Qafqaz Universiteti Materiallar


QARABAĞIN İMAMQULUBƏYLİ TOPONİMİ



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə14/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   10   11   12   13   14   15   16   17   ...   124

QARABAĞIN İMAMQULUBƏYLİ TOPONİMİ 

 

Aynurə ƏLİYEVA 

ADPU 


aynura.aliyeva.1977@mail.ru 

AZƏRBAYCAN 

 

Qarabağ bölgəsi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Bu ərazi tarixi-



memarlıq abidələri, özünəməxsus arxeologiyası ilə zəngindir və Azərbaycan  tarixi mədəniy-

yətində xüsusi yeri vardır.  

Qarabağın tarixi keçmişini dünyaya tanıdan, onun qədim və  zəngin  yaşayış  məskəni 

olduğunu sübut edən mənbələrin – onomastik vahidlərin, xüsusən  toponimlərin araşdırılması, 

tədqiqi ərazinin qədimliyini sübut edən əsas amillərdəndir. Nankor qonşularımız ermənilərin 

Qarabağ bölgəsinə göz dikmələri,  ərazi iddialarını irəli sürmələri bir tərəfdən bu bölgənin 

torpağının bərəkətli olması, suyunun zənginliyidirsə, digər tərəfdən həmin bölgənin tarixi 

ərazi olmasıdır. Ermənilərin torpaqlarımıza əsassız iddiaları və yer-yurd adlarımızın məqsədli 

şəkildə erməniləşdirilməsinin heç bir əsası olmadığını sübuta yetirmək üçün toponimik tədqi-

qatların aparılması məqsədəuyğundur. Odur ki, Qarabağ topo-nimlərinin  araşdırılması bu gün 

də aktualdır. 

İmamqulubəyli yaşayış məntəqəsi Ağdam rayonunda, Quzanlı inzibati ərazi vahidində, 

Qarabağ düzündə yerləşir.  İmamqulubəyli oykonimi patranomik toponim hesab olunur. Bu 

barədə T.Əhmədov yazır: “Oykonimlərdə əks olunmuş patronimik tayfa adlarının digər qru-

punu bəy, xan, mülkədar və s. adlarından düzələn və bir növ etnonim səciyyə  daşıyan sözlər 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

848



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

təşkil edir. Aydındır ki, belə etnonimlərdə əksini tapmış şəxs ilə həmin kənd əhalisinin (tayfa, 

nəsil və tirənin) heç bir qohumluq əlaqəsi olmur. Başqa sözlə desək, bu xarakterli antropo-

nimlərə əlavə edilən –lı, -li, -lu, -lü şəkilçisi heç də kənd əhalisinin mənşəcə həmin şəxslərin 

törəmələri olduğunu deyil, onların həmin şəxslərdən asılılığını, onlara inzibati mənsubluğunu 

bildirir”. T.Əhmədov Ağdam rayonundakı Cavahirli, İsmayılbəyli və  İmamqulubəyli oyko-

nimlərini bu qrup toponimlərə aid edir. Mənbələrdən çıxış edən T.Əhmədov İmamqulubəyli 

kəndi haqqında dürüst məlumat verir: “Ağdam rayonundakı İmamqulubəyli oykonimi (əvvəl-

lər Tərəkəmə  İmamqulubəyli adlanmışdır) keçmişdə Qarabağ düzündə yaşamış  kəngərlilərə 

mənsub qaradolaq tayfasının eyniadlı tirəsinin adını əks etdirir. 1823-cü ilə aid arxiv sənəd-

lərinin birində qeyd olunmuşdur ki, 104 ailədən ibarət bir köç çar hökuməti tərəfindən beş il 

müddətinə İmamqulubəy adlı bir bəyə bağışlanmış və onlar bəyin adı ilə bağlı İmamqulubəyli 

adlanmışdır”.  İmamqulubəyli adlanan həmin qaradolaq ailələri sonralar müxtəlif yerlərdə 

məskunlaşaraq bir neçə eyniadlı kənd yaratmışlar; İmamqulubəyli Ağcabədi rayonunda, Qara-

bağ düzündə yerləşir;  İmamqulubəyli Bərdə rayonunda, Qarabağ düzündə yerləşir.  İmam-

qulubəyli “İmamqulu bəyə məxsus olanlar” anlamındadır. 

