hərbi hissə və birləşmələrin komandirlərini, generalları (admiralları), eləcə də həqiqi hərbi xidmətdə vəfat etmiş və istefada (ehtiyatda) olan milli və başqa qəhrəman adına layiq görülmüş zabitləri, eləcə də milli və başqa qəhrəman adına və ya Şöhrət ordeninin bütün dərəcələrinə layiq görülmüş digər şəxslərin dəfnində — qarnizon rəisinin (hərbi komissarın) xüsusi sərəncamına görə. Taqım və ondan böyük bölmə heyətində olan fəxri mühafizə dəstəsi çexolsuz, matəm lentləri taxılmış Döyüş Bayrağı ilə olmalıdır. 336. Dəfn mərasimi üçün fəxri mühafizə dəstəsindən başqa, aşağıdakılar təyin edilir: orkestr; cənazəyə fəxri qarovul; tabutu (cənazəni) məzara qoymaq üçün çavuşun komandası altında 8-10 nəfər silahsız əsgər, yaxud matros. Tabutu (cənazəni) aparmaq üçün avtomobil, yaxud top lafeti ayrılır. Orden və medalları aparmağa, hər bir orden və medal sancılmış balışcıq üçün bir adam təyin olunur; həm də nəzərə alınmalıdır ki, bu balışcıqları aparmağa generallar (admirallar) və zabitlər dəfn edildikdə generallar (admirallar) və ya zabitlər təyin edilir, gizirlər (miçmanlar), çavuşlar və əsgərlər (matroslar) dəfn edildikdə isə gizirlər (miçmanlar), çavuşlar və əsgərlər (matroslar) təyin edilirlər. Azərbaycan Respublikasının hər bir ordeni bir balışcığa sancılır, medallardan hər balışcığa bir neçəsi sancıla bilər. Tabutun qapağının üstündə mərhumun baş geyimi, Hərbi Dəniz Donanması Hərbi qulluqçularının isə bundan başqa kortiki bərkidilir. 337. Xidmət etdiyi hərbi hissədə vəfat etmiş hərbi qulluqçunun dəfni üçün fəxri mühafizə və dəfn dəstəsini hərbi hissə komandiri təyin edir. Mərhumun cənazəsinin götürülməsi, dəfn yeri və vaxtı haqqında hərbi komendanta məlumat verilir. Hərbi qulluqçunun öz daimi xidmət yerindən kənarda vəfat etdiyi hallarda fəxri mühafizə və dəfn dəstəsini mərhumun vəfat etdiyi yerin qarnizon rəisi təyin edir. 338. Əgər vəfat etmiş hərbi qulluqçu başqa şəhər, yaxud kənddə dəfn ediləcəksə, mərhumun cənazəsi (tabutu) fəxri mühafizə dəstəsi və orkestrlə şəhərin kənarına (vağzala, aeroporta, limana, körpüyə) qədər müşayiət edilir. Mərhumun cənazəsi olan tabutu yolda dəfn yerinə qədər müşayiət etmək üçün hərbi hissə komandirinin, yaxud qarnizon rəisinin (hərbi komissarın) əmri ilə iki-dörd nəfər adam ayrılır. Hərbi qulluqçunun vəfat etdiyi hərbi hissənin komandiri (qarnizon rəisi, hərbi komissar) tabutun dəfn yerinə çatması, eləcə də onun yolda bir nəqliyyat vasitəsindən başqasına yüklənməsi vaxtları haqqında müvafiq qarnizon rəisini (hərbi komissarı) ən geci bir sutka qabaqcadan xəbərdar etməlidir.
Tabutu qarşılamaq və dəfn yerinə qədər müşayiət etmək üçün fəxri mühafizə və dəfn dəstələri bu Nizamnamənin 335 və 336-cı maddələrinə müvafiq təyin edilir. 339. Hərbi qulluqçunun vəfatı haqqında onun yaxın qohumlarını elə o gün xəbərdar etmək hərbi hissə komandirinin (qarnizon hərbi komendantının) vəzifəsidir. 340. Qarnizon hərbi komendantı fəxri mühafizə və dəfn dəstələri təyin edilən hərbi hissə komandirini, bu dəstələrin gəlmə yeri, vaxtı və geyim forması haqqında qabaqcadan xəbərdar edir. Dəfn mərasimində iştirak edən gizirlər (miçmanlar), zabitlər və generallar (admirallar) gündəlik geyim formasında və hərbi komendantın sərəncamı ilə sol qollarında matəm sarğısı olmalıdır. 341. Cənazə olan tabutun yanına fəxri qarovulun qoyulma vaxtını qarnizon rəisi (hərbi hissə komandiri) təyin edir. Qarovul öz heyətindən iki cüt saatdar qoyur. Saatdarlar avtomatları «döşdə» (karabinləri «ayaqda») olmaqla «farağat» vəziyyətində dururlar. Saatdarların bir cütü tabutun hər iki tərəfində, ondan iki addım yandı, baş tərəfdə, ikinci cütü ayaq tərəfdə durur. Saatdarların hər bir cütü o biri cütlə üz-üzə durur. Saatdarların sol qolunda matəm sarğısı olmalıdır. Tabutun yanında duran saatdarlar 332-ci maddədə göstərildiyi kimi dəyişilirlər. Mərasim hərəkətdə ikən və tabut məzara qoyulduğu vaxt saatdarlar dəyişilmir. 342. Mərhuma ehtiram göstərmək üçün hərbi hissələrin (müəssisələrin, idarələrin) ictimai təşkilatların nümayəndələrindən ibarət fəxri saatdarlar qoyula bilər. Onlar silahsız, başıaçıq, sol qollarında matəm sarğısı olmaqla saatdarların yanında kənar tərəfdən bir-iki addımlıqda durur və hər 3-5 dəqiqədən bir dəyişilirlər. 343. Fəxri mühafizə dəstəsi cənazənin götürüləcəyi yerə gəldikdə, üzü cənazənin çıxarılacağı qapıya tərəf açıq sırada düzülür. Orkestr dəstədən üç addım sağda düzülür. 344. Fəxri mühafizə dəstəsi və fəxri qarovul dəfn mərasimi vaxtı əsgəri salam vermir. 345. Tabut binadan çıxarılarkən irəlidə bir-birindən üç-beş addımlıq distansiyada biri o birinin arxasınca əklil aparan hərbi qulluqçular, onların arxasınca həmin distansiyalarda orden və medallar sancılmış balışcıqları aparanlar (orden və medallar böyüklük dərəcəsi ilə), onlardan sonra tabutu aparan hərbi qulluqçular, mərhumu müşayiət edənlər və fəxri qarovul nəfərləri gedirlər. Tabutun binadan çıxarıldığı məqamda fəxri mühafizə dəstəsinin komandiri sırada yerindən çıxmadan «FARAĞAT» (karabinlərlə silahlanmışlar üçün «FARAĞAT, qarovula — AL») komandası verir və sağ əlini baş geyiminə yapışdırır. Sırada olan hərbi qulluqçuların hamısı başlarını tabuta tərəf döndərirlər. Orkest matəm marşı çalır. Sırada olmayan hər bir hərbi qulluqçu tabut çıxarılan zaman «farağat» vəziyyəti qəbul edir və sağ əlini baş geyiminə yapışdırır. 346. Mərasim 345-ci maddədə göstərildiyi kimi hərəkət edir. Fəxri qarovul mərhumu müşayiət edənlərin ardınca, onlardan sonra orkestr və sonra isə fəxri mühafizə dəstəsi gedir. Piyada gedərkən orkestr hərdən tənəffüs etməklə matəm marşı çalır. Fəxri qarovulun saatdarları tabutun hər iki tərəfi ilə avtomatlar «döşdə», karabinlər «çiyində» vəziyyətində gedirlər, tabut avtomobildə müşayiət edilirsə, saatdarlar oturaraq karabini dizləri arasında, ayaq üstündə isə «ayaqda» vəziyyətində saxlayırlar.
347. Bəzi hallarda qarnizon rəisinin xüsusi göstərişilə tabutun çıxarıldığı və dəfn yerinə yaxınlaşdığı yerlərdə mərasimin geçəcəyi yolun hər iki tərəfində qoşun bölmələri piyada bircərgə, yaxud ikicərgə düzülə bilər. 348. Dəfn yerinə çatanda orkestr çalğını dayandırır. Fəxri mühafizə dəstəsi və fəxri qarovulun saatdarları məzarın yanında yer tuturlar. 349. Tabutu məzara qoymazdan bir qədər əvvəl matəm mitinqi açılır. Tabutu məzara qoyanda Döyüş Bayrağı endirilir, fəxri mühafizə dəstəsi mərhuma tabut çıxarılan zaman göstərdiyi (345-ci maddə) ehtiramı yenidən təkrar edir. Orkestr matəm marşı çalır. Fəxri mühafizə dəstəsinin tərkibindən təyin edilmiş bölmə boş patronlarla üç yaylım atəşi açır, bununla belə əgər sıra tabordursa bir bölük, bölükdürsə bir taqım, sırada taqım, ya manqadırsa, bütün bölmə yaylım atəşi açır. Ayrı-ayrı hallarda xüsusi göstərişlə toplardan yaylım atəşi açıla bilər. Birinci yaylım atəşi ilə orkestr Azərbaycan Respublikasının Dövlət Himnini ifa etməyə başlayır. Himn ifa edilib qurtardıqdan sonra əgər yerin şəraiti buna imkan verirsə, qoşunlar məzarın yanından orkestrin sədaları altında keçir. Saatdarlar Himn ifa edildikdən sonra, yaxud bölmə məzar yanından keçdikdən sonra götürülürlər. 350. Vəfat edənlərin və vəfatından sonra təltif olunanların Azərbaycan Respublikası ordenləri, fəxri adlarının döş nişanları və onların təltif olunma sənədləri saxlanılır, yaxud onların ailələrinə yadigar kimi verilir. Əgər təltif edilmiş mərhumun ailəsində varisləri yoxdursa, onun mükafatları və təltif sənədləri Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına qaytarılır.