Nizami SÜleymanov



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə40/55
tarix27.11.2022
ölçüsü1,93 Mb.
#70814
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   55
DERSL-K-1501-1736

VIII FƏSİL 
 
XVI-XVII ƏSRLƏRDƏ SƏFƏVİ DÖVLƏTİNİN 
TƏSƏRRÜFAT HƏYATI 
 
§ 8.1. Kənd təsərrüfatı 
XVI əsrin əvvəllərində mərkəzləşmiş dövlətin yaranması, 
vahid iqtisadi siyasətin həyata keçirilməsi kənd təsərrüfatının 
inkişafına səbəb oldu. I Şah İsmayılın (1501-1524), I Şah 
Təhmasibin (1524-1576), I Şah Abbasın (1587-1629) həyata 
keçirdikləri iqtisadi tədbirlər kənd təsərrüfatının inkişafına 
müsbət təsir göstərirdi. 
XVI-XVII əsrlərdə Səfəvi dövlətinin iqtisadiyyatı əsasən 
kənd təsərrüfatı, sənətkarlıq və ticarət sahələrindən ibarət idi. 
Azərbaycanın bütün bölgələrində buğda, arpa, düyü, paxla, 
darı, mərci, noxud və s. əkilirdi. Şərq ölkələrində olduğu kimi, 
Azərbaycanda da kənd təsərrüfatı istehsalı suvarma siteminin 
vəziyyətindən asılı idi. Bu dövrdə təbii çaylar və onlardan 
çəkilən su arxları, kanallar, kəhrizlər və su quyuları suvarma 
sisteminin əsasını təşkil edirdi. Səfəvi hökmdarları suvarma 
şəbəkələrinin normal fəaliyyət göstərməsinə nəzarət edir, köhnə 
və dağılmış suvarma qurğularının bərpa edilməsinə xüsusi 
diqqət yetirirdilər. 
I Şah Təhmasibin və I Şah Abbasın həyata keçirdiyi 
islahatlar nəticəsində bir sıra vergilərin ləğv edilməsi, bəzi ver-
gi və rüsumların azaldılması kənd təsərrüfatının inkişafına 
müsbət təsir göstərmiş və məhsuldar qüvvələrin inkişafı üçün 
əlverişli şərait yaratmışdı. Kənd təsərrüfatı bölgələri ilə şəhərlər 
arasında ticarət əlaqələrinin güclənməsi daxili bazarın 
inkişafına, əmtəə-pul münasibətlərinin inkişafına səbəb olurdu. 
Ölkədə kənd təsərrüfatı inkişafı, əkin sahələrinin geniş-
lənməsi və yeni təsərrüfat sahələrinin yaranması ilə suya tələbat 
artdığına görə dövlət suvarma sisteminin qurulmasına xüsusi 


167 
diqqət yetirirdi. Hələ I Təhmasibin dövründə Zəyəndərud 
çayının suyu ilk dəfə iki hissəyə bölünərək ətraf ərazilərdə
təsərrüfat su ilə təmin edilmişdi. Sonralar bu istiqa mətdə iş 
aparılaraq çayın suyu daha çox təsərrüfatları əhatə etmişdi. 
Suyun bölünməsi divan dəftərində qeydə alınaraq şahın möhürü 
ilə təsdiq edilmişdi. Həmin bölgüyə uyğun olaraq hər bir kəndə 
təyin edilmiş mirab (su məmuru) su bölgüsünə düzgün əməl 
olunmasına nəzarət edirdi. İsfahan və onun ətrafında yaşayan 
əkinçilər suvarılan torpağın hər cəbiri (bir cəbir 5 min kvmetrə 
bərabərdir) üçün 20 su dəyərində pul ödəməli idilər. İsfahanın 
dövlətin paytaxtı olması ilə əlaqədar şəhər ətrafı məskənlərin 
artması, əkinçilik təsərrüfatının genişlənməsi nəticəsində bu 
bölgədə su qıtlığı problemi yarandı. Dövlət bu problemi həll 
etmək üçün, yəni təsərrüfatı su ilə təmin etmək üçün 
Zəyəndərud çayından həmin sahələrə arxlar çəkdirmiş, suyun 
təsərrüfatlar arasında düzgün bölüşdürülməsini nəzarətə 
götürmüşdü. Dövlət tərəfindən su bölgüsünə mirab adlanan su 
məmuru nəzarət edirdi. Bu İsfahan şəhərinin dövlətin pay-
taxtına çevrilməsindən sonra şəhərdə əhalinin artması və 
onların kənd təsərrüfatı mallarına olan tələbatının artması ilə 
əlaqədar idi.
Kənd təsərrüfatı istehsalında ipəkçilik mühüm yer tutur-
du. İpəkçiliyin inkişafı daxili və xarici bazarda xam ipəyə 
tələbatın çox olması ilə bağlı idi. Barama istehsalı sahəsində 
Şirvan, Qarabağ, Gilan, Xorasan bölgələri xüsusi ilə fərqlənirdi. 
Azərbaycanın baramaçılıq təsərrüfatı qapalılıqdan çıxaraq 
əmtəə-pul münasibətləri sisteminə cəlb olunmuşdu. 
İpəkçilik ölkəyə, dövlət xəzinəsinə böyük gəlir gətirdi-
yindən, Səfəvi hökmdarları bu sahəni inkişaf etdirmək üçün 
hətta həmin bölgələrə müxtəlif yerlərdən əhali köçürürdülər. Bu 
məqsədlə I Şah Abbasın dövründə Qafqazdan Mazandarana 30 
min xristian əhali köçürülmüşdü. 
İpəkçilik ölkə iqtisadiyyatının çox mühüm sahəsi kimi 
ümumölkə miqyasında inkişaf edirdi. Səyyahların verdiyi 


168 
məlumata görə XVII əsrin 30-40-cı illərində ölkədə ildə 20-22 
min tay xam ipək istehsal edilirdi. Həmin ipəyin 10 min tayı 
Gilanın, 2 min tayı Mazandaranın, 3 min tayı Xorasanın, 3 min 
tayı Azərbaycanın cənub hissəsinin, 2 min tayı Qarabağın, 2 
min tayı isə Gürcüstanın payına düşürdü. Əlbəttə bu rəqəm 
göstəriciləri Azərbaycanda istehsal edilən ipəyin dəqiq göstə-
riciləri deyildi. Çünki səyyahlar bu rəqəmləri dövlət struk-
turunda çalışan məmurlardan aldıqları məlumatlara əsasən 
yazırdılar. Dövlətin vilayətlərində becərilən ipəyin heç də 
hamısı, xüsusilə yerli bazarların ehtiyacını ödəyən hissəsi 
dövlət orqanlarında qeydiyyatdan keçmirdi. Fransız səyyahı 
Şarden Səfəvi dövlətində Ardeş (Ərəş), Legiya və ya Legian 
(Leji – Gilanda kiçik şəhər), Kədxodapəsənd, Şərbaf adlı dörd
növ ipəyin istehsalı haqqında məlumat vermişdir. 
Səfəvi dövlətinin ərazisində istehsal edilən xam ipəyin 
təqribən üçdə bir hissəsi Şirvan və Qarabağ vilayətlərinin pa-
yına düşürdü. Gəncə və Şəki bölgələrinin təsərrüfatında da 
baramaçılıq mühüm rol oynayırdı. 
XVI-XVII əsrlərdə Səfəvi dövlətinin kənd təsərrüfa-tında 
pambıqçılıq da mühüm yer tuturdu. Təsadüfü deyil ki, Avropa 
səyyahları pambıqçılığın inkişafı ilə əlaqədar maraqlı məlumat 
vermişlər. Pambıqçılıq təsərrüfatının inkişafı bu məhsula 
tələbatın çox olması və pambıq parça istehsalının artması ilə 
əlaqədar idi. Səyyahların verdiyi məlumatlara görə Rəvan, 
Naxçıvan, bütün Qarabağ və Azərbaycanda, habelə Xorasanda 
pambıq becərilirdi. 
Pambıq əsas sənətkarlıq və ticarət bitkisi hesab edilirdi. 
Səfəvi dövlətində bir neçə çeşiddə pambıq parça toxunurdu. 
Osmanlı elçisi və səyyahı Elviya Çələbi Azərbaycanda pam-
bıqçılıq haqqında geniş məlumat verərək Təbriz və Naxçıvan 
bölgələrində 7 növ pambıq becərilməsi haqqında məlumat 
vermişdir. 
XVI-XVII əsrlərdə kənd təsərrüfatında meyvəçilik və 
üzümçülük sahələri xüsusi yer tuturdu. Ölkənin, demək olar ki, 


169 
əksər bölgələrində əhali bağçılıq və üzümçülüklə məşğul 
olurdu. Üzümçülük ölkənin gəlirli təsərrüfat sahələrindən biri 
olmaqla, daha çox daxili tələbata uyğun şəkildə inkişaf edir və 
əsasən yerli bazarla bağlı idi. Üzümçülüklə yanaşı bağçılıq, 
bostançılıq və tərəvəzçilik sahələri də inkişaf etmişdi. 
Üzümçülük təsərrüfatın əhəmiyyətli və gəlirli sahələrin-
dən biri idi. Ən çox daxili bazarın tələbatını ödəyirdi. Üzüm 
şirəsindən çox faydalı məhsullar hazırlanmasında istifadə edi-
lirdi. Üzüm emaledici istehsal sahəsi üçün çox mühüm xammal 
bazası təşkil edirdi. Ondan halva, konfet və başqa şirniyyat 
məhsulları hazırlanırdı. Səyyahlar Təbriz və Ordubadda 
“kəsəyi”, ”xələc”, “əli dərəsi”, ”xırda”, “raziki”, “mələki”, 
“təbərsad” kimi üzüm növlərinin hazırlandığını göstərmişlər. 
XVII əsrin ortalarında Azərbaycanda olmuş Şarden burada 12-
15 növ üzümün yetişdirildiyini qeyd etmişdir. Səyyahların 
verdiyi məlumatlara görə İsfahan və Nəcəfabad yaxınlığında 
yaşayan zərdüştilər və gaurlar üzümçülüklə məşğul olaraq şərab 
istehsal edirdilər. Üzümçülük həm daxili, həm də xarici bazarın 
tələbatını nəzərə alaraq inkişaf etdirilirdi. 
Qeyd edilən dövrdə tütün də yetişdirilirdi. Tütün 
Azərbaycanın cənub və cənub qərb bölgələrində, xüsusilə Ma-
rağada becərilirdi. XVII əsrin birinci yarısı və ortalarında 
Səfəvi məmləkətində tütün məmulatlarına tələbat böyük idi və 
bu tələbata uyğun olaraq tütün istehsalı və emalı artırdı. 
Səfəvi dövlətinin iqtisadiyyatında taxılçılıq təsərrüfatı 
mühüm yer tuturdu. Ölkədə müxtəlif dənli bitkilər əkilib be-
cərilirdi. Burada becərilən dənli bitkilər içərisində düyü, arpa 
və buğda üstünlük təşkil edirdi. 
Kənd təsərrüfatında əkinçilik kimi heyvandarlıq təsərrü-
fatı da mühüm yer tuturdu. Azərbaycanda maldarlıq daha çox 
yarım köçəri formada idi. Burada geniş miqyaslı klassik köçəri 
maldarlıqdan söhbət gedə bilməzdi. 
Səfəvi dövlətində ordunun əsasını süvari qoşunları təşkil 
etdiyindən, cins döyüş atlarına tələbat böyük idi. Bu tələbata 


170 
uyğun olaraq ölkədə heyvandarlıq təsərrüfatının atçılıq sahəsi 
yüksək inkişaf etmişdi. 
Beləliklə Səfəvi dövlətinin iqtisadiyyatında kənd təsərrü-
fatı istehsalı xüsusi yer tuturdu. Kənd təsərrüfatı məhsulları 
daxili tələbatı ödəməklə bərabər qonşu ölkələrə və Avropa 
dövlətlərinə ixrac edilməklə ölkənin xarici ticarət dövriyyəsinin 
formalaşmasında mühüm rol oynayır və dövlət xəzinəsinə 
böyük gəlir gətirirdi. 

Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin