dumanın içindən peyda olaraq, əvvəl hamını qorxuya salır, sonra özü də, heç vaxt
bu cür qara dərili adam görməyən camaatın marağına təəccüblənirdi. O, hamıya,
ona əlləri ilə toxunmağı təklif edirdi ki, adamlar, ondan kömür iyi gəlmədiyini
anlasınlar; o, qaranlıqda camaata dişlərinin parıltısını nümayiş etdirir, kişilərə
qoşulub əyyaşlıq edir, pendiri qara camaat kimi, əliylə qoparıb yeyir, hamının
içdiyi totuma cecəsindən içirdi.
Hiyləgər eritreyalı beləcə, ucqar kəndlərin gözdən-könüldən uzaq
yeməkxanalarında yeyib içə-içə, camaata qaynayıb qarışa-qarışa, bir vaxt bu
tərəflərdə, dörd bir yanından, boz quş balaları, qızılı tükanalarla, quaçarakalarla
dolu qəfəslər asıldığından güclə yeriyən quşsatan qadını tanıyan adamların inamını
qazanmaq istəyirdi; həmin bu quaçarakalar, qu quşu cildinə salınan bu adi boz
quşlar, matəm havalı ölgün bazarlarda avam kəndlilərə sırınmaq üçün rənglənirdi.
«O, adətən bax orda otururdu, ata, ocağın lap yanında oturub gözləyirdi ki, bəlkə
kimsə onunla yeməkxananın arxa otağında, çaxır çəlləklərinin üstündəki həsirdə
yatmaq istəyər. O, qarnını doyuzdurmaq üçün, kiminlə desən yatmağa hazır idi,
ata. Bircə nahara, vəssalam. Ona bircə o lazım idi, çünki başını heç cür dolandıra
bilmirdi; avam kəndlilərə sırıdığı quşların rəngi də, bircə dəfə yağış yağan kimi
yuyulub gedirdi, tovuzquşuların quyruqları elə yoldaca qopub düşürdü. Əslinə
qalsa, bu işlərlə də elə avamlığından məşğul olurdu; bir sözlə, o, quşların hesabına
yaşayırdı, bu düzəngahın hesabına yaşayırdı, necə istəyirsiz, elə də başa düşün, o
ki qaldı adına, indi kimin yadındadı o vaxt onun adı nə idi, hər halda Bendisyon
Alvarado deyildi, bu, bizim adlardan deyil, bu, dənizətrafı yerlərin adıdı, müqəddəs
ata!»
Sən buna bax bir!.. Bu yerinəcən hər şeyi bitdi-bitdi öyrənib bu qara iblis-prokuror,
bunu da, o biriləri də, elə hey qurdalaya-qurdalaya axtarır, eritreyalının yolunda
min bir maneələr yaradan prezident təhlükəsizlik xidmətinin gizli agentlərinin
bütün səylərinə, onun üçün ustalıqla qurduqları saxta torlara baxmayaraq, yeni-
yeni həqiqətləri ortaya çıxarırdı. – «Necə bilirsiz, mənim generalım, onu, bu
uçurumun başında ovlamağın vaxtı çatıbmı? Atının büdrəmək vaxtı necə,
çatıbmı?» Lakin yenə eritreyalının şəxsi təhlükəsizliyi təmin edilməklə,
güdülməsinəi davam etdirmək əmri alındı, öz missiyasını yerinə yetirmək üçün ona
tam azad şərait yaradılması xüsusi bir ciddiliklə tapşırıldı: «Mən bunu inadla tədəb
edirəm, bu, mənim ali isəyimdir, yerinə yetirin!» Bu cür qərar verməklə o anlayırdı
ki, riskə gedir, anası haqqında yaranmış əfsanəvi mifi – Bendisyon Alvarado mifini
təhlükə altına salır, eritreyalının səyi ilə uzaq keçmişin damğalı xatirələrini – bir
97
vaxtlar həyat eşqi ilə, lakin cır-cındır içində, ayaqyalın yaşayan, öz bədənin
hesabına dolanan, xoruz quyruğunu rəngləyib tutuquşuların dalına calaya-calaya
quakamaya* quşu əvəzinə satan, tükü tökülmüş xəstə toyuqları, hinduşkanın
yelpincvari quyruqlarıyla bəzəyib camaata, cənnət quşu adıyla sırıyan, bu yaraşıqlı
və avam qadını biabır olmaq təhlükəsində qoyur.
Məlum məsələydi ki, heç kim bu qadına inanmırdı; dumanlı istirahət günləri
bazarda tək-tənha dolaşan, bir quşa yüzcə peso verənə, qalan quşları az qala,
havayı bağışlamağa hazır olan bu tənha quş alverçisinin avam bicliyinə kim uyardı
axı?!.. Yaylaq yerlərində də bu sərsəm dilənçi qadını demək olar ki, hamı yaxşı
tanıyırdı, lakin onun şəxsiyyətini heç cür dəqiq müəyyənləşdirmək mümkün
olmurdu, çünki xaç suyuna salındığı monastrlarda onun doğum günü barədə heç
bir sənəd tapılmamış, kilsə şəhadətnaməsi belə ortaya çıxmamışdı; bunun əvəzinə,
oğlunun birdən-birə nə az, nə çox, üç şəhadətnaməsi tapılmışdı: doğum gününü
təsdiq edən üç fakt birdən; belə çıxırdı ki, onun oğlunun üç müxtəlif adı vardı,
əsası üç dəfə müxtəlif şəraitlərdə qoyulmuşdu, üç dəfə üç tarixdə vaxtından əvvəl
doğulmuşdu. Bütün bunlar, bizim ölkənin tarixçilərinin – bizim tarixi yaradanların,
onun yaranma tarixinin ört-basdır edilməsi üçün həqiqəti yalanla qarışdıranların
əməlləri idi; lakin bütün bunlara baxmayaraq, eritreyalı demək olar, məsələnin
kökünü axtarıb tapmışdı, bütün o yalan dumanlarını yarıb, axır ki, aydınlığa
çıxmışdı; «Bu sirri aşkar eləmək bir o qədər də çətin olmadı, mənim generalım;
boz Kordelyer dərələrində, düzlərində əks-səda verən atəş səsi eşidiləndə və
buzlaqların önündən, əbədi qarlar içində uyuyan yüksəkliklərdən, axar çayların
nəhəng sularının kükrədiyi yerlərdən, botanik ekspedisiyanın alim-həkimlərinin,
hinduların belində otura-otura, öz sirrli otlarını topladıqları ucuiti qayaların
önündən, vəhşi maqnoliya güllərinin bitdiyi, bol yemək və isti geyim verən
uzuntüklü cins qoyunların otladığı dağ mənzərələrindən, ucsuz-bucaqsız qəhvə
sahələrindən, kimsəsiz eyvanları kağız güllərlə bəzədilmiş əyalətlərdən, bürkülü
səhrayla dağ çaylarının gurultusu arasındakı sərhəddə yaşayan xəstələr
yığnağından, dənlərindən şokolad düzəldilən, qırmızı giləmeyvəsi və gülləri olan
qalın yarpaqlı kakao ağacıyla xaincəsinə kürəyindən vurulub öldürülən qocanın ölü
bədəninin iyini axşam küləkləri gətirən yerlərdən, günəşin tərpənmədiyi, yandırıcı
tozun, qarpız-yemişin, iki yüz millik ərazinin yeganə orkestrinin, yeganə məktəbin
yerləşdiyi Atlantiko departamentinin, arıq, qəmli inək sürüsünün yanından
uçurumun sonsuzluğuna yuvarlanan atın ətürpədən kişnərtisi eşidiləndə, yazıq
heyvan, sulu qvanabano kimi dığırlanıb düz uçurumun dibinə – qvineo kollarının
arasında yerə dəyib şappıldayaraq, qırqovulları hürkütdü, sonra dərindən bir ah
çəkdi. - «Onu vurdular, mənim generalım, pələng ovu tüfəngindən atdılar, Anima-
Sola* dərəsində!» «Mənim mühafizə təcrübəmə, qəti məzmunlu teleqramlarıma
məhəl qoymadan, köpək uşağı?.. Lənət şeytana, indi görərlər mən kiməm!» - deyə
o, hirsindən sarala-sarala hədələyirdi; əslinə qalsa, o, hansısa agentlərin, onun
sözündən çıxmasından çox, nə isə vacib, əhəmiyyətli bir şeyin ondan gizlədilməsi
ilə əlaqədar əsəbiləşmişdi; Onun şimşək saçan bu qəzəbini tez bir zamanda
sakitləşdirməyə ürək eləyənlər tapıldı. O, hadisə barədə məlumat verənlərin
nəfəsinə belə diqqətlə qulaq asır, yaxşı bilirdi ki, yalnız əsl həqiqəti bilənlər yalan
danışmağa cəsarət edərlər. O, kimin satqın olub-olmadığını dəqiqləşdirmək üçün
98
ilk növbədə zabitlərin qarınlarının altındakıları anlamağa çalışırdı. - «Sən o adam
deyilsən ki, heç nə olduğun halda, səni həmin o heç nədən yapıb düzəltmişəm? Sən
o adam deyilsən ki, gecələri qupquru döşəmədə ağnayırdın, indi mənim hesabıma
qızıl cıqqalı çarpayıda yatırsan? Sizi hansı ana doğub?» O, kiminsə, onun şəxsən
imzaladığı, üzüyünün möhürüylə qətranladığı teleqramını qulaqardına vurduğunu
yaxşı başa düşürdü; bu səbəbdən də təhlükəsizlik tədbirləri ilə şəxsən özü məşğul
olmaq qərarına gəldi və belə bir əmr verdi: «Əmr edirəm: qırx səkkiz saat ərzində
Demetrio Aldous tapılıb diri vəziyyətdə yanıma gətirilsin, ölüsü tapılsa belə,
mənim yanıma diri vəziyyətdə gətirilməlidir və işdi, əgər o, ümumiyyətlə,
tapılmasa, onun, mənim hüzürüma gətirilməsi mütləqdir». Əmr o qədər aydın və
qorxulu idi ki, elan olunmuş vaxt başa çatmamış, bir-birinin ardınca xəbərlər gəldi:
«Onu dərənin dibindən tapdılar, mənim generalım! Onun bütün yaraları, hansı
möcüzəyləsə, orda bitən qızılı çiçəklərin məlhəmindən sağalıb. O, bizlərdən diridi,
mənim generalım, sapsağlam və zədəsizdi və bütün bunlar, xatirəsini
murdarlamağa cəhd edən adama bir daha öz xeyirxahlığını və insanpərvərliyini
sübut edən ananızın, həmin bu güllərə şəfa qabiliyyəti verən sehrli qüvvəsinin
nəticəsidir». Bu adamı iplə qarğıya sarıyıb qrendyorlar dəstəsinin müşayiəti ilə
gizli hindu cığırlarıyla dağlardan üzü aşağı endiriblər; qabaqda atlı çapır, kilsə
zəngləri cingildəyə-cingildəyə dörd bir yana xəbər yayırdı ki, əla həzrətlərin istəyi
yerinə yetirildi, Demetrio Aldous tutulub diri gətirildi. Onu prezident sarayına
gətirib, səhiyyə nazirinin şəxsi nəzarəti altında, hörmətli qonaqlar üçün ayrılmış
yataq otağında yerləşdirdilər ki, orda öz missiyasını başa çatdıra bilsin, hər biri, üç
yüz əlli səhifə olacaq yeddi qorxulu cildi hazırlayıb qurtara bilsin: «Mən, Demetrio
Aldous, Allahın əmri ilə, Müqəddəs ritual konqreqatının auditoru, prokuror və
postulator, bu ilin aprel ayının on dördüncü günü, yer üzündə ədalətin bərpası
naminə, Allahın bərqərar olması naminə imza atıram və imzamı öz möhrümlə
təsdiq edərək, bildirirəm ki, burda yazılanların hamısı həqiqətdir, həqiqət və yalnız
həqiqət». – «Budur, baxın, əla həzrətləri!» Və həqiqətən, hər biri qətran möhürlə
möhürlənmiş həmin bu Bibliyaya bənzər yeddi nəhəng cildlərdə yazılanların
hamısı həqiqət idi; bu aydın və qəddar həqiqətləri, həsir kreslosunda oturub üzünü
şlyapası ilə yelləyə-yelləyə gözünü qırpmadan oxunanlara qulaq asan və hər
öldürücü həqiqətdən sonra güclə seçiləcək səsiylə «aha» deyən daşsifətli, donuq
qocaya, yalnız əsəbləri tam sakit adam oxuya bilərdi. «Aha» - deyə o, şlyapasıyla
naharın qalıqlarına yığışan aprel milçəklərini qovaraq, bəzən kösöv kimi yandırcı
həqiqəti həqiqət dalınca udmalı olurdu. «Bütün bunlar uydurmadı, əla həzrətləri,
gülməli bir məzhəkədir…» - o, qulaq asır və yenə sakitcə «aha» - deyirdi, çünki
əslinə baxsan, bütün bu yazılanlar həqiqətən elə məzhəkə idi və bu tamaşanın
müəllifi, özü də bilmədən, o, özü olmuşdu; anasının meyitinin ümumxalq
tamaşasına çıxarılmasından tutmuş, Bendisyon Alvaradonun diri-diri çürüməsi
barədə yayaılan söz-söhbətlərə birdəfəlik son qoyulmasınacan; yaxud tabutun buz
qırıqlarıyla doldurulub, oba-oba gəzdirilməsi tamaşa, sirk deyildimi?!.. – Yaxud,
anasının ölüiündən sonra, yaratdığı möcüzələrindən xəbər tutanda, meyiti təntənəli
izdihamın müşayiəti ilə ölkənin, dindən-imandan uzaq, ucqar yerlərinə
göndərilməsi… Ona bircə şey lazım idi: hamı başa düşsün ki, anasına, bütün bu
uzun-uzadı təhqiramiz illərdən sonra müqəddəslik verilib və bu müqəddəslik ona,
99
əzablı gənclik illərinin – əzab-əziyyətlə, min bir zəhmətlə quş quyruqları rənglədiyi
illərinin, o fani günlərinin əvəzinə verilib. – «Mənim ağlıma belə gəlməzdi ki,
həmin bu matəm izdihamından, camaatı aldatmaq üçün istifadə edəcəklər!» Sən
demə, elə birinci gündən izdihamı yalan müşayiət edirmiş… - hər şey ondan
başladı ki, suçiçəyi çıxaranların yaraları camaatın gözü qarşısında, birdən-birə
yoxa çıxıb təmizləndi; məlum məsələydi ki, pulun hesabına; sonra iki yüz pesoya
bir adam qəbirdən xortladı – ağzı torpaqla dolu, vahiməli cır-cındır içində
izdihamın qarşısında yerin içindən çıxdı; sonra bütün bu möcüzələrin, dövlət
dairələrinin fırıldağı olduğunu deyən qaraçı qadına səkkiz yüz peso verdilər ki, o,
camaatın gözü qarşısında, dediyi o qələtə görə cəza əlaməti kimi ikibaşlı uşaq
doğsun.
Bir nəfər belə olsun, pul almayan möcüzə şahidi tapılmadı; ən başlıcası isə o idi ki,
bütün bunların, mərhumənin oğluna yaltaqlıqdan savayı ayrı bir şey olmadığını
Demetrio Aldous, hələ istintaqın əvvəlində yəqin etmişdi. – «Xeyr, əla həzrətləri,
bütün bunlar, sizin əyanlarınızın murdar fırıldaqlarıdı!» Bu, onun hakimiyyəti
dövründə baş verən ən əxlaqsız, ən dinsiz-imansız, ən gözəçarpan fırıldaq idi. -
«Çünki, bütün bu möcüzələri düzüb-qoşanlar, pullu şahidlər yığanlar, sizin rejimin
ən sədaqətli ardıcılları idi, əla həzrətləri!» - «Aha!» - «İzdihamı aparanlar da onlar
idi, ananız Bendisyon Alvaradonun paltarının tikələrini camaata, müqəddəs
təbərrik kimi satanlar da onlar idi…» «Aha!» - «Ananızın üzü təsvir olunmuş
ikonaların, profili həkk olunan medalların istehsalını da onlar açmışdı» - «Aha!» -
«Onun saçlarını satıb dövlətlənənlər də onlar idi…» - «Aha!» - «…tabutunun
suyunu satanlar da…» - «Aha!» - «Kələ-kötür rənglərlə məhrumənin bədəninin
yeri həkk edilən döşəkağıları satanlar da… - bu döşəkağıları bir əldən, yüz-yüz
hindu bazarlarında altdan satırdılar…» - «Aha!» - «Tabut, kilsənin baş nefesində
qoyulduğu zaman mərhumənin cənazəsi önündən keçən sonsuz adam axını dəhşətli
surətdə aldadılmışdı; mərhumənin cəsədi ona görə dəyişilməz qalmamışdı ki, bu
bədən, camaata izah olunduğu kimi, müqəddəs idi, yaxud ona görə yox ki, oğlunun
şəninə, meyitin dərisi mum və kosmetikayla örtülmüşdü, ona görə yox ki, bu cəsəd
sadəcə, təbiət muzeylərinə düzülmüş heyvan müqəvvaları kimi, adi qaydada, içinə
saman təpilmiş müqəvva idi…» - «Aha!» - o dedi və tezliklə bütün bu deyilənləri
öz gözüylə görmək imkanı qazındı: «Mən, şüşə sərdabənin qapağını açanda, qara
matəm lentləri mənim nəfəsimdən ovulub töküldü, cansız kəlləyə taxılmış portağal
güllərindən çələngi çıxaranda isə gördüm ki, at tükü kimi möhkəm saçların, demək
olar, hamısı, təbərrük kimi satılması üçün kökündən qoparılıb və onda mən, səni
qucağıma götürdüm, ana; sənin qurumuş sümüklərini fatanın cırıq-sökük tikələri
ilə birgə götürdüm; sən günün altında qurudulmuş balqabaq kimi yüpyüngül idin;
səndən, qədim sandıq dibinin iyi gəlirdi; mən, sənin içində nəyinsə qızdırmalı
titrəməylə vurnuxduğunu eşidirdim və düşünürdüm ki, bu, sənin ruhunun
pıçıltılarıdı, lakin bu, öz iti bıçaqlarını içəridə oynada-oynada, səni yalaya-yalaya
səni içindən yonan güvə idi; odu ki, mən səni uzun müddət qucağımdan yerə
qoymadım, çünki sən elə mənim əllərimdəcə ovulub dağılırdın, hissə-hissə
sökülürdün; axı, sənin bütün içalatın ovulub çıxarılmışdı; daha, əli sinəsinin üstə
yatan xöşbəxt ananın bədənindən əlamət qalmamışdı; bədənindən qalan kövrək toz
dumanı əllərimin içindəcə, sümüklərin, arada bir fosforlu qığılcımları ata-ata külə
100
çevrildilər; qoyma şüşə gözlərinsə, qürub çağı kilsənin, al qırmızı işığa bürünən
mərmər döşəməsi boyu birə kimi atıla-atıla gəzdilər; sən, heç nəyə çevrilmişdin,
ana, ovulmuş ana tozuna dönmüşdün və əsgərlər, bu tozu bellərlə yığıb tabutun
içinə tökürdülər.»
Bütün bunlardan sonra da bu fasıq, donuq zalımın üzünün əzələsi belə, tərpənmədi,
onun, iquana gözünə bənzər hərəkətsiz gözlərində nə onda, bu hadisələr baş verən
zaman, nə də bu dünya üzündə onu həqiqət aynasıyla üzbəüz qoyan yeganə adamla
təkbətək qalanda heç bir ifadə yaranmadı. Onlar, adi karetlərdən heç nəyi ilə
fərqlənməyən sadə, gerbsiz karetə oturub, pərdələrin arasından, bir vaxt dəhşətli
ölümlər və nakam sevgilər barədə, zəhərli güllər, istək öldürən sirli bitkilər barədə
kitablar satılan, indi isə Bendisyon Alvaradonun bədəninin müxtəlif hissələri,
əyninin geyimindən tikə-parçalar – yalançı təbərrüklər düzülən giriş darvazalarının
kölgəsində istirahət edən dilənçilər sürüsünə baxırdılar. Monsenyor Demetrio
Aldous, gözünü alver meydanından çəkib, istintaqın müsbət nəticələri barədə
danışmağa başlayanda, o, öz həmsöhbətinin fikrini o dəqiqə tutdu. – «Mən əmin
oldum ki, bu kasıb adamlar sizi