Paulo Koelyo Rio Pyedranın sahilində oturdum və ağladım



Yüklə 164,84 Kb.
səhifə4/6
tarix28.12.2021
ölçüsü164,84 Kb.
#17253
1   2   3   4   5   6
İzn verək - heç olmasa, azacıq - yaşamımızın ixtiyarını əlinə götürsün. O körpəyə əyandır ki, bir gün o birindən fərqlənir.

Elə edək ki, o yenidən özünü sevimli hiss etsin. Onu sevindirək - hətta buna görə vərdişlərimizin əksinə çıxmaq lazım gəlsə belə, hətta bu kənardan axmaqlıq təsiri bağışlasa belə.

Yadımıza salaq ki, insanın müdrikliyi Tanrının gözündə dəlilikdir. Əgər biz ruhumuzda yaşayan körpəyə qulaq assaq, gözlərimiz yenidən parıldayacaq. Əgər həmin körpəylə əlaqəni itirməsək, həyatla da əlaqəmiz qırılmayacaq.

Ətrafımdakı rənglər parlaqlaşdı: səs güclənirdi və qədəhin stola dəyən dibi də bərk cingildəyirdi.

Mühazirə sona çatan kimi bütün kampaniya - ona yaxın adam - şam eləməyə yollandı. Hamı birdən danışırdı, mənsə gülümsəyirdim -gülümsəyirdim, çünki bu axşam tamamilə fərqliydi. Uzun illər ərzində ilk dəfə hər şey öz - özünə baş verirdi - planlaşdırılmadan və qayğısızcasına.

12


Nə böyük xoşbəxtlik! Mən Madridə getmək qərarını verəndə, bütün hərəkətlərim kontrol altındaydı. İndi hər şey dəyişib. İndi - mən burdayam - Bilbaoda, heç vaxt olmadığım yerdə, baxmayaraq ki, o, mənim doğma şəhərimdən üç saatlıq məsafədədir. Mənimlə bir stol arxasında əyləşənlərdən ancaq birini tanıyıram. Lakin hamı sanki yüz ilin tanışıyıqmış kimi müraciət edir. Özüm - özümə heyrətlənirəm - çünki danışmağı, içməyi, əylənməyi onlardan heç də pis bacarmıram.

Mən ona görə burdayam ki, həyat qəflətən məni yaşama təhvil verib. Mən nə qorxu, nə günah, nə utanc hiss edirəm. Onu görən kimi və onun səsini eşidən kimi haqlı olduğuna inandım - elə anlar var ki, riskə getmək, çılğın əməllər etmək mütləq lazımdır.

«Mən nə qədər vaxtımı kitab - dəftərlə əlləşərək, fövqəlinsani səylər göstərərək boşa sərf etmişəm - könüllü qul olmaq üçün, - mən fikirləşdim. - Mən bu işi əldə etmək üçün niyə dəridən - qabıqdan çıxırdım ki? Bir insan, bir qadın kimi o mənə nə verə bilər?»

Heç nə. Yəni mən ancaq ona görə doğulmuşam ki, həyatımın qalanını dəftərxana stolu arxasında, hakimlərə məhkəmə proseslərini aparmaqda yardımçı olmaqla keçirim?

Yəqin belə fikirlər çox içməkdən yaranır: «İşləməyən dişləməz» - axı, bunu babalarımız hələ binayi - qədimdə deyiblər.

Bu yuxudur. Və o indicə sona çatacaq. Bəs onda niyə hələ də qurtarmır? Və ilk dəfə ağlıma gəldi ki, onunla dağlara getməyə dəyər. Onsuz da tətil başlayır - qarşıda bütöv bir həftə var.

- Sən onun nəyisən? - bizim stolun arxasında oturmuş gözəl qadın məndən soruşdu.

- Uşaqlıq dostuyuq, - mən cavab verdim.

- O, uşaq vaxtı da bunu bacarırdı?

- «Bunu» - yəni nəyi?

Stol arxasındakı söhbət get-gedə sönükləşirdi.

- Özün bilirsən, - o dedi. -Möcüzə yaratmağı.

- O, elə o vaxtdan yaxşı danışmağı bacarırdı, - nə dediyimi düz-əməlli anlamadan cavab verdim.

Stol arxasındakıların hamısı gülüşdü - o da hamı ilə birlikdə. Mənsə nəyin onları bu qədər əyləndirdiyini yenə də başa düşmədim. Ancaq şərabın təsirilə özümü azad hiss edirdim və baş verənləri idarə etməyə ehtiyac görmürdüm.

Mən ətrafa baxdım, nə barədəsə bir-iki replika atdım və bir dəqiqədən sonra onları unutdum. Və yenidən tətil haqqında düşünməyə başladım.

Burda oturmaq mənimçün xoş idi, maraqlı idi. Mənim təzə tanışlarım ciddi problemlərin müzakirələri arasında yaranan fasilələrdə zarafatlaşır, məzələnirdilər və mənə elə gəlirdi ki, dünyada baş verən hər şeyin mənə birbaşa dəxli var. Hər halda həyat, heç olmasa, bir gecəliyə qarşımda televiziya ekranından, qəzetdən dayanmamışdı.

Hə, Saraqosa qayıdanda danışmağa sözüm olacaq. Əgər onun dəvətini qəbul etsəm, xatirə və təəssüratlar bütün bir il üçün bəs edəcək.

13


«O, mənim Soriya haqqında danışdıqlarımı dinləməməkdə tamamilə haqlıydı» - mən düşündüm və özümün özümə yazığım gəldi: neçə illərdi ki, yaddaşımın rəfində eyni əhvalatlar yatır?!

- Bir az da iç, - və ağbaş kişi stəkanımı doldurdu.

Mən də uşaqlarıma və nəvələrimə, əslində danışacaq çox az şeyim olduğunu fikirləşib içdim.

- Mən sənə ümid edirəm - o, yalnız mənim eşidə biləcəyim səslə dedi:

- Gedək Fransaya.

Şərab mənim dilimi açmışdı.

- Əgər bir məsələyə aydınlıq gətirsək. Ancaq o halda.

- Hansı məsələyə?

- Mühazirədən əvvəl dediklərinə. Kafedə.

- Medalyon haqqında?

- Yox, - mən var-gücümlə ayıq görünməyə çalışaraq və düz onun gözlərinin içinə baxaraq cavab verdim. - Sənin onda mənə dediklərin haqqında.

- Yaxşı, biz sonra bu haqda danışarıq, - o, mövzunu dəyişməyə cəhd edərək dedi.

Sevgi etirafı. Onda biz danışa bilmədik, amma indi mən onu bütün məsələnin, məhz, bundan ibarət olduğuna inandıra bilərdim.

- Əgər səninlə getməyimi istəyirsənsə, mənə qulaq asmalısan.

- Daha burda yox ki. Burda biz əylənirik.

- Sən Soriyadan çox tez getdin, - mən təslim olmurdum.- Mən səni doğma yerlərə bağlayan yeganə bağam. Məhz, o, sənə irəli getmək üçün güc verir.

«Vəssalam. Heç bir sevgidən söhbət belə ola bilməz».

O, mənə səssizcə, sözümü kəsmədən qulaq asırdı. Lakin qəfildən kimsə fikrini öyrənmək üçün onu çağırdı və bizim söhbətimiz qırıldı.

Nə isə, heç olmasa, mən hər şeyi aydınlaşdırdım, - mən öz-özümə dedim. Belə sevgi ancaq nağıllarda olur.

Ona görə ki, real həyatda biz baş tutmayan sevgini sevgi hesab etmirik. Sevgi, yalnız sevdiyimiz şəxsi fəht eləməyə ümid - qoy, lap cüzi

olsun - qalanda əhəmiyyət kəsb edir.

Yerdə qalanlar - fantaziyadır. Və sanki mənim fikirlərimi oxuyurmuş kimi, o, stolun o başından mənə tərəf bərkdən dedi:

- Məhəbbətin şərəfinə içək!

O da azacıq kefli idi. Mən bu imkandan istifadə etmək qərarına gəldim.

- Məhəbbətin bəzən uşaq ağılsızlığı olduğunu anlamağa qadir müdriklərin şərəfinə.

- Müdrik elə sevdiyi üçün müdrikdir. Axmaqsa - ona görə axmaqdır ki, elə bilir, məhəbbəti dərk etməyə qadirdir, - o cavab verdi.

