ilə igidlik sifətini anasında birləşdirməklə maraqlı təzad da yaratdığını, heç də anasının kürd
olduğunu demək istəmədiyini görərik.
Nizamişünaslardan Çingiz Sasani, Əskər Sərkaroğlu və şərqşünas-publisist Ənvər Börüsoy
isə bu sözün “qurd” kimi oxuna biləcəyini də ehtimal edir.
Qurdun türkün totemi olması heç bir kəsdə şübhə doğuran fakt deyil. Onun “Bozqurd”,
“Ergenekon” kimi qədim mifik düşüncəni ifadə edən göytürk dastanlarında bir xilaskar, bir
başlanğıc, ilahi varlıq kimi önəm kəsb etdiyi bəllidir. İlhami Cəfərsoy, Elçin Muradxanlı kimi
alimlərin son dövr tədqiqatları da qədim və orta əsrlərdə Qafqaz ərazisində qurd adını danışan
etnosların, qurd dilində danışan tayfaların mövcud olduğunu, indi də Azərbaycanda və
azərbaycanlılar yaşayan yaxın ərazilərdə (tarixi Azərbaycan torpaqlarında) bəzi toponimlərdə qurd
lekseminin qorunduğunu göstərir.
Elçin Muradxanlı “Türk-qurd etnoniminin izləri” adlı məqaləsində erməni alimi
A.P.Futuninin “Makedoniyalı İsgəndərin Şirvandakı xəzinəsi ilə bağlı əfsanələr” (Azərbaycanı
öyrənən cəmiyyətin xəbərləri, Bakı, 1927) adlı əsərindən verdiyi bir qeydi xüsusi maraq doğurur:
“Qurdlar, yaxud Qurdərlər türk tayfasının qalıqlarıdır. Onlar Azərbaycanın Şimal-Şərqində,
Qarabağda bir neçə kənddə, Göyçay qəzasının Uştal və İvanovka kəndlərinin yaxınlığında
yaşayırlar” (8).
Bu və buna bənzər çoxsaylı faktlar Nizaminin anası ilə bağlı işlətdiyi “Rəiseyi-qord”
ifadəsinin tərkibində “qord” sözünün “qurd” kimi oxumasının da müəyyən elmi əsası olduğunu
göstərir.
Xəlil Yusifli “Səkkiz yüzilin qaynaqları Nizami haqqında” məqaləsində Molla Əbdülnəbi
Fəxrizzəmani Qəzvininin “Meyxanə” adlı təzkirəsində şairin ata və anası haqqında verilən bir qeydə
nəzər salır. Həmin qeyd belədir: “Ale-Buyənin səltənəti zamanında bəzi maneələrə görə onun
(Nizaminin – Ə.N.) möhtərəm atası deyilən şəhərdən (Qum – Ə.N.) dörd yüzüncü ildə Arran
diyarının mərkəzi şəhəri olan Gəncəyə gəldi. Gəncənin havası o həqiqət mədəninin təbiətinə uyğun
gəldiyindən orada türklərdən bir qız istədi və orada vətən saldı, buna əsasən Şeyxin (Nizami – Ə.N.)
təvəllüdü Gəncədə baş verdi” (2, 18). Qeyddən göründüyü kimi, təzkirə müəllifi Nizaminin atası
Yusif Müəyyəd oğlunun Qumdan olduğunu əsaslandırmağa cəhd edirsə də, anasının Gəncədə
yaşıyan türk olduğuna heç şübhə də etmir. Deməli, şairin anasının kürd olması da elm aləmində
təsdiqini tapmır və ən azından əcnəbi müəlliflərdə şübhə doğurmalıdır. Maraqlıdır ki, bu
təzkirədəki səhvlərə göz yumub Nizaminin atasının Qumdan olmasını iddia edənlər nədənsə, eyni
mənbədən çıxış edib anasının türk olduğunu yazmırlar.
Yeri gəlmişkən bir məsələyə də diqqət yetirmək lazımdır. Nizaminin “Xosrov və Şirin”
poemasında işlənən bir beyt onun guya metis, qarışıq qandan olduğunu ehtimal etməyə əsas verib.
Beyt fars dilində belə səslənir:
Nizami ikdişe xəlvətneşinəst
Ke nime serke, nime əngəbinəst.
Poemanın Azərbaycan dilinə tərcüməsinin 1983-cü il nəşrinin “İzahlar” bölməsində beyt
haqqında yazılır:
“Bu ikdiş Nizami qərib haldadır,
Yarı sirkə dadır, yarı bal dadır.
İkdiş – metis deməkdir. Nizami özünün anasının kürd (sirkə), atasının azərbaycanlı (bal)
olduğunu bildirir” (10, 379). Qeyd edək ki, izahların müəllifi Məmmədağa Sultanovdur.
Eyni beytin şərhi poemanın Azərbaycan dilinə tərcüməsinin 2004-cü il nəşrindəki “İzahlar”
fəslində belə verilir: “İkdiş – metis deməkdir. Nizami özünün şeirlərini bala, sərt əxlaqını sirkəyə
bənzədir” (8, 371). Bu kitabda izahların müəllifi yenə də Məmmədağa Sultanov göstərilsə də,
bunun kimi bəzi məqamlarda düzəliş edildiyi aydın görünür. Kitabın elmi redaktoru Xəlil
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
307
Yusiflidir.
Bizim fikrimizcə də, şair insan təbiətinə məxsus əksiliklərin şerində də öz ifadəsini tapdığını
yazır. Çünki heç bir metis özgə millətdən olan anasını və ya atasını sirkəyə bənzətməz, onlar
arasında bal ilə sirkə qədər fərq qoymaz. Nizami kimi dühaya isə bu heç yaraşmır. Professor Əlyar
Səfərli də “Nizami yaradıcılığı, türklüyü” adlı məqaləsində bu beytə münasibət bildirərkən yazır:
“Şair heç vaxt anasını sirkə adlandıra bilməz, çünki sirkə tünd və acıdır” (2, 6).
Bəli, şair bu müqayisəni, bu təzadı verməklə şeirinin bir bütöv halında həm könüllərə xoş
gələn şirin, həm də həqiqətin acısından üz-gözü turşudacaq dimağa xoş getməyən, amma faydalı
olan nemət olduğunu demək istəyir.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda ФР-1087 şifri ilə
qorunan müəllifi göstərilməyən “Nizami əsərlərinə şərh və lüğət” adlı bir müasir əlyazmada
(təqribən XX əsrin 40-50-ci illərinə aid) “Xosrov və Şirin” – mətnin şərhi” başlıqlı dəftərdə
haqqında danışdığımız beyt “Nizami ikdiş tək qərib haldadır: Yarı sirkə dadır, yarı bal dadır” – kimi
tərcümə olunaraq belə şərh edilir: “Yəni mən ki şahdan uzaqdayam, iki haldayam: şahdan uzaq
olduğum cəhətdən ağzım acı sirkə dadadır. Və o cəhətdən ki mənim “Xosrov və Şirin” kitabımı şah
adı ilə qoşub oxuyuram, ağzım bal dadır” (11, 18).
Göründüyü kimi, burada tədqiqatçı Nizaminin özünə “ikdiş” deməklə əsərindəki şirinliklə
güzaranındakı acını müqayisə etdiyini, real həyat və poemada qurulan bədii aləm arasında təzad
olduğunu göstərmək istədiyini yazır
1
.
Ümumiyyətlə, elmi ədəbiyyatda bu beytin müxtəlif şərhlərinə rast gəlmək olur.
Tədqiqatçılar əksər hallarda “ikdiş” sözü üzərində dayanaraq onu şairin milli mənsubiyyəti ilə
bağlayırlar. Həmin sözün birləşmə əmələ gətirdiyi “xəlvətneşin” sözünə isə xüsusi diqqət
ayırmırlar.
Beytin ilk misrasında Nizami özünü “ikdişe xəlvətneşin” adlandırır. Xəlvətneşin isə təsəvvüf
termini olub, xəlvətə çəkilən, xəlvətdə əyləşən deməkdir. Xəlvət batini və zahiri paklıq əldə etmək
istəyən arifin qərar tutduğu məqamıdır. Belə demək mümkünsə, onun Haqqa yaxınlaşma, vəhdət
mərhələsidir.
Əlyar Səfərlinin müəllifi olduğu “Divan ədəbiyyatı sözlüyü” kitabında tənha qalma, yalnız
qalan yer mənasına gələn “xəlvət” anlamı aşağıdakı kimi şərh olunur: “Təsəvvüfdə dünyadan əl
çəkib maddi əlaqələrdən uzaqlaşaraq, ancaq Allah haqqında düşünmək ən dəyərli bir işdir. Xəlvətə
girən sufi ibadət və riyazətlə ömrünü keçirməlidir. Xəlvətdə sufinin qəlbinin arınması əsas şərtdir.
Çilə keçən dərviş xəlvətə çəkilir. O, az yeyib, az uyuyar, ancaq ibadət və zikr ilə məşğul olur” (12,
280).
Deməli, Nizami özünü “ikdişe xəlvətneşin” adlandırarkən ilk növbədə ömrünü ibadət və
riyazətə həsr etməsini, lakin hələ dünyadan tam əl üzə bilmədiyini göstərmək istəyir. Bu da bir növ
şairin təvazökarlığıdır. Əslində, Nizami xalq içində olarkən belə öz əxlaqı və nümunəvi davranışı
ilə riyazət əhli olduğunu nümayiş etdirən pak insanlardandır. O, xəlvətə çəkilib nemətlərdən uzaq
olmaqla yox, nemət içində yaşayan insanlarla ünsiyyət məqamında nəfsinə hakim olmaqla fərqlənən
təsəvvüf əhlidir.
Nəsib Göyüşov “Təsəvvüf anlamları və dərvişlik rəmzləri” adlı sorğu kitabında yazır:
“Xəlvət iki cürdür: zahirən xəlvətə çəkilərək xəlqdən uzaq olmaq və Haqqa doğru yönəlmək. Belə
xəlvət anında arifin hissləri zahiri aləmi unudur və bütün diqqət məlakuta doğru yönəlir. İkinci
halda isə arif zahirən xalqla birlikdə olsa da, onun batini ilahi sirlərin müşahidəsinə qərq olur” (13,
199).
Türk alimi Süleyman Uludağın tərtib etdiyi “Təsəvvüf terminləri sözlüyü”ndə “xəlvət dər
1
Çoxu sarı xətsiz kağızlar və az hissəsi məktəbli dəftərlərindən çıxarılmış vərəqlərdən ibarət olan, qara sapla bir-birinə
tikilən və sonradan karandaşla səhifələnən bu əlyazma vaxtı ilə Respublika Əlyazmalar Fondunun fraqmentləri sırasına
daxil edilmişdir. Daha əvvəlki kiril qrafikalı Azərbaycan əlifbasında mürəkkəbli qələmlə yazılan bu əsər Nizaminin
“Xosrov və Şirin” poemasındakı adların izahı – “Tarixi və əfsanəvi adlar və coğrafi terminlər”, çətin sözlərin lüğəti –
“Lüğət” və mətndəki beytlərin şərhi – “Mətnin şərhi” hissəsindən ibarətdir. 3-cü hissədə beytlərə verilən hər bir şərhin
qarşısında izah olunan beytin əlyazmada yerləşdiyi səhifə nömrəsi göstərilib. Müəllif mətnşünas işarələrindən istifadə
edir və Vəhid Dəstgirdinin adını çəkir. Təəssüf ki, şərhlərin müəllifini təyin edə bilmədik.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
308
əncümən” anlamı haqqında məlumat verilir. Müəllif yazır: “Xəlvət dər əncümən xalq içində
xalqdan ayrı olmaq; Zahirdə xalqla, batində Haqla olmaqdır. Bədənin xalqla, qəlbin Haqla
olmasıdır” (14, 156).
Bu açıqlamalardan isə belə bir qənaətə də gəlmək olar ki, Nizami yuxarıdakı beytində eyni
zamanda özünü iki dünya arasında qərar tutan – zahirən xalqın içində, batində isə Haqq ilə olan
xəlvət əhli adlandırır.
İstedadlı tədqiqatçı Ramiz Faseh “Seyyid İmadəddin Nəsiminin seçilmiş bəzi şeirlərinin
şərhi” adlı kitabında təsəvvüf əhli haqqında danışarkən onlarda mövcud olan bu ikiliyin iman
etdikləri təriqətin tələbindən irəli gəldiyini göstərir (15, 324).
Nizami əsərlərində özünü dərviş adlandırmasa da, “Xosrov və Şirin” poemasındakı “Kitab
üçün üzr” adlı hissədə vəfalı dostunun dili ilə özünün təqva sahibi olduğunu, çillə çəkdiyini ifadə
edir; Həmin misralar tərcümədə belədir:
Qırx ildə keçirdin əlli çilləni,
Boş-boş hekayələr çəkməsin səni.
Sən ki, bu orucu tutmusan belə,
İftarını açma murdar sümüklə (16, 52).
Nizaminin ilk tədqiqatçılarından olmuş, məzarının bərpası istiqamətində ilk həyacan təbili
çalan, həmyerlisi Mirzə Məhəmməd Axundzadə də 1909-cu ildə Gəncədə kitabça halında nəşr
etdirdiyi “Şeyx Nizami (Tərcümeyi-halı)” adlı əsərində şairin yaradıcılığına və mənbələrdə onun
haqqında olan məlumatlara istinadən yazırdı: “Şeyx Nizami camaat ilə bir o qədər xəltə etməz imiş
və həmişə ömrünü güşənişinlikdə keçirərmiş” (17, 29).
Bundan bir müddət sonra Firidun bəy Köçərlinin 1911-ci ildə tamamladığı “Azərbaycan
ədəbiyyatı” tədqiqatında da Nizamiyə həsr olunmuş “Şeyx Əbu-Məhəmməd İlyas ibn Müəyyəd
Nizami” adlı oçerkdə də şairin əsərlərinə və ilkin mənbələrdə onun haqqında verilən məlumatlara
istinadən Nizaminin dünyadan əl çəkib, riyazət əhli olması haqqında yazılır: “Nizami dünyadan əl
çəkib əhli-qənaət və saleh bir zat olduğu üçün ömrünü ibadət və riyazətdə keçirərmiş” (18, 100).
Gülçin Babayeva “Nizami Gəncəvi İran ədəbiyyatşünaslığında” monoqrafiyasında dahi
şairin təsəvvüf əhli olması haqqında danışarkən Əli Əkbər Şahabinin “Nizami-şairi-dastansəra” adlı
əsərinə istinad edir. Burada Əli Əkbər Şahabi yazır: “Ömrünün böyük hissəsini o, tənhalıq içində
cəmiyyətdən kənarda keçirmişdir. O, sakit, dindar, vicdanlı və azadlıqsevər olub. Bu isə sufi və
mistiklərə aid təbiətdir” (1, 127).
Nizaminin təsəvvüf, irfan əhli olması haqqında məlumatlara son dövrün elmi
araşdırmalarında da rast gəlmək olar. Məsələn, Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun
dissertantı Məhnaz Savadiyanın “XV əsr farsdilli sufi nəsri (Əbdürrəhman Caminin “Nəfəhatül-
üns” əsəri əsasında)” mövzusundakı fəlsəfə doktorluğu dissertasiyasının avtoreferatında Caminin
adı gedən əsərində Nizami Gəncəvinin bir sufi şairi kimi təqdim olunduğu, dahi şairin həyat tərzinin
də əsil sufi şeyxi kimi qənaətlə, təqva ilə keçdiyi göstərilir. Tədqiqatçı ilkin mənbəyə, Caminin
“Nəfəhatül-üns” əsərinə istinad edərək yazır: “Nizaminin dövründə yazıb-yaradan şairlər daha çox
sultanların, şahların mədhi ilə özlərini tanıtmağa çalışırdılar. Amma Nizami Gəncəvi belə şairlərdən
olmamışdır. O, sufi yolunu seçdiyi üçün heç vaxt böyüklərlə oturub-durmamışdır. Lakin onun
şairlik istedadı o qədər yüksək olmuşdur ki, sultanlar onun varlığına bir bərəkət kimi baxmışlar”
(19, 25).
Bəzi məqamlarda bu fikirlərlə mübahisə etmək də olar. Lakin bir həqiqət var ki, Nizami
saraylardan uzaq idi. Saraylar isə ona yaxın. Hökmdarlar özlərini əbədiləşdirmək üçün ona müraciət
edirdi. Düzdür, Nizami tam bir sufi şairi deyil. Amma onun irsində istənilən qədər irfana dair bilgi
var. Bu isə yuxarıda xəlvətlə bağlı dediklərimizi bir növ əsaslandırmağa kömək edir.
Ümumiyyətlə, Nizami “Xəmsə”sindəki başqa əsərlər də sirkə və balın qarşılaşdırılmasına
rast gəlmək olar. Məsələn, şairin “Leyli və Məcnun” əsərində “Leylinin qəbiləsi ilə Nofəlin
müharibə etməsi” fəslində Məcnunun dili ilə verilən beytə nəzər salaq:
Mənə bal vədəsi vermişdir o yar,
Mən sirkə göndərsəm, layiqmi olar? (20, 128)
Söylənilən fikirlərə yekun olaraq onu deyə bilərik ki, bu beytə söykənərək irəli sürülən
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
309
şairin metis, yəni türk və kürd qarışığı olan azərbaycanlı olması fərziyyəsi də özünü doğrultmur.
“Bar verən ağaca daş atan çox olar”. Nə deyirlər, desinlər, Nizaminin ölməz irsi onun türklüyünü,
xalqımıza mənsubluğunu müdafiə edən ən tutarlı dəlildir.
“Nizami elmşünas” adlı kitabın müəllifi Əhmədağa Əhmədov Nizaminin “Məxzənül-əsrar”
əsərinin dilimizə olunan tərcüməsinə əlavə edilən müqəddimədə haqlı olaraq yazır: “Dünya
korifeyləri cərgəsində olsa da, Nizami ilk növbədə bizimdir; o, Gəncə torpağında dünyaya gəlib,
azərbaycanlıdır. Biz onunla fəxr etməliyik, onu hamıdan yaxşı tanıyıb qiymətləndirməli, tükənməz
irsindən bəhrələnməli, həm də onu gənc nəsillərə iftixarla öyrətməliyik, bu şəxsiyyətdən ibrət
almalıyıq” (21, 10).
Məmməd Əmin Rəsulzadə “Azərbaycan şairi Nizami” adlı monoqrafiyasında Nizamini
Firdovsi ilə müqayisə edərkən yazırdı: “Nizami Firdovsi tipində bir fars milliyyətçiliyinə
yabançıdır; mövzuları və təfəkkürü etibarilə bir türkdür”. Biz də Nizaminin qatı türkçü olmasını
söyləmək fikrindən tamamilə uzağıq, onun ölməz əsərlərinin bəşəriyyətin ümumi mənəvi irsi
olduğunu, bu nadir təfəkkür sahibinin insanlığın inkişafına çalışan ədib olduğunu qəbul edir,
bununla yanaşı onun öz millətinin təəssübkeşi olduğunu da qürurla iddia edirik.
ƏDƏBIYYAT
1. Бабаева Гюльчин. Низами Гянджеви в иранском литературоведении, Баку, Элм, 2012,
144 с.
2. Nizamişünaslıq, Elmi əsərlər, № 2, Gəncə, Elm, 2012, 195 s.
3. Бертельс Е.Э. Великий Азербайджанский поэт Низами. Баку, АЗФАН, 1940, 147 с.
4. Araslı Nüşabə. Nizami və türk ədəbiyyatı, Bakı, Elm, 1980, 206 s.
5. Nizami Gəncəvi. Leyli və Məcnun, Bakı, Lider, 2004, 288 s.
6. Səfərli Ə., Yusifli X. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı, Bakı, Ozan, 1998, 632 s.
7. Resulzade Mehmet Emin. Azerbaycan şairi Nizami, İstanbul: Türk Dünyası Araştırmaları
Vakfı, 1991, 403 s.
8. Muradxanlı Elçin. Türk-qurd etnoniminin izləri, “Elm” qəzeti № 1 (1143), 15 yanvar 2016-
cı il, s. 8.
9. Nizamişünaslıq, Elmi əsərlər, № 2, Gəncə, Elm, 2012, 195 s.
10. Nizami Gəncəvi. Xosrov və Şirin, tərcümə edəni R. Rza, Bakı,Yazıçı, 1983, 401 s.
11. “Xosrov və Şirin” – mətnin şərhi, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutu, ФР-1087, Nizami əsərlərinə şərh və lüğət, 3 dəftər1 qovluqda, 3-cü dəftər, 68 s.
12. Səfərli Əlyar. Divan ədəbiyyatı sözlüyü, Bakı, Elm və təhsil, 2015, 488 s.
13. Göyüşov Nəsib. Təsəvvüf anlamları və dərvişlik rəmzləri (Yığcam ensiklopedik
açıqlama), Bakı, “Tural-Ə” NPM, 2001, 240 s.
14. Uludağ Süleyman. Tesavvuf terimleri sözlüğü, İkinci basım, İstanbul, Kabalcı Yayıncılık,
2016, 438 s.
15. Ramiz Faseh. Seyyid İmadəddin Nəsiminin seçilmiş bəzi şeirlərinin şərhi, Bakı, Şərq-
Qərb, 2007, 392 s.
16. Nizami Gəncəvi. Xosrov və Şirin, Bakı, Lider, 2004, 392 s.
17. Məmmədov Xeyrulla. Şeyx Nizami: tərcümeyi-halı, tanıtım məqaləsi və əsərin mətninin
tam transfoneliterasiyası, “Ana sözü” jurnalı, 1992-ci il, № 1-2, s. 27-32
18. Köçərli Firidun bəy. Azərbaycan ədəbiyyatı, İki cilddə, I cild, Bakı, Avrasiya Pres, 2005,
560 s.
19. Savadiyan Məhnaz. XV əsr farsdilli sufi nəsri (Əbdürrəhman Caminin “Nəfəhatül-üns”
əsəri əsasında), filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş
dissertasiyanın avtoreferatı, Bakı, 2014, 30 s.
20. Nizami Gəncəvi. Leyli və Məcnun, tərcümə edəni S.Vurğun, Bakı, Yazıçı, 1983, 303 s.
21. Nizami Gəncəvi. Məxzənül-əsrar (Sirlər xəzinəsi), fars dilindən tərcümə edəni: Mircəlal
Zəki, iknci nəşri, Bakı, Mütərcim, 2011, 300 s.
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
310
Gülnaz Mugtasimova, fil.ü.f.d., dos.
Kazan (İdil Boyu) Federal Universitesi
Filoloji ve Kültürlerarası İletişim Enstitüsü
mugtasimova@gmail.com
TATAR ATASÖZLERİNİN ETNOMEDENİ ÖZELLİKLERİ
Bizlere, atalarımızdan ruhi mirasla birlikte maddi anlamda medeniyete bakan mirasta
kalmıştır. Bunlardan biri de halkın giyim tarzıdır.
Asırlar boyu halk bu işe sadece kendinin el emeğini değil, belki güzelliğe olan ilgisini,
hayalini, estetikliğini de işlemiştir. Bu yüzden giyim genel olarak insanın dış görünümüne milli bir
renk kazandırmıştır.
Kıyafetin çok eski türleri elbette bize kadar ulaşmamıştır. Günümüze ulaştığı kadarıyla da
halkımızın tekrarlanmaz icadi güce sahip olduğunu göstermektedir.
Tatar atasözlerinde eski zamanlarda giyilen, kullanılmakta olan kıyafet, kumaş isimleri
oldukça fazla kullanılmıştır. Örneğin: Ebres bişmet, istediğini yap, bana değil ziyanı atasözündeki
Ebres bişmet yarı ipek bir kumaştan dikilmiştir.
Ormanlarında kıymetli deriye sahip olan hayvanlar gezindiğinde, tatarlar yüke (Kamış)
kesip, çabata (kamıştan örülerek yapılan ayakkabı) örüp vakit geçirmemişler. Tatarlarda könden
(deriden) dikilmiş ayakkabılar çok kullanılmıştır. Kün keviş ayakkabılar kalın deriden yapılmış ve
sağlam olarak dikilmiştir. Bunlar, yumuşak çitek (tatar motifleri ile deriden yapılmış çizme) ya da
yünden örülmüş çoraplar ile giymişler.
Keviş ayakkabının iki türü olmuş; bacağı saran üst kısım ve bu kısım olmadan yapılan
ayakkabılar. Yumuşak deriden dikilen kunıçsız (bacağı saran üst kısmı olmayan) keviş sözü yer
alan atasözleri tatar dilinde oldukça fazladır. İki ayak bir kevişe sığmıyor.
Tatar atasözlerinde varlığı korunmuş türlü kumaş isimleri arasında Büz, Çıpta v.b. kelimeler
vardır: asıl - kaliteli ipekten kumaş, kamka - Çin ipeği, kiten - kaliteli beyaz dokuma kumaş v.b.
Böylece atasözlerinde gözlemlenen kıyafet, kumaş isimleri İdel boyunun büyük iktisadi
bölge oluşunu bir kez daha kanıtlamaktadır. Halk sahipliğinin böyle önemli kısımların gelişiminde
tatarların da parmağı olduğunu atasözleri söz bilimi açıkça göstermekte ve anonimin böyle tarihi
izlenimlerde güvenilir bir yol olduğu hiç şüphesizdir.
Gülşən Bəşirova, fil.ü.f.d., dos.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
FİRİDUN BƏY KÖÇƏRLİ RUS YAZIÇILARI HAQQINDA
Firidun bəy Köçərli (1863-1920) ədəbi tənqidi məqalələriylə böyük bir xəzinə yaratmışdır.
Dövrünün (XIX əsrin sonu, XX əsrin əvvəlləri) böyük və kiçik ədəbi hadisələrini diqqətlə
izləyən F.Köçərlinin müxtəlif mətbuat orqanlarında çap olunmuş məqalələrinin ana xəttini xalqının
mənafeyi, onun maariflənməsi kimi problemlər təşkil edir.
F.Köçərlinin Anton Pavloviç Çexovun (1860-1904) vəfatı münasibətilə 16 iyul 1904-cü ildə
"Şərqi-Rus" qəzetində çap etdirdiyi məqaləsi maraqlıdır. Burada A.P.Çexov "təbii, mətin, qələmi
ötkün və dili şirin bir ədibdir".
F. Köçərli 1903-cü ildə çap etdirdiyi "Azərbaycan ədəbiyyatı" adlı genişhəcmli məqaləsində
diqqəti Azərbaycan yazıçı və şairlərinin rus yazıçılarından etdiyi tərcümələrə cəlb edir.
F.Köçərli əsərlərində A.S.Puşkin, M.Y.Lermontun, L.N.Tolstun, İ.A.Krılov, N.A.Nekrasov
və digər rus yazıçı və şairlərinin əsərlərinə dəfələrlə müraciət etmiş, onlar haqqında geniş və ətraflı
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
311
məqalələr yazmışdır. O,"Qaranlıqda Qalanlarımız" ("İrşad" qəzeti, 2 mart 1906-cı il) məqaləsində
ciddi bir problemə toxunaraq, İ. A. Krılovun "Ağacın Yarpaqları və Kökləri" adlı təmsilinə
müraciət edir.
Böyük ədibin, N. V. Qoqolun (1809-1852) 100 illik yubileyi münasibətilə 1909-cu ilin mart
ayının 18-19-da "Tərəqqi" qəzetində dərc olunmuş məqaləsi xüsusilə diqqəti cəlb edir. O, qeyd edir
ki, A.S.Puşkin və N.V.Ooqoldan sonra digər yazıçı və şairlər gördüklərinin surətini və şəklini mahir
nəqqaş kimi eynilə çəkib, bütün aləmə göstərərək deyirlər: "Baxın, görün! Budur bizim millət; bu
sayaqdır onun diriliyi və dolanacağı; budur onun halı , fikirləri, hissiyyatı və xəyalatı!" F.Köçərli
yazır: "Qoqolun ədibanə vəsf qıldığı rüşvətxor, tamahkar, tənbəl, bacarıqsız, öz vəzifəsini
anlamayan, camaata zülm edən və həmevəxt öz nəfslərini güdən çinovniklər ilə bizim uyezdlər və
mahallar doludur".
F.Köçərlinin Qoqolun "Ölü canlar" ("Fövt olmuş nüfus") əsəri haqqında da maraqlı qeydləri
vardır. F.Köçərlinin "Dünyada bəla nədən törəyir?" adlı məqaləsi "Tərəqqi" qəzetinin 26 mart 1909-
cu il tarixli sayında çap edilmişdir. Ədibin L.N.Tolstoyun bu əsərinə müraciət etməkdə məqsədi
insanların daxilində olan qorxaqlığı onların qəlbindən çıxarmaq, qorxuya əsas səbəb olan
savadsızlığa, elmsizliyə və avamlığa qarşı mübarizə aparmaq idi. F.Köçərli bu hekayəyə istinadən
bildirir ki, elmsizlikdən və avamlıqdan müsəlmanların ürəyinə qorxu bərk sirişk edibdir. Cəhl və
nadanlıq onları cürətsiz, hünərsiz və bir növ üftadə (biçarə), xar və zəlil edibdir. Avamlığımızın
ucbatından özümüzü vətənimizdə qəriblər, evimizdə yadlar kimi saxlayırıq.
F.Köçərli daha sonra yazır: "Bu fəlakətlərin tamamisinə səbəb haman maralın canına sirişt
Dostları ilə paylaş: |