Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix07.01.2017
ölçüsü1,46 Mb.
#4774
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   27
prezidentin biletində göstərilmiş rəqəmlərə tam uyğun gəlirdi. «Bizim də heç 
ağlımıza gəlmirdi ki, axı, uşaqlar bunu başqalarına danışa bilərlər?!.» Belə bir 
təhlükənin olduğunu anlayandan sonra onları qapalı yerdə saxlamaqdan savayı 
əlacımız qalmadı. Əvvəlcə üçünü, sonra dördünü, sonra beşini; sonra uşaqların sayı 
artıb iyirmi oldu və beləcə, çoxala-çoxala getdi, mənim generalım!» O, kələfin 
ucundan tutmuşdu, odu ki, yavərini, hər şeyi olduğu kimi açıb söyləməyə məcbur 
elədi və belə məlum oldu ki, lotereya fırıldağında ordu və donanma zabitlərinin 
hamısının əli var, öyrəndi ki, uşaqların ilk beş-on nəfəri ata-analarının razılığıyla 
meydançaya qalxırmışmışlar və uşaqlara, məhz hansı kürəciyin çıxarılması lazım 
olduğunu həmin bu valideynlər, lotereya oyununun gedişatına «züy tuta-tuta» 
öyrədibmişlər. Lakin sonrakı oyunlarda, kyrəcikləri çıxaran uşaqları bu fırıldağa, 
zor və hədə gücünə məcbur edibmişlər. Burada artıq valideynlərin razılığı tələb 
olunmurdu, çünki belə şaiyə gəzirdi ki, meydançaya bircə dəfə çıxan uşaqlar bir 
daha öz ailələrinə qayıtmır, izsiz-soraqsız yoxa çıxırlar. Növbəti lotereya oyununun 
keçirilməsi üçün tələb olunan uşaqları tapmaq məqsədilə xüsusi hücum dəstələri 
təşkil edilərək, gecələrlə evlərə soxulmağa, valideynlər isə uşaqlarını, bildikləri, 
bacardıqları kimi gizləməyə çalışırdılar. Xüsusi təyinatlı qoşunlar, de Armas 
meydanını, ona təqdim edildiyi kimi, heç də ictimai emosiyaları tənzimləməkdən 
ötrü yox, heyvan sürüsü kimi qabağa təpilən insan kütlələrinin qabağını saxlamaq 
üçün mühasirəyə almışdı. Dövlət məmurları, yaranmış bu münaqişədə vasitəçilik 
etmək məqsədilə prezidentin qəbuluna düşmək istəyən diplomatları, ən müxtəlif, 
özü də sarsaq bəhanələrlə tovlayırlar. Onun, qəribədən də qəribə xəstəlikləri barədə 
köhnə nağıllar isə, yenidən işə salınır. Məmurların bir hissəsi deyir ki, bəs 
prezidenti yuxusuzluq əldən salıb, çünki biçarə, yalnız ayaq üstə yata bilir, çünki 
onun fəqərə sütununda, iquana kərtənkələsinin bel sümüyü kimi diş-diş sümük 
daraq əmələ gəlib, o biri hissəsi bundan da sarsaq bəhanə gətirirdi: prezident sizi 
ona görə qəbul edə bilməz ki, qarnından əziyyət çəkir, çünki zati-ailələrinin içində 
qurbağalar əmələ gəlib. Onlar, ona, uşaqları azad etmək barədə vurulan etiraz 
teleqramlarının, xahişlərin bircəciyini belə göstərmirdilər, halbuki belə teleqram və 
xahişlər dünyanın hər yerindən axıb gəlirdi. Hətta Roma papasından gələn 
teleqramı da ondan gizlətmişdilər, bu teleqramda Roma papası günahsız körpələrin 
acı taleyi ilə bağlı öz apostol kədərini bildirirdi. Həbsxanalar, qiyama qalxmış 
valideynlərlə ağzınacan dolu idi, növbəti lotereya oyununu keçirmək üçün bircə 
uşaq da tapmaq mümkün deyildi. – «Lənət şeytana, biz çox pis ilişmişik, mənim 
 
72

generalım!» Lakin o, ayaqları altında açılan uçurumun bütün dərinliyini, qəsrin 
içəri həyətindəki sallaqxanada sürü kimi bir yerə toplaşmış zavallı uşaqları 
görəndən sonra hiss elədi, yüzlərlə uşağın, həmin o dəhşətli gecədən sonra 
zirzəmidən çıxıb, neçə ayın qaranlıq zülmətinə öyrəşmiş gözləri günəş işığından 
tutula-tutula, sərsəm çəpişlər tək, hara gəldi, qaçışdığını görəndə anladı. Onlar 
işıqda azmışdılar, sayca çox olsalar da, həm də elə bir vəhdət təşkil edirdilər ki, o, 
bu uşaqların hər birini ayrı-ayrılıqda yox, iki minə qədər müxtəlif uşaq kimi yox, 
min sifətli, nəhəng heyvan kimi gördü… onlardan, yanıq yun və nəcis iyi gəlirdi, 
onlar, yeraltı sular kimi uğuldayırdı. Bu heyvanı, dərhal məhv edilməkdən, məhz 
onun min sifətli olması qorudu, çünki bu saysız-hesabsız həyatların hamısını, yer 
üzünü lərzəyə salmadan qırmaq mümkün olan məsələ deyildi. - «Heç nə eləmək 
mümkün deyil, lənət şeytana!» Lakin nə isə eləmək lazım idi və o, ali 
komandalığın üzvlərinin hamısını yanına çağırtdırdı, onlar, onun qarşısında 
dayandılar – zahirən cəsur və zəhmli on dörd nəfər hərbi komandan və sərkərdə 
dəhşətli qorxu içində olsalar da, cəsur və zəhmli görünməkdən savayı əllərindən 
ayrı bir iş gəlmədi. O, hərbiçilərin hər birinin gözünün içinə zilləndi və gördü ki, 
onlar əlbir, o isə təkdir. Bunu görəndən sonra başını dik tutub qətiyyətli səslə 
onları, hərbi qüvvələrin namuslu adı və şərəfi şübhə altına alındığı bir zamanda 
hədsiz zəruri olan birliyə çağırdı. O, qətiyyətlə bildirdi ki, öz sərkərdələrinin 
təqsirsiz olduğuna zərrə qədər şübhə etmir və yumruqlarını sıxaraq, masanın 
üstünə qoydu, bununla da nagümanlığını, bütün vücudunu sarmış titrəməni gizləyə 
bildi. O, hərbçilərə, öz postlarında qalmalarını, vəzifə borclarını, həmişəki səy və 
qeyrətlə yerinə yetirmələrini, öz nüfuzlarını itirməkdən qorxmamalarını əmr etdi: 
«hesab edin ki, heç nə olmayıb, senyorlar, iclas bağlı elan olunur, hər şeyə görə 
mən cavabdehəm!» Bundan sonra uşaqları qaladan çıxarıb furqonlara yüklədilər və 
gecənin zülmət qaranlığında, ölkənin ucqar, kimsəsiz bir əyalətinə göndərdilər… 
ertəsi gün isə o, təntənəli sürətdə rəsmi bəyanat verərək bildirildi ki, guya ordu 
tərəfindən bağlıda saxlanılan uşaqlar barədəki bütün söhbətlər həyasız bir yalandır, 
hökumət heç kəsi – nə uşaqları, nə də, hər kim olur-olsun, həbsdə saxlamır, 
ümumiyyətlə, ölkədə bir nəfər belə olsun, məhbus yoxdur, dustaqxanalar 
bomboşdur, kütləvi həbslər barədəki söz-söhbət isə, xalqın vətənpərvərlik ruhunu 
sasıtmaq istəyən mürtədlərin iyrənc uydurmalarıdır - ölkəmizin qapıları həqiqəti 
öyrənmək istəyənlərin hamısının üzünə açıqdır, buyurub gələ bilərlər! Bu çağırışa 
cavab olaraq, ölkəyə Millətlər Birliyinin komissiyası təşrif buyurdu və burnunu 
soxmadığı deşik qoymadan, hər yeri ələk-vələk elədi, dindirmək istədiyini dindirdi, 
hər şeyi bütün təfsilatı və təfərrüatıyla saf-çürük elədi, axtarışlar apradı, hətta 
Bendisyon Alvaradonu da sorğu-suala çəkdi, arvad sonralar çox təəccüblənirdi: 
«Caducərlərə oxşayan o qanmazlar kim idi?.. Evə soxulub, iki min uşağı 
çarpayıların altında, sap qutusunda, az qala fırça qablarında axtarmağa başladılar!» 
