Genetika elmindən istifadə də pedaqogikada xüsusi yer tutur. Hələ XIX əsrdə yaşamış məşhur bioloq Mendelin (1822-1884) çarpazlaşma nəzəriyyəsi pedaqogika üçün zəngin material verir. O, genlər, irsilik, cinsi tərbiyə, ailə tərbiyəsi və s. məsələlər barədə biliklər verilməsinə kömək edir.
Pedaqogikanın sıx əlaqəsi olan digər bir elm də erqonomikadır. Erqonimika yunanca qanun deməkdir. O, əmək prosesində insanın funksional imkanlarını öyrənən, onun iş qabiliyyətini yüksəltmək üçün optimal şəraitin təşkili imkanlarını yaradan qanunauyğunluqları aşkara çıxara bilən bir elmdir. Erqonomikanın digər elm sahələrindən fərqi ondadır ki, o ayrı-ayrı insanı, onun iş şəraitini, istismar etdiyi maşını və texnikanı deyil, onların əlaqələrini və bu əlaqələr nəticəsində yaranan mürəkkəb sistemi tədqiq edir.
Pedaqogikanın tarix və ədəbiyyat, coğrafiya və antropologiya, səhiyyə və ekologiya, iqtisadiyyat və arxeologiya, etnoqrafiya elmləri ilə də əlaqəsi vardır. Çünki pedaqoqları insan, onun yaşadığı sahə, onun həyatı, inkişaf şəraiti daim maraqlandırır. Onlar bu əlaqələr vasitəsilə öz fənlərinin tədrisində məqsədlərinə çatmağa nail olurlar.
Hər bir elmdə olduğu kimi, pedaqogikanın da söykəndiyi, bəhrələndiyi və yeri gəldikcə istinad etdiyi mənbələri də vardır:
şifahi xalq yaradıcılığı nümunələri. Şifahi xalq yaradıcılığı nümunələrində yalnız tərbiyə ideyaları deyil, xalq həyatının digər cəhətləri – adət və ənənəsi, etnoqrafiyası, tarixi, psixologiyası və s. əks olunduğundan bu nümunələrin pedaqoji istiqamətdə araşdırılması pedaqogika elmi üçün qiymətli faktlar verir.
dövlət sənədləri. Azərbaycan təhsil sistemi müəyyən qanunlar əsasında yaradılmışdır. Onların fəaliyyəti də müəyyən sənədlər əsasında istiqamətlənir. Təhsil Azərbaycan Respublikasının Konstitusiyasına, Təhsil Qanununa, bu qanuna müvafiq olaraq verilmiş təhsil qanunvericiliyi aktlarına, həmçinin təhsil müəssisələrinin nizamnamələrinə söykənir.
pedaqoji sənədlər. Hər bir tədris, tərbiyə müəssisəsinin xüsusiyyətlərini əks etdirən sənədləri vardır. Məktəb, onun kollektivinin fəaliyyətini müəyyənləşdirməkdə həmin sənədlər böyük rol oynayır.
məktəbin ümumi işini əks etdirən sənədlər. Məktəbin iş planları, hesabatı, dərs cədvəli, məktəb şurası və pedaqoji şuranın protokol kitabı, sinif rəhbərinin, metodbirləşdirmələrin iş planları və s.
məktəbin maliyyə-təsərrüfat sənədləri və s.
pedaqogika qabaqcıl məktəblərin və müəllimlərin iş təcrübəsini öyrənir;
pedaqogika klassik və müasir pedaqoqların təlim-tərbiyə haqqında fikirlərindən də bir mənbə kimi istifadə edir;
pedaqogika uşaqların ailədə tərbiyəsi təcrübəsinə də müraciət edir;
pedaqogika dünya ölkələrinin məktəb təcrübəsinə tənqidi yanaşaraq təhlil edir, onların müsbət cəhətlərinə əsaslanır.
PEDAQOGİKANIN ELMİ TƏDQİQAT METODLARI.
Metod elmi idrak prosesində tədqiqatçını məlum həqiqətlərdən naməlum biliklərə doğru aparan hərəkətlər, addımlar sistemidir. Metod ümumidir. Hər bir elmin özünün metodları vardır.
Tədqiqatın aparılma texnologiyası, konkret tədqiqat metodlarını konkret obyektə tətbiq etmək metodika adlanır. Metodikanın mahiyyətini öyrənilən obyektlə tətbiq olunan metodun arasındakı əlaqənin üzə çıxarılması və nəzərə alınması təşkil edir.
Maddi aləmin dərk olunması prosesində tədqiqatçının rəhbər tutduğu fəlsəfi təlim metodologiya adlanır. Pedaqogikada metodologiya anlayışı qeyri-müəyyən, çoxmənalı, hətta mübahisəlidir. Bəziləri geniş mənada onu nəzəri və praktiki fəaliyyətin prinsip və üsullarının qurulmasının sitemi, habelə o sistem haqqında elm kimi izah edirlər. Digərləri, geniş mənada, onu elmi idrak və dünyanı yenidən qurmaq barədə elm mənasında aydınlaşdırırlar.
Pedaqogikanın metodologiyası pedaqoji nəzəriyyəsini əsasları və quruluşu, pedaqoji gerçəkliyi əks etdirən biliklərin əldə edilməsinə yanaşma prinsipləri və yolları, habelə belə bilikləri əldə etmək fəaliyyəti, proqramların, məntiqi metodların, tədqiqat işlərinin keyfiyyətinin qiymətləndirilməsi haqqında sistemdir.
Pedaqoji tədqiqatların metodları aşağıdakı kimi müəyyənləşdirilir:
ənənəvi pedaqoji metodlar;
pedaqoji eksperiment;
pedaqoji testləşdirmə;
kollektiv hadisələri öyrənmə metodları;
kəmiyyət (riyazi) metodları.
Ənənəvi pedaqoji metodlar. Bu metodları ona görə ənənəvi adlandırırıq ki, onlar müasir pedaqogikaya bu elmin yaradıcılarından irsən keçmişdir. Bu metodları Platon və Kvintilian, Komenski və Pestolotsi istifadə etmişlər. Onlardan indi də istifadə olunur. Pedaqoji tədqiqatın ənənəvi metodlarına müşahidə, təcrübənin, ilk mənbələrin, şagird yaradıcılığının öyrənilməsi, məktəb sənədlərinin təhlili, söhbətlər daxildir.
Dostları ilə paylaş: |