Qoy, Piların Rio-Pyedra sahilində tökdüyü göz yaşları bizə İlahi oda gedən yolu göstərsin.
***
Əgər rəvayətə inansaq, bu çayın sularına düşən hər şey – yarpaqlar, həşəratlar, quş lələkləri - zamanla onun yatağını döşəyən daşlara çevrilirlər. Of, əgər mən ürəyimi sinəmdən qopara bilsəydim. Qopara və coşğun sulara ata - bir də nə əzab, nə həsrət, nə də xatirə olmasın deyə.
Rio- Pyedranın sahilində oturdum və ağladım. Qışın soyuğu mənə yanaqlarımdakı göz yaşlarını hiss etdirdi və göz yaşları qarşımda axan buz kimi soyuq sulara qarışdı. Hardasa bu çay başqasıyla, sonra üçüncüsü ilə birləşir, o vaxta qədər ki - ancaq artıq mənim gözümdən və könlümdən uzaqda - bütün bu sular dəniz suyu ilə qarışır.
Qoy, sular ona qarışmış göz yaşlarını da uzaqlaşdırsın, onda mənim məhəbbətim bilməyəcək ki, mən nə vaxtsa ona yas tutmuşam. Qoy, sular ona qarışmış göz yaşlarını uzaqlaşdırsın ki, mən Rio - Pyedranı, monastırı, Pireneyin ətəklərindəki kilsəni, birlikdə getdiyimiz yolları və dumanı unuda bilim.
Mən yuxuda gördüyüm yolları, dağları, düzənlikləri unudacağam -onlar yuxularıma girirdilər, ancaq mən bundan xəbərsizdim.
Lakin mən adi «hə» və ya «yox»un bizim bütün yaşamımızı dəyişməyə qadir olduğu həmin sehirli anı xatırlayıram. Sanki bu çoxdan baş verib, bununla belə cəmi bir həftə əvvəl mən yenidən onunla görüşdüm və yenidən itirdim.
Rio-Pyedranın sahilində mən bu əhvalatı yazdım. Mənim əllərim donmuşdu, ayaqlarım narahat oturmaqdan keyimişdı və mən hər an dayanmağa, yazdıqlarımı
2
tullamağa can atırdım.
-Sadəcə yaşamağa çalış. Xatirələri saxla qocalara - o belə deyirdi.
Bəlkə, məhəbbət bizi vaxtından əvvəl qocaldır və elə o da çoxdan ötmüş gəncliyi qaytarır. Axı o anları necə xatırlamamaq olar? Mən həm də sonsuz həsrəti işıqlı kədərə, tənhalığı xatirəyə çevirmək üçün yazıram. Bu əhvalatı özümə danışıb, sonra çaya tullamaq üçün - yanında sığınacaq tapdığım qadın mənə belə dedi. Əgər müqəddəslərin sözlərinə inansaq - onda su yanğı ilə yazılanları söndürəcək.
Bütün sevgi əhvalatları bir - birinə oxşayır.
Biz bir yerdə böyüyüb, bir yerdə boya-başa çatmışıq. Sonra o, ata yurdundan getdi, zira gec, ya tez bütün cavanlar doğma daldabucaqlarını tərk edirlər. Dedi ki, dünyanı görmək istəyir, onun arzuları üçün Soriyanın çölləri çox dardı.
Bir neçə il mən onun haqqında heç nə eşitmədim.Yalnız hərdən bir ondan qısa məktublar gəlirdi - vəssalam. Zira bizim uşaqlığımızın küçələrinə və meşələrinə o, bir də heç vaxt qayıtmadı.
Mənsə məktəbi bitirib Saraqosa getdim və orada anladım: O haqlı idi. Soriya kiçik şəhərcikdir və dünyaya bağışladığı yeganə məşhur şairin ən məşhur sözü «yol onunla getmək üçün yaranıb» misrası idi. Mən universitetə daxil oldum, nişanlandım. Hələ də qalib gələ bilmədiyim açıq müsabiqəyə hazırlaşmağa başladım. Təhsil haqqını ödəmək üçün satıcı işlədım. Müsabiqədən kəsildim, nişanlımdan ayrıldım.
Bütün bu vaxt ərzində isə ondan gələn məktubların sayı çoxalırdı və xarici ölkələrin markalarına baxanda mən həsəd aparırdım. Bax, - mən fikirləşirdim - mənim dostum yetkinləşib, o, hər şeyin dadına baxıb, o bütün dünyanı gəzib, onun qanadları böyüyüb, mənsə hələ də kök atmağa çalışıram.
Bir vaxt gəldi ki, eyni ünvandan - kiçik fransız şəhərciyindən göndərdiyi məktublarında o, tez - tez Allahdan danışmağa başladı. Günlərin bir günü isə seminariyaya daxil olmaq, özünü duaya və moizəyə həsr etmək istədiyini bildirdi. Cavab məktubunda mən ondan tələsməməsini, azadlığın kefini bir az da çıxartmasını, yalnız bundan sonra belə ciddi addım atmasını xahiş etdim.
Təzədən oxudum və məktubu cırmaq qərarına gəldim - mən kiməm ki, azadlıq və ya rahiblik haqqında hökm çıxardım? Ondan da, o birisindən də o xəbərdardır, mən yox.
Yenə bir müddət keçəndən sonra mən onun mühazirə oxuduğunu eşitdim və təəccübləndim - axı, o, başqalarını öyrətmək üçün çox gəncdir. Ancaq iki həftə keçəndən sonra o, mənə yazdı ki, Madriddə mühazirə oxuyacaq və çox xahiş edir ki, mən də ora gəlim.
Və mən Saraqosdan Madridə qədər dörd saat yol getdim, çünki onu yenidən görmək ıstəyirdim. Onun səsini eşitmək istəyirdim. Onunla kafedə oturmaq, birlikdə oynadığımız zamanları yada salmaq istəyirdim - onda bizə elə gəlirdi, dünya o qədər böyükdür ki, onu gəzib qurtarmaq, dərk etmək mümkün deyil.
***
Mühazirəyə mənim fikirləşdiyimdən də çox adam gəlmişdi, elə mühit də çox
3
təntənəli və ciddi idi. Və mən heç nə anlamırdım.
«Bəlkə o, məşhur adam olub» - mən fikirləşdim.Öz məktublarında o, bu barədə heç nə deməmişdi. Mən zalda oturanlarla danışmaq, onları bura nəyin gətirdiyini soruşmaq istədim - ancaq cürət eləmədim.
Onu görəndə təəccübləndim. O, mənim bir vaxtlar tanıdığım yeniyetməyə heç oxşamırdı. Axı qəribə nə var ki, on bir il – az müddət deyil. O,gözəlləşmişdi, gözləri parıldayırdı.
-O, bizə bizim olanı qaytarır, - məndən solda əyləşmiş qadın dilləndi.
Qəribə sözlərdir.
-Nəyi qaytarır ? - mən soruşdum.
-Bizdən oğurlanmış olanı. İnamı.
-Yox, qaytarmır, - sağ tərəfdəki qonşu etiraz etdi, o, nisbətən gənc idi. -Onsuz da bizə məxsus olanı qaytarmaq mümkün deyil.
-Eləsə, siz bura niyə gəlmisiniz? - birinci qadın əsəbi halda xəbər aldı.
-Ona qulaq asmaq istəyirəm. Mənə onların indi nə fikirləşdiyi maraqlıdır. Vaxt vardı, onlar bizi tonqalda yandırırdılar. Bəlkə elə bilirlər, az yandırıblar?
-Bu yalqız səsdi, – birinci dedi. - O, bacardığını edir.
İkinci qadın istehza ilə gülümsündü və söhbəti kəsib üzünü çevirdi.
-Bir seminarist üçün o, çox cəsarətlidir, - birinci qadın indi də mənə müraciət edərək və məndən dəstək gözləyərək davam etdi.
Ancaq mən heç nə başa düşmürdüm və susdum. Gənc qadınsa mənə göz vurdu - onun əlbiri, müttəfiqiyəmmiş kimi.
Mənsə ona görə susurdum ki, fikrim başqa şeylə məşğul idi. Mən birinci qadının dediyi haqqında düşünürdüm.
«Seminarist»
Ola bilməz. O, mənə xəbər verərdi.
O, danışmağa başladı, ancaq mən heç cür diqqətimi cəmləyə bilmirdim. «Yaxşı geyinmək lazım idi» - bunun məni niyə belə narahat etdiyini başa düşmədən fikirləşirdim. O, zalda məni gördü və mən onun nə düşündüyünü, xoşuna gəlib - gəlmədiyimi tapmağa çalışdım. Yəqin ki, o vaxtkı mənlə indiki mən arasında böyük fərq var - onda mənim 18 yaşım vardı, indi 29.
Səsi heç dəyişməmişdi. Lakin tamam fərqli sözlər deyirdi.
Dostları ilə paylaş: |