ŞƏMİstan nəZİRLİ arxiVLƏRİn siRRİ AÇilir



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə13/41
tarix31.01.2017
ölçüsü2,48 Mb.
#7085
1   ...   9   10   11   12   13   14   15   16   ...   41

Əliağa Şıxlinski
 
Son rica /xahiş/ 
 
• 
Əgər mən yataqda qalası xəstə olsam, məni xəstəxanaya göndərin. 
• 
Əgər xəstəxanada ölsəm, nəşimi evə yox, xəstəxanadan 
qəbiristanlığa aparın. 
• Qəzetdə elan verməyin. 
• Dəfnetmə xərclərinin az olmasına çalışın. Yorğan ağına bükülmuş 
cəsədi rənglənməmiş, üstünə ağ kilim salınmış tabuta qoyun. 
• 
Heç bir ehsan verməyin, bunu etmək həmişə gərəksizdir, muasir 
çətinlikləri nəzərə alsaq isə qəbahətdir. 
• Mənə əziz olan Nigar xanımın qəbri ilə yanaşı qəbri yastı tava daşı ilə 
örtub, üstündə yazarsınız: Əliağa Şıxlinski - heç bir tarix lazım deyil.  
Əliağa Şıxlinski 
Bakı, 13.03.1942-ci il. 
 
Nə tabutun içinə, nə də tabutun üstünə bir dənə də olsun gül 
qoyulmasın. 
 
Əliağa ŞIXLİNSKİ. 
  

 
YADLARIN ETİRAFI 
 
General Əliağa Şıxlinskinin adı daima 
böyük nüfuza və rəğbətə malik olmuşdur. 
O, təkcə rus topçularına deyil, Avstriya və 
Fransa ordusunun keçmiş dairələrində 
də çox tanınmışdı və son dərəcə 
məşhurlaşmışdı. 
 
Yevgeni BARSUKOV, 
general-mayor, hərb elmləri doktoru, 
professor. 
 
İllər keçəcək, zaman, dövr dəyişəcək, amma məşhur sərkərdəmiz Əliağa 
Şıxlinskinin hərbi-elmi fəaliyyətinə, sərkərdəlik bacarığına münasibət 
dəyişməyəcək. Yeni gələn nəsil onun hərbi biliyindən bəhrələnəcək, döyüş yolu ilə 
fəxr edəcək. 
Vaxtilə Əliağa Şıxlinskinin müasiri olan minlərlə rus generalı nizami orduda 
xidmət edir və müxtəlif hərbi-elmi mərkəzlərdə çalışırdı. Hər birinin də özünə görə 
bacarığı və xidməti vardı. Amma heç bir rus və ya qeyri millətdən olan oğula 
“artilleriyanın Allahı” kimi fəxri ad qismət olmadı. Bu şöhrət çələngi ancaq bizim 
eloğlumuzun - Əliağa Şıxlinskinin çiyinlərinə qondu. Nizami ordu generalı Əliağa 
Şıxlinski hərb elminin alimi kimi qeyri-adi bacarığa malik şəxsiyyət idi. 1912-ci 
ildə “Şıxlinski üçbucağı” Varşavada nəşr olunanda eloğlumuzun şöhrəti Avstriya
Fransa, Norveç və başqa ölkələrə də çatdı. Həmin il Artilleriya Zabitləri məktəbinə 
birinci müavin təyin edilən Şıxlinskiyə dünyanın adlı-sanlı topçuları təbrik 
teleqramı göndərdilər. 
Fransa Topçu Zabitləri məktəbinin rəisi, general-mayor Nolle iftixarla 
yazırdı: 
“Rus topçu məktəbinin ikinci şefi (məktəb müdirinin müavini ikinci 
rəhbər hesab olunurdu - Ş.N.) təyin edilməyinizi eşitdim. Sizin simanızda rus 
artilleriyasını təbrik edirəm”. 
Rusiya Baş Qərargah Akademiyasının professoru, general-mayor 
A.A.Neznamov isə yazırdı: 
“Sizi və rus artilleriyasını təbrik edirəm”. 
Yalnız bir şəxsin timsalında bütöv bir ölkənin artilleriya heyətini təbrik 
etmək... əlbəttə, o şəxsin - Əliağa Şıxlinskinin böyüklüyünün, dahiliyinin təsdiqi, 
etirafı idi. Üstəlik də yad məmləkətdə, xristian dünyasında tək bir türk-Azərbaycan 
oğlu Əliağa Şıxlinskinin danılmaz, parlaq qələbəsi idi. 
Bu günlərimizdə isə - tarixin olduğu kimi yazıldığı bir vaxtda rus tarixçisi  
B.Semyannikov ulu babamız Şıxlinskinin doxsan il əvvəlki parlaq qələbəsini etiraf 
etmişdir. Onun “Rusiya generalı, Azərbaycan oğlu” məqaləsinin “Voennıe 
znaniya” jurnalında (1995-ci il, noyabr) dərc olunması oxucuda təəccüb hissi 
doğurmamalıdır. Əksinə, iftixar və sevincə səbəb olmalıdır. 