Axırda komissiya əmin oldu ki, həqiqətən də məmləkətdə dustaqxanalar bağlıdır, 
hər yerdə qayda-qanun hökm sürür, bilərəkdən, ya bilməyərəkdən, qəsdli, ya 
qəsdsiz şəkildə insan hüquqlarının və humanizm prinsiplərinin pozulmasına, yaxud 
nə vaxtsa pozulduğuna dair heç bir dəlil-sübut yoxdur. «Rahat yatın, general! 
Sağlıqla qalın!» O, pəncərənin qabağında dayanmışdı, komissiyanı geriyə aparan 
gəminin, körpüdən aralanmağına tamaşa edirdi, onlara işləməli yaylığını yelləyə-
 
73

yelləyə ürəyində: «Əlvida, əziz kütbeyinlər, sizə sakit dəniz və uğurlu yol, xoş 
getdiniz!» - deyirdi. Sonra köks dolusu nəfəs dərdi: «Vəssalam, bu həngamə də 
belə bitdi!» Lakin general Rodriqo de Aqilar bilirdi ki, həngamə hələ bitməyib: 
«Uşaqlar ki, qalıb, mənim generalım!» O, əliylə alnını şappıldatdı: «Lənət şeytana, 
uşaqlar tamam yadımdan çıxmışdı. Doğrudan da, indi bu uşaqları neyləyək?..» Bu 
cansıxıcı vəziyyətdən, müvəqqəti də olsa, qurtulmaq üçün göstəriş verdi ki, 
uşaqları, gizlədikləri meşədən çıxarıb, daim yağışlar yağan, küləksiz vilayətlərə 
göndərsinlər, çünki külək əsməsi xatalı məsələdi, uşaq səslərini kimlərinsə 
qulağına çatdıra bilər, əmr elədi ki, uşaqları elə bir yerə göndərsinlər ki, orada 
heyvanlar, əbədi nəmişlikdən diri-diri çürüyür, hətta sözlər də, nəmişlikdən kif 
atır… ağacların arasıyla isə, sürüşkən dərili, selikli osminoqlar sürünür; əmr elədi 
ki, uşaqları, And dağlarının o biri tayına – içində daim dumanlar sürünən oyuq 
mağaralara aparsınlar, elə bir yerə ki, heç kəs onları tapa bilməsin, o yerdə 
olduqları bir kimsənin ağlına belə gəlməsin, əmr elədi ki, uşaqların yerini tez-tez 
dəyişdirsinlər – aranın çürük noyabrından, dağətəyinin qızmar fevralına daşısınlar 
və əksinə; uşaqların, qızdırmadan titrətdiklərini eşidəndə isə, onlara kinə dərmanı 
və isti odeyal göndərdi… uşaqlar qızdırma xəstəliyinə, Qızıl Xaç Cəmiyyətinin 
müşahidəçi təyyarələrindən gizlənib, bir neçə gün çəltik tarlasında, boğazlarınacan 
suyun içində dayanan vaxt tutulmuşdular; uşaqlar, skarlatina xəstəliyindən əziyyət 
çəkəndə əmr elədi ki, günəşin gözqamaşdıran şüaları uşaqların gözlərini ağrıtmasın 
deyə, şüaların və ulduzların parıltısını saxta qırmızı işıqla kölgələndirsinlər; 
çinarlığın gənələri onları yeməsin deyə, əmr elədi ki, havanı həşarat dərmanıyla 
tozlandırsınlar; uşaqların başına vertalyotdan konfet yağışı, yağlı dondurma 
uçqunu yağır, yeni il hədiyyələri göydən paraşütlə atılırdı… o, bütün bunları onun 
üçün eləyirdi ki, uşaqların taleyinə dair qəti qərarı qəbul eləyənəcən, onlar yaxşı 
yaşasınlar, keflərini pozmasınlar. Bu sayaq xeyirxah işləriylə o, tədricən özü özünü 
sakitləşdirirdi və qərəzli: «Bəs bu uşaqları neynəyək?» - sualı da daha onu 
incitmirdi; bir qədərdən sonra o, ümumiyyətlə uşaqlrı unutdu, hüznlü yuxusuz 
gecələr, bir-birinə bənzər yeknəsəq gündüzlər bataqlığına gömüldü – daha heç bir 
şey onu narahat eləmirdi… və onun bu halı, axşamların birinə qədər davam etdi. 
Çərşənbə gününün axşamı idi. Saat doqquzu vurdu və o, zamanın metal cingiltisini 
eşidib ayağa qalxdı, saray pəncərələrinin məhəccərlərində mürgüləyən toyuqları 
qovdu, qabağına qatıb hinə saldı, toyuqlar yerlərini tutandan sonra, adəti üzrə 
onları saymağa başladı; bu vaxt içəri, növbətçi quşabaxan - mulat qadın girib, gün 
ərzində yumurtlanan yumurtaları yığmağa başladı; bu dəmdə o, xərclənməmiş 
illərinin qaynar istisini hiss etdi, qadının döşlüyünün xışıltısı onu cuşa gətirdi və o, 
qadına yaxınlaşdı. Qadın bütün bədəniylə titrəyərək: «Ehtiyatlı olun, general, 
yumurtaları sındırarsınız…» - dedi. O isə: «Cəhənəmə ki… - deyib kəl kimi 
fısıldadı - qoy sınsın…» və ruhunu saran anlaşılmaz duyğudan qurtulmaq naminə – 
yatmış toyuqların yaşıl zilinə bulaşmış bu mübarək çərşənbə günündə nəyinsə baş 
verəcyi fikrindən xilas olmaq ümidiylə, pəncəsinin bir zərbəsiylə qadını yıxıb yerə 
sərdi, ayağı sürüşdü, başı gicəlləndi və o, təsəvvürlər uçurumunun dibinə – ani 
xilasın ilğımvari dərinliyinə, adamboğan tər dalğalarının, güclü qadın nəfəsinin 
təlatümlü dənizinə, ona hər şeyi unutdurmağı vəd edən boşluğa uçdu… - o, arxada, 
axar ulduzun qövsvari izini andıran bir iz sala-sala, cingiltili, qızıl mahmızının 
 
74

işıqlı izini qarlığa yaya-yaya, qaranlığı üfunətli fısıltılarıyla doldura-doldura, it 
kimi zingildəyə-zingildəyə uçur, həyat adlanan dəhşətin həzzini duya-duya, 
gözqamaşdıran ölüm od-alovunun, lal şimşəklərin içindən ötüşə-ötüşə uçurdu… 
lakin uçurumun dibində, dəryanın qurtaracağında onu yenə həmin bu toyuq hin, 
yaşıl toyuq zili, toyuqların yuxusuz mürgüsü, donu, sınmış yumurtaların sarısına 
bulaşmış, titrək bədənli mulat qadın gözləyirdi… - «Görürsüz, dedim axı sizə, 
general! Bütün yumurtaları sındırdınız!» O isə, doymuş məmnun heysizliklə, 
növbəti sevgisiz eyş-işrətdən püskürən acı qəzəbini içində zorla boğa-boğa 
ona:«Say və qeyd elə neçəsi sınıb, pulunu maaşından çıxacağam…» - dedi və 
getdi. Saat onu göstərirdi. O, fermaya daxil olub, bütün inəklərin damaqlarını bir-
bir yoxladı. Girov qadınlar yaşayan tikilinin yanından ötəndə, pəncərədən içəri 
boylandı və döşəməyə uzanmış zahı qadını gördü – mamaça, bir az əvvəl 
doğulmuş çağanı qucağında tutmuşdu, ona: «Oğlan oldu, mənim generalım! Adını 
nə qoyaq?!» - deyirdi. «Nə istəyirsiz qoyun.» - o cavab verdi. Saat on biri 
göstərirdi. O, adəti üzrə, qarovulu saydı, qıfılları yoxladı, quş qəfəslərinin üstünə 
örtük çəkdi, bütün otaqların işıqlarını söndürdü. Gecə, yarıya yaxınlaşırdı… ölkədə 
sakitlik idi, dünya yatırdı… o, öz yataq otağına gecənin bu zülmət qaranlığında 
yollandı, dəhlizi, mayakın ani parıltıyla hərlənib yoxa çıxan işığı altında ötdü, 
yataq otağına çatıb lampanı qapının yanındakı asılqandan asdı… qəfildən qaçıb 
aradan çıxmaq lazım gəlsəydi, bu lampa ona gərək olacaqdı… - qapını arxasınca 
bağlayıb, üç qıfılı, üç cəftəni vurub, üç zənciri çəkdi və yığcam unitazında oturub, 
zalım körpəsini - heybətli şişini nazlamağa, giziltisini ovutmağa başladı, şıltaq 
körpəsi ovucunun içində kiriyib yatanacan, ağrısı səngiyənəcən oturduğu 
vəziyyətdə qaldı. Lakin ağrının səngiməyi ilə yenidən baş qaldırmabı bir oldu. 
Qəfil qorxu onu ildırım kimi vurdu – açıq pəncərədən içəri külək doldu, uzaq şor 
səhrasından əsən külək, yataq otağını, qum dənəciklərinə bənzər, saysız-hesabsız 
uşaq səsləriylə doldurdu. Ölüm çöhrəli səhrada dolaşan kimsəsiz uşaqların 
qəlbindən qopan mahnı müharibəyə getmiş cəngavər barədə idi… «Hardadı 
cəngavər? Hardadı igid? Bu nə dərddər, bu nə kədər… Qülləyə qalx, onun gəlişinə 
tamaşa elə, onda görəcəksən ki, məxmər üzlü tabutda qayıdıb o! Ah bu nə 
bədbəxtlik!» Uzaqdan eşidilən bu səslər xorunu, ulduz sayrışması da zənn etmək 
və özünü, bu səslərin, ulduz şərqisi olduğuna inandırıb rahatca yuxuya getmək 
olardı, lakin o, qəzəb içində ayağa sıçrayıb, var gücüylə: «Yetər daha, lənət 
şeytana! Ya onlar, ya mən!» - deyə bağırdı. Sözsüz ki, o özünü seçdi. Hələ səhərin 
gözü açılmamış əmr verdi ki, uşaqları, sement yüklənmiş barjaya doldurub, mahnı 
oxuda-oxuda, ərazi sularımızdan kənarlara aparsınlar; orda barja dinamitlə 
partladıldı və uşaqlar, nə baş verdiyini anlamağa macal tapmamış, daş kimi suyun 
dibinə getdilər. Üç zabit onun hüzuruna gəlib, əmrinin yerinə yetirildiyini 
bildirəndə, o ilk növbədə zabitlərin hər birinin rütbəsini iki dərəcə qaldıtdırdı və 
vətənə sədaqətli xidmətlərinə görə medalla təltif etdi, sonra da əmr verdi ki, onları 
cinayətkar kimi güllələsinlər… - «Çünki elə əmrlər var ki, verilə bilər, ancaq 
yerinə yetirilə bilməz, çünki bu əmrlərin yerinə yetirilməsi cinayətdir, lənət 
şeytana, zavallı cocuqlar!» Bu sayaq ağır sınaqlar onu bir daha əmin edirdi ki, ən 
təhlükəli düşmən - rejimin öz daxilindədir, yəni etimad qazanaraq, dövlət 
başçısının ürəyinə soxulmuş şəxsdir; bir daha əmin olurdu ki, ilk baxışda ona ən 
 
75

sadiq görünən, vaxtı ilə vəzifə pillələri ilə yüksəltidiyi və bu səbəbdən, dayağı 
bildiyi adamlar, gec-tez onları yedizdirən əli kəsib atmağa çalışırlar – o, belələrini 
pəncəsinin bircə zərbəsiylə yıxır, onların yerinə, yoxluqdan, ayrılarını tapıb çıxarır, 
onları yüksək vəzifələrə təyin edir, fəhmi və barmağının bircə işarəsi ilə onlara 
müxtəlif rütbələr verirdi: «Sən – kapitansan, sən – polkovnik, sən – general, 
qalanları isə leytenant! Daha nə istəyirsiz?!» Sonra vaxt ötdükcə, bu adamların 
tədricən qarın bağlamağına, enlənib-şişib az qala tikişləri cırılan mundirlərinə 
sığmamağına tamaşa eləyə-eləyə, ona sədaqətlə xidmət etdiklərini dəyərləndirərək, 
onları gözdən itirirdi və yalnız iki min uşaqla bağlı bu gözlənilməz hadisədən sonra 
o anladı ki, onu, bir nəfər yox, hərbi qüvvələrin bütün komandanlığı aldadıb. - 
«Bircə onu bilirlər ki, süd xərclərinin artırılmasını tələb eləsinlər, iş çətinə düşəndə 
isə, indicə xörək yedikləri nimçəyə batırmağa hazırdılar, halbuki, onların hamısını 
mən, Adəm Həvvanı yaratdığı kimi, öz qabırğamdan yaratmışam!» Bu, həqiqətən 
də belə idi, ancaq nolsun, o, bir an belə dinclik bilmir, onların naz-qozuyla 
oynamalı, iddia və təkəbbürləriylə hesablaşmalı olurdu. Ən təhlükəlilərini isə 
yanında saxlayırdı ki, onlara göz qoymaq asan olsun, digərlərini sərhəd 
qarnizonlarında xidmətə göndərirdi, lakin bu tədbirlər də onu, şübhələrdən xilas 
edə bilmirdi. Vaxtı ilə o, qrinqoların dəniz piyadasının ölkəyə desant çıxarmasına, 
səfir Tomposunun rəsmi məlumatında deyildiyi kimi, heç də sarı qızdırmaya qarşı 
birgə mübarizə aparmaq üçün yox, yaxud siyasi mühacirlərin iddia etdiyi kimi, 
xalqın qəzəbindən qorxduğuna görə yox, məhz onların, öz zabitlərinin xatirinə 
icazə vermişdi. - «Mən istəyirdim ki, onlar bizim zabitləri adam eləsinlər, onlara 
namuslu olmağı öyrətsinlər, ana! Onlar da öyrədirdilər, bizim zabitlərə, ayaqqabını 
necə geyməyi, prezervativ və tualet kağızından istifadə etməyin qaydalarını 
öyrədirdilər, bütün öyrətdikləri də bundan ibarət idi. Hərbçilərin müxtəlif yönlü 
dəstələri arasında ixtilaf, ya münaqişə düşsə, başları bir-birinə qarışar, məndən 
uzaq olarlar, mənim üçün milli təhlükəsizlik idarəsi, baş istintaq agentliyi, ictimai 
asayiş üzrə milli departament və sair bu sayaq, bir-birindən mənasız və lazımsız o 
qədər təşkilat və idarə uydurub yaratdılar ki, indi çoxunun adı yadımda deyil!» 
Əslində, bunlar, milli təhlükəsizlik xidmətinin müxtəlif adları idi, lakin ona, 
mənzərəni bu cür təsvir etmək sərfəliydi, guya bunlar, müxtəlif təşkilatlar, müxtəlif 
xidmətlər idi. Bu ona, çətin vaxtlarda manevrlər etmək imkanı yaradırdı. 
Məsələn, o, milli təhlükəsizlik orqanının əməkdaşlarına təlqin edirdi ki, onlar, baş 
istintaq agentliyi tərəfindən izlənilir, əslində isə, bu təşkilatların hər ikisi ictimai 
asayiş agentliyinin müşahidə obyektləriydi. O, zabitləri bir-biriylə toqquşdurur, 
etibarsız sayılan hərbi hissələrin barıtına dəniz qumu qatılması əmrini verir, birinə 
bir şey, o birinə tamam başqa bir şey deyir, hamını elə dolaşdırırdı ki, artıq heç kəs 
onun əsl niyyətindən baş aça bilmiridi. Bununla belə, onlar qiyama qalxdılar: «N» 
kazarması qiyam edib, mənim generalım!» Onda o, kazarmaya cumub, ağzı 
köpüklənə-köpüklənə:«Çəkilin yoldan, qurumsaqlar, burda hökmdar - mənəm, 
hakimiyyət də mənimdir!» - deyə bağırırdı. O, ayaq saxlamadan, özlərini itirmiş, 
beşcə dəqiqə əvvəl onun portretlərini hədəf seçərək, güllə ata-ata məşq edən 
zabitlərin yanından saymazyana ötüb keçir və gedə-gedə: «Tərk-silah olsunlar!» - 
deyə əmr verirdi. Onun hökm dolu səsində isə, öz gücünə o qədər böyük inam 
vardı ki, zabitlərin özləri silahlarını yerə atırdılar. O: «Mundirləri çıxarın! - deyə 
 
76

əmr edirdi. – «Bu paltarı yalnız kişilər geyə bilər!» Və zabitlər dərhal mundirlərini 
soyunurdular. - «San-Xeronimo bazası qiyama qalxıb, mənim generalım!» Və o, 
bazanın ərazisinə baş darvazadan daxil oldu, iri, xəstə ayaqlarını ardınca qocafəndi 
sürüyə-sürüyə, qiyama qalxmış, lakin onu görcək, quzu kimi sıraya düzülmüş 
qvardiyaçıların cərgələri arasından keçərək, qiyam qərargahının ortasında tək və 
silahsız halda peyda oldu amiranə səslə: «Üzü üstə döşəməyə, düdəmələr! 
Döşəməyə!.. Dədələrindən bixəbər köpəy uşaqları!» Və Baş Qərargahın on doqquz 
zabiti, müti halda ağzı üstə yerə döşəndi… bir müddətdən sonra onları dənizkənarı 
kəndlər boyu gəzdirir və torpaq yeməyə məcbur edirdilər ki, qoy hamı görsün ki, 
mundiri çıxarılmış zabit, qoyun qədərində də deyil. «İt uşaqları! – əsgərlərin arı 
pətəyi kimi qaynaşdığı kazarmalarda qışqırışırdılar, hamı, prezidentin tələb elədiyi 
kimi, qiyamın təşəbbüskarlarının güllələnməsini, bundan sonra meyitləri od ələyən 
günün altında ayaqlarından asılmalarını tələb edirdilər ki, qoy hamı görsün, Allaha 
tüpürənlərin aqibətini öz gözləriylə görsün. «Bax belə, quldurlar!» Tələb yerinə 
yetirildi, lakin bütün bu qanlı cəza tədbirləri ona dinclik gətirmədi. Guya kökündən 
kəsdiyi yoluxucu xəstəliklər yenidən yayılmağa başlayır, qorxunc sui-qəsdlər 
yırtıcısı caynaqlarını yenidən buraxır, hakimiyyət dəhlizlərinin damı altında özünə 
yuva qura-qura, ən qətiyyətli zabitlərin imtiyazlı kölgəsi altında güc yığırdı. O, 
əqidəsinə zidd gedərək, səlahiyyətlərinin artıq-urtuğunu onlarla bölüşməyə, bu 
adamlara etibar eləməyə məcbur idi. Çünki onlarsız keçinə bilməzdi, lakin məsələ 
burasındaydı ki, onlarla birgə yaşamaq, onlarla bir havayla nəfəs almaq da 
mümkün deyildi, lakin əbədi yaşamağa məhkum edildiyindən, buna məcbur idi. 
«Lənət şeytana, bu ki, ədalətsizlikdi?!..» Əziz dostu, general Rodriqo de Aqiların 
niyyətləri ilə əlaqədar qorxunc şübhələr içində yaşamaq qeyri-mümkün idi, bu 
adamın namusuna və sədaqətinə şübhə eləmək, sözün əsl mənasında, işgəncəydi, 
lakin… «O mənim kabinetimə girəndə, sifəti meyit rəngindəydi… soruşdu ki, 
həmin o iki min uşağın aqibəti necə oldu. Doğurdanmı, bütün dünyanın bildirdiyi 
kimi, biz uşaqları dənizdə boğmuşuq?» O, səsi belə titrəmədən, general Rodriqo de 
Aqilara bilirdi ki, bu, yalnız şaiyədir, xainlərin uydurmasıdır. «Mən hər gecə 
onların hardasa mahnı oxuduğunu eşidirəm!» - o, deyib, əliylə hansısa qeyri-
müəyyən istiqaməti göstərdi. 
Ertəsi gün, səfir Evansı da, uşaqlar barədə gəzən bütün bu söz-söhbətin, böhtandan 
savayı ayrı bir şey olmadığına inandıra bildi: «Başa düşmürəm, siz hansı uşaqları 
deyirsiz? Axı, sizin ölkənizin Millətlər Birliyindəki nümayəndələri özləri dünya 
ictimaiyyəti qarşısında rəsmi şəkildə bildirdilər ki, uşaqlar sağ-salamatdırlar və 
məktəbə gedirlər. Sizə bundan artıq daha nə lazımdı?.. Vəssalam, həngamə 
bununla da bitdi!» Ancaq həngamə hələ bitməmişdi. Günlərin bir günü, gecənin bir 
yarısı onu yuxudan oyatdılar: «İki, ən böyük qarnizon qiyama qalxıb, mənim 
generalım! Bundan savayı Konde kazarmaları da üsyan edib, bu kazarmalar isə 
burdan cəmi bir məhəllə aralıdadır! Üsyana general Bonivento Barbosa başçılıq 
edir. Görürsüz, necə qudurub?! Onun ixtiyarında, mükəmməl silahlanmış min beş 
yüz əsgər var. Bütün silah və sursatı onlar, müxalifətın tərəfinə keçən bəzi 
səfirliklərin köməyi ilə əldə ediblər. Vəziyyət elə də yaxşı deyil ki, oturub 
barmağını sorasan, mənim generalım! Təcili tədbir görülməsə, hər şey məhv 
olacaq!» 
 
77

Əvvəlki illərdə siyasi vulkanın bu sayaq partlayışı, onun mübarizə əzmini, risq 
etmək ehtirasını yalnız coşdura bilərdi, lakin indi… Məgər o öz yaşının bütün 
ağırlığını bilmirdimi?.. Onun idarəsinin, demək olar ki, bütün gücü, orqanizminin 
daxilində gedən gizli dağıntıların bərpasına sərf olunurdu, axı, qış gecələrində ona 
dözülməz ağrılar verən öz qəddar körpəsini – soyuq havadan şişib qarpıza dönən 
dəbələk şişini ovutmadan yata bilmirdi; «Uyu, körpəciyim, günüm, günəşim 
mənim…» Ən əsası isə bu idi ki, o heç cür müəyyən edə bilmirdi ki, kim kimdir, 
bu miskin sarayda qaçılmaz taleyin sınağ məqamında kimə bel bağlamaq olar. O 
bu sarayı, bu miskin evi, böyük məmnuniyyətlə, buradan mümkün qədər uzaq olan 
dılğır bir hindu kəndindəki ütük bir komaya dəyişərdi, elə bir yerə ki, orada heç 
kəs onu tanımasın, sayını hətta özünün də itirdiyi uzun illər boyu bu ölkənin 
dəyişilməz prezidenti olduğunu bilməsin, bu, onun çoxdankı arzusu idi. Bununla 
belə, general Rodriqo de Aqilar, ona, hər iki tərəfi razı sala biləcək kompromislər 
əldə etmək məqsədiylə, qiyamçılara öz vasitəçiliyini təklif etmək niyyətini 
bildirəndə, rəsmi qəbullarda mürgü döyən, olan-qalan ağlını da itirmiş qocanı yox, 
ötən dövrlərin nəhəngini, cəsur bizonu gördü… və bu böyük insan, bircə an belə, 
tərəddüd etmədən, ona dirsəyini göstərib qətiyyətlə: «Gələ!.. – dedi - Elə şey 
yoxdu, mən hakimiyyətdən getməyəcəm!» General Rodriqo de Aqilar deyəndə ki, 
məsələ gedib-getməməkdə deyil, məsələ ondadır ki, «hamı bir nəfər kimi sizin 

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin