Mütləq risk eləmək lazımdır. Həyatın möcüzəsini yalnız gözlənilməz hadisələrə hazır olduğumuz zaman tam şəkildə dərk edə bilərik.
Tanrı hər gün bizə - günəşlə birlikdə - bizi bədbəxt edən hər şeyi dəyişmək imkanı göndərir. Və hər gün biz özümüzü elə aparırıq ki, guya bu imkanı görmürük, guya o, ümumiyyətlə mövcud deyil, guya bu gün tamamilə dünənə oxşayır və sabahdan fərqlənmır. Ancaq öz gününə diqqətlə baxan kəs həmin sehirli anı tapacaq. O, bizim sabaha gedən qapını açdığımız saatda, ya da şam yeməyindən sonra yaranan səssizlik anında, ya da bir - birindən ayırmadığımız minlərlə xırda detallarda gizlənə bilər. Həmin an - ulduzların gücünün bizə keçdiyi və bizə möcüzə yaratmaq imkanı verən an mövcuddur.
4
Düzdür, xoşbəxtlik hərdən başımıza göydən yağır, ancaq əksər hallarda o mübarizə, qələbədir. Sehirli an bizə dəyişməkdə və arzularımızın axtarışlarına çıxmaqda kömək edir. Doğrudur, bu yolda bizi ağrı - acı, əzab, ehtiyac gözləyir, çoxlu məyusluqlarla rastlaşacağıq - lakin onların hamısı keçicidir, heç bir iz qoymur. Gələcəkdə biz geriyə qürur və inamla baxacağıq.
O şəxs bədbəxtdir ki, riskə getməkdən qorxur. Yəqin ki, o, məyusluqdan və illüziyaların puça çıxmasından xəbərsizdir, əzab çəkmir - arzu edən və arzusunu həqiqətə çevirməyə can atanlardan fərqli olaraq. Amma o, geri baxdığı zaman – o isə mütləq baxacaq, zira bu bizim hər birimizə xasdır - ürəyinin ona necə: « Sən, Tanrının bu qədər səxavətlə sənin günlərinə, iş və asudə vaxtlarına səpələdiyi həmin möcüzələri neynədin? Ustadının sənə etibar etdiyi istedadı, zəkanı necə dəyərləndirdin? İtirməkdən qorxduğun üçün dərinə basdırdın? Yaxşı, bundan sonra arxayın ola bilərsən: sən öz həyatını yelə verdin və xərclədin, puç və israf etdin. Bu arxayınçılıq sənin yeganə qazancın olacaq». - dediyini eşidəcək.
Bədbəxt o kəsdir ki, belə sözlər eşidir. Bədbəxtdir, çünki indi o, möcüzənin mümkünlüyünə inanır, lakin sehirli anlar bir daha qayıtmayacaq.
O, mühazirəni bitirəndə, adamlar hər tərəfdən onu əhatəyə aldılar. Mən bir qədər aralıda gözləyirdim və gərgin halda uzun illərin ayrılığından sonra ona necə təsir bağışlayacağım barədə fikirləşirdim. Mən özümü körpə uşaq kimi hiss edirdim - onu təzə, yad dostlara qısqanan, qorxaq bir uşaq. Mən əzab çəkirdim, çünki o, başqalarına daha çox diqqət ayırırdı, nəinki mənə.
Nəhayət ki, o yaxınlaşdı. Yanaqları allandı və mən qarşımda bir dəqiqə əvvəl ciddi şeylərdən danışan yetkin kişi yox, bir vaxtlar mənimlə birlikdə müqəddəs Saturiya sovməəsində - (kiçik kilsə) gizlənən balaca oğlanı gördüm. Həmin oğlan mənə dünyanı gəzmək arzusundan danışdığı vaxt, valideynlərimiz polisə zəng edirdilər, çünki elə bilmişdilər ki, çayda boğulmuşuq.
-Salam, Pilar, - o dedi.
Mən onu öpdüm. Mən onun çıxışını tərifləyə və bu qədər çox adamın içində özümü nədənsə yaxşı hiss etmədiyimi deyə bilərdim. Mən uşaqlığımızdan hər hansı bir gülməli hadisəni xatırlaya və indi başqalarının ona necə heyranlıqla baxdığını görəndə qürur duyduğumu etiraf edə bilərdim. Mən Saraqosa gedən sonuncu gecə avtobusuna çatmaq üçün tələsməli olduğumu ızah edə bilərdim.
