Maddə 151. Hasilat normalarının yerinə yetirilməsi üçün şəraitin təmin olunması Hasilat normalarının yerinə yetirilməsi üçün işəgötürən iş şəraitinin aşağıdakı
minimum şərtlərini mütləq təmin etməlidir:
a) əməyin mühafizəsi, texniki təhlükəsizlik və istehsal sanitariyası (gigiyenası)
qaydalarına uyğun olan sağlam və təhlükəsiz əmək şəraiti yaradılması üçün iş
yerlərində qızdırıcı, ventilyasiya və işıqlandırma sistemlərinin normal işləməsinin
təmin olunmasını, habelə işçilərin səhhətinə mənfi təsir göstərən güclü səs, titrəmə və
şüalanma kimi amillərin zərərli təsirlərinin aradan qaldırılmasını;
b) maşın, dəzgah və mexanizmlərin normal vəziyyətdə işləməsini;
c) texniki sənədləşdirmənin vaxtlı-vaxtında aparılmasını;
ç) işlərin (xidmətlərin) yerinə yetirilməsi üçün zəruri olan material və alətlərin
lazımi keyfiyyətdə olması və onların vaxtında verilməsini;
d) istehsalatın vaxtlı-vaxtında elektrik enerjisi, qaz və digər enerji daşıyıcıları ilə
təmin olunmasını.
Maddə 152. İşəmuzd qiymətlərin ixtiraçılar və səmərələşdiricilər üçün saxlanması 1. İxtiraların və ya səmərələşdirmə təkliflərinin tətbiq edilməsi nəticəsində hasilat,
vaxt, xidmət normaları və işəmuzd qiymətlər dəyişərsə, əvvəlki qiymətlər yeni
normalar və qiymətlər tətbiq edilən gündən altı ay ərzində həmin ixtiraların və
təkliflərin müəllifləri üçün əmək haqqı hesablanarkən saxlanılır.
2. İxtiranın, təklifin tətbiq edilməsində ixtiraçıya və ya səmərələşdiriciyə kömək
etmiş digər işçilər üçün əmək haqqı hesablanarkən isə əvvəlki qiymətlər 3 ay ərzində
saxlanılır.
Maddə 153. Normalaşdırılmış tapşırıqların və xidmət normalarının müəyyən edilməsi
Əməyin vaxtamuzd ödənilməsi sistemində işçilərə normalaşdırılmış tapşırıqlar, eləcə də ayrı-ayrı funksiyaların və iş həcmlərinin yerinə yetirilməsi məqsədi ilə xidmət və işçilərin say normaları müəyyən edilə bilər. 168