AĞDAŞ ANTROPOTOPONİMLƏRİNİN
QRAMMATİK XÜSUSİYYƏTLƏRİ
Zibeydə HƏŞIMOVA
Qafqaz Universiteti
zabioj@mail.ru
AZƏRBAYCAN
Məlum olduğu kimi antropotoponimlər insan adları ilə bağlı olaraq yaradılmış yer ad-
larıdır. Ölkəmizin hər bir ərazisində olduğu kimi Ağdaş ərazisində də antropotoponimlərin
maraqlı nümunələrinə rast gəlmək mümkündür. Bu antropotoponimlər qrammatik quruluşu
baxımından da diqqəti cəlb edən xüsusiyyətlərə malikdir.
Beləliklə, Ağdaş ərazisində mövcud olan bir neçə antropotoponimin qrammatik quru-
luşuna nəzər yetirək:
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
831
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Tofiqi. Bu kəndin adı yerli əhalinin həyatında mühüm rol oynamış Tofiq adlı şəxslə
bağlıdır. Toponim insan adı bildirən Tofiq sözünə –i şəkilçisinin artırılması yolu ilə yaranmış-
dır. Bu şəkilçi adətən toponimlərə artırılaraq sahiblik, mənsubluq mənalarını bildirməyə xid-
mət edir. Burada isə şəxs adı bildirən sözə artırılaraq antropotoponim yaratmışdır. Böyük ehti-
mal ki, –i şəkilçisi burada da mənsubluq, sahiblik bildirmişdir. Beləliklə, kəndin adının məna-
sı “Tofiqə məxsus olan kənd” deməkdir.
Davudlu. Digər ərazilərdə olduğu kimi Ağdaşın Davudlu kəndi də antropotoponimlərin
yaranmasında geniş şəkildə istifadə olunan –lu
4
şəkilçisi vasitəsilə yaranmışdır. Ölkəmizin
digər ərazilərində mövcud olan antropotoponimlərin əksəriyyəti –lı
4
şəkilçisi vasitəsilə yaran-
mışdır. Davudlu antropotoponimi də bu sıraya daxildir. Şəkilçi burada səxs adına artırılaraq
sahiblik, mənsubluq mənasını ifadə etmişdir. Toponimin mənası “Davuda məxsus olan kənd”
deməkdir.
Zeynəddin. Bu kəndin adı şəxs adını bildirsə də, həmin şəxsin kimliyi və kənd əhalisi-
nin həyatında nə kimi rol oynaması məlum deyil. Güman etmək olar ki Zeynəddin ərəblər
dövründə Ağdaşda olmuş və bu kəndin salınmasında iştirak etmişdir. Zeynəddin antropotopo-
niminin əsas xüsusiyyətlərindən biri budur ki, Bu kənd adının yaranmasında heç bir qram-
matik ünsür iştirak etməmişdir. Yəni, şəxs adı təklikdə antropotoponimlik xüsusiyyəti daşıyır.
Bu cür antropotoponimlərə elliptik antropotoponimlər deyilir. Yəni burada heç bir topofor-
mant işlənməmişdir və ya ixtisar edilmiş və dildə bu cür qalmışdır.
Ağdaş ərazisində bu cür toponimlərə geniş rast gəlinir. Onlardan Mürsəl, Xosrov, Mə-
şəd adlı kəndlər də elliptik topoim hesab olunur. Yəni bu antropotoponimlər də heç bir
qrammatik göstərici olmadan və topoformantsız işlədilmişdir. Onomastik vahidlərdə bu cür
hallara az rast gəlindiyi üçün belə güman edilir ki, vaxtilə bu toponimlər şəkilçili olmuş və ya
topoformantla işlənmiş, lakin sonradan dəyişikliyə uğramış və elliptik formaya düşmüşdür.
Nemətabad, Şəmsabad. Bu kənd adları antropotoponim olmaqla yanaşı, digər
ərazilərdə geniş yayılmış “abad” topoformantı vasitəsilə yaranmışdır. Bildiyimiz kimi abad
topoformantı ən çox şəxs adlarına qoşularaq müxtəlif məzmunlu toponimlərin yaranmasında
iştirak edir. Ağdaş ərazisindəki Nemətabad və Şəmsabad antropotoponimləri də bu sıraya
daxildir. Burada Nemət və Şəms şəxs adlarını ifadə edir. Abad topoformantı isə bu adların
sonluğuna qoşularaq antropotoponim yaratmışdır. Abad topoformantı əsasən memorial
xarakterli toponimlərin yaranmasında iştirak edir. Buna görə də Nemətabad və Şəmsabad
memorial xarakterli antropotoponim hesab olunur.
Əmirmahmud. Ağdaş ərazisində yerləşən bu kənd adı maraqlı qrammatik quruluşu ilə
diqqəti cəlb edir. Belə ki, kəndin adı iki hissədən ibarətdir: əmir və mahmud sözlərindən.
Burada maraqlı məqam odur ki, antropotoponimlər adətən şəxs adı bildirən sözün sonuna
topoformant və ya şəkilçi artırmaqla düzəlir. Lakin bu toponimik vahid titul bildirən sözlə
şəxs adının birləşməsi nəticəsində yaranmışdır. Antropotoponimin digər bir fərqli xüsusiyyəti
də odur ki, burada da heç bir qrammatik göstərici, şəkilçi və topoformant iştirak etməmişdir.
Göründüyü kimi Ağdaş ərazisinin antropotoponimləri qrammatik quruluşuna görə
maraqlı xüsusiyyətləri ilə diqqəti cəlb edir. Bu antropotoponimlərin arasında elliptik formada
olanlarla yanaşı, müxtəlif şəkilçi və topoformantlar vasitəsilə yarananlar da vardır. Bu antro-
potoponimlərin istər mənşə baxımından, istərsə də qrammatik quruluş baxımından araşdırıl-
ması xüsusi əhəmiyyətə malikdir. Çünki, toponimik tədqiqat həm tarixi baxımdan, həm də dil-
çilik baxımından önəm kəsb edir. Buna görə də onomastik vahidlərin zənginliyi ilə seçilən öl-
kəmizin hər bir ərazisinin toponimlərinin araşdırılması və tədqiqatı mühüm əhəmiyyətə malikdir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
832
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
SƏRBƏST ŞEİR HƏRƏKATININ MEYDANA ÇIXMASI
KONTEKSTİNDƏ QƏRB ƏDƏBİYYATININ MÜASİR
ƏRƏB POEZİYASINA TƏSİRİ
Kamil ŞƏRİFOV
AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq institutu
kamil_sharif@mail.ru
AZƏRBAYCAN
Tənqidçilər XX əsrin ilk yarısında ərəb şeiri tarixinin davamlı təcrübə və sınaq tarixi ol-
duğunu deyirlər. Onlar modern ərəb ədəbiyyatının inkişafının ilk mərhələsi hesab edilən 1948-
ci il və 1967-ci il müharibələri arasındakı dövrü bu təcrübə və sınaq tarixinin təbii davamı ola-
raq qəbul edirlər. II Dünya müharibəsindən sonra ərəb ölkələri və Qərb arasında mədəni-ədəbi
əlaqələrin möhkəmlənməsi, ədəbi birlik və assosiasiyaların yaradılması, marksizm, ekzistensi-
alizm kimi ideologiyaların, fəlsəfi görüşlərin yayılması, qəzet və jurnal səhifələrində tərcümə
hərəkatının daha da intensivləşməsi və ən nəhayət, Qərb ədəbiyyatının görkəmli nümayəndə-
lərinin ərəb yazıçı və şairlərinə təsiri ərəb ədəbiyyatının inkişafını şərtləndirən ən mühüm
amillər idi.
Qərb ədəbiyyatının ərəb poeziyasına təsiri əsas etibarilə özünü ideya-məzmunda, ictimai-
fəlsəfi, etik-əxlaqi məsələləri önə çəkməsində və şeir dilinin, ifadə tərzinin yeniliyində və
klassik qəliblərin sındırılmasında göstərmişdir. Ötən əsrin ortalarından başlayaraq Qərbin
modernist şairlərinin yaradıcılıq nümunələrinin, xüsusilə də Tomas Eliotun (1888-1965)
poeziyasının böyük bir hissəsinin və tənqidi esselərinin ərəb dilinə tərcümə edilərək Beyrutda
"əl-Ədəb" və "əş-Şiir", Qahirədə isə "Ədəb" və "əl-Məcəllə" kimi jurnallarda yayımlanması
gənc ərəb şairlərinin yeni tanış olduqları ingilis şairinin yaradıcılığına olan marağını artırdı.
