Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix07.01.2017
ölçüsü1,46 Mb.
#4774
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   27
önündə donub qalırdı; tabut isə prezident kayutunun tən ortasında, dörd bir tərəfi 
güzgülü otaqda qoyulmuşdu ki, güzgülü divarlarda birə on çox görünsün. 
Beləcə, bu qədim gəzinti gəmisi bir neçə ay, zamanın yuyub Yer üzündən sildiyi 
muvəqqəti adaların yanından ötüb keçə-keçə, elə bir uzun-uzadı səyahət elədi ki, 
axırda saysız-hesabsız axınların töküldüyü vahiməli, sulu çəngəlliklər içində, 
həmişəyaşıl çiçəklərin ağlı başdan çıxardığı yerdə, zamanın qurtaracaq nöqtəsində 
azdı və elə orda, dünyanın axırında dayazlıqda lövbər saldı, taxta çarxlarının 
pərləri qızılı qumda xırçıldayıb sındı, gəmi yarıyacan lehməyə batdı, döyülmüş buz 
da, daş duz da əriyib axdı, mərhumənin meyiti şişib taxta tilişkələrin arasında 
yırğalandı. - «Və elə həmin o an möcüzə baş verdi, mənim generalım! Məhz həmin 
o dəqiqə biz baxıb gördük ki, o, gözlərini açdı… gördük ki, onun gözləri yanvarda 
açılan akonita çiçəyi kimi, ay daşı kimi işım-işım işıldayır. Biz hamımız bir nəfər 
kimi, onun nəfəsindən, tabutun şəffaf şüşəli qapağının tərlədiyini, üzü tər 
damcılarıyla örtüldüyünü gördük… sonra bir də baxıb gördük ki, o, gülümsəyir... 
Siz təsəvvürünüzə belə gətirə bilməzsiniz, onda orda nələr baş verdi, mənim 
generalım, ağlınıza belə gətirə bilməzsiniz, biz hansı təlatümlərin şahidi olduq, öz 
gözlərimizlə nələr gördük?!.. Qısır madyanlar elə ordaca balaladılar, qupquru 
şoranlıqda şapan-şapan güllər açdı, lal-karlar öz səslərindən döyüküb qaldılar, 
«Möcüzə! Möcüzə! Möcüzə!» - deyə beşcə dəqiqə qabaq lal-kar olan adamlar 
çığırışdı, camaat hücum çəkib tabutun qapağını xıncım-xıncım sökdü, mərhumənin 
bədənini az qala tikə-parça elədi, çünki hər adam tabutdan yadigar kimi nə isə 
götürmək istəyirdi: odu ki, bir batalyon əsgər göndərməli olduq ki, ağlı başından 
çıxmış kütləni bir təhər sakitləşdirsinlər. Camaat dörd bir yandan, bütün Qəraib 
adalarından gəmiyə axışmağa başladı – sizin ananız Bendisyon Alvaradonun, 
ilahidən ona verilmiş, təbiət qanunlarına sinə gərə bilən sehrli qüvvə alması 
xəbərini eşidənlərin ardı-arası kəsilmirdi. Bu adamlar, ananızın kəfəninin saplarını 
belə satdılar, bu sapdan tikilmiş duaları, tabutun içinə yığılmış suyu, onun 
müqəddəs kraliça libasında təsvir olunmuş kağız ikonalarını satdılar, camaat isə bir 
ucdan elə hey axışıb gəlirdi, dəhşətli basabas yaranırdı, itələşə-itələşə özlərini 
gəmiyə təpənlər, sanki adam yox, qabağına çıxan hər bir şeyi təpikləyib dağıdan, 
ayaq səsləri zəlzələ səsini xatırladan şüursuz, vəhşi öküz sürüsü idi. Siz o səsləri 
elə indi də eşidə bilərsiz, mənim generalım, diqqətlə qulaq assanız, elə burdan 
eşidə bilərsiz. Qulaq asın!» Onda o, ovuclarını bardaq kimi büküb, uğultusu bir 
qədər azalan qulağına tutdu, diqqətlə sakitliyə qulaq asdı və göy gurultusunun 
uğultusnu andıran - «İlahi, anam mənim, Bendisyon Alvarado!» - deyən səsləri 
eşitdi, sonra pəncərədən, nəhəng adam kütləsini, üfüqəcən yeri-göyü tutan, işıq seli 
kimi saraya yaxınlaşmaqda olan yanar şam axınını – gurultulu izdihamı gördü…. 
Bu, onun anası idi, onun canı-ciyəri Bendisyon Alvarado… doğulub boya-başa 
çatdığı, ömrü boyu qorxub çəkindiyi ətürpədən xatirələrindən bədəni lərzəyə 
gəldiyi aran yerlərinə qayıdırdı; şəhərə ilk dəfə gəldiyi kimi, yenə çiyinlərdə daxil 
olurdu; o vaxt bu təşrif, dörd bir yanın qanlı ət iyi verən qızğın müharibə günlərinə 
təsadüf eləmişdi, amma indi Bendisyon Alvaradonu şəhərə dinc əhali gətirib 
gəlirdi; bu şəhərdə daha nədənsə qorxmalı bir şey yox idi, çünki oğlu əmr vermişdi 
ki, bütün tədris kitablarından vitse-krallar haqqında yazılmış səhifələr qoparılsın, 
abidələr məhv edilsin, - «Və ümumiyyətlə, sənin yuxuna haram qatan bütün 
 
91

abidələr məhv ediləcək!» Onu, tabutda yox, elə-beləcə açıq göyün altında, yalın 
çiyinlərində aparan dinc kütlənin arasında daha qorxudacaq bir şey yox idi; cənazə, 
üstünə dağ hündürlüyündə yığılan qızıl hədiyyələrin altında itib bata-bata, uzun-
uzadı vaxtlardan bəri kədər içində uyuyan meşələrdən, düzlərdən, dağlardan keçib 
gedirdi; iflic xəstələrin qızıldan düzəldilmiş qoltuq ağacları, gəmi qəzalarından 
qurtulanların qızıl ulduzları, uzun müddətdən bəri sonsuzluq dərdindən üzüldükləri 
halda, birdən-birə yaxınlıqdakı kolluqda təcili surətdə uşaq doğan qadınların 
Bendisyon Alvaradoya hədiyyə etdiyi qızıl gəlinciklər meyitin üstünə qalanmışdı. 
O yenə həmin o müharibə illərindəki kimi, adam axınının mərkəzində, dünyanı alt-
üst edə biləcək möhtəşəm izdihamın tən ortasında idi, Bibliya köçərilərinə bənzər 
insan dənizinin – mal-qara sürülərini başlı-başına buraxıb, qoltuqlarında mətbəx 
ləvazimatları, həyatlarının qalan hissəsini harda, necə keçirəcəkləri özlərinə də 
məlum olmayan çaşqın adamların arasındaydı; bu adamların bircə ümidi – bir vaxt 
hadisələrin ən qızğın çağında bu yerlərə federalizm ideyalarından çox, dənizin nə 
olduğunu görmək arzusuyla gələn və başına qırmızı lent bağlayaraq: «Yaşasın 
liberal partiyası! Yaşasın felderalistlər, lənət şeytana!» - deyib çığıran oğlunu 
güllədən qoruyan Bendisyon Alvaradonun möcüzəli dualarına idi. Bendisyon 
Alvaradonun meyitini şəhərə gətirən dilənçilər ordusu, ölkəni mütəmadi olaraq, 
çapıb talayan o biri quldur dəstələrinin hamısından məsuliyyətsiz və şüursuz idilər; 
«Bu, sizin hakimiyyətiniz dövründə öz gözlərimizlə gördüklərimizin ən dəhşətlisi 
idi, mənim generalım! Dünya üzü hələ belə şey görməmişdi. - Siz bir baxın, 
mənim generalım, görün, bu, nə möcüzədi!» Və o, nəhayət başa düşdü ki, yer 
üzündə həqiqətən möcüzə var, odu ki, qolunda qara matəm lenti, sapsarı hiddətli 
hüzn içində, anası Bendisyon Alvaradonun bütün xeyirxahlıqlarının müqəddəs 
möcüzələr olduğunu və bu möcüzəni var gücü və bütün dövlət imkanlarıyla sübuta 
yetirməyin vacib olduğunu anladı. Bu məqsədlə o, ən savadlı nazirləri Romaya 
göndərərərək, Roma Papasının nunsisini öz hüzuruna - bir fincan şokoladla 
peçeniye içməyə dəvət elədi. O, onu çox sadə şəkildə – diri güllərdən yığılan 
talvarın altındakı tor yelləncəyində köynəksiz-filansız oturan yerdə, üzünü 
şlyapasıyla yelləyə-yelləyə qəbul elədi; nunsi onunla üzbəüz, təklif olunan 
yelləncək kresloda əyləşdi. – «Bu kresloda əyləşməyi mən yalnız sizə təklif 
edirəm, müqəddəs ata!» - deyə o, isti şokaladla dolu fincanı əlinə götürüb xırda 
qurtumlarla içə-içə söhbətə başladı. Nunsi, təzəcə ütülənmiş sutanada* idi, ondan 
sütül lavanda iyi gəlirdi; bu yerlərə məxsus tropik sıxıntıya, bürküyə, tozanağa və 
rəhmətlik Bendisyonun quşlarının, ara-sıra talvarın işıqlı məsamələrindən aşağı 
damızdırdıqları nəcisə məhəl qoymadan, laqeyd üzüylə ona qulaq asırdı. O, 
şokoladı qız utancaqlığıyla içir, peçenyeni qəsdən aramla çeynəyirdi ki, şokaladın 
son qurtumunu udub söhbətə başlayacağı anı bir qədər uzatsın. Nunsi, uzun illər 
bundan əvvəl, əməköməcinin çiçəkləməyə başladığı gözəl günlərin birində başqa 
bir nunsinin – sadəlövh qocanın oturduğu həmin kresloda əyləşmişdi və öz 
həmsöhbətinin diqqətini xristian dininə cəlb edərək, Foma Akvinskinin fitri 
vergilərini təhlil etməklə məşğul idi. - «İndi isə mən sizi bir məsələdən agah 
eləməliyəm, müqəddəs ata. Sən saydağını say, gör fələk nə sayır! - deyirlər. İş elə 
gətirdi ki, daha mən də dindar oldum... Daha mən də dindar olmuşam». – O, 
gözlərini belə qırpmadan, əvvəlki kimi nə Allaha, nə İblisə, ümumiyyətlə, bu işıqlı 
 
92

dünyada heç nəyə inanmasa da, tək bircə şeyə inanırdı: - anası Bendisyon 
Alvaradonun, bütün həyatı boyu nümayiş etdirdiyi fanatikliyinə və bu nümunəvi 
həyat fəaliyyətinə görə müqəddəs simalar sırasına daxil edilə biləcəyinə. Anasının 
müqəddəsliyni sübut etmək üçün o, nə camaatın uydurduğu şişirdilmiş əfsanələrə – 
məsələn, guya mərhumənin meyiti aparılarkən, qütb ulduzunun, matəm 
izdihamının səmtinə yönələrək, onunla bir hərəkət eləməsinə, nə də, guya ayrı-ayrı 
yerlərdə musiqi alətlərinin özü-özlərinə çalmasına əsaslanmadı. Onun arxalandığı 
əsas dəlil - Bendisyon Alvaradonun can üstə olarkən bədəninin izi qaldığı ağ 
döşəkağı idi, həmin bu nazik, çit döşəkağı, qəribəydi ki, qadının yara-xoralı qoca 
vaxtının yox, gözəl cavanlıq illərinin bədən izlərini - qadının, sağlığındakı kimi, əli 
sinəsində, böyrü üstə uzanmış vəziyyətini olduğu şəkildə qoruyub saxlamışdı; 
oğlu, onun, incə güllərin ətirli qoxusunu andıran canlı tər qoxusunu duya-duya, bu 
möcüzənin sehrindən həyəcanlanıb cuşa gələrək, civildəşən quşların səsini dinləyə-
dinləyə, döşəkağıda qalan möcüzəli izi barmağıyla sığallayır, «Bir baxın, 
müqəddəs ata! Möcüzədi! Quşlar da onu tanıyır!..» – deyərək, nunsiyə, qadının. 
döşəkağının həm üzündə, həm astarında qalan əksini göstərirdi; lakin nunsi 
diqqətcil və sayıq idi, odu ki, döşəkağıda ustad rəssamların əl işlərini – vulkan 
külündən düzəldilmiş təsvirləri, şəkillərdə süni çatlar yaratmaq ustası olan ara 
rəssamların sənətkarlığını asanca seçdi və bu tapıntısına ürəyində bircə gilə belə 
olsun tərəddüd eləmirdi; bütün bunlar, rənglərin oynaq çalarlarından bəlli olurdu; 
nunsi, dünyanın harmoniyasını və gözəlliyini, vaxtın getmək əvəzinə, həzin-həzin 
üzdüyü bir yerdə – təbiət muzeyində, Yer kürəsinin dairəvi cizgilərini ləzzətlə 
müşahidə etdikcə anlamışdı; odu ki, nəhayət, gözünü döşəkağıdan çəkməyi qərara 
alıb mülayim, həm də konkret şəkildə bildirdi ki, çitin üzərinə həkk olunmuş qadın 
bədəni heç də Allahın gizli niyyətinin məhsulu deyil: «Qətiyyən elə deyil, əla 
həzrətləri! Bu, öz peşəsində olduğu kimi, fırıldaqçılıq sənətində də əli gətirən 
hansısa çevik rəssamın əl işidi. Rəssam sizin sadəlövhlüyünüzdən istifadə edərək, 
yağlı boyaların yerinə, divar rənglənən keyfiyyətsiz rənglərlə işləyib, əla həzrətləri! 
Bu rəngləri adi skipidardan düzəldirlər, sonra ona təbii kauçuk, gips əlavə edirlər... 
bu da onun qurumuş qabığı... kətanın həmişənəmiş vəziyyəti isə, sizə deyildiyi 
kimi, ananızın təri yox, rənglərin tünd düşdüyü yerlərin zeytun yağından 
islanmasıdır. Odur ki, mən ürəkdən təəssüf edirəm, əla həzrətləri!» Sidq-ürəkdən 
kədərlənmiş nunsi, tor yelləncəyində otura-otura gözünü qırpmadan, bircə dəfə 
belə olsun, sözünü kəsmədən, ona qəribə, asiyasayağı tərkidünyalıq vəziyyətində, 
dinməz-söyləməz baxan, qulaq asdıqca, donub daşlaşan qocaya bundan artıq daha 
heç nə deyə bilmədi. 
O, döşəküzünün möcüzəli çevrilmələrini öz gözləriylə, öz iki gözüylə gördüyünə 
baxmayaraq, nunsinin bircə sözünə belə etiraz eləmədi, ağzını açmaq üçün 
dodaqlarını belə tərpətmədi: - «Axı, səni o döşəkağıya mən özüm bükmüşdüm, 
anam mənim, bax, bu əllərimlə bükümüşdüm, həmin o sübh çağı yuxudan 
oyananda, dünyanı alt-üçt edib sanki dənizin dibinə çökdürən ölümünün 
sakitliyində həmin o möcüzənin şahidi mən olmuşdum axı, lənət şeytana!..» 
Bütün bunların heç birini o, nunsiyə demədi, iquana kipriklərini çalmadan, gözünü 
ikicə dəfə qırpdı, zəif-zəif gülümsədi, sonra içini çəkib yavaşca: «Yaxşı, atacan, 
qoy siz deyən kimi olsun. Amma, sizi xəbərdar edirəm ki, dediyiniz bu sözlərin 
 
93

məsuliyyətini ömrünüzün son gününəcən daşımalı olacaqsız. Sözbəsöz təkrar 
edirəm: bir daha heç vaxt, heç yerdə, qəbir evinəcən, dediklərimi unutmayın: siz, 
bütün ömrünüz boyu dediyiniz bu sözlərin məsuliyyətini daşımalı olacaqsız. Mən, 
daha sizə cavabdeh deyiləm, müqəddəs ata!» - dedi. Həmin o bəd həftə elə bil 
dünya nəfəsini içinə çəkib dondu, o isə bütün həftəni dilinə çörək vurmadan, tor 
yelləncəkdə uzanıb yellənə-yellənə, çiynində oturmağa adət edən quşları yelpiklə 
qova-qova, arada bir talvarın məsamələrindən düşən gün şüalarını da quş bilib 
onları da yelpiklə hürküdə-hürküdə keçirdi. O həftə ərzində nə bir adam qəbul 
edildi, nə bir əmr verildi; ictimai asayişi qoruyan idarələrin fəaliyyətsizliyi 
üzündən isə bir dəstə fanatiklər ordusu Apostolik nunsiaturaya basqın etdi, 
nunsiaturanın muzeylərindəki tarixi sərvətlər darmadağın edildi, siestanın bu 
saatlarında adəti üzrə içəri həyətin hovuzunda dincələn nunsiyə hücum edildi, onu 
yaxalayıb, lümlüt soyundurdular, küçəyə çıxarıb orda, camaatın gözü qarşısında 
başına min bir oyun açdılar. – «Təsəvvürünüzə gətirirsiz, mənim generalım?» O, 
bu xəbərlərə, yenə öz tor yelləncəyində oturduğu yerdə, yerindən tərpənmədən, 
qaşının ucunu belə tərpətmədən, qulaq asdı, nunsinin, eşşəyə mindirilib, küçələr 
boyu gəzdirilə-gəzdirilə pəncərələrdən başına çirkab suları tökülə-tökülə, camaatın 
dörd bir yandan ona: «Ey, Vatikan xanımı, bəlkə bir uşaq doğasan, ay yekəqarın!» 
- deyib çığırması xəbərini də beləcə, sakit üzlə qarşıladı və nəhayət, xəbər gələndə 
ki, nunsiyi yarımcan vəziyyətdə sürütləyib bazarın zibil yığnağına atıblar və indi o, 
orda min bir üfunətli zir-zibilin içində ölümcül vəziyyətdə qalıb, o, nəhayət tor 
yelləncəyindən qalxıb çiyninə qonan quşları milçək kimi üstündən qova-qova iclas 
zalına yollandı. O, ora, qolundakı qara, matəm lentini açmadan, üzündəki hüzür 
örtüyünü sanki əlləriylə soyub daxil oldu. Yuxusuzluqdan altı tuluqlanmış 
gözləriylə dörd bir yanına baxıb, nunsi üçün xüsusi sal qayırılmasını və onun, 
üçgünlük ərzaq ehtiyatıyla həmin sala mindirilərək, Avrop sarıdan gələn gəmilərin 
yolu üstündə açıq dənizin ortasına buraxılmasını əmr etdi ki, vətənin qüdrətinə 
toxunan yadelli gəlmələrin axırının nə ilə qurtardığını hamı öz gözləriylə görsün. 
«Qoy Papa birdəfəlik sırğa eləyib assın qulağından ki, o, öz Romasında, qızıl 
taxtında Papadı, daha burda yox, lənət şeytana!» Bu kəskin tədbirin əməlli-başlı 
nəticəsi oldu və o biri ilin axırına yaxın Bendisyon Alvaradonun müqəddəs simalar 
sırasına düşməsi – kanonizasiyası məsələsinə yenidən baxıldı. Ölməz bədənin 
ziyarətinə icazə verildi və tabut, kafedral kilsənin baş kürsüsündə qoyuldu, xor 
həmd-səna oxudu, Vatikana elan edilmiş müharibə vəziyyətinə son qoyuldu, 
Armas meydanına toplaşan camaat Allaha şükür edir, əldə edilmiş sülh 
münasibətiylə şüarlar səsləndirirdilər; təcili surətdə ritual konqreqasiya auditoru 
Müqəddəslər Müqəddəsindən, prokurordan və Bendisyon Alvaradonun 
müqəddəsliyinə şübhə qalmasın deyə, onun həyatını bütün incəliyinəcən öyrənmək 
üçün gələn eritreyalıların* postulatoru, monsenyor Demetrio Aldousdan 
müsahibələr alındı. «Siz burda istədiyniz qədər qala bilərsiz,» - deyə prezident 
eritreyalının əlini əlinin içində saxlaya-saxlaya, qəhvəyi dərili bu afrikalının 
qəlbinə yol axtara-axtara danışırdı; işin yaxşı tərəfi o idi ki, həmin bu eritreyalı, 
həyatı çox sevirdi, iquana yumurtası yeyir, xoruz döyüşü üçün, mulat qadınlarının 
ehtiraslı rəqsləri üçün, bir sözlə, hamımızın həzz aldığımız şeylər üçün, mənim 
generalım, o da sino gedirdi. Odu ki, bu ilahiyyatçının üzünə bağlı qalan qapı 
 
94

olmadı, üstəlik, belə bir sərəncam da verildi ki, ona heç kim mane olmasın, qoy o, 
öz gözləriylə görsün ki, bu sonsuz qəm dəryasına qərq olan vilayətdə insan 
gözündən kənarda qala biləcək bir şey yoxdu, Bendisyon Alvaradonun, yuxarı 
qüvvələr tərəfindən bəxş edilmiş müqəddəsliyini şübhə altında saxlaya biləcək bir 
şey yoxdur. – «Bütün ölkə sizin ixtiyarınızdadır, müqəddəs ata – buyurun, baxın!» 
Əsgərlər qarşısında, öz cavan, təmiz dərilərini nümayiş etdirməyə gələn 
cüzamlılıarla dolu Apostolik nunsiaturada səliqə-səhman işləri aparırdılar; 
müqəddəs Vitta rəqsindən şəfa tapanlar, bu möcüzəyə inanmayanlara, iynələri göz 
qırpımında saplamaqlarını nümayiş etdirirdilər; ruletka oyunundan dövlətlənənlər 
öz uduşlarının səbəbini, yuxularına girib onlara uduş nömrələrini qabaqcadan 
söyləyən Bendisyon Alvaradonun köməyi ilə izah edirdilər; nunsiaturanın 
həyətinə, xəbərsiz itənlərini axtaranlar, suda boğulanların meyitlərini tapanlar, 
əvvəllər acından günorta duran, indi var-dövləti başından aşanlar gəlirdi və bu 
adam axını ardı-arası kəsilmədən, bir vaxtlar kannibalları qoşalülə tüfənglə məhv 
edən Uolter Reylicin qədim tısbağa çanaqlarıyla bəzədilmiş kabinetindən keçib 
gedir, həmin bu kabinetdə oturan yorulmaz eritreyalı, heç kimdən heç nə 
soruşmadan, heç bir mükaliməyə girişmədən, laqeyd üzüylə hamıya qulaq asır, tər 
içində üzə-üzə, yüzlərlə adam bədəninin iyinə, kabinetin havasızlığına məhəl 
qoymadan, ucsuz siqaretlərdən birini o birinə calaya-calaya, Bendisyon 
Alvaradonun müqəddəsliyinin şahidlərinin dediklərini diqqətlə vərəqə köçürür, 
sonra onların hər birini ya adını yazmağa, ya hansısa işarəylə, yaxud, barmağının 
iziylə imza atmağa məcbur edirdi. – «Eynilə sizin kimi, mənim generalım!» Hərə 
öz imzasını bacardığı kimi atıb həmin dəqiqə otaqdan çıxır, içəri, bayaqkından heç 
nəyi ilə fərqlənməyən başqa birisi daxil olur və budu ha, başlanırdı: «Məni vərəm 
tutmuşdu, müqəddəs ata.» – «Məni vərəm tutmuşdu…» – o biri sözünün dalını 
gətirənəcən eritreyalı yazırdı – «İndi isə qulaq asın, görün, mən necə oxuyuram!» 
Bir başqası daxil olur: «Mən kişilikdən düşmüşdüm, müqəddəs ata. – deyirdi. – 
İndi isə budur, baxın. İndi səhər-axşam elə bu kökdə də gəzirəm». – «Mən 
kişilikdən düşmüşdüm.» – eritreyalı silinməyən mürəkkəblə yazırdı ki, bu yazıları 
insanlıq tarixinin sonunacan heç kim poza bilməsin. «Mənim qarnımda diri heyvan 
böyüyürdü, müqəddəs ata.» – «Mənim qarnımda diri heyvan böyüyürdü.» – o biri 
tünd qəhvədən içib gözünün acısını ovuda-ovuda, növbəti siqarın odlu kötüyünün 
tüstüsünü ciyərlərinə çəkə-çəkə, yenilməz, tərli sinəsini qabağa verib yazırdı. – 
«Bu kahin əsl kişidi, mənim generalım!» – «Bəli, senyor, o, əsl kişi idi. Belə kişilər 
indi çətin ələ düşər». Auditor, bircə dəqiqə başını yuxarı qaldırmadan, axşamacan 
fasiləsiz-filansız çalışır, gecə düşəndə belə istirahət eləmir, çimib, yamağı-yamağa 
calanan kətan cübbəsində, acından üzülən vücuduyla liman hamballarına 
qoşularaq, uzun taxta stolun arxasında oturub it yalına bənzər şorbadan içir, 
qızardılmış balığın pulunu əliylə təmizləyir, qaranlığa işıq saçan tıxlarını dişiylə 
qoparır, şorbanı hindular kimi qaşıqsız-filansız, eləcə kasadan başına çəkirdi. «Siz 
bir onu görəydiniz, mənim generalım, o qarmaqarışığın, o boyda millətin içində, 
marimonda* və yaşıl qvineo yükünü, dənizi olmayan Santyaqo-de-los 
Kabalyerosun, Kurasao və Quantanamonun** güzgülü otelləri üçün, dünyanın ən 
gözəl və ən qəmli adaları üçün sütül fahişələr daşıyan, həmin o kirli yelkənçi-
dənizçilərin arasında…» «Bir yadınıza salın, gəmilər ləngər vurub dənizə çıxanda 
 
95

biz nə günlərə düşürdük. Matilda Arenelsin evindəki tutuquşunun tale söyləməyi 
necə, yadınızdadı?.. Şorba dolu kasalarının içindən sürünüb çıxan dəniz 
xərçənglərini xatırlayın. Siz, müqəddəs ata, özünüz də dediniz ki, elə bil biz elə 
buralarda – İt Döyüşü kvartalının göbəyində anadan olmuşuq!» Müqəddəs ata 
çimərlikdə futbol oynayır, akkardeonda, yerli virtuozlardan heç də pis çalmır, 
həvəskar müğənnilərdən geri qalmır, bizim söyüş söyənlərin qabağına beş qoyaraq, 
qəliz dənizçi söyüşləriylə latınca söyür, əxlaqsız bazar adamlarının komalarında 
dənizçilərlə içib keflənirdi; deyilənə görə, hətta bir dəfə kimisə kafirliyinə görə 
təpiyinin altına salmışdı. «Onlar bir-birini o ki, var yumruqladılar! İndi nə əmr 
edirsiz, nə edək, mənim generalım?» Əmr gəldi ki, dalaşanları ayırmayaq, əksinə, 
onların döyüş dairəsini bir az da genişləndirək ki, rahatca vuruşsunlar. Və bilirsiz 
nə oldu?! «Kahin qalib gəldi, mənim generalım!» «Kahin? Mən elə də bilirdim. O, 
əsl kişidi!» O, hamının zənn elədiyi kimi elə-belə, adi adam deyildi, Apostolik 
nunsiaturada keçirdiyi bütün keşməkeşli illər öyrənə bilmədiklərini o, həmin o 
qızğın gecələr öyrənmişdi. Həmin gecələrin birində isə yağışlı bir axşam o, 
prezidentin sayıq təhlükəsizlik xidmətini aldatdığını zənn edərək, gizlicə gedib 
çıxdığı kəndin kənarındakı qəramətli malikanədə bildiklərindən daha çox şey başa 
düşmüşdü. Həmin o gecə o, tavandan şırhaşırla süzülüb tökülən yağışın altında 
islana-islana, qorxudan əsə-əsə bütün malikanəni ələk-vələk eləmiş, künc-bucaqları 
gözdən keçirmişdi və bədəni ən çox, Bendisyon Alvaradonun, öz qulluqçuları üçün 
ayırdığı, dörd bir yanı zəhərli çiçəklər basmış yataq otağında əsim-əsim əsmişdi. – 
«Axı o, çox xeyirxah qadın idi, çox təvazökar idi! Qulluqçularının yatağına çit 
döşəkağılar sərirdi, özü isə sınıq-sökük əsgər çarpayısında, qupquru həsirin 
üstündə yatırdı; o, onlara öz gəzinti paltarlarını – ölkənin bir nömrəli xanımının 
paltarlarını geyməyə icazə verirdi; qulluqçular vannada yuyunanda, onun ətirli 
duzlarından istifadə edir, arvadın başı işə qarışanda - quşlarının lələklərini 
rəngləyəndə, odunlu sobanın üstə öz tərəvəz şorabalarını bişirəndə, qonşularına 
lazım olacaq şəfqətli otlar əkəndə, çılpaq bədənləriylə, bürünc şir ayaqları üstə 
dayanan nəhəng vannanın rəngli köpüyün içində uzana-uzana əsgərlərlə 
mazaqlaşırdılar. Qulluqçular daim gecələr onu yuxudan oyadırdılar. «Mədəmi 
sancılar doğrayır, senyora!» O da ayağa qalxıb, xəstəyə, çeynəmək üçün kress* 
toxumları verirdi; «Oğlumun gözləri çəpləşir!» - və o, anaya epasot bişməsi 
verirdi: «Mən ölürəm, senyora!» - deyə onu yuxudan oyadırdılarsa da, ölən 
olmurdu, çünki bütün qonşuların canı onun əlində idi. O, elə sağlığından müqəddəs 
idi, ata, özünü bütün çirkabdan öz bakirəliyi ilə qoruyurdu, bu yad təmtərağın 
içində, həmin bu günah dolu malikanədə öz bakirə dünyasına qapılıb yaşayırdı; 
onu ordan prezident sarayına – damından, vedrədən axırmış kimi yağış tökən, 
yağış damlaları royalın dillərini, dəbdəbəli qonaq otağının, Bendisyon 
Alvaradonun: «Bu stolun arxasında oturmaq – mehrabı təhqir eləməkdi.» - 
deyərək, heç vaxt arxasında oturmadığı ağappaq stolunu təbil kimi çalan xarabaya 
zorla gətirib gəldik. Siz bir fikir verin, müqəddəsliyin fövqünə bir baxın, ata!» 
Lakin Bendisyon Alvaradonun qonşularının bu cənfəşanlığı, auditorun iblisanə 
fəhmini çaşdıra bilmədi və o qayanın üstündəki malikanənin sahibəsinin bütün bu 
hərəkətlərinin səbəbinin, onun, xeyirxahlığından çox, yad mühitin qorxusu, 
kasıbçılıq vərdiş olduğunu, sadəcə, bütün o qaralmış palıddan yonulmuş 
 
96

neptunların, yerli iblis qalıqlarının, bir vaxt rəqs gecələri təşkil edilən boş zallarla 
süzən hərbi mundirli mələklərin, bir sözlə, hər şeyin Bendisyon Alvarado üçün 
anlaşılmaz və maraqsız olduğunu anladı. Beləliklə, auditor buralarda, 
Abissiniyanın bürkülü səhralarından arxasınca sürünüb gələn həqiqəti – üçüzlü 
vahid Allahın izini belə tapa bilmədi. - «Axı, o, həqiqəti, olmayan yerdə axtarırdı, 
mənim generalım, odu ki, heç nə tapa bilmədi, belə-belə işlər!» Lakin monsenyor 
Demetrio Aldous bir şəhərdə öyrəndikləri ilə kifayətlənmədi, ata minib ölkənin 
buzlu ucqarlarını gəzə-gəzə, Bendisyon Alvaradonun müqəddəsliyinin dəlillərini 
həmin bu dövlət haləsinin əlinin çatmadığı yerlərdə axtarmağa başladı. Auditor, 
uzunətəkli pançosunda, yeddi arşınlıq uzunboğazlarında iblis ruhu kimi birdən-birə 

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin