2.3.3. Bizans mədəniyyəti
Roma imperiyasının iki hissəyə bölünməsi rəsmən 395-ci ilə təsadüf etsə də, əslində bu proses xeyli əvvəl
başlanmışdı. Bu işi ilk dəfə Romanın birinci imrepatoru sayılan Yuli Sezarın ölümündən sonra onun davamçıları -
köməkçisi Antoni və qohumu, həmçinin sələfi Oktavian Avqust həyata keçirmişdi. Onlar Filippa şəhəri
yaxınlığında Makedoniya uğrunda gedən mübarizədə respublikaçılara qalib gələrək Roma dövlətini idarə etmək
üçün onu iki hissəyə ayırdılar. Misir çariçası Kleopatraya evlənən və Misirin paytaxtı İçkəndəriyyədə yaşamağa
başlayan Antoni Şərq əyalətlərində, Oktavian isə Qərbdə hakimiyyəti əlinə aldı. Respublikaçılarla mübarizədə
müvəqqəti olaraq barışmış Antoni və Oktavianın arasındakı düşmənçilik tezliklə bərpa olundu. Oktavianın ordusu
İskəndəriyyəni tutduqdan sonra Antoni və Kleopatra intihar etdi. Sonrakı dövrlərdə də Roma imperiyasının
işğalçılıq, yəni imperiyanın sərhədlərini genişləndirmək siyasəti davam etdi. İmperator Trayanın uğursuz yürüşləri
isə bu siyasətə son qoydu. II əsrdə imperiya öz işğalçılıq siyasətindən əl çəkərək müdafiə mövqeyi tutmağa məcbur
oldu. Çünki II-III əsrlərdə barbarların, xüsusən də Reyn və Elba çayları arasında yaşayan germanların imperiyanın
sərhədlərinə olan hücumları gücləndi. Tanış olmayan dildə danışanları «barbar» adlandıran romalılar uzun müddət
onların hücumlarını dəf etməyə nail olurdular. Barbarlar Roma ilə saziş bağlayır, imperiyanın sərhəd ərazilərində
məskunlaşır və hətta Roma ordusunda muzdla işə düzəlirdilər.
III əsrdə Roma imperiyası Qalliya, İspaniya və Misiri, Asiyadakı və Dunay çayının aşağı hissəsindəki
əyalətləri itirdi. Bundan sonra imperiyanı parçalamaq ənənəsini 284-cü ildə hakimiyyətə gələrək 21 il ağalıq
edən imperator Diokletian həyata keçirdi. O, imperiyanın Şərq hissəsini öz hakimiyyəti altında saxlamış, Qərbi
isə öz dostu Maksimiana etibar etmişdir.
Hər iki imperator «avqust» titulu qəbul etsə də birincilik Diokletiana məxsus idi.
Diokletiandan sonra yenə başlayan dövlət çəkişmələrində qalib çıxmış imperator Konstantin 324-330–cu
illərdə qədim şəhərcik, köhnə yunan müstəmləkəsi olan Vizantinin yerində öz şəhərini – Konstantinopolu saldı.
330–cu il, mayın 11-də Konstantinopol rəsmi olaraq Roma imperiyasının yeni paytaxtı elan edildi. Bundan so-
nra imperiyanın iki yerə parçalanması sürətləndi. 395-ci ildə Roma imperiyası iki qardaş imperator arasında
bölündü. Nəticədə iki imperiya – paytaxtı Konstantinopol olan Bizans, yəni Şərq və bir də Qərb yarandı. Avropa
və Afrikanın qərb əyalətləri, həmçinin İtaliya Qərb imperiyasının tərkibində qaldı.
Yarandığı ilk dövrlərdən Bizans çox böyük əraziyə malik idi: Kiçik Asiya, Balkan yarımadası,
Mesopotamiyanın və muasir Ermənistanın bir hissəsi, Suriya, Fələstin, Misir, Krit adaları, Xersones, Lazika,
Ərəbistanın bəzi vilayətləri, Aralıq dənizinin şərq adaları.
182
Hər iki qitəni – həm Avropa, həm də Asiyanı, həmçinin Afrikanın bəzi vilayətlərini əhatə edən Bizans
sivilizasiyası 2 müxtəlif dünya - Şərq və Qərb arasında əlaqəyə çevrildi. Belə əlverişli coğrafi şərait Bizansı
mühüm ticarət mərkəzi etdi. Çinə aparan quru və dəniz «ipək yolu», Ərəbistandan Qırmızı dəniz, fars körfəzi və
Hind okeanı limanlarına gedən yollar məhz Bizansdan keçirdi. Romadan Bizansa «irsən» çoxlu məhsuldar
ərazilər, rəngarəng iqtisadiyyatı olan inkişaf etmiş şəhərlər qalmışdı. Bizansın Balkandakı əyaləti olan Frakiya
və Misir imperiyanın əsas qida mənbəyi idi. Bunlara «çörək anbarı» da deyirdilər. Kiçik Asiyada dəri, yun
parça, metal məmulatları istehsalı genişlənmiş, üzümçülük, bağçılıq, heyvandarlıq inkişaf etmişdi. Buna görə də
Bizans xam malla, kənd təsərrüfatı məhsulları ilə, faydalı qazıntılarla təmin edilmişdi. Burada sənətkarlıq, o
cümlədən zərgərlik məhsulları, şüşə qablar, yun və ipək parça istehsalı inkişaf etmişdi ki, bunların çoxundan
Avropa hələ bixəbər idi.
Bizansın əhalisi 30-35 milyona çataraq müxtəlif etnik tərkibə malik idi: suriyalılar, yəhudilər, yunanlar, kop-
tlar, gürcülər və s.
Roma imperiyasının şərqində yerləşən Bizansın tarixi inkişafı Qərbdə olduğu kimi quldarlıq quruluşunun
dağılması yolu ilə gedirdi. Lakin Qərbə nisbətən Şərqdə bu proses o qədər ləng gedirdi ki, quldarlıq
münasibətlərinin qalıqları hətta XI əsrədək saxlanmışdı. Beləliklə, Bizansın feodallaşması da Çin və Hindistan-
da olduğu kimi tədrici xarakter daşıdığından köhnə mədəniyyətlə yenisi arasında elə bir kəskin fərq olmadı. Bu-
rada antik ənənələr Qərbdə olduğu kimi yerlə yeksan edilmədi. Çünki Şərq, barbarların basqınlarına Qərb qədər
məruz qalmamışdı. Qərbdə artıq yox olmuş antik məişət və təsərrüfat formaları, eləcə də mərkəzləşmiş dövlət
forması, antik şəhərlər, yüksək inkişaf etmiş sənətkarlıq, fəal ticarət qorunub saxlandı. VII əsrin ortalarınadək
Bizansda Roma imperiyasının sosial-siyasi və təsərrüfatçılıq ənənələri davam edirdi. VII əsrdən başlayaraq
Bizansın əsas təsərrüfatçılıq fəaliyyəti azad taxılçılar, üzümçülər və maldar icmalarından ibarət oldu. Burada
fəal feodallaşma prosesi yalnız IX əsrin II yarısından başladı. Ümumiyyətlə, V-XIV əsrlərdə Bizans
mədəniyyəti çox yüksək xətlə irəliləsə də, əslində bu xətt qalxan yox, hissedilməz dərəcədə enən olmuşdur.
Qərb dövlətlərinin mədəniyyəti isə əksinə, aşağı səviyyədən başlayaraq durmadan yuksəlirdi. Bu, bəlkə də Bi-
zansda uzun müddət köhnə, quldarlıq monarxiyası formalarının saxlanması ilə bağlı idi. Bizansda kəndli
icmalarının, əyalətlərin müstəqil inkişafı ləngidilir, şəhərlərdə yeni ictimai qüvvələrin yaranmasına maneçilik
törədilirdi. Bunula belə, yeni Romanın təməlinin qoyulması ilə bəşər tarixində yeni mərhələ başladı.
Roma imperiyasının Qərb və Şərqə bölünməsi 2 dövrün kəsiyində – Antik dövrün süqutu və orta əsrlər
dünyasının yetişməsi zamanı baş verdi və nəticədə Bizans imperiyası yarandı. Bu ölkənin sakinləri öz
imperiyalarını Romeylər səltənəti, yəni Roma imperiyası, özlərini romeylər, yəni romalılar, Konstantinopolu isə
«yeni Roma» adlandırırdılar, əslində bu adı Bizansa Yeni dövrün Avropa mütəfəkkirləri vermişdi. Onlar Bizansı
yunan-roma mədəniyyətindən ayıraraq onu şərq mədəniyyət tipinə aid etdilər. Lakin Bizans həm Şərqdən, həm
də Qərbdən fərqlənən özünəməxsus yolla getdi. Əlbəttə ki, burada antik mədəniyyətin təsiri danılmazdır.
Romanın layiqli sələfi isə Bosfor körfəzində yerləşən və öz gözəlliyi ilə seçilən Konstantinopol oldu. V əsrdə
Konstantinopolda 150 min, VI əsrdə 375 min əhali yaşayırdı ki, bu da Roma imperiyasının əhalisinə bərabər idi.
Siyasi və iqtisadi tənəzzülə uğrayan qədim, bütpərəst Roma yox olur, onun yerində isə Roma şəhərlərinə
bənzəməyən «ikinci Roma» - Konstantinopol ucalırdı.
Bizansda özünəməxsus bədii təfəkkür formalaşırdı. Mənəvi mədəniyyət sahəsində antik dövrdə
qazanılmış nailiyyətlər itirilmir, yeni dövrün tələblərinə uyğunlaşdırılaraq yenidən nəzərdən keçirilirdi.
İncəsənətdə də antik ənənələr saxlansa da onlar tanınmaz dərəcədə başqalaşırdı. Orta əsr incəsənətinə keçid
möhtəşəm antik mədəniyyətlə aramsız varislik əlaqələri arasında baş verirdi. İskəndəriyyə, Antioxiya, Efes kimi
Konstantinopol da öz simasına görə ellin şəhəri olaraq qalırdı.
Konstantinopola çoxlu antik heykəlciklər gətirilmişdi. Buraya dünyanın hər yerindən alimlər gəlməyə
başlamışdı. Onlar qədim əlyazmaları toplayır, klassikləri tədqiq edirdilər. Beləliklə, Homerin, Esxilin, Sofoklun
əsərləri qorunub saxlandı. VII əsrədək antik xalq teatrı fəaliyyət göstərmiş, yunan dili danışıq dili kimi
işlənmişdi. İmperator Konstantin yeni paytaxta köçmək istəyənlər üçün yeni evlər tikdirirdi. Yaşayış evlərindən
başqa, burada həmçinin ictimai binalar, məbədlər, teatrlar, çörəkxanalar, hamamlar, su kəmərləri, fəvvarələr,
yeraltı su ambarları – sisternlər tikilirdi. Şəhərdə çörək pulsuz idi. Hər bir uşağın məktəbdə oxumaq imkanı var
idi. Şəhəri düşmənlərdən qoruyan qalın divar Konstantinin dövründə tikilməyə başlamış və bu tikinti V əsrdə
imperator Feodosinin hakimiyyəti illərində başa çatmışdı.
Ümumiyyətlə, Bizans bədii mədəniyyətinin təkamülü çox mürəkkəb proses olub, «enmə» və «qalxma»
dövrlərinin növbələşməsi ilə müşahidə edilir ki, bu da bir neçə dövrdən ibarətdir: I dövr V-VII əsrləri əhatə edir
ki, məhz bu vaxt quldarlıqdan feodalizmə keçid yekunlaşır. II dövr VIII-IX əsrlərdir ki, bu zaman mərkəz və
əyalət varlıları arasında hakimiyyət uğrunda mübarizə gedir. «İkonaqıranlar» hərəkatı da məhz bü dövrdə
yaranır. Bu mübarizə nəticəsində hər iki tərəf bədii mədəniyyətə böyük ziyan vurur – çoxlu sənət abidələri məhv
edilir. III dövr - X-XII əsrlər bədii mədəniyyətin növbəti yüksəlişi və çiçəklənməsi dövrüdür. Bizans
mədəniyyətinin bütün sahələrindəki nailiyyətlərin ümumiləşməsi və təsnifatı məhz bu dövrdə baş verir. IV dövr
- XIII-XV əsrlər Paleoloqlar dövrünə təsadüf edir. Bu, ağır sınaqlar və mədəniyyətin son çiçəklənmə dövrüdür.
183
Ümumiyyətlə, Bizans mədəniyyətinin formalaşması prosesi son antik dövrdən başlayaraq bir neçə əsr da-
vam edir və IX –X əsrlərə qədər uzanır. Digər ölkələrin orta əsr mədəniyyəti kimi Bizansda da mədəniyyətin
gah bu, gah da digər sahəsi üstünlük təşkil etsə də hər bir sahədəki dəyişiklik dərhal digərində əks olunur,
mədəniyyət isə mədəni sərvətlərin mürəkkəb və vahid mexanizmi kimi çıxış edir.
ELM VƏ TƏHSİL. Qərbi Roma imperiyasının süqutundan sonra Romanın dünya ağalığı konsepsiyası,
imperator titulu və dünya monarxiyası ideyası, eləcə də antik dövrün elm və təhsil ənənəsi yalnız Şərqdə – Bi-
zans imperiyasında dirçəldi. Ərazinin demək olar ki, 2 dəfə artması, qanunçuluq və idarəçilik islahatları, ticarət
və sənətkarlığın inkişafı, elmin və mədəniyyətin digər sahələrinin çiçəklənməsi hələ erkən dövrdə – I
Yustinianın (527-565) hakimiyyəti illərində baş verdi və Bizans Aralıq dənizi dövlətləri içərisində ən əzəmətlisi
oldu.
Şərqi Roma imperiyası IV-V əsrlərdə barbarların hücumlarına məruz qalmadığı üçün köhnə antik elm
mərkəzləri – Afina, İskəndəriyyə, Beyrut, Qəza bərpa edildi, həmçinin yeniləri yaradıldı. Orta əsrlərin
əvvəllərindən Bizansda savadlı adamların sayı Qərbi Avropadakından çox idi. Şəhər məktəblərində oxu, yazı,
hesab öyrədilir, Homerin poemaları, Esxil və Sofoklun faciələri keçilirdi. Lakin belə məktədlərdə yalnız varlı
uşaqlar təhsil almaq imkanına malik idi. Konstantinopolda yaradılmış xysusi komissiyanın tərkibinə yunan və
latın dillərini yaxşı bilən mütəxəssislər daxil edilmişdi ki, onlar nadir kitabların axtarışı ilə məşğul olur və
onların üzünü imperator kitabxanası üçün köçürürdülər. Avropada birinci ali məktəbin açılması da məhz Bizans
dövlətində mümkün oldu. O XI əsrdən fəaliyyətə başladı. İki əsrdən sonra isə Bizansda Avropanın ilk Universi-
teti yaradıldı. Burada həmçinin ali tibb məktəbi də açıldı. Hələ o vaxt şəhər əhalisinə tibbi xidmət edilməsi
qərara alındı. Hər bir həkimə şəhərin müəyyən rayonu ayrılmışdı. Optika sahəsində nailiyyətlər əldə edilmişdi.
Oribazi (326-403) adlı həkim 70 kitabdan ibarət olan tibb ensiklopediyası tərtib etmişdi. Burada həm antik dövr
təbabətinin nailiyyətləri, həm də müəllifin öz şəxsi nəticə və ümumiləşdirmələri öz əksini tapmışdı. Həkim Niki-
ta IX əsrdə cərrahlığa aid məcmuə tərtib etmişdi.
Riyaziyyat, astronomiya, astrologiya, coğrafiya və s. sahələrdə böyük nailiyyətlər əldə edilmişdi.
Məsələn, ölkə və dənizlərin, şəhər kvartallarının xəritəsinin çəkilməsi hələ Qərbdə mümkün deyildi.
Xristianlığın dövlət dininə çevrilməsi ilə ən yaxşı elm xadimlərinin təqibi başlandı. Elm mərkəzləri məhv
edildi. 489-cu ildə yepiskopların təkidi ilə Efesdəki məktəb, 529-cu ildə Yustinianın əmri ilə Afinadakı yunan
təhsilinin mərkəzlərindən olan məktəblər bağlandı. IV əsrdə fanatik – rahiblər İskəndəriyyə kitabxanasının
böyük bir hissəsini məhv etdilər. Xristianlığın yayılması üçün isə dini məktəblər, hətta ali dini məktəblər
açılırdı. Məhz bu səbəbdən də həmin dövrdə elm ilahiyyatla bağlı oldu.
VI-VII əsrlərdə Bizansda əlkimya ilə bağlı bir çox fəaliyyət növləri – istənilən metalın qızıla çevrilməsi,
müxtəlif xəstəliklərin sağaldılması, cavanlığın qaytarılması və s. geniş yayılmışdı. Bu dövrdə kimya sənətinin
inkişafı – keramik məmulatlar, mozaika və emal, parça və rəngkarlıq üçün rənglərin həzırlanması Bizans təsviri
sənətində mühüm rol oynadı.
X əsrdə Bizans elmində ensiklopedik xarakterli ümumiləşmiş əsərlərin sayı artdı. Bunların çoxu tarix,
kənd təsərrüfatı, tibb və baytarlıqla əlaqədar idi.
XI əsr alimi və yazıçısı Mixail Psyollun (1018-1078 və ya 1096) xidmətləri daha böyükdür. O, Bizans
mədəniyyətinin tarixi ilə əlaqədar «Xronoqrafiya» adlı əsərində öz tanıdığı imperatorların həyatını qələmə alıb.
O həmçinin 4 fənni – hesab, həndəsə, astronomiya və musiqini əhatə edən «kvadrivium» icmalının da
müəllifidir. Bu əsər XVI əsrdə latın dilinə tərcümə edildi və əsasən Qərbi Avropada riyaziyyatın inkişafına
müsbət təsir göstərdi.
Bu dövrdə təbabətdə farmakologiya sahəsində, çağalara qulluq, qidanın xüsusiyyətləri və s. ilə bağlı
tədqiqatların sayı artır. Heyvanlar və quşlar haqqında da əsərlər yazılır.
X-XII əsr Bizans müəlliflərinin tarixə aid əsərləri xronika və memuar xarakteri daşıyır. Bunlarda
həmçinin antik üslubiyyət duyulur.
FƏLSƏFƏ. Orta əsrlər dövründə digər ölkələr kimi, Bizansda da «dinin xidmətçisi» hesab edilən
fəlsəfədən dinin ehkamlarına riayət etmək, yəni allahın mövcudluğunu və ruhun ölməzliyini sübut etmək tələb
edilirdi. Şərqdə xristian sxolastikasının atası hesab edilən Dəməşqli İohann VIII əsrdə yaşayıb. Savadlı xristian
olan İohan-Mansur ərəb xəlifətinə qulluq edirdi. O, Aristotelin (Ərəstunun) metafizika və məntiqindən xristian
dininin yayılması üçün istifadə edirdi. Dəməşqli İohann sxolastikanın əsas idayalarını aydın ifadə edib: mütləq
həqiqət ilahi vəhylə verilib, fəlsəfənin vəzifəsi onu dərk edib aydınlaşdırmaqdır.
IX əsrdə yaşamış, «Kitabxana» əsərinin müəllifi, konstantinopollu patriarx Foti öz savadı və dərrakəsi ilə
fərqlənirdi. Kitabda müxtəlif filosofların əsərlərindən sitatlar və onların fəlsəfi sistemlsrinin izahı verilir. Foti
qədim filosoflar içərisində Aristotelə Platona (Əflatuna) nisbətən daha çox üstünlük verir. O, Platon fəlsəfəsinin
ziddiyyətli, qeyri-elmi və fantastik olmasını pisləyir. Fotinin şagirdi Aretis Platona tərəf çıxır. Beləliklə, Bizans-
da aristotelçilərlə platonçular arasında mübahisə başlayır və Konstantinopolun türklər tərəfindən işğalınadək
davam edir.
XI əsrdə Bizans filosoflarından Mixail Psyol və İohan İtal (XI əsrin II yarısı) daha məşhur olub, öz
erudisiyası, azadfikirliliyi və hərtərəfli biliyi ilə fərqlənirdilər. Öz fəlsəfi baxışlarına görə Psyol neoplatoniklərin
184
idealizminə yaxın idi. İohan İtal Bizansın ictimai-siyasi və fəlsəfi fikrinin inkişafında mühüm rol oynamışdı. O
hesab edirdi ki, dünya ideyalara əsasən materiyadan yaranıb. Bu ideyalar dünyanın yaranmasından xeyli əvvəl
mövcud idi. Onlar fəlsəfəni ilahiyyatdan ayırmağa çalışir, həmçinin idealist olaraq qalırdılar.
Orta əsrlər Bizans mədəniyyəti estetik fikirlə də bağlı olmuşdur. Azərbaycan xalq nağıl və dastanlarında
işlənən «Rum eli» məhz Bizans diyarıdır. Bizansda xristianlığın geniş yayılması ilə əlaqədar dünyəvi
mədəniyyət və incəsənət müəyyən inkişaf səviyyəsində olsa da memarlıq, musiqi, rəngkarlıq, poeziya kimi
sahələr əsasən din və kilsənin nəzarəti altında olaraq ilahiyyat və mistikaya xidmət edirdi.
Bizans xristianlığında baş qaldırmış «ikonaqıranlar» və «ikonapərəstlər» cərəyanlarının hər birinin
özünəməxsus estetik məramnamələri ollmuşdur. «İkonaqıranlar» Allah, İsa və ya digər müqəddəslərin
surətlərini çəkməyin, onların maddi təcəssümlərini yaratmağın əleyhinə olaraq məbəd və kilsəni dekorativ
elementlərlə işləməyin məqsədəuyğunluğunu göstərirdi. Kilsə dəzgah və monumental rəngkarlığı məhv edir,
ikonaları qırır və bu tədbirləri heç də dünyəvi mövqelərdən deyil, allaha və müqəddəslərə qarşı ehtiram əlaməti
olaraq görülən tədbirlər kimi qiymətləndirirdilər. İkonalar üzərində qadağanların düz olmadığını göstərən
«ikonapərəstlərin» estetik ehkamı öz ifadəsini Dəməşqli İohannın müddəalarında tapır: «İkona obraz olmaq
etibarilə ilahi «arxetipin» təcəssüm etdirilməsidir. Buna görə də ikonaya sitayiş zamanı materiyaya deyil, rəsmi
çəkilənə (əslə) sitayiş edilmiş olur, zira obraza qarşı ehtiram proobraza (əslə), ilahi obraza keçir» (A. Aslanov.
Estetika aləmində. B., 1988, səh. 77-78). Nə ikonapərəstərin, nə də ikonaqıranların ideyaları incəsənət və esteti-
ka üçün bir o qədər də əhəmiyyətli deyildi, çünki hər ikisi sırf dini konsepsiyadan çıxış edirdi. İkonapərəstlərlə
ikonaqıranlar arasında mübarizə ikonapərəstlərin qələbəsi ilə bitsə də, bu qələbə verilən qurbanlara dəymirdi.
Bizans incəsənətinə də kilsə ənənələri ilə bağlılıq, alleqoriya və simvollar xas idi. V-VI əsrlərdə, xüsusilə
Yustinianın dövrü Bizans incəsənətinin çiçəklənmə dövrüdür. Konstantinopoldakı müqəddəs Sofiya məbədi,
Ravenada San-Vitali kilsəsinin mozaikası məhz bu dövrə aiddir. Roma imperiyasının ənənələri VII əsrə qədər
davam etsə də IX əsrin II yarısında Bizansda Antik mədəniyyətdən fərqlənən özünəməxsus təfəkkür formalaşır.
VII-VIII əsrlərdə, məhz ikonaqıranlarla ikonapərəstlər arasındakı mübarizə zamanı Bizans incəsənəti süquta
uğrayaraq mücərrəd və doqmatik olur. IX-XI əsrlərdə Bizans incəsənətində yenidən yüksəliş hiss edilir.
Xüsusilə XI əsrdən başlayaraq incəsənətə, dünyəvi elmlərə və fəlsəfəyə maraq xeyli artır, antik mədəniyyətin bir
sıra abidələri təhlil olunur, onlardan istifadə edilir. Mixail Psyol nitqin və ikonaların gözəlliyi barədə fikir
söyləyir. O qeyd edir ki, ikonalarda onu cəlb edən ilk növbədə onların gözəlliyidir (Leksii po istorii estetiki.
Kn.I, L. 1973, s.69).
O dövrdən bizə təsviri sənət üzrə bir neçə traktat gəlib çatmışdır. Bunlarda cisimlərin proporsiyası,
təsvirlərin başlıca rəngləri, boyaların tərkibi, rəssamın iş üsulları və s. haqqında məlumat verilir. Belə traktatlar-
dan biri «Yerminiya» («Təsviri sənətə aid nəsihətlər») adlanır. Burada bir sıra ikonoqrafik sxemlərin və propor-
siya qanunlarının geniş təhlili verilir. Belə qanunların əsas obyekti burun və başlır. Bizans estetikasını inkişaf
etdirən ellinizm ənənələrindən biri də rəngkarlıq və memarlıq əsərlərinin nəzəri-təsviri təhlilinin daha da
genişləndirilməsidir. Bu ənənə Bizans ədəbiyyatında hələ antik dövrdən Avropa sənətşünaslığının mənbəyi
sayılan ekfrasis janrında geniş yayılır.
Bizansda memarlıq abidələrinin təsvirinə həsr edilmiş çoxlu ədəbiyyat mövcud idi. Bunlardan ən
maraqlısı VI əsr tarixçisi Prokopi Kesariyskinin «İmperator Yustinianın tikintiləri» adlanan traktat idi.
DİN. Bizans Avropa tarixində, eləcə də bütün dünyada xristian mədəniyyətinin beşiyi sayılır. Xristianlığın
təsdiqlənməsi, ortodoksal pravoslav nümunəsi üzrə tamamlanmış klassik forma əldə etməsi məhz Bizansda baş
verdi. Bizans mədəniyyətinin xüsusiyyətlərini və xarakter cizgilərini müəyyənləşdirən həlledici amil məhz
xristianlıq oldu. Təsadüfi deyil ki, orta əsrlər mədəniyyətinin mühüm hadisələrindən biri, bəlkə də ən başlıcası
xristianlığın yayılmasıdır. I əsrdə Roma imperiyasının uzaq əyalətlərinin birində – İudeydə yaranmış xristianlıq
belə bir rəvayətlə bağlı idi ki, Yer üzündə insan qiyafəsində adı İsa olan bir allah yaşayıb. I əsrdə Fələstində
doğulmuş İsa peyğəmbər oba-oba gəzərək öyrədirdi ki, tezliklə allah ədaləti bərqərar edəcək. O, suyu çaxıra
çevirir, ölüləlri dirildir və digər möcuzələr edirmiş. Romalıların onu çarmıxa çəkmələrinə baxmayaraq 3 gündən
sonra dirilən peyğəmbər göylərə qalxaraq yenidən qayıdacağını, həm diriləri, həm də ölüləri mühakimə
edəcəyini bildirdi. I-II əsrlərdə İsa peyğəmbər haqqındakı rəvayətlər «İncil» adı ilə (yunanca «yaxşı xəbərlər»)
yazılmağa başladı. Xristianlıq IV əsrin ortalarınadək Romanın hakim dairələri tərəfindən təqiblərə məruz
qalmışdı. Bu təqiblər gah bu əyalətdə, cah da digərində, bəzən isə, məsələn imperator Dessinin hakimiyyəti
illərində olduğu kimi bütün imperiya boyu baş qaldırırdı. Bu zaman məbədlər dağıdılır, din xadimləri və hətta
sadə dindarlar həbs edilirdi. Təqiblərin ilk dövründə Romanın hakim dairələri yəhudilərlə xristianlar arasında
fərqi nəzərə almırdılar. Yəhudilər də, xristianlar da yerli allahlara və imperiyanın qanunu ilə allaha bərabər
tutulan Roma imperatoruna qurban kəsilməsi mərasimində iştirak etməkdən imtina edirdilər. Romalılar bütün
milli dinləri “tanıdıqlarına” və onlara icazə verdiklərinə görə I əsrdə yəhudilərdən qurbanvermə mərasimində
iştirak etmələrini tələb etmirdilər. Xristianlar isə bu tələblərdən yalnız ilk illər azad ola bildilər. Çox keçmədi ki,
romalılar xristianları yəhudilərdən ayırmağı öyrəndilər və xristianlıq nəinki milli dinlərə aid edilmədi, hətta
təhlükəli təriqət hesab edilməyə başladı. Roma allahlarına sitayişdən imtina etdiklərinə görə xristianlara qarşı
repressiyalar başladı. Roma imperiyasında xristianlığın təqibi tarixi IV əsrin əvvəllərinədək davam etdi. Bu öz
185
hakimiyyətinin 19 ilində xristianlarla təmkinlə rəftar edən imperator Diokletianın (284-365) Kilsə ilə dramatik
toqquşması ilə bağlıdır. Belə ki, o, kürəkəni bütpərəst Qalerinin təsiri ilə 303-304-cü illərdə bir-birinin ardınca
imzaladığı 4 fərmanla xristianlığa meydan oxudu. Bu fərmanların ən dəhşətlisi 304-cü ildəki fərman olub,
xristianları dindən üz döndərməyə vadar etmək üçün onları əzab və işgəncələrə məhkum etmək haqqında idi.
İmperator Diokletian bütün imperiyanı özünə tabe etmək üçün xristianları təqib edərək onları həbsxanaya salır,
sürgünə göndərir və ya edam edirdi. Lakin bu sərt tədbirlərin də köməyi olmadı. Xristianların sayı istər kasıblar,
istərsə də varlılar arasında artmaqda davam edirdi. Öz növbəsində Kilsənin əmlakı müsadirə edilir, dini kitab və
məbədlər məhv edilirdi. Əgər 305-ci ildə Diokletian öz taxt-tacından qəflətən əl çəkməsəydi, Kilsə ona dəyən
zərbələrdən hələ çox əziyyət çəkməli olacaqdı. Lakin Diokletianın hakimiyyət uğrunda qızğın müharibə aparan
sələflərinin çoxu xristianlığa düşmən münasibət bəsləyirdi. Qaleri bu işdə daha irəlidə gedirdi. Ölümündən
yalnız bir neçə gün əvvəl Qaleri xristianlara məzhəb azadlığı verən fərman imzaladı. Lakin fərman o zaman
qüvvəyə minə bilərdi ki, xristianlar öz Allahlarından imperator üçün şəfa diləsinlər. Qalerinin ölümündən sonra
xristianları, bir tərəfdən Maksimian, digər tərəfdən Maksenti təqib etməyə başladı. Lakin tezliklə onlar hər ikisi
devrildi. Roma imperiyasını idarə etməyə başlayan hökmdarlar – Qərbdə imperator Böyük Konstantin, Şərqdə
isə Lisini 313-cü ilin yayında İtaliyanın Mediolanum (indiki Milan) şəhərində görüşərək xristianlığın digər
dinlərlə bərabər hüquqa malik olması haqda müştərək fərman imzaladılar. Bu tarixi fərman bütün müsadirə
edilmiş əmlakın Kilsəyə qaytarılmasını və ya əvəzinin verilməsini nəzərdə tuturdu. Artıq zülm və təqiblər
arxada qaldı. Milan fərmanı xristianlıq tarixinə yeni dövr açdı. Konstantinin bu cür mühüm addım atmasının
səbəbini onun öz sözlərini qələmə almış tarixçi Yevsevinin yazdıqlarından öyrənirik. Rəvayətə görə, guya
Konstantin və döyüşçüləri günəşin üzərində şüalardan ibarət iri bir xaç görürlər. Xaçın üzərində bu sözlər
yazılıbmış: “bununla qalib gələcəksən” (sim pobedişi – etim pobediş). Konstantin əvvəlcə dəhşətə gəlir, çünki
romalılar üçün xaç rüsvayçılıqla cəzalandırma aləti idi. Sonra Konstantinin yuxusuna girən İsa peyğəmbər ona
buyurur ki, xaçı döyüş bayrağının üzərinə vursun. Xristian keşişləri xaçı qələbə müjdəçisi kimi yozur. Döğrudan
da bir neçə döyüşdən sonra Maksenti həlak olaraq Tibr sularına qərq olur, Konstantin isə zəfərlə Romaya daxil
olur. Xristian allahının ona etdiyi yaxşılığı unutmayan Konstantin xristianlığı dövlət dinlərindən biri kimi
qanuniləşdirir. Yeni dindən yalnız siyasi mübarizə deyil, həm də imperator hakimiyyətinin möhkəmlənməsində
istifadə etməyin mümkünlüyünü görən Konstantin öz paytaxtını da Tibr sahillərindən Mərmər dənizi sahillərinə
köçürməyi qərara alır. Bəziləri bunu bütpərəstliklə vidalaşma və xristianlıq əhatəsində yeni həyata başlama kimi
izah edir.
Uzun müddət xristianların ibadət üçün xüsusi binaları olmadığından onlar dua etməyə müxtəlif yerlərə
gedir, çox vaxt da varlı xristianların evlərində yığışmalı olurdular. Bəzən bu məqsədə boşalmış anbarlar və ya
sənətkar emalatxanaları da xidmət edirdi. Yer olmadıqda xristianlar açıq səma altında da ibadət edirdilər.
Əvvəllər xristianlar ibadət üçün sinaqoqlara da gedirdi, yəhudilərlə münasibətləri korlandıqdan sonra isə bu da
mümkün olmadı. Konstantinin dövründə xristianlıq rəsmən vahid dövlət dini olmasa da ona üstünlük verilirdi.
Artıq xristianların öz məbədləri var idi və onlar aşkar ibadət edə bilirdi. Konstantin özü isə artıq ölüm yatağında
ikən xaç suyuna salındı.
Xristian məbədləri haqqında ilk dəfə Tartullian məlumat verir. Bu məbədlər müxtəlif cür adlanırdı:
Allahın evləri, Kilsələr və s. Onlar formaca bazilika – düzbucaqlı bina şəklində olub şərqdən qərbə doğru
uzanırdı. Sonralar, Konstantinin dövründə də, kilsə tikililərinin genişləndiyi vaxt kilsələrin forması barədə fikir
ayrılığı və mübahisələr olmadı. Xristianlığın yalnız kilsə formasında mövcud olması – onun əsas
xüsusiyyətlərindəndir. Kilsə xristian dininin mühüm atributudur. Xristianlıqda bir neçə dini ənənə mövcuddur
ki, bunların da hərəsinin öz mərasim, ayin və dini simvolları var. Bunlardan, Bizans ənənəsinə malik Pravoslav,
Roma ənənəsinə malik Katolik və XVI əsr Reformasiya ənənələrinə malik Protestant Kilsələri aparıcı idi.
Yustinianın dövlət və kilsə siyasətinin əsas məqsədi Roma imperiyasının dirçəlməsi, əvvəlki sərhədlərin
bərpası və vahid imperiya ideyasının həyata keçirilməsi idi. Şərqi Roma imperiyası mövcud olsa da, bura
Şərqdən farsların, şimaldan slavyanların hücumlar etməsi, Qərbi Roma imperiyasının isə artıq V əsrdə süqut
etməsi və yerində german tayfalarına məxsus bir neçə barbar krallığının yaranması Yustinianı bərk narahat edir-
di. Yustinian əvvəlki Qərb ərazilərinin böyük əksəriyyətini imperiyaya qaytara bildi: İtaliya, İspaniya,
Karfagenlə birlikdə Roma Afrikasını. Lakin Yustinianın hakimiyyəti illəri Kilsə üçün faciəvi bir dövrdür. Çünki
məhz bu dövrdə kilsə özünün əvvəlki mənada ümumdünya əhəmiyyətini itirdi. Bir müddət sonra isə
imperiyanın əyalətlərində ərəb hücumları nəticəsində islam yayıldı. Yustinianın həm daxili, həm də kilsə ilə
bağlı siyasətində arvadı müqəddəs Feodora ona kömək edirdi. Feodora ən çətin anlarda onun sınanmış dayağı və
məsləhətçisi idi.
Hər yerdə vahid Roma qanunlarını tətbiq edən imperator Yustinianın yaratdığı «Yustinian Kodeksində»
də kilsəyə münasibət öz əksini tapmışdı.
Hakimiyyətinin elə ilk dövrlərində Yustinianı Konstantinopolda az qala devirə biləcək qiyam zamanı
köhnə müqəddəs Sofiya məbədi yandığı üçün imperator onun əvəzinə yenisini inşa etdirdi. Uzun müddət Xris-
tian dünyasının baş məbədi olan bu yeni, əzəmətli kilsə Bizans incəsənətinin tayı-bərabəri olmayan şah əsərinə
çevrildi.
186
Yustinianın ölümündən sonra imperiya sürətlə zəifləyərək, demək olar ki, istila edilmiş ərazilərin hamısını
itirdi. Məhz həmin dövrdə Şərqi Roma imperiyası «Vizantiya» adlanan möhtəşəm dövlətə çevrildi. Əslində isə
o, heç vaxt bu cür adlanmayaraq öz əvvəlki məğrur adını daşımaqda davam edirdi: «Romeylərin imperiyası».
VII əsrin əvvəllərində bütpərəst slavyanlar Balkan yarımadasının, demək olar ki, hamısını işğal etdilər.
Farslar Kiçik Asiyanı viran qoydular, Misiri, Fələstini, Suriyanı və digər torpaqları imperiyadan zorla ayırdılar.
Qədim kilsə mərkəzləri olan İskəndəriyyə, Antioxiya, ən başlıcası isə Yerusəlim əldən çıxdı. Müqəddəs Xaç
(Krest Qospoden) qənimət kimi farsların (Persiya) paytaxtı Ktesifona aparıldı. VII əsrdən etibarən Bizans üçün
dəhşətli fəlakətlər dövrü başladı ki, bu da az qala onun məhvinə gətirib çıxaracaqdı. VII-VIII əsrlərdə Bizans
Balkandan qərbədək olan torpaqlarını həmişəlik itirdi. Ərəb müsəlmanları VII əsrdə, demək olar ki, bütün
pravoslav Şərqini işğal etdilər. Xristianlar üçün müqəddəs olan yerlərin çoxu müsəlmanların əlinə keçdi. Qərb
həddindən artıq zəif olduğu üçün bu işdə Şərq xristianlarına kömək edə bilmədi.
İlk vaxtlar ərəblər xristian zəvvarlarının ziyarətlərinə qətiyyən mane olmurdular. Lakin IX əsrdən
başlayaraq bu ərazilərdə ərəblərdən fərqli olaraq din azadlığını qəbul etməyən səlcuq türklərinin təsiri artdı.
Türklər nəinki Konstantinopola, bütün Avropaya meydan oxumağa, hədələməyə başladılar. Bizans imperatoru
Romaya kömək üçün müraciət etdi. Məhz bu vaxt papa II Urban 1095-ci ildə I Xaç yürüşü elan etdi. Müqəddəs
qəbri azad etmək çağırışı böyük müvəffəqiyyət əldə etdi: çoxları «kafirlərə» qarşı çıxmağa söz verərək
yaxalarına xaç taxdı. «Xaç yürüşü» adı da buradan götürüldü. Bir ordu əvəzinə dördü yaradıldı. Lakin ən
müvəffəqtyyətlisi I Xaç yürüşü oldu. Belə ki, 1099-cu ildə Yerusəlim alınaraq Yerusəlim Krallığının paytaxtı
elan edildi. Qodfrid Bulyonski kral oldu. Lakin şəhəri əldə saxlamaq mümkün olmadı. 1187-ci ildə şəhər
yenidən türklərin istilasına məruz qaldı ki, bu da yeni xaç yürüşlərinə səbəb oldu. Lakin bu yürüşlərin heç biri I
qədər uğur qazana bilmədi. 1202-1204- cü illərdəki IV Xaç yürüşü isə qətiyyən əvvəlki məqsədi güdmürdü.
Əhl-səlibçilər müqəddəs torpağa çatar-çatmaz Konstantinopola soxulub, şəhəri amansızcasına qarət etməyə
başladılar. Onlar ələ keçirilmiş ərazidə Latın imperiyası yaratdılar. Beləliklə, 2 Bizans dövləti əmələ gəldi:
Feodor Laskalisin başçılığı ilə Nikey imperiyası və Komninovlar sülaləsinin son nümayəndəsi olan I
Andronikin sələflərinin yaratdıqları Trapezund imperiyası. Bizans imperiyasını bərpa edən və 1453-cü il
Türklərin işğalınadək hakimiyyətdə olan Paleoloqlar sülaləsinin əsasını qoymuş Nikey imperatoru VIII Mixail
1261-ci ildə Konstantinopolu geri aldı. Trapezund imperiyası 1461-ci ilədək hökm sürdü.
Xristian kilsəsinin başında duran xaçın tarixi uzaq keçmişdən başlayır. O həm formaca, həm də
məzmunca rəngarəngdir. Məsələn, Qədim Şərq, Ön Asiya, Misir və Afrika mədəniyyətində bir-biri ilə kəsişən
iki xətt həyat mənbəyi olan 4 ünsürün – günəş, od, külək və suyun simvolik işarəsidir. «T» formasında olan xaç
qədim yəhudi əlifbasının son hərfi «Tav», həmçinin Allah sözünün («teo») baş hərfidir. «Svastika» adlanan
digər xaç forması (+) Şərq ölkələrində əbədi hərəkət, od, həyat simvolu olan birtərəfli hərəkəti təsvir edir.
Xristianlıq dövründə yeni məzmun kəsb edərək 2 simvolik mənanı birləşdirən bu xaç həm ölməzlik mənbəyi,
həm də İsa peyğəmbərin edam alətini bildirməyə başlayır. Xaç əzablardan qurtuluş və əbədi həyatın müqəddəs
simvoluna çevrilir.
İKONALAR. Bizans mədəniyyətində din və incəsənətin sintezini özündə əks etdirən ikonalar mühüm
yer tutur. Göründüyü kimi, xristianlıq tarixində ikonalara münasibət həmişə birmənalı olmamışdır.
İkonapərəstlərlə ikonaqıranlar (ikonaborçular) arasında mübarizə uzun müddət (VIII- IX əsrlər) davam edib. Bir
sıra hərbi, inzibati və iqtisadi islahatlarla imperiyanın vəziyyətini yaxşılaşdıran III Lev və İsavri sülaləsindən
olan digər imperatorların siyasəti Kilsəni imperator hakimiyyətinə tabe etməyə əsaslanırdı. Bu siyasətin ideya
təməli ikonaqıranlar idi. Deyilənlərə görə kafirlər imperatorun şüuruna təsir edərək, onda təsvirə qarşı ikrah
oyatmışlar. Guya İsavri imperatorlarının belə bir utopik planı da varmış ki, müsəlmanların əlindən Şərqi alaraq
ikonaqıranların köməyilə canlı məxluqların təsvirlərini qadağan edən islam dini ilə dini kompromis əldə etsinlər.
İkonapərəstliyin qadağan edilməsinə bəzi bəhanələr də səbəb oldu: məsələn, xaç suyuna salma zamanı bəzən
ikonaların uşaqların xaç atası seçilməsi, ikonalardan qazılan boyaların çaxıra qatılaraq yevxaristiya (kilsənin 7
mərasimindən ən başlıcası, dindarların İsanın bədəni və qanının ifadəsi olan çörək və çaxıra qonaq edilməsi)
mərasimində istifadə edilməsi və s. Bütün bunlar Lev İsavri imperiya daxilində ikonapərəstliyi ləğv etməyə
sövq etdi. Təxminən 730-cu ildə, Kiçik Asiya dindarlarının xahişi ilə ikonalara sitayişi qadağan edən və 100 ilə
yaxın qüvvədə qalan fərman qəbul edildi. Xalqın etirazı amansız repressiyalarla nəticələndi. III Levin oğlu
imperator V Konstantin Kopronim (743-775) ikonapərəstləri daha çox təqib etməyə başladı. Onun dövründəki
təqibləir bütpərəst imperatorların törətdikləri vəhşilikləri xatırladırdı. V Konstantin yalnız terrorla kifayətlənmir.
O, yepiskoplar arasında «təmizləmə» işləri apararaq, ikonapərəstləri işdən uzaqlaşdırdı və öz tərəfdarlarını təyin
etdi. Çoxlu ikonalar, məbədlərin freska və mozaikaları məhv edildi. Bir çox kilsələr bağlanaraq kazarma və
tövlələrə çevrildi. V Konstantin kilsələri ikonalardan məhrum etməklə bərabər, həm də onların əmlakını,
torpaqlarını ələ keçirmək istəyirdi. Kopronimin vəfatı qanlı repressiyalara son qoysa da, onun oğlu IV Lev
Xəzərin dövründə də ikonaborçuluq imperiyanın rəsmi ideologiyası olaraq qalırdı. Yalnız IV Levin arvadı,
azyaşlı oğlu VI Konstantinin naibi olan müqəddəs İrinanın dövründə – 787-ci ildə ikonapərəstlik bərpa edildi.
Lakin ikonapərəstlik dirçəlməyə macal tapmamış imperator V Lev 815-ci ildə ikonaya pərəstiş etməyi yenidən
qadağan etdi. V Levin sələfləri II Mixail (820-825) və Feofilin (829-842) dövründə təqiblər davam etsə də, artıq
187
əvvəlki gücünü itirmişdi. Çünki həm Kilsənin, həm də xalqın müqaviməti ikonaborçuların «atəşini» bir qədər
söndürmüşdü. Feofilin ölümündən sonra onun dul qalmış arvadı imperatriça müqəddəs Feodora təqibləri dərhal
dayandırdı. 843-cü il, Böyük pəhriz (pasxadan əvvəl 7 gün davam edən pəhriz) müddətinin I bazar günü
ikonapərəstlik həmişəlik bərpa edildi. Bu günədək hər il Kilsə həmin günü Pravoslavçılığın təntənəsi kimi
bayram edir.
Pravoslav məzhəbini və kilsəni ikonasız təsəvvür etmək mümkün deyil. İkona – məbəddə ən müqəddəs
əşyadır. Rəvayətə görə ilk ikona Suriyada yaranaraq peyğəmbərin özü tərəfindən təqdim edilib. Dindar şah olan
Avqar öz saray rəssamını insan nəslinin Xilaskarının şəklini çəkməyə göndərir. Lakin rəssam nə qədər edirsə,
obrazı düzgün yarada bilmir. Bu vaxt İsa peyğəmbər üzünü yuyaraq dəsmala (ubrus) silir və Öz əksi dəsmala
düşür. O, dəsmalı və şaha yazdığı məktubu rəssama verir. Avqar bu təsviri şəhər darvazalarının üstündən vurur
ki, bütün şəhər xatadan qorunsun. Sonralar o, təsviri kirəmit lövhəyə hördürür. Deyilənə görə xristianlar lövhəni
açarkən təsvirin kirəmitdə də əks olunduğunun şahidi olurlar. 944-cü ildə hər iki təsvir böyük təntənə ilə
Konstantinopola aparılır. Lakin 1204-cü ildə şəhər səlibçilər tərəfindən tutularkən təsvirlər yoxa çıxır. IX əsrdə
Qərb (Roma) və Şərq kilsələrinin birliyi pozularkən Qərb məbədlərindəki ikonaları heykəl və dini şəkillər əvəz
edir. Bizans Kilsəsi hələ VII əsrdə dairəvi heykəllərin düzəldilməsini qadağan etmişdi, çünki onlar təbiiliyə daha
yaxın olur, belə ki, dindarlıq bədənlə yox, üzlə ifadə olunmalıdır.
İNCƏSƏNƏT. Bir çox xalqların mədəniyyəti, ənənələri, o cümlədən bədii ənənələri simvollarla
əlaqədardır. Xristian incəsənəti əvvəldən simvolik və alleqorik olmuşdur. Xüsusən xristianlığın təqibi dövründə
simvolların «lallığı» incəsənətə «pünhanlıq» gətirir, onun sirli təsir bağışlanmasına səbəb olurdu. Simvolun sirri
onun mahiyyətinin gizli qalmasındadır. Simvollar ikimənalı olub şərti xarakter daşıyır: zahiri məna – sirli
məzmundur ki, bu da hər bir kəsə bəlli olmamalıdır. «Simvol» – yunan sözü olub «birləşdirmək» mənasını verir.
Pravoslav incəsənətində simvol öz daşıdığı mənanı verir: görünən və görünməyən hissələrə parçalanmış
dünyanın hər iki hissəsini birləşdirir. Həndəsi fiqurları xatırladan xaç, ulduz, dairə, üçbucaq və s. əslində daha
geniş məna daşıyır. Pravoslav dininə görə yalnız incəsənət yox, həm də Allahın yaratdığı gözəllik və məna dolu
Dünya da simvolikdir ki, burada Yaradanın müdrikliyi tərənnüm edilir. Beləliklə, Allahın yaratdığı kitablardan
biri Bibliyadırsa (o dövr üçün – S.Ş.), digəri Dünyadır.
Pravoslav xristianlarının fikrincə sirli məzmuna malik əşyalar, məsələn, möcüzəli ikonalar, müqəddəslərin
qurumuş cəsədləri məhz məbədlərdə saxlanmalıdır, çünki onlar məhz burada insanlara daha dolğun təsir edə
bilərlər.
TƏSVİRİ SƏNƏT. Xristian maddi incəsənətinin ilk əsərləri II-IV əsrlərə aid olan Roma katakomdalarının
divar rəsmləridir. Dəfn üçün nəzərdə tutulmuş katakomdalar xristianların təqibi zamanı yığıncaq və ibadət üçün
istifadə edilirdi. İlk xristian şəhidlərinin – müqəddəs Kalistin, Valentinin, Domisillanın və Prissilianın
katakombaları erkən xristian incəsənəti və dininin təsirli abidələridir. Burada qəbiristanlığa xas abidələr – ot,
gül, bəzədilmiş qəbirlər və s. yoxdur. Katakombalardakı ilk xristian təsvirləri mərasimin bir hissəsidir. Bu
nekropolda xeyir və şər işarələrlə deyil, abstrakt təsvir-işarələrlə göstərilirdi. O dövrdə xristian incəsənəti hələ
özünəməxsus üsullara malik olmadığından katakombaların divarlarında xristian motivləri ilə yanaşı, antik
motivlərə də təsadüf edilirdi. Lakin tezliklə yeni üslubun rüşeymləri özünü göstərməyə başlayır: sənətkarlar
maddi həyatın kobudluğunu və cismani gözəlliyi xatırladan hər bir şeydən imtina edir. Obrazların dini məzmunu
ön plana keçir. Müqəddəs Kallistin katakombalarındakı qəbirlərin birində Xeyirxah çoban (Dobrıy Pastır) təsvir
edilib. Bu saqqalsız gənc çoban çiyinlərində qoyun aparır. Bu qədim süjet bir çox rəngkarlıq və heykəltəraşlıq
əsərlərinə daxil edilib. İsanın özünə işarə olan Balıq simvoluna Kallistin katakombalarının daha qədim
hissəsində təsadüf edilir. Burada o, kürəyində çörək və çaxır qabı olan zənbil aparır. «Balıq» yunan sözü kimi
İisus Xristos, Allahın oğlu, xilaskar sözlərinin baş hərflərindən ibarətdir. Xristianların müqəddəs ziyarətgahları
olan Roma katakombalarında təsviri sənət üsulu olan simvollara – göyərçin, quzu, Tovuz quşu, lövbər (yakor),
simurq, buğda, bənövşə, zeytun budağı, zanbaq, üzüm tənəyinə və s. rast gəlirik.
Göyərçin – Roma katakombalarında ən çox sevilən simvolik işarədir. Xüsusilə də əlində zeytun yarpağı
tutan göyərçinə daha çox rast gəlinir. İsa peyğəmbər deyirdi ki, ilanlar kimi müdrik, göyərçinlər kimi sadə olun.
Üzüm tənəyi. Ümumiyyətlə, üzümlük – Allahın Öz xalqına bağışladığı torpağın – Fələstin torpağının
simvoludur. Çörək və Üzüm şərabı – İsanın Bədəni və Qanının simvollarıdır.
Tovuz quşu. Roma katakombalarının bir çox başdaşlarında tovuz quşu təsvirlərinə rast gəlmək olur.
Tovuz quşu – ölməzlik simvoludur.
Simurq – sehrli quş olub, Herodotun söylədiyi Misir əfsanələrinə görə 500 ildə bir dəfə özünü qurbanlıq
odda yandıraraq öldürür və hər dəfə də küldən yenidən yaranır. Xristianlığa görə kuldən yenidən törəmiş simurq
ölülərin yenidən dirçəlməsinin simvoludur. III əsrdə imperator Diokletianın dövründə yaşamış xristian yazıçısı
Laktansi «Simurq quşu» poemasını yazmış və burada həmin quşu edam olunduqdan sonra dirilən İsa
peyğəmbərlə müqayisə etmişdir.
Zanbaq. Ağ zanbaq – bakirəlik və təmizlik simvoludur. Rəvayətə görə Müqəddəs Blaqoveşeniye (xristian
bayramlarından biri) günü həzrəti Cəbrayıl Bakirə Məryəmin yanına gələrkən əlində zanbaq var imiş. Buna görə
də bu hadisədən bəhs edən bir çox rəsm əsərlərində o, əlində zanbaqla təsvir edilib. Nöqsansızlıq, qüsursuzluq,
188
namus simvolu olan bu güllə katoliklərdə müqəddəs İosif (Yusif), İoann, Fransisk, Gertruda və başqaları təsvir
edilir. Qırmızı zanbaq haqqında isə deyirlər ki, guya o, İsanın çarmıxa çəkildiyi gecə onun çəkdiyi iztirablar
nəticəsində ağ zanbaqdan qırmızıya dönüb. Qədim Rusiyada da zanbaq müqəddəs Məryəmin simvolu idi.
Gəlinlə bəyin zanbaq və darı sünbüllərindən çələnglə bəzədilməsi adəti də buradan yaranaraq onlara arzulanan
təmiz və zəngin həyat rəmzidir.
Bənövşə – sadəlik və təvazökarlıq rəmzi olub, xristian məbədlərinin divar rəsmlərində ornament kimi tez-
tez istifadə edilir. Katoliklərdə yepiskoplara məxsus dairəvi papaq sutana (cübbə), pravoslavlarda ağ ruhanilərə
(beloye duxovenstvo) məxsus taskulah – baş örtüyü (kamilavka) bənövşəyi rəngdədir. Taskulah mükafat və
fərqlənmə nişanəsi kimi verilir.
Lövbər – xristianlığın hələ ilk vaxtlarından ümid və xilasolunma simvoluna çevrilir. İlk xristianlardan
qalmış möhürlərdə İsa peyğəmbərin adının baş hərfləri ilə yanaşı lövbərə sarınmış balıq təsvirlərinə də təsadüf
edilir. Xristianların nişan üzüyündəki iki balıq və lövbər isə xaçın və ər-arvadın ruhlarının simvoludur.
Qutan (pelikan). Böyük Plini tərəfindən söylənən antik əfsanəyə görə qutan ilanın nəfəsindən zəhərlənmiş
balalarını ölümdən qurtarmaq üçün onları öz qanı ilə yedizdirirdi. Qutan obrazı xristian simvolikasına III əsrdən
daxil olaraq insanların ilkin günahlarını öz qanı ilə yuyan İsa peyğəmbərin sabit metaforasına çevrilir.
Divar rəsmlərində istifadə edilən ən geniş yayılmış texnika antik dövrdən qalmış mozaika idi. Müqəddəs
Vitali (San-Vitali) kilsəsinin mozaikasında 2 səhnə diqqəti cəlb edir: birində imperator Yustinian, yepiskop
Maksimian əyanlarla, digərində Yustinianın arvadı imperatriça Feodora. Nikeydə aşkar edilmiş «Nikey
mələkləri» adlanan freskada mozaika nə Konstantinopoldakı Sofiya məbədinin, nə də antik portretlərdən geri
qalmır. Solunda (ind. Salonik) müqəddəs Dimitri kilsəsinin mozaikaları VII əsrə aiddir. Ümumiyyətlə, Bizansın
mozaika ustalarının tayı-bərabəri yox idi. Bizansda erkən dövr təsviri sənəti «ikonaqıranlar» hərəkatı üçün
zəmin yaratdı.
İkonaların sələfi isə fayum portretləri sayılır. Onlar IV əsrdə Misirdə, mumiyalaşma sənəti öz
əhəmiyyətini itirən vaxt yaranmışdır. İnsan sağ ikən onun portretini çəkib öləndən sonra üzünə geydirirdilər ki,
ruhu öz sahibini tez tapsın.
Taxta parçası üzərinə rənglə çəkilən belə portretlər ilk dəfə Fayum vahəsindəki (oazis – səhrada yaşıllıq
və su olan yer) qəbirlərdən tapıldığı üçün bu adı alıb.
DEKORATİV-TƏTBİQİ SƏNƏT. İkonalar həm də ilk xristianlıq dövründə dekorativ-tətbiqi sənətin
gözəl nümunələridir. Məbədlərin bəzədilməsində onlardan geniş istifadə edilirdi. İkona yunanca «eykon» – surət
deməkdir. İlk xristianlar bütlərin əksinə olan hər bir təsviri – müqəddəslərin təsvirlərini bu cür adlandırırdılar.
IV əsrdən başlayaraq mozaika və freskalardan fərqli olan və yalnız lövhələrdə təsvir edilən müqəddəslərin
portretlərini belə adlandırmağa başladılar. Dekorativ - tətbiqi sənət nümunələrinə Ravenada sütun başlıqlarını
(kapitel) bəzəyən oyma sənətini, Maksimianın fil sümüyü ilə bəzədilmiş relyefləri olan kreslosunu və s.
göstərmək olar. V-VI əsrlərdə «konsul diptixləri» adlanan və fil sümüyündən olan heykəllər dövrümüzədək
çatıb. Çox vaxt onların üzərində sirk səhnələri təsvir edilirdi. Kiprdə tapılmış qabın üzərində «Davudun nişan-
lanması» səhnəsində Bizans monumental üslubu ilə klassik üslub vəhdət təşkil edir. Fiqurların memarlıqla belə
əlaqələndirilməsi antik dövrdə məlum deyildi.
Bizans ustaları parça, şüşə, büllur və qızıl emalı sahələrində də nailiyyətlər əldə etmişdilər.
Vətəni tərk etməyə məcbur olan sonuncu Krit rəssamı Domeniko Teotokopuli İtaliya incəsənətini
dərindən öyrənir. O, dünya rəngkarlıq tarixinə El Qreko (1541-1614) adı ilə daxil olur.
MEMARLIQ. Xristian memarlığında məbədlər mühüm yer tutur. Allah tərəfindən yaradılan Dünyanın
obrazı olan məbəd – Yerlə Göyün ( gümbəz vasitəsilə) simvoludur. Gümbəz həm də yanan şamın, Allaha doğru
yönəlmənin, alovlu duaların simvoludur. Kilsə qaydalarına görə xristianların bütün həyatı məbədlə bağlı
olmalıdır.
Hələ qədim dövrlərdən ən geniş yayılmış memarlıq formalarından biri bazilikadır. Bazilika – daxildən sütun
və ya dirəklərlə uzununa hissələrə – neflərə (lat. «navis» – «gəmi» deməkdir) bölünmüş düzbucaqlı binadır.
Mərkəzi nef – daha hündürdür. Bazilika məbədi gəmini xatırladır. Məbədin içəri hissəsini bir qədər də böyütmək
üçün uzununa olan neflərdən əlavə eninə də bir xüsusi nef qoyulurdu ki, bu da bazilikanı kökündən xaça
bənzədirdi.
Bizans mədəniyyəti üçün xaç gümbəzli məbədlər xarakterikdir. Onların planında xaç, mərkəzində isə
böyük gümbəz dayanır. Xristian məbədinin əsas hissəsi olan pritvor – xaç suyuna salınma, tövbə və s. üçün
nəzərdə tutulurdu. Məbədin (pravoslav Kilsələrinin) əsas hissəsi Mehrabdır. Kilsələri fərqləndirən əsas cəhət
ikonostasdır (pravoslav kilsələrində ikonaların asıldığı divar). Bu divar mehrabı məbədin orta (içəri) hissəsindən
ayırır. Mehrab həmişə məbədin içərisində yerləşir. Buna görə də ibadət edənlər üzlərini simvolik olaraq
gündoğana tuturlar ki, bununla da ölüm zülmətini qovan İsanın obrazı nəzərdə tutulur. Mehrabın mərkəzində
prestol (taxt) – dördkünc stol qoyulur. Pravoslav məbədlərində prestol hər hansı müqəddəsin xatirəsi və ya
Kilsənin bayram etdiyi hadisə ilə əlaqədar işıqlandırılır. Məbədin adı prestolun adından götürülür. Məbəddə
prestolların sayı müxtəlif sayda olsa da məbədin adı əsas, mərkəzi prestolun adı ilə bağlı olur.
189
Erkən Bizans memarlığında əsas diqqət məbədin daxili bər-bəzəyinə, interyerə verilirdi. X əsrdə Bizansın
əyaləti olan Yunanıstanda ustalar xaç gümbəzli məbədlərin xüsusi konstruksiyasını icad etdilər. Belə ki, bu
məbədlərin gümbəzləri 4 deyil, 8 dayaq üzərindədir. Məhz bunun sayəsində gümbəzin sahəsi böyüyür.
Məbədlərin bayır divarlarının mərmərlə örtülməsi ehtimalı mövcud olsa da onlar ümumiyyətlə sadə olurdu. XII
əsrdən başlayaraq memarlar nə vaxtsa tapılmış konstruktiv çıxış yolunu – xaç gümbəzli sistemi saxlayaraq
məbədlərin xarici görkəminə də fikir verməyə başladılar.
Ümumiyyətlə xristian memarlığına antik dövrdən 2 tikili növü miras qalıb: sentrik və bazilikal. Sentrik
binalar antik dövrün mavzoleylərini xatırladaraq çox da böyuk həcmə malik deyildilər. Belə binaların planı
dairə, kvadrat, səkkizbucaq və ya xaç şəklində olardı. Bazilikal tikililər ictimai binalar olub, düzbucaqlı plana
malik idi. Böyük bazilikalar içəridən sütunlarla üç nefə – keçidlərə (gəmilərə) bölünürdü. Bəzən bu neflərin -
keçidlərin sayı doqquza çatırdı. Sentrik məbədlərdə ibadət edənlər məbədin ortasına yığışır, bazilikada isə
əksinə, girişdən mehrabadək daimi hərəkət mövcud olurdu. Bazilika Bizans ibadət üsuluna o qədər də uyğun
deyildi, qısaldılmış bazilika bu məqsədə daha çox xidmət edirdi. Belə məbəd tiplərinə Suriya və Bizansın Kiçik
Asiyadakı əyalətlərində rast gəlmək olurdu. Bizans memarlığının şah əsəri olan Konstantinopoldakı Sofiya
kilsəsində də bu üsuldan istifadə edilib. Formaca gümbəzli bazilika olan müqəddəs Sofiya məbədinin I variantı
Kiçik Asiya memarları Tralli Anfimi və Miletli İsidor tərəfindən inşa edilib. Gümbəzin diametri 31,4 m.,
hündürlüyü 55 m.-dir. Gümbəzin 4 pəncərəsi var. 537-ci il dekabrın 27-də bu möhtəşəm abidənin açılışı zamanı
imperator Yustinian belə demişdir: «şükür sənə, ilahi, mənə bu cür tikili yaratmağa imkan verdin. Ya Süleyman,
mən sənə qalib gəldim».
Bizans memarlığında apostolların tələbi ilə məbəd gəmiyə oxşayaraq uzunsov olmalı və şərqə doğru –
İsanın yenidən qayıda biləcəyi Yerusəlimə üz tutmalıdır.
«İkonaqıranlar» hərəkatı zamanı hakimiyyətdə olan imperatorların dövründə kübar memarlığında
müsəlman təsiri hiss edilməyə başladı. Konstantinopol saraylarından biri olan Vrias – Bağdad saraylarının planı
əsasında inşa edilib. Belə saraylar ekzotik güllər, ağaclar və fontanlarla əhatə olunurdu.
Postbizans və Paleoloqlar dövründə məbədlər öz zənginliyi və var-dövləti ilə fərqlənirdi: qızıl taclar,
bahalı parçalar, gümüş şamdanlar, böyük çilçıraqlar, gümüş qapılı qızıl taxt-tac, imperatorların paltarlarında
olan bahalı qaş-daş və s. Qərb cəngavərləri Konstantinopolun var-dövlətinə həsəd aparırdı.
MUSİQİ. Kilsə incəsənətini yalnız müvafiq biliyə malik olduqda dərindən başa düşmək mümkündür.
İkona kimi kilsə musiqisi də yalnız estetik zövq mənbəyi deyil. Onlar sırf incəsənətdən fərqlənir. Məsələn,
muzeydə qoyulan ikonalar nəinki kilsələrdəki ikonalar qədər təsiredici deyil, hətta o, burada öz funksiyasını da
itirir. Katolik kilsəsinin nüfuzlu xadimi müqəddəs Avqustin özünün «Tövbə» əsərində yazırdı ki, kilsə
musiqisinə qulaq asan adam musiqidən yox, onun dini məzmunundan zövq almalıdır. Əgər musiqinin özündən
zövq alırsansa, onda günaha batırsan, yaxşısı budur, o musiqiyə heç qulaq asma.
Kilsə musiqisi ibadət zamanı yaranıb. Deyirlər, İsa peyğəmbər apostollarla (əsabələri ilə) birgə oxuyarmış.
Şərqi-Xristian Kilsəsində ifalar musiqi aləti ilə müşaiyət edilirdi. Katolik Kilsədə də bu, ilk vaxtlar belə idi. Qədim
yəhudi kilsələrində isə musiqi alətlərindən geniş istifadə olunurdu. Pravoslav məbədlərində yeganə musiqi aləti
zınqırov idi. Erkən xristianlıq dövründə pravoslav ənənələrində geniş yayılmış instrumental musiqi IV-V əsrlərdə
yox olur. Kilsə xadimləri belə hesab edirdilər ki, insanın öz səsi hər bir musiqi alətindən üstündür. İnsanın səsi –
Allahın özü tərəfindən yaradılmış ən mükəmməl musiqi alətidir. Bununla belə, yalnız zınqırovlar saxlandı.
Əvvəllər zınqırovların rolu məhdud olub, insanları ibadətə səsləməkdən ibarət idi. Pravoslav Kilsələrinə
zınqırovlar vaxtilə Qərbdən, katolik kilsələrindəki əsas musiqi aləti olan orqan isə Avropaya Bizansdan
gətirilmişdir ki, burada orqan imperator saraylarında böyük bayramlar zamanı səslənirdi.
ƏDƏBİYYAT. Bizans ədəbiyyatı, o cümlədən mədəniyyəti öz tarixi boyu antik ənənələrə əsaslanıb. Yu-
nan dilində yazılan Bizans ədəbiyyatı həm imperiyanın ərazisində, həm də onun hüdudlarından kənarda,
itirilmiş torpaqlarda yaradılırdı. Bizans müəllifləri Ksenofont və Platonun dilində yazırdılar ki, bu da artıq
danışıq dilindən uzaq idi. Antik dövrdən əsas ədəbi ]anrların miras olaraq qalması ənənə şəklini alsa da Bizans
ədəbiyyatı antik ədəbiyyatdan fərqli olaraq xristian yönümlü idi. Bu, köhnə janrların bir daha nəzərdən
keçirilməsinə və yenilərinin yaranmasına səbəb oldu. Antik ənənələrin mənimsənilməsi orta əsr Qərbi Avropası
üçün də xas idi. Lakin bunların arasında böyük fərq var idi: Qərbdə bədii əsərlər həm latın, həm də ayrı-ayrı
xalqların dilində, Bizansda isə ancaq yunan dilində yazılırdı.
Bizans ədəbiyyatı əsasən dini və tarixi əsərlərdən ibarət idi. Dini ədəbiyyatda Bibliyanın (incilin) izahı,
nəsihətamiz kəlamlar, dini traktatlar və s. geniş yer tuturdu. Bizans tarixçilçri öz sələflərinin işini davam
etdirərək onların əsərlərindən böyük parçaları köçürür, imperatorların həyatını müəyyən sxem üzrə danışır, ta-
rixi personajları ritorik qanunlara uyğun danışdırırdılar. Erkən Bizans tarixçilərindən Prokopi Kesariyskinin (V
əsrin sonu - 562-ci illər), Feofilakt Simokatı (VII əsrin I yarısı), Anna Komninanı (X əsr), Ntkofor Qriqorini
(XIV əsr) və b. göstərmək olar.
Folklor nümunələri saxlanmadığı üçün xalq yaradıcılığı və onun xüsusiyyətləri kilsə ədəbiyyatı əsasında
öyrənilir. Büipərəstlik üzərində qələbəni möhkəmlətmək istəyən kilsə xalq danışıq dilindən, inamlarından və
190
mahnılarından istifadə edirdi. Xalq dilində olan kilsə poeziyasının ən görkəmli nümayəndəsi Roman Sladkopeves
idi. Onun himnləri pravoslav kilsəsində populyar idi.
Şifahi xalq yaradıcılığında xalq kütlələrinin feodal zülmünə qarşı mübarizəsi əks edilib. Xarici
düşmənlərə qarşı mübarizəni, doğma torpaqların müdafiəsi uğrunda qəhrəmanlığı tərənnüm edən epik mahnılar,
o cumlədən Digenis Akrit haqqında feodal poeması bunların əsasında yaranıb.
VII-IX əsrlərə aid qopunub saxlanmış ədəbi abidələrin sayı kəskin surətdə azalır. Antik təsir də bu dövrdə
zəifləyir, əvəzində slavyan müstəmləkəçiliyinin təsiri artır. Bir çox atalar sözü, zərb-məsəllər bizanslıların
məişətinə məhz slavyan folklorundan daxil olmuşdur.
X-XII əsrlərin xalq yaradıcılığı nümunələri əsasən şer formasında yazılmış epik, lirik və satirik əsərlərdir.
Bizans imperiyasının ilk dövrlərində bədii ədəbiyyatda əsasən 2 janr daha çox inkişaf etmişdi: patristik
ədəbiyyat və liturgik poeziya. Orta əsr xristian ilahiyyatının bünövrəsi patristik ədəbiyyatla qoyulmuşdu. Onun
nümayəndələri Vasili Kesariyski, İohann Zlatous və b. idi. Roman Sladkopevesin liturgik xristian poeziyasının
inkişafında daha çox xidmətldəri olmuşdur. O, ibadət mahnılarının xüsusi formalarını yaratmışdı. Müqəddəs
Kitabdan hər hansı əhvalatı söyləyən, kodak adlanan himn-poema, hər hansı müqəddəsin şərəfinə olan ikos və s.
bu qəbildəndir. Dramatik hadisələr, dialoqlar onun üslubunun əsas xüsusiyyətləri idi. Xristian poeziyasının ən
yaxşı cizgiləri Roman Sladkopevesin poeziyasında əks olunub: monolit əhval-ruhiyyə, mənəviyyat, yüksək
əxlaqi dəyərlər. VII əsrdən başlayaraq liturgik mahnıların ən populyar janrı kanon olub. Səhər himni olan bu
kanonlar 9 mahnıdan ibarət idi. Bunların hər biri Əhdi-Ətiqin bir mahnısının poetik nümunəsidir. Onlar adətən
bir neçə – çox vaxt 4 beytdən və özünəməxsus melodiyadan ibarət olurdu. XI əsrdə liturgiyaya daxil olan
kanonlar ciddi müəyyənləşdi və yenilərinin əlavə edilməsi qadağan edildi. Liturgik poeziyanın heç də az popu-
lyar olmayan bir janrı da tropar idi. O, zəbur surəsindən sonra oxunan qısa duadan iri musiqi əsərinin yekun
hissəsinə çevrilib.
Bizans poeziyası antik ənənələri davam etdirir, o dövrün şairləri antik əsatirləri nağıl edir, bununla yanaşı
yeni şer formalarını da mənimsəyirdilər. Erkən Bizans müəlliflərinin əsərlərində xristian motivlərindən, incil
süjetlərindən geniş istifadə edilirdi. Kilsə mühitində himnoqrafiya inkişaf edirdi ki, bunlardan da ibadət zamanı
istifadə edilirdi. Onlar adətən İsa peyğəmbərə, Məryəm anaya, müqəddəslərə və ya Bibliya süjetlərinə həsr olunur-
du.
Bizansın kübar (dini olmayan) poeziyasında antik janr olan epiqramma qalmaqda idi. Epiqramma
müəlliflərindən Pavel Silentiarini (VI əsr), Xristofor Mitilenskini (XI əsr) göstərmək olar. Keçmiş
nümunələrdən bir qədər uzaqlaşan Xristofor əsasən kilsə bayramlarının təsvirinə geniş yer verərək bunlara satira
elementləri daxil edir.
Kübar poeziyasının ən görkəmli əsəri XI əsrdə patriarx (pravoslav kilsəsinin başçısı) Fotiyə məxsus
«Miriobiblon»dur. Adı yunanca «çoxlu kitab» mənasını verən bu əsər şərhlərlə birlikdə 280 antik və erkən Bi-
zans əsərlərinə aid annotasiyalardan ibarətdir. Foti kilsəyə xidmət etməklə yanaşı elm və incəsənətin
himayədarı, antik mədəniyyətin pərəstişkarı və bilicisi idi. «Miriobiblona» fəlsəfə, ilahiyyat, təbabət, tarixə,
natiqliyə aid əsərlər, səyahətlərin təsviri və məhəbbət romanları daxil idi. Fotinin əsərinin əhəmiyyəti bu gün bir
də ondadır ki, orijinalı itirilmiş bir çox antik dövr müəlliflərinin əsərləri bizə məhz bu əsərin içində çatıb. Foti-
nin tənqidi mülahizələri orta əsr ədəbi tənqidinin ilk nümunələridir. Bizans ədəbiyyatının bu kübar cərəyanı onu
Qərbin dini ədəbiyyatından kökündən fərqləndirir.
Mistik poeziyanın nümayəndəsi Simeon Novıy Boqoslovun «İlahi himnlər»ində dünyanın yaranması ilə
əlaqədar düşüncələr, fəlsəfi mülahizələr mövcuddur.
XI əsrdə saray ədəbiyyatının görkəmli nümayəndəsi, məhsuldar yazıçı, ensiklopedik alim olan Mixail
Pselli göstərmək olar. Psell insan şəxsiyyətinin ziddiyyətlərini dünya ədəbiyyatında ilk dəfə təsvir edənlərdən
biri idi. Onun eyni zamanda riyaziyyat, aqronomluq, təbabət, hüquq, fizika, hərb, tarix və fəlsəfəyə aid əsərləri
də var. Onun şerləri, oda və epiqrammaları var. «Xronoqrafiya»da parlaq xarakteristikalar verərək özünü gözəl
müşahidəçilik qabiliyyətinə malik realist-tarixçi kimi göstərir. XII əsrdə Feodor Prodrom bəzi əsərlərində o
dövrün danışıq dilindən istifadə edir. Ona şerlə yazılmış «Rodanfa və Dosikl» adlı məhəbbət romanı, parodiyalı
yunan poeması olan «Siçan və qurbağaların müharibəsi» əsərinin dramatik şerlə tədqiqi aiddir.
Son Bizans dövründə məhəbbət-macəra romanları geniş vüsət alır. Bunlar müəyyən mənada Qərbi
Avropadakı cəngavər romanlarını xatırladırdı.
Bir çox xalqların ədəbiyyatı, o cümlədən rus ədəbiyyatı da Bizans ədəbi ənənələrinin davamçısı oldu.
191
Cənubi Avropaya sahib olmuş türk işğalları nəticəsində Bizans imperiyası süqut etdi. 1453-cü il mayın
29-da osmanlı türklərinin sultanı II Mehmetin qoşunları şəhərə daxil oldu. Konstantinopolun türk qoşunları
tərəfindən işğalından sonra Bizans incəsənəti alimlər tərəfindən «postbizans» və ya «Bizansdan sonra»
adlandırılaraq daha Konstantinopolda deyil, Afon monastırında və Krit adasında saxlanmağa başladı.
Yunanların çoxu İtaliyaya və Rusiyaya köçərək buranın milli mədəniyyətini öz ənənələri ilə zənginləşdirdilər.
İşğalçılar özləri də qalib gəldikləri xalqın mədəniyyəti qarşısında pərəstiş edir, başqa dinə – islama mənsub
olmalarına baxmayaraq bir çox qədim Bizans məbədlərini məscidə çevirir və ya tikdirdikləri məscidləri
müqəddəs Sofiya kilsəsinə bənzədirdilər. Minillik tarixi olan Bizans imperiyası yox olsa da mədəniyyət
formaları məhv olmadı.
Beləliklə, antik mədəniyyətin varisi olan Bizans mədəniyyəti həm qərb, həm də şərq ənənələrinə
yiyələnməklə yanaşı öz müstəqilliyini, özünəməxsusluğunu qorudu. Bizans tarixinin XV əsrdə sona yetməsinə
baxmayaraq sonrakı dövrlərdə də onun əhəmiyyəti, təsiri, fəlsəfi və bədii ənənələri yox olmadı. Bizans
mədəniyyətinin ömrü Bizans imperiyasının ömründən uzun oldu.
Dostları ilə paylaş: |