Zaman keçdikcə, bu təsir Bədr Şakir əs-Səyyab, Nazik əl-Məlaikə, Əbdülvəhhab əl-Bəyyati,
Salah Əbdussabur, Abdulmuti əl-Hicazi, Fədva Tuqan, Adonis, Nizar Qəbbani, Orxan əl-
Müyəssər, Xəlil Havi kimi gənc ərəb şairlərinin yazı manerasında, üslubunda, bədii forma və
zövq əlvanlığında qabarıq şəkildə özünü göstərməyə başladı. Bütün bunları biz onların
seyrçilikdən uzaq şəkildə hadisələr ətrafında təfərrüata varmalarında, mifoloji obrazlılığa və
sufi motivlərinə meyil etmələrində və poeziyalarını yeni yaranmış "sərbəst şeir" (bəzən də
mənsur qəsidə) forması üzərində kökləmələrində görə bilərik. Bəzi tənqidçilər hətta T.Eliotun
"Biyaban" ("The waste land") poemasını ərəb poeziyasında meydana çıxmış yenilikçi hərəkatı
başa düşmək üçün müəyyən mənada açar hesab etmişlər.
Nazik əl-Mələikə, Bədr Şakir əs-Səyyəb, Əbdülvəhhab əl-Bəyyati, Şazil Taqa, Bülənd
Heydəri, Müzəffər ən-Nəvvab kimi iraqlı şairlər sərbəst şeirin iraqlı baniləri və öncülləri kimi
tanınsalar da, Suriyada Adonis, Nizar Qəbbani, Əli ən-Nasir, Orxan əl-Müyəssər, Livanda
Yusuf əl-Xal, Xəlil Havi, Misirdə Əbdulmuti əl-Hicazi, Salah Əbdussabur, Fələstində
Mahmud Dərviş, Muin Bsisu kimi onların davamçıları olan novator şairlər də heç də sərbəst
şeirin inkişaf etdirilməsində onlardan geri qalmamış və ərəb poeziyasında bu formanın
möhkəmlənməsində və yayılmasında uğurlu addımlar atmışlar.
Sərbəst şeirə və bu formada yazılan poetik nümunələrə nəzər saldığımız zaman, ərəb şa-
irlərinin Qərb ədəbiyyatından təsirləndiyini görürük. Əlbəttə, Qərb ədəbiyyatından ilham alan
bu gənc şairlər əvvəlcə klassik qafiyə quruluşundan, əsrin ruhuna yad olan yersiz və arxaik
sözlərdən uzaqlaşdılar. Sonra onlar həyatın nəbzini tutan mövzulara, xalqın ruhuna və aşağı
təbəqələrin problemlərinə biganə olmayan canlı, real təcrübələrə tərəf yönəldilər. Bütün bu
amillərlə yanaşı şeirlərində olan yeni məzmun, sadə, axıcı dili və başqa müasir keyfiyyətlər
modernist şairləri həm ədəbi çevrələrdə, həm də cəmiyyətdə məşhurlaşdırdı.
Qeyd etməliyik ki, "sərbəst şeir" hərəkatı da özündən əvvəlki başqa hərəkatlar kimi nöq-
sandan və eyiblərdən də xali deyildi. Modernist şeirin istər dəstəkçilərinin, istərsə də əleyhdar-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
833
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
larının qəbul etdiyi bəzi nöqsanlar var idi ki, burada onları xatırlamaq lazımdır. Bunlar bəzi
şeirlərdə musiqi duyğusunun kasadlığı, poetik dilin vulqarizm və bayağılıqla korlanması, müb-
həmlik və qapalılıq ucbatından bədii təsir gücünü itirməsi, ərəb cəmiyyətinə və onun ədəbi
irsinə bağlılıqdan məhrum olması, real fərdi-psixoloji sarsıntılar, iztirablar keçirmədən Qərb
poeziyasının kor-koranə təqlidi və s. nöqsanlar idi.
FOLKLOR TƏRBİYƏ MƏKTƏBİ VƏ KÖKƏ
QAYIDIŞ VASİTƏSİ KİMİ
Xankişi MƏMMƏDOV
Azərbaycan Dövlət Pedaqoji Universiteti (Bakı)
xankishi.memmedov@mail.ru
AZƏRBAYCAN
Bilgə Kağanin “Ey türk, özünə qayıt! Sən özünə qayıdanda böyük olursan!” fikri hər bir
türkün həyat amalı olmalı və bu prinsipə hər kəs öz fəaliyyətində maksimum çalışıb əməl
etməlidir. Həmin fikri xatırladıram: "Qədimliyimiz zənginliyimizdir. Babalarımız bizdən də
ruhlu, bədii zövq sarıdan hədsiz zəngin idilər. Bu səbəbdən də folklorumuzun orta məktəb-
lərimizdə (qlobal şəkildə götürsək - təhsildə -X.M.) daha geniş və ardıcıl səviyyədə öyrənil-
məsinə ehtiyac var. Elə etməliyik ki, yenə də əvvəlki kimi analar yeni doğulan körpələrini şirin
layla üstə böyütsünlər. Bunsuz millətimizin gələcəyinin sözün əsl mənasında yaranması müm-
kün olmayacaq". Odur ki, folklorun öyrənilməsi prioritet məsələ olmalı, nəsillər arasında mə-
nəvi bağlılığın uğurla inkişaf etdirilməsi üçün xalqın mənəvi kamilləşməsində əvəzsiz rolu
olan folklor motivlərindən dəyərincə istifadəyə çalışılmalıdır. Əslində bu həm də təhsilverənin
borcudur. Folklorun öyrənilməsi prosesində etnopedaqoji nümunələrdən geniş istifadə etmək-
lə təhsilalanların mənəviyyat bütövlüyünün təmin olunmasına xüsusi diqqət ayrılmalıdır.
Çünki mədəniyyətlə və mənəvi normalarla səsləşmədən, şəxsiyyətin formalaşdırılması prose-
sindən danışmaq yersiz olar. Axı folklor xalqın mənəvi sərvətinin, onun mədəniyyətinin
tərkib hissəsi olmaqla, həm də xalq pedaqogikasının tarixi salnaməsidir. Nəhayət, bu həm də
türkün sabahıdır. Odur ki, həm tariximizi həm də dilimizi öyrənmək baxımından “dağlardan
axan və yer altından süzülüb gələn bulaq sularını” xatırladan folklorumuzun sistemli şəkildə
araşdırılması, öyrənilməsi və gələcək nəsillərə çatdırılmasına böyük ehtiyac var. Niyə axı
gələcək nəsillərimiz bu bulaqdan içib ondan güc və dərs almasın?Bir də ki, folklor tükənməz
enereji mənbəyidir. Belə olmasaydı, folklordan bəhrələnərək M.Rzaquluzadənin “El gücü”,
Səhəndin “Sazımın sözü”, Anarın “Dədə Qorqud”u, N.Xəzrinin “Burla xatun”u və s. kimi
dəyərli əsərlər yazılmazdı.
Biz ədəbiyyatı həm də ona görə öyrədirik ki, uşaqlarımızın intellekt qabiliyyətlərini
inkişaf etdirək (intellekt qabiliyyətini təkcə dəqiq elmlər öyrətmir). Odur ki, folkloru əvəz
olunmayan ədəb və tərbiyə məktəbinə bənzədirlər. O da məlumdur ki, hər kəsə onun elminə,
ədəbinə, mərifətinə, tərbiyəsinə, ümumilikdə götürsək, ağlına və səviyyəsinə görə qiymət ve-
rirlər. Nə yaxşı ki, türk milləti bu göstəricilərə görə dünya millətləri içərisində yüksək nüfuza
malik olanlar sırasındadır.
Müasir təhsil sistemi tərəflərinin nisbəti müxtəlif olan çoxbucağı üzərində qurulmuş
mürəkkəb bir sistemə bənzəyir. Bu çoxbucaqlının tərəflərinin hər biri insanlarda böyüklərə
hörmət, düzlük, əməksevərlik, Vətənə məhəbbət, vətənpərvərlik, dostluq, ədalət, təvazökarlıq,
xeyir, şər, həmrəylik, humanizm və bu kimi müəyyən təsəvvür və anlayışları ifadə edir ki,
onlar haqqında ilkin məlumatlar məhz folklor janrlarının anası hesab olunan bayatılardan,
laylalardan, tapmacalardan, atalar sözü və məsəllərdən və digər folklor nümunələrindən başlayır.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
834
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Mətləbə keçmək üçün yola körpünü“Kitаbi-Dədə Qоrqud”dan başlayaq. “Kitab”da türk
təfəkkürünün Allaha inamı, tanrının birliyinə şükr qıldığı, ən çətin işlərin belə Allahın köməyi
ilə həll olunduğu, döyüşdən qabaq oğuz igidlərinin namaz qılması, abdəst almaları, üzlərini
yerə qoymaları Allahsız heç bir işin keçinmədiyinin bariz nümunəsidir. Allaha inamla bağlı
“Kitab”da çoxlu atalar sözü verilmişdir: “Allah, allah diməyincə işlər oŋmaz”, “Qadir təŋri
verməyincə ər bayımaz”, “Təkəbbürlük eyləyəni təŋri sevməz”, “Əcəl vədə irməyincə kimsə
ölməz” və s. Bütün bu paremiləri yerində işlətmək son dərəcə zəruridir. Əgər biz zəngin folklor
nümunələrini yeni nəsillərə çatdıra bilsək, onların qəlbində millətə, dilə məhəbbət oyada bilsək,
vətənpərvərlik ruhu aşılaya bilsək, onda intellektimiz, deməli, həm də uğurlarımız qaçılmaz
olacaqdır.
Vətənpərvərliklə bağlı “Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır”, “Vətənin sev-
məyən insan olmaz, olsa da ol şəxsdə vicdan olmaz”, kollektivçiliklə bağlı
“El bir olsa-dağ
oynadar yerindən”,köməyə ehtiyacı olanlara əl tutmaq, kimsəsizlərin qayğısına qalmaqla bağlı
"Əl tutanın əlindən tutarlar”,düşmənə qarşı amansız olub qəhrəmanlıq, mübarizlik ruhu ilə
bağlı “Ağ ciyər olma, ər ol, ər!”, böyüklərə, ataya-anaya, doğmalara hörmətlə bağlı “Böyük-
süz evdə xeyir-bərəkət olmaz”, əmək tərbiyəsi ilə bağlı ”Allah tənbəli sevməz”,ağıla, elmə,
biliyə qiymətlə bağlı "Avara adam kordur”, yalançılıq və doğruçuluqla bağlı “Doğruya zaval
yoxdur”, zamanla bağlı "Vaxtını itirən bəxtini itirər”, səbrlə bağlı "Səbr ilə halva bişər ey qora
səndən, bəsləsən atlas olar tut yarpağından”, “Səbirli insan heç vaxt peşman olmaz”, kimi ata-
lar sözünə şərh vermək bizcə artıqdır. Səbirlə bağlı ədəbiyyatda rast gəlmədiyimiz bir el deyimi
də var: “Düşməndən qırx ildən sonra qisas aldım, baxıb gördüm ki, deyəsən bir azca tə-
ləsmişəm”.
Göründüyü kimi, insanların ağıllı, düşüncəli olması, onların intellekt qabiliyyətinin in-
kişaf etdirilməsi, bir sözlə, mənəvi cəhətdən zəngin olmasının yeganə yolu folklordan keçir.
Bu yol riyaziyyatla poeziyanın, folklorun qoşa öyrənilməsi baxımından da maraq kəsb edir.
Bütün bunlar isə xalqın ruh yaddaşına və tarixinə olan hörmət və etiramla bərabər, folklorun
nə qədər praktiki əhəmiyyətə malik olmasından xəbər verir.
İ
SA HÜSEYNOVUN “İDEAL” ROMANINDA
İNSANA FƏLSƏFİ YANAŞMA
Sevil SƏFƏROVA
Bakı Slavyan Universiteti
sevil.seferova1@mail.ru
AZƏRBAYCAN
Bəşəriyyətin zirvəsi olan insana hələ qədim zamanlardan bugünümüzə kimi müxtəlif
aspektdən yanaşılmışdır. İnsanın daxili, mənəvi aləmi hər zaman diqqət mərkəzində olmuşdur
və insana belə baxış tarixə Sokratın adı ilə düşmüşdür. Sokrat insanın daxili aləmini, keçirdiyi
hisslərini, duyğularını sevgisini əsas götürür və bununla da insanın mahiyyətini açır. Tarixə
onun adı ilə düşmüş “özünü öyrən”, “mahiyyətini dərk et” anlamı insan haqqındakı sonrakı
təsəvvürlərə cığır açmışdır. Sokratdan sonra Platon və Aristotelin də insanla bağlı fəlsəfi
fikirləri maraq doğurur. Demakritlə Platon da insanın mənəvi aləmini əsas götürür. Fəlsəfə ilə
yanaşı ədəbiyyatın da əsas problemi insandır. Hələ qədim zamanlarda, xüsusilə Azərbaycan
ədəbiyyatında fəlsəfə və ədəbiyyat birgə fəaliyyət göstərirdi. Xəqaninin, Nizaminin, Nəsimi-
nin, M.Füzulinin və s. yaradıcılığında insana ədəbi-fəlsəfi baxış vəhdət təşkil edirdi. Ədəbiy-
yatımızın sonrakı inkişafında bir çox yazıçılarımızın yaradıcılığında da bu cəhət özünü göstə-
rir. Xüsusilə, İsa Hüseyinovun yaradıcılığında bunu aydın şəkildə müşahidə etmək mümkün-
dür. Onun fəlsəfi ideyaları “İdeal” əsərində daha qabarıq şəkildə özünü göstərir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
835
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
İsa Hüseyinov İdeal əsərində bir sıra fəlsəfi ideyalar irəli sürmüşdür. Onun fəlsəfəsini
kamil insan, ideal insan, əbədi insan fəlsəfəsi kimi ayırd etmək olar. Yazıçının insana dair
fəlsəfi ideyaları əsərdəki Sultan Əmirli və Səməd obrazında özünü geniş şəkildə əks etdirir.
Sultan Əmirli yazıçı tərəfindən böyük rəğbətlə əks etdirilmişdir. Əsərdə o, həqiqətin carçısı-
dır. Bütün həyatını xalqının, vətəninin, ümumiyyətlə bəşəriyyətin xoşbəxt gələcəyi uğrunda
qurban vermişdir. O, özünü Dünyaya Kainat elmi yayan AdıPünhan hesab edirdi. O, rahat,
gözəl həyat da sürə bilərdi, amma bu yolu seçmir. Cahil xalqın gözünü açmaqdan ötrü özünü
səfərbər edir. Təbii ki, bu yolda onun qarşısında böyük maneələr, keçilməsi çətin səddlər var
idi. Yazıçı Sultan Əmirlinin qarşısındakı maneələr kimi dövrün hakim ideologiyasını göstərir.
Yazıçı dövrün xarakteristikasını verməklə yanaşı, “Bezobraziya”nı da kəskin tənqid hədəfinə
çevirmişdi. Bezobraziya zülmündən qurtarmaqda çarəni “ideal”ında tapırdı. Onun idealı cə-
miyyətdəki hakim qanunlarla uyğunlaşmaq istəmirdi. İ.Hüseynov insanı Bezobraziya cəmiy-
yətində əzilir, təhqirlərə, böhtanlara məruz qalır, lakin bunlara baxmayaraq mübariz bir insan
kimi özünü göstərir. Onu düşündürən təkcə raykom katibi olduğu rayonun insanının taleyi
deyil, onu düşündürən bəşər insanının taleyi idi. O insanın taleyi ki, tarix boyu daim əzilmiş,
məhkum vəziyyətində olmuş, dili, dini əlindən alınmış, hətta, qədim kökləri belə təhriflərə
uğradılaraq, bəşər tarixinin səhifələrindən silinməyə çalışılmışdır. İsa Hüseynovun idealı isə
qarşısındakı problemi səthi deyil, dərin köklərinə qədər nüfuz edərək həll etməyə çalışırdı.
Onun fəlsəfəsinə görə bəşər insanı ilk öncə özünü, mahiyyətini dərk etməlidir. Bunun üçün isə
insan kökünü, tarixini, dilini, mədəniyyətini dərindən bilməli, elminə yiyələnməli və kamil
insan olmalıdır. Yalnız bu yol ilə insanımız düşdüyü məngənədən xilas ola bilər. Əsərdəki
hadisələrin mərkəzində dayanmış digər bir obraz isə Səməddir. O, daim psixoloji gərginliklər
keçirir, ətrafında cərəyan edən hadisələri dərk etməkdə çətinlik çəkir. Əsərdə Səməd bir növ
kökündən ayrılmış, yadlaşmış cahil xalqı təmsil edir. Çax-Çux Xalıq kimilərin yalanları və
təhrifləri Səmədin gözündən pərdə asır, zaman-zaman onu idealından uzaqlaşdırır. Yazıçı
bununla sanki dövrün xarakteristikasını verir. Tarixi, mədəniyyəti, dili, mənəviyyatı təhrif
edilən bir xalq getdikcə unutqanlaşır və dostunu, düşmənini ayırmaqda çətinlik çəkir. Bu kumi
tərəddüdləri əsərin əvvəlində Səmədin timsalında görmək mümkündür. Yazıçı Səmədin
daxilində baş verən təlatümlərin səbəbini onun öz mahiyyətini dərk etməməsində, həqiqətə
çata bilməməsində və bunun nəticəsində idealından uzaqlaşmasında görürdü. Əsərin
əvvəlində Səməd hələ cahil idi və ətrafında baş verən hadisələrə, eşitdiyi söz-söhbətlərə səthi
yanaşırdı, dərinliklərinə varıb qiymətləndirmək bacarığına malik deyildi. Hər şeyi gördüyü və
eşitdiyi kimi qəbul edir və inanırdı. Əsərin sonrakı inkişafında Səmədin gün-gündən
hadisələrə daha aydın nəzərlərlə baxdığını görürük. O getdikcə onu düşündürən hər şeyi təhlil
edib, həqiqətə çatmaq bacarığına nail olur. Bu isə ona İdealını tapmaqda kömək edir. Bununla
yanaşı Səməd də kamil insan səviyyəsinə qalxır və əbədiyyətə doğru addım atır.
ANARIN “ƏLAQƏ” POVESTİNDƏ MÜHİT VƏ QƏHRƏMAN PROBLEMİ
Könül ŞƏRİFOVA
Bakı Slavyan Universiteti
sherifova.konul@mail.ru
AZƏRBAYCAN
Mühit və qəhrəman problemi bir-birilə qarşılıqlı əlaqədə özünü göstərir. Mühit qəhrə-
mana təsir edir və bunun nəticəsində də, qəhrəmanın xarakteristikası açılır, bu və ya digər şəxsi
keyfiyyətləri üzə çıxır. Bədii əsərlərdə müəllif, mühit və qəhrəman problemi bir-birilə qarşılıqlı
əlaqədə əks olunur. Bəzən mühitə hadisələrin baş verdiyi məkan kimi yanaşılır. Ancaq bu şə-
kildə yanaşma düzgün hal deyil. Mühit qəhrəmanın düşdüyü vəziyyətdir. Qəhrəman düşdüyü
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
836
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
vəziyyətə uyğunlaşa və ya əksinə uyğunlaşmaya da bilər. Əsərdə qəhrəmanın kim hesab edil-
məsi onun bacarığı ilə deyil, əsərin ideyası ilə müəyyən olunur. Bədii əsərdə iştirak edən şəxsin
qəhrəman sayılması onun hadisələrin inkişafında, xarakterlərin açılmasındakı rolu ilə müəyyən
edilir. Həm müsbət keyfiyyətlərə malik, həm də mənfi cəhətləri ilə diqqəti çəkən surət bədii
əsərin qəhrəmanı ola bilir. Əsərdə müsbət hesab edilən qəhrəmanın da bəzii nöqsanları ola
bilər. Onlar ictimai həyatda, hərəkət və davranışlarında müəyyən səhvlərə yol verə bilirlər.
Mühitə, dövrə münasibət qəhrəmanların hərəkətləri ilə deyil, bədii nəticə ilə üzə çıxır.
Mühit və qəhrəman problemi Anarın “ Əlaqə” povestində də özünü göstərir. Povest həm
janr, həm də mövzu baxımından digər əsərlərdən fərqlənir. “Əlaqə” povesti fantastik bir əsər-
di. Əsərdə bir tələbənin ali məktəbə daxil olması, tələbə adını qazandıqdan sonra bir sıra ha-
disələrlə qarşılaşması öz əksini tapır. Povestdə tələbə əsərin əvvəlindən sonuna kimi bir sıra
fantastik vəziyyətə düşür. Yaşadığı evdə asılmış şəkillərdəki insanların tez-tez dəyişməsi,
yaşadığı binaya yaxın məsafədə yanıb xarabalığa çevrilmiş binanı görməsi, pəncərələrdən
görünən işığın yanıb-sönməsi , liftin işləmə qaydası və s. tələbənin psixoloji cəhətdən gərgin-
ləşməsinə səbəb olur. Bütün bunlardan qorxan gənc düşdüyü mühitdən qaçıb hamının olduğu
yerə getmək haqqında belə düşünür. Əsərdə əsasən təklik, tənhalıq ön planda verilib. Povest
də fenomenal üçlük diqqəti daha çox cəlb edir. Bu üçlüyə daxildir: Tənha Yer Kürəsi, Tənha
Bina, Tənha, Fərdiyyətçi Tələbə. Tələbə fərdiyyətçi olduğu üçün kütləvi-insani həyat tərzinə
qovuşa bilmir. Əsərdə tələbə ali məktəbə hazırlaşdığı dövrdə üç oğlanla yataqxanada yaşayır.
Ancaq ünsiyyət qura bilmədiyi üçün daim kənarda qalır, onlara uyğunlaşa bilmir. Ali məktəbə
daxil olduqdan sonra o, tək yaşamaq qərarına gəlir. Tələbə qapalı vəziyyətdən kənara çıxmaq
haqqında qətiyyən fikirləşmirdi. O, artıq təkliyə vərdiş etmişdi, insanlarla əlaqələnmə yolları
axtarmırdı. Əksinə, özünü başqalarından ayrı salmaqdan ötrü yollar axtarır,insanlarla ayrılma,
təcrid edilmə, "qırıq xətli telefona" çevrilmə yolları arayırdı. Şəhərdən kənarda, insanların az
olduğu məkanda, pəncərədən boylanarkən dənizdən başqa heç bir şeyin olmadığı yerdə yaşa-
ması onu daha da sevindirirdi. Əslində bu hal təkliyi, tənhalığı sevmək ən böyük faciələrdən
biri idi. Əsərdə əlaqə problemi yazıçı tərəfindən çox geniş şəkildə əks olunmuşdu. Burada
yalnız bir insanın digəri ilə əlaqəsi yox, o cümlədən cəmiyyətin, Yer kürəsinin digər varlıqlarla
əlaqə yarada bilməməsi ön planda verilib . Əsərdə bu açıq-aşkar özünü göstərir. Belə ki, tələ-
bə insanlardan ayrı düşür, tələbənin yaşadığı bina digər binalardan , Yer Kürəsi də digər pla-
netlərdən ayrı düşür. Yazıçı tələbə ilə yanaşı binanın, Yer Kürəsinin təkliyini əks etdirməklə
böyük yalqızlığı qabarıq göstərməyə çalışıb və bura da simvolik obyektləri əsas götürüb. Əsərdə
yazıçı müxtəlif səpkidə şəxsiyyət problemini izah edir . Yazıçı bu povestlə oxucularını, elm
adamlarını “başqa növ əlaqə prinsiplərinə” yiyələnməyə çağırır.
Dostları ilə paylaş: |