Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə41/52
tarix09.02.2017
ölçüsü4,08 Mb.
#7965
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   52

Flandriya.  
Hələ XVII əsrin  əvvəllərində flamand incəsənəti orta əsrlərə  məxsus dini forma və janrlarla həmişəlik 
vidalaşmışdı. Qeyri- dini janr və süjetlər geniş yayıldı: tarixi, alleqorik, mifoloji, portret, məişət, peyzaj və s. 
İtaliyadan əvvəlcə manyerizm, sonra Boloniya məktəbinin akademizmi və karavacizm daxil olur. Karavacizm 
və  qədim niderland rəngkarlığının realist ənənələrinin qovşağından realist cərəyan və monumental barokko 
üslubu inkişaf edirdi. Niderlandın cənub hissəsi, indiki Belçika ərazisi olan Flandriyanın ən iri mədəni mərkəzi 
XVI  əsrin II yarısından başlayaraq Antverpen oldu. Flamand incəsənəti hər  şeydən  əvvəl Rubensin adı ilə 
bağlıdır. Həmin dövrdə Flandriyada digər dahi rəssamlar yaşasalar da onlar «Rubens məktəbi» adı ilə tanınaraq, 
Rubens gunəşi ətrafında fırlanan planetlər kimi başa düşülür.  
Flamand rəngkarlıq məktəbinin banisi olan Piter Paul Rubens (1527-1640) flamand barokko məktəbini 
İtaliyadakından sonra deyil, onunla paralel yaradıb. Flamand Barokkosu italyan barokkosundan getdikcə 
fərqlənməyə başlayır: flamand barokkosunda dini mövzular əvvəlcə azalır, sonra isə tamamilə yox olur. Rubens 
həm dini, həm də antik mifologiya süjetlərini eyni ustalıqla qələmə alırdı. Hər iki halda o, «bütpərəst» təsiri 
bağışlayırdı. Lakin Rubensin daimi və əsas sifarişçisi yezuit ordeni (cəmiyyəti) idi. Əsil barokko rəssamı kimi 
Rubens çılpaq və yarıçılpaq təsvirlər yaradırdı. Çılpaq qadın bədənini isə o, xüsusi ustalıqla yaradırdı. Rubensin 
Antverpen mərhələsinə aid olan ilk əsərlərində Venetsiya və Karavaco təsiri duyulur. 1630-cu ildən sonra Ru-
bens yaradıcılığının yetkin dövrü başlayır. Bu tarix onun I arvıadı  İzabella Brantın ölümü və onun Yelena 

 
285
Fourmenlə evlənməsi ilə başlayır. Dünyaya 3 mindən çox əsər bəxş edən Rubensin ən məşhur əsərləri bunlardır: 
«Persey və Andromeda» (1620-1621), «Levkippin qızlarının oğurlanması» (1619-1620), «Yunanların amazon-
kalarla döyüşü» (1615-1619), «Arvadı  İzabella Brant ilə avtoportreti» (1609), «Yelena Fourmen uşaqları ilə» 
(1636), «Şuba» (1638-1640), «Ər-arvad Rubenslərin portreti» (1631), «Göldən qayıdan kəndlilər» (1635), 
«Kəndli rəqsi» (1636-1640), «Qulluqçu İnfanta İzabellanın portreti» (1625), «Mariya Mediçi və Fransa kralı IV 
Henrixin kəbini» (1622-1625), «Mariya Mediçinin tacqoyma mərasimi» (1622-1625) və s.  
Van Deyk (1599-1641) Rubensin yaxın köməkçisi idi. Flamand realizminə sadiq qalan rəssam XVII əsrin 
II yarısında kübar cərəyanın inkişafına təkan verdi. Əsas əsərləri: «Ailə portreti» (1618, 1626), «Müq. Martin və 
dilənçilər» (1620-1621), «Tikanlı bitkidən tacqoyma» (1620), «Filipp de Rua, Sinyor de Ravelin potrteti» 
(1630), «Filadelfiya və Yelizaveta İortonun portreti» (XVII əsrin 30-cu illərinin II yarısı), «Tomas Çaloneranın 
portreti» (1630), «Kişi portreti» (1620), «Mariya Luiza de Tassisin portreti» (1627-1632), «I Karlın portreti» 
(1635), «Avtoportret» (XVII əsrin 20-ci illərinin sonu – 30-cu illərinin  əvvəli), «Markiza Balbinin portreti» 
(1622-1627), «Tomas İortanın portreti» (30-cu illərin II yar.) və s.  
Yakob İordans (1593-1678) dini və mifoloji süjetləri xoşlayır, yaradıcılığında karavaco təsiri duyulurdu. 
Əsas  əsərləri: «Satir kəndlilərin qonağıdır» (1620-ci il. Satir – qədim yünan mifologiyasında məhsuldarlıq 
allahı, üzümçülük və şərabçılıq allahı olan Dionisin köməkçisi- S.Ş.), «Paxla kralı bayramı» (1638), «Kral içir» 
(1656), «Dioqen» (1643), «İordanslar ailəsi» (1621), «Paxla kralı» (1638) və s.-dir.  
XVII əsrdə natürmort müstəqil janra çevrildi. Monumental dekorativ natürmortun ən parlaq nümayəndəsi 
Frans Sneyders (1579-1657) idi. «Qu quşu ilə natürmort», «Meyvə piştaxtası», «Balıq piştaxtası» onun əsas 
əsərlərindəndir.  
Monumental rəngkarlıqla yanaşı Flandriyada dəzgah rəngkarlığı da inkişaf edirdi ki, bunun da ən popu-
lyar janrı məişət janrı idi. Çox da iri həcmli əsərləri olmayan Brauver (1605-1632) əsasən «Kart oyunu zamanı 
dua», «Donuzların kəsilməsi bayramı», «Acı  dərmanlar», «Xoşagəlməyən atalıq borcu», «Çiyində  cərrahiyyə 
əməliyyatı», «Kiçik yeməkxana səhnəsi» (1631), «Kvartet» və s. əsərləri ilə tanınır.  
XVII əsrin II yarısında flamand rəssamlığının məzmunu məhdudlaşır. İdeallaşma tendensiyaları artır. Bu 
baxımdan Kiçik David Tenirsi göstərmək olar. Xalq bayramları onun ən çox sevdiyi mövzudur. «Kənd 
bayramı» (1646), «Brüssel ətrafında mənzərə» və s. onun əsas əsərləridir.  
Hollandiya  
Holland incəsənətinin  əsas xüsusiyyətlərindən biri rəngkarlığın digər sənət növləri içərisində üstünlüyü 
idi. Rəssamlıq peşəsi nadir peşə sayılmırdı. Rəssamların sayı o qədər çox idi ki, onların arasında rəqabət 
yaranmışdı. Buna görə  də onların çoxu rəssamlıqla çörək qazana bilmir və ayrı  işlər də görməli olurdular. 
Rəngkarlığın inkişafı yalnız bu əsərlərlə divarlarını bəzəmək istəyənlərin sayının artmasından deyil, həm də on-
dan gəlir mənbəyi kimi istifadə edənlərin, onlarla alver edənlərin çoxalmasından irəli gəlirdi.  Əvvəlləp  əsas 
sifarişçisi olan Katolik kilsədən və ya nüfuzlu mesenant-feodallardan canını qurtaran rəssamlar bütünlüklə 
bazarın tələblərindən asılı olur.  
Hər janrın özünün şaxələri mövcud idi. Məsələn, peyzajistlər arasında marinistlər – dənizi təsvir edənlər, 
düzənlik, meşə, qış peyzajı, ay işığı peyzajı çəkənlər, natürmortçular içərisində «səhər yeməyi», «desert» və s. 
təsvir edənlər mövcud idi. Yalnız ən məşhur rəssamlar bir neçə janrda işləyirdi.  
Realist holland incəsənəti italyanlaşan cərəyanla və manyerizmlə mübarizədə formalaşırdı.  
Holland incəsənətinin formalaşmasının 1609-1640-cı illəri əhatə edən ilk mərhələsində realist tendensiya 
daha çox portret və məişət janrında özünü gösiərir.  
Frans Hals (1580-1666) holland realist portretinin banisidir. Onun portretləri mövzu və obraz cəhətdən 
rəngarəngdir. Qrup portretləri də rəssamın yaradıcılığında mühüm rol oüynayır. Məs. «Qocalar evi naibinin portreti». 
Ən məşhur əsəri «Qaraçı qız»dır (1630).  
Rembrandt (1606-1668) – Dünya rəngkarlığının zirvələrindəndir. «Həkim Tulpun anatomiya dərsi» 
(1632) əsərindəki obrazlar Halsın qrup portretlərindən fərqlənərək eyni hüquqa malik deyil. Burada bütün per-
sonajlar psixoloji cəhətdən Tulpa tabedir.  
Rembrandt bir-birinin ardınca iri həcmli dini kompozisiyalar işləyir. Məs. «İbrahimin qurban kəsilməsi» 
(1635). O, tez-tez Saskiyanı  və  oğlunu təsvir edir. Məs. «Saskiyanın portreti» (1634), «Avtoportret» (1634). 
Daha məşhur əsərləri «Danaya» (Əsərin üzərində müəllif tərəfindən 1636-cı il göstərilib, lakin belə hesab edilir 
ki, bu əsər son dövrə aiddir. 1936-cı ildə Ermitajın laboratoriyasında  əsəri rentgen şüaları vasitəsilə  tədqiq 
etdikdən sonra qərara gəldilər ki, əsər doğrudan da 30-cu illərdə çəkilib, lakin 10 ildən sonra rəssam özü onun 
üzərində yenidən işləyib), «Gecə qarovulçusu», «Müqəddəs ailə» (1645), «Xəstələri dirildən İsa» (1649), «Xen-
drikke pəncərə önündə», «Avtoportret» (1652), «Xendrikke Stoffelsin portreti» (1656-1657), «Yəhudi gəlini» 
(1666), «Səfil oğulun qayıtması» (1668-1669) və s.-dir. Sonuncu əsər rəssamın yaradıcılığının sonu, «Titusun 
portreti» (1656) isə gənc yaşında ölmüş oğlunun şəkli olub, dünya incəsənətində ən gözəl gənc oğlan portretidir.  
Dünyaya 650 əsər bağışlayan rəssam həyatdan yoxsulluq içərisində gedir.  
Yan Vermeyer (1632-1675) Hals və Rembrandtdan sonra 3-cü Holland rəssamıdır (bəzi  ədəbiyyatlarda 
rəssamın adı Vermer kimi işlədilir). Onun bədii irsi o qədər də zəngin deyil, çünki rəssam hər əsəri üzərində uzun 

 
286
müddət işləyirdi. Delfli rəssamın müəlliminin kim olması məlum deyil. Əsas əsərləri: «Aradüzəldənin yanında» 
(1656), «Qız məktubla» (1657), «Mirvari sırğalı qız», «Hərbçi və gülən qız» (1657), «Qulluqçu süd dolçası ilə» 
(1658), «Delft mənzərəsi» (1660), «Sevgi məktubu» (1667), «Rəngkarlıq sənəti» (1656-1667) və s.-dir. Rəssam 
ömrü boyu cəmi 40-a yaxın əsər yaradır və onların heç birinə tarix qoymur. Tədqiqatçılar bunu təqribi müəyyən 
edib. XVII əsr Holland ustalarının sənəti Avropa rəngkarlığına güclü təsir göstərdi. İngiltərə ilə müharibələrdən 
xeyli zəifləyən Hollandiya öz gücünü həm iri ticarət dövləti kimi, həm də  zəngin bədii mərkəz kimi itirməyə 
başladı.  
Beləliklə, XVII əsrdə Avropanın kapitalizm yolu ilə inkişaf edən İtaliya, İspaniya, Flandriya və Hollan-
diya kimi ölkələri mədəniyyət tarixini, xüsüsən də bədii mədəniyyəti əsrarəngiz gözəlliklərə malik olan sənət 
əsərləri ilə zənginləşdirdilər. Bu prosesdə barokko üslubu həlledici rol oynadı. 
 
 
2.4.4. Klassisizm mədəniyyəti 
 
Yeni dövrdə  bədii mədəniyyətin inkişafı  və rasionalizm fəlsəfəsi təliminin yaranması klassisizm 
cərəyanının təşəkkülünün əsas səbəbi oldu. Bu təlimin banilərindən biri olan Rene Dekart insan ağlına yüksək 
qiymət verərək onu yeganə idrak vasitəsi hesab edir. «Düşünürəmsə, demək varam» deyən filosof düşünmək 
qabiliyyəti vasitəsilə insanın ucaldığını söyləyirdi. Məhz bu təsəvvürlər incəsənətdə yeni üslubun – klassisizmin 
formalaşmasına gətirib çəxardı. Üslub sistemi baxımından klassisizm barokkoya nisbətən daha bitkin, zərif, 
mükəmməl və ciddidir.  
Latınca «klassisus» - nümunəvi sözündən olan klassisizm doğrudan da klassikaya əsaslanaraq bədii və 
mənəvi ideala çevrilən mükəmməl sənət əsərləri yaradır. Bu üslubun yaradıcıları hesab edirdi ki, obyektiv ola-
raq mövcud olan gözəllik qanunları da ağılın köməyilə dərk edilir, incəsənətin məqsədi – insanın və dünyanın 
məhz bu qanunlar üzrə dəyişdirilməsi, idealın real məkanda həyata keçirilməsidir.  
Antik incəsənətin dirçəlişi, klassik ənənələrə pərəstiş İntibah dövründən başlasa da, klasisizm məhz XVII 
əsrdə cərəyan kim formalaşır. 300 ilə yaxın (XVI –XIX əsrin 30-cü illəri) bir dövrü əhatə edən klassisizm antik 
incəsənətin qanunauyğunluqlarını üzə  çıxarmağa, sənət nəzəriyyəsi, milli ədəbi dil və yeni dramatik teatr 
yaratmağa çalışan XVI əsr italyan humanistlərinin bədii və  nəzəri fəaliyyəti nəticəsində yaranmağa başlayır. 
D.D.Trissino, Y.Skaliger, Lyudoviko Kastelvetro (dram haqqında 3 vəhdət qanununu işləyib), T.Tasso və b. öz 
nəzəriyyələrində antik poetikanın təhlilinə əsaslanmışlar.  
Əgər  İntibah dövründə  mədəniyyətin bütün elementlərinin inkişafı  İtaliya ilə bağlı idisə, klassisizm 
dövründə bu dalğa Fransaya keçir. Çünki XVII əsrdə  İtaliyada incəsənət daha əvvəlki nüfuza malik deyildi. 
Memar və heykəltəraş Bernininin, memar Borromininin, rəssam Karavaconun rəsmi cərəyan olan barokko ilə 
yanaşı öz yaradıcılığında realizm ənənələrini saxlayan Krespi və b. yaradıcılığı İntibah İtaliyası ilə müqayisədə 
dəryada damla kimi görünürdü.  
Digər İntibah ölkələri də müəyyən tənəzzülə düçar olmuşdu. Məsələn. İngiltərədə puritanizm incəsənətin 
inkişafına əvvəlki kimi güclü təsir göstərə bilmir. Elm, ədəbiyyat inkişaf etsə də, təsviri sənət sahəsində canlan-
ma yalnız XVIII əsrdə başlayır.  
Klassisizmin təhsil sistemi başdan-başa antik dövrün və intibah incəsənətinin öyrənilməsini nəzərdə tutur-
du. Yaradıcılıq prosesində  əsas  şərt – qanunlara riayət etmək, süjeti antik tarixdən və ya mifologiyadan 
götürmək oldu. Avropanın iri dövlətlərində, həmçinin Fransada mütləq hakimiyyətin bərqərar olduğu şəraitdə 
Fransız incəsənətinin novator ruhu parlaq şəkildə nəzərə çarpmağa başladı. XVII əsrdə mərkəzləşdirilmiş vahid 
milli dövlət yaratmaq üçün feodal pərakəndəliyinin qalıqlarına qarşı mübarizədə Fransa burjuaziyası müvəqqəti 
olaraq öz qüvvələrini Kral hakimiyyəti ilə birləşdirdi. Fransadakı mütləq monarxiya şəhərlərdə burjua üsul- 
idarəsini Avropanın digər ölkələrinə nisbətən daha sürətlə  tətbiq edir, manufakturaların çiçəklənməsinə  şərait 
yaradırdı. Klassisizm – məhz mütləq monarxiya dövrünün məhsuludur. Mütləq monarxiyanın mədəni siyasəti 
və onun estetik doktrinası olan klassisizm sinfi xarakter daşıyırdı. Monarx sarayları bütün bədii qüvvələri 
mərkəzi təşkilata tabe etməyə can atırdı. İlk dəfə İtaliyada yaranan bu cür təşkilatlar humanist fikirli insanların 
könüllü birliyi olan Akademiyalar idi. 1634-cü ildə Parisdə, XIII Lüdovikin dövründə kardinal Rişelye 
ədəbiyyat və dil sahəsində  rəsmi mərkəz olan Fransız akademiyasını yaratmaqla onları mütləq hakimiyyət 
alətinə çevirdi və klassisizm aparıcı üslub oldu. Bu, ilk növbədə, faciə janrında öz əksini tapdı. XVII əsrin II 
yarısında Fransada mütləqiyyət bərqərar oldu, feodalizm qalıqları yox edildi. Avropa mütləqiyyətinin zirvəsi 
sayılan Kral XIV Lüdovikin sarayı  mədəni mərkəzə çevrildi. XIV Lüdovikin iqamətgahı olan Versal yeni 
zadəgan mədəniyyətinin mərkəzi oldu. 1648-ci ildə rəssamlıq və heykəltəraşlıq üzrə Kral Akademiyası, 1671-ci 
ildə isə Memarlıq Akademiyası yaradıldı. Fransa incəsənəti çiçəklənməyə başladı. Kral sarayının mədəniyyətə 
böyük təsiri oldüğündan XVII əsr Fransasını çox vaxt «XVI Lüdoviq üslubu» adlandırırlar. Bu üslub italyan 
barokkosuna bənzəməyən fransızsayağı barokkodur. Onun əsas xüsusiyyəti klassisizmlə sintezdə olmasıdır. 
«Klassisizm» adını bu cərəyana XVIII əsrin sonu – XIX əsrin  əvvəllərində romantizmin nümayəndələri 
vermişlər. Rüşeymləri intibah dövründə İtaliyada yaranan bu üslub Fransada şair Malerb və nasir Keyz de Bal-

 
287
zak tərəfindən  əsaslandırılıb.  Şaplen, abbat Dubinyak, Bualo, Filebyen və b. fransız klassisizminin nümayən-
dələridir. Simon Buye Fransa saraylarında bu dövrdə rəsmi incəsənət olan barokkonun başçısı idi. Barokko ilə 
yanaşı klassisizm və pealizm də formalaşır. Məşhur rəssamlardan qrotesk ustası Kallo, Jorj de La Tur, Lenen 
qardaşları realizm ənənələrini davam etdirir. N.Pussen fransa təsviri sənətində klassisizm cərəyanının  əsasını 
qoyur. Müasirləri içərisində yalnız mənzərə ustası Klod Lorrenin adı onunla yanaşı  çəkilə bilər. XVII əsrdə 
Fransada rəssamlıq ədəbiyyat qədər xaricdə şöhrət tapmır. Təsviri sənətdə irəliləyiş etmək üçün Fransanın Bədii 
Akademiyasına virtuoz sənətin formal qaydalarını işləmək tapşırılır. O dövrün məşhur bədii tənqidçisi Frear de 
Şambre «Rəngkarlığın təkmilləşdirilməsi ideyası» (1662) əsərində incəsənətin kortəbii inkişafına qarşı çıxırdı. 
Təsvirin daha yaxşı metodlarını tapmaq üçün incəsənət tarixinin dəqiq təhlilinə nail olmaq lazım idi. Dahi Roje 
de Pil hər bir rəssamın müvəffəqiyyətini əks etdirən riyazi cədvəl də tərtib etmişdi. Fransız Akademiyası dahi 
rəssamlar və onların şagirdlərinin iştirakı ilə Luvrda Kral kolleksiyasından olan əsərləri təhlil edən iclaslar keçi-
rirdi. Rəssamlardan Lebren bu işdə daha çox şöhrət qazanmışdı. O, Pussenin əsərlərini Frearın təklif etdiyi 
təsnifata uyğun təhlil edirdi. Təhlil zamanı Roje de Pilin «Rəssamların müqayisəsi» (1708) və Tetlenin «Qayda-
lar külliyatı» (1680) adlı əsərlərindən də istifadə edilirdi.  
Göründüyü kimi, o dövrdə təsviri sənət müəyyən kodekslərə məruz qalır, rəssam qarşısında əsərin ideyası 
və süjeti ilə əlaqədar müəyyən şərtlər qoyulurdu. Buna görə də hər cür alleqoriyalar yüksək qiymətləndirilirdi, 
çünki bunlarda az və ya çox dərəcədə şərti götürülmüş həyat obrazları bilavasitə ümümi ideyaları ifadə edirdi. 
Ən «yüksək» janr – tarixi janr idi. Bura antik mifologiya, məşhur bədii əsərlərin süjetləri, Bibliya və s. süjetlər 
aid idi. Portret, peyzaj, real həyat səhnələri «kiçik janrlar» sayılırdı, məsələn, natürmort ən  əhəmiyyətsiz janr 
hesab olunurdu. Obrazların ifadəliliyi daha dəqiq təhlil edilməyə başladı. Lebren poza, mimika və jestlərin 
insanın daxili aləmini düzgün ifadə edə bilməsi ilə  əlaqədar bir sıra qaydalar işləyib hazırladı. Bədənin 
proporsiyası antik kanonlara uyğun olmalı idi. Lebren və Filebyen hesab edirdilər ki, rəngkarlıqda rəsm 
koloritdən üstün olmalıdır. Real həyat cizgiləri yalnız ikinci dərəcəli personajlara aid ola bilər, məsələn, 
nökərlərə, əsgərlərə və s. Fiqurların düzülüşü və hərəkəti əsas məqsədə tabe olmalıdır. Təsadüfi, özünəməxsus, 
real həyat cizgiləri əsas – rasional fikirdən yayındıran, boş təfərrüat sayılırdı.  
Məşhur rəssamlar və sənət nəzəriyyəçtlərini birləşdirən Akademiyalar əsasən mütərəqqi əhəmiyyətə malik 
olsalar da rəsmi klassisizm çərçivəsində milli mədəniyyət müəyyən məhdudiyyətə məruz qalırdı. Antik dövrdə, 
xüsusən Roma nümunələrinə pərəstiş uzaq keçmişdən qalan nağıl və əsatirləri bir çox orta əsr adətlərini, milli 
ənənələri saxlamış əsil xalq sənəti yolunda bir maneə kimi görünürdü. Saraylar və dövlət məmurlarından asılılıq 
bədii yaradıcılığın azad inkişafına mane olur, hər cür özbaşınalıq və azad təşəbbüs boğulur, dövlət insandan 
təcrid olunmuş varlığa çevrilirdi. Borc – insanın  əxlaqının  əsası sayılırdı.  İnsan, gücü çatmadığı qüvvələr 
tərəfindən məhdudlaşdırılan müəyyən yad norma və qaydalara tabe olmalı idi.  
Əgər  İntibah dövründə  İtaliyada təsviri sənət öndə gedirdisə, klassisizm dövründə Fransada bədii 
ədəbiyyat, xüsusən dramaturgiya aparıcı rol oynayır. Teatr və memarlıq ikinci yerdə dayanır. Klassisizm 
estetikasının həm nəzəri, həm də praktik cəhətdən yaradıcıları – Dekart fəlsəfəsi, Kornel («Melita», «Dul 
qadın», «Kral meydançası», «Komik illüziya», «Sid», «Edip»), Rasin («Andromaxa», «Fedra», «Bayazit»), 
Molyer («Ərlər məktəbi», «Tartüf», «Yalançı  xəstə», «Don Juan») dramaturgiyası, Bualonun poetikası olur. 
Fransa klassisizmi ən çox Roma incəsənətinin – Vergilinin «Eneidasını», Terensinin komediyalarını, Horatsinin 
satiralarını, Senekanın faciələrini təqlid edir. Klassisizmə görə, hətta təbiətin özü antik lada uyğun dəyişdirilməli 
idi. «Antik» dedikdə isə,  əsasən Roma bədii mədəniyyəti nəzərdə tutulurdu, çünki o, yunan incəsənətinə 
nisbətən mütləq monarxiyanın ideallarını daha yaxşı tərənnüm edirdi. Məsələn, Kornelin müsbət qəhrəmanları 
Avqust və Horatsidir. O, Roma və Bizans tarixinə aid süjetlərə üstünlük verirdi. Rasin də öz faciələrində Roma 
tarixinə aid materiallara müraciət edir (məsələn, «Britanik», «Berenik»), lakin bununla yanaşı o, yunan tarixinə 
də maraq göstərir («Fedra», «Andromaxa», «İfigeniya»). Kornel aə Rasin tənqidi çıxışlarında və ön sözlərində 
dramaturji material əsasında klassisizmin estetik prinsiplərini işləyir.  
Öz əsərlərinin tənqidi təhlili ilə məşğul olan dahi fransız dramaturqu Kornel dram nəzəriyyəsinə aid bir 
sıra kiçik həcmli traktatların da müəllifidir. Sələfləri kimi o da Aristotelin «Poetika»sını  şərh edərək, dram 
sənətinin formal qanunlarını  tədqiq etməyə çalışır. Aristotel tərəfindən göstərilən, tragik süjetin 2 əsas 
prinsipləri olan həqiqətəbənzərlik və  zərurət içərisində sonuncuya üstünlük verir. Antik ənənələr qarşısında 
səcdə etməsinə baxmayaraq, Kornel klassik faciəyə hadisələri çevik inkişafda verən ispan dramının da mühüm 
elementlərini gətirməyə nail olur. 
XVII  əsr faciəsi qəhrəmanlıq fəaliyyəti ilə bağlıdır. Burada nə lirika, nə  də  fəlsəfi düşüncələr yoxdur. 
Faciə qəhrəmanları çox vaxt bu işə öz arzularının əksinə olaraq qoşulmuşlar. Lakin hadisələr xüsusi qaydalara 
əsasən açılır. 1630-cu ildən başlayaraq faciə  əsərlərindən 3 vəhdət qanununa – zaman, məkan və  hərəkətin 
vəhdətinə riayət olunması tələb edilirdi.  
Klassisizmin  ən məşhur nəzəriyyəçisi, bu cərəyanın prinsiplərini işləmiş Nikola Bualodur. O öz 
nəzəriyyəsini «Poeziya sənəti» adlı traktatında,  şer dili ilə  şərh edib. Bualonu da müəyyən mənada karteziançı 
adlandırmaq olar. O, Dekart fəlsəfəsindən qidalanaraq incəsənətdə  əqlin rolunu yüksək qiymətləndirir. Onun 
fikrincə, əqli başlanğıc hiss və təxəyyüldən üstün olmalıdır. «Poeziya sənəti» (1674) dörd hissədən ibarətdir. Bi-

 
288
rinci hissədə şairin vəzifəsindən, mənəvi məsuliyyətindən, poetik sənətə yiyələnməyin zəruriliyindən söhbət açılır. 
İkinci hissədə lirik janrlar: oda, elegiya, ballada, epiqramma, idilliya analiz edilir. Üçüncü hissədə faciə və kome-
diya janrlarından, dördüncü hissədə  şairdən, yaradıcılığın etik problemlərindən danışılır. Bualo antik dövrü, 
mifologiyanı örnək kimi qəbul etməyi tələb edir. Bualo gözəlliyin obyektiv əsasa malik olmasını söyləsə  də, 
mənbəyini mənəvi varlıqla bağlayır. Ona görə  də  sənət  əsəri təbiətdən yüksəkdə dayanır. Təbiət incəsənətə 
nümunə ola bilməz. O, təbiəti təqlid etməyə çağırsa da, hesab edir ki, təbiət öz ilkin qabalığından azad olmalı, 
əqlin fəaliyyəti ilə nizamlanmalıdır. Həqiqətdən kənarda gözəllik yoxdur. Gözəlliyə emosiyalarla yox, ağılla 
çatırlar. Anlaşılmaz  şeylər gözəl ola bilməz. Dini, xristian süjetlər irrasional olduğu üçün incəsənətdən 
çıxarılmalıdır. Hadisələr vahid zamanda, 24 saat ərzində baş verməlidir. Buna görə  də  təsvir edilən xarakter 
dəyişməməlidir, inkişafda verilməlidir. Bualo bu tələblərə riayət etmədiyinə görə ispan dramaturqu Lope de 
Veqanı tənqid edir, öz dövrünün bədii təcrübəsini isə təqdirəlayiq hesab edir. Doğrudan da Molyerin xarakterləri 
statikdir, məsələn, Qarpaqon əvvəldən axıra kimi xəsis, Tartüf ikiüzlü və riyakar olaraq qalır.  
Klassisizmdə tipik obrazlar fərdi cəhətlərə malik deyillər, tipikləşmə üsulu XVII əsr fəlsəfəsi və 
təbiətşünaslığı ilə həmahəng olub, metafizik xarakter daşıyır. Bu, bilavasitə mütləq borcu yerinə yetirmək üçün 
şəxsi mənafeyi ümumiyə tabe etməyi tələb edən klassisist dünyagörüşünün xüsusiyyətlərindən irəli gəlirdi. 
Klassisistlər şəxsiyyətə pərəstiş prinsipini əsas tutur, kralları əsər qəhrəmanı edir, xalqa isə yalnız «aşağı janr»da 
– komediyada yer verirdilər ki, bu da tarixi ziddiyyətləri daha düzgün təsvir etməyə mane olurdu. Bu hal Bua-
loya xas idi. Klassisitlər eyni zamanda incəsənətdə mühüm ideyaların – vətənpərvərlik, borc hissi, eqoist 
hisslərə üstün gəlmək, qəhrəmanlıq və s.-nin təcəssümünü təbliğ edirdilər. Klassisitlərin normaları  nə  qədər 
doqmatik olsa da, onların çoxu bu gün də öz əhəmiyyətini itirməmişdir. Məsələn, tipin xarakteristikasının aydın 
olması, incəsənətin növ və janrlarına, faciəvilik və komikliyə  hədd qoyulması,  əsərin kompozisiyasının 
ahəngdar olması, dilin aydınlığı və ardıcıllığı, təsvir edilənin inandırıcı və həqiqətəbənzər olması tələbləri. Bu 
tələblər doqmatik bəzək-düzəkdən təmizləndikdən sonra rasional məna əldə edir. Hətta üç vəhdət prinsipində də 
rasional məzmun yox deyil.  
Klassisizmdə janrların iyerarxik bölgüsünə görə «yüksək janrlara» faciə, epopeya, oda, tarix, mifologiya, 
dini təsvir və s., «aşağı» janrlara isə komediya, satira, təmsil və s. aiddir.  
Bədii  ədəbiyyatda (Fransada P.Kornelin, J.Rasinin, Volterin faciələri, Molyerin komediyaları, 
N.Bualonun poema və satiraları, Lafontenin təmsilləri; Almaniyada F.Şiller və Hötenin Veymar dövrü, Rusiya-
da M.Lomonosovun və Derjavinin odaları, Sumarokovun faciələri)  əsas rolu etik kolliziyalar, tipik obrazlar 
oynayır.  
Fransız klassisizmi digər ölkələrin incəsənəti və  sənət nəzəriyyəsinə güclü təsir göstərib:  İngiltərədə 
Drayden, Almaniyada Qotşed,  İtaliyada Alfyeri, Rusiyada Lomonosov, Fonvizin və b. buna misaldır. Hər bir 
ölkədə klassisizm doktrinası milli xüsusiyyətlərə uyğun olaraq mənaca dəyişikliyə uğrayırdı. 
Alman klassisizminin həm nəzəri, həm də praktik cəhətdən inkişafı çox çətin bir dövrə  təsadüf edir. 
İqtisadi və siyasi cəhətdən geri qalmış Almaniyanın 300-ə  qədər mikrofeodal dövlətə, külli miqdarda xırda 
əyalətlərə bölünməsi mədəniyyətə də təsir göstərir. XVII əsr alman mədəniyyətinin əsas problemi – onun milli 
zəmində inkişafı idi. Bu dövrdə estetik nəzəriyyənin ilk yaradıcılarından olan M.Ofits Bualonun klassisizmin 
klassik doktrinası sayılan «Poeziya sənəti» əsərindən hələ 50 il əvvəl, 1624-cü ildə «Alman şeriyyatı haqqında 
kitab»  əsərində  nəşr etdirir. Bu əsər alman klassisizminin ilk proqram manifesti olaraq o dövrdə Almaniyada 
bədii inkişafı nəzəri və praktik cəhətdən müəyyənləşdirdi. Antik ənənələri təqlid etmək, incəsənətə kamil insan 
idealı, qəhrəman obrazı gətirmək – əsərin əsas ideyasıdır. Almaniyada fəlsəfi fikrin sonrakı inkişafı Leybnisin 
adı ilə bağlıdır. Alman mədəniyyətinin klassisizmdən maarifçiliyə keçid dövrünün nümayəndələrindən olan 
Qotşedin estetik baxışları «Almanlar üçün poeziya və tənqidi incəsənət təcrübəsi» (1730) əsərində şərh edilib. 
Qotşed fransız klassik faciəsinin, ümumiyyətlə, fransız klassisizminin, aristokrat incəsənətinin tərəfdarı idi. Bu 
dövrün digər nümayəndələri isveçrə yazıçıları Breytinger və Bodmer poeziyanı fəlsəfə və elmdən ayırmağı tələb 
edir, incəsənətdə  təxəyyül və fantiziyadan geniş istifadə etməyə çağırırdılar. Onlar alman mədəniyyətinə 
sələflərindən fərqli olaraq fransız deyil, ingilis ruhu gətirdilər. Orta əsr alman poetik mədəniyyətini, xalq, kəndli 
dilini, milli poeziyanın mənbələrini öyrənərək alman mədəniyyətinin müstəqil milli zəmində inkişafı məsələsini 
qarşıya məqsəd qoydular. Almaniyada klassik komediyanın təşəbbüskarı olan Şlegel də Qotşedin fikirlərinə eti-
raz edərək klassisist faciənin əsas tələblərinə qarşı çıxır, milli və məhdud (lokal) xarakterli qəhrəman yaratmağı 
təklif edirdi. Müxtəlif cərəyanların və milli məktəblərin nailiyyətlərini ümumiləşdirən görkəmli sənətkarlar 
klassisizmə xas metafizikliyi və doqmatizmi dəf edərək, zənginləşdirilmiş, şərtilik və qəddar normalardan azad, 
yeni tipli klassisizm yaratdılar. Veymar məktəbi (Şiller, Höte), Vyana məktəbi (Haydn, Motsart, Bethoven) buna 
misaldır.  
Musiqidə klassisizm özünü opera janrında daha çox büruzə verir. Fransada lirik faciə,  İtaliyada opera-
seriya buna misaldır. Vyana klassik məktəbinin nümayəndələri – Haydn, Motsart və Bethovenin yaradıcılığı 
klassisizm tələblərinə uyğun gəlir. 
 

 
289
Memarlıq  
XVII əsrin I yarısında Fransanın paytaxtı qala şəhərindən tədricən iqamətgah şəhərinə çevrildi. İndi artıq 
Parisin siması qala divarları və qəsrlərlə deyil, saraylar, parklar, küçə və meydançaların müntəzəm sistemi ilə 
müəyyən edilirdi. Memar Salomon de Brosun 1615-1621-ci illərdə tikdiyi Lüksemburq sarayı  və Fransua 
Mansarın 1642-1650-ci illərdə tikdiyi Mezon-Laffit sarayı buna misaldır.  
XVII əsrin I yarısına aid olan sarayların ətrafında mütləq park olmalı idi. Park başdan-başa yaşıllığa qərq 
olmalı, xiyabanlar səliqə ilə  əkilmiş  və  həndəsi fiqurlar təşkil edən güllərdən ibarət olmalı idi. Belə parklar 
«müntəzəm» və ya «fransızsayağı» adlanırdı.  
Memarlıqda yeni cərəyanın zirvəsi Paris yaxınlığında fransız krallarının nəhəng və təntənəli iqamətgahı 
olan Versal oldu. XVII əsrdə o, bütün Avropa üçün zövq və  dəbdəbə mücəmməsi idi. O dövrdən başlayaraq 
fransız dili, fransız modası  və adətləri bütün Avropa paytaxtlarında nümunəyə çevrilərək təqlid olunmağa 
başladı.  
Klassisizm üslubunda salınmış meydanlardan biri Parisdəki Vandom meydanıdır. Onu 1685-1701-ci 
illərdə Jül Arduen-Mansar salıb. Mərkəzdə XIV Lüdovikin atlı heykəli ucalırdı ki, XIX əsrdə o, I Napoleona 
həsr edilmiş qələbə sütunları ilə əvəz edildi.  
XVII  əsrdə Parisin ən möhtəşəm monumental tikililərindən biri XIV Lüdovikin əmri ilə yaşa dolmuş 
əsgərlər üçün tikilmiş Əlillər Evi və Kilsəsinin bina kompleksi və onun qarşısındakı iri meydandır. Jül Arduen-
Mansar tərəfindən tikilmiş bu kilsə Parisin ən hündür və mühüm guşəsi oldu, onun nəhəng qübbəsi  şəhərin 
mənzərəsini xeyli dəyişdi.  
Parisdə kral sarayı olan Luvrun əsas, şərq fasadının tikintisi (1667-1673/8) üçün elan edilmiş müsabiqədə 
heç kəsin tanımadığı memar Klod Perro qalib gəldi. O, XVI əsr memarları Lesko və Lemersyenin başladığı işi 
davam etdirdi. Yetkin fransız klassisizminin bu abidəsi Avropanın bir çox ölkələrinin dövlət müəssisələri və 
başçılarının iqamətgahı üçün nümunə oldu.  

 
290
Heykəltəraşlıq  
XVII əsrin II yarısında klassisizm mütləqiyyətin şöhrətlənməsinə xidmət edən rəsmi saray üslubuna çe-
vrildi. Nəhəng kral iqamətgahı saraylarının zallarını (xüsusən Versal), park xiyabanlarını  bəzəyən 
heykəltəraşlıqdan klassik ciddilik və harmoniklikdən daha çox təntənə və dəbdəbə tələb olunurdu. İtalyan ba-
rokkosunun ənənələri, xüsusən də Lorenso Bernininin yaradıcılığı bu işə təkan verdi.  
Romada Bernininin şagirdi olan heykəltəraş Fransua Jirardon ömrünün çox hissəsini Şarl Lebren və An-
dre Lenotorla birgə Versal parkının tərtibatına həsr edib. Onun bütün əsərləri texniki cəhətdən yüksək səviyyədə 
olub, klassisizm və barokko cizgilərini birləşdirir. 
1683-cü ildə Vandom meydanında Jirardonun yaratdığı XIV Lüdovikin monumental atlı heykəli 1789-
1799-cu illərdə fransız inqilabı dövründə  məhv oldu. Bu heykəl Roma imperatoru Mark Avrelinin heykəlini 
xatırladırdı.  
Antuan Kuazevoks da Jirardon kimi Versalda çox işləmiş, Döyüş zalı və Güzgülü qalereyanın tərtibatı ilə 
məşğul olmuşdur. «XIV Lüdovikin Reyn çayından keçməsi»  əsərində heykəltəraş kralın fiqurunu digərlərinə 
nisbətən xeyli qabarıq düzəldib, halbuki digər fiqurlar səth üzərində güclə seçilir.  
Pyer Püje o dövrün ən istedadlı sənətkarı – rəssam, memar, heykəltəraş idi. Versaldan uzaqda, əsasən Tu-
lon və Marseldə işləyən sənətkarın yaradıcılığında Bernini və klassisist teatrın təsiri hiss edilir. «Makedoniyalı 
İskəndər və Diogen» (1692), «Milon Krotonski» (1682) və s. onun məşhur əsərlərindəndir.  
Beləliklə, XVII əsr fransız hekəltəraşlığı özündə klassisizm və barokko cizgilərini birləşdirərək bu 
üslubların dərin daxili qohumluğunu üzə çıxarır. Zahirən bir-birinin əksi kimi görünən bu üslublar, əslində eyni 
məqsədə çatmağın müxtəlif yollarıdır.  
Rəngkarlıq 
XVII əsrin əvvəlində Fransada əsas rəngkarlıq mərkəzi Paris yox, şərq əyaləti olan Lotaringiya və onun 
əsas şəhəri Nansi idi. Bu dövrün məşhur rəssamlarından biri Jorj de Latur (1593-1652) idi. Onun müraciət etdiyi 
mövzular məişət (məs. «Qumarbaz») və dini mövzular idi («Müq. Sebastyan», «Dülgər Yusif»).  
Kralın I rəssamı adını almış Şarl Lebren (1619-1690) bütün rəsmi layihələrdə, xüsusən Versalın Böyük 
Sarayının tərtibatında iştirak edib. Portretlər müəllifi olan rəssamın  əsas sifarişçiləri kral nazirləri və saray 
əyanları idi. 
XVII əsr Fransa rəngkarlığında klassisizmin banisi, yaradıcılığı fransız klassisizminin zirvəsi olan Nikola 
Pussen (1594-1665) hərtərəfli savada malik, antik ədəbiyyatı gözəl bilən bir insan idi. Homer və Ovidi – onun 
ən sevimli müəllifləri idi. Pussenin müraciət etdiyi mövzular – mifologiya, antik tarix, Əhdi-Ətiq və Əhdi-Cədid 
hekayələri və s. idi. Əsas  əsərləri: «Flora səltənəti» (1631), «Arkad çobanları», «Germanikin ölümü» (1627), 
«Döyüş», «Yatmış Venera» (1620), «Tankred və Erminiya» (1630) və s.-dir. Rəssamın yaradıcılığında mühüm 
yeri 50-ci illərdən sonra daha çox müraciət etdiyi peyzaj janrı tuturdu. Məs. «Gerkules və Kanusla peyzaj» 
(1640), «Polifemlə peyzaj» (1649-cu il. Polifem – qədim yunan mifologiyasında təpəgöz) və s.-dir.  
Jak Kallo (1592\3 – 1635) ümumi mövzu ilə birləşən qrafik silsilələr işləyirdi. Faciəvi mövzular onu daha 
çox cəlb edirdi. «Dilənçilər» (1622), «Müharibənin kiçik bəlaları» (1632), «Müharibənin böyük bəlaları» (1633) 
və s. Bundan başqa, «Kadril amfiteatrda» (1617), «Kapriççi» (1617) seriyası və s.  
Klod Loren. (1600-1682) Əsil adı Klod Jelledir. Lotaringiyaya (fransızca Lorraine) görə belə adlanıb. O, 
öz həyatını XVII əsr Fransası üçün nadir hadisə olan klassik peyzaja həsr edərək fransız peyzajı ənənələrinin 
banisi sayılır. Məsələn, «Günorta» (1651), «Axşam» (1663), «Səhər»(1666), «Gecə»(1672) və s.  
XVII əsrin I yarısında Fransada realist cərəyanın inkişafı Lenen qardaşlarının – Antuan, Lui və Matyenin 
adı ilə bağlıdır. Bunlardan Lui daha məşhurdur. «Kəndli süfrəsi», «Yeməkdən  əvvəl dua» (1645), «Atlının 
dayanması», «Südçü ailəsi» (1640), «Dəmirçixana» və s. onu daha çox tanıtmışdır.  
Əgər XVII əsrin I yarısı üçün incəsənətdə I yeri rəngkarlıq tutursa, 60-cı illərdən başlayaraq rəngkarlıq da 
heykəltəraşlıq kimi dekorativ xarakter daşımağa başlayaraq memarlığın təsiri altına düşür. Fransız krallarının 
sarayları bunu sübut edir.  
XVII əsrin I yarısında klassisizm rəssamlarının yaradıcılığı tənəzzülə uğrayır və XVII əsrin II yarısında 
Fransada bir nəfər də olsun samballı rəssam tapmaq olmur.  
XVIII əsrin ortalarında (maarifçilik dövründə) klassisizm üçün təkamül dövrü olur. Bu, ilk növbədə bədii 
əsərlərin ideyası ilə  əlaqədar idi. Siyasi azadlıq uğrunda mübarizədə meydana çıxan mövzu və konfliktlər 
(ziddiyyətlər) ön plana çəkilir (Volter, Lemyer). Fransa inqilabı dövründə klassisizmdə antifeodal tendensiyalar 
inkişaf edir (M.J.Şenye, David). Napoleon imperiyası zamanı isə klassisizm öz ideya-estetik məzmununu və 
dəyərini itirərək XIX əsrin əvvəllərinin rəsmi estetik doktrinasına çevrilir. 
Bəşəriyyətin bədii inkişafında klassisizm estetikası irəliyə doğru bir addımdır.  
 
 
Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin