1.2. Sahibkarlıq subyektlərində korporativ etika məcəlləsi
Korporativ etika deyəndə çox zaman hər hansı bir şirkətin fəaliyyəti üçün
hazırlanmış müəyyən etik norma və davranış qaydalarına riayət edilməsi başa
düşülür. Halbuki, bu məsələnin ikinci mühüm bir tərəfi də var. Bu isə şirkətin
istənilən əməkdaşının işlədiyi təşkilatın bir parçası kimi, əslində böyük bir ailə
olan həmin təşkilatın bir ailə üzvü kimi hiss etməsini təmin edən qaydalardan
ibarətdir. Korporativ etikanın məhz bu qaydalarından istifadə etməklə şirkətin
rəqabətqabiliyyətliyinin və əmək məhsuldarlığının yüksəldilməsinə, əməkdaşların
faydalı iş əmsalının artırılmasına və işin keyfiyyətinin yaxşılaşdırılmasına nail
olmaq mümkündür.
Mükəmməl tərtib edilmiş korporativ etika qaydalarının mövcud olmaması
insanların öz iş yerinə müəyyən mənada bağlılığının azalmasına gətirib çıxarır ki,
bu da əməkdaşların işində və ümumilikdə şirkətin gəlirində öz mənfi təsirini biruzə
verir. Məsələn, bu halda şirkətin kommersiya sirrinin yayılması normal hal hesab
olunur. Özünü şirkətin mühüm bir üzvü hesab etməyən əməkdaşı bu tip məsələlər
o qədər də maraqlandırmır. Beləliklə, məhz korporativ etika qaydalarının tətbiqi
əməkdaşın özünü istehsalat maşınının bir hissəciyi kimi yox, kiminsə pul
16
qazanmaqdan ötrü istifadə etdiyi bir alət kimi yox, kollektivin tam hüquqlu üzvü,
demək olar ki, bir ailə üzvü kimi hiss etməsinə şərait yaradır.
Korporativ etika kollektiv davranış prinsiplərini müəyyən edir. Məsələn:
şirkətin ümumi və hər bir əməkdaşın fərdi maraqlarını düşünmək, şirkətin
dəyərinin yüksəldilməsini təmin etmək, işgüzar ünsiyyət normalarına riayət etmək,
şirkətin işgüzar imicinin və sağlam etibarının qorunması, şirkətin ümumi strategiya
və prioritetlərinin dəstəklənməsi, şirkətin imicindən şəxsi məqsədləri üçün istifadə
etməmək, əldə olunmuş məlumatların məxfiliyinin qorunması və s.
Korporativ etika həmçinin xidməti münasibətlərin etik normalarını müəyyən
edir. Məsələn, şirkətin əməkdaşların hər kəsə qarşı hörmətlə yanaşmalı,
başqalarının şəxsi həyatlarına onun icazəsi olmadan qarışmamalı (şirkətlərdə
əməyin effektivliyinə ciddi şəkildə mənfi təsir göstərən mobbinq* hallarının
qarşısının alınmasını nəzərdə tutur), digərlərinin fikirlərinə hörmət etməli, nəzakət
və düzgünlüyə riayət etməlidir və s.
Bundan əlavə, bu qaydalar arasında şirkətin özü üçün də maddələr müəyyən
edilir. Məsələn: müştəri və partnyorlarla yalnız hüquqi çərçivədə (yəni,
qanunverici normaları pozmamaq, kiməsə şəxsi münasibətlərə görə üstünlük
verməmək və s.) münasibət qurulması, öz məhsulunun keyfiyyətinə və müqavilədə
nəzərdə tutulmuş öhdəçiliklərin yerinə yetirilməsinə zəmanət verilməsi, təchizatçı
və istehlakçılarla qarşılıqlı fayda gətirən münasibətlərin qurulması və davam
etdirilməsi, əməkdaşların ədalətli prinsiplərlə mükafatlandırılması və onların sosial
zəmanətlərinin təmin olunması və s.
Göründüyü kimi, sadalanan prinsiplər çox sadə və anlaşıqlıdır. Yalnız bu
prinsip və qaydaların dəqiq şəkildə ifadə edilməsi, hər bir əməkdaşın diqqətinə
çatdırılması, həmçinin onlara qeyd-şərtsiz riayət edilməsi halında müsbət nəticələr
əldə etmək olar. Bu müsbət nəticələr təkcə mədəni, işgüzar əməkdaşların
formalaşması ilə məhdudlaşmır, həmçinin şirkətin gəlirlərində də nəzərəçarpacaq
artımla müşahidə olunur.
*Mobbinq - adətən hər hansı əməkdaşın işdən çıxması (çıxardılması) məqsədilə
istifadə olunan psixoloji təzyiq vasitəsidir.
17
Etika məcəlləsi fərd və ya kollektiv üçün nəzərdə tutulan davranış qaydaları və
normalarıdır. Bu məcəllə vasitəsi ilə davranış modelləri, həmçinin qarşılıqlı
münasibətlər və birgə fəaliyyətin vahid standartları müəyyən olunur. Hal-hazırda
iki növ - peşə və korporativ etika məcəlləsi daha geniş yayılmışdır.
Peşə etik məcəlləsi xarakterik xüsusiyyətləri daha qabarıq olan sahələr (vəkil,
həkim, sosioloq və s.) üçün nəzərdə tutulur. İlk peşə etika məcəllələrindən biri
Hippokrat andı - tibb işçilərinin etika məcəlləsi hesab edilir.
Korporativ etika məcəlləsi üç funksiyanı həyata keçirmək imkanına malikdir:
1. Nüfuz
2. İdarəetmə
3. Korporativ mədəniyyətin inkişafı
Birinci funksiya ictimai etimadın formalaşdırılmasını nəzərdə tutur (müştəri,
podratçı, təchizatçı və s.-ə münasibətdə qurulmuş siyasətin beynəlxalq təcrübədə
təsbit edilmiş şəkildə açıqlanması). Beləliklə, məcəllə korporativ PR aləti olmaqla,
şirkətin investisiya cəlbediciliyini yüksəldir. Korporativ etika məcəlləsinin
mövcudluğu artıq biznes aləmində ümumdünya standartına çevrilməkdədir.
İkinci funksiya mürəkkəb etik şəraitlərdə davranışların reqlamentləşdirilməsini
(tənzimlənməsini) nəzərdə tutur. Əməkdaşların fəaliyyətinin səmərəliyinin
yüksəldilməsi aşağıdakı yollarla həyata keçirilir:
- Qarşılıqlı münasibətlərdə prioritetlərin müəyyən edilməsi;
- Mürəkkəb etik şəraitlərdə qərarların qəbul edilmə ardıcıllığının müəyyən
edilməsi;
- Qeyri-məqbul davranış qaydaları üzrə tövsiyələr (göstərişlər).
Bundan əlavə, korporativ etika korporativ mədəniyyətin bir hissəsidir. Korporativ
etika məcəlləsi - korporativ mədəniyyətin inkişafının əhəmiyyətli amillərindəndir.
Bu məcəllə şirkətin dəyərlərini bütün əməkdaşlar ötürə, onları vahid korporativ
məqsədlərə yönəldə bilər və bununla da korporativ mədəniyyətin inkişafını təmin
olunar.
18
Məcəllənin məzmunu hər şeydən əvvəl şirkətin xüsusiyyətləri, strukturu,
inkişaf məqsədləri, rəhbərliyin göstərişləri ilə müəyyən edilir. Adətən, məcəllə iki
hissədən ibarət olur:
- ideoloji (məqsəd, hədəf, dəyər və s.)
- normativ (işgüzar davranış normaları)
Bununla belə, ideoloji bölmə məcəllədə nəzərdə tutulmaya da bilər.
Etik prinsiplər
1) Şirkətin xarici əlaqələrini tənzimləyən etik prinsiplər.
a) Tərəf müqabillər, rəqiblər, istehlakçılar ilə münasibətlər.
Şirkət tərəf müqabillər, rəqiblər, istehlakçılar ilə münasibətlərini əməkdaşlıq,
qarşılıqlı hörmət və üzərinə düşən öhdəliklərin vaxtında tam və lazımınca icra
edilməsi əsasında qurur. Bu münasibətlərin formalaşdırılması zamanı aşağıdakı
məqamlara xüsusi ilə diqqət yetirilir:
1) Şirkət həmişə öz öhdəliklərini vaxtında, tam və lazımi qaydada yerinə yetirir və
eyni vəziyyəti öz tərəf müqabillərindən də tələb edir.
2) Şirkət öz fəaliyyəti ilə yanaşı, tərəf müqabillərinin də fəaliyyətinin inkişafında
maraqlıdır.
3) Şirkət istehlakçılar ilə münasibətlərini qarşılıqlı razılıq və uzun müddətli
əməkdaşlıq, ədalət və etimad əsasında qurur. Şirkət üçün əsas məram istehlakçının
hüquq və qanuni mənafeləridir. Məhz bu baxımdan şirkət çalışır ki, istehsal etdiyi
məhsulun (gördüyü işin, göstərdiyi xidmətin) yüksək keyfiyyətini, təhlükəsizlik
tələblərinə uyğunluğunu təmin etsin.
4) Şirkət öz fəaliyyətinin təkmilləşdirilməsi üzərində mütəmadi olaraq işləyir.
Bunun üçün monitorinq və sorğular keçirir. Şirkətin ünvanına daxil olan
müraciətləri və şikayətləri diqqətlə araşdıraraq, özünün işgüzar nüfuzunun daima
yüksək səviyyədə olması üçün zəruri tədbirlər görür.
5) Şirkət ədalətli rəqabət aparır, öz rəqiblərinin işgüzar nüfuzuna xələl gətirən,
onların əleyhinə qanuna zidd və etikaya uyğun olmayan hərəkət etməkdən çəkinir.
6) Şirkət öz fəaliyyətini hesabatlıq və şəffaflıq əsasında qurur.
b) Cəmiyyət ilə münasibətlər.
19
Cəmiyyətin müxtəlif zümrələri ilə qarşılıqlı əməkdaşlığın formalaşması, sosial
layihələrin həyata keçirilməsi və bu layihələrdə iştirak şirkətin sosial siyasətinin
əsasını təşkil edir. Bununla bağlı:
1) Şirkət həm ölkə üzrə, həm də fəaliyyət göstərdiyi ərazi üzrə əhalinin rifahının
yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və s. sosial baxımdan əhəmiyyət kəsb
edən layihələri dəstəkləyir, bu layihələrdə iştirak edir və onların təşviqi və icrası ilə
bağlı zəruri tədbirlər görür.
2) Şirkət yeni iş yerlərinin yaradılması, işsizliyin və yoxsulluğun azaldılması
istiqamətində müvafiq ixtisaslar üzrə kadrların seçilməsi ilə bağlı ali məktəblərlə
əməkdaşlıq edir. Öz kadr potensialını formalaşdırmaq üçün seçiləcək kadrlara ali
məktəbdəki təhsil dövründə yardım göstərir.
3) Şirkət sosial layihələrin maliyyələşdirilməsi zamanı şəffaflıq və hesabatlıq
prinsiplərindən istifadə edir. Layihələr üzrə namizədlərin seçilməsinin dəqiq və
birmənalı meyarlarını müəyyən edir.
c) Dövlət orqanları ilə münasibətlər.
Şirkət dövlət orqanları və onların vəzifəli şəxsləri ilə mənafelərin toqquşmasını
istisna edən konstruktiv münasibətlərin qurulması istiqamətində səy göstərir.
Bunun üçün şirkət:
1. Dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfindən qanunsuz və əsassız
qərarların qəbul edilməsinə sövq edən hərəkətlərdən çəkinir.
2. Qanunvericilik ilə müəyyən edilmiş tələblərə riayət edir.
3. Qanunvericilik ilə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə vergi və
digər icbari ödənişlər ödəyir.
4. Dövlət əleyhinə olan tədbirlərdə iştirak etmir.
5. Şirkətin əməkdaşlarının siyasi fəaliyyət ilə qeyri-iş vaxtı və iş yerindən kənarda
onların öz vəsaitləri hesabına məşğul olmasını təmin edir.
6. Dövlət orqanları və onların vəzifəli şəxslərinin qanuni göstərişlərinə riayət edir,
bununla bağlı tələb olunan məlumatları və sənədləri onlara təqdim edir.
20
7. Təqdim etdiyi hesabatlarda dəqiq, obyektiv və hərtərəfli məlumatların əks
etdirilməsini və bu hesabatların vaxtında təqdim edilməsini təmin edir.
ç) Hədiyyələr.
Şirkət tərəfindən hədiyyələr şirkətin vəsaiti hesabına, bu barədə müvafiq
hesabatlarda əks etdirməklə və açıqlamaqla verilir. Şirkət və onun əməkdaşları
tərəfindən şirkətin tərəf müqabilləri, rəqibləri və digər şəxslərin verdiyi hədiyyələr
aşağıdakı şərtlərlə qəbul edilir:
1. Bu hədiyyələrin qəbul edilməsi işgüzar adətlərə uyğundur və heç bir
qanunvericilik müddəalarının və ya etik qaydaların pozulmasına gətirib çıxarmır.
2. Hədiyyələr cüzi dəyərə malikdir.
3. Hədiyyənin bağışlanması rüşvət kimi qiymətləndirilmir.
4. Hədiyyələrin alınması faktı şirkət və ya hədiyyə almış əməkdaşı üçün öhdəlik
yaratmır.
Şirkət öz fəaliyyətini rüşvət və korrupsiya hallarından azad formada həyata
keçirməlidir.
2) Şirkətdə daxili münasibətlərini tənzimləyən prinsiplər.
a) Şirkət ilə əməkdaşların, habelə əməkdaşların öz aralarındakı münasibətlər.
Daxili münasibətlər şirkətlə əməkdaşlar arasında münasibətləri, əməkdaşlara dair
tələbləri ehtiva edir. Şirkətin uğurlu fəaliyyəti onun əməkdaşlarının peşəkarlığı,
səriştəliyi və əməyə vicdanlı münasibətindən asılıdır. Hər bir əməkdaş ümumi
nəticə üçün çalışır. Şirkətlə onun əməkdaşları arasında faydalı fəaliyyətin təmin
edilməsi, şirkət tərəfindən əməkdaşların qanuni və hüquqi mənafelərinin
qorunması, habelə əməkdaşların ümumi nəticə üçün işləməsini təşviq etmək
məqsədilə şirkətdə aşağıdakı standartlara riayət olunması məqsədəuyğundur:
b) Şirkətin maddi-texniki bazasından istifadə etmə.
Şirkət öz maddi-texniki bazasını işçilərinin istifadəsinə verməlidir. Maddi-texniki
baza şirkət qarşısında duran məqsədlərə çatmaq üçün səmərəli istifadə olunmalıdır.
Bununla əlaqədar, əməkdaşlar şirkətin əmlakına və vəsaitlərinə qayğı ilə
yanaşmalı, onlardan səmərəli istifadə etməli, şirkətin əmlakı və vəsaitlərindən,
habelə onun maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı apardıqları əməliyyatlardan
21
şəxsi mənafeləri üçün istifadə etməməlidirlər. Əməkdaşlar öz vaxtından və
həmkarlarının vaxtından səmərəli istifadə etməli, əldə etdikləri məlumatları
aidiyyəti üzrə təqdim etməli, şirkətin əmlakı və vəsaitlərindən qənaətlə istifadə
etməli və şirkətlə bağlı məlumatlardan istifadə zamanı məxfilik rejiminə riayət
etməlidirlər.
c) Effektivlik və gəlirlilik.
Şirkətin fəaliyyətinin əsasını, onun qarşısında duran məqsədlərə nail olmağının
əsas şərtini bütün əməkdaşların effektiv fəaliyyəti təşkil edir.
d) Mənafelərin toqquşması.
Hər bir əməkdaş şirkətin mənafeyi naminə fəaliyyət göstərməli və mənafelərin
toqquşmasından çəkinməlidir.
e) Sağlamlığın qorunması, sənaye təhlükəsizliyi və ətraf mühitin mühafizəsi.
İnsanın həyatı və sağlamlığı iqtisadi nəticələrdən üstündür.
Korporativ etika qaydalarının tətbiqi nəticəsində öz əməkdaşları üçün bir ailəyə
çevrilməsinə nail olan şirkət ciddi şəkildə rəqabət üstünlüyü qazanmış olur.(20)
Dostları ilə paylaş: |