Bilərdim. Biz heç vaxt bu sözlərin mənasını sonacan anlamayacağıq. Zira həyatımızın hər bir anında nə isə bir şey baş verə bilər - baş verə bilər, ancaq vermir. Elə sehirli anlar var ki, geridə qalır və kəşf olunmadan keçir, və ya taleyin əli qəflətən bizim dünyamızı dəyişir.
Və onda da, məhz, belə oldu. Bütün o deyə biləcəklərimin əvəzinə, mən cəmi iki söz dedim - bir həftədən sonra məni bu çayın sahilinə gətirib çıxardan, bu sətirləri yazmağa məcbur edən ikicə söz...
- Qəhvə içək? – bax, onda mən bunu dedim.
Və o, mənə tərəf dönərək taleyin ona uzatdığı əli geri çevirmədi.
- Səninlə danışmağa elə ehtiyacım var ki. Sabah Bılbaoda mühazirə oxuyacam. Mən
5
maşınlayam. Gedirik?
- Mən Saraqosa qayıtmalıyam - bunun yeganə çıxış yolu olduğunu bilmədən cavab verdim. Ancaq sonrakı saniyədə ya yenidən uşaqlıq dövrünə döndüyüm üçün, ya da ona görə ki, həyatımızın ən gözəl anlarını biz yazmırıq, mən dedim:
- Amma, yox, Müqəddəs Məryəmin qüsursuz haimləliyi bayramı münasibətilə istirahət günləri olacaq. Mən səninlə Bilboaya gedə bilərəm, Saraqosa da oradan qayıdaram.
Yanımda oturmuş qadının «seminarist» barədə replikası mənə rahatlıq vermirdi və deyəsən o, bunu hiss etdi.
- Sən məndən nə isə soruşmaq istəyirsən?
- İstəyirəm, - mən biclik işlətməyə çalışaraq cavab verdim. - Bir qadın mühazirədən qabaq dedi ki, sən ona məxsus olanı qaytarırsan.
- Bu vacib deyil.
- Mənim üçün vacibdir, - mən etiraz etdim. - Axı, mən sənin haqqında, həyatın haqqında heç nə bilmirəm. Səni dinləmək üçün bu qədər adamın gəldiyini görəndə heyrətə gəldim.
O, gülərək yanındakı adamlara tərəf çevrildi və artıq onlarla söhbətə başlamağa hazırlaşdı.
- Dayan, - mən onun qolundan çəkərək dedim. - Sən mənə cavab vermədin.
- Pilar, inan ki, bu sənin üçün o qədər də maraqlı olmayacaq.
- Hər halda, mən bilmək istəyirəm.
O, dərindən nəfəs aldı və məni zalın küncünə çəkdi.
-Əsasında təkallahlıq duran böyük dinlərın hər üçü - iudaizm, xristianlıq, islam kişi dinləridir. Din xadimləri - kişilərdir. Qanunları kişilər qoyur, mərasimləri kişilər icra edir.
- Zaldakı o xanım nəyi nəzərdə tuturdu?
O, çaşdı, duruxdu, ancaq hər halda cavab verdi:
- Mənim hər şeyə fərqli yanaşdığımı. Tanrının qadın simasına inandığımı.
Mən yüngülcə nəfəs aldım - qadın səhv etmişdi. O, seminarist ola bilməzdi, zira seminaristlər hər şeyə fərqli yanaşa bilməzlər.
- Müfəssəl izahatdır, - mən cavab verdim.
Qapıda məni zalda mənə göz vuran həmin qız gözləyirdi.
- Mən bilirəm ki, biz səninlə eyni məzhəbə etiqad edirik, - o dedi. - Mənim adım Bridadır.
- Nə barədə danışırsan? Başa düşmürəm.
- Çoz gözəl başa düşürsən, – o güldü.
Və mənə nə isə izah etməyə imkan vermədən əlimdən yapışmağı ilə çölə çıxmağı bir oldu.
Yetərincə isti axşam idi, ancaq mən səhərə qədər küçədə qala bilməzdim, gecələmək üçün hara getmək lazım gəldiyi haqqında isə heç bir fikrim yox idi.
- Hara gedirik? - mən soruşdum.
- Tanrıçanın heykəlinin yanına, - cavabı gəldi.
6
- Mən ucuz bir otel axtarsam, yaxşıdır.
- Hər şeyi sonra başa salaram.
Mən kafedə oturub danışmağa, dostum haqqında daha çox şey öyrənməyə üstünlük verərdim. Ancaq mübahisə eləmədim və qız məni Paseo-de-Kastelyana küçəsilə aparanda itaətkarcasına yanınca gedirdim və bu günə qədər heç vaxt görmədiyim Madridə baxa-baxa başımı tərpədirdim.
Qız prospektin ortasında dayandı və səmanı göstərdi.
- Odur!
Çılpaq budaqların arasından bütöv ay parıldayırdı.
- Gözəldir, - mən dedim.
Ancaq qız, məni eşitmədən, qollarını geniş açdı, ovuclarını üzü yuxarı çevirdi, başını geri atdı və dondu.
«Hara gəlıi çıxmışam, - mən fikirləşdim. Mühazirəyə qulaq asdım, sonra bu ağıldankəm qızla Paseo-de-Kastelyanada gəzdim, sabahsa Bilbaoya gedirəm».
- Yer Tanrıçasının güzgüsü, - qız gözlərini açmadan dilləndı. - Öz qüdrətimizi dərk etməyi bizə öyrət. Elə et ki, kişilər bizi başa düşsün. Doğulan, işıq saçan, ölən və göylərdə yenidən dirilən Sən, toxumdan meyvəyə qədər olan yolu bizə göstərirsən.
Qız əllərini göyə uzatdı və uzun müddət bu pozada dayandı. Yoldan keçənlər ona baxırdılar, gülürdülər, ancaq o, onlara fikir vermirdi. Əvəzində mən onun yanında olduğum üçün utandığımdan yerə girməyə hazır idim.
- Mən bunu etməli idim, - o, Aya bütün ehtiramını bildirdikdən sonra dilləndi:
- İndi İlahə bizi qoruyacaq.
- Bir əməlli başa sal görüm, nədən danışırsan?
- Sənin dostun nədən danışırdısa, ondan, ancaq həqiqi sözlərlə.
Və mən mühazirənin mənasını anlamağa çalışmadığım üçün peşman
oldum. İndi orada nədən söhbət getdiyini bilmirəm.
- Biz bilirik ki, Tanrı qadın simasındadır, - yolumuza davam edəndə qız dedı. - Biz Böyük Ananı başa düşən və sevən qadınlarıq. Biliyimiz bizə baha başa gəlib - bizi təqib ediblər, tonqalda yandırıblar - amma biz sağ qala bildik. Və indi onun sirlərinin mənası bizə məlumdur.
Tonqallar.Cadugərlər.
Yol yoldaşımın üzünə baxdım: gözəldir, pərişan, kürən saçları kürəyinə tökülüb.
- Kişilər ova gedirdilər, biz mağaralarda Ananın bətnində qalırdıq və uşaqları böyüdürdük, - o, davam etdi - Elə orada da Böyük Ana bizə öz elmini öyrətdi.
Kişi hərəkətdə olanda, biz Ananın bətnində idik. Ona görə də ailənin necə qol - budaq atdığını başa düşdük və kişilərimizi xəbərdar etdik. Biz birinci çörəyi bişirdik və onları doyuzdurduq. Biz gildən ilk piyaləni yapdıq və onlara su verdik. Biz yaradılışın necə dövr etdiyini anladıq, çünki bizim cismimiz ay fazalarının ardıcıllığını təkrarlayaraq yaşayır. Bax, odur! - qəflətən o, sözünü kəsdi.
Mən onun göstərdiyi tərəfə baxdım. Dörd yandan sonsuz maşın selinın araya aldığı meydanın mərkəzində heykəllə bəzədilmış fəvvarə durmuşdu - şirlərin qoşulduğu cəng arabasının üzərində qadın.
7
-Bu, Kibela meydanıdır, - Mən Madridi yaxşı tanımağımla lovğalandım. Bu heykəli dəfələrlə poçt açıqcalarında görmüşdüm.
Ancaq qız məni eşitmirdi. O, artıq küçənin ortasında idi və maşınların arasından sivişərək fəvvarəyə tərəf qaçırdı.
- Gedək! Gedək! – o, əlini yelləyərək qışqırdı.
Mən, heç olmasa, otelin adını soruşmaq üçün onun ardınca getmək qərarına gəldim. Artıq bütün bu dəyişikliklərdən yorulmuşdum və doyunca yatmaq istəyirdim.
Fəvvarənin yanına ikimiz də, təxminən, eyni vaxtda çatdıq – mən - ürəyim ağzıma gələ - gələ, o - dodaqlarında təbəssümlə.
- Su! - qız qışqırdı. – Su onun əlamətidir!
- Xahiş edirəm, mənə ucuz bir otel adı de.
O, hər iki əlini fəvvarənin altına tutdu.
- Sən də belə elə, - mənə dedi. – Toxun suya.
- Dünyasında olmaz. Amma sənə mane olmaq istəmirəm - gedim, gecələməyə yer tapım.
- Bir dəqiqə də!
Bu sözlə, o, çantasından kiçik fleyta çıxartdı və dodaqlarına yaxınlaşdırdı. Mənə elə gəldi ki, musiqi məni hipnoz elədi - maşınların səs - küyü uzaqlaşdı, ürəyim sakitləşdi. Mən fəvvarənin kənarında oturub suyun şırıltısını və fleytanın nəğməsini dinləyə - dinləyə gözümü başımızın üstündə üzən ayın haləsinə zilləmişdim. Nə isə mənə deyirdi ki - hərçənd mən bunu tam dərk etmirdim - orada, göylərdə mənim qadın mahiyyətimin hansısa bir hissəciyi var.
Bilmirəm, fleyta nə qədər oxudu. Qız melodiyanı yarımçıq kəsib, üzünü fəvvarəyə çevirdi.
- Kibela, - o dedi. - Böyük Ananın daha bir əlamətidir. Kibela tarlada sünbülün yetişməsini idarə edir, şəhərləri qoruyur, qadını din yoluna qaytarır.
- Kimsən sən? - mən soruşdum. - Məndən səninlə gəlməmi niyə istədin?
O çevrildi:
- Sən nə görürsənsə, mən, məhz, oyam. Mən Yer dininə etiqad edirəm.
- Mən sənin nəyinə lazımam? - yenə təkidlə soruşdum.
- Mən sənin gözlərini oxuyuram. Sənin ürəyin mənim üçün açıq kitabdır. Sən qızğın bir ehtirasla sevəcəksən. Və əzab cəkəcəksən.
- Mən?
- Kim haqqında danışdığımı özün bilirsən. Mən onun sənə necə baxdığını gördüm. O səni sevir.
Təbii ki, o dəlidir.
- Ona görə də səni özümlə çağırdım, - qız davam etdi. – O, vacib və qiymətlidir. Danışdıqlarının mənasız, cəfəngiyyat olmasına baxmayaraq, hər halda Böyük Ana kultunu qəbul edir. Onun məhvinə yol vermək olmaz. Ona kömək elə.
- Nə danışdığını özün də bilmirsən. Sən öz fantaziyalarında azmısan, - mən yenidən maşınların arasından sivişə - sivişə dedim və özümə söz verdim ki, bir də heç vaxt bu qadının dedikləri barədə fikirləşməyəcəm.
8
***
Biz qəhvə içmək üçün dayandıq.
- Həyat sənə çox şey öyrədib, - mən söhbət etməyə çalışaraq dedim.
- İlk öncə bizim dərk etməyə qadir və dəyişdirmək istedadına sahib olduğumuzu öyrətdi, - o cavab verdi. - Hətta bu qeyri - mümkün görünsə belə.
Bununla da söhbətimiz bitdi. Bundan əvvəl, yol kənarındakı barın yanında dayanana qədər keçən iki saatlıq yol boyu biz, demək olar ki, danışmamışdıq.
Əvvəlcə, mən birlikdə keçən uşaqlığımızı xatırlamağa cəhd etdim, ancaq bu onu maraqlandırmadı və o, sadəcə nəzakət xatirinə danışırdı. O, hətta hərdən mənə qulaq da asmırdı və mənim artıq danışdığım haqqında yenidən soruşurdu.
Başlanğıcdan düz getməyən nə isə vardı. Bəlkə də zaman və məsafə onu birdəfəlik mənim dünyamdan uzaqlaşdırmışdı. «O, sehirli anlar haqqında danışır» - mən fikirləşdim. «Bəs Karmenin, Müqəddəs Yakovun və ya Mariyanın getdiyi yollar bir-birindən nə ilə fərqlənir?» Bəli, o, artıq başqa aləmdə yaşayır, Soriya xatirəyə çevrilib - vaxtın yuduğu, keçmişdə ilişib qalmış xatirəyə. Onun uşaqlıq dostları elə uşaqlıqda da qalıblar, qocalarsa - əgər hələ sağdırlarsa - iyirmi doqquz il əvvəl neynirdilərsə, indi də onu edirlər.
Mən artıq onunla getməyə razılıq verdiyimçün peşman olmuşdum.Və həmin barda o, yenə də söhbəti yarıda kəsəndə, daha danışmamağa qərar verdim. Bilbaoya qədər qalan iki saatlıq yol mənim üçün əsl işgəncə idi. O, yola baxırdı, mən pəncərədən baxırdım və heç birimiz pis əhval -ruhiyyəmizi gizlətməyə cəhd belə etmirdik. Kirayə götürülmüş avtomobildə radio yox idi və üzücü sükutu heç nə poza bilmirdi.
-Gəl, avtobus stansiyasının yerini soruşaq - biz sürət magistralından çıxanda mən dedim. - Burdan Saraqosa müntəzəm ekspresslər (sürət avtobusları) gedir.
Siesta vaxtı olduğundan küçədə adam az idi. Biz bir kişinin, gənc cütlüyün yanından keçdik, ancaq o, maşını saxlamadı, soruşmadı.
-Bəyəm, sən onun yerini bilirsən? - mən dözmədim.
-Nəyin?
O, bayaqkı kimi məni dinləmir və eşitmirdi.
Və qəflətən, mən bu sükutun mənasını başa düşdüm. Axı o, dünyaya çıxmağa heç vaxt cəsarət tapmamış qadınla nə barədə danışa bilər? Məchulluq və naməlumluqla rastlaşanda qorxusundan əsən, yaxşı işi və uğurlu evliliyi dünyada hər şeydən üstün tutan bir şəxslə yanaşı addımlamaqdan necə həzz almaq olar? Mənsə - kül başıma! - onunla köhnə dostlar, üstünü toz basmış xatirələr, ucqar şəhərcik barəsində danışmağa çalışırdım. Mən başqa nə barədə danışa bilərdim ki?
-Bax, elə burda sən məni düşürəcəksən, - biz mərkəzə çatanda dedim. Mən var qüvvəmlə çalışırdım ki, səsim təbii çıxsın. Ancaq əslində özümü axmaq, infantil, zəhlətökən kimi hiss edirdim.
O, maşını saxlamadı.
-Mənə avtobus stansiyasını tapıb, Saraqosa qayıtmaq lazımdır, - mən inad etdim.
9
-Mən heç vaxt burda olmamışam. Mən bilmirəm, otelim harda yerləşir. Bilmirəm, mühazirə harada olacaq. Və avtobus stansiyasının harda
olduğunu da bilmirəm.
-Narahat olma, taparam.
O, sürəti azaltdı, ancaq dayanmadı.
-Mən istərdim ki....
O, iki dəfə başladı və heç cürə cümləsini bitirə bilmədi. Mən onun nə istədiyini ancaq təssəvvürümə gətirə bilərdim. - ona yol yoldaşlığı etdiyim üçün təşəkkür etmək, ümumi tanışlara salam göndərmək və beləcə xoşagəlməz hisslərdən qurtulmaq.
-Mən istərdim ki, sən bu axşam mənimlə mühazirəyə gedəsən, - nəhayət ki, o dilləndi.
Mən çaşdım. Bəlkə o, sadəcə yolboyu maşında hökm sürən məcburi səssizliyi pozmaq üçün vaxt qazanmağa çalışır?
-Mən çox istərdim ki, sən mənimlə gedəsən, - o, təkrar etdi.
Bəli, əlbəttə, mən - əyalət qızıyam. Əlbəttə, mənim həyatımda danışılmağa layiq olacaq maraqlı, həyəcanverici heç nə baş verməyib. Əlbəttə, mən paytaxt xanımlarına xas olan parıltı və lətafətdən məhrumam. Ancaq əyalət həyatı qadına təcrübə və ya eleqantlıq verməsə də, ona ürəyinin səsini dinləməyi - ona diqqətlə qulaq asmağı və boyun əyməyi öyrədir.
Və heç gözləmədiyim halda ürəyimin səsi mənə pıçıldadı ki, yol yoldaşım səmimidir.
Mən dərindən nəfəs aldım. Təbii ki, heç bir mühazirəyə getməyəcəm, ancaq dostumun sanki yanıma qayıtdığını, məni öz macərasına dəvət
etdiyini, öz qorxularını və qələbə fərəhini mənimlə bölüşdüyünü duymağın özü artıq çox sevindirici haldır.
-Dəvət üçün çox sağ ol, - mən cavab verdim. - Ancaq mənim otel üçün pulum yoxdur, həm də məşğələlərə çatmalıyam.
-Məndə pul var. Gecəni mənimlə qalarsan. İki çarpayılı otaq istəyərik.
Mən hiss etdim ki, havanın soyuq olmasına baxmayaraq, o, tər - su içindədir. Ürəyim həyəcan siqnalları verməyə başladı, səbəbini anlamaq isə imkanim xaricində idi. Bir neçə dəqiqə əvvəl içimi doldurmuş sevinc tam çaşqınlıqla əvəz olundu.
Qəflətən o, maşını kəskin saxladı və düz mənim gözlərimin içinə baxdı.
Və əgər sənin gözlərinin içinə baxırlarsa, heç nəyi gizlədə, yalan danışa bilməzsən.
Və istənilən qadın - əgər hissləri tamamilə ölməyibsə - kişinin gözlərindən onun ehtirasın əsarətində olduğunu başa düşəcək. Bu nə qədər ağlasığmaz görünsə də, əlamətləri nə qədər yersiz və zamansız üzə çıxsa da, başa düşəcək. Elə o andaca kürənsaçlı qızın dediyi sözlər yadıma düşdü.
Bu mümkün deyildi. Amma bu belə idi.
Heç vaxt, həyatım boyu heç vaxt ağlıma da gəlməzdi ki, o, - bu qədər ildən sonra – hələ xatırlayır. Biz uşaq idik, biz bir yerdə böyüyürdük, biz əl - ələ verib dünyanı kəşf edirdik. Mən onu sevirdim - əlbəttə, əgər sevginin nə olduğunu uşağın anlaması mümkünsə. Ancaq bütün bunlar o qədər uzaqda qalmışdı ki, sanki hansısa başqa,
10
əvvəlki həyatda, hələ günahsız ürəyin dünyada yaxşı nə varsa, hər şeyə açıq olduğu zamanlarda baş vermişdi.
İndisə biz böyümüşük və öz əməllərimiz üçün cavab verməyi öyrənmişik. Uşaq vaxtı olanlarsa elə orada da qalıb.
Yenidən onun gözlərinə baxdım. Mən inanmaq istəmirdim, ya da bacarmırdım.
-Mənim cəmi bir mühazirəm qalıb, sonra isə Bakirə Ananın şərəfinə bayramlar başlayacaq. Mənə dağlara getmək lazımdır, - o, davam etdi. -Mən sənə bir şey göstərməliyəm.
Sehirli anlar haqqında danışan bu mükəmməl insan mənim qarşımda dayanmışdı - və hər şeyi tərsinə edirdi: həm yersizcəsinə inadkar idi, həm də yetərincə bədgüman, həm hadisələri tələsdirirdi və eyni vaxtda da hansısa qarışıq təkliflər edirdi. Onu belə görmək mənim üçün ağır idi.
Mən maşının qapısını açdım, düşdüm, kapota söykəndim. Xeyli vaxt, demək olar ki, boş olan prospektə baxdım. Siqaret yandırdım, düşünməyə çalışdım. Mən özümü elə apara bilərdim ki, guya heç nə başa düşmürəm - özümü inandırardım ki, söhbət ən məsum şeylərdən gedir, guya, doğrudan da, uşaqlıq dostu, bu təklifi öz rəfiqəsinə edib. Bəlkə o, həddindən artıq çox səyahət edib və reallığı başqa cür qavrayır.
Bəlkə mən hər şeyi şişirdirəm.
O, maşından sıçrayıb çıxdı, çömbəlib yanımda oturdu.
-Mən çox istərdim ki, sən axşam mənimlə mühazirəyə gedəsən, - təkrar etdi. - Mümkün deyilsə, - eybi yox, incimərəm.
Vəssalam! Yer kürəsi 360 dərəcə fırlandı və başlanğıc nöqtəyə qayıtdı. Mən hər şeyi səhv anlamışam - budur, o, artıq təkid eləmir, məni buraxmağa hazırdır. Ehtiras əsiri kişilər özlərini belə aparmırlar.
Mən özümü çox axmaq hiss elədim və eyni zamanda yüngüllük duydum. Bəli, mən qala bilərəm - heç olmasa, bir günlük. Biz birlikdə şam edərdik, ola bilsin, hətta, içki içib bir azca keflənərdik - uşaq vaxtı belə şey olmayıb. Bir neçə dəqiqə əvvəl ağlıma gələn bütün səfeh fikirləri unutmaq üçün gözəl fürsət yaranmışdı, Madriddən bu yana bizi buxovlayan buz qabığını qırmaq imkanı düşmüşdü.
Bir gün heç nəyi dəyişmir. Uzağı, rəfiqələrimə danışmağa sözüm olacaq.
-İkiçarpayılı nömrə, - mən zarafatyana dedim. - Şam yeməyinin hesabı da sənlikdi, çünki mən gənc olmasam da, kasıb tələbəyəm. Pulum yoxdur.
Biz çemodanları nömrəyə qoyduq, oteldən çıxdıq, mühazirənin olacağı yerə tərəf getdik. Hələ vaxt vardı və biz kafeyə girdik.
-Mən sənə bir şey vermək istəyirəm, - o dedi və balaca qırmızı kisəciyi mənə uzatdı. Elə həmin dəqiqə onu açdım. İçində köhnə, paslanmış medalyon vardı: bir üzündə müqəddəs Məryəm ananın, o birisində -İsanın ürəyinin təsviri.
-Səninkidi, - o, mənim təəccübləndiyimi görüb dedi.
Və mənim ürəyim yenə də təlaşlandı.
-Bir dəfə - onda payız idi, hava da düz indiki kimi idi, biz yəqin ki, on yaşında - filan olardıq - sahildə oturmuşduq - böyük palıd ağacı olan yerdə. Mən bu söhbətə hazırlaşa - hazırlaşa bir neçə həftə özlüyümdə təkrarladığım sözləri demək istəyirdim.
11
Ancaq təzəcə başlamışdım ki, sən medalyonunu itirdiyini qışqırıb sözümü kəsdin və onu axtarmağı xahiş etdin.
Yadıma düşdü. Aman Allahım, mənim yadıma düşdü.
-Mən onu tapdım. Ancaq sahilə qayıdanda o qədər uzun vaxt deməyə hazırlaşdığımı dilimə gətirməyə cəsarətim çatmadı. Və mən and içdim ki, medalyonu sənə ancaq o gün – təxminən, iyirmi il əvvəl başladığım cümləni axıra çatdıranda verəcəm. Uzun müddət onu ağlımdan çıxartmağa çalışdım, amma heç nə alınmadı. Və artıq mənim onunla yaşamağa gücüm yoxdur.
O, fincanı yerə qoydu, siqaret yandırdı və tərpənməz baxışlarını tavana zillədi. Sonra mənə tərəf döndü və dedi:
-Cümlə çox sadədir.
Mən səni sevirəm. Hərdən bizi kədər bürüyür və biz onun öhdəsindən gələ bilmirik. Biz başa düşürük ki, bu günün sehirli anı keçdi, bizsə ondan istifadə etmədik. Və onda həyat bizdən öz magiyasını, öz hünərini gizlədir.
Körpənin səsinə qulaq vermək lazımdır. O körpənin ki, nə vaxtsa sən özün olmusan və hələ də içində bir yerlərdə yaşayır. O, həmin sehirli anların dərkinə qadirdir. Bəli, biz körpənin ağlamasını kəsə bilərik, lakin səsini batırmaq yox.
Bu körpə mövcudluğunu davam etdirir: körpələr xoşbəxtdirlər, zira artıq rəhmət qazanıblar.Və əgər biz yenidən doğulmağı bacarmasaq, əgər həyata nə vaxtsa baxdığımız kimi – uşaq saflığı ilə və şövqlə baxa bilməsək, onda bizim mövcudluğumuzun heç bir anlamı olmayacaq.
İntihar etməyin çoxlu üsulları var. O kəslər ki, cisimlərini öldürməyə cəhd göstərirlər, Allaha qarşı çıxırlar. Lakin ruhun qətlinə cəhd edənlər də Onun qanununu pozur - hərçənd adamlar onların bu cinayətini hesaba qatmırlar.
Sinəmizdə gəzdirdiyimiz körpənin bizə dediklərini eşidək. Utanmayaq ondan, çəkinməyək. Onun qorxmasına yol verməyək - zira o təkdir və onun səsi, demək olar ki, heç vaxt eşidilmir.
Dostları ilə paylaş: |