B.Semyannikovun məqaləsi Əliağa Şıxlinskinin hərbi fəaliyyətinin 1917-ci 
ilə qədərki dövrünü qısaca əhatə edir. Bu da təbii haldır. Əlbəttə, rus tarixçisi, 
eloğlumuzun Milli Azərbaycan ordusunun yaradılması kimi misilsiz fəaliyyətindən 
bixəbərdir. Üstəlik də general Əliağa Şıxlinski ömrünün sonuna kimi (1943) milli 
Azərbaycan diviziyalarının təşkilində, Azərbaycanda ilk dəfə “Hərbi bilik”  
jurnalının, Hərbi-Elmi Cəmiyyətin yaradılmasında, hərbi lüğətin, hərbi 
nizamnamələrin yazılması və tərcüməsində əvəzsiz əmək sərf etmişdir. 
Bütün bunların tədqiq olunması bu gün Azərbaycan hərb tarixçilərinin vəzifə 
borcudur. 
Rus tarixçisi B.Semyannikovun yığcam, oxunaqlı məqaləsində hər şey 
olduğu kimi tədqiq olunmuşdur. Hətta bizə məlum olmayan bir neçə fakt yenilik 
oldu: 1912-ci ildə Peterburqda “Artilleriya Zabitləri məktəbinin jurnalı”nın ilk dəfə 
Əliağa Şıxlinskinin təşəbbüsü ilə buraxılması, 1917-ci il aprelin 2-də Əliağa 
Şıxlinskinin general-leytenant rütbəsi alması və s. kimi faktlar Azərbaycan 
oxucusu üçün yenilikdir. 
Yalnız bir faktda rus tarixçisi B.Semyannikov səhvə yol vermişdir. O da 
Əliağa Şıxlinskinin təvəllüd tarixinin 1866-cı il kimi göstərilməsidir. Bu, əlbəttə, o 
qədər də qeyri-adi səhv deyil. Ümumiyyətlə götürdükdə, general Əliağa 
Şıxlinskinin təvəllüd tarixi mənbələrdə müxtəlif cür göstərildiyinə görə 
mübahisəlidir. Məsələn, generalın vəfatından bir il sonra - 1944-cü ildə nəşr 
olunmuş “Xatirələrim” kitabında onun təvəllüd tarixi 1863-cü il göstərilmişdir. 
Sankt-Peterburqdakı Artilleriya Muzeyinin arxivində general öz dəsti-xəttilə: 
“1865-ci il aprelin 23-də anadan olmuşam”sözlərini yazıb. 
1914-cü ildə Çarskoye Selo şəhərində özünün qol çəkib təsdiq etdiyi “Hərbi 
xidmət kitabçası”nda 1865-ci il aprelin 23-də doğulduğu göstərilir. 
General Əliağa Şıxlinski “Xatirələrim” kitabının 98-ci səhifəsində yazır: 
“1909-cu il oktyabrın 27-də qırx altı yaşında ikən mən öz qohumlarımdan 
Zaqafqaziya müftisi Mirzə Hüseyn Əfəndi Qayıbovun qızı Nigar xanımla 
evləndim”. (Ə.Şıxlinski “Xatirələrim”, Bakı, 1984-cü il nəşri). 
Bu tarixlə  hesablayanda  generalın təvəllüd tarixi 1863-cü il olur. 
Zənnimcə, tarixçi B.Semyannikovun məqaləsində gedən təvəllüd tarixinin 
yanlışlığı olsa-olsa mətbəə səhvi ola bilər. Şübhəsiz ki, bu fakt tarixçi 
B.Semyannikovun məqaləsinin istər elmi, istərsə də publisistik dəyərini azaltmır. 
Bu məqalənin Azərbaycan hərb tarixi üçün qiyməti odur ki, o, bizim xalqın 
görkəmli oğlunun xidmətini yadlarında etiraf etdiyini təsdiqləyir. 
 