Stol arxasındakılar onu eşitdilər və bir dəqiqədən sonra sevgi qızğın mübahisənin mövzusuna çevrildi. Hər kəsin öz nəzər nöqtəsi vardı, hər kəs dişi ilə, dırnağı ilə öz həqiqətini müdafiə edirdi və ehtirasların yatışması üçün bir neçə şüşə şərab gərək oldu. Elə bu vaxt kiminsə yadına düşdü ki, artıq gecdir və sahibi restoranı bağlamağa hazırlaşır.

14


- Sərbəst beş gün! - stolun o biri başından kimsə qışqırdı. - Sahibi siz ciddi söhbətlər etdiyiniz üçün restoranı bağlamaq istəyir.

Hamı güldü, hamı – ondan başqa.

- Bəs, səncə, ciddi şeylər barədə harda danışmaq lazımdır?

- Kilsədə! – birinci şəxs cavab verdi.

Bu dəfə bütün restoran gülüş səsindən guruldadı.

O qalxdı. Mən fikirləşdim ki, o, indicə dava salacaq - axı biz hamımız bir on il əvvələ, gənclik dövrünə qayıtmışdıq. O dövrə ki, dava - öpüş, həyasız sığallar, qulaq batıran musiqi və coşğun sürətlə birlikdə – gecə yığıncaqlarının vacib elementlərindən idi.

Ancaq yox – o, sadəcə mənim əlimdən tutdu və qapıya tərəf getdi.

- Biz getməliyik, – dedi. - Artıq gecdir.

Yağış Bilbaoda da, bütün dünyada da yağışdı. Sevən kəslər tapmaq və itirmək qabiliyyətinə sahib olmalıdır. O, onların arasında tarazlığı gözləməyi öyrənib. O, şəndir və yol boyu zümzümə edir.

Mənim başımın içi hələ azca uğuldayır, dünyanın rəngləri hələ bozarmayıb, sönükləşməyib, ancaq mən də tədricən tarazlığımı bərpa edirəm. Necə deyərlər, mən situasiyaya nəzarət etməliyəm, çünki onunla getmək istəyirəm.

Və mənim üçün situasiyanı nəzarətdə saxlamaq çətin deyil, ona görə ki, artıq dəlicəsinə sevmirəm. Kim ki, öz qəlbini ram etməyə qadirdir, ona bütün dünya baş əyəcək.

«Mən qəlbimi sərbəst buraxmaq istərdim», - deyə düşünürəm. Əgər mən ürəyimi ona verə bilsəydim - heç olmasa bir week-endlik – yanaqlarıma düşən yağış damcılarının dadı indi fərqli olardı. Əgər sevmək asan olsaydı, o, məni qucaqlayardı və zümzümə etdiyi melodiyanın taktında başqa əhvalat danışardı və o, bizim əhvalatımız olardı. Əgər orada uzaqda, bayramların arxasında, Saraqosa qayıdan yol görünməsəydi, mən istərdim ki, meyxoşluğum heç vaxt keçməsin, onu öpmək, oxşamaq, ancaq sevgililərə məxsus sözləri pıçıldamaq və eşitmək üçün yetərincə azad olum.

Ancaq yox. Bacarmıram.

İstəmirəm. O isə təklifinə «hə» deyəcəyimi hələ bilmir. Bu risk mənim nəyimə gərəkdir, axı? Çünki, bu anda keflilik məni nəşələndirmişdi, çünki mən bir - birinə eynilə bənzəyən günlərdən yorulmuşdum.

Lakin bu yorğunluq keçəcək. Mən də o dəqiqə Saraqosa - özüm seçdiyim və öz xoşumla yaşadığım şəhərə qayıtmaq istəyəcəyəm. Məni məşğələlər gözləyir, müsabiqə gözləyir. Mən nə vaxtsa rastlaşmalı olduğum (bu isə o qədər də asan olmayacaq) - ərim gözləyir.

Məni sabit və sakit, uşaqlı, nəvəli, təminatlı, təqaüdlü, illik məzuniyyətli həyat gözləyir. Ona hansı qorxuların əzab verdiyindən xəbərsizəm, əvəzində öz qorxularımı yaxşı tanıyıram. Və onların sayı yetərincədir -yenilərini istəmirəm.

Mən kimisə onun qədər sevməyi bacarmazdım: heç vaxt bacarmazdım.

Mən onu çox yaxşı tanıyıram - axı, biz uzun müddət yanaşı yaşamışıq:

15

Onun bütün zəifliklərini, qorxularını tanıyıram. Mən başqaları kimi ona valeh olmağı bacarmaram.



Və bir də mən bilirəm ki, məhəbbət - bəndə oxşayır: əgər nazik su şırnağının keçə biləcəyi dəlik qoysan, tezliklə onun təzyiqindən divarlar yıxılacaq, elə bir an gələcək ki, axının qarşısında dayanmağa heç kimin

gücü çatmayacaq.

Əgər divarlar yıxılsa, məhəbbət hər şeyi zəbt edəcək və hamının üzərində hakim olacaq: nəyin mümkün, nəyin qeyri - mümkün olması

onun vecinə deyil. Onu maraqlandırmır - sevdiyimiz şəxsi yanımızda saxlamağa gücümüz çatacaq, ya yox. Məhəbbət idarə olunmazdır.

Yox, mən divarda dəlik qoya bilmərəm - hətta çox kiçiyini belə.

- Bir dəqiqə!

O, ani olaraq susdu. Yaş körpüdən kiminsə tələsik addımları eşidildi.

- Gedək, - o, əlimdən yapışaraq dedi.

- Dayanın! Bircə dəqiqə! - Yolçu qışqırdı. - Mən sizinlə danışmalıyam!

Ancaq o, addımlarını yeyinlətdi.

- Bizi çağırmır, - o dedi. - Otelə gedək.

Bununla belə, məhz, bizə müraciət edirdilər - küçədə başqa heç kim yox idi.

Mənim ürəyim əsdi, bir anda ayıldım. Yadıma düşdü ki, Bilbao - basklar ölkəsinin paytaxtıdır və burda tez-tez terror aktları baş verir. Addımlar

yaxınlaşırdı.

- Gedək! - o dedi və daha da sürətlə yeridi.

Lakin artıq gec idi. Aramızda sanki yerin altından çıxmış, başdan - ayağadək yaş kişi fiquru peyda oldu.

- Dayanın! - həmin adam təkrar etdi. - Bir dəqiqəlik! Allah xatirinə!

Mən qorxudan qaçmaq istədim, hansı möcüzəyləsə yanımızda patrul maşının əyləclərinin zingildəməsi üçün yalvardım. Qeyri - ixtiyari ondan bərk - bərk yapışdım, ancaq o, əllərimi itələdi.

- Yalvarıram, - yad kişi dilləndi. - Mən sizin burda olduğunuzu eşitdim. Tanrı eşqinə, kömək edin! Mənim oğlumu xilas edin!

O ağladı və təkrar – təkrar:

- Sizə yalvarıram! Yalvarıram! - deyərək diz çökdü.

Mənim dostum dərindən nəfəs aldı, başını aşağı saldı, gözlərini yumdu. Yaranmış səssizlikdə yağış damlalarının tappıltısı və körpünün ortasında diz çökmüş adamın necə ağlaması eşidilirdi.

- Otelə get, Pilar, - nəhayət, dostum dilləndi - Uzan, yat. Mən ancaq səhərə yaxın qayıdacam.

***


Məhəbbət - başdan-başa hiylə və tələdən ibarətdir. O, öz gəlişi haqqında xəbər

16


vermək istəyəndə, ancaq işığını göstərir, işığın yaratdığı kölgələri isə - gizlədir.

- Bir ətrafa bax, - o dedi. - Gəl diz çökək, yerin ürəyinin necə döyündüyünə qulaq asaq.

- İndi yox, - mən cavab verdim. - Mən jaketimi çirkləndirə bilmərəm. Ondan bir dənədir.

Biz zeytun ağacları ilə örtülü təpələrlə gedirik. Bilbaodakı dünənki yağışdan sonra günəşli səhər yuxuya bənzəyirdi. Mənim qara eynəyim yox idi - ümumiyyətlə, özümlə heç nə götürməmişdim, çünki elə həmin gün Saraqosa qayıtmağa hazırlaşırdım. Gecə ondan götürdüyüm köynəkdə yatmalı oldum, otelimizin yanındakı kiçik dükandan özümə mayka aldım, yuduğum - bir gün əvvəl geyindiyim quruyana qədər dəyişək kimi nə isə olsun deyə.

- Məni hər gün eyni paltarda görmək, yəqin səni bezdirib, - bu adi söhbətin məni gerçəkliyə qaytarmasını istədiyim üçün zarafatyana dedim.

- Mən xoşbəxtəm, çünki sən – burdasan.

Medalyonu mənə qaytardığı andan etibarən o, mənə daha sevgisi haqqında danışmır. Lakin şəndir və özünü 18 yaşlı gənc kimi aparır.Və indi mülayim səhərin şəfəqlərinə bürünmüş halda yanımda addımlayır.

- Sənin orada nə işin var? – mən üfüqü gizlədən Pireneyin qollarını göstərib soruşdum.

- Dağların o biri üzü –Fransadır, – o, təbəssümlə cavab verdi.

- Mən məktəbdə coğrafiyanı oxumuşam. Bilmək istəyirəm, niyə ora gedirik və orda nə edəcəyik?

- Niyə? Ona görə ki, mən sənə bir ev göstərmək istəyirəm. Ola bilsin, o səni maraqlandırdı.

- Əgər sən əmlak satan agent olmaq qərarına gəlmisənsə, məni yadından çıxart. Mənim pulum yoxdu.

Mənimçün fərqi yox idi – Navarraya gedirik, ya Fransaya. Təki bayramda Saraqosa geri dönməyim.

«Hə, necədir? – ağlım ürəyimdən soruşdu. – Onun təklifini qəbul etdiyin üçün məmnunsan. Sən dəyişmisən və özün bunu hiss edirsən».

Yox, bir qram da dəyişməmişəm. Sadəcə bir az dincəlmişəm.

- Bir daşlara bax.

Doğrudan da, çaydaşı kimi sığallı, hamardırlar, amma burda, Navarranın düzənliklərində heç vaxt dəniz olmayıb.

-Onları kəndlilərin, ziyarətçilərin, macəra axtaranların dabanları cilalayıb, - o dedi. – Daşlar dəyişib, lakin yolçular da həminki deyil.

- Bildiklərinin hamısını sənə səyahətlər öyrədib?

- Yox.Vəhyin möcüzələri.

Mən onun nəyi nəzərdə tutduğunu başa düşmədim və dərinə getməməyə üstünlük verdim. Mən günəşə, düzlərə, üfüqdəki sıra dağlara necə qarışdığımı hiss edirdim.

- Biz hara gedirik? – mən soruşdum.

- Hələ ki, heç hara. Biz sadəcə səhərdən, günəşdən, gözəl mənzərədən, həzz alırıq.

17


Hələ qarşıda bizi maşınla uzun yol gözləyir, – o deyir və ani tərəddüddən sonra əlavə edir. – Sən medalyonu gizlətdin?

- Gizlətdim, – mən cavab verirəm və addımlarımı yeyinlədirəm. Bu səhərin sərbəstliyini və sevincini korlamamaq üçün bu haqda danışmaq istəmirəm.

Qabaqda şəhərcik peyda olur. Orta əsrlər üçün xarakterik olaraq o, təpənin zirvəsindədir və mən aralıda onun kilsə zəngini və qəsrin xarabalığını görürəm.

- Gəl, ora gedək, – mən xahiş edirəm.

O, tərəddüd edir, ancaq sonra razılaşır. Yolda sovməə ilə (kişik kilsə) rastlaşırıq və mən ora girmək istəyirəm. Mən dua edə bilmirəm, ancaq kilsənin sükutu məni həmişə sakitləşdirir.

«Özünü günahlandırma, sənin heç bir günahın yoxdur, - mən özümə deyirəm. – Əgər o sevirsə, bu onun öz işidir».

O, medalyonu soruşdu. Mən bilirəm – o gözləyirdi ki, biz yenidən kafedəki köhnə söhbətə qayıdacağıq. Gözləyirdi – həm də istədiyini eşitməyəcəyindən qorxurdu. Bax, elə buna görə hadisələri tələsdirmir, o mövzuya toxunmur.

Ola bilsin ki, o, məni doğrudan da sevir. Ancaq biz bu sevgini nə isə fərqli, daha dərin bir şeyə çevirməliyik.

«Nə çərənləyirəm, – özümə deyirəm. – Dünyada sevgidən dərin heç nə yoxdur. Ancaq nağıllarda şahzadə qurbağanı öpür və o, gözəl oğlana çevrilir. Həyatda hər şey əksinədir. Şahzadə qız şahzadə oğlanı öpür və o, iyrənc qurbağaya çevrilir».

Yarım saatdan sonra sovməəyə çatırıq. Pillələrdə qoca kişi oturub.

Yola çıxdığımız andan o, rastlaşdığımız ilk insandır. – zira indi payızdır, Tanrının onlara yenidən bərəkət əta edəcəyi və insanın öz alın təriylə gündəlik ruzisini qazanmasına imkan verəcəyi ümidilə çöllər özlərini yenidən onun öhdəsinə buraxırlar.

- Salam, – o, qocaya deyir.

- Salam.

- Bu şəhərciyin adı nədir?

- San-Martin de Unks.

- Unks? – mən təkrar soruşuram. – Cırtdan adına oxşayır.

Qoca zarafatı başa düşmür və mən bir qədər pərt halda, sovməənin qapısına doğru yönəlirəm.

- Olmaz, - qoca məni dayandırır. – Günorta bağlıdır. İstəyirsinizsə - dörd üçün gəlin.

Lakin sovməənin qapısı aralıdır. Və mən, - qarışıq da olsa, -çünki günəşin parlaq şüaları gözqamaşdırır – içərini görürəm.

- Cəmi bir dəqiqəlik... Mən dua eləmək istəyirəm.

- Təəssüf, ancaq icazə verə bilmərəm. Bağlıdır.

O, mənim qoca ilə söhbətimi dinləyir və qarışmır.

- Yaxşı, gedək burdan, - mən deyirəm. - Mübahisə etməyək.

O, əvvəlki kimi boş, soyuq nəzərlərlə mənə baxır.

- Bəyəm, sən, sovməəni görmək istəmirsən? - deyə soruşur.

Mən bilirəm, mənim özümü belə aparmağım onun xoşuna gəlmir. O, məni - zəif, qorxaq, öz istədiyini əldə etməyi bacarmayan biri hesab edir. Şahzadə qız öpüşsüz -

18

filansız qurbağaya çevrildi.



- Dünən olanları yadına sal, - mən deyirəm. - Barda sən mübahisənin davam etməsini istəmirdin və onu yarımçıq qoydun. Amma mən indi həmin şeyi təkrarlayanda, sən məni mühakimə edirsən.

Qoca laqeydcəsinə bizə qulaq asır. Yəqin, çox məmnundur - onun gözləri önündə heç olmasa nə isə baş verir, zira, burda, bu balaca şəhərdə bütün səhərlər, bütün gündüzlər, bütün gecələr bir-birindən fərqlənmir.

- Qapı bağlı deyil, - o, qocaya müraciət edir. - Əgər sənə pul lazımdırsa, biz verə bilərik, az da olsa. Ancaq bu xanım kilsəyə baxmaq istəyir.

- İndi - olmaz.

- Yaxşı görək! Biz onsuz da girəcəyik!

Və mənim əlimdən yapışaraq içəri daxil olur.

Ürəyim az qalır yerindən çıxsın - Qoca qəzəblənə, polis çağıra, səyahətimizi korlaya bilər.

- Niyə belə elədin?

- Çünki sən sovməənin içini görmək istəyirdin.

Ancaq məndə alınmır: gözlərim baxmır - bu deyişmə və mənim qadağaya münasibətim belə gözəl bir səhərin bütün cazibəsini məhv elədi.

Mən diqqətlə bayırda baş verənlərə qulaq kəsilirəm, qocanın necə polis çağırdığını təsəvvürümə gətirirəm. Kafirlər. Soyğunçular. Onlar qanunu pozurlar, qadağaları tapdalayırlar. Axı, qoca onlara dedi - bağlıdır, ziyarət saatı qurtarıb! O xəstə və taqətsizdir, onun bizi saxlamağa gücü çatmazdı, biz yaşlıya hörmət etməmişik və bu polisin gözündə bizim günahımızı ağırlaşdıracaq.

Mən içəridə gözlərin alışması üçün nə qədər vaxt gərəkdirsə, düz o qədər qalıram. Lakin ürəyim elə bərk döyünür ki, onun ürəyimin tappıltısını eşidəcəyindən qorxuram.

- Biz gedə bilərik, - mən «Atamız» duasını oxumaq üçün lazım olan vaxtı ötürərək deyirəm.

- Pilar, qorxma. Sənə bu qocanın çaldığına oynamaq lazım gəlməyəcək.

Mən qarovulçu ilə konfliktin dostumla mübahisəyə səbəb olmasını istəmirəm. Sakitliyimi qorumalıyam.

- Nədən danışdığını başa düşmürəm, - mən cavab verirəm.

- Elə adamlar var ki, daima kiminləsə - ətrafdakılarla, özləriylə, həyatla döyüşürlər. Və tədricən onların başlarında müəyyən bir teatral oyun yaranmağa başlayır, onun librettosunu isə öz uğursuzluqlarının və məyusluqlarının diqtəsiylə yazırlar.

- Mən bu cür çoxlarını tanıyıram.

- Bədbəxtlik ondadır ki, onlar bu pyesi təkbaşına oynaya bilməzlər, - o davam edir. - Və onda onlar başqa aktyorların köməyindən istifadə edirlər.

İndi, təxminən, buna bənzər bir şey baş verdi. Qoca kimdənsə nəyə görəsə acıq çıxmaq, hirsini kiminsə üstünə tökmək istəyirdi və bizi seçdi. Əgər biz ona qulaq assaydıq, qadağasına boyun əysəydik, onda bu an məğlubiyyətin acısını çəkərdik, peşman olardıq. Biz onun uğursuzluqlarının və miskin həyatının bir hissəsinə

19

çevrilərdik.



Lakin onun düşmənçiliyi çox açıq idi, ona görə də ondan qorunmaq bizim üçün çətinlik törətmədi. Bundan da pisi, adamların həyatın ədalətsizliyindən şikayətlənərək, başqalarından məsləhət, yardım, himayə gözləyərək, özlərini qurban kimi aparmağa başlayaraq bizi də «səhnəyə» çağırmasıdır.

O, mənim gözlərimə baxdı.

- Ehtiyatlı ol, - o dedi. – Belə oyuna qoşulsan - mütləq məğlub olacaqsan.

O haqlıdır. Amma yenə də mən rahat deyildim: ürəyimdə xoşagəlməz hiss qalmışdı.

- Mən dua elədim. İstədiyim hər şeyi elədim. Biz çölə çıxa bilərik.

Və biz bayıra çıxırıq. Kilsədəki yarıqaranlıq və günəşin gözqamaşdıran işığı arasındakı kontrast elə güclüdür ki, mən bir neçə dəqiqə heç nə görmürəm. Görmə qabiliyyətim bərpa olanda qocanın orada olmadığını sezirəm.

- Gedək, nahar edək, - o deyir və şəhərciyə tərəf yönəlir.

Nahar zamanı mən iki stəkan şərabın axırına çıxdım. Hələ ömrüm boyu bu qədər çox içməmişdim. Mən əyyaşa çevrilirəm.

«Ağ eləmə».

O, ofisiantla danışır. Ətrafda hələ Qədim Romaya aid tikililərinin xarabalıqlarının qaldığını öyrənir. Mən söhbətə qoşulmağa cəhd edirəm, ancaq pis əhval - ruhiyyədə olduğumu gizlədə bilmirəm.

Şahzadə qurbağaya çevrildi. Nə olsun ki? Əgər mənə heç nə gərək deyilsə - nə kişi, nə məhəbbət - bunun nə əhəmiyyəti var?

«Mən, axı, əvvəldən bilirdim, - mən düşünürəm. - Bilirdim ki, o mənim dünyamın tarazlığını pozacaq. Ağlım mənə xəbərdarlıq etdi - ancaq ürəyim onun məsləhətini eşitmək istəmədi».

Mənə çatan o cüzi nəsnənin əldə olunması çox baha başa gəldi. Mən arzuladığım bir çox şeydən imtina etməli, qarşıma sərilən bir çox yollardan üz çevirməli oldum.

Mən arzularımın çoxunu ən böyük arzuma – ruhumun sakitliyinə qurban verdim. Və indi onu itirmək istəmirəm.

- Səni nə isə narahat edir, - o, qarsonla söhbətini kəsib soruşur.

- Hə, düz tapmısan. Məncə, o qoca polisə xəbər verdi. Məncə belə balaca şəhərdə bizi tapmaq o qədər də çətin olmayacaq. Və məncə, sənin tərsliyinə salıb, məhz, burda nahar etmək istəmənin ucbatından biz tətilimizin üstündən xətt çəkə bilərik.

O, içində mineral su olan stəkanı əlində fırladır. O, yəqin bilir ki, mən yalan danışıram və iş heç də qocada deyil. İş ondadır ki, mən xəcalətdən ölürəm. Niyə biz yaşamımızın başına belə iş açırıq? Niyə gözdə çöpü görürük, amma dağlara, çöllərə, zeytun meşələrinə fikir vermirik?

- Qulaq as, - o deyir. - İnan ki, boş yerə narahat olursan: qoca çoxdan evindədir və bu hadisəni də artıq unudub.

«Axmaq, mən buna görə narahat deyiləm» - mən fikirləşirəm.

- Ürəyinin səsinə qulaq as, - o davam edir.

- Mən elə belə də eləyirəm, - mən deyirəm. – qulaq asıram. Və burdan getmək

20


istəyirəm. İçimdə nə isə xoşagəlməz hiss var.

- Bu günlük daha içmə. Şərab sənə kömək eləmir.

Bu ana qədər mən özümü birtəhər saxlamışdım. İndi mənə çatır - ən yaxşısı, içimdə yığılıb qalan hər şeyi deməkdir.

- Sən əminsən ki, hər şeyi bilirsən. Sən sehrli anlar haqqında, böyük adamın qəlbində saxlanmış körpə haqqında danışırsan. Və mən başa düşmürəm ki, sənin burda, mənim yanımda nə işin var?!

- Mən sənə valeh oluram, - o gülür. - Sənə və sənin necə öz ürəyinə qarşı mübarizə aparmana.

- Necə, necə? - mən bir də soruşuram.

- Heç nə, mən elə-belə… - o cavab verir.

Ancaq mən onun nə demək istədiyini artıq başa düşmüşəm.

- Özünü aldatma. Əgər istəyirsənsə, biz bunu aydınlaşdıra bilərik. Sən mənim hisslərim barədə yanılırsan.

O, stəkanı oynatmağı dayandırıb, düz mənim gözlərimin içinə baxır:

- Yanılmıram. Mən bilirəm - sən məni sevmirsən.

Mən əməlli - başlı çaşıram.

- Lakin mən sənin məhəbbətin uğrunda mübarizə aparacam, - o davam edir. - Dünyada elə şeylər var ki, onların uğrunda sonuna qədər mübarizə eləməyə dəyər.

Mən ona nə cavab verəcəyimi bilmirəm.

- Məsələn, sənin uğrunda, - o sözünü bitirir.

Mən baxışlarımı yayındırıram və özümü elə göstərirəm ki, guya, restoranın interyerinə baxıram. Mən özümü qurbağa kimi hiss edirdim və birdən yenə şahzadəyə çevrildim.

«Mən onun sözlərinə inanmaq istəyirəm, - mən gözlərimi üzərində balıqçı qayıqları təsviri olunmuş rəsmə zilləyərək fikirləşirəm. – Bu heç nəyi dəyişməyəcək, amma hər halda mən özümü bu qədər zəif, lazımsız hiss etməyəcəyəm».

- Sənə belə hücum etdiyimçün bağışla, - mən deyirəm.

O gülümsəyir və ofisiantı çağırıb hesabı ödəyir.

Geri qayıdanda mənim çaşqınlığım keçməmişdi. Günahkar kim idi? Günəş? - Ancaq indi payızdır və günəş nəinki yandırmır, heç isitmir də. Qoca?–Ancaq qoca artıq xeyli vaxt idi ki, mənim həyatımdan getmişdi.

Hər şey günahkar ola bilərdi - yeni olan hər şey. Təzə ayaqqabı ayağı sürtür. Yaşam da belədir - o, bizi qəfildən yaxalayır və qeyri - müəyyənliyə sürükləyir. Hətta biz bunu istəməsək də, hətta bu bizə lazım olmasa da.

Mən ətrafı seyr edərək fikrimi dağıtmağa çalışıram, amma daha zeytun sahələrini, təpənin zirvəsindəki şəhərciyi, qocanın kandarında oturduğu sovməəni görə bilmirəm. Bütün bunlar mənə yaddır, heç nə tanış deyil.

Mən dünənki ziyafəti və onun elə hey zümzümə etdiyi nəğməni xatırlayıram:


Yüklə 164,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin