Pedaqogikanın fiziologiya ilə əlaqəsi. Bu əlaqə müxtəlif istiqamətlərdə başa
düşülür. Bəzi mütəxəssislərin fikrincə, təlim və tərbiyə məsələləri bioloji
faktlardan çıxış etməlidir. Guya sinir fəaliyyəti haqqında elm olan refleksologiya
pedaqogikanın əsasını təşkil etməlidir. Bu cərəyanın tərəfdarları bütün pedaqoji
hadisələri “stimul-reaksiya” formuluna uyğun izah etməyə çalışırlar. Onlar güman
edirlər ki, pedaqogika uşağın fəaliyyətini idarə edən stimullar sistemini işləyib
hazırlamalıdır. Belə bir sistem isə uşaq fəaliyyətində şüurluluq ünsürlərini
məhdudlaşdırır. Bu səbəbdən də refleksoloji yanaşma düzgün sayıla bilməz.
Pedaqogikada refleksoloji yanaşmanın birtərəfliliyini başa düşən digər qrup
mütəxəssislər pedaqogikanı biologiyadan ayırmağa səy göstərmişlər: onlar
inandırmağa çalışırlar ki, biologiyanın pedaqogikaya heç bir dəxili yoxdur və
pedaqogika öz işini bioloji biliklərə istinad etmədən qurmalıdır.
Ali sinir sistemi fəaliyyətinə dair elmi fiziologiyadan və genetikadan ayrı
salmaq cəhdi bir sıra pedaqoji problemlərin düzgün həllinə mane olur, təlim və
tərbiyədə irsi əlamətlərin rolunu inkar edir, uşaq qabiliyyətlərinin üzə çıxarılması
və formalaşdırılması prosesini çətinləşdirir. Pedaqoji hadisələri yalnız bioloji
qanunauyğunluqlar zəminində izah etmək cəhdi də, bu hadisələri fiziologiyasız və
genetikasız nəzərdən keçirmək cəhdi də eyni dərəcədə səmərəsizdir. Pedaqogika
uşağın əqli, həm də fiziki inkişaf qanunauyğunluqlarına dayanmalıdır. Pedaqoji
hadisələrin qanunauyğunluqları fizioloji qanunauyğunluqlarla müncər edilə
bilmədiyi kimi, bu qanunauyğunluqlar da inkar edilə bilməz.
Dostları ilə paylaş: |