bürküsündən köpüşən şişi göynəyib tütək səsi çıxartdı… o, nə baş verdiyini anlaya
65
bilmədi və özünə təsəlli verə-verə, öz-özünə: «Bürküdəndi…» - dedi.
Lakin bunu da nagüman halda, mümkün olmayan bir şey haqqında düşünən tək,
düşündü… hansısa qeyri-müəyyən, məchul bir duyğu onu üzüb əldən salırdı; o,
pəncərənin önündə dayanmışdı, çöldən görünən qəribə işığın nə olduğunu, nədən
saçdığını anlamağa çalışırdı… şəhər sanki ölmüşdü, bir kimsə gözə dəymirdi, elə
bil şəhərdə quzğunlardan savayı bir canlı qalmamışdı… lakin quzğunlar da, həmişə
mürgülədikləri yoxsullar xəstəxanasının məhəccərlərini tərk etməkdəydilər;
deyəsən, şəhərdə qalan yeganə adam, de Armas meydanında dayanan həmin o kor
kişiydi… o, pəncərədən ona zillənən qocanın təşvişini sanki uzaqdan-uzağa
duyaraq, çəliyini yuxarı qaldıraraq, ona həyəcanla tələsik işarələr verir, nə isə
qışqırır, ancaq nə dediyini anlamaq olmurdu; o, bunu da, baş vermək üzrə olan
hansısa növbəti bədliyin sirli əlaməti kimi yozdu, lakin yenə öz-özünə: «Bu,
bürküdəndi…» - deyib uzandı və pəncərələri astaca döyəcləyə-döyəcləyə, adama
yuxu gətirən yağışın zümzüməsi altında yuxuya getdi… lakin ayıq yatdı…
yuxunun dumanlı süzgəci arasından nə isə şüuruna nüfuz eləməkdəydi… o, qorxu
içində oynayıb: «Kim var burda?» - deyə bağırdı. Bu, onun öz ürəyinin
döyüntüsüydü, canına vicvicə salan isə, günün bu çağında xoruzların nədənsə
susması, banlamamasıydı… o susub sakitləşdi və hiss elədi necə əmin-amanlıq
gəmisi aramla onu tərk edərək, məchul bir körfəzdə yoxa çıxır; dumana bürünmüş
dəniz qəzəblə dalğalanır, kükrəyirdi… qurunun və dənizin bütün məxluqatı -
ölümü duymaq qabiliyyətinə malik olan, kataklizmlərin yaxınlaşdığını, ən dərin
insan elmindən daha tez görməyi bacaran bütün canlılar dəhşət içində donub
qalmışdı… nəfəs almağa hava çatışmırdı, vaxt-zaman dayanmışdı və iş bu yerə
çatanda o, ayağa qalxdı, ayağa qalxanda hiss etdi ki, ürəyi şişib və hər addımı
atdıqca, bir az da şişir, qulaq pərdələri partlayıb cırılır, burnundan odlu mayeyə
bənzər nə isə süzülür və o, qana bulaşmış kitelinə baxıb: «Bu, ölümdü…» -
düşündü. lakin ona etiraz elədilər: «Heç cür yox, mənim generalım, bu siklondur,
qasırğadır.» Bu, bir vaxtlar vahid Qəraib səltənətini ayrı-ayrı adalara parçalamış
qasırğaların ən dağıdıcısı, ən dəhşətlisiydi… belə bir fəlakətin yaxınlaşdığını isə,
bütün insanların içindən yalnız o, öz ibtidai instinktiylə - itlərin və toyuqların
təşvişə düşməsindən xeyli qabaq hiss eləmişdi; qasırğa elə qəfil başlamışdı ki,
qarma-qarışıqlığın içində ona ad tapmağa da macalları olmamışdı.
Başlarını itirmiş zabitlər qorxu içində: «Bu, hər şeyin sonudur, mənim generalım!
Ölkə yerlə-yeksan olur!» - deyirdilər. Belə olanda, o, əmr verdi ki, bütün qapı və
pəncərələri bərk-bərk bağlasınlar, keşikçilərə buyurdu ki, özlərini dəhlizlərdə
oturduqları yerdə qayışla sarısınlar, göstəriş verdi ki, bütün inək və toyuqları
birinci mərtəbədəki otaqlara salıb orda saxlasınlar, bütün əşyaları, olduğu yerlərinə
mismarlasınlar və de Armas meydanından başlamış, ən ucqar guşəsinədək qorxu
içində susmuş bu ələm səltənəti qasırğanın vahiməli çöhrəsi önündə lövbər salmış
gəmiyə çevrildi; əmr verilmişdi ki, çaxnaşma əlaməti görünən kimi, atəş açılsın,
əvvəlcə xəbərdarlıq üçün iki dəfə havaya, bu da kömək etməsə, çaxnaşma salanın
özünə atəş açılsın; lakin siklonun qarşısında hər şey aciz idi; qasırğanın,
quduzlaşmış həmlələrlə hərlənən pərləri bircə dəhşətli zərbəylə, baş darvazanın
zireh poladını yardı, baş giriş yolunu dağıdıb inəkləri havaya sovurdu; o, bu
66
zərbədən elə sarsılmışdı ki, nə baş verdiyini dərk eləmirdi… şırnaqları göydən yox,
yerlə üfqi vəziyyətdə fışqıra-fışqıra gələn selin su şırımları nəriltiylə üstünə
töküldü; balkonları, vulkan bombaları kimi partladaraq, uçurdu… fırtınanın,
dənizin sualtı cəngəlliklərindən qaldırdığı əcaib canlılar havada qövs cızaraq
şappıltıyla yerə dəydilər… lakin o, bu fəlakətin miqyası və nəticələri barədə
düşünmürdü; qasırğanın xaosunda o, qəlbinin, kin və bədxahlıq ədvası dadan
tamından həzz almağındaydı:«Haradasan, lənətə gəlmiş Manuela Sançes, şeytan
qızı, harada gizlənmisən? Qisasımın qasırğasından harada nicat tapırsan?!» Qasırğa
yatandan, sakit və mülayim havayla əvəz olunandan sonra isə, dövlət şurasının
iclas salonundan, prezidentin, öz yaxın köməkçiləriylə oturduğu avarlı gəmicik
çıxdı və şəhəri xarabalığa çevirən bulanıq, lehmə suyun üzüylə üzdü; karetlərin
saxlandığı tikilinin yanından ötdü, palmaların ucları və de Armas meydanındakı
fənər dirəklərinin işıqları arasından burula-burula getdi… burda, bu lal sularda,
kilsə günbəzlərinin ətrfında bitmiş bu kiçicik göldə bizim generalın ağlına ildırım
çaxıntısıyla ani bir fikir gəldi… qəfildən anladı ki, bu hakimiyyəti ilə o, heç vaxt
ali qüdrətə sahib olmayacaq… çünki dünyada elə şeylər var ki, ona tabe deyil,
onun gücündən xaricdədir, bu fikir ona möhkəm yer elədi və o, uzun müddət bu
düşüncənin əsarətindən azad ola bilmədi… gəmicik isə öz işindəydi, kilsələrin
künc-bucaqlarına dəyə-dəyə irəliləyirdi, gah zil qaranlıqda gözdən itir, gah əksi,
pəncərə şüşələrinin şəbəkələrində gəzişir, gah da adda-budda görüntülərlə kilsənin
zümrüd daşlarının, qızılı naxışlarının işartısında sezilirdi; diri-diri basdırılmış vitse-
kralların, dərddən ölmüş arxiyepiskopların qəbir daşları sönük bir ilğımlarla işarır,
Böyük Admiralın boş sərdabəsi - üzərində üç karavella həkk edilmiş sarkofaqının
qraniti parıldayırdı… o, bu məqbərəni bu məqsədlə tikdirmişdi ki, arzu etdiyi
təqdirdə Böyük Admiralın sür-sümüyü bizim ölkədə uyusun; mehrabın arxasında
əmələ gəlmiş kanalla üzüb kilsənin iç həyətinə çıxdılar; bura, işıqlı akvarimua
oxşayırdı, hörgülü dibində balıq sürüləri o baş-bu başa şütüyür, suyun içinə
düşmüş günəbaxan zoğlarını yeyirdilər; avarlı gəmicik daha sonra zahidlərin
ürəksıxan məskəninə - biskay rahiblərinin monastırına sarı yönəldi və gəmidə
oturanlar, suyun altında qalmış boş hücrələri, hovuza çevrilmiş musiqi salonunun
ortasında klavikordların səssizcə yırğalandığını, lal su qatının altında qalmış
monastr yeməkxanasında isə onlar qızları - monastrın bütün rahiblərini gördülər…
onların hər biri öz yerində, uzun masanın arxasında oturduqları yerdə boğulub
ölmüşdü; gəmi, eyvanın girəcəyindən keçib monastrı tərk eləyəndə isə hamı
heyrətlə baxıb gördü ki, şəhərin yerində, mavi səmanın altında nəhəng bir göl
ləpələnir. «Olsun ki, qasırğa məni, «Manuela Sançes» adlı əzablardan qurtarmaq
üçün qopmuşdu, lənət şeytana, bu Allah-təalanın necə də vəhşi üsulları varmış…
Onunla müqayisədə biz quzuymuşuq!..»
O, şəhəri iəində dəfn eləmiş bulanıq gölə – üstü, ölü toyuqlarla örtülmüş ucsuz-
bucaqsız sulara, üzərində yalnız kilsə künbəzinin, bir də mayak fənərinin
göründüyü bulanıq sulara, bölgə vitse-krallarının daş saraylarının günəşli
eyvanlarına məmnuniyyətlə tamaşa edirdi; bir vaxtlar qul alveri gedən liman
ərazisində, qasırğadan xilas ola bilmiş bir ovuc adamın sığındığı adda-budda
adacıqlar gözə dəyirdi; adamlar, böyürlərindən asta-asta üzüb ötən avarlı gəmiyə,
onun, Sarqas dənizinin qırmızımtıl sıx yosunlarının arasıyla üzürmüş kimi, gölün
67
üzünü başdan-başa örtmüş toyuq ölülərini yara-yara keçib getməsinə inanılmaz bir
təəccüblə tamaşa edirdilər; lakin budur, adamlar, milli bayraq rəngində olan bu
Nuh gəmisində oturmuş şəxsi axır ki, tanıdılar, onun kədərli gözlərini, qanı qaçmış
dodaqlarını gördülər, göylərin təmizlənməsi, günəşin işıq saçması naminə dörd bir
tərəfə xaç çəkən tanış əli gördülər. «Və o, suda batıb boğulmuş toyuqlara da nəfəs
verdi, sulara, aşağı çökməyi buyurdu və sular çökdü!» Və kimsə, kilsə zənglərinin
şadyanalıq dolu harayına, gurultulu bayram atəşfəşanlığına başlamaq və qasırğa
əjdahasını qaçırmış insanı öz mahnılarıyla şərəfləndirmək üçün de Armas
meydanına toplaşmış izdihamın hay-həşirinin sədaları altında, onun qoluna girib
eyvana sarı apardı. «Axı bu dəqiqə xalq, hər şeydən əvvəl, məhz sizin mübarək
sözünüzü, onlara ruh verəcək nitqinizi eşitmək istəyir!» O, dartınıb, müsahibinin
əlindən qurtulmaq istədisə də, qurtula bilmədi və bircə andan sonra sarayın
eyvanın dayandığını və minlərlə ağızdan yekdil sədayla göylərə ucalan bağırtıları
eşitdi: «Yaşasın əsl kişi!» - və bu yekdil səda qasırğa kimi canına işlədi… bütün
hakimiyyəti boyu bu şəhərin önündə, kütlə qarşısında niyəsə həmişə özünü
köməksiz duymuşdu, indi də beynindən ildırım kimi bir qəddar fikir keçdiki, heç
vaxt onun, adi xalq kütlələrindən ibarət olan bu dibsiz uçurumun qarşısında beləcə
- bütün vücuduyla, qorxusuz-hürküsüz dayanmağa cəsarəti çatmayıb və bundan
sonra da çatmayacaq…
Bizlər – aşağıda, de Armas meydanında dayananlar, həmişəki kimi, yenə nə isə
ağlasığmayan, irreal bir mənzərənin şahidi olduq; biz, başı üzərində müqəddəslik
oreolu hələ də işaran, ağ kətan libaslı qocanın sehrli simasını görə bildik; qoca,
dayandığı eyvanın yüksəkliyindən bizə səssizcə xeyir-dua verib, dərhal da qeyb
oldu; lakin bizlər üçün bu ani görüntü də kifayət idi; ən əsas o idi ki, o – orda öz
yerindədir, gecə-gündüz yorulmadan keşiyimizi, qayğımızı çəkir, o həmişə
bizimlədir; o isə, anası Bendisyon Alvarado, balqabaqdan düzəldilmiş nimçədə
mais dənini arıtlayarkən, şəhərkənarı malikanəsinin patiosunda ucalan tarixi
tamarinlərin kölgəsi altında, hörmə yelləncək-kresloda əyləşərək, əlində, limonad
dolu stəkan, gözlərini yumub, nə haqdasa düşünə-düşünə, arıtlanıb təmizlənən
mais toxumlarının xışıltısını dinləyirdi; qızmar ilğımın titrədiyi günortanın saat üç
radələrində o, hələ də yelləncək-kreslosunda əyləşmişərək, istinin arasından
anasını seyr etməyindəydi.
Bendisyon Alvarado isə yan-yörəsində hərlənən toyuqlardan, sayıqlığını itirənini
cəld hərəkətlərlə qamarlayıb qoltuğuna sıxa-sıxa, bir qədər nəvazişlə quşun
boynunu geriyə qarır, eyni zamanda oğlunu dilə tuturdu ki, bu gün saraya getməyə
tələsməsin. «Bütün günü fikir eləyirsən, dilinə heç nə dəymir, axırda vərəm
tutacaqsan!» Anası, qoltuğunda çabalayan toyuqla onu tamaha sala-sala yalvardı
ki, axşama qədər qalsın, yaxşıca şam eləsin; o da axırda buna razı oldu: «Di bəsdi,
ay arvad, yaxşı, qalıram.» -o, dedi və yelləncək-kreslosunda aramla yellənə-
yellənə, qazanda qaynayan toyuğun incə ətrini ciyərlərinə çəkə-çəkə, talelərimizi
düzüb qoşmağa başladı. Biz bilirdik ki, bu dünyada mövcudluğumuzun yeganə
təminatçısı odur, o var, o, öz otağındadır, vəba da, qasırğa da, hətta zamanın özü də
onun önündə acizdir, onun varlığı duyulmayan həyatı təsəvvürə gətirmək belə
mümkün olan iş deyildi… o, bizim rifahımız, bizim saədətimiz naminə dərin
qayğılara qərq olmuş Məsihdi; bilirdik ki, o, heç vaxt bizim ziyanımıza iş görməz,
68
axı bizə nə lazım olduğunu da, dəqiqdən dəqiq o bilirdi və bildiyi üçün də, məhz
elə buna görə, indiyəcən çərxi-fələyin gərdişlərinə davam gətirə bilmişdi; onun
ölçü meyarı biz idik, bəli, bizə nəyin gərək olub-olmadığı məhz o bilirdi; nəyin
sərfəli, nəyin sərəfsiz olduğunu bizim hamımızdan yaxşı bilirdi; ölkənin uzaq şərq
sərhədinə – üzərində vətənin ərazi bütövlüyü uğrunda həlak olmuş sonuncu əsgərin
adı, doğum və ölüm tarixi həkk edilmiş tarixi daşın olduğu yerə səfərdən sonra
onun bu biliyi bir az da möhkəmlənmişdi… - «Ana, mən axır ki, gedib oralara çıxa
bildim!» O, həmin yerə çatanda, dincini almaq üçün həmin o tarixi daşın üstündə
oturdu və sərhədin o biri tayında, qonşu məmləkətin ərazisində yerləşən, başı
üzərindən soyuq yağış əskik olmayan, hisli-paslı dumana bürünmüş ürəksıxan
şəhəri seyr eləməyə başladı; o, soyuq şəhərə baxır və küçələrdə şütüyən
tramvayları, tramvayların salonlarında zövqlə geyinmiş adamları, kiminsə
təmtəraqlı dəfn mərasimini görürdü: katafalkın arxasınca, başı lələkli perşeronlar*
qoşulmuş karet düzümü hərəkət edirdi, o baxır və kilsənin sütunlu eyvanında
qəzetlərə bürünərək yatmış uşaqları görür və təəccüblənirdi: «Lənət şeytana, burda
nə qəribə adamlar yaşayır?! Olmaya bunların hamısı şairdi?..» Lakin kimsə
böyürdən: «Heç də yox, mənim generalım, bunlar şair-zad deyil, kübarlardır, bu
ölkəni onlar idarə edir». – dedi. Həmin səfərdən o, əla əhval-ruhiyyədə qayıtmışdı,
çünki özü üçün kəşf eləmişdi ki, dünyada heç bir yer, ona hədsiz həzz verən
xarlamış quayyavo** meyvəsinin ətriylə, doğma şəhər-kəndlərin hay-küylü
basabası ilə müqayisə edilə bilməz, bu dünyada heç nə, günəşin qürub çağında
qəlblərə çökən sirli qüssə və xiffət duyğusunu əvəz edə bilməz və o, bir də bu
yoxsul ölkənin hüdudlarından kənara qədəm basmayacaq, ona görə ki…
düşmənlərinin dediyi kimi kreslosunu itirməkdən qorxur, - «Ona görə ki, ana,
insan - öz meşəsində bitən ağacdı, ona görə ki, insan elə bir heyvandı ki, öz
yuvasını yalnız bir halda – özünə yem tapmaq üçün tərk edir».
O, bu sözləri əslində, öz-özünə ölümqabağı - tövbə səmimiyyətiylə deyirdi,
siyestanın mürgülü saatlarında isə bu barədə sadəcə düşünür, uzaq-uzaq illərin
arxasında qalmış əski avqust gecəsini – hakimiyyətpərəstliyin də bir həddi
olduğunu, öz ölkəsini idarə etməkdən o yana olan hansısa ayrı bir iddiası
olmadığını etiraf eləməyə məcbur olduğu gecəni xatırlayırdı; bu, həmin o axşam -
kabinetinin bürkülü alaqaranlığında qəbul etdiyi gənc əcnəbi ilə – coşqun azadlıq
mübariziylə söhbəti zamanı ona məlum olmuşdu; bu, şöhrətpərəst niyyətlərlə
yaşasa da, əbədi tənhalığa məhkum edilmiş utancaq bir oğlan idi… onun bu
məhkumluğunu dərhal sezmək olurdu, çünki elə insanlar var ki, artıq doğulduğu
günündən yalqızlıq damğasını daşıyır; gənc fədai qapının ağzında tərpənməz
dayanmışdı, irəli keçməyə ürək eləmirdi, çünki gözləri hələ, günün bu qızmar
çağında qlisiniyaların*** məxsusi, kəskin ətir saçdığı alaqaranlığa alışmamışdı, bir
neçə dəqiqədən sonra o, nəhayət ki, kresloda əyləşmiş qocanı gördü – qocanın sol
yumruğu masanın üstündəydi, prezident, bu sadə və solğun görkəmiylə, rəsmi
təsvirlərindən yer-göy qədər fərqlənirdi; kabinetdə keşikçilər yox idi, qoca, silahsız
idi, köynəyi tərdən islanmışdı, başının ağrısını ovutmaqdan ötrü gicgahlarına şalfet
yarpağı yapışdırılmış adi bir bəndə idi… «Gəncliyimin qibləgahı, ən işıqlı
ideallarımın canlı mücəssəməsi olan bir adamın, içinəcən pas atmış bu qoca
olduğunu dərk etməkdə çətinlik çəkirdim!» Nəhayət, gənc mübariz masaya
69
yaxınlaşdı, işgüzar adamın cingiltili və aydın səsiylə özünü təqdim etdi, qoca da öz
növbəsində süst yepiskop əlini uzadıb onunla xoşyana görüşdü və həyəcanlı nitqlə,
onun gözləri qarşısında bəşəriyyətin xöşbəxtliyinin sehrli mənzərələrini yaradaraq,
bu amansız müharibədə, Alyaskadan tutmuş Pataqoniyaya qədər, bütün
mühafizəkar rejimləri birdəfəlik devirmək üçün ondan siyasi kömək və silah
istəyən gənc əcnəbini, getdikcə artan bir heyrətlə dinlədi: «Lənət şeytana, axı, sən
nə üçün başını bu cəncəlli işə soxursan? Axı, nəyin naminə özünü qurban vermək
istəyirsən?!» Bu suala gənc əcnəbi duruxmadan qətiyyətlə belə cavab verdi:
«Vətənimin şərəfi naminə, zati-aliləri! Vətən naminə! Onun uğrunda ölmək -
böyük səadətdi!» Onda o, gəncə, rəhm edərək, öz kədərli təbəssümüylə belə
söylədi: «Sarsaqlama, bala, yer üzündə bir vətən var – həyat!» Və sol yumruğunu
açıb ovcundakı şüşə kürəciyi ona göstərdi: «Bax, bunu görürsən? O ya var, ya
yoxdu və bunun sahibi yalnız o şəxs ola bilər ki, bu əşya onda olsun, oğlan! Həyat
və vətən məsələsi də belə bir şeydi!»
O bunu, qonağı kabinetdən çıxara-çıxara, əliylə onun kürəyinə astaca vura-vura
söylədi və onu beləcə, heç bir şey - çürük qoz belə vəd eləmədən, kabinetindən
yola saldı və gənc əcnəbinin arxasınca qapını örtən yavərinə:«Bu uşağa dəyməyin,
aydındır? Onu heç izləməyin də… boş yerə vaxt itirmiş olarsınız. O, təhlükəli
deyil, əlindən də heç nə gəlmir, boş-boşuna xoruzlanır, beçə kimi, lələklərinin dibi
gicişir». Bir çox illərdən sonra, qasırğanın ötüşməsi münasibəti ilə siyasi
dustaqlara amnistiya, sürgün olunanlara (beyni olanlardan savayı) - vətənə
qayıtmaq icazəsi verilən zaman da o, bunabənzər fikir söyləmişdi: «Bu adamlara,
heç vaxt vətənə qayıtmağa icazə vermərəm, cins xoruz tüklənəndə lələklərinin dibi
gicişdiyi kimi bunlarda belə gicişirlər. Özləri də heç nəyə yaramırlar, nəyə
yarasalar da, inandırıram sizi ki, siyasətçilərdən, keşişlərdən də iyrəncdilər.
Qalanları isə qoy qayıtsın… hamı - dərisinin rəngindən asılı olmayaraq, ölkə
quruculuğu, onları bir cərgədə birləşdirə bilər!» Hakimiyyət, əvvəlki kimi, tamam-
kamal onun əlində idi - hərbi qüvvələr onu sözsüz dəstəkləyirdilər, ələlxüsus, o,
ərzaq və dərman partiyalarını, həmçinin, sosial təminat fondundan daxil olan
vəsaitləri – bir sözlə, təbii fəlakətdən zərərçəkənlərə yardım məqsədilə xaricdən
göndərilən nə varsa, hamısını ali komandanlığın arasında bölüşdürdükdən sonra
onun hər bir əmrinə müntəzir idi; nazirləri, onun bir sözünü iki eləmirdi, çünki
ailələri ilə birlikdə, istirahət günlərini Qızıl Xaç cəmiyyətinin hərbi-səhra
qospitallarının çimərliklərində keçirirdilər; deyək ki, xarici ticarət nazirliyi,
xaricdən müftə alınmış qan plazması və tonlarla quru südü səhiyyə nazirliyinə
satır, bu nazirlik də aldığını, yoxsullar üçün xəstəxanalarda xırıd eləyirdi; baş
qərargahın zabitləri isə öz ehtiyaclarını, səfir Uorrenin, bizim ərazi sularımızda
qeyri-məhdud balıqçılıq etmək hüququ əvəzinə, öz ixtiyarımıza verdiyi əlahiddə
istiqraz vəsaitlərinin hesabına həyata keçirilən bərpa işləri üzrə proqram
çərçivəsindəki ictimai tikintinin podratları hesabına təmin edirdilər. «Əşi,
cəhənnəmə ki, qoy köpənəcən basıb yesinlər!» - deyə o, həmin gün yola saldığı və
o gündən sonra heç kimin görmədiyi gənc xəyalpərvərlə söhbətini, ona, ovcundakı
rəngli şüşə kürəciyi - kanikanı göstərməyini, ona, «bu kimdə varsa, o, onda var…»
- deməsini xatırlayırdı. O, ölkədə gedən bərpa işlərindən ruhlanmışdı, bu məsələ ilə
şəxsən özü məşğul olur, ən kiçik detalların belə mahiyyətinə varır, hakimiyyətinin
70
ilk illərində olduğu kimi, hər şeyi təkbaşına özü həll edirdi: seldən sonra lehmə
palçıqla örtülmüş şəhər küçələrində qəfildən bataqlıq çəkmələrində və şlyapada
peyda olur, şəhərin, onun niyyətlərinə uyğun şəkildə bərpa edilməsini göz
qoyurdu; istədiyi o idi ki, şəhər – suyun altında qalıb boğumuş bir yalqızın yuxuda
görə biləcəyi şəkildə dirçəldilsin, o, zavallı yalqızın yuxusun gördüyü həmin şəhəri
– millət atasının şöhrətini göylərə ucaldacaq əzəmətli, qənirsiz şəhəri, ovcunun içi
kimi, apaydın təsəvvür edir, inşaatçılara öz göstərişlərini verirdi: «Bu qülləni iki
metr də ucaldın ki, oradan okean gəmilərini görmək mümkün olsun…» - və dərhal
qülləni iki metr ucaldırdılar; əmr edirdi: «Bu çayın axarını əks səmtə çevirin…» -
bu buyruq da dərhal yerinə yetirildi; o artıq melanxoliya ilə qəm-qüssənin nə
olduğunu unutmuşdu, başı tikintiyə elə qarışmışdı ki, bir an belə dincəlmək
bilmirdi; dövlət işlərindən o qədər uzaqlaşmışdı ki, uşaqlarla bağlı problem barədə
eşidəndə, elə bil başına qaynar su əndərdilər. «Bəs bu uşaqları neynəyək?» -
huşsuzluğu üzündən ondan soruşan yavəri bu sualı verməyəydi kaş. Lakin sual
verilmişdi və bu sualı eşidən generalın elə bil başına qaynar su əndərmişdilər, o,
sanki indicə göydən düşübmüş kimi: «Lənət şeytana, nə uşaq, hansı uşaq?!» ¬-
deyə soruşmuşdu Bu yerdə o, uzun müddət ondan gizlədilən bir şeyi eşidib
öyrəndi. Demə, növbəti lotereya tirajı keçirilərkən, torbadan lotereya biletləri
çıxaran uşaqlar ordu kazarmalarında həbsdə saxlanılırlar, çünki ehtimal olunur ki,
uşaqlar dillərini dinc qoymaya və lotereya oyunlarının daimi qalibi olan
prezidentin qələbəsinini sirrini açıb söyləyə bilərrlər. - «Valideynlər, uşaqlarının
harda olmasını öyrənməyə çalışır, bizi günahlandırırlar ki, balalarını bağlıda
saxlayarıq. Biz hər dəfə cavab veririk ki, bu böhtandır, müxalifətin murdar
uydurmasıdır, ancaq valideynlər heç cür sakitləşmirlər. Hətta bir dəfə, qiyam
qaldırıb kazarmaların birinə soxulmaq istədilər, iş o yerə gəlib çatdı ki, onları
minomyot atəşiylə geri oturtmalı olduq. Qan su yerinə axırdı, mənim generalım,
əsl gülləbaran idi, lakin biz belə xırda işlərə görə sizi narahat eləmək istəmirdik.
Uşaqlar həqiqətən də qala zirzəmisində bağlıda saxlanılır. Əlbəttə ki, onlar üçün
hər cür şərait yaradılıb, özlərini gümrah hiss edirlər, lakin məsələ burasındadır ki,
artıq orda iki minə qədər uşaq yığılıb, indi bilmirik, bu məsələni nə cür həll eləyək
ki, nə şiş yansın, nə kabab, mənim generalım!»
Uduzma olmayan lotereya oyunu üsulu qeyri-iradi bir fəhmlə - üzərində rəqəmlər
qeyd edilmiş bilyard şarları şəklində tapılmışdı. İdeya, dahiyanə dərəcədə sadə idi,
elə sadə idi ki, onun həyata keçirilməsini yubandırmaq olmazdı – odu ki,
ümummilli lotereya günü elan edildi. Hələ gün günortaya çatmamış, qızmar istiyə
baxmayaraq, bəxtini sınamağa can atan, lotereyanın nəcib təşkilatçısına alqış
söyləyən çoxminlik izdiham, de Armas meydanına toplaşmışdı; musiqiçilər və
kəndirbazlar axışıb gəlmişdilər, ticarət köşkləri təşkil edilmişdi, fritanqi – istiot və
balqabaqla birgə qızardılmış pomidor satan alverçilər camaatın arasıyla o baş-bu
başa vurnuxur, Nuh əyyamından qalma ruletka və bileti, oyunçunun əvəzinə
hansısa qoturun biri çıxardığı lotereya kimi bəsit oyunları oynayırdılar – bütün bu
anoxronik fırıldaqlar, yoxa çıxmış dünyadan qalan qəlpələri, nəhəng çərxi-fələyin
tör-töküntüsü hesabına ondan növbəti ilğım payı qoparmaq cəhdi idi. Budur,
günorta saat üçdə lotereyanın oynanıldığı taxta meydançaya, hələ yeddi yaşına
çatmamış, oyunun ədalətli keçirilməsinə şübhə qalmasın deyə, tamaşaçıların özləri
71
tərəfindən seçilmiş üç uşaq qalxdı, hər uşağın əlində, içində bilyard kürəcikləri
olan torba və bu müxtəlif rəngli torbaların hər birində, xüsusi nəzarətçilərin təsdiq
etdiyi, sıfırdan nömrələnmiş on bilyard kürəciyi vardı. Diqqət, xanımlar və
cənablar! Hər uşaq, gözüyumulu vəziyyətdə torbadan bir ədəd kürəcik çıxaracaq.
Uşaqlar ilk əvvəl əllərində tutduqları göy torbadan, sonra qırmızı torbadan, daha
sonra sarı torbadan kürə çıxardılar. Üç uşaq bir-birinin ardınca əlini torbaya salıb,
kürəcikləri bir-bir əlləşdirir və əlhavasına, nisbətən soyuq olanı çıxarırdılar… bu
barədə onlara qabaqcadan göstəriş verilmişdi. Hər torbada bir kürəcik, qalanlarına
nisbətən ona görə soyuq olurdu ki, onu bir neçə gün buzlu suda saxlayırdılar.
Beləliklə, uşaqlardan hər biri öz torbasından bir kürəcik çıxarıb camaata göstərir,
kürəciyin üstündəki rəqəmi elan edir və elan edilmiş üç nömrə xoş təsadüf üzündən
Dostları ilə paylaş: |