 
AZƏBAYCAN OĞLU,   
 
 
 
  
RUSİYA GENERALI 
 
Rus ordusunun görkəmli artilleriyaçılarından biri Əliağa İsmayıl Ağa oğlu 
Şıxlinski 1863-cü ildə Yelizavetpol quberniyası Qazax qəzasının Qazaxlı kəndində 
qədim nəsildən olan ailədə anadan olmuşdur. Gələcək artilleriyaçının atası İsmayıl 
ağa cəsur döyüşçü kimi tanınırdı və ailə ənənəsinə görə, oğul da həyatını hərbi 
xidmətə həsr etməli idi. 

Oğlan 1876-cı ilin avqustunda Tiflis hərbi gimnaziyasının birinci sinfinə 
daxil olmuş, oranı - artıq kadet korpüsünə çevrilmiş gimnaziyanı 1883-cü ildə 
birinci şagird kimi bitirmişdir. Sonra öz təhsilini Sankt-Peterburqda, Mixaylovsk 
artilleriya məktəbində davam etdirmişdir. O, orada da nəinki bacarıqlı şagird kimi, 
həm də əla süvari və gimnazist kimi müvəffəqiyyət qazanmışdı. Yunkerin 
müvəffəqiyyətləri diqqətdən kənarda qalmamış, təhsilin başlanmasından 7 ay sonra 
o, unter-zabit olmuş, 1885-ci il oktyabrın 13-də isə portupey-yunkerliyə layiq 
görülmüşdü. Gələcək alimin müəllimləri məşhur artilleriyaçılar N.L.Kirpiçev, 
N.V.Maiyevski, A.V.Qadolin idi. Əliağa onlardan bütün yaxşı cəhətləri 
mənimsəmişdi. Çılğın gənc həmçinin kütləvi mühazirələr və məruzələrdə iştirak 
etmiş, digər hərbi məktəblərin kurslarını dinləmişdi. 
1886-cı il avqustun 11 -də Əliağa Şıxlinski məktəbi, podporuçik rütbəsi 
verilməklə, birinci dərəcə ilə bitirdi. Xidmətinin birinci ilindəcə öz ilk pedaqoji 
təcrübəsini qazandı; artilleriya briqadasının tədris komandasının müəllimi, sonra 
isə briqada komandasının rəisi oldu. O, özünü parlaq artilleriya bilicisi, yaxşı 
təşkilatçı, bacarıqlı müəllim və tərbiyəçi kimi göstərmişdi. 1900-cü ildə kapitan 
Şıxlinski Şərqi Sibirə dəyişdirilməsi xahişi ilə müraciət etdi. Onu Əlahiddə 
Zabaykalye artilleriya divizionunun batareyasında baş zabit vəzifəsinə təyin 
etdilər. Bundan başqa, Artilleriya Toplantısı Komitəsinin sədri kimi o, dəfələrlə 
batareya və divizion komandirlərinin səlahiyyətlərini icra etmişdir. 
1904-cü il mayın əvvəllərində batareya yaponlara qarşı yürüşə çıxdı. Rus-
Yapon müharibəsində Şıxlinski Port-Artur müdafiəsinin qəhrəmanı kimi 
məşhurlaşdı. Qalanın müdafiəsinin ən mühüm sahələrində olan Şıxlinski 
yaponların hücumlarının qarşısının alınmasında yarımbatareyanın atəşi ilə 
düşmənə böyük zərbə vuraraq fəal iştirak etmişdir. Tanınmış hərb tarixçisi general-
mayor İ.Krupçenko sonralar yazırdı: “Yapon hücumlarının dəf edilməsində rus 
artilleriyaçıları böyük rol oynayırdılar. Onlar cəsarətlə topları qabağa çəkərək 
dəqiq nişangahla birbaşa karteçlə yaponlara böyük zərbə yetirirdilər”. Şıxlinski 
onların arasında idi. O, döyüşlərdə örtülü və açıq mövqelərdən artilleriya atəşi 
aparır, qorxmadan topları düz nişangahla atmaq üçün qabağa çəkirdi. 
Qəhrəmanlığına görə onu “Müqəddəs Georgi Pobedonetsev” ordeni ilə təltif 
etdilər. Sonralar Şıxlinski yazırdı: “Mən həmişə Port-Artur epopeyasının iştirakçısı 
olduğunu fəxrlə xatırlayıram”. Yeri gəlmişkən, A.N.Stepanovun məşhur “Port-
Artur” romanının səhifələrində də Ə.Şıxlinskinin şöhrətli rus artilleriyaçısı olduğu 
öz əksini tapır. 
Əliağa Şıxlinski 1906-cı ildə artıq podpolkovnik kimi, Artilleriya Zabitləri 
Məktəbinə (indiki Mərkəzi Artilleriya Zabitləri kursları) oxumağa getməyə nail 
oldu və oranı fərqlənmə ilə bitirdi. İlk əvvəl onu artilleriya briqadasına ezam 
etdilər, lakin tezliklə məktəbə qayıtdı. Müəllimlər, əsasən, Artilleriya 
Akademiyasının təcrübəli və istedadlı, bir ildən az olmayaraq batareyalara ezam 
edilmiş məzunlarından seçilirdi. Şıxlinski isə hələ təcrübəsi və müvafiq akademik 
təhsili olmadan bütün müəllimlərdən ən biliklisi hesab olunmuşdu. Biliklərə 
yorulmaz yanğı, fasiləsiz özünütəhsil və hərbi təcrübə - ona kömək edirdi. 
Artilleriya Zabitləri Məktəbində Şıxlinski özünü qabaqcıl ideyaları 
təcrübədə tətbiq edən yenilikçi zabit kimi göstərirdi. Xidmətdə fərqləndiyinə görə, 

ona vaxtından əvvəl polkovnik rütbəsi verildi. O, 1912-ci ildə aeroplanların tətbiqi 
təcrübələrinin (hərbi aviasiyanın inkişafına təkan verən çox maraqlı təcrübələrin)  
işlənməsi üzrə komissiyanın üzvü, bir ildən sonra isə məktəb rəisinin köməkçisi 
(müavini - Ş.N.) oldu. Tezliklə, “Artilleriya Zabitləri Məktəbinin xəbərləri” jurnalı 
çıxmağa başladı. Jurnalın səhifələrində generalın özü də çıxış edirdi. 
1913-cü ildə məktəb Şıxlinskinin təklifi ilə bəndlənmiş aerostatdan atəşin, 
müşahidə və hədəfin kəşfiyyatı üzrə təcrübələrə, həmçinin aerostata və təyyarələrə 
atəşin əsas müddəalarının işlənib hazırlanmasına başladı. Bu məsələ   üzərində   
Əliağa   Şıxlinski çoxdan işləyirdi.  Hələ  1911-ci ildə, məktəbdə   hava   hədəfinə   
atəşin   qaydaları  məsələsi  müzakirə  olunarkən, alim hesabı(baxmayaraq ki, 
həmin dövrdə təyyarələr yalnız saatda 60 verst uçurdu) saatda 180 verstlə uçacaq 
təyyarələr üzrə aparmağı təklif etmişdi. Artıq o vaxt Şıxlinski aviasiya və hava 
hücumundan mudafiənin perspektivini düzgün başa düşmüşdü. 
Alim quru qoşunları artilleriyasının inkişafı üçun də çox işlər görmüşdür. O, 
alaylara artilleriya hissələrinin daxil edilməsinə nail oldu. Doğrudur, bu, yalnız 
1924-cü ildə Qızıl Orduda həyata   keçirildi   və   özünü   tamamilə doğrultdu. 
Artilleriya atəşi təcrübəsinə daxil edilən mühüm yenilik - “Şıxlinski   üçbucağı”   
hədəf   göstərmənin rasional  üslubu  oldu. Bu  üsul   ilkin olaraq batareyaları elə 
tuşlayır ki, seçilmiş   oriyentirdən  yayınan,   istənilən nöqtədə görünən hədəflər 
asanlıqla, müəyyən düzəlişlərin köməkliyi   ilə ilkin tuşlama əsasında artilleriyanın 
atəşinin altına düşə bilər. Bu, batareyanı  vaxtında hədəfə tuşlamaq imkanı verirdi. 
Birinci Dünya müharibəsinin əvvəllərində Şıxlinski gəmilərdən alman 
desantçılarının çıxarılması ehtimalına qarşı Petroqrad artilleriyasının rəisi təyin 
edildi. O, şəxsən müdafiə xətti üzrə bütün cəbhəni gəzmiş, batareya qurğularının 
yerini və atəş mövqelərinin qurulması qaydasını müəyyənləşdirmişdir. O, 
aeroplanlardan müdafiəyə böyük diqqət yetirmişdi. Onun təşəbbüsü ilə Petroqradın 
ətrafında general Rozenberqin sistemi əsasında xüsusi platformalarda 1900-cü il 
nümunəli, 3 düymlü tezatan top qurğuları ilə təyyarə əleyhinə müdafiə təşkil edildi. 
Tezliklə Şıxlinskini Şimal-qərb cəbhəsinin artilleriya müfəttişi vəzifəsinə 
keçirdilər. Orada general tapşırıqların yerinə yetirilməsində artilleriya qruplarına 
şəxsən rəhbərlik etmiş, geniş miqyasda artilleriya hazırlığı həyata keçirilmişdir. O 
öz nəzəri işləmələrini döyüş aparılması təcrübəsilə əlaqələndirir, yaradıcılıqla 
istifadə edir, hərb elmini yeni töhfələrlə zənginləşdirirdi. O, tezliklə çəpərləmə 
(maneə) atəşi aparılması üçün təlimat işləyib hazırlayır. 
1917-ci il aprelin 2-də Ə.Şıxlinski general-leytenant oldu. O, sentyabrda 
ümumqoşun 10-cu ordusuna başçılıq etdi. Yeri gəlmişkən, bu haqda 
A.N.Stepanovun “Zvonaryevlər ailəsi” romanında da yazılmışdır. 
General oktyabr inqilabını qəbul etmiş və alqışlamışdı. Nəhəng hərbi 
mütəxəssis, artilleriya işini parlaq bilicisi kimi o, Qızıl Ordunun quruculuğuna öz 
bilik və təcrübəsini həvəslə verirdi. Ə. Şıxlinski FKQO ali hərbi tədris 
müəssisələrində müəllim olmuş, Azərbaycanda Qızıl Ordu hissələrinin 
formalaşmasına köməklik etmişdir. O, əsas fəaliyyətindən başqa, çoxlu hərbi əsəri 
Azərbaycan dilinə çevirmişdir. Respublikada milli komandan kadrlarının 
hazırlanması üzrə Şıxlinskinin işini M. Frunze yüksək qiymətləndirmişdir. 

Səhhətinə görə 1929-cu ildə Əliağa Şıxlinski Qızıl Ordu sıralarından tərxis 
olunmağa məcbur oldu, lakin hərbi-elmi fəaliyyətini dayandırmadı. O, “Mənim 
xatirələrim” kitabı üzərində işləməyə başladı. Bu əsər indiyə qədər nə öz hərbi, nə 
də tarixçilər üçün rus ordusunun keçmişi haqqında mənbə kimi dəyərini itirmişdir. 
Döyüşçü-alim, beynəlmiləlçi və vətənpərvər bir insan olan Əliağa Şıxlinski 
1943-cü il avqustun 18-də vəfat etmiş, Bakıda dəfn olunmuşdur. Onun kitabları 
döyüşçü borcunun və Vətəninə sadiqliyin ən yaxşı abidəsidir. 
  
 
PORUÇİKİN İGİDLİYİ 
 
“Kim təyyarədə uçmayıbsa, demək, 
yerin əsrarəngiz təbiətindən onun 
xəbəri yoxdur” 
 
General Əliağa 
ŞIXLİNSKİ
 
Xalqımızın bahadır oğullarının hərbi şöhrəti çox-çox qədimlərdən gələn 
möhkəm köklərlə, özüllərlə bağlıdır. 
Birinci Dünya müharibəsi cəbhələrində üç mindən çox sıravi, iki yüzə qədər 
ali rütbəli zabit həmyerlimiz vuruşurdu. Onların sırasında məşhur general Əliağa 
Şıxlinski, Səməd bəy Mehmandarov, Hüseyn xan Naxçıvanski, dörd dəfə “Georgi 
orden”li, Nijeqorod draqun alayının rotmistri Teymur bəy Novruzov, praporşik 
Lütvəli bəy Vəkilov, poruçik Osman ağa Gülməmmədov, kornet Sayad Zeynalov, 
hərbi təyyarəçi Fərrux ağa Qayıbov və başqaları da vardı. 
İyirmi üç yaşlı poruçik Fərrux ağa 1916-cı il, oktyabrın on ikisində hava 
savaşında igidliklə həlak olmuş ilk azərbaycanlı təyyarəçi idi. 
 Sentyabrın on səkkizində “Petroqrad xəbərləri” qezeti yazırdı: “Ali Baş 
Qərərgahın komandanlığından xəbər verilir ki, Qərb cəbhəsində bizim təyyarələr 
Borunı-Krevo rayonunda düşmən qoşunlarının arxasına keçmişlər. 
Dəqiq bomba atəşləri ilə müxtəlif məntəqələr partladılmış, düşmən 
anbarlarında yanğın törətmişlər. Bundan başqa, nəqliyyat vasitələri, dəmir yol 
stansiyaları, avtomobillər bombalanmışdır. 
Uçuş zamanı poruçik Fərrux ağa Qayıbov öz heyətilə düşmən qüvvələrinə 
qarşı vuruşmuş və dörd alman aeroplanını vurub salmışdır. Onlar iki “Albatros” 
təyyarəsini də yandırdıqdan sonra düşmən ərazisinə düşərək həlak olmuşlar”. 
Fərrux ağa Kərimoğlu Qayıbov 1893-cü ildə Qazax qəzasının Qıraq Salahlı 
kəndində anadan olub. Atasını çox erkən itirən Fərrux dövrünün görkəmli 
maarifçisi, əmisi Səməd ağa Qayıbovun himayəsində böyümüşdür. Doğma kəndi 
Salahlıda beş sinifli “Rus-Azərbaycan məktəbi”ni bitirən Fərrux “artilleriyanın 
Allahı” general Əliağa Şıxlinskinin məsləhətilə Tiflis kadet korpusunda oxuyub. 
1910-cu ildə Tiflis kadet korpusunu əla qiymətlərlə bitirəndən sonra Peterburqdakı 
üç illik Mixaylovsk topçuluq məktəbinə daxil olub. O, məktəbdə iti zehni, gözlə 
dəqiq ölçmə qabiliyyəti, igidliyi ilə fərqlənmiş, xüsusilə topdan bacarıqla atəş 

açdığı üçün birinci mükafat almışdı. Həmin mükafat İsveçrənin “Pavel Bure” 
firmasında hazırlanmış qızıl saatdan ibarətdir. Mükafat-saatın arxasında “Yunker 
Fərrux ağa Qayıbov, 1913-cü il” sözləri həkk olunmuşdur. 
Yunker Fərrux ağa Qayıbov Mixaylovsk topçuluq məktəbini əla qiymətlərlə 
bitirmiş və az müddət Azərbaycanda xidmət etmişdir. Birinci Dünya müharibəsi 
başlananda Qərb cəbhəsindəki on birinci aviasiya korpusuna göndərilmişdir. 
Poruçik Qayıbovun hünəri 1916-cı ilin qəzetlərində, hətta alman 
mətbuatında da öz əksini tapmışdır. Arxivdə saxlanan otuz bir nömrəli qovluqda 
iyirmi üç yaşında həlak olmuş ilk azərbaycanlı təyyarəçinin on bir fotoşəkli və 
qəhrəmanlığından bəhs edən maraqlı sənədlər var. Onların arasında general Əliağa 
Şıxlinskinin “İlk Azərbaycan pilotu” yazısı xüsusi dəyərə malikdir. 1916-cı il 
sentyabrın 8-də Qərb cəbhəsi aviasiya ordusunun general-mayoru Şidlovski, Hərbi 
təyyarəçi ştabs-kapitan Lazerev igid şahinin son hünərindən söhbət açır. 
 ...On altıncı hava gəmisinin artilleriya zabiti poruçik Qayıbov qərb cəbhəsi 
qərargahının tapşırığı ilə bu il sentyabrın 12-də Borunıya hücum etmiş, intendant 
artilleriya anbarlarını, aerodromu, 89-cu alman-ehtiyat diviziyasını bombardman 
etmişdir. Rəqibin zenit batareyalarının qasırğa kimi atəşinə baxmayaraq, Qayıbov 
özünə xas olan böyük cəsarətlə Borunıda düşmənin anbar və qərargahını dağıdıb 
külə döndərmişdir. Bombardman vaxtı Qayıbovun təyyarəsinə eyni zamanda dörd 
alman qırıcısı hücuma keçmişdir. Bunların ikisi “Albatros”, ikisi isə “Fokker” tipli 
idi. Qeyri-bərabər döyüş vaxtı igid poruçik Qayıbov düşmənin üç qırıcı təyyarəsini 
yandırmış, özü isə aldığı ciddi zədədən təyyarəsi ilə bərabər yerə  düşmüş və həlak 
olmuşdur. 
Səhəri gün düşmən təyyarəsinin atdığı kağızlarda yazılırdı ki, 
qəhrəmancasına vuruşaraq həlak olan poruçik Qayıbovu alman əsgərləri şərəflə 
dəfn etdilər. 
İgidliklə həlak olan poruçik Fərrux ağa Qayıbov ikinci dəfə ikinci dərəcəli 
“Müqəddəs Georgi” ordeni ilə təltif olunub. 
Fərrux ağa Qayıbovun idarə etdiyi dörd motorlu “İlya Muromets-16” 
təyyarəsində dörd nəfər döyüşçü vardı. Bu təyyarə o zaman üçün dünyada ilk dörd 
mühərrikli ağır bombardmançı təyyarə idi. 1913-cü ilin sonunda Peterburqun 
“Rus-Baltik” zavodunda istehsal olunmuşdu. 1914-cü ildə təyyarə bir dəfə yerə 
enməklə min kilometr məsafəni 14 saat 38 dəqiqəyə qət etmişdi. Bu da o vaxt üçün 
dünya rekordu sayılırdı. 
“İlya-Muromets-16” təyyarələrindən Birinci Dünya savaşında və Vətəndaş 
müharibəsində düşmənə arxadan zərbə vurmaq üçün istifadə olunmuşdur. Məhz bu 
təyyarədə avqustun 26-da məşhur pilot-kapitan Pyotr Nesterov tarana getmiş və 
qəhrəmanlıqla həlak olmuşdur. 1916-cı ildə, sentyabrın 12-də isə aviasiya tarixində 
ikinci belə şücaəti eloğlumuz Fərrux ağa Qayıbovun heyəti göstərdi. 
 
*    *    * 
 
General Əliağa Şıxlinskinin şəxsi əşyaları arasında nadir bir əlyazması da 
var. “Azərbaycanlılardan ilk təyyarəçi” sərlövhəli, cəmi iki səhifəlik yazını general 
ölümündən bir il /1942-ci ildə/əvvəl qələmə alıb. General Əliağa Şıxlinski yeganə 

azərbaycanlıdır ki, Fərrux ağanın qəhrəmanlığının şahidi olub. Həmin ili o, Qərb 
cəbhəsində döyüşən 10-cu ordunun baş komandanı idi. Generalın yazısı faktlarla 
zəngin olduğuna görə ondan bütövlükdə istifadə edirik. 
“Birinci cahan savaşında iyirmi üç yaşlı Fərrux ağa Qayıbov 
azərbaycanlılardan birinci olaraq hərbi təyyarəçi peşəsini məharətlə öyrənmişdi. 
Fərrux ağa “İlya Muromets” adlanan böyük bir təyyarə dəstəsinə qəbul edilmiş və 
“İlya Muromets-16” təyyarəsinin heyətinə daxil olmuşdu. Fərrux bu təyyarədə 
topçu zabiti vəzifəsini ifa edirdi. O, bombalar salır, düşmənin müxtəlif tikililərini 
dağıdır, hava vuruşmalarında pulemyot atır və düşmən mövqelərinin fotoşəklini 
çəkirdi. Fərrux ağa Qayıbov ilk uçuşu zamanı Neman çayı üzərində böyük hərbi 
əhəmiyyəti olan bir körpünü dağıtmış və beləliklə də alman qoşunlarının və onların 
müxtəlif hərbi yüklərinin daşınmasını xeyli ləngitmişdi. 
 Almanlar “İlya Muromets-16” təyyarəsini güdüb məhv etmək istəyirdilər. 
Onlar dəfələrlə təyyarədən kağız salıb bizi qorxudurdular ki, cəbhənin qərargahı 
yerləşən Minsk şəhərinə basqın edəcəklər. Almanlar bir neçə dəfə uçub bu şəhərin 
üzərinə gəlsələr də, o zamankı sadə təyyarəvuran topların atəşi nəticəsində geri 
qayıtmağa məcbur olmuşdular. 
1916-cı il sentyabrın 12-də bir dəstə təyyarəmiz almanların Vilno tərəfindəki 
cəbhəsinə hücum etməyi qərara aldı. Bu hücumda on iki yüngül təyyarəmiz və bir 
“İlya    Muromets”    təyyarəsi    iştirak edirdi. Az sonra qızğın hava vuruşması 
başlandı.   Almanlar   onları   lərzəyə salan   təyyarəni   gördükdə   dəlicəsinə 
vuruşmağa başladılar. Nəhayət, almanlar təyyarələrimizin sıralarına soxulub “İlya 
Muromets-16” təyyarəsini yol daşlarından ayıra bildilər. Bu təyyarənin   igid   
heyəti   almanların   dörd təyyarəsinə   qarşı   bir  saat  vuruşdu. Sonradan almanlar 
etiraf etməyə məcbur oldular ki, Fərrux ağa Qayıbovun pulemyotu onlara çox ağır 
tələfat verdi. 
Nəhayət, “Albatros” adlanan təyyarələrinin biri “İlya Muromets-16” 
təyyarəsində yanğın törətməyə və təyyarəni yerə salmağa müvəffəq oldu. 
Təyyarədəki igidlərin dördü də həlak olmuşdu... 
Dövlət Dumasının qərarı ilə təyyarənin komandiri kapitan Dmitri Makşeyev 
və son nəfəsinədək pulemyot güllələri ilə düşmənə divan tutan zabit Fərrux ağa 
Qayıbov “Georgi Pobedonetsev” ordeni ilə təltif edilmişdir”. 
 
* * * 
 
İgid təyyarəçi Fərrux ağa Qayıbovu yetişdirən Salahlı kəndi Azərbaycan 
tarixinə görkəmli oğullar bəxş etmişdir. Topoqraf-general İbrahim ağa Vəkilov, 
məşhur maarifçi Mirzə Hüseyn Əfəndi Qayıbov, Əhməd ağa Mustafayev, 
Məmməd bəy Qarayev, Zəkəriyyə Vəkilov, Əhməd Gülməmmədov, Səlim 
Əfəndiyev, İsmayıl Qayıbov, görkəmli riyaziyyatçı Əbdülkərim ağa Qayıbov, ilk 
hərbi şəfqət bacısı Nigar xanım Şıxlinskaya və iyirminci əsr poeziyamızın fəxri 
Səməd Vurğun Salahlı kəndinin yetişdirmələridir. 
Vaxtsız ölüm ilk səma şahinimiz Fərrux ağa Qayıbovun qısa ömrünə 
əbədiyyət gətirdi. Onun xatirəsinə Qazaxda bir nömrəli təyyarə abidəsi ucaldılıb. 
Küçələrdən birinə onun adı verilib. Xalq şairi Səməd Vurğun gözəl demişdir: 

 
Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin