Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix07.01.2017
ölçüsü1,46 Mb.
#4774
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   27
şüşə əldəqayırma qamış romunu başına çəkib, özünü qamakın kəndirindən 
asmışdı… çünki zavallı, generalın bu yüksək mükafatına, ənamına layiq görülmüş 
şəxsi hansı bədbəxtliyin və fəlakətlərin gözlədiyini yaxşı bilirdi; generalı isə belə 
şeylər əsla düşündürmürdü, bütün bu təntənəli mərasimlərdən və səfərlərdən sonra, 
görüş vaxtı hal-əhval tutub söhbət elədiyi, yaxud, sadəcə, adlarını çəkdiyi 
adamların başına bu qədər faciəli hadisələrin gəlməsi də niyəsə onu düşündürmür, 
arxasınca uzanan «arzuolunmaz şəxslərin» qanlı izi də onu narahat eləmirdi; onu 
sevənlərin yeganə qisməti lənət və ölüm idi; adi söhbətlər zamanı kimsəninsə onun 
adını səhv deməsi, ya hər hansı sözü başqa şəkildə işlətməsi kifayət idi ki, onu 
müşayiət edən muzdlu əlaltıları bu təsadüfi xətanı, heç bir günahı olmayan bu 
adamın təqibinə başlamaq işarəsi kimi yozsunlar. 
O, ölkə boyu əcaib armadil* yerişiylə gəzib dolanır, üz-gözü tük basmış, qatı tər 
iyi verən vücuduyla qəfil gözlənilməzliklə evlərin birində, yaxud, kiminsə 
mətbəxində peyda olurdu; ilk baxışda, fağır yolçunu andıran bu adamın gəlişi ev 
 
59

sakinlərinin canına vəlvələ salır, o, totunayla** gil badyadan su götürür, onu 
fınxırtıyla içib yanğısını söndürür, yaxud, qazana yaxınlaşıb əlini onun içinə soxur, 
ət tikələrini seçib götürür, ağzını marçıldada-marçıldada, köpənəcən yeyirdi; o elə 
sadəydi ki, bu sadəlikdən adamların canına niyəsə üşütmə düşürd, amma özünün 
ağlına da gəlmirdi ki, indən belə onun təşrifinin lənətli izi, ya nişanəsi həmişəlik 
olaraq bu evdə qalacaqdı; bir də o, bunu hansısa siyasi məqsədlərlə yox, sonralar 
da olduğu kimi, xalqın məhəbbətini və pərəstişini qazanmaqdan ötrü eləyirdi, 
çünki bu məhəbbətə ehtiyaclıydı, bir də ona görə belə eləyirdi ki, əslində, o çox 
sadə adam idi, necə görünürdüsə, elə həmin o adam idi. Həmin dövrdə hakimiyyət 
onun üçün, sonralar toxluqdan çiyrinmiş payızında olduğu kimi, adamı tədricən 
içinə soran bataqlıq yox, coşqun sel idi və həmin bu sel, bizim hamımızın gözləri 
qarşısında, ən qədim və dərin qatlardan fışqırıb üzə çıxan axın kimi bir şey idi; 
hakimiyyət onu idarə eləmirdi, o, hakimiyyəti idarə edirdi və bar verməli olan 
ağacı barmağıyla göstərməyi kifayət idi ki, həmin ağac bar versin, balalamalı olan 
heyvanı göstərməyi kifayət idi ki, o heyvan balalasın, hansısa məqsədə yetmək 
istəyən adamı göstərməyi kifayət idi ki, həmin şəxs öz məqsədinə çatsın; o, yağışı, 
məhsula ziyan verəcək yerlərdə dayandırıb, onu quraq torpaqlara yağmağa məcbur 
eləməyi də bacarırdı. – «Senyor, bütün bunları mən öz gözlərimlə görmüşəm!» 
Onun haqqında yayılan bu sayaq əfsanələr, o, hakimi-mütləq olub, özü də buna 
inanandan çox-çox əvvəllər yaranmışdı, hələ o illərdə yaranmışdı ki, o, müxtəlif 
əlamətlərə, qara-qura yuxuların, vəhylərin yozumuna, cadu-pitiyə inanırdı. 
Məsələn, o, yenicə başladığı səfərini yarıda kəsirdi ki, nə var-nə var, başı 
üzərindən uçub keçən piqma quşu bir-iki ağız cükküldəyib, yaxud xalqla baş 
tutmalı görüşü başqa vaxta keçirirdi ki, bəs anası Bendiyon Alvarado toyuq 
yumurtasında iki özək aşkar edib; bir dəfə isə - növbəti səfəri ərəfəsində, onu hər 
yerə müşayət edən məiyyətindən, özünün söyləməyə cəsarəti çatmadığı nitqləri 
onun əvəzinə söyləməli olan senatorlardan və millət vəkillərindən o səbəbdən 
imtina etmişdi ki, həmin gecə o, qorxulu yuxu görmüşdü… görmüşdü ki, böyük, 
mebelsiz bir otaqda, onu dörd tərəfdən əhatəyə almış, qəssab bıçaqlarıyla 
yaraqlanmış boz pencəkli kişilərin arasındadı… onlar, irişə-irişə, əllərindəki 
bısaqla onu kəsib-doğrayırlar, ha tərəfə çönürsə, ha yana gedirsə, üzünü 
yaralamağa, gözlərini oyub tökməyə köklənmiş bu bıçaqlarla üzləşdikcə, özünü, bu 
əcaib təbəssümlü, ölü rəngli, qaradinməz qatillərin arasında, qovulub boğazlanmış 
heyvan kimi hiss edir, onlar, bu qurbanlıq mərasimini başa çatdıracaq ən sonuncu 
və həlledici zərbənin kimin vuracağını və bununla da, kimin birinci olaraq onun 
qanından içmək şərəfinə nail olacağını götür-qoy edirlər; lakin o, artıq nə qorxu, nə 
qəzəb hiss edir, daxilində qəribə bir əminamanlıq duyur, həyat bədənini tərk 
etdikcə, bu dinclik canına bir az da çox yayılırdı; öz cismini, çəkisini daha 
duymurdu… ruhunu, qəlbini anlaşılmaz bir rahatlıq, izaholunmaz bir aydınlıq 
sarmışdı… o hətta gülümsəyirdi: öz qatillərinə, öz qismətinə gülümsəyirdi… və 
budur, nəhayət onlardan biri - yuxuda onun oğlu olan şəxs, əlindəki qəssab 
bıçağını onun qasığına soxub sonuncu havanı buraxdı… və qanı otağın ağ 
divarlarına, bu dəhşətin ağlığına çiləndi… «Onda mən qana bulaşmış ponçomu 
üzümə çəkdim, üzümü örtdüm ki, diri olarkən məni tanımayanlar, ölü halımda da 
tanıya bilməsinlər və yerə yıxıldım, can verməyə başladım…» Yuxu o qədər real 
 
60

idi ki, o özünü saxlaya bilməyib onu öz həmyerlisinə - səhiyyə nazirinə danışdı, 
nazir də bu sayaq ölümün artıq tarixdə təsvir edildiyini söyləməklə onun xofunu 
bir az da artırdı. «Eynilə belə bir ölüm, mənim generalım!» Və səhiyyə naziri, 
general Lautaro Munyosun kənarları yanmış, qalın kitabını əlinə alıb eynilə bu cür 
qətlin təsvir olunduğu epizodu oxudu. «Hə, hər şey mənim yuxumda olduğu 
kimiydi, ana! Mən onu dinləyərkən, hər şeyi yenidən xatırladım, unutduğum ən 
xırda detalları belə xatırladım… məsələn, necə yuxudan ayılandan sonra havanın 
küləksiz olmasına baxmayaraq, iyirmi üç pəncərənin öz-özünə açıldığını 
xatırladım… yuxuda da mənə düz iyirmi üç bıçaq zərbəsi vurulmuşdu. Bu nə 
dəhşətli uyarlıqdı?!» Uyarlıq, tək bir bununla bitmədi, yuxum, bir növ çin oldu, elə 
həmin həftə hərbi qüvvələrin səhlənkarlığı, yaxud, bilərəkdən yaxalarını kənara 
çəkməsi nəticəsində senata və ali məhkəməyə quldur basqıları baş verdi; hücum 
edənlər, milli sərvətimizin – senatın altını üstünə çevirdilər… o senatın ki, bir 
zamanlar müstəqillik uğrunda mübarizənin fədailəri ordan, millətimizin 
suverenliyini elan etmişdilər; senat yandırıldı, yanğının alovları gecə yarısınadək 
tuğyan etdi, bu dəhşətli mənzərəni prezident iqamətgahının balkonundan da 
aydınca seyr etmək olurdu, yanğın, bu tarixi binanın özülündən belə əsər-əlamət 
saxlamadı və kiminsə, nəinki binanın özünü, onun xatirəsini belə yaddaşlardan 
birdəfəlik silməyə çalışdığı xəbəri isə prezidenti zərrə qədər məyus etmədi; bizə 
vəd edildi ki, cinayətkarlar mütləq axtarılıb tapılacaq və tezliklə Qəhrəmanlar 
Evinin tam eyni olan bir bina ucaldılacaq; lakin cinayətkarlar tapılmadı, senat 
binasının xarabalığı isə indi də olduğu kimi qalmağındadır. Senatorlara, ali ədalət 
məhkəməsinin işçilərinə gəldikdə isə prezident öz yuxusunun bəd yozumunu heç 
də onlardan gizlətmək fikrində deyildi, əksinə, bir vaxtlar yuxuda aldığı 
xəbərdarlıqla öz hərəkətlərinə haqq qazandıraraq, qanunvericiləri, iti qovan kimi 
qovdu, köhnə respublikanın məhkəmə aparatını büsbütün dağıtdı, senatorları, 
millət vəkillərini, ali məhkəmə hakimlərini isə (onun, onlara artıq heç bir ehtiyacı 
yoxidi, o səbəbdən ki, hakimiyyətinin qanuniliyinin təsdiq edilməsinə heç bir 
ehtiyac duymurdu) mükafatlandırdı - pulu yağış kimi başlarına yağdırdı, sonra da 
bir-bir uzaq ölkələrə səfir göndərdi, öz yanında isə yalnız bircə nəfəri – öz 
kölgəsini, əli maçeteli, ayağıyalın, qaraqabaq hindunu saxladı; hindu onu bir an 
belə tək buraxmır, içəcəyi mayeni, yeyəcəyi yeməyi birinci öz üzərində sınaqdan 
keçirir, heç kəsi, ona müəyyən olunmuş məsafədən yaxına gəlməyə imkan 
vermirdi. « Bu hindu, prezident yanımda olduğu saatlarda da qapının ağzını 
kəsdirib dayanırdı. Söhbət gəzirdi ki, guya prezident mənim oynaşımdır, əslində 
isə o, yanıma ayda iki dəfə kart falına baxmağa gəlirdi. Bu, uzun illər davam etdi, o 
vatlar o özünü, hələ haçansa öləcək bəndə kimi hiss edirdi, hələ də şübhə və 
tərəddüdlər içindəydi, özü də bunu etiraf edirdi ki, o da səhvə yol verə bilər və kart 
falına öz vəhşi, fitri instinktindən daha çox inanırdı. O, adətən mənim yanıma, 
nədənsə qorxub-hürkəndə, canını xof alanda, qorxudan qocalıb qartımış vəziyyətdə 
gəlirdi; mən, onu ilk dəfə görəndə də o eynil belə bir vəziyyətdəydi… içəri daxil 
olub əllərini - qurbağa qarnı kimi tarıma çəkilmiş hamar dərili, yumru ovcunu 
mənə uzatdı… mən, bu uzundan da uzun ovsunçu-falçı ömrümdə hələ bu cür gözəl 
əllər görməmişdim, heç sonralar da görmədim! O, lal yalvarış və ümidsizlik dolu 
gözlərini üzümə dikib, hər iki əlini stolun üstünə qoydu… görürdüm axı necə içi 
 
61

gizli təşvişdən və özünə inamsızlıqdan doğranıb-tökülür, onu da görürdüm ki, daha 
ürəyində bircə dənə də olsun, arzu, ümid qalmayıb, bədbinliəyə qapılıb və onda 
məni, onun əllərindən daha çox, hüdudsuz qüssəsi və yalqızlığı heyrətə gətirdi. 
Onun zavallı qəlbinə, şübhələrdən üzülmüş qoca qəlbinə acıdım və falına baxmağa 
başladım, lakin onun taleyi, alın yazısı mənim üçün anlaşılmaz, büsbütün qaranlıq 
qaldı. Nə onun ovcu, nə də digər fal üsullarıyla heç nəyi oxumaq olmurdu… onun 
kartlara toxunmağıyla, kartlar rəngini dəyişir, bataqlıq suyuna düşən kimi qapqara 
qaralır, fincanın dibinə çökən qəhvə, bulanıq palçığa çevrilirdi. Onun şəxsiyyəti ilə 
bağlı heç bir üsulla heç nə öyrənmək mümkün olmurdu… qəribədi ki, onun onun 
falında, onunla ünsiyyətdə olan yaxın adamların taleyi apaydın oxunurdu. Orda 
mən, onun anasını - Bendisyon Alvaradonu görə bildim və ona, anasının lap 
qocalandan, kar olmağa başlayandan sonra hansısa əcaib quşları necə 
rəngləyəcəyini də göstərdim, o isə: «Yazıq anam!» - deyib ah çəkdi. O biri dəfə 
falına baxanda, şəhərimizin qasırğadan necə dağılacağını gördüm, qasırğa o qədər 
dəhşətliydi ki, onun, qadın adını xatırrladan adı belə iyrənc məsxərə kimi 
səslənirdi. Bir dəfə isə biz, belində qılınc olan, yaşıl maskalı bir kişini gördük və 
prezident təşvişlə soruşdu ki, hazırda bu adam hardadı, kartlar cavab verdi ki, bu 
adam, çərşənbə günləri, o biri günlərə nisbətən prezidentə daha yaxın olur, o dedi: 
«Aha», sonra soruşdu ki, bu adamın gözləri nə rəngdədir, kartlar cavab verdi ki, 
işıqda baxanda, onun bir gözü quarapo-şərab rənginə, o birisi, tünd rəngə çalır və o 
dedi: «Aha!», sonra soruşdu ki, bu adamın niyyəti nədir? Mən, daha dözə bilməyib 
bütün həqiqəti açıb ona danışdım; dedim ki, yaşıl maska - xəyanət və namərdliyə 
işarədir, o, təntənəylə: «Aha! - dedi. – Bilirəm o kimdi! Dəqiq bilirəm!» Bu adam, 
onun yaxın köməkçilərindən biri, polkovnik Miravan idi… bir neçə gündən sonra 
həmin polkovnik tapançanı qulağına sıxıb özünü vurdu və ölümündən sonra heç bir 
əlçim kağızı da tapılmadı ki, camaat onun bu intiharının səbəbini bilsin. 
İnsanların və vətənin taleyini, onun tarixi yollarını o, beləcə, kart falı əsasında 
müəyyən edirdi. Yalnız sonralar, adi suya baxaraq, kimin nə vaxt və harada 
öləcəyini söyləyə bilən, bu sahədə misli-bərabəri olmayan görücü qarı haqqında 
eşitdiyi gündən, kart falı gözündən düşdü və o, maçete ilə silahlanmış 
mühafizəçisinin müşayəti ilə hamıdan xəlvət həmin görücünü axtarmağa yollandı, 
yalnız qatar keçə bilən dağ cığırlarıyla, dərələrin dibiylə yol yeriyə-yeriyə gedib 
yayladakı tənha bir komaya çatdı; görücü qarı burda öz nəticəsiylə yaşayırdı, bu 
yaxınlarda ərini itirmiş nəticəsinin üç uşağı vardı, dördüncüsünü də bu gün-sabah 
doğasıydı: o, qarını qaranlıq bir otağın küncündə, qamakada uzanmış halda tapdı; 
qarını iflic vurmuşdu, gözləri, demək olar, görmürdü: lakin qarı ona deyəndə ki, 
əllərini suyla dolu ləyənin üzərinə tut, qaranlıq dağıldı, ləyəndəki su duruldu, 
saflaşdı, işıq saçıb parıldadı… bu işıq hardansa, suyun dərinliyindən gəlirdi… o. 
bu suda özünü, güzgüdəki kimi apaydın gördü… rütbə nişanları taxılmamış hərbi-
səhra geyimində, uzunboğaz çəkmələrdə, sol dabanında qızıl mahmız, döşəmədə 
üzüqoylu uzandığı yerdə gördü… qarıdan soruşdu ki, bu harada baş verir, 
döşəmədə üzüqoylu uzandığı bu yer haradır və qarı, ləyəndəki suyun, işıq 
şölələrini izləyə-izləyə cavab verdi ki, bu, bu dəqiqə oturduqları otaqdan böyük 
olmayan bir otaqda baş verir və o, bu otağın içində yazı masasını, elektrik 
yelqovanını görür, dənizə açılan pəncərə görür, ağ divarları, hansısa atların şəklini 
 
62

və üzərində əjdaha təsvir olunan bayraq görür. Prezident dedi: «Aha!» O, bu 
təsvirlə, iclas salonunun qonşuluğunda yerləşən kabinetini tanımışdı… Odu ki: 
«Bəs mən necə öləcəyəm, öldürəcəklər, ya pis bir xəstəlikdən öləcəyəm?» - deyə 
soruşdu. Qarı cavab verdi ki, yox, onu nə öldürəcəklər, nə də o, pis xəstəlikdən 
öləcək, o öz əcəliylə öləcək və ölüm, onu yuxuda ikən yaxalayacaq… özü də o, 
əziyyətsiz-filansız, rahat öləcək. Prezident: «Aha!» - deyib gizli bir həyəcanla: 
«Bəs bu, nə vaxt baş verəcək?» - deyə soruşdu. Qarı cavab verdi ki, qorxmasın, 
onun yaşı qədər – yüz yeddi il yaşayacaq, bundan sonra daha yüz iyirmi beş il 
ömür sürəcək və yalnız o zaman, indicə suda gördüyü hadisə baş verəcək. O: 
«Aha.» - dedi və xəstə qarını, öz peşəkar cəllad məharətiylə – ona heç bir işgəncə 
vermədən, öz qızıl mahmızının bağıyla onu üsulluca boğub öldürdü; baxmayaraq 
ki, bu vaxtacan nə müharibədə, nə də dinc dövrlərdə o, bir kimsəni, yaxud heyvanı 
şəxsən özü öldürməmişdi, zavallı qarını özü öldürdü, bu, onun öldürdüyü yeganə 
canlıydı; onu da ona görə öldürdü ki, yer üzündə özündən savayı heç kəs onun 
harda və nə vaxt öləcəyini bilməsin. Bu əclaflığı uzun-uzadı payız gecələrində də 
onun ruhunu narahat eləmir, vicdanını zərrəcə də ağrıtmırdı. 
Əksinə, o bu hadisəni özünə alqış və öyüd kimi xatırlamağı sevirdi – bax, bu cür 
zalım və qətiyyətli olmaq gərəkdir; Manuela Sançes, həmin o günəş tutulması 
hadisəsinin zülmətində qeyb olandan bəri o öz keçmiş əzmini və qətiyyətini dönə-
dönə, təəssüflə xatırlayır, özünü, ondan iyrəndirməyə çalışırdı ki, xəcalət hissindən 
qurtulsun, özünü alçaldılmış duymasın, içini yandırıb-yaxan məsxərə neşətərini 
canından çıxarıb atsın; o, tamarinlərin altındakı qamakda uzanır, Manuela Sançes 
barədə, yarpaqların xışıltısını dinləyə-dinləyə, yuxusuna haram qatan bir nifrətlə 
düşünür, silahlı qüvvələr Manuela Sançesi quruda və dənizdə, şor çıxarılan ucsuz-
bucaqsız ölü səhralarda axtarmaqda ikən, o, hey düşünür, arada bir hikkəylə öz-
özünə: «Lənət şeytana, hara yoxa çıxmısan, haralara qaçıb gizlənmisən ki, ünüm 
sənə yetmir, səsim çatmır, səni heç cür ələ keçirə bilmirəm… ələ keçirə bilsəydim, 
onda bilərdin, hakimiyyət nə deməkdi!» - deyə deyinirdi. İndi o, hikkə və 
nifrətindən başqa heç nə duymurdu, sinəsinə qoyduğu şlyapası şiddətli ürək 
döyüntülərindən narın-narın titrəyir, anasının – ondan, nə baş verdiyini öyrənməyə 
çalışan Bendisyon Alvaradonun sualını sanki heç eşitmirdi… «Gün tutulmasından 
sonra niyə belə qanıqara gəzirsən, bir kəslə kəlmə də kəsmirsən? Niyə içini 
yeyirsən?» O, dinməzcə ayağa qalxır, anasını ürəyində söyə-söyə, fil ayaqlarını 
arxasınca sürütləyə-sürütləyə çıxıb gedir, gedə-gedə, acı heyrətlə, bir Allah bilir, 
kimdənsə əsəbi-əsəbi: «Yəni doğurdan bu, mənəm? Doğurdan, başım bu qədər 
xarab olub ki, neyləməyin, necə yaşamağın təhərini bilmirəm?.. Yəni doğurdan 
mən, daha öz taleyimin ağası deyiləm? Bəlkə hamısı ona görədi ki, o qızın evinə, 
bir zamanlar Santos-İqeronos de Fransisko Lineronun sərin və rahat evinə girdiyim 
kimi yox, qızın anasının icazəsiylə girirdim?» -deyə soruşurdu. 
Fransisko Lineroyla bağlı əhvalat, hələ Patrisio Araqonesdən əvvəl, o öz mübarək 
çöhərsini xalqa, şəxsən özü göstərməyə məcbur olduğu vaxtlarda baş vermişdi. 
«O, qapını döymədən, içəri girdi… ona görə girdi ki, könlü belə istəyirdi… saat on 
biri vuran zəngin sədaları altında içəri keçdi… mən, pationun üstündəki 
eyvandaydım, onun qızıl mahmızının, saatın zəngiylə həmahəng cingildədiyini 
eşidirdim; onun, pationun kərpic döşəməsində fil kimi tappıldatdığı addımlarının 
 
63

səsini eşidirdim, onu bu vaxtacan görməsəm də, vücudunu, boy-buxununu, 
əzəmətiylə bir təsəvvürümə gətirib o, hələ içəri eyvanın astanasında peyda 
olmamışdan dəhşətə gəldim; dan quşu qızılı ətirşahların arasında haray çəkir, o da 
saat on birin olmasından xəbər verir, qvineo bananlarının ətrindən məst olmuş 
sarıköynək cəh-cəh vurur, ağacın şirəli meyvələr dolu bir neçə budağı pationun 
çardağı altında yellənirdi; avqust ayının həmin o məşum çərşənbə axşamı 
günəşinin şəfəqləri yarpaqların, bal dadan sapsarı meyvələrin və bir gün əvvəl ərim 
Ponsio Dasanın sübh erkəndən gülləylə vurmuş və qanı axsın deyə, çardağın 
altından, qvineo salxımlarının böyründən asdığı cavan maralın cəmdəyi üzərində 
oynaşırdı… Budur o, içəri girdi, qara-qura yuxularda görə biləcəyindən daha 
qorxunc və zəhmli, tərdən islanmış xaki rəngli gödəkçədə, silahsız-qundaqsız içəri 
girdi… amma o, tək deyildi, yanında, əlini maçetenin qulpuna qoymuş qaraqabaq 
bir hindu daynmışdı. Mən onun, içi çıxılmazlıqlar dolu, qəddar gözlərini gördüm. 
O, öz incə, qadın əlini yuxuluymuş kimi, yavaş-yavaş qvineo budağına uzatdı, 
salxımlardan birini qoparıb acgöz-acgöz yedi, sonra birini də qoparıb yedi, sonra 
birini də, birini də, meyvələri ağzına basıb marçamarçla elə yeyirdi, elə bil bataqlıq 
lehməsi sümrülürdü…» O, həm salxımları, həm də gözləriylə Fransisko Lineronun 
gözəl bədənini yeyirdi… biçarə qadınsa, az qalırdı xəcalətdən əriyib yerə girsin… 
o çox cavan idi, təzəcə ərə getmişdi və bu cür baxışlardan sıxılırdı, amma onu da 
gözəl başa düşürdü ki, bu qorxunc adam bura, öz ehtirasını, şəhvətini söndürmək 
üçün gəlib və olacağa çarə yoxdu, çünki baş vermək üzrə olan vaqiənin qarşısını 
almağa yalnız bir adamın gücü çatardı – o da bu əjdahanın özünün. 
«Mən, ərimin, dəhşətdən təngiyən nəfəsini eşidirdim… o mənim yanımda oturdu, 
biz əl-ələ verib, bir müddət daş kimi donub qaldıq, elə bil ürəklərimiz də bir-birinə 
qovuşdu, bir ürək kimi vurmağa başladı… heybətli qoca isə ikicə addımlıqda 
dayanmışdı, gözü doymadan, qvineo meyvələrindən basıb yeyir, çəyirdəkləri 
arxaya tullayır və gözlərini qırpmadan, mənə baxa-baxa ağacın bütün salxımlarının 
axırına çıxırdı… o, maral cəmdəyinin böyründən asılmış budağı tamam-kamal 
soub qurtardı, ayaqyalın hindusuna işarə verib, ərim Ponsio Dasaya: «Çıx çölə, 
dostumla bir az söhbət elə, səninlə bir məsələni yoluna qoymalıdı!» - dedi. Mən, 
qorxudan titrətsəm də, başa düşürdüm ki, həyatımı xilas etməyin bircə çarəsi var – 
bu da, mənimlə etmək istədiyinə imkan vermək, bütün hərəkətlərinə dözməkdi; 
odu ki, məni soyunduranda, özüm də ona kömək eləyirdim, yoxsa krujevaların 
içində azıb-qalırdı, nəyi nə cür açmağın təhərini bilmirdi… onun iyrənc iyindən, 
otağa dolan üfunətindən, az qala boğulurdum… axırda o, pəncəsinin bir zərbəsiylə 
paltarımı cırdı və məni vəhşi kimi sıxcalamağa, əlini hara gəldi atmağa başladı, 
mən isə qeyri-ixtiyarı düşünürdüm; «Pərvərdigara, bu gün səhərdən başım marala 
elə qarışıb ki, qıçlarımın arasını yumağa da macalım olmayıb, rüsvayçılıqdır!» 
Nəhayət, o öz istəyinə çatdı, ancaq bunu elə tələm-tələsik, elə naşıcasına elədi ki, 
elə bil əldən düşmüş qoca, yaxud indiyəcən qadın görməmiş burnufırtıqlı 
yeniyetməydi. Öz acizliyindən özü də əməlli başlı pərt olmuşdu, lap qurumsağa 
oxşayırdı… sıtqayıb ağlayır, sidik kimi isti göz yaşları axıdırdı… sifəti o qədər 
kədərli, gözləri o qədər qüssəliydi ki, üzündən də yetimsayağı bir kimsəsizlik, 
yazıq yalqızlıq yağırdı ki, ona ürəyim ağırıdı… ona da, elə dünyadakı bütün 
kişilərə də yazığım gəldi, barmaqlarımın ucuyla başını sığallamağa, ona təsəlli 
 
64

verməyə başladım: «Toxtayın, mənim generalım, bu cür dilxor olmağa dəyməzn. 
Həyat hələ irəlidədir!»  
Həmin o dəqiqələr hindu, ərim Ponsio Dasanı bağın dərinliyinə aparıb, orda 
maçete ilə öldürdü, əks təqdirdə, general özü üçün barışmaz düşmən qazana 
bilərdi; hindu onu öldürüb, tikə-tikə doğradı, bu tikələri də donuzlar daşıyıb apardı, 
belə ki, zavallı Ponsionu dəfn etməzdən əvvəl meyitini bütövlükdə bir yerə yığmaq 
mümkün olmadı – bax, o belə bir adamdı». 
Keçmiş günlərindən qalan bu sayaq xatirələri beynində dolaşıb, qanını bir az da 
qaraldır, acı düşüncələr ürəyini sıxır, onu hövsələdən çıxarırdı; o, düşünürdü ki, 
demə, hakimiyyətinin qatı cövhərində xeyli su qarışğı varmış, belə olmasaydı, o, 
adicə, miskin bir günəş tutulması kimi cadu-ovsunun qarşısında bu cür aciz 
qalmazdı. O, domino oyunu masası arxasında əziz dostu, soyuqqanlı və təmkinli 
general Rodriqo de Aqilarla üzbəüz oturanda yenə ürəyindən qara qanlar axdı, bu 
general, hərbçilərin içində inandığı, etibar elədiyi yeganə adam idi; qaraqabaq, 
ayaqyalın, mühafizəçi-mələyi podaqra xəstəliyinə tutulandan bəri o öz həyatını 
yalnız bu generala etibar eləyirdi; o, generala baxır və fikirləşirdi ki, bəlkə də 
bütün bu bədbəxtliklər onun, öz əziz dostuna həddən çox inandığına, ona hədsiz 
böyük səlahiyyətlər verdiyinə görə baş verir.  
«Bu əziz və sevimli dostumun əlləşib-vuruşduğu məgər onun üçün deyildimi ki, 
məni əl quzusuna çevirsin, məgər o çalışmırdımı ki, məni kaudilyo nişanələrindən 
məhrum eləsin, bu fərqlənmə nişanlarını ülgücləsin, sivirib atsın, işləri də qəsdən 
elə qururdu ki, hamı məni əlil, şikəst hesab eləsin, elə çarəsiz şikəst ki, əmrlərini 
qulaqardına da vurmaq olar; bu «ekiz tayı» məsələsini də beynimə o salmışdı, 
məhz onun fırıldağıyla, mən başqa bir adamın kölgəsində gizlənməyə məcbur 
olmuşdum, iş o yerə gəlib çatmışdı ki, o məni, bir sürü keşikçinin əhatəsində belə 
xalq qarşısında görünməkdən çəkinməyə məcbur etmək istəyirdi, halbuki vaxtı ilə 
bircə hindu tək canıya: «Yol verin, qurumsaqlar, hökmdar gəlir!..» - bağıraraq, öz 
maçetesi ilə izdihamı yara-yara, mənə yol açırdı və heç bir pis hadisə baş 
vermirdi… baxmayaraq ki, o vaxtlar biz, hələ alqışların kükrədiyi bu insan 
meşəsində, kimin əsl vətənpərvər, kimin məkrli xain və quldur olduğunu müəyyən 
eləməyi bacarmırdıq və yalnız indi bilirik ki, «Yaşasın əsl kişi!.. Yaşasın general!» 
- deyərək, hamıdan bərk bağıranların çoxu satqın və əclafdır. 
Bir hindu isə nəhəng izdihamın öhdəsindən asanlıqla, təkbaşına gəlirdi, bu əziz 
dostuma isə bütöv bir ordu da kifayət eləmir ki, tələb elədiyim qızı axtarıb tapsın. 
Belə məqamlar - o, qızın necə sürüşüb aradan çıxdığını, onun, qocalıq şəhvətinin 
seyrək hasarı arasından necə asanlıqla sivişdiyini düşünəndə, domino daşlarını 
qəzəblə yerə çırpır, oyunu, ən həlledici məqamında yarımçıq kəsir, dünyanın ən 
biədəb söyüşlərini söyə-söyə çıxıb gedirdi; bir dəfə oyunu beləcə yarımçıq 
saxlayanda o, qəfildən içində dərin sarsıntı və əzginlik duydu və fikirləşdi ki, bu 
dünyada hər şey gec-tez öz yerini tutur, bircə o heç cür təsəlli tapa bilmir; o, 
nəfəsinin dözülməz təngitmələrlə kəsildiyini, boğulduğunu hiss elədi, günün bu 
çağında, adətən istinin səngidiyi bir vaxtda köynəyinin, tərdən islandığına 
təəccübləndi, dənizdən buxarlanan buğun iyində leş qoxusunu duydu, nəmişin 

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin