoleonun strategiyasına
arxalanmağı məsləhət görürdü.
Frederikə qarşı çevrilmiş əhvali-ruhiyyə isə güclənməkdə idi. Bir bazar günü səhər
qəflətən Napoleon anbarda peyda oldu, ağac materialının Frederikə satılması
haqqında heç vaxt danışıq aparmadığını elan etdi. Belə bir dəyyusla işbirliyinə
girməyi öz şərəf və ləyaqətinə sığışdırmadığını bildirdi. Hələ də Üsyan xəbərini
yaymaq üçün xaricə göndərilən göyərçinlərə Foksvuda uçmaq qadağan edildi. Eyni
zamanda köhnə "Insanlığa ölüm!" şüarının "Frederikə ölüm!"lə əvəz olunması
qərara alındı. Yayın sonunda Snoubollun daha bir xəyanətinin üstü açıldı. Fermaya
gizli gecə səfərlərinin birində toxumluq taxıla alaq otları toxumu qarışdırdığı
aşkara çıxarıldı. Bu işdə Snoubolla yardım etmiş erkək qaz Çığırğanın qarşısında
günahlarını boynuna aldı və dərhal da zəhərli xanımotu yeyərək intihar etdi.
Heyvanlar onu da öyrəndilər ki, Snouboll heç zaman "Birinci dərəcəli qəhrəman
heyvan" ordeni ilə təltif edilməyib (lakin bir çoxları buna inanmışdılar). Bu sadəcə
"Pəyə döyüşündən" bir müddət sonra Snoubollun özünün yaydığı uydurma idi. O,
nəinki təltif edilib, əksinə, həlledici döyüşdəki qorxaqlığına görə ittihamla üzləşib.
Doğrudur, yenə də bəzi heyvanlar bu xəbəri eşidərkən bir az tutulan kimi oldular.
Lakin Çığırğan onları yaddaşlarının korlandığına tez inandıra bildi.
Payızda böyük, ağır zəhmət sayəsində biçin uğurla başa çatdırıldı və eyni vaxtda
dəyirmanın tikintisi də tamamlandı. Doğrudur, hələ avadanlıq quraşdırılmamışdı.
Uimper onların alınması üçün danışıqlar aparırdı. Amma tikinti qurtarmışdı. Bütün
çətinliklərə, təcrübənin azlığına, alətlərin ibtidailiyinə, Snoubollun məkrli
xəyanətlərinə baxmayaraq dəyirman düz müəyyən olunan gündə istifadəyə
verilmişdi. Yorğun, lakin qürurlu heyvanlar öz şah əsərlərinin ətrafında
yorulmadan dövrə vururdular. Indiki tikili onların gözünə birincisindən də gözəl
downloaded from KitabYurdu.org
60
görünürdü. Üstəlik divarlar əvvəlkindən iki dəfə qalın idi. Onlara partlayıcı
maddədən başqa heç nəyin gücü çatmazdı. Heyvanlar burada necə can
qoyduqlarını, hansı çətinlikləri dəf etdiklərini düşünür, tezliklə dəyirmanın
pərlərinin fırlanacağını, naqillərlə elektrik cərəyanı axacağını və bütün bunların
sayəsində həyatın tamam dəyişəcəyini göz önünə gətirir, yorğunluqlarını unudaraq
zəfər sədaları ilə dəyirmanın dörd bir tərəfinə dolanırdılar. Köpəklərin və xoruzun
müşaiyəti ilə Napoleon da işlə tanış olmağa gəldi. O, böyük nailiyyət münasibəti
ilə heyvanları təbrik etdi və tikilinin "Napoleon adına dəyirman" adlandırılacağını
bildirdi.
Iki gündən sonra hamı anbardakı xüsusi iclasa dəvət olundu. Napoleon ağac
materialının Frederikə satıldığını elan edəndə heyvanların çoxu heyrətdən özlərini
itirdilər. Sabah Frederikin arabalarının gəlib yükü aparacağı bildirildi. Bütün
bunlar Napoleonun üzdə Pilkinqtonla dostluq münasibətləri saxladığı müddət
ərzində arxada Frederiklə gizli razılaşma əldə etdiyini göstərirdi.
Foksvudla bütün əlaqələr kəsildi. Pilkinqtona təhqiramiz məktub göndərildi.
Göyərçinlərə bundan sönra Pinçfild üzərindən uçmamaq və "Frederikə ölüm!"
şüarını "Pilkinqtona olüm!" şüarı ilə əvəz etmək tapşırıldı. Eyni zamanda Napoleon
heyvanları inandırdı ki, guya Frederikin təhriki ilə Heyvanıstan üzərinə yürüş
haqqındakı şaiyələr tamamilə əsassızdır, onun öz fermasındakı heyvanları
incitməsi ilə bağlı əhvalatlar isə həddindən artıq şişirdilmişdir. Bu şaiyələri
Snoubolla əlaltılarının yaydıqları daha ağlabatandır. Digər tərəfdən, Snoubollun
nəinki Pinçfilddə gizlənməsi, ümumiyyətlə, ayağının yerli-dibli bu torpağa
dəyməməsi faktı öz təsdiqini tapmışdır. Deyildiyinə görə o, böyük cah-cəlal
içərisində Foksvudda yaşayır. Və həqiqətən də bütün bu müddət ərzində
Pilkinqtondan böyük maddi yardım almışdır.
Napoleonun bicliyi donuzları vəcdə gətirmişdi. O, üzdə özünü Pilkinqtonun dostu
kimi göstərərək Frederiki materialın hər kub metrinin qiymətini on iki funta
qaldırmağa məcbur etmişdi. Lakin Çığırğanın da dediyi kimi, Napoleonun
hüdudsuz müdrikliyi onun heç kimə, hətta Frederikə də inanmamasında idi.
Frederik material almaq üçün "çek" adlanan hansısa bir kağız parçası ödəmək
downloaded from KitabYurdu.org
61
istəyirmiş. Guya sonra bu kağızda yazılan məbləğə bankdan pul götürmək
mümkündür. Lakin Napoleonun başını belə şeylərlə aldatmaq olmaz! O,
Frederikdən pulu beşfuntluq əskinaslarla nəqd ödəməyi tələb edib. Həm də pul
ağac materialı aparılmamışdan əvvəl ödənməlidir. Frederik artıq bu tələbi yerinə
yetirib. Onun verdiyi pul dəyirmana avadanlıq almaq üçün kifayət edir.
Bu arada satlıq mal fermadan ildırım sürəti ilə yoxa çıxdı. Materiallar daşınıb
qurtaran gün Frederikdən alınan əskinaslara tamaşa etmək məqsədi ilə anbarda
heyvanların yeni ümumi toplantısı çağırıldı. Iki ordenini də yaxasına taxan
Napoleon sifətində özündən razı bir təbəssümlə anbarın baş tərəfindəki hündür
yerdə, saman doldurulmuş döşəyin üstündə oturmuşdu. Onun qarşısında fermanın
mətbəxindən götürülmüş çini boşqabda səliqə ilə çinlənmiş əskinaslar vardı.
Heyvanlar sıra ilə boşqabın qabağından keçir və gözlərini zilləyib pullara
baxırdılar. Bokser özünü saxlaya bilməyib burnunu boşqaba uzatdı. Onun
nəfəsindən əskinaslar xışıltı ilə tərpəndilər.
Üç gün sonra dəhşətli səs-küy qopdu. Rəngi ağarmış Uimper velosipeddə sürətlə
həyətə daxil olub başı alovlu ferma binasına girdi. Bir an keçməmiş Napoleonun
iqamətgahından bağırtı eşidildi. Hadisə haqqında xəbər fermanın altını üstünə
çevirdi. Sən demə əskinaslar saxta imiş. Belə çıxırdı ki, Frederik materiala müftə
yiyələnib!
Napoleon dərhal heyvanları topladı və qorxunc səsi ilə Frederikə ölüm hökmü
çıxardığını elan etdi. Ələ keçən kimi bu yaramazın diri-diri qazanda
qaynadılacağını bildirdi. Belə xəyanətdən sonra ən pis hadisələrin də mümkün
olması barəsində xəbərdarlıq etdi. Frederiklə adamları çoxdan gözlənilən
hücumlarını hər an həyata keçirə bilərdilər. Dərhal fermanın giriş-çıxışlarında
qarovullar yerləşdirildi. Dörd göyərçin xüsusi vasitəçilik missiyası xahişi ilə
Foksvuda göndərildi. Məktubda tezliklə Pilkinqtonla xoş münasibətlərinin bərpa
ediləcəyinə ümid ifadə olunurdu.
Hücum ertəsi gün başlandı. Novbətçi Frederiklə adamlarının artıq beş laylı
darvazanın qarşısında olması xəbərini gətirəndə səhər yeməyi yeyilirdi. Heyvanlar
cəsatərlə düşmənin qarşısına çıxdılar. Lakin bu dəfə "Pəyə döyüşündə"ki kimi asan
downloaded from KitabYurdu.org
62
qələbə qazanmaq mümkün olmadı. Onları təxminən yarısı tüfənglə silahlanmış on
beş insan qarşıladı və dərhal da təxminən əlli yardlıq məsafədən atəş açmağa
başladılar. Heyvanlar dəhşətli patıltı səslərinə və güllə vıyıltılarına tab gətirə
bilmirdilər, ona gorə də Napoleonla Bokserin ruhlandırıcı çağırışlarına baxmayaraq
tezliklə geri çəkilməyə başladılar. Çoxu artıq yaralanmışdı. Nəhayət qaçıb ferma
binasında özlərinə sığınacaq tapdılar və qorxu içərisində gözlərini divardakı dəlmə-
deşiklərə yapışdırdılar. Dəyirman da daxil olmaqla bütün otlaq yerləri düşmənin
əlinə keçmişdi. Bu dəqiqələrdə hətta Napoleon da özünü itirmişdi. O, səssizcə bir
küncdən o biri küncə addımlayır, yuxarı dikəlmiş irtməyi əsəbiliklə titrəyirdi.
Kədər dolu baxışlar Foksvuda zillənmişdi. Əgər Pilkinqtonla adamları köməyə
gəlsəydilər bu günkü günü qələbə ilə başa vurmaq olardı. Elə bu vaxt dünən
Pilkinqtonun fermasına göndərilən dörd göyərçin geri qayıtdı. Onlardan biri
dimdiyində Pilkinqtondan məktub gətirmişdi. Kağız parçasında etinasızcasına
"Sizə bu da azdır!" sözləri qaralanmışdı.
Frederiklə adamları isə artıq dəyirmana çatmışdılar. Heyvanlar qorxu içərisində
onlara baxırdılar. Ətrafa ümidsiz pıçıltılar yayılırdı. Adamlardan ikisi ling və çəkic
gətirib bünövrə tərəfdən dəyirmanın divarını uçurmağa başladılar.
-Faydası yoxdur!-deyə Napoleon qışqırdı. -Biz elə divar tikməmişik ki, onu linglə
uçurmaq olsun. Bir həftəyə də uçura bilməzlər. Cəsarətli olun, yoldaşlar!
Bencamin divarın yanındakı adamları diqqətlə müşahidə edirdi. Bu iki nəfər ling
və çəkiclə dəyirmanın bünövrəsində oyuq açırdılar. Bencamin ümidsizlə başını
yellədi.
-Mən elə belə də düşünürdüm!-dedi. -Görürsünüz nə edirlər? Indi oyuğa partlayıcı
maddə qoyacaqlar.
Heyvanlar vahimə içərisində gözləyirdilər. Sığınacaqdan çıxmaq qorxulu idi. Bir
neçə dəqiqədən sonra müxtəlif istiqamətlərə qaçan insanlar göründü. Ardınca
qulaqbatırıcı gurultu səsi eşidildi. Göyərçinlər havaya milləndilər. Napoleondan
başqa bütün heyvanlar üzüqoylu döşəməyə sərələnib üzlərini gizlətdilər. Onlar
başlarını qaldıranda az öncə dəyirmanın olduğu yerdə böyük qara tüstü topası
vardı. Tədricən külək tüstü dumanını qovub dağıtdı. Dəyirman yox olmuşdu!
downloaded from KitabYurdu.org
63
Bu mənzərə heyvanların cəsarətini özlərinə qaytardı. Insanların bu yaramazlığı və
rəzilliyi bir an əvvəl hiss etdikləri qorxu və ümidsizlik hissinin öz yerini amansız
qəzəbə verməsinə səbəb oldu. Hər tərəfdən dəhşətli intiqam çağırışları eşidildi.
Heyvanlar heç bir əmr gözləmədən irəli atıldılar, düşmənin üstünə yürüdülər.
Həmin anlarda onlar mismar kimi bədənlərinə batan güllələrin ağrısını da hiss
etmirdilər. Amansız, dəhşətli döyüş başlanmışdı. Insanlar aramsız atəş açırdılar.
Heyvanların lap yaxına gəldiyini görəndə isə dəyənəklərini və ağır təpiklərini işə
salırdılar. Bir inək, üç qaz və iki qoyun öldürüldü. Demək olar ki, hamı
yaralanmışdı. Hətta döyüş əməliyyatına arxadan rəhbərlik edən Napoleon da
düşmən gülləsindən irtməyinin ucunu itirməli olmuşdu. Amma insanlar da
canlarını asan qurtarmamışdılar. Onlardan üçünün başı Bokserin təpiyi ilə
əzilmişdi, birinin qarnı inək buynuzu ilə deşilmişdi, bəzilərnin şalvarı isə Cessi və
Blyübelin dişləri ilə parça-parça edilmişdi. Napoleonun şəxsi mühafizə dəstəsindən
olan doqquz köpək onun tapşıırığı əsasında hasarların dibi ilə irəliləyib qəflətən
düşmənin arxasında peyda olanda və qəzəbli hürüşlərlə üstlərinə atılanda insanlar
lap vahiməyə düşdülər. Onlar mühasirəyə alınmaq təhlükəsi ilə üz-üzə qaldıqlarını
anladılar. Frederikin "Nə qədər gec deyil, qaçın, canınızı qurtarın!"-bağırtısı
insanları hərəkətə gətirdi. Canının hayına qalan qorxaq düşmən doyüş
meydanından qaçdı. Heyvanlar onları tarlanın qurtaracağına qədər qovdular və
özlərini vaxtında hasarın o biri tərəfinə ata bilməyənlərə sonuncu zərbələri
endirdilər.
Heyvanlar qalib gəlmişdilər. Ancaq heydən düşmüşdülər, al qan içində idilər.
Onlar asta addımlarla fermaya döndülər. Həlak olmuş dostlarının ot üzərindəki
cəsədlərini görəndə göz yaşlarını saxlaya bilmədilər. Sonra kədərli sükut içərisində
bir neçə saat əvvəl dəyirmanın ucaldığı yerdə toplaşdılar. Bəli, dəyirman yox idi,
zəhmətlərinin son bəhrəsi də puç olub getmişdi. Hətta bünövrənin də bir hissəsi
dağıdılmışdı. Daha keçən dəfəki kimi dəyirmanın bərpasında hazır daşlardan
istifadə edə bilməyəcəkdilər. Daşlar yoxa çıxmışdı. Dəhşətli partlayış onları parça-
parça etmiş və yüz yardlıq məsafəyə səpələmişdi. Elə bil dəyirman heç yerli-dibli
olmamışdı.
downloaded from KitabYurdu.org
64
Heyvanlar fermaya qayıdanda nədənsə döyüş zamanı gözə dəyməyən Çığırğan
qabaqlarına çıxdı. O, quyruğunu nəşə ilə oynadırdı, sifəti sevincdən parıldayırdı.
Heyvanlar ferma binasının yanında təntənəli yaylım atəşlərinin açıldığını eşitdilər.
-Bu nə atəşfəşanlıqdır? -deyə Bokser soruşdu.
-Qələbəmizi bayram edirik! - Çığırğan cavab verdi.
-Hansı qələbəmizi?-deyə Bokser soruşdu. Onun yalı qan içində idi. Nalının birini
itirmişdi, dırnağı parçalanmışdı. Sağrısında bir neçə qəlpə qalmışdı.
-Necə hansı qələbəmizi, yoldaş? Məgər düşməni öz ərazilərimizdən-
Heyvanıstanın müqəddəs torpaqlarından qovub çıxarmamışıqmı?
-Amma insanlar dəyirmanı dağıdıblar. Biz onu iki ilə tikmişdik!
-Nə olsun? Biz yenisini tikəcəyik. Istəsək, lap on dənə yeni dəyirman tikərik.
Yoldaş, siz qələbəmizin böyüklüyünü qiymətləndirə bilmirsiniz. Düşmən üzərində
dayandığımız bütün bu əraziləri tutmuşdu. Indi isə yoldaş Napoleonun müdrik
rəhbərliyi sayəsində biz hər yeri son qarışına qədər geri qaytarmışıq.
-Biz yalnız öz ərazilərimizi azad etmişik, - deyə Bokser dilləndi.
-Hər halda qalib gəlmişik!
Heyvanlar həyətə keçdilər. Bədənindəki qəlpələr Bokseri bərk incidirdi. O,
dəyirmanın bünövrədən başlayaraq yenidən bərpası ilə bağlı qarşıda çox çətin işlər
dayandığını yaxşı başa düşürdü. Fikrində haradan, necə başlayacağını götür-qoy
edirdi. Və həyatında ilk dəfə fikirləşirdi ki, artıq on bir yaşı var, qüvvətli əzələləri
bir zamanlar olduğu kimi möhkəm və davamlı deyil.
Lakin heyvanlar havada yellənən yaşıl bayrağı görəndə, tüfəngdən açılan yeddi
yaylım salam atəşini eşidəndə və Napoleonun təbrik nitqini dinləyəndə hər şeyə
rəğmən böyük qələbə qazandıqlarına inandılar. Döyüşdə həlak olmuş heyvanların
təntənəli dəfn mərasimi keçirildi. Bokserlə Klover lafeti əvəz edən arabaya
qoşulmuşdular. Napoleon özü şəxsən mərasimin önündə gedirdi. Qələbəni bayram
etməyə iki gün ayrılmışdı. Nitqlər söylənir, mahnılar oxunur, tüfəngdən aramsız
atəş açılırdı. Xüsusi şirinlik kimi hər heyvana bir alma, hər quşa iki unsiya dən, hər
itə üç biskvit verildi. Döyüşün "Dəyirman müharibəsi" adlanacağı elan olundu.
Napoleon özünün imzaladığı əmr əsasında yeni "Yaşıl bayraq" ordeni ilə təltif
downloaded from KitabYurdu.org
65
edildi. Qələbə sevinci içərisində saxta əskinaslarla bağlı xoşagəlməz əhvalat çox
tezliklə unuduldu.
Bundan bir neçə gün sonra isə donuzlar fermanın anbarında saxlanan viskini
tapdılar. Bura təzə köçəndə viski nədənsə gözlərinə sataşmamışdı. Həmin gecə
ferma binasından aramsız mahnı sədaları eşidilirdi. Ən təəccüblüsü ara-sıra
"Ingiltərə heyvanları" mahnısının da səslənməsi idi. Təxminən axşam saat onun
yarısında isə başına mister Consun silindrini qoymuş Napoleon arxa qapıdan çıxdı,
həyətdə çaparaq dövrə vurub təzədən içəri girdi. Ertəsi gün fermaya dərin sükut
çökmüşdü. Donuzlardan heç biri gözə dəymirdi. Nəhayət, saat doqquzda Çığırğan
göründü. O, yavaş-yavaş yeriyirdi. Əhvalı pis idi. Gözləri şişmişdi, həmişə dik
duran quyruğu yana sallanmışdı. Bütün görkəmindən xəstə olduğu sezilirdi.
Çığırğan hamını çağırıb onlara kədərli xəbər çatdırmalı olduğunu elan etdi: Yoldaş
Napoleon olür!
Fermanı ağlaşma səsi bürüdü. Binanın qapıları önünə saman tökdülər. Heyvanlar
dırnaqlarının ucunda gəzir, göz yaşı içərisində bir-birlərindən Rəhbər ölərsə
sonrakı aqibətlərinin necə olacağını soruşurdular. Şaiyə dolaşırdı ki, Snouboll
Napoleonun yeməyinə zəhər qatmağa müvəffəq olub. Saat on birdə Çığırğan yeni
məlumatla heyvanların qarşısına çıxdı. Bu dünyanı tərk edərkən yoldaş Napoleon
alkoqollu içki içənlərin ölüm cəzasına məhkum olunmaları ilə bağlı son iradəsini
bildirmişdi.
Lakin axşama yaxın Napoleonun vəziyyəti bir qədər düzəldi. Ertəsi gün səhər isə
Çığırğan yoldaş Napoleonun səhhətinin getdikcə yaxşılaşması barəsində məlumat
verdi. Elə həmin axşam Napoleon artıq vəzifəsinin başında idi. Bir gün sonra
isəxəbər yayıldı ki, o, Uimperi pivə istehsalı barəsində ədəbiyyat gətirmək məqsədi
ilə Uillinqtona ezam etmişdir. Bir həftə sonra Napoleon bağın arxasında vaxtı ilə
təqaüd yaşına çatmış heyvanlara otlaq yeri kimi ayrılan çəmənliyin şumlanmasını
əmr etdi. Heyvanlar otun daha sıx bitməsi üçün çəmənliyə yenidən toxum
downloaded from KitabYurdu.org
66
səpiləcəyini danışırdılar. Lakin tezliklə Napoleonun ora arpa əkilməsi ilə bağlı
göstəriş verdiyi məlum oldu.
Təxminən elə eyni vaxtda izahı çox çətin başa düşülən qəribə hadisə baş verdi.
Gecə saat on iki radələrində həyətdə bərk gurultu səsi eşidildi. Heyvanlar dərhal
tövlələrindən bayıra çıxdılar. Aylı gecə idi. Anbarın arxa divarının dibində, Yeddi
Prinsipin yazıldığı yerdə ortadan parçalanmış nərdivan görünürdü. Nərdivanın
yanında isə hələ də özünə gələ bilməyən Çığırğan eşələnirdi. Bir az aralıda fanar,
fırça və ağzı üstə aşmış ağ rənglə dolu vedrə vardı. Köpəklər dərhal Çığırğanı
əhatəyə alıb ferma binasına apardılar. Mənalı tərzdə başını bulayan, bütün görkəmi
ilə hər şeyi başa düşdüyünü, lakin danışmaq istəmədiyini nümayiş etdirən
Bencamindən başqa heyvanlardan heç biri burada nə baş verdiyini təsəvvürünə də
gətirmirdi.
Lakin bir neçə gün sonra Yeddi Prinsipi elə-belə, özü üçün oxuyan Müriel burada
heyvanların düzgün xatırlamadıqları başqa bir prinsipin də olduğunu aşkara
çıxarmışdı. Onlar indiyə qədər Beşinci Prinsipdə "Heyvanlar spirtli içkilər
içmirlər" yazıldığını düşünürdülər. Əslində buradakı iki sözü diqqətdən
qaçırmışdılar. Prinsip belə idi: "Heyvanlar QƏDƏRINDƏN ARTIQ spirtli içkilər
içmirlər".
IX F Ə S İ L
Bokserin parçalanmış dırnağının sağalması uzun çəkdi. Qələbənin bayram edilməsi
başa çatan kimi heyvanlar dəyirmanın bərpasına başladılar. Bokser isə əlavə bir
gün də itirməyə razı olmadı. Yarasının onu incitdiyini kimsənin bilməməsi Bokser
üçün bir şərəf məsələsinə çevrilmişdi. Lakin axşam Kloverə yaralanmış dırnağının
bərk ağrıdığını demişdi. Klover onun ayağına ağzında gövşəyib əzdiyi otlardan
məlhəm qoymuşdu. Həm özü, həm də Bencamin xahiş etmişdilər ki, özünü çox
üzüb əldən salmasın. Klover "Atların ciyəri əbədilik deyil!" -sözləri ilə dostunun
başına ağıl qoymağa çalışmışdı. Lakin Bokser onu dinləmək istəməmişdi, indi
downloaded from KitabYurdu.org
67
həyatda yalnız bir amalla - təqaüdə çıxana qədər dəyirmanın tikilib başa
çatdırıldığını görmək amalı ilə yaşadığını bildirmişdi.
Heyvanıstan qanunvericiliyi yeni yaranmağa başlayanda atlar və donuzlar üçün
təqaüd vaxtı 12, inəklər üçün 14, itlər üçün 9, qoyunlar üçün 7, toyuqlar və qazlar
üçün isə 5 yaş həddində hesablanmışdı. Təqaüdlərin miqdarı isə daha sonra
müəyyən edilməli idi. Doğrudur, hələ heç bir heyvan təqaüdə çıxmamışdı. Ancaq
son vaxtlar bu məsələ barəsində çox tez-tez danışırdılar. Artıq bağın arxasındakı
çəmənliyə arpa səpildiyindən indi də böyük otlaq yerinin bir hissəsinin
çəpərlənəcəyi və təqaüdçü heyvanlara orada lazımi şərait yaradılacağı haqqında
şaiyələr gəzirdi. Deyirdilər ki, atların təqaüdü gündə beş funt arpa olacaq, qışda
əlavə on beş funt ot və yerkökü, bayram günlərində isə hətta alma veriləcək.
Bokserin on iki yaşı gələn il yayın sonunda tamam olacaqdı.
Həyat isə getdikcə çətinləşirdi. Qış keçən ilki kimi sərt keçdi. Yem ötən ildəkindən
də az oldu. Köpəklərlə donuzlardan başqa digər heyvanların ərzaq payı
azaldılmlşdı. Çığırğan hamının yeməyinin bərabərləşdirilməsinin animalizm
prinsiplərinə zidd olduğunu bildirirdi. O, heyvanlara asanlıqla sübut edirdi ki,
ƏSLINDƏ onların yemək payı az deyil. Əlbəttə, dəyişiklik olmalıdır. Zaman
keçdikcə, yemək normalarının nizamlanması (Çığırğan həmişə "nizamlanma"
deyir, heç vaxt "azaldılma" sözünü dilinə gətirmirdi) zərurəti yarana bilər. Lakin
Consun vaxtı ilə müqayisədə böyük inkişaf əldə olunub. O, cır səsi ilə tələsik
oxuduğu rəqəmlərlə heyvanları inandırırdı ki, indi Consun dövrü ilə müqayisədə
onların daha çox taxılı, samanı və şəkər çuğunduru var, heyvanlar əvvəlkindən az
işləyirlər, içməli suyun keyfiyyəti yaxşılaşıb, orta ömür uzanıb, azyaşlıların ölümü
kəskin azalıb, tövlələrdəki ot və saman ehtiyatı əvvəlkindən qat-qat çoxdur,
mozalanlardan daha az əziyyət çəkirlər və s. Heyvanlar onun sözünə inanırdılar.
Əslində artıq Cons da, Consla bağlı bütün xatirələr də onların yaddaşından demək
olar ki, silinmişdi. Başa düşürdülər ki, həyatları çətinlik və məhrumiyyətlərlə
doludur, tez-tez aclıqdan və soyuqdan əziyyət çəkirlər, yuxu üçün ayrılan
saatlardan başqa günün bütün vaxtını işləyirlər. Amma şübhə yoxdur ki, əvvəllər
downloaded from KitabYurdu.org
68
bundan da pis olub. Həm də əvvəllər heyvanlar kölə vəziyyətində idilər, indi isə
azaddırlar. "Fərq də elə bundadır!"-deyə Çığırğan hər dəfə vurğulayırdı.
Yemək tələb edən ağızlar isə bir ucdan çoxalırdı. Payızda dord ana donuz demək
olar ki, eyni vaxtda balaladı və otuz bir yeni çoşka dünyaya gəldi. Körpə
donuzların hamısının rəngi ala-bula idi. Fermada yeganə toxumluq donuz
Napoleon olduğundan çoşkaların atalarının kimliyini uzun-uzadı araşdırmağa
ehtiyac yox idi. Kərpic və taxta materialı tapılan kimi ferma həyətinin bağında
məktəb tikiləcəyi elan olundu. Hələlik isə çoşkalar mətbəxdə, Napoleonun şəxsi
nəzarəti altında saxlanırdılar. Oynamağa bağa çıxır, ancaq yaşıdları olan balaca
heyvanlara o qədər də qaynayıb-qovuşmurdular. Elə bu vaxtlar öz-özünə yeni bir
qayda da meydana çıxdı: yolda-çığırda donuzlarla başqa heyvanlar rastlaşanda
ikincilər kənara çəkilib donuza yol verməli idilər. Bundan əlavə, tutduqları
mövqedən asılı olmayaraq bütün donuzlar bazar günləri quyruqlarına yaşıl lent
bağlamaq hüququ qazanmışdılar.
İl ferma üçün uğurlu oldu. Amma pul əvvəlki kimi yenə də çatışmırdı. Məktəb
binası üçün kərpic, çınqıl və əhəng alındı. Indi isə dəyirmana avadanlıq almaqdan
ötrü pul yığmaq lazım idi. Bundan başqa, evi işıqlandırmağa şam və kerosin,
Napoleonun süfrəsinə şəkər (Napoleon kökəldiklərini bəhanə edərək digər
donuzlara şəkər verilməsini qadağan etmişdi) , eləcə də iş alətləri, mıx, kəndir,
kömür, naqil, tənəkə dəmir, itlər üçün biskvit və s. alınmalı idi. Bir taya ot və
kartof məhsulunun bir hissəsi satışa çıxarıldı. Yumurta satışı ilə bağlı müqaviləyə
də dəyişiklik edildi və fermanın hər həftə bazara altı yüz yumurta göndərəcəyi elan
olundu. Beləliklə, toyuqlar heç olmazsa, saylarını eyni səviyyədə saxlamaq üçün
kifayət qədər cücə çıxarmaq imkanını əldən verdilər.
Dekabrdakı ərzaq payı ixtisarının ardınca fevralda da yeni ixtisarlar oldu. Kerosinə
qənaət etmək üçün tövlələrdəki lampalar sondürüldü. Lakin bu məhrumiyyətlərin
donuzlara, deyəsən, heç bir dəxli yox idi. Onlar günü-gündən daha da kökəlirdilər.
Fevral günlərindən birində günorta çağı mətbəxin arxasındakı balaca tikilidən -
Consun vaxtından istifadəsiz qalan otaqdan ətrafa naməlum, ilıq və doyurucu bir iy
yayıldı. Kimsə bunun qovrulmuş arpa iyi olduğunu dedi. Heyvanlar iyi acgözlüklə
downloaded from KitabYurdu.org
69
sinələrinə çəkdilər və fikirləşdilər ki, yəqin arpanı onların şam yeməyinə
qarışdırmaq üçün qovururlar. Ancaq həmin gün isti yemək üzü görən olmadı.
Növbəti bazar günü isə bundan sonra bütün arpa ehtiyatının yalnız donuzlara sərf
ediləcəyi bildirildi. Artıq bağın arxasındakı sahəyə arpa səpilmişdi. Sonra başqa bir
yenilik yayıldı: bundan sonra gündə hər donuza bir pint, Napoleona isə bir qallon
pivə veriləcək. Napoleonun pivə payı bir qayda olaraq "Kroun Derbi" servizinin
qazançasında gətirilirdi.
Lakin taleyin çox acılarını unutduran bir təsəlli vardı: heyvanlar indi əvvəlkindən
qat-qat ləyaqətli yaşadıqlarını başa düşürdülər. Nə qədər mahnılar oxunur, nitqlər
dinlənilir, nümayişlər keçirilirdi! Napoleon həftədə bir dəfə Kortəbii Nümayişlər
adlı tədbirin keçirilməsini əmr etmişdi. Tədbirdən məqsəd Heyvanıstanın
mübarizələrini, zəfərlərini təbliğ və tərənnüm etmək idi. Təyin olunmuş saatlarda
heyvanlar iş yerlərini tərk etməli və qabaqda donuzlar, arxalarınca atlar, inəklər,
qoyunlar, ev quşları və s. olmaqla hərbi addımlarla fermanın ətrafında dövrə
vurmalı idilər. Nümayiş zamanı köpəklər cinahlarda olurdu, hamıdan qabaqda isə
Napoleonun qara xoruzu addımlayırdı. Bokserlə Klover həmişə üzərində buynuz
və dırnaq şəkli, habelə "Yaşasın yoldaş Napoleon!" şüarı olan yaşıl bayrağı
aparırdılar. Ardınca Napoleonun şəninə yazılmış şeirlər oxunur, Çığırğanın
fermada məhsul istehsalının durmadan artması, habelə keçmişin məhrumiyyətləri
ilə bu günkü azad həyatın müqayisəsi üzərində qurulmuş nitqləri dinlənilirdi. Daha
sonra tüfəngdən yaylım atəşi açılırdı. Kortəbii Nümayişlərə ən həvəslə qatılanlar
qoyunlar idi. Əgər kimsə boş yerə vaxt itirmələrindən və soyuqda donmalarından
şikayətlənsə (köpəklər və donuzlar yaxınlıqda olmayanda bir neçə heyvan dilini
dinc qoymurdu) onlar dərhal qulaqbatırıcı "Iki ayaq pisdir, dörd ayaq yaxşıdır!"-
mələrtiləri ilə şikayətlərin eşidilməsinə imkan vermirdilər. Əslində bayram
downloaded from KitabYurdu.org
70
şənliklərindən ləzzət alan heyvanlar da az deyildi. Onların fikrincə, arada-bərədə
nə baş versə də, belə nümayişlər heyvanların öz başlarının ağası olduqlarının və öz
mənfəətləri üçün çalışdıqlarının əsl göstəricisi idi. Ona görə də nümayişçi dəstələr
düzüləndə, mahnılar səslənəndə, Çığırğan rəqəmləri elan edəndə, tüfəngdən yaylım
atəşləri açılanda, bayraqlar havada dalğalananda və xoruz ucadan banlayanda onlar
qarınlarının çoxdan bəri boş olduğunu unudurdular.
Apreldə Heyvanıstan respublika elan olundu və prezident seçmək zərurəti yarandı.
Təbii ki, yalnız bir namizəd - Napoleon vardı və o, yekdilliklə seçildi. Eyni gündə
Snoubollun Consla əlaqələrinin təfərrüatlarını açıqlayan yeni sənədlər aşkara
çıxarıldı. Onun nəinki əvvəllər güman edildiyi kimi "Pəyə doyüşü" zamanı
strategiya pərdəsi altında məğlubiyyət planı cızdığı, hətta açıq şəkildə Consun
tərəfində vuruşduğu bəlli oldu. Sən demə, adamları döyüşə aparan və "Yaşasın
Insanlıq!" şüarı ilə onları ruhlandıram da bir başqası deyil, məhz Snouboll imiş!
Bəzi heyvanların dumanlı şəkildə xatırladıqları Napoleonun kürəyindəki dişlək
yeri də Snoubolun əməli imiş!
Yayın ortalarında bir neçə illik fasilədən sonra əl qarğası Moses qəflətən fermada
peyda oldu. O, heç dəyişməmişdi, əvvəlki kimi işdən yayınır, Noğul dağı haqqında
köhnə nağılını təkrarlayırdı. Budaqların birində yerini rahatlayıb qara qanadlarını
çırpa-çırpa saatlarla onu dinləməyə razı olan hər heyvana eyni şeylər danışırdı.
"Yoldaşlar, orada, yuxarıda, - deyə uzun dimdiyi ilə göyə işarə edirdi, - başınızın
üstündəki qara buludların o tərəfində əsl xoşbəxtlik ölkəsi - Noğul dağı yerləşir.
Biz, zavallı heyvanlar, yer üzündəki əzab-əziyyətlərdən sonra orada dinclik və
rahatlıq tapacağıq". Moses səmaya millənərək Noğul dağında olduğunu, geniş
yonca zəmilərini, üstündə peçenye və qənd bitən kolları gözü ilə gördüyünü iddia
edirdi. Heyvanların çoxu Mosesin sözlərinə həvəslə inanırdı. Belələri düşünürdülər
ki, həyatımız sonsuz zəhmət, əzab-əziyyət, aclıq və soyuq içərisində keçir. Amma
həmişə bu cür davam edə bilməz. Yəqin, haradasa daha yaxşı və ədalətli dünya
mövcuddur. Eyni zamanda donuzların Mosesə münasibəti hamı üçün anlaşılmaz
idi. Onlar Mosesin Noğul dağı ilə bağlı söhbətlərinin başdan-başa yalan və
downloaded from KitabYurdu.org
71
uydurma olduğunu deyirdilər. Amma yenə də əl qarğasına kefi istəyəndə gəlib
fermada qalmağa, hətta gündə dörddə bir pint pivə içməyə icazə verirdilər.
Dırnağı sağalandan sonra Bokser əvvəlkindən də çox işləyirdi. Doğrudur, həmin il
bütün heyvanlar qul kimi çalışmışdılar. Fermadakı gündəlik işlər və dəyirmanın
bərpası ilə yanaşı mart ayından balaca donuzlar üçün məktəb binasının tikintisinə
də başlanmışdı. Ac qarına saatlarla davam edən üzücü işə tab gətirmək olmurdu.
Amma Bokser heç vaxt ruhdan düşmürdü. Sözlərindən və hərəkətlərindən
yorulduğu, gücdən düşdüyü sezilmirdi. Sadəcə, görünüşü dəyişmişdi. Tükü
əvvəlkitək parlamırdı, möhkəm əzələləri sanki boşalmışdı. Heyvanlar deyirdilər ki,
təzə ot çıxan kimi Bokser də dirçələcək. Bahar gəldi, lakin Bokser daha əvvəlki
vəziyyətinə qayıda bilmədi. O, karxanadan sürüyüb apardığı iri daş parçasının
ağırlığına tab gətirmək üçün bütün əzələlərini gərəndə kənardan baxanlara elə
gəlirdi ki, Bokseri ayaq üstə saxlayan yalnız böyük iradi qüvvədir. Belə
dəqiqələrdə onun dodaqları "Mən daha çox işləyəcəyəm!"-sozlərini demək üçün
irəli uzanır, amma səsini çıxarmağa gücü çatmırdı. Bencaminlə Klover ona
sağlamlığının qayğısına qalmaqla bağlı yenə xəbərdarlıq etmişdilər. Bokser isə
əhəmiyyət verməmişdi. On iki yaşının tamam olmağına az qalırdı. Lakin
dəyirmanın bərpası üçün kifayət qədər daş gətirmədən təqaüdə çıxmaq haqqında
düşünmürdü.
Yay axşamlarının birində fermaya Bokserə nə isə olduğu barədə şaiyə yayıldı. O,
təkbaşına iri daş parçasını tikintiyə aparmağa getmişdi. Şaiyə doğru çıxdı. Bir neçə
dəqiqə sonra iki göyərçin bəd xəbərlə geri döndü: "Bokser yıxılıb böyrü üstə qalıb,
ayağa qalxa bilmir".
Heyvanların çoxu dəyirmanın tikildiyi təpəyə tərəf qaçdı. Bokser boynu irəli
uzanmış halda daşların arasına yıxılmışdı. Hətta başını qaldırmağa da heyi yox idi.
Gözləri şüşə kimi hərəkətsiz qalmışdı, böyürləri tərləmişdi. Ağzının kənarlarından
nazik şırımla qan axırdı. Klover onun yanında dizi üstə çökdü.
-Bokser! - deyə qışqırdı, - Sənə nə olub?
-Ciyərim... - Bokser zəif səslə cavab verdi. - Amma boş şeydir. Indi dəyirmanı
mənsiz də tikib qurtara bilərsiniz. Nə qədər daş lazımdırsa, gətirmişəm. Işləri başa
downloaded from KitabYurdu.org
72
çatdırmağa bircə ayım yetmədi. Sənə doğrusunu desəm, artıq istirahət haqqında
fikirləşirdim. Bencamin də daha yaşa dolub. Düşünürdüm ki, bəlkə ikimizə də
birlikdə təqaüdə çıxmağa imkan yaradarlar.
-Təcili kömək lazımdır!-Klover dilləndi.- Tez qaçıb Çığırğana məlumat verin!
Qalan heyvanlar Çığırğana xəbər çatdırmaq üçün tələsik fermaya yollandılar.
Bokserin yanında Kloverlə Bencamin qaldı. Bencamin sakitcə onun böyründə
uzanıb quyruğu ilə mığmığaları qövurdu.. On beş dəqiqə sonra Çığırğan özünü
yetirdi. Canıyananlıq edir, hayıfsılanırdı. O, yoldaş Napoleonun fermanın qabaqcıl
zəhmətkeşlərindən birinin başına gələn bədbəxt hadisədən bərk təəssüfləndiyini və
artıq Bokserin müalicə üçün Uillinqtona, xəstəxanaya göndərilməsi barəsində
göstəriş verdiyini bildirdi. Xəbər heyvanları bir az çətin vəziyyətə saldı. Çünki
Molli və Snoubolldan başqa indiyə qədər ferma ərazisini tərk edən heyvan
olmamışdı. Həm də xəstə yoldaşlarının insanların əlinə düşməsini istəmirdilər.
Lakin Çığırğan heyvanları Uillinqtondakı cərrah baytarın Bokseri fermadakından
qat-qat tez və yaxşı müalicə edəcəyinə asanlıqla inandırdı. Təxminən yarım saat
sonra Bokserin vəziyyəti bir qədər düzəldi. O, çətinliklə yerindən qalxıb ayaqlarını
sürüyə-sürüyə Bencaminlə Kloverin uzanıb dincəlməsi üçün artıq döşəməsinə quru
saman tökdükləri tövləsinə yollandı.
Sonrakı iki gün Bokser tövlədən çıxmadı. Donuzlar ona hamam otağındakı aptek
qutusundan tapdıqları içi çəhrayı rəngli maye ilə dolu böyük dərman şüşəsi
göndərmişdilər. Klover gündə iki dəfə yeməkdən sonra həmin mayeni Bokserə
içirirdi. Axşamlar isə tövlədə onun yanında uzanıb söhbət edirdi. Bencamin də bu
arada boş dayanmır, atmilçəklərini qovurdu. Bokser onlardan hadisəni ürəklərinə
salmamağı xahiş edirdi. Əgər yaxşı müalicə olunsa bundan sonra hələ üç il də
yaşamağa ümidi olduğunu deyirdi. Bu illəri də böyük otlağın bir küncündə
istirahətlə keçirməyi düşünürdü. Həyatında ilk dəfə savadını artırmaq, öz üzərində
işləmək imkanı qazanacaqdı. Bokser təqaüdə çıxandan sonra əlifbanın qalan iyirmi
iki hərfini də oyrənmək niyyətində idi.
Bencaminlə Klover Bokserin yanında yalnız işdən sonra qala bilirdilər. Odur ki,
günorta fermaya Bokseri aparmaq üçün furqon gələndə hamı tarlada idi, donuzların
downloaded from KitabYurdu.org
73
nəzarəti altında çuğundur sahəsinin alağını edirdilər. Heyvanlar Bencaminin ferma
tərəfdən dordnala qaçdığını və var səsi ilə çığırdığını eşidəndə bərk
təəccübləndilər. Ilk dəfə idi ki, Bencamini belə həyəcanlı görürdülər. Onun nə
vaxtsa belə tələsdiyi də heç bir ferma sakininin yadına gəlmirdi. "Tez! Tez!
Hamınız gəlin! Onlar Bokseri aparırlar!"-deyə Bencamin qışqırırdı. Heyvanlar
nəzarətçi donuzların icazəsini gözləmədən işi buraxıb tələsik fermaya qaçdılar.
Doğrudan da həyətdə iki at qoşulmuş üstü örtülü böyük furqon dayanmışdı.
Furqonun böyrünə nə isə yazılmışdı. Qozlada üz-gözündən biclik yağan balacaboy
bir adam şlyapasını gözünün üstünə basıb oturmuşdu. Bokserin tövlədəki yeri boş
idi.
Heyvanlar furqonu dövrəyə aldılar. "Hələlik, Bokser!-deyə xorla qışqırışırdılar. -
Hələlik! Gorüşənə qədər!"
-Səfehlər! Başıboşlar!- Bencamin ətrafda dövrə vurub dırnaqları ilə torpağı göyə
sovuraraq qışqırdı.-Kütbeyinlər! Görmürsünüz furqonun böyründə nə yazılıb?"
Heyvanlar furqona baxdılar. Ortalığa sükut çokdü. Müriel hərfləri hoccələməyə
başladı. Lakin Bencamin onu kənara itələyib lal səssizlik içərisində bərkdən oxudu:
"Alfred Simmonc. At Sallaqxanası və Sabun Bişirmə. Uillinqton. Dəri və Sümük
emalı. It Yemi". Başa düşmürsünüz bu nə deməkdir? Onlar Bokseri sallaqxanaya
aparırlar.
Bütün heyvanların sinəsindən dəhşətli fəryad qopdu. Elə bu anda qozladakı adamın
qamçısı havada vıyıldadı, atlar yerindən götürüldü. Heyvanlar da var səsləri ilə
çığıraraq furqonun dalınca qaçdılar. Klover özünü qabağa atdı. Furqon sürətini
daha da artırdı. Klover ağır paçalarının imkan verdiyi qədər bərk qaçmağa çalışırdı.
"Bokser!-deyə o qışqırırdı.- Bokser! Bokser! Bokser!" Elə bu anda ətrafdakı səs-
küyü eşidən Bokserin qaşqa alnı furqonun arxa pəncərəsindən göründü.
-Bokser! - Klover qorxunc səslə qışqırdı. - Bokser! Tez ol! Yerə atıl! Onlar səni
öldürməyə aparırlar!
Hamı xorla qışqırışırdı: "Bokser! Yerə atıl! Yerə atıl!". Lakin furqon artıq sürətini
artırmış, heyvanlar arxada qalmışdılar. Bokserin Kloverin sözlərini başa düşüb-
düşmədiyi də bəlli deyildi. Bir an sonra onun üzü pəncərədən çəkildi və içəridən
downloaded from KitabYurdu.org
74
zərblə furqonun divarlarına çırpılan təpik səsləri eşidildi. Bokser özünü qurtarmağa
çalışırdı.Bəzi anlarda heyvanlara elə gəlirdi ki, bu dəqiqə Bokserin təpik
zərbələrinndən furqon param-parça olacaq. Lakin heyhat! Artıq onun gücü
tükənməkdə idi. Zərbələrinin səsi hər dəfə daha zəif eşidilirdi. Sonra isə tam
sakitlik yarandı. Ümidsizlikdən başlarını itirmiş heyvanlar furqona qoşulmuş atlara
müraciət etdilər. "Yoldaşlar! Yoldaçlar!-deyə onlar qışqırırdılar.- Oz qardaşınızı
ölümə aparmayın!" Lakin heç bir şey anlamayan bu kütbeyin məxluqlar qulaqlarını
qısaraq daha bərk qaçmağa başladılar. Bokserin sifəti bir daha furqonun
pəncərəsindən görünmədi. Son anda heyvanlardan bəzilərinin ağlına qaçıb beşlaylı
darvazanı bağlamaq fikri gəldi. Lakin artıq gec idi. Furqon darvazadan çıxıb böyük
yolda gözdən itdi. Heyvanlar bir daha Bokseri görmədilər.
Üç gün sonra həyatını xilas etmək üçün göstərilən bütün səylərə baxmayaraq onun
Uillinqton xəstəxanasında keçindiyi elan olundu. Xəbəri heyvanlara çatdırmaq
üçün Çığırğan özü gəlmişdi. Dediyinə görə, həyatının son saatlarına qədər
Bokserin yatağının yanından çəkilməmişdi.
-Bu bütün ömrüm boyu gördüyüm ən təsirli səhnə idi. - deyə Çığırğan dırnağı ilə
göz yaşlarını silərək danışırdı.-Axırıncı dəqiqəyə qədər onun yatağının başında
dayanmışdım. Ən son anda, dodaqlarını qulağıma yaxınlaşdırıb bizdən həmişəlik
ayrılarkən yeganə dərdinin yalnız dəyirmanın yarımçıq qalması olduğunu dedi.
"Irəli, yoldaşlar!-deyə pıçıldadı. - Üsyanımız naminə irəli! Yaşasın Heyvanıstan!
Yaşasın yoldaş Napoleon! Napoleon həmişə haqlıdır!" - Bunlar Bokserin son
sözləri idi, yoldaşlar!
Bu yerə çatanda Çığırğanın sifəti dəyişildi. Bir anlıq susdu, yenidən nitqinə davam
etməzdən əvvəl xırda gözləri ilə şübhəli-şübhəli dörd bir tərəfə baxdı.
Çığırğan daha sonra Bokserin müalicəsi zamanı fermada yayılan səfeh və qərəzli
şaiyələrdən xəbəri olduğunu bildirdi. Kimsə Bokseri xəstəxanaya aparan furqonun
böyründə "At Sallaqxanası" sözlərini oxuyub və buradan tələsik belə nəticə
çıxarılıb ki, guya onu öldürməyə aparırlar. "Hər hansı bir heyvanın bu dərəcədə
downloaded from KitabYurdu.org
75
axmaq olması inanılmaz şeydir!" - deyə Çığırğan quyruğunu yuxarı qaldırıb sola-
sağa atıla-atıla qışqırırdı. -Bəlkə belələri bu məsələləri sevimli rəhbərimiz yoldaş
Napoleondan daha yaxşı bilirlər? Əslində hər şeyin çox sadə izahı var. Əvvəllər bu
furqon həqiqətən də sallaqxananın olub. Lakin sonra baytarlıq xəstəxanası onu
satın alıb. Sadəcə köhnə yazıların üstünü rəngləməyə imkan olmayıb.
Anlaşılmazlıq da buradan əmələ gəlib".
Heyvanlar bu sözləri eşidib içərilərində bir rahatlıq duydular. Sonra Çığırğan olüm
yatağında olan Bokserə böyük qayğı göstərilməsindən, Napoleonun əsla tərəddüd
etmədən onun müalicəsi üçün ən bahalı dərmanlar alınmasına göstəriş verməsindən
yerli-yataqlı danışdı və nəticədə heyvanların sonuncu şübhələri də dağıldı.
Ürəklərində yoldaşlarının itkisindən yaranan kədər hissi öz yerini Bokserin xoşbəxt
ölümü ilə bağlı işıqlı düşüncələrə verdi.
Novbəti bazar günü səhər Napoleon şəxsən özü toplantıya gəldi və Bokser
haqqında qısa nitq söylədi. "Təəssüf ki,-dedi, - mərhum yoldaşımızın nəşinin
qalıqlarını gətirib fermanın ərazisində dəfn etmək mümkün deyildir. Lakin mən
artıq fermanın bağında dəfnə budaqlarından böyük bir əklil hazırlamağı və onu
bizim adımızdan Bokserin məzarı üzərinə qoymağı əmr etmişəm. Bir neçə gün
sonra isə donuzlar Bokserin ruhunun şərəfinə böyük ziyafət verməyi təklif edirlər".
Napoleon nitqini mərhum Bokserin tez-tez təkrarladığı iki cümlə ilə bitirdi: "Mən
daha çox işləyəcəyəm!" və "Yoldaş Napoleon həmişə haqlıdır!". Daha sonra əlavə
etdi: "Hər bir heyvan bu sözləri səmimiyyətlə qəbul edib öz həyat şüarına
çevirməlidir".
Ziyafət günü dükançının furqonu Uillinqtondan fermaya böyük taxta çəllək gətirdi.
Axşam isə ferma binasından bağırtı ilə oxunan mahnılar eşidilməyə başladı. Sonra,
deyəsən, qalmaqal başlandı və vəhşi çığırtılar ətrafa yayıldı. Saat on birdə cingilti
ilə sınıb yerə tökülən şüşə səsləri ilə ziyafət başa çatdı. Ertəsü gün günortaya qədər
fermada heç bir donuz gözə dəymədi. Ortalıqda onların haradansa pul tapıb viski
almaları haqqında şaiyələr dolaşırdı.
X F Ə S İ L
downloaded from KitabYurdu.org
76
İllər keçirdi. Yazlar və payızlar biri-birini əvəz edir, qısa heyvan ömürləri başa
çatırdı. Nəhayət, elə bir gün gəldi ki, fermada Klover, Bencamin, əl qarğası Moses
və donuzlardan başqa Üsyandan əvvəlki köhnə vaxtları xatırlayan bir heyvan
qalmadı.
Müriel vəfat etmişdi. Artıq Blyübell, Cessi və Pinçer də olmüşdülər. Cons da
həyatını haradasa uzaqlarda, içki düşkünləri üçün olan sığınacaqda başa vurmuşdu.
Snouboll yaddan çıxmışdı. Onu yaxından tanıyan bir neçə heyvanı çıxmaq şərti ilə,
Bokseri də xatırlayan yox idi. Klover qocalıb şişmanlamışdı, dizləri bükülməyən,
gözləri daim irinləyən qoca yabıya çevirmişdi. Təqaüd yaşından iki il keçirdi, lakin
indiyə qədər heç bir heyvan təqaüdə göndərilməmişdi. Otlaq sahəsinin bir
hissəsinin təqaüdçü heyvanlara veriləcəyi haqqındakı söhbətlər çoxdan
unudulmuşdu. Napoleon çəkisi yüz əlli kiloya çatan nəhəng, heybətli qabana
çevrilmişdi. Çığırğan o qədər kökəlmişdi ki, göz qapaqlarını güclə açırdı. Yalnız
qoca Bencamin dəyişməmişdi. Düzdür, sifətinin tükləri bir az ağarmışdı. Bir də
Bokserin ölümündən sonra lap qaraqabaq olmuş, öz içinə çəkilmişdi.
Təbii artım uzun illər bundan əvvəl gözlənilən kimi böyük olmasa da, indi fermada
xeyli heyvan yaşayırdı. Yeni doğulanların əksəriyyəti üçün Üsyan illərin arxasında
qalan və sadəcə əks-sədası yaşayan dumanlı bir ənənə idi. Yeni alınanlar isə
özlərindən əvvəl baş vermiş hadisələrdən xəbərsiz idilər. Kloverdən başqa fermada
indi üç təzə at da yaşayırdı. Onlar namuslu heyvan, vicdanlı işçi və yaxşı yoldaş
kimi tanınırdılar. Lakin çox səfeh idilər. Heç biri əlifbanı "B" hərfindən o yana
öyrənə bilməmişdi. Onlar Üsyan və animalizm prinsipləri haqqında danışılanların
hamısı ilə razılaşırdılar. Xüsusən də bu söhbətləri hər üçünün hörmətlə
yanaşdıqları Kloverdən eşidəndə inamları daha da artırdı. Lakin eşitdiklərindən nə
isə anlamaları böyük sual altında idi.
Işlərin yaxşı təşkili sayəsində ferma daha da inkişaf etmişdi. Mister Pilkinqtondan
alınmış iki yeni sahənin hesabına hətta ərazi də genişlənmişdi. Nəhayət,
dəyirmanın tikintisi uğurla başa çatdırılmışdı. Taxıldöyən maşın alınmış, elevator
və bir neçə yeni bina tikilmişdi. Uimper özünə ekipaj almışdı. Lakin
downloaded from KitabYurdu.org
77
yeldəyirmanından elektrik işığı əldə etmək niyyəti baş tutmamışdı. Burada un
üyüdülür və yaxşı qazanc götürülürdü. Dəyirmanın tikilməsi iiə heyvanların əzab-
əziyyəti başa çatmamışdı. Indi də burada dinamo quraşdırılmalı idi. Ancaq
Snoubollun bir zamanlar heyvanlara təsvir etdiyi bolluq və rifah- tövlələlrdə
elektrik işığı, isti və soyuq su, üç günlük iş həftəsi haqqında daha heç kim
danışmırdı. Napoleon belə ideyaların animalizm ruhuna zidd səsləndiyini elan
etmiş, həqiqi xoşbəxtliyin yalnız ağır zəhmət və sadə həyatda olduğunu
bildirmişdi.
Fermanın get-gedə zənginləşdiyini görməmək olmazdı. Amma donuzlardan və
köpəklərdən başqa bu zənginliyin heç bir heyvana faydası yox idi. Bəlkə də, çoxlu
donuz və köpək olması sayəsində belə təsəvvür yaranırdı. Təbii ki, onlar yaxalarını
işdən kənara çəkmirdilər. Çığırğanın yorulmadan təkrarladığı kimi, donuzların
üzərinə fermadakı işlərin təşkili və nəzarətin həyata keçirilməsi kimi çox ağır
vəzifə düşürdü. Səviyyələri çatmadığından heyvanların çoxunun bu işlər haqqında
sadəcə təsəvvürləri yoxdu. Məcələn, Çığırğan izah edirdi ki, donuzlar hər gün
saatlarla "məlumat", "hesabat", "arayış", "protokol", "yaddaş qeydi" kimi mühüm
işlərlə məşğul olurlar. Bunlar böyük kağız vərəqələrdə sıx xətlə yazılırdı. Yazılıb
tamam¬lanandan bir müddət sonra isə fermanın buxa¬rısında yandırılırdı.
Çığır¬ğan deyirdi ki, fermanın rifahı üçün bu sənədlər son dərəcə zəruridir. Lakin
indiyə qədər donuzlarla köpək¬lər öz zəhmətləri ilə heç bir məhsul istehsal
etməmiş¬dilər. Əvəzində isə hə¬mişə əla iştahları ilə seçilirdilər.
Digər heyvanlar isə həyatlarında elə bir ciddi dəyişiklik baş vermə¬diyinin
fərqində idilər. Həmişə aclıq hiss edir¬dilər, gölməçələrdən çirkli su içirdilər,
əprimiş samanın üstündə yatır və gecə-gündüz tarlada çalışırdılar. Qışda soyuqdan,
yayda isə mığmığa və ağcaqanadlardan əziyyət çəkirdilər. Bəzən aralarındakı yaşlı
heyvanlar dumanlı xatirələrini eşələyir, Üsyanın ilk günlərində, Cons qovulandan
dərhal sonra indikindən yaxşı, yoxsa pis yaşadıqlarını aydınlaşdırmağa çalışırdılar.
Amma heç nə xatırlaya bilmirdilər. Indiki həyatlarını keçmişlə müqayisə etmək
üçün əllərində Çığırğanın rəqəmlərindən başqa heç bir məlumat yox idi. Çığırğan
isə hər dəfə çoxsaylı rəqəmlərin köməyi ilə vəziyyətin günbəgün yaxşılaşdığını
downloaded from KitabYurdu.org
78
sübuta yetirirdi. Heyvanlar həllolunmaz müşküllə qarşılaşdıqlarını başa düşürdülər.
Bir də ki, ümumiyyətlə bu məsələlər ətrafında müzakirə aparmaq üçün vaxtları yox
idi. Yalnız qoca Bencamin uzun illərin hər bir təfərrüatını yaxşı xatırlayırdı. Və
bilirdi ki, işlər həmişə eyni qayda ilə gedib - nə çox yaxşı olub, nə də çox pis.
Aclıq, məhrumiyyət, ümidsizliklər biri-birini əvəzləyib. Bencamin deyirdi ki, bu
həyatın dəyişməz qanunudur.
Lakin heyvanlar heç vaxt ümidlərini itirmirdilər. Eyni zamanda Heyvanıstan sakini
olmağın gətirdiyi qürur və şərəf duyğusunu yaddan çıxarmırdılar. Onlar hələ də
bütün Ingiltərə ərazisində heyvanların özlərinə məxsus olan və özləri tərəfindən
idarə edilən yeganə ferma sakinləri idilər! Heyvanlardan heç biri - hətta ən
cavanları da, Heyvanıstandan on beş-iyirmi millik məsafədəki fermalardan bura
pənah gətirənlər də möcüzə ilə bağlılıq hissini itirmirdilər. Yaylım atəşinin səsini
eşidəndə, yaşıl bayrağın səmada qürurla dalğalandığını görəndə ürəkləri iftixar
hissi ilə döyünürdü. Söhbət dərhal Consun qovulduğu, Yeddi Prinsipin işlənib
hazırlandığı, işğalçı insanların amansız döyüşlərdə məğlubiyyətə uğradıldığı uzaq
və əfsanəvi günlərə gedib çıxırdı. Köhnə arzuların heç biri yaddaşlardan
silinməmişdi. Qoca Mayorun Ingiltərənin insan tapdağından xilas olmuş yaşıl
çöllərində qurulacaq Heyvanıstan Respublikası ilə bağlı arzularına inam hələ də
böyük idi. Həmin gün gələcəkdi. Bu lap tezliklə də ola bilərdi. Yaxud indiki
heyvan nəsli həmin günü görməyə bilərdi. Lakin o gün mütləq gələcəkdi! Hətta
gizlicə "Ingiltərə heyvanları" mahnısının melodiyası fermanın künc-bucağında
səslənirdi. Bərkdən oxumağa cürət etməsələr də, heyvanların çoxu bu manhını
bilirdilər. Bəli, ola bilsin ki, həyat çətin idi. Bəlkə də bütün arzuları çin olmamışdı.
Lakin istənilən halda onlar başqa heyvandan fərqləndiklərini anlayırdılar. Əgər ac
qalırdılarsa, bunun səbəbi qəddar insan nəslini yedirdib-bəsləmələri deyildi, əgər
çox işləyirdilərsə, yenə də özləri üçün işləyirdilər. Aralarında iki ayağı üstə gəzən
bir varlıq yox idi. Heç bir heyvan başqasına "Cənab" deyə müraciət etmirdi. Bütün
heyvanlar bərabər idilər.
Yayın ilk günlərindən birində Çığırğan qoyunlara ardınca gəlməyi əmr etdi və
onları fermanın ucqar küncünə, cavan ağcaqayın pöhrəliyinə apardı. Onlar bütün
downloaded from KitabYurdu.org
79
günü burada yaşıl otlardan yeyərək Çığırğanın nəzarəti altında keçirdilər. Qaranlıq
qovuşanda Çığırğan özü fermaya qayıtdı. Qoyunlara isə hava isti olduğundan
yerlərində qalmağı əmr etdi. Beləcə, qoyunlar bütün həftəni pöhrəlikdə keçirdilər.
Başqa heyvanlardan heç biri bu müddət ərzində onları görmədi. Çığırğan hər gün
vaxtının çoxunu qoyunlarla birlikdə olurdu. Dediyinə görə, yeni mahnının sözlərini
öyrədirdi. Bundan ötəri isə tək qalmalarına ehtiyac vardı.
Qoyunlar geri qayıdandan az sonra axşam tərəfi iş gününü başa vurub fermaya
dönən heyvanlar həyətdən qorxu dolu at kişnərtsi eşitdilər. Heyvanlar təəccüb
içərisində yerlərində mıxlanıb qaldılar. Bu Kloverin səsi idi. O, yenidən kişnədi və
bu dəfə bütün heyvanlar dordayaq fermaya götürüldülər. Həyətə girib Kloverin
nədən belə qorxu ilə kişnəməsinin səbəbini anladılar.
Həyətdə bir donuz şəstlə arxa ayaqları üzərində gəzişirdi.
Bəli, bu Çığırğan idi. Addımlarını ehtiyatla atırdı. Deyəsən, hələ iri qarnını iki
ayağının üstündə gəzdirməyə alışmamışdı. Lakin müvazinətini asanlıqla
saxlayaraq həyətdən keçib ferma binasına girdi. Bir neçə dəqiqə sonra isə dal
qapıdan hamısı arxa ayaqları üstündə yeriyən bütöv bir donuz dəstəsi çıxdı.
Bəzilərində iki ayaq üstə yerimək yaxşı alınırdı. Bəzilərinin ehtiyatla yeridikləri
sezilirdi. Bir, yaxud iki donuz isə hər addımbaşı sanki yıxılmaqdan qorxurlarmış
kimi istinadgah axtarırdılar. Amma heç biri yıxılmadı və uğurla dövrə vurub ferma
binasına qayıtdılar. Ardınca isə köpəklərin dəhşətli hürüşməsi və qara xoruzun zil
səslə banlaması eşidildi. Napoleon özü həyətə çıxdı. Ağır, hökmlü nəzərlərlə
hamıya yuxarıdan aşağı baxaraq köpəklərin əhatəsində iki ayağı üstə meydandan
keçdi.
O dırnaqları arasında qırmanc tutmuşdu.
Ortalığa ölü sükut çökdü. Qorxmuş, özlərini itirmiş heyvanlar dayanıb donuzların
dəstə ilə həyətdə iki ayaqları üstə gəzməsinə tamaşa edirdilər. Elə bil bütün dünya
gözləri önündə kəllə-mayallaq aşmışdı. Nəhayət, hamını bürümüş ilk sarsıntı anı
keçdi. Kopəklər qarşısındakı qorxu-hürküyə, nə hadisə baş versə də, heç bir tənqidi
fikir söyləməmək, heç nəyə etiraz bildirməməklə bağlı uzun illərdən bəri
Heyvanıstanın bütün sakinlərinə aşılanmış vərdişlərə baxmayaraq narazılıq səsləri
downloaded from KitabYurdu.org
80
eşidilməyə başladı. Ancaq elə bu anda qoyunlar əmr alıblarmış kimi var səsləri ilə
mələməyə başladılar:
-Dörd ayaq yaxşıdır, iki ayaq daha yaxşıdır! Dörd ayaq yaxşıdır, iki ayaq daha
yaxşı! Dörd ayaq yaxşıdır, iki ayaq daha yaxşı!
Qoyunlar beş dəqiqə dayanmadan mələdilər. Onlar sakitləşəndən sonra isə daha
etiraz etməyin mənası qalmamışdı. Artıq donuzlar ferma binasına qayıdırdılar.
Bencamin kiminsə burnunun çiyninə toxunduğunu hiss etdi. Çeriyə çevrildi.
Klover idi. Kloverin irinli gözləri daha da bulaşmışdı. O, heç bir söz demədən
Bencaminin yalından yapışıb arxasınca Yeddi Prinsipin yazıldığı anbar divarına
tərəf çəkdi. Bir-iki dəqiqə sonra onlar artıq ağ rəngli hərflərin həkk olunduğu
divarın qarşısında dayanmışdılar.
-Gozüm yaxşı görmür!-deyə Klover sükutu pozdu. - Əslində, cavan olan¬da da
burada nə yazıldığını oxuya bilmirdim. Ancaq mənə elə gəlir ki, divar¬dakı yazılar
indi bir az dəyişib. Yeddi Prinsip necə, Bencamin, dəyişilibmi?
Həyatında ilk dəfə Bencamin öz qaydalarını pozmağa razılıq verdi və divardakı
yazını oxudu. Prinsiplər əvvəlki idi. Yalnız bir Prinsip dəyişilmişdi:
BÜTÜN HEYVANLAR BƏRABƏRDİRLƏR.
LAKİN BƏZİ HEYVANLAR BAŞQALARINDAN DAHA ÇOX
BƏRABƏRDİRLƏR!
Bunun ardınca ertəsi gün fermada işlərin gedişinə nəzarət edən donuzların
dırnaqları arasında qırmanc tutmaları heç kəsə qəribə görünmədi. Donuzların
özlərinə radioqəbuledici almaları, yaşadıqları yerə telefon çəkdirmələri, "Con
Bull", "Tit-bit", "Deyli Mirror" kimi nəşrlərə abunə yazılmaları da heç bir heyvanı
təəccübləndirmədi. Indi fermanın bağçasında ağzında qəlyan gəzişən Napoleonun
görünüşü də daha heç kəsi heyrətləndirmirdi. Bütün bunlar azmış kimi tezliklə
donuzlar mister Consun paltarlarını da dolabdan çıxarıb geyinməyə başladılar.
Napoleonun əynində artıq qara pencək, dar balaqlı şalvar, ayaqlarında uzunboğaz
downloaded from KitabYurdu.org
81
ovçu çəkmələri vardı. Onun sevimli donuz xanımı isə missis Consun yalnız bazar
günləri geyindiyi ipək paltarda gəzirdi.
Bir həftə sonra günorta vaxtı fermada bir neçə ekipaj göründü. Qonşu fermalardan
dəvət edilən nümayəndə heyətləri Heyvanıstanın həyatı ilə daha yaxından tanış
olmaq üçün gəlmişdilər. Ferma qonaqlara göstərildi. Gördükləri hər şeyə, ilk
növbədə isə dəyirmana heyran qaldıqlarını gizlətmədilər. Heyvanlar bu vaxt
çuğundur tarlasının alağını edirdilər. Onlar gözlərini torpaqdan çəkmədən çox
ciddi-cəhdlə işləyirdilər. Kimdən - donuzlardan, yoxsa qonaq gəlmiş insanlardan
daha çox qorxduqları bilinmirdi.
Axşam fermanın əsas binasından mahnı və gülüş səsləri eşidilirdi. Səsi eşidən
heyvanlar birdən-birə içlərində qarşısıalınmaz arzu hiss etdilər: maraqlıdır,
heyvanlarla insanların ilk dəfə bərabərhüquqlu tərəf kimi görüşdükləri bu anlarda
nə baş verə bilərdi? Heyvanlar əvvəlcədən razılığa gəliblərmiş kimi sakitcə
fermanın bağçasına tərəf getdilər. Həyət qapısını keçib tərəddüd içərisində
dayandılar. Lakin Klover qabağa düşüb hamını arxasınca apardı. Onlar
barmaqlarının ucunda evə yaxınlaşdılar. Boyları nisbətən uca olanlar pəncərədən
içəri boylandılar. Yemək otağındakı uzunsov masanın arxasında altı nəfər fermer
və altı tanınmış donuz oturmuşdu. Napoleon masanın baş tərəfindəki fəxri yeri
tutmuşdu. Donuzlar saymazyana bir şəkildə yumşaq kreslolarda yayxanmışdılar.
Hamının başı kart oyununa qarışmışdı. Sadəcə yeni sağlıq deyiləndə bir anlıq
oyunu dayandırırdılar. Masanın üstündəki böyük qrafin tez-tez bu başdan o başa
ötürülür, parçlar ağzına kimi pivə ilə doldurulurdu. Heyvanların pəncərə şüşəsinə
yapışmış təəccüb dolu sifətlərinə fikir verən yox idi.
Foksvuddan gəlmiş mister Pilkinqton pivə parçını götürüb ayağa qalxdı.
"Möhtərəm məclis iştirakçılarının indi söyləyəcəyim sağlığa içmələrini xahiş
edirəm- dedi. - Lakin içməzdən əvvəl zəruri saydığım bir neçə sözü diqqətinizə
çatdırmaq istəyirəm".
"Böyük məmnunluq hissi ilə bildirirəm, – deyə mister Pilkinqton sözünə davam
etdi, – və hamının fikirlərimə şərik olacağına əminəm ki, münasi¬bətlərimizdə
uzun müddət davam edən anlaşılmazlıq və inamsızlıq artıq keçmişdə qalmışdır.
downloaded from KitabYurdu.org
82
Artıq elə bir zaman gəlmişdir ki, - həm də bu tək mənim fikrim deyil və burada
əyləşənlərin də sözlərimə şərik olacağını düşünürəm, - Heyvanıstanın hörmətli
rəhbərləri qonşularına nəinki düşmənçilik hissləri bəsləmədən, hətta müəyyən inam
və etimadla yanaşa bilərlər. Bütün xoşagəlməz hadisələr unudulmuşdur, zərərli
ideyalar bir tərəfə atılmışdır. Bir vaxtlar belə fikir yayılmışdı ki, donuzların
hakimiyyəti altında olan və onlar tərəfindən idarə edilən Heyvanıstanın
mövcudluğu qeyri-təbii hadisədir və qonşulara pis təsir göstərə bilər. Bir çox
fermerlər qeyd-şərtsiz şəkildə Heyvanıstanda dərəbəylik və anarxiya hökm
sürdüyünü düşünürdülər. Onlar sizin ölkənin nümunəsinin öz fermalarındakı
heyvanlara və hətta deyərdim ki, insanlara pis təsir göstərəcəyindən qorxurdular.
Lakin indi heç bir şübhə və həyəcanımız qalmayıb. Bu gün mən və dostlarım
Heyvanıstana gələrək hər şeyi öz gözümüzlə gördük, diqqətlə nəzərdən keçirdik və
bilirsinizmi, nə aşkara çıxardıq? Yalnız buradakı müasir təsərrüfatçılıq üsulları
deyil, illərlə bərqərar olmuş qayda-qanun və dəmir intizam da bütün fermerlər
üçün ilhamverici nümunə ola bilər". Daha sonra mister Pilkinqston Heyvanıstanda
iş heyvanlarının bu ərazidə yerləşən digər fermalardakı həmkarlarının hamısından
daha çox işlədiklərini və daha az yemək tələb etdiklərini söyləsə, heç bir səhvə yol
verməyəcəyinə əmin olduğunu bildirdi. O və həmkarları səfər zamanı
Heyvanıstanda çoxlu yeniliklər görmüşlər və vaxt itirmədən bunları öz
fermalarında tətbiq etməyə çalışacaqlar.
"Çıxışımı Heyvanıstanla qonşuları arasında qurulmaqda olan dostluq əlaqələrinin
vacibliyini bir daha xatırlatmaqla bitirmək istəyirəm. Donuzlarla insanlar arasında
indi heç bir mənafe toqquşması yoxdur və ola bilməz. Bizim mübarizələrimiz də,
ətinliklərimiz eynidir. Məgər işlə bağlı problemlər hər yerdə eyni deyilmi?" Mister
Pilkinqton çıxışının bu yerində əvvəlcədən hazırladığı müdrik kəlamı söyləmək
niyyətində idi, lakin həyəcanlandığından demək istədiklərini yada sala bilmədi. Bir
qədər duruxub nəhayət dilləndi: "Əgər sizdə işçi heyvanlar varsa, bizdə də işçi
sinif var". Masa arxasından şən bir uğultu keçdi. Mister Pilkinqton donuzları
fermada müşahidə etdikləri sərt idarəçilik üsulu, uzun iş günü, ərzaq payının
azaldılması və heç bir heyvanın nazı ilə oynanılmaması münasibəti ilə təbrik etdi.
downloaded from KitabYurdu.org
83
Pivə parçlarının doldurulduğuna əmin olduqdan sonra mister Pilkinqton hamıdan
ayağa qalxmağı xahiş etdi və çıxışına təntənəli şəkildə yekun vurdu: "Cənablar,
Heyvanıstanın çiçəklənməsinin şərəfinə badə qaldırıram!"
Alqışlar və döşəməyə zərblə vurulan ayaq tappıltıları eşidildi. Napoleon
görünməmiş iltifat göstərib kreslosundan qalxdı, masanın ətrafında dövrə vurdu və
pivəsini son damlasına qədər içməmişdən əvvəl parçını mister Pilkinqtonun parçı
ilə toqquşdurdu. Alqış səsləri sakitləşəndən sonra hələ də ayaq üstündə dayanan
Napoleon özünün də deməyə bir neçə sözü olduğunu bildirdi.
Napoleonun bütün danışıqları kimi bu dəfəki nitqi də qısa və işgüzar idi. Napoleon
da qarşılıqlı anlaşılmazlıq dövrünün artıq arxada qalmasından çox məmnun
olduğunu bildirdi. "Uzun müddətdən bəri idi ki, bizi gözləri gotürməyən
düşmənlərimiz, - belə düşünmək üçün hər cür əsasımız var, - şəxsən mənim
özümün və həmkarlarımın şübhəli, hətta deyərdim ki, inqilabi baxışlara tərəfdar
olmağımız haqqında şaiyələlər yayırdılar. Guya biz qarşımıza qonşu fermalardakı
heyvanları öz sahiblərinə qarşı üsyana hazırlamaq məqsədi qoymuşuq. Bu fikir
qədər həqiqətdən uzaq olan başqa bir uydurmanı təsəvvürə gətirmək mümkün
deyildir. Keçmişdə də, indi də əsas məqsədimiz bütün qonşularımızla dinc yanaşı
yaşamaq və qarşılıqlı biznes münasibətləri qurmaq olmuşdur. Mənim rəhbərliyində
təmsil edilmək şərəfinə layiq görüldüyüm ferma əslində kollegial şəkildə idarə
olunan bir qurumdur. Indi mənə məxsus olan idarəçilik hüququ donuzların ümumi
mübarizəsi sayəsində əldə edilmişdir".
Napoleon daha sonra dedi: "Mən köhnə şübhələrin tam şəkildə aradan
qaldırıldığına inanmıram, lakin son zamanlar fermanın idarəçiliyində həyata
keçirilən dəyişikliklərin bundan sonra etimad və qarşılıqlı inam mühiti
yaradacağına, fərqlərin aradan qalxacağına əminəm. Məsələn, indinin özündə də
fermadakı heyvanların biri-birlərinə "yoldaş" deyə müraciət etmək kimi axmaq
vərdişləri var. Buna birdəfəlik son qoyulacaq. Mənşəyi bizə naməlum qalan başqa
bir qəribə ənənə də movcuddur: hər bazar günü səhər heyvanlar qoca donuzun
bağda kötüyün üstünə qoyulmuş kəlləsi önündən təntənəli marşla keçirlər. Buna da
tezliklə son qoymaq lazım gələcək. Həmin kəllə sümüyünü isə təcili şəkildə dəfn
downloaded from KitabYurdu.org
84
etmək lazımdır. Nümayəndə heyətinin üzvləri yəqin meydanda dalğalanan yaşıl
bayrağı gördülər. Əgər yaxşı fikir veriblərsə, yəqin ki, əvvəllər bayrağın üstündə
olan buynuz və dırnaq təsvirinin indi oradan pozulduğu diqqətlərindən
yayınmayıb. Bundan sonra bayrağımızda sadəcə tərtəmiz yaşıl rəng olacaq".
"Mənim mister Pilkinqtonun mehriban qonşuluq ruhu ilə aşılanmış gözəl nitqinə
yalnız bir düzəlişim var, - deyə Napoleon sözünə davam etdi. - Mister Pilkinqton
Heyvanıstan haqqında danışanda təbii ki, bilmirdi, - əlbəttə, bilə də bilməzdi, çünki
mən özüm də bu barədə ilk dəfə sizin yanınızda söz açıram, - "Heyvanıstan" adı bu
gündən etibarən ləğv edilmişdir. Ölkəmiz bundan sonra "Malikanə" ferması
adlanacaq. Inanıram ki, bu tarixi cəhətdən daha dəqiq və həqiqi addır".
-Cənablar!-deyə Napoleon nitqinə yekun vurdu. - Mən də sizə eyni sağlığa, lakin
təbii ki, bir qədər dəyişdirilmiş şəkildə içməyi təklif edirəm. Stəkanlarınızı ağzına
qədər doldurun. Cənablar, mənin deyəcəyim sağlıq budur: "Malikanə" fermasının
çiçəklənməsinin şərəfinə!
Bu tost da əvvəlki sağlıq kimi ürəkdən alqışlandı. Parçlardakı pivə son damlasına
qədər içildi. Pəncərə şüşəsi arxasından bu mənzərəni seyr edən heyvanlarda elə
təsəvvür yaranmışdı ki, içəridə sanki çox qəribə hadisələr baş verir. Donuzların
sifətlərində bu dəyişikliyi yaradan nə idi? Kloverin nurunu itirməkdə olan irinli
gözləri donuzların birinin sifətindən o birinə yönəlirdi. Bu sifətlərin birində beş
buxaq, o birində dörd buxaq, başqalarında isə üç buxaq vardı. Bu sifətlər onun
gözləri qarşısında ifadələrini dəyişir, əriyib bir-birlərinə qarışırdılar. Alqış səsləri
bitəndən və dəstə yenidən qumar masasının ətrafına qayıdandan sonra heyvanlar da
sakitcə pəncərənin önündən çəkildilər.
Lakin beş-on addım aralanmamış onlar ayaq saxlamalı oldular. Ferma binasından
qulaqbatırıcı bağırtı səsləri gəlirdi. Heyvanlar yenidən özlərini pəncərənin
qabağına çatdırıb içəri baxmağa başladılar. Qonaq otağında mərəkə qopmuşdu.
Qəzəbli çığırtılar və zərblə masaya dəyən yumruq səsləri eşidilir, şübhə dolu
baxışlar qarşılaşır, təkziblər və etirazlar səslənirdi. Həyəcanın səbəbi Napoleonun
da, mister Pilkinqtonun da eyni anda tuz çıxarmaları idi.
downloaded from KitabYurdu.org
85
On iki səs əsəbiliklə mübahisə edirdi. Bu səslərin hamısı bir-birinə bənzəyirdi.
Donuzların sifətində baş verən dəyişikliyin səbəbi heyvanlara yalnız indi aydın
oldu. Heyvanlar təəccüb dolu baxışlarını donuzlardan insanlara, sonra isə təkrar
insanlardan donuzlara çevirirdilər. Gözlərini zilləyib dönə-dönə baxırdılar. Lakin
artıq onları biri-birindən fərqləndirmək, kimin kim olduğunu soyləmək mümkün
deyildi.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |