Plan: Azərbaycan XIII-XV əsrlərdə. 1.Azərbaycan XIII-XV əsrin əvvəllərində - monqolların yürüşləri dövründə. 2.Hülakilər dövləti. 3.Toxtamış və əmir Teymurun Azərbaycana yürüşləri. 4.Şirvanşahlar dövləti və Şəki hakimliyi. 5.Qaraqoyunlu dövləti. 6.Ağqoyunlu dövləti. 7.Ərdəbil hakimliyi. 8.Mədəniyyət 1.Azərbaycan XIII-XV əsrin əvvəllərində - monqolların yürüşləri dövründə. Monqolların Azərbaycana birinci yürüşü. Mövcud şəraitdən istifadə edən monqollar Azərbaycana ilk dəfə 1220-ci ildə yürüş etdilər. Zəncan, Ərdəbil, Sərab və başqa şəhərləri talan edən monqol sərkərdələri Cəbə və Subutay Təbrizə yaxınlaşdılar. Şəhər möhkəm qala divarları ilə əhatə edildiyindən onu zor gücünə zəbt etməyin çətin olacağını duyan monqollar danışıqlar aparmağı lazım bildilər. Eldəniz Özbək də, şəhərin müdafiəsinə arxayın olmadığından monqollarla sazişə girməyi üstün tutdu. O, Cəbə və Subutayın yanına elçi göndərərək onlara çoxlu ərzaq, paltar, mal-qara və qızıl verdi. Böyük xərac aldıqdan sonra monqollar qışlamaq üçün Muğana yollandılar.Monqolların ilk yürüşü kəşfiyyat məqsədi güdürdü və gələcək işğallar üçün zəmin yaratdı. Monqolların Azərbaycana ikinci yürüşü. Cormoğon noyonun başçılığı ilə monqol qoşunları Rey və Həmədan şəhərlərini zəbt etdikdən sonra 1231-ci ildə ikinci dəfə Azərbaycana soxuldular. Monqollar Təbrizdən Gəncəyə yollandılar. Onlar uzun müddət şəhər əhalisinə qarşı vuruşmalı oldular və yalnız 1235-ci ildə şəhəri tuta bildilər. Böyük dağıntı törətdilər. Gəncə 4 il müddətində xaraba vəziyyətində qaldı.Şəmkir şəhəri yandırıldı, əhalisi qılıncdan keçirildi. Az sonra Bakı, Tovuz və digər Azərbaycan şəhərləri monqollar tərəfindən işğal olundu. 1239-cü ildə Dərbənd şəhərinin tutulması ilə Azərbaycanın işğalı başa çatdırıldı. İlk yürüşlərindən fərqli olaraq, monqolların ikinci yürüşündə əsas məqsədi zəbt etdikləri ölkələrdə möhkəmlənməkdən ibarət idi. Monqolların Azərbaycana üçüncü yürüşü. Ön Asiyada, Qafqazda və Kiçik Asiyada hələ də müstəqil fəaliyyət göstərən iri feodal malikanələrinə qarşı Ali monqol xaqanlığı tərəfindən mübarizəyə göndərilmiş monqol şahzadəsi Hülakü xan (1258-1265-ci illər) 1256-cı ildə Azərbaycanı, 1258-ci ildə Bağdadı istila etdi. 500 ildən artıq hökm sürən Abbasilər xilafəti süquta uğradı. Beləliklə, yeni zəbt edilmiş ərazilər hesabına 5-ci monqol ulusu - Hülakülər (Elxanilər) dövləti yarandı.