Qədim Romanın ekspansiyası
Sonralar tarix səhnəsinə və beynəlxalq meydana çıxan romalılar ədəbiyyat,
arxitektura, fəlsəfə, elm sahələrindəki hər şeyi yunanlardan əxz etmişdilər. Yunan
mədəniyyəti Roma imperiyasının Şərqində olduğu kimi Qərbində də kök salmadı.
Roma hər tərəfdən düşmənlər tərəfindən hədələndiyindən, bu təhlükələri hərbi
ekspansiya xətti ilə qarşılamaqla, bütün italyan yarımadasını işğal etdi. Sonra o
Aralıq dənizinin ətrafına genişləndi, ərazisinə yeni işğal olunmuş torpağları əlavə
etdi. Karfageni son dəfə məğlub etdikdən sonra Aralıq dənizini Roma gölünə
çevirən romalılar nəzərlərini Aralıq dənizinin şərqindəki ellinistik dövlətlərə
tikdilər. Roma Ellinistik dünyanın siyasətinə əvvəlki dövrlərdə yunan dövlətlərinin
azadlığının müdafiəçisi kimi cəlb olundu. Makedoniya isə tam başqa səbəbə görə
b.e.ə. 148-ci ildə Roma əyalətinə çevrildi. Vaxtilə Makedoniya çarı romalıların
Kannda ağır məğlubiyyətindən sonra Hanniballa ittifaq bağlamışdı. Ona görə də
Roma Makedoniyanı özünə tabe etdi. Roma imperiyası bu hadisələrdən sonra
yaranmışdı və buradan Şərqi Aralıq dənizindəki ellinistik çarlıqların problemlərinə
cəlb olunmaqla, onlar üzərindəki ağalığa başlamışdı. Romalılar adətən hərəkət
etməkdə tərəddüd etmirdilər, müharibə elan etməyi xoşlayırdılar, müdafiə
müharibəsini isə yalnız öz müttəfiqlərini himayə məqsədilə aparırdılar. Roma
kübar liderləri meydana çıxdı ki, onlar ekspansiyanı həm şöhrət naminə, həm də
müharibənin gətirdiyi fayda hesabına sevirdilər.
Quldarlıq antik dünya üçün ümumi institut olsa da, romalılar bütün
xalqlardan daha çox qullara malik idilər. Ümumiyyətlə Şərqə nisbətən Qərbdə daha
çox qul saxlanırdı, axırıncıda bəzi təsərrüfat sahələri, məsələn əkinçilik yalnız qul
əməyinə əsaslanırdı. İşğallar Romaya daha çox qul qazandırırdı. Götürülən əsirlər
qul kimi özəl mülkiyyətə çevrilirdi. Çox sayda əcnəbi qullar başqa ölkələrdən
Romaya gətirilirdi. Əlbəttə, qulların uşaqları da qul olurdu. Yunan mənşəli qullara
müəllim, musiqiçi, həkim və rəssam kimi böyük tələbat var idi. İri torpaq
malikanəsi olan latifundiyalarda iri qul dəstələri işləyirdi, onlar olduqca ağır,
acınacaqlı bir şəraitdə yaşayırdılar. Görkəmli dövlət xadimi Böyük Katon qeyd
edirdi ki, qulu ölənədək işlətmək və onları sonra başqası ilə əvəz etmək, onlarla
yaxşı davranmaqdan səmərəlidir. Qullar sərt cəzalara, işgəncələrə, iyrənc sui-
istifadələrə məruz qalırdılar.
Roma respublikası antik dövrdə ən iri imperiyalardan birini yaratdı.
Avropadakı torpaqların çox hissəsini işğal etdi, həmin ərazilərdə Roma
mədəniyyəti və siyasi ideyaları tədricən yayıldı. Müasir roman dinləri – fransız,
italyan, ispan, portuqal və rumın dilləri, latın dilinin bünövrəsi üzərində
yaranmışdır. Qərəzsiz istintaq və jüri məhkəməsi barədəki Qərb praktikası da daha
çox Roma hüququna borcludur. Romalılar öz istedadlarının abidələrini bütün
Avropada qoyub getmişdilər, bunlara akveduklar və yollar daxildir. Roma
inzibatçılığının bəzi cəhətləri əsrlər boyu özünü Qərb dünyasında göstərdi.
Romalılar həmçinin yunan-roman antik dünyasının intellektual irsini də qoruyub
saxlayırdılar.
290
Üçüncü əsrdən başlayaraq Roma dünyası tənəzzül dövrünü yaşamağa
başladı. Generallar bir-birilə vətəndaş müharibələri aparırdılar. German tayfaları və
Persiya orduları imperiyaya müdaxilə edirdilər. Taun xəstəliyi yayılır, əhalinin
sayının azalması və iqtisadi problemlər baş verirdi. Yeni din olan xristianlıq bütün
imperiyaya yayılmışdı.
Köhnə Roma imperiyasının şərq hissəsi, mədəniyyətində yunan tipinin
artması və böyüməsi ilə Bizans imperiyası kimi öz varlığını davam etdirdi. Həmin
vaxt german çarlıqları Qərbdə kök salırdı.
Roma imperiyası Avqust hökmranlığının sonundan Trayan hakimiyyətinin
başa çatmasına qədər Avropada Qalliyanı, İspaniyanı, Dakiyanı, Britaniyanı,
Balkan yarımadasını, Afrikanın bütöv şimalını, Asiyada isə bütün Kiçik Asiya
ərazisini, Suriya, İudeya və Mesopotamiyanı əhatə edirdi. Onun şərq sərhədində
Parfiya və Ərəbistan yerləşirdi. IV əsrin başlanğıcından isə Köhnə Roma
imperiyası parçalanmışdı, Şərqdə Mesopotamiya itirilmişdi. Bu vaxt Roma
imperiyası şərqi və qərbi hissələrdən ibarət iki yerə bölündü. “Roma sülhü”
adlanan Pax Romana ərazilərində artıq imperator həmişə olduğundan daha böyük
hakimiyyətə malik idi. IV əsrin əvvəllərində hakimiyyətə gələn Konstantin tikinti
proqramları ilə xüsusilə maraqlanırdı. Əyalətlərdə böyük miqyasda inşaat işləri
aparıldığından Roma sadəcə simvolik paytaxta çevrildi. Bu vaxt sərhədlərdən uzaq
olan imperial mərkəz meydana gəldi. İmperator Konstantinin ən böyük proyekti
324-cü və 330-cu illər arasında Şərqdə yeni paytaxtın salınması idi. Bu,
“Konstantin şəhəri” və ya Konstantinopol adlanmaqla yunan şəhəri Vizantium
tərəfdə tikilmişdi, Bosfor boğazının sahillərində yerləşirdi. Konstantinopol (indiki
İstanbul) müdafiə məqsədləri üçün böyüdü, şəhər həm də çox mühüm strateji
nöqtədə yerləşirdi. Forumuna, iri meydanlarına və geniş amfiteatrına görə onu
“Yeni Roma” adlandırırdılar. Burada sonrakı illərdə yenicə qəbul edilmiş xristian
dininin kilsələri tikildi.
Lakin Konstantinin ölümündən sonra imperiya qərb və şərq hissələrinə
bölünməkdə davam edirdi. 395-ci ildən imperiyanın bu iki hissəsi faktiki olaraq
müstəqil dövlətlərə çevrildilər. V əsrdə Qərb imperiyası germanların hücumu ilə
süquta uğradı və german çarlıqları ilə əvəz edildi. 476-cı ildə german mənşəli
Odoakr Roma (Qərbi) imperatorunu devirdi və özünü german çarı elan etməklə,
Şərqi Roma imperatoruna nəzəri olaraq tabe olacağını bildirdi.
Əslində isə V əsrin sonunda Qərbdə Roma imperial hakimiyyəti başa çatdı
və onun intellektual, idarəetmə və mədəni ənənələri yeni german çarlıqlarında
yaşamasını davam etdirdi.
Roma imperiyası öz qüdrətinin zirvəsində olanda da ona qarşı qiyamlar,
mübarizə cəhdləri ara vermirdi, həm də Parfiya onun üçün ciddi təhlükəyə
çevrilmişdi. Ümumiyyətlə, romalılara nifrət güclü idi. Romanın özündə vətəndaş
müharibəsi baş verəndə düşmənlər onun hərbi və siyasi zəifliyindən istifadə
etməyə çalışırdılar. Pont çarı VI Mitridat Yevpator b.e.ə. 88-ci ildə Müttəfiqlər
müharibəsindən istifadə edib, Kiçik Asiyadakı bütün Roma ərazilərini tutmağa
çalışdı. Mitridatla müharibə Roma sərkərdələri Sulla və Mari arasındakı vətəndaş
müharibəsi ilə bir vaxta düşdü və bu müharibədə Mitridat mühüm uğurlar qazandı.
291
Bundan sonra o, Kiçik Asiya əhalisini romalılara qarşı üsyana çağırdı və bir günün
ərzində 80 min nəfər romalını və italiki öldürməyi əmr etdi. Böyük alman tarixçisi
Teodor Mommzen bu hadisəni belə qələmə alır: “Çar Efesdən ona tabe olan bütün
valilərə əmr göndərdi ki, bir gündə orada olan bütün italikləri, azad və ya qeyri-
azad olmalarından asılı olmayaraq öldürsünlər. Sərt cəza qorxusu altında, məhkum
olanlara xilas olmalarında kömək göstərmək qadağan olunurdu. Mitridat göstəriş
verdi ki, öldürülənlərin cəsədini yeyilmək üçün quşlara atsınlar, əmlaklarını
müsadirə edib, yarısını qatillərə versinlər, digər yarısını isə çara çatdırsınlar. Bu
dəhşətli əmrlər hər yerdə dəqiqliklə yerinə yetirildi. 80 min, başqa mənbələrə görə
150 min, əgər günahsız olmasalar da, ancaq silahsız olan kişi, qadın və uşaq bir
gündə Kiçik Asiyada soyuqqanlılıqla qətlə yetirildi”. Tarixçi hansısa qəribə hissin
təsiri altında bu dəhşətli qırğında asiyalıların cəllad rolunda sultana xidmət etmək
nümunəsini görür, bunun intiqam hissindən yuxarı olduğu qənaətinə gəlir. Əslində
isə o vaxtlar heç yerdə sultan ifadəsi işlənmirdi, bu titul yalnız türklərə məxsusdur
və onlar da o vaxtlar tarix səhnəsində hələ gözə dəyməmişdilər. Elə bil ki, Qədim
Romanın görkəmli tədqiqatçısına bu dövlətin məşhur sərkərdələrinin həm
Avropada, həm Asiyada, həm də Afrikanın şimalında axıtdığı qan çayları məlum
deyildi. Axı romalılar təkcə Karfageni qəddarlıqla məhv etməklə kifayətlənməyib,
şəhərin yerini şumlamış və ona duz səpmişdilər. Qay Yuli Sezarın özünün təsdiq
etdiyi kimi, səkkiz il ərzində 800-dən çox şəhəri hücumla tutmuş, romalılara qarşı
mübarizə aparan üç milyondan bir milyonunu məhv etmiş, bir milyonunu isə əsir
götürmüşdü. Təkcə qalların Aleziya şəhəri işğal edildikdən sonra o, hər bir
əsgərinə bir qul bağışlamışdı. Görən onda ömrü boyu müharibə allahı Marsa
xidmət göstərən Sezara haqq qazandırmaq mümkündürmü? Şərqdə həlak olan
nisbətən az sayda romalılarla, ümumiyyətlə onlarla aparılan müharibələrdə
öldürülən şərqlilərin kəmiyyəti arasındakı fərq olduqca böyük olduğundan, belə bir
müqayisəni aparmağa da ehtiyac qalmır.
İslam dininin və imperiyasının yaranması
VII əsrin əvvəlində Şərqdə, qarşıdakı dünya tarixinə mühüm təsir göstərəcək
bir hadisə baş verdi - Ərəbistanda islam dini meydana gəldi. Bu din özündən
əvvəlki dinlərlə: iudaizmlə, zoroastrizmlə və xristianlıqla bir sıra bənzər cəhətlərə
malik olsa da, onlardan həm də ciddi surətdə fərqlənirdi. Ən mühüm fərqlərdən biri
o idi ki, özünü onu yaradanın adı ilə deyil, ərəb dilindən tərcümədə “itaət”, yəni
“Allahın iradəsinə itaət” mənasını verən “islam” kimi adlandırmışdı. Əvvəlki
dinlər isə öz adlarını baniləri olan Buddanın, Zərdüştün (Zoroastrın) və Xristin
adından götürmüşdü. İslam dini həm də başqalarına nisbətən daha demokratik din
idi, ona sitayiş edənlərin hamısını qardaş elan edirdi. Bu isə islam dininə bütün
inanc gətirənlərin irqi, milli, dil fərqindən asılı olmayaraq bərabər olmasına şərait
yaratdı. İslamın dini mərkəzi yoxdur və o klerikal ierarxiyanı qəbul etmir. Ona
görə də müsəlmanlar hansısa dini xadim vasitəsi ilə deyil, özləri Allahla bilavasitə
əlaqə yaratmaq imkanına malik olurlar.
İslamın beş dayaq sütunlarında dinə sitayiş edənlərin bilavasitə vəzifələri
292
ifadə olunur. Bunlara Allaha və onun peyğəmbəri kimi Məhəmmədə inam
gətirmək, gündə beş dəfə standart dua etmək (namaz qılmaq) və cümə günü
günorta ictimai dua ibadəti; müqəddəs ay olan Ramazanda səhər şəfəqlərindən gün
batana qədər oruc tutmaq; ömürdə bir dəfə də olsa həcc kimi tanınan Məkkəyə
ziyarət etmək; əgər imkan varsa kasıblara və bədbəxtlərə ianə vermək. Bu
qaydalara əməl edən möminlərə cənnətdə əbədi yer vəd edilirdi.
İslam təkcə dini inanc deyildi, həm də həyat yolu idi. Məhz bu səbəbdən də
islama sitayiş edənlərin gündəlik həyatını nizamlayan qaydalardan ibarət “Şəriət”
adlanan qanun məcəlləsi yaradılmışdı. Şəriətin çox sayda müddəaları
müsəlmanların müqəddəs kitabı olan Qurandan götürülmüşdü. Beş dayaq
sütununda ifadə olunan göstərişlərlə yanaşı müsəlmanlara spirtli içki, qumar və
zinanın haram və günah hesab edilməsi şəriətin müddəalarına daxildir. İslamın
totalitar mahiyyəti öz başlanğıcını şəriətdən göturür.
İslam dininin meydana çıxması da təsadüfi bir hal deyildi. Cənubi-Qərbi
Asiyada yaşayan ərəblər uzun tarixə malik olmaqla, Ərəbistan yarımadasında
yaşayırdılar. Burada daim öz mal-qarasına su və qida axtaran bədəvilər ağalıq
edirdilər. İlkin dövrlərdə onlar əsasən qoyun otarmaqla və ya ötüb keçən karvanları
soymaqla dolanırdılar. Sonralar onlar karvan ticarəti ilə məşğul olmağa
başlamışdılar, İran körfəzi ilə Aralıq dənizi arasında baş əmtəə daşıyıcılarına
çevrilmişdilər. Əvvəllər ərəblər çoxallahlı idilər, lakin həm də Allah adlanan ali bir
allah var idi ki, o, digər allahları idarə edirdi. Burada heç bir keşiş yox idi və
tayfanın bütün üzvləri inanc praktikasına cəlb edilmişdilər. Allah müqəddəs daşda
rəmzlənirdi və hər tayfa öz daşına malik idi. Bütün tayfalar həm də iri qara
meteoritə - Qara Daşa sitayiş edirdilər və bu daş Məkkə şəhərindəki sonralar qiblə
kimi tanınan Kəbə adlanan mərkəzi məsciddə yerləşirdi.
Bizim eranın V və VI əsrlərində Ərəbistan yarımadası yeni əhəmiyyət kəsb
etməyə başladı. Aralıq dənizindən başlanan ticarət yolu Məkkədən keçib Yəmənə
gedirdi. Ərəbistan dənizində və Hind okeanında üzən gəmilər daha populyar oldu
və Ərəbistan yarımadasındakı Məkkə kimi icmalar karvan ticarəti nəticəsində
inkişaf etməyə başladı. Bunun nəticəsi kimi, səhradakı bədəvilərlə şəhərlərdə var-
dövləti artan tacir sinifləri arasındakı gərginlik yüksəlməyə başladı. Bu gərgin
dünyada Məhəmməd peyğəmbər meydana çıxdı.
Məkkədə tacir ailəsində doğulan Məhəmməd (bu söz hərfi mənada
“təriflənən” mənasını verir) (570-632-ci illər) beş yaşından yetim qalmışdı. O,
karvanı idarə edən kimi böyüyürdü və onu işə götürmüş varlı dul qadınla evləndi.
Onun ömrünün ortalarında (40 yaşında) gözünə bir sıra görünmələr dəydi, vəhylər
çatdırıldı. O, inandı ki, bunlar məhz Allah tərəfindən təlqin edilir. Allah artıq öz
varlığını Moisey və İisus vasitəsilə, yəhudi və xristianlara nazil etdiyi kitablar
vasitəsilə bildirmişdi. Mələk vasitəsilə Məhəmmədə çatdırılan vəhylərdən isə
Quran meydana gəlmişdi. Quran Allah tərəfindən nazil olmaqla, onun ardıcıllarının
necə yaşamalı olduğunu göstərən rəhbər bir sənəd idi. Allah ən qüdrətli varlıq
olmaqla kainatı və onda olan hər şeyi yaratmışdır. İnsanlar əgər əbədi həyata
çatmağa arzu edirlərsə, özünü Allaha tabe etməlidir. Ona sitayiş edənlər “islamı
tətbiq edən” mənasını verən “müsəlmanlar” adlanırlar.
293
Vəhyləri qəbul etdikdən sonra Məhəmməd Məkkə əhalisini inandırmağa
çalışdı ki, onlar doğrudur. Əvvəlcə çoxları elə düşünürdü ki, o, dəlidir, bəziləri onu
sehrbaz adlandırırdı, digərləri isə qorxurdular ki, onun öz ətrafındakı pozulmuş
cəmiyyətə hücumları artıq qoyulmuş sosial və siyasi qaydaları dağıdacaqdır. Hətta
öz doğma tayfası olan gureyşlilərin əksər hissəsi də ona müxalif mövqədə
dayanırdı. Məkkəlilərin onun mesajını qəbul etməməsi ilə uğursuzluğa düçar
olmasından narazı qalan Məhəmməd onu yaxından dəstəkləyənlərlə 622-ci ildə
doğma şəhəri tərk edib, şimaldakı rəqib şəhər olan, sonralar Mədinə
(“Peyğəmbərin şəhəri”) adlanan Yasribə köçdü (hicrət etdi). Mədinəyə köç ili
tarixdə “hicri” – “yola düşmək” mənasını verən kimi tanınır və islamın rəsmi
təqviminin birinci ili hesab olunur.
Məhəmməd Mədinəyə bu şəhərin bir sıra görkəmli adamları tərəfindən dəvət
edilmişdi və tezliklə təkcə onun sakinlərinin deyil, həm də şəhər ətrafındakı bədəvi
tayfaların üzvlərinin də dəstəyini qazandı. Bu qruplardan o, ilk müsəlman icmasını
yaratdı. Müsəlmanlar siyasi və dini hakimiyyət arasında heç bir fərq görmürdülər.
Allahın iradəsinə tabe olmaq onun peyğəmbəri Məhəmmədə tabe olmaq demək idi.
Məhəmməd tezliklə həm dini, həm də siyasi liderə çevrildi. Mədinədə onun
inzibatçılıq istedadı da üzə çıxdı. Onun siyasi və hərbi ustalığı ona güclü hərbi
qüvvə yaratmağa imkan verdi və o, bir neçə uğurlu döyüşü arxada qoyaraq, 630-cu
ildə bu qüvvə ilə Məkkəyə qayıtdı. Doğma şəhərində onu artıq qalib kimi
qarşıladılar və şəhər sakinlərini yeni dinə cəlb etdi. Məhəmmədin ideyaları buradan
tezliklə ətrafdakı Ərəbistan yarımadasına yayıldı və qısa müddət ərzində ərəb
cəmiyyətinin dini və siyasi cəhətdən birləşməsinə səbəb oldu.
İslamın ürəyində onun müqəddəs kitabı olan Quran dururdu və onun təməl
xəbəri ondan ibarət idi ki, Allahdan başqa allah yoxdur (“Lailahəilləllah”) və
Məhəmməd onun peyğəmbəridir (“rəsuludur”). Ən mühüm cəhət o idi ki, Quran
səmavi kitab olmaqla Məhəmmədə vəhy edilən müddəaları özündə əks etdirirdi.
114 fəsildən (surədən) ibarət olmaqla Quran müsəlmanların dininin ehkamlarından
xəbər verməklə yanaşı, onlar üçün əxlaq və qanun kodu kimi xidmət edir.
İslam birbaşa istiqamətlənmiş və sadə inam idi, Allahın iradəsinə tabe olmaq
lüzumunu vurğulayırdı. Məhəmməd peyğəmbər bu dinin köməyi ilə, həm də
özünün ona həsr olunmuş və siyasi fəaliyyəti ilə ərəbləri vahid dövlətdə
birləşdirməyə nail oldu. Bu vaxta qədər isə ərəblər müxtəlif dinlərə sitayiş
edirdilər, ardı-arası kəsilməyən tayfa münaqişələri ilə bölünmüşdülər. Bütün
dinlərə məxsus olan insanları birləşdirmək vəzifəsi islam dini tərəfindən böyük
uğurla həyata keçirilməyə başladı.
Başqa dinlərlə müqayisəsinə gəldikdə üç dünya monoteist dini (iudaizm,
xristianlıq və islam) aralarındakı münaqişələrə baxmayaraq, bir-birlərinə çox
bənzəyirdilər. Onların ehkamlarının bir çoxu iudaizmin əsaslarından irəli gəlirdi.
Hər üç inanc vahid Allah barədəki doqmatdan irəli gəlir. İslam ilahiyyatı nisbətən
cavan olsa da, bütün hallarda xristianlıqdan daha müdrikdir, çünki xristianların
Müqəddəs Üçlük (Ata, Oğul və Müqəddəs ruh) barədəki düşüncələrlə ağırlaşmır.
İslama inam gətirmək həm də Allahla birbaşa əlaqənin din xadimlərinin və
məscidin timsalında vasitəçilərsiz olmasını əsas götürür.
294
Məhəmməd peyğəmbərin vəfatından sonra onun ardıcılları dilemma
qarşısında qaldılar. Məhəmməd ilahi qüvvə olmasa da, Qurana görə “Kim ki,
Rəsula tabe olur, demək Allaha tabe olur” ehkamı ona az qala ilahi qüvvə
imkanları verirdi. Ölümü ərəfəsində o, heç vaxt öz varisinin adını çəkmədi,
beləliklə bəlkə də öz ətrafının gələcək taleyinə qarışmaq istəməmişdi. Onun öz
oğlu yox idi, daha doğrusu sağ qalmamışdı, ancaq bir neçə qızı var idi. Kişinin
mühüm rol oynadığı cəmiyyətdə dini icmanı kim idarə etməli idi? Məhəmməd
peyğəmbərin vəfatından az sonra onun yaxın ardıcıllarından bir neçəsi
Məhəmmədin qayınatası, varlı tacir olan Əbu Bəkri xəlifə və ya islam icmasının
dünyəvi lideri seçdilər.
Məhəmməd və ona varis olan ilkin xəlifələr ərəb tayfa adəti olan raziyyədən
və ya düşmənlərə qarşı mübarizədə yürüş keçirməkdən istifadə edirdilər. Bəziləri
bu hərbi fəaliyyəti cihad adlandırırdı, onlar bunu müqəddəs müharibə kimi izah
edirdilər. Cihad həqiqətən də “Allahın yolu ilə mübarizə aparmaq”la şəxsi rifaha
çatmaq mənasını verir.
Ərəb işğalları digər adamları və ya xalqları bu dinə çevirmək məqsədini
güdmürdü, ona görə də islama keçmək tam könüllü qaydada baş verirdi. Kim islam
dininə keçmirdisə, ondan yalnız müsəlman idarəçiliyinə tabe olmaq və vergi
ödəmək tələb olunurdu. Müsəlman olmayan əhaliyə müəyyən məhdudiyyətlər və
can vergisi qoyuldu, bu isə əsasən sonralar baş verdi.
Ərəblər Əbu Bəkrin başçılığı altında birləşdikdən sonra öz nəzərlərini
qonşudakı xalqlara qarşı yönəltdilər. Bizanslılar və persiyalılar yenicə birləşmiş
ərəblərin qüvvəsini ilk hiss edənlər oldular. 636-cı ildə Yarmukda müsəlmanlar
Bizans ordusunu məğlub etdilər və 640-cı ildə isə onlar Suriya əyalətini öz
ağalıqlarına tabe etdilər. 637-ci ildə ərəblər şərqdə pers qüvvələrini məğlub etdilər
və sonra 650-cı ildən bütün Persiya imperiyasını işğal etdilər. Bu vaxt Misir və
Şimali Afrikanın digər zonaları yeni müsəlman imperiyasının ərazisinə əlavə
olundu. Bir sıra əla sərkərdələr ərəbləri iri miqyaslı və yüksək məqsəd güdən
orduda birləşdirdilər, əgər döyüşdə həlak olsalar onlara cənnətdə yer veriləcəyi
təminatına inam döyüşçülərin igidliyini daha da artırırdı.
İlkin xəlifələr imperiyanı Mədinədən idarə etməklə, yeni işğal edilmiş
əraziləri vergi ödəyən əyalətlər kimi təşkil etdilər. VII əsrin ortalarından Əlinin
xəlifəliyinə qədər peyğəmbərin varisliyi üzərində problemlər yaranır və mübarizə
gedirdi. Məhəmmədin kürəkəni Əli öldürüldü və Suriya valisi, Əlinin baş
rəqiblərindən biri olan sərkərdə Müaviyə 661-ci ildə xəlifə oldu. Onu sünnülər
Məhəmmədin qoyduğu liderlik nümunəsindən uzaqlaşdığına görə o qədər də
sevmirdilər. Əli tərəfdarları olan şiələr isə xəlifəliyi öz liderlərinin əlindən
uzurpasiya edib aldığına görə ona nifrət edirdilər. Lakin o, islam tarixində həlledici
gücə malik olan az sayda xəlifələrdən biri hesab olunur. Onun bir xüsusi cəhəti
ondan ibarət idi ki, gücdən yalnız ehtiyac olanda istifadə edirdi. O, deyirdi ki,
“Mən heç vaxt qamçının gördüyü iş üçün qılıncımı işə salmıram, dilim gördüyü
işdə qamçıdan istifadə etmirəm”. O, ləngimədən hərəkət edib, xəlifəliyi öz nəsli
üçün irsi etməyə nail oldu, beləliklə Əməvi sülaləsini yaratdı. İlk addımlarından
biri Əməvilərin müsəlman imperiyasının paytaxtını Mədinədən Suriyadakı
295
Dəməşqə köçürmək oldu. Xəlifəlik üzərindəki ixtilaf islamda Əlinin törəmələri və
həqiqi idarəedənlər kimi hesab olunan şiələrlə, həqiqi xəlifələr olan Əməvilərin
törəməsi olduqlarını iddia edən sünnülər arasında bölünmə meydana gəldi. İslamın
belə parçalanması bizim günlərə qədər davam edir və hətta beynəlxalq
münasibətlərə də öz təsirini göstərməmiş qalmır.
Lakin daxili ixtilaf islamın ekspansiyasını dayandırmadı. VIII əsrin
başlanğıcında Aralıq dənizinin qərb və şərq qurtaracaqlarına yeni hücumlar həyata
keçirildi. Şimali Afrikadakı uğurlarından sonra, müsəlmanlar Gibraltar boğazını
keçib, 711-ci ildə İspaniyanın içərilərinə girdilər. Vestqot çarlığı süqut etdi və 725-
ci ildən İspaniyanın əksər ərazisi paytaxtı Kordoba olmaqla müsəlman dövlətinə
çevrildi. 732-ci ildə müsəlman ordusu Cənubi Fransaya yürüş edəndə, Puatye
yaxınlığında məğlub edildi. Avropada müsəlman ekspansiyası dayanmağa məcbur
oldu.
Bu vaxt, 717-ci ildə müsəlman qüvvələri Bizans imperiyasını məhv etmək
ümidi ilə Konstantinopola hücum etdilər. 718-ci ilin yazında bizanslılar müsəlman
donanmasını darmadağın etdilər və Bizans imperiyasını, müəyyən dərəcədə isə
xristian Avropasını xilas etdilər. Çünki Konstantinopolun yıxılması, heç şübhəsiz,
Şərqi Avropaya müsəlman müdaxiləsinə qapıları açacaqdı. Bizans imperiyası və
islam bu vaxt Cənubi Kiçik Asiyada yüngül sayılmayan bir sərhəd qurdular.
Ərəb irəliləyişi nəhayət sona çatdı, lakin bu köhnə Roma imperiyasının
Cənubi və Şərqi Aralıq dənizi hissələrinin işğalından əvvəl baş vermədi. İslam
həqiqətən də köhnə Roma imperiyasının varisinə çevrildi. İmperiyanın bu hissəsi
inkişaf etmiş ərazi idi və yeni Ərəb imperiyası onun işğalından böyük fayda
götürdü.
Əməvi sülaləsi bu vaxt nəhəng imperiyanı idarə edirdi, Bizans və Persiya
sivilizasiyaları ilə əlaqədə olmuşdu. Nəticədə, yeni Ərəb imperiyası yunan
mədəniyyətinin, həmçinin qədim Yaxın Şərqin köhnə sivilizasiyasının təsirinə
məruz qaldı. İşğalçıların uşaqları yeni qaydada təhsil alırdılar və parlaq mədəniyyət
yaradırdılar. Bu mədəniyyət Qərbi Avropaya da hökmən öz intellektual təsirini
göstərməmiş qalmadı.
İslamın tarixində heç vaxt məcburi şəkildə başqa dinə mənsub olanların
islama keçməsi baş verməmişdi, islam imperiyasının işğalları da yerli əhalinin
müsəlmanlığa kütləvi qəbul edilməsi ilə müşayiət olunmamışdı. Yalnız sonralar
osmanlıların Balkanları zəbt etməsi vaxtı iki yerdə - Bosniya və Hersoqovinada və
Albaniyanın bir hissəsində əhali kütləvi şəkildə islam dininə keçmişdi. Ona görə də
islamın yayılmasını işğallarla, silah gücünə baş verdiyini iddia etmək
ədalətsizlikdir, böhtandır. Ərəb ordusunun ayağı dəymədiyi yerlərdə də başqa
dinlərdən islama keçmək baş verirdi, çünki yəhudilərin dinindən fərqli olaraq
başqa dinlərdən islama keçmək qadağan olunmurdu. Allaha inam gətirən hər bir
adam üçün bu dinin qapıları açıq idi. XV əsrdə Malakka yarımadasındakı eyni adlı
krallığın banisi knyaz Parameşvara müsəlmanlığa keçmişdi. Burada ərəb
ordusundan əsər-əlamət yox idi. Bu hərəkəti ilə o, tacirlərin, xüsusən də ərəb
tacirlərinin dəstəyinə yiyələndi, həm də XIII əsrin sonundan islamın yayıldığı
Sumatranın şimali-qərb hissəsindəki dövlətlərlə onun yaxınlaşmasına şərait
296
yarandı. Bu dövlətlər isə Malakka boğazına nəzarət edirdilər. Beləliklə, boğazın
hər iki tərəfində müsəlman knyazlıqları meydana gəldi. İslam buddizmi və
induizmi dinc qaydada sıxışdırıb, Malakka yarımadasının bütün ərazisində hakim
din oldu. Bu dövlətlərdə, onların vasitəsi ilə İndoneziyada müsəlman mədəniyyəti
yayılmağa başladı.
Müasir dövrdə də islam heç bir silaha əl atmadan, hansısa zəfər təntənələri
keçirmədən uğurla yayılır. Terrorçuların əməllərindən islam heç də fayda
götürmür, yalnız ziyan çəkir. Xristianliqdan və başqa dinlərdən müsəlmanlığa
keşid adi və az qala hər gün təkrar olunan bir hadisə olduğu halda, müsəlmanlıqdan
xristianlığa keçid nadir hal xarakteri daşıyır və bunu kilsə xüsusi canfəşanliqla
qeyd edir. Vaxtılə İran şahı Məhəmməd Rza Pəhləvinin kiçik bacısının və onun
ərinin xristianliğa keçməsi böyük hay-küyə səbəb olmuşdu. 2008-ci ildə Pasxa
bayramı təntənələri vaxtı Maqdi Allam adlı bir nəfərin islamdan xristianliğa
keçməsi xüsusi mərasimə səbəb olmuşdu və papa XVI Benedikt özü bu tədbirdə
iştirak etmişdi. Mərasim həmin nadir hadisədən şadlanmaq əlaməti olmaqla yanaşı,
həm də bunun təkrarına çağırış rolunu oynayırdı.
İslam yalnız bütpərəstliyə qarşı mübarizə aparırdı, bu sahədə də iudaizmin
və xristianlığın daha geniş miqyaslı qarşıdurmasına əl atmamışdı. Roma
imperiyasında erkən xristianlığın bütpərəstliyə qarşı mübarizə şüarı altında antik
dövrün bütün mədəni abidələri məhv edilmişdi. O dövrdən yalnız bircə nümunə -
filosof-imperator Mark Avrelinin at üstündəki heykəli qalmışdır. Xristianlar
səhvən bu abidənin öz inanclarını ilk dəfə rəsmi din elan edən imperator
Konstantinə məxsus olduğunu güman edərək, ona toxunmamışdılar. Təkallahlı
dinlərə sitayiş edənlərə müsəlmanlar “kitab əhli” kimi baxdıqlarından, onları
himayə edirdilər. Belə bir qənaətə gəlmək olur ki, yarandığı gündən islam başqa
monoteist dinlərə qarşı daha faydalı tolerantlıq göstərmişdi, bunu isə biz başqa
dinlərin təcrübəsində görmürük.
Dini dözümlülük islam icmalarının sayca üstünlük təşkil etdiyi çox sayda
konfessiyaların mövcud olduğu şəhərlərdə özünü daha aydın göstərirdi. 1572-ci
ilin avqustunda, 23-dən 24-ə keçən gecə - Bartolomey gecəsində Parisdə
xristianlığın iki qolunun – katoliklərlə huqenotların düşmənçiliyi kütləvi qan
axıdılmasına səbəb olmuşdu. Katoliklər huqenotlarla haqq-hesabı çürütmək üçün
bir gecədə Fransanın paytaxtında 3 min nəfərə qədər öz dinlərinə məxsus olan,
ancaq kilsənin eybəcərliklərini qəbul etməyən xristianları qırmışdılar. Bütün ölkə
üzrə olan qırğınlarda isə 20 min nəfərə yaxın huqenot öldürülmüşdü. Elə həmin
vaxt Osmanlı imperiyasının çox millətli və çox konfessiyalı paytaxtı İstanbulda
dinc həyat hökm sürürdü, ayrı-ayrı dinlərə məxsus olanlar qonşuluqda münaqişəsiz
yaşayırdılar. Onlar bir-biriləri ilə ticarət edir və digər fəaliyyət sahəsində
əməkdaşlıq edirdilər. İslamın tolerantlığına çox sayda belə misallar gətirmək olar.
Dostları ilə paylaş: |