İmamqulu antroponimi İmam titulu və qulu sözünün birləşməsindən  yaranıb.  İmam 

ərəb mənşəli dini sözdür. “Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars sözləri lüğə-

ti”ndə bu sözün bir neçə  mənada  işləndiyi göstərilir: 1) məzhəb və təriqətə başçılıq edən adam 

(Əli və onun nəslindən olan 11 nəfərin hər biri); 2) ruhani başçısı; ruhani rəhbər; 3) dini mək-

təb başçısı; 4) qabaqda namaz qılan, pişnamaz . İmam sözü bir çox antroponim və toponimlə-

rin yaranmasında iştirak edib. Şəxs adlarının yaranmasında həm təklikdə titul ad (İmam) kimi, 

həm də mürəkkəb adın komponenti (İmamverdi, İmamqulu, İmamxan, İmamyar, İmaməli və 

s.) kimi işlənmişdir. Bu ünsürün iştirakı ilə morfoloji və sintaktik yolla toponimlər də əmələ 

gəlmişdir. Məs.;  İmamlı (Qəbələ r-nu), İmambağı (Cəbrayıl r-nu), İmambinəsi (Kəlbəcər r-

nu),  İmam-qulukənd (Qusar r-nu), İmamqulular (Şuşa),  İmamqulubəyli (Ağcabədi, Bərdə r-

nları) və s. Qulu isə qul sözü və -u mənsubiyyət şəkilçisindən yaranıb. Qul sözünün dilimizdə 

işlənməsi tarixi qədimdir. Bu sözə “Kitabi-Dədə Qorqud”da da rast gəlirik. “Kitabi-Dədə 

Qorqud”un izahlı lüğəti kitabında  həmin dastanda  qul sözünün bir neçə  mənada işləndiyi 

göstərilir: 1) Qədim dövrlərdə müharibədə əsir tutulub satılan adam. Qula buyurmaq. Qulu işə  

göndərmək. “Qara hindu qullarıma buyuraydım, Səni para-para toğrıyalardı, ağac”;  2) 

Allahın yaratdığı bütün insanlar isə Allahın qulları sayılır. “Həq-təala Cəbrayılə buyurdu ki, 

Ya Cəbrayıl, var, şol quluma qırq ətcə qüvvət verdim, - dedi”. A.Qurbanov da qul sözünün 

dilimizdə müxtəlif mənalarının mövcudluğunu bildirir: a) qul – keçmiş  aşağı  təbəqənin bir 

nümayəndəsi, hüququ öz əlində olmayan; b) həddindən çox dindar, itaətkar, allahın qulu; c) 

öz sevgisinə, məhəbbətinə sadiq, məhəbbətin qulu, əsiri və s.  Qul sözünün iştirakı ilə bir çox 

antroponim (Qulu, Qulam, Həzrətqulu, Həsənqulu, Hüseynqulu, İmamqulu, Şahqulu, Allah-

qulu, Mehdiqulu və s.) və toponim  (Qullar (Ağdam, Bərdə, Balakən, Qusar), Allahqulular 

(Şuşa), Qulubəyli (İmişli r-nu) və s.) yaranmışdır. Qulu şəxs adında “qul” sözü morfoloji 

yolla xüsusi ada çevrilmişdir. Qulu – “onun qulu”, “onun nökəri” anlamını verir. 

İmamqulubəyli adlı toponim Ağcabədi və Bərdə rayonlarında da var. 

Qarabağın bəzi toponimlərinin  etimoloji təhlilə cəlb edilməsi göstərir ki,  qədim türk 

boylarının izləri Qarabağın yer adlarında – toponimlərdə qalmaqdadır. Bu da təbiidir. Çünki 

Qarabağ bölgəsi ta qədim zamanlardan bu günümüzəcən türk yurdu,  türk ulusu olmuş və ola-

caqdır. Qarabağ  torpağına göz dikmiş mənfur erməni qəsbkarlarının heç bir fakta, dəlilə əsas-

lanmayan uydurma iddiaları isə, şübhəsiz ki, heç vaxt həyata keçməyəcəkdir. 



 

 

 

 

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

849



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Ə. DƏMİRÇİZADƏ YARADICILIĞINDA ÜSLUBİ FONETİKA 

 

Aytən MƏMMƏDOVA 

ADPU 


qasimovamirvari@gmail.com 

AZƏRBAYCAN 



 

Ə. Dəmirçizadə üslubi fonetikaya aid “Müasir Azərbaycan dilinin fonetik-üslubi vasi-

tələri” (1962) adlı məqaləsində isə “dilimizdəki fonetik-üslubi vasitələrin üslubi imkanların-

dan bəhs edir və göstərir ki, ahəng qanununa tabe olmayan sözlərin fonetik-üslubi nöqteyi-nə-

zərdən də yeri və əhəmiyyəti vardır. Belə sözlər bədii üslubda, xüsusən şeirdə qeyri-ahəngdar 

səslənmənin ifadəsi üçün əlaverişli vasitə ola bilir. 

“Azəri dilinin şeiriyyət sirrləri” (1946) məqaləsində Ə. Dəmirçizadə Azərbaycan dilinin 

ahəngdarlığından, musiqiliyindən və  şeir dili olmasından söz açır. Daha sonra ahəngdarlığı 

təmin edən xüsusiyyətləri sıra ilə qeyd edir. Həmin xüsusiyyətlərə misal kimi dilimizdə olan 

ahəng qanunu (saitlər ahəngi, samitlər ahəngi, saitlərlə samitlərin ahəngi), rəvanlıq, vurğu, sait 

və samitlərin işlənilməsi qaydalarını göstərir.  

Üslubiyyatın Azərbaycan dilində Ə. Dəmirçizadəyə qədər həll olunmamış məsələləri az 

deyildi. Bunlardan biri də üslubi-fonetika məsələsidir. Ə. Dəmirçizadəyə qədər türkologiyada, 

hətta sovet dilçiliyinə aid ədəbiyyatda dilin fonetikasının üslubi imkanları haqqında tədqiqata 

ya heç təsadüf olunmur, ya da çox az təsadüf etmək olur.   

 “Azərbaycan dilinin üslubiyyatı” (1962) kitabında üçüncü fəsil üslubi fonetikaya həsr 

olunmuşdur. Müəllifin özü də qeyd edir ki, dilçilikdə fonetik-üslub vasitələri məsələlərinə nə-

dənsə heç kəs toxunmamışdır. Bu, heç də dildəki ifadəlilik vasitələri silsiləsində fonetik vasi-

tələrin xüsusi yer tutduğunu və bunlardan bədii üslubda geniş istifadə edildiyini inkar etmir.  

“Üslubi fonetika” adlanan fəsildə müəllif fonetik vasitələr – səslər, ahəng və müxtəlif 

mənalı  səslənmələr və bunların üslubi məqsədəuyğunluq  əsasında istifadə yolları haqqında 

bəhs etməyin zəruriliyindən danışır və eyni zamanda fonetik-üslubi vasitələrin tərifini verir. 

Məlumdur ki, Azərbaycan dilində olan fonetik-üslubi vasitələrin bir qismi həm yazıda, həm 

də şifahi nitqdə, bir qismi isə yalnız tələffüzdə istifadə olunur. Bunu nəzərə alan Ə. Dəmir-

çizadə Azərbaycan dilindəki fonetik-üslubi vasitələri istifadə imkanına görə iki qrupa ayırır: 

1. Həm yazıda, həm də tələffüzdə (şifahi nitqdə) istifadə oluna bilən vasitələr; 

2. Ancaq tələffüzdə (şifahi nitqdə) istifadə oluna bilən vasitələr. 

Ə. Dəmirçizadə birinci növ vasitələri ortaqlı fonetik-üsubi vasitələr, ikinci növ vasitələri 

isə xüsusi fonetik-üslubi vasitələr adlandırır.  

Daha sonra müəllif ortaqlı fonetik-üslubi vasitələrdən söz açır və bildirir ki, sözlərin 

fonetik-üslubi cəhətdən istifadəsində, onların,  əsasən, məqsədəuyğun surətdə  səslənməsini 

nəzərə alaraq onları iki əsas qrupa bölmək lazım gəlir: 

 a) Səslənməsi ilə mənası arasında üzvi surətdə əlaqə olan sözlər.  

Belə sözlər də üç qrupa bölünür: 1) sövti təqlid sözləri, 2) sövti təsvir sözləri, 3) nida 

sözləri. 

b) Səslənməsi ilə mənası arasında əlaqə olmayan sözlər. Belə sözlər 1) ahəng qanununa 

tabe olan, 2) ahəng qanununa tabe olmayan sözlər olmaqla iki qrupa ayrılır.  

Sövti təqlidi sözlər haqqında  Ə. Dəmirçizadə belə sözlərin ifadə və cümlələrin mənaları 

ilə  səslənməsi arasında canlı, təsirli ahəngdarlıq yaratmaq nöqteyi-nəzərindən son dərəcə 

əlverişli fonetik-üslubi vasitələr olduğunu bildirir.3 

Ə. Dəmirçizadə sövti təsvir sözlərin fonetik tərkibi ilə mənası arasında az-çox uyğunluq 

hiss olunduğunu bildirir. Belə sözlərə misal olaraq, sus, titrə, cız, cır, çap, çat, çal kimi isim-

ləri misal göstərmişdir. 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

850



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Müəllif nida sözləri haqqında da məlumat vermişdir. O,  nida sözlərin təqlidi sözlərdən 

fərqi olaraq insanın daxili psixoloji halları ilə əlaqədar olaraq çıxarılan səslərin sadələşdirilmiş 

yamsılanması olduğunu bildirir. Buna görə də belə nidalar ya bir səsli səslə (a, e, ə ...), ya bir 

heca ilə (ah, eh, uf, ax, bıy ...), ya da müəyyən səsin uzadılması ilə (aaa, eee, sss...), bəzən isə 

eyni və ya müxtəlif nida hecasının birləşməsi ilə (pəh-pəh, vay-vay, uf-uf) və s. formalaşır. 

Ə. Dəmirçizadə daha sonra səslənməsi ilə  mənası arasında əlaqə olmayan sözlər kimi 

ahəng qanununa tabe olan sözlər haqqında məlumat verir. Bunların iki yerə ayrıldığını bildirir: 

1) qalın səslili sözlər, 2) incə səslili sözlər. Müəllif bunların iki qrupa ayrıldığını qeyd edir.  

1. a) Dodaqlanan qalın səslili sözlər; 

    b) Dodaqlanmayan qalın səslili sözlər. 

2. a) Dodaqlanan incə səslili sözlər; 

    b) Dodaqlanmayan incə səslili sözlər. 

Ə. Dəmirçizadə bunları da hər biri açıq, qapalı və qarışıq olmaq üzrə üç tipə bölür. 

Ahəng qanununa tabe olmayan sözlərdən bəhs edərkən müəllif qeyd edir ki, belə sözlə-

rin çoxu alınma sözlərdir və Azərbaycan dilində  məqsədəuyğun səslənməni yaratmaq üçün 

əruz vəzninin tələbinə görə işlənir. “Azərbaycan dilinin üslubiyyatı” (1962) kitabının üslubi 

fonetika adlı  fəslində  Ə. Dəmirçizadə daha sonra ahəng qanununun imkanlarından, səslərin 

məna çalarlığından, tələffüz ahəngdarlığı və asanlığından geniş söz açmışdır.  

Müəllif xüsusi fonetik-üslubi vasitələr haqqında da məlumat vermiş  və müəllif xüsusi 

fonetik-üslubi vasitələr dedikdə vurğu, durğu, ton, intonasiya adlanan fono-semantik əlamət-

lərlə yanaşı, səslərin uzun, qısa, uca, alçaq, sürətlə, aramla, eləcə də müxtəlif notda və rənglər-

də-uşaq səsi ilə, qadın səsi ilə, kişi səsi ilə, quş və müxtəlif heyvanların səslənmələrini yamsı-

lamaqla – tələffüzü nəzərdə tutur. 

 

 

MƏMMƏDHÜSEYN TƏHMASİB ARAŞDIRMALARINDA  



“AZƏRBAYCAN NAĞILLARI” 

 

Nəzirə ŞALBUZOVA 

BSU 


nezreshalbuzova@gmail.com 

AZƏRBAYCAN 

 

Qeyd edək ki, folklorun ən qədim və maraqlı janrlarından olan nağıllarımız rəngarəng 



süjetlər ilə doludur. Müqayisə etsək hər bir ölkənin nağıllarında özünəməxsusluq vardır və hər 

bir nağıl öz millətinin, öz ölkəsinin xüsusiyyətlərini, coğrafiyasını, tarixini və özündə müəyyən 

qədər göstərir. Bu baxımdan M.H. Təhmasibin araşdırmaları içərisində nağılların toplanılma-

sı, tərtibi, nəşr edilməsi xüsusi yer tutur. Alimimiz nağıllardakı süjetləri araşdırmış və xalqı-

mızın qədim dünyagörüşünü, təxəyyülünü, inanclarını tədqiq etmişdir. Nağıllarımızdakı sehrli 

qüvvələr haqqında diqqətəlayiq fikirləri olmuşdur.  

Nağıllarda xalqın dünyagörüşü, inancları, ictimai və hətta siyasi münasibətləri əks olunur. 

Əslində fantaziya görünən bu janr keçmiş dövürdə olan mübarizələri, ictimai və sinfi münasi-

bətləri, ailə-əxlaq münasibətlərini əks etdirir. Geniş xalq kütləsi bu nağıllar vasitəsilə demək 

istədiklərini, sinfi münasibəti öz maraqlarına uyğun formada çatdırmağa çalışmışlar. Eyni na-

ğıllarımızın müxtəlif versiyalarına da rast gəlmək olur. Hansısa məqsədə görə ya toplayıcı, ya 

nağılı danışan müəyyən dəyişikliklər etmişdir. 

M.Təhmasibin “Azərbaycan nağıllarında keçəl” adlı  məqaləsində nağıllarımızda muz-

dur-nökər sinifləri əsasında keçəl sujetinə toxunmuşdur. Məsələn: “Keçəl Məhəmməd”, “İsfa-

han keçəli”, “İmam”, “Keçəl”, “Keçəlin divanı” və s. nağıllarda müsbət, qorxmaz, cəsarətli, 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

851



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

xeyirxah, güclü, haqsızlığa qarşı gələn, məqsədə çatmaq üçün savaşan və sonda qalib gələn 

bir obraz kimi verilir. “Keçəl Məhəmməd” nağılında keçəl taciri müdafiə edərək  şaha qarşı 

cəsarətli çıxış edir. “İsfahan keçəli” nağılında isə keçəl özü kimi yoxsulları soyub darğanı 

gülünc vəziyyətə salaraq sonda isə öldürür.  

M. Təhmasib sehrli xüsusiyyətlərə malik olan sujetlərə “Əfsanəvi quşlar” məqalələrində 

toxunmuşdur. Nağıllarımızda rast gəlinən Simurq quşu haqqında araşdırmalarında  ədibimiz 

bu quşu xeyir qüvvələrdən biri olaraq əsaslandırmışdır. Alimimiz Simurq quşunun adının 

mənasını izah etmiş və bu adın mənası ilə bağlı verilən mülahizələrə də öz fikrini bildirmişdir. 

M.Təhmasibin fikrincə, Simurq quşunun adı itlə deyil, ayla əlaqəlidir. Mürəkkəb söz olan 

simurqu sim-rux kimi hissələrə ayıraraq fikrini əsaslandırmışdır. Diqqət edilsə doğurdan da 

Simurq quşu nağıl qəhrəmanlarımıza kömək edən, onları  fəlakətdən qurtaran sədaqətli bir 

qüvvə kimi verilir. Azərbaycan nağılları içərisində məşhur olan “Məlikməmməd” nağılında da 

bu obraza rast gəlmək olar. Nağılda Simurqun köməyi ilə Məkilməmməd işıqlı dünyaya gedə 

bilir və qardaşları üzərində qalib gələ bilir. Bu nağılda qədim dinlərdən olan Avestanın 

xüsusiyyətlərinə rast gəlinir. Avestada isə divlər mənfi obraz kimi verilsə  də, tədqiqatçımız 

araşdırdığı  bəzi nağıllarımızda divlərin müsbət sujet kimi verildiyini də  aşkar etmişdir. 

“Məlikməmməd” nağılında da divlərə olan münasibət birmənalı deyildir. Divlər işığı deyil, 

qaranlığı, şəri seçmişlər və bu nağılda da divlərin zülmətdə, yerinaltında yaşamağına təsadüf 

olunur.  Ədibimizin “Azərbaycan xalq ədəbiyyatında div surəti “adlı  məqaləsində isə 

araşdırdığı “Şahzadə Mütalib”, “Yetim İbrahim” və s. nağıllarımızda divlər müsbət sujet kimi 

özünü göstərir. Məsələn: “Şahzadə Mütalib” nağılında div-qarı şahın hamilə arvadını ölümdən 

qurtarır və sonda uşağın adını özü qoyur. Div-qarı Mütalibi oğlanları ilə tanış edir və onların 

köməyi ilə  şahzadə  pərilər padşahının qızını ala bilir. “İbrahim” nağılında isə  ağ divin 

anasının köməyi ilə İbrahimin ağ kəməri tapılır. 

M.H.Təhmasib həm də ay və günəş ilə bağlı  əsatirlər mövzusuna da toxunmuşdur. 

Təbiət qüvvələrinə, göy cismlərinə canlı olması kimi baxış ibtidai insan təsəvvürünün 

qalığıdır. Ay və günəş ilə bağlı nağıllarımızda da ay və günəşin canlı olması ilə bağlı əqidələr 

vardır. Hər birində də ay kişi, günəş isə qadın kimi verilir. Alimimizin araşdırmalarına əsasən, 

ay və günəşin tutulmasının səbəbi divlərin ay və günəşi tutub, dördüncü göydə böyük bir 

gölün içərisinə salmasına görədi. İnsanlar da bu zaman, divlər, cinlər metal şeylərin səsindən 

qorxduğu üçün mis qabları bir-birinə vuraraq onları qorxudurlarmış.  

Tədqiqatçı  məqalələrində xalq ədəbiyyatımızda məşhur olan dövlət quşundan da bəhs 

etmişdir. Bu quşun iki xüsusiyyətini açıqlamışdır. Birinci xüsusiyyəti, bəxtiyarlıq və  səadət 

rəmzi, ikinci xüsusiyyəti isə kimin başına qonarsa, həmin adamın dövlət başcısı olmasındadır. 

Hətta “dövlət” sözünün mənalarını da aydınlaşdırmışdır. Tədqiqatçının araşdırmasına görə 

“dövlət” sözü bəzi rayonlarımızda qoyun mənasında işlədilir. “Kitabi-Dədə Qorqud” 

dastanında isə övlad mənasında işlədilmişdir. Dövlət quşunun digər adı olan Humay, yaxud 

Hüma olması ilə bağlı mühakimələrini “Əfsanəvi quşlar” adlı məqaləsində vermişdir. 

Beləliklə, sonda qeyd etmək istərdim ki,alimimizin Azərbaycan nağılları haqqında 

araşdırmaları zəngin və diqqətəlayiqdir. Buna görə də nağılların əhəmiyyətini bildiyi üçün bu 

sahədə xüsusi araşdırmalar etmiş,  əldə etdiyi nağılları toplayaraq tərtib etmişdir. Nağıllara 

önəm verdiyi üçün də “Azərbaycan nağılları” adlı beş cildlik kitabın tərtib edilməsində xüsusi 

çalışmışdır. 

 

 

 



 

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

852



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

"İDEAL" ROMANI YENİ TƏNQİDİ DÜŞÜNCƏ ÇEVRƏSİNDƏ 

 

Günel PƏNİYEVA 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



gunelpeniyeva@mail.ru 

AZƏRBAYCAN 



 

"İdeal” sosial-psixoloji bir əsər kimi XX əsrin ikinci yarısında yaranmış Azərbaycan 

nəsrinin ən qiymətli nümunəsidir, həqiqi ədəbi hadisədir. “İdeal” İsa Muğannanın yaradıcılı-

ğında ayırıcı zolaqdır. Buna nəzərən onun yaradıcılığı üç mərhələyə bölünür. “İdeal”a qədərki 

mərhələ, “İdeal” və “İdeal”dan sonrakı mərhələ. Bu bölgüyə nəzərən “İdeal”ın müəllifinə də 

üç mərhələdə baxmaq olar - yazıçı, yazıçı-peyğəmbər, peyğəmbər. “İdeal” öz müəllifinin 

düşüncəsində koordinat oxlarının kəsişdiyi sıfır nöqtəsidir. Hər şey ordan keçir.  

İsa Hüseynov "İdeal" əsərini yazılma səbəbləri barədə bunları yazmışdı: “Vətəni zəngin, 

firavan, həyatı şirin, insanı gözəl görmək istəyən, gözü tox, könlü tox adamların, hər cür sax-

takarlıqdan uzaq, uca şəxsiyyətlərin yollarında sədd və maneələrin səbəbləri haqqında düşün-

düm. Axtardığımın bir qismini öz əsərim ”Yanar ürək”də, qalanını o romanın qəhrəmanlarının 

sonrakı talelərində tapdım, nəticədə isə ”Yanar ürək”dən bəzi bioqrafik faktları saxlayıb, 40-

80-ci illər arasında baş vermiş mənəvi-psixoloji dəyişikliklər haqqında yeni roman yazdım.” 

“İdeal”la “Yanar ürəy”i müqayisə edən professor Qəzənfər Kazımov onlar  arasındakı 

fərqi belə izah edir: “Yanar ürək” özlüyündə yüksək bədii-estetik məziyyətləri ilə seçilən, 

sevilən, çox oxunan, oxucunun zövq və tələblərini ödəyən bir əsər kimi ədəbiyyatımızda xü-

susi qiymətə malikdir. Lakin yazıçı faktiki olaraq həmin əsəri uçurub-dağıtmış və onun əsasın-

da tamamilə yeni bir roman yaratmışdır.  

Tənqidçi Əsəd Cahangir bu fikirdədir ki, İsa Muğannanın “İdeal” romanının dəyərlən-

dirilməsinə bir neçə kontekstdən yanaşmaq lazımdır: “Birincisi, romanın İsa Muğannanın öz 

yaradıcılığındakı yerindən danışaq. Bu roman yazıçının 1958-ci ildə yazdığı “Yanar ürək” ro-

manının dahiyanə redaktəsidir. Birinci roman realist-psixoloji, ikincisi isə postmodern düşüncə 

ilə yazılıb. Amma qərb postmodernistlərindən fərqli olaraq İsa Muğanna nəinki insana inanır, 

hətta onu ideal olmağa layiq bilir. Bu roman yeni bir inanc yaradır - dinin yerinə elmi, Allahın 

yerinə insanı qoyur. 

İkincisi, romanın Azərbaycan ədəbiyyatı tarixi kontekstindəki yeri barədə danışaq. Bu, 

romanla beş yüz illik Azərbaycan  ədəbiyyatı tarixində ilk dəfə milli bədii fikrimiz Füzuli 

orbitinin sehrini, nəhayət ki, sındırdı  və  Nəsimiyə, Nizamiyə qayıtdı. Düzdür, Axundov bu 

sehrdən çıxmağın nəinki nəzəri, hətta praktiki nümunəsini də göstərmişdi. Amma Axundov-

dan yarım  əsr sonra Cabbarlı  hələ  də bu sehrdən danışırdı. Yəni iş ayrı-ayrı  fərdlər səviy-

yəsində getsə də, ümumədəbiyyat xarakteri almamışdı. Buna zaman tələb olunurdu. İkincisi, 

Füzulini tənqid etmək bir şey, onun qarşısına alternativ düşüncə qoymaq isə başqa  şeydir. 

Axundov bu işi dram, Muğanna isə roman janrında yerinə yetirdi. Bunun özü artıq poeziya-

ya,  yəni Füzuliyə formaca alternativlik idi. “İdeal” milli romanlarımız arasında Nobelə layiq 

yeganə nümunədir. 

Üçüncüsü, “İdeal”ın dünya ədəbiyyatındakı yerindən danışaq.  Bu roman sadəcə bir nə-

fərin yox, ümumən Azərbaycan xalqının, bir az da geniş desək, dünya insanının bir neçə mi-

nillik düşüncəsinin roman şəklinə düşmüş məcmusudur. Roman öz gərgin psixologizmi, kəs-

kin dramatizmi, emosional aurası, intellektual yükü, ən başlıcası isə polifonik quruluşu ilə dünya 

ədəbiyyatında roman janrının  ən qeyri-adi nümunələrindən biridir.  İyirminci  əsr dünya ro-

manında ən möhtəşəm adlar olan Coys, Kafka, Prust, Tomas Mann, Feyxtvanger, Sartr, Kam-

yu, Brox, Faulz, Eko və s. kimi yazıçıların heç bir əsərini bu romana müqabil qoymaq olmaz. 

“İdeal”ın o vaxt necə ajiotaj yaratmasından danışan AMEA-nın müxbir üzvü, professor 

Nizami Cəfərov deyir  ki,  əsəri sərt  şəkildə  tənqid edənlərdən biri akademik Ziya Bünyadov 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

853



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

olub: “İdeal” işıq üzü görəndən sonra çox böyük səs-küy yarandı.  İsa Hüseynovun həm 

“Yanar ürək”dən, həm də “Hüseynov” soyadından imtina etməsi çaşqınlıq yaratmışdı. Azər-

baycanda hələ belə bir hadisə olmamışdı və ümumiyyətlə müəllifin öz əsərindən imtina etmə-

yi nadir hallarda rast gəlinən haldır.Bundan başqa görkəmli tarixçimiz Ziya Bünyadov əsəri 

sərt tənqid edərək bildirdi ki, burada sadalanan faktların tarixə heç bir dəxli yoxdur. Ziya 

Bünyadov “İdeal” haqqında yaxşı yazı yazmış Qəzənfər Kazımovu da tənqid etmişdi. Amma 

Ziya müəllim bir şeyi nəzərə almamışdı ki, bu, bədii  əsərdir, bədii  əsərdə müəyyən tarixi 

faktların bir az başqa  şəkildə  təqdim olunması normaldır. Ümumiyyətlə, indiyədək ciddi 

müzakirə mövzudur ki, “İdeal”dakı yanaşma, estetika nə  qədər doğru və  qəbul olunandır. 

Ancaq istənilən halda “İdeal” bədii təfəkkür hadisəsidir”.  

 “İdeal”da Cənubi Azərbaycanla bağlı xeyli məqamlar var. Bu barədə   danışan yazıçı 

Həmid Herisçi: "İsa Hüseynov bu əsərdə Cənubi Azərbaycan sirləri barədə üstüörtülü yazıb. 

Əsl həqiqətlər unudulub. Onun sözlərinə görə Azərbaycan sirləri Bakıda yox, Təbrizdədir. Bu 

sirləri bilən yazıçılardan biri Sabir Əhmədli idi və bu barədə “Yasaq edilmiş oyun” əsərində 

az da olsa yazıb"-deyə söyləmişdir.   

 “İdeal”ın Milli Azadlıq Hərəkatına müəyyən təsiri barədə müxtəlif vaxtlarda müxtəlif 

fikirlər irəli sürülüb. Milli Azadlıq Hərəkatının aktiv iştirakçılarından olmuş yazıçı  Səfər 

Alışarlı isə deyir ki, “İdeal” milli azadlıq hərəkatının bayrağına çevriləcək əsər deyil: “İdeal” 

kütlənin qavraya biləcəyi bir əsər deyil, xeyli mürəkkəbdir. O başqa söhbətdir ki, “İdeal” çap 

olunması ilə  hərəkatın başlaması  təxminən eyni vaxta təsadüf etdi. Və bu əsəri başa düşən 

ziyalılar o əsərdə fikirləri, xüsusilə stalinizmlə bağlı məqamları öz çıxışlarında bir daha vur-

ğulayırdılar”. 

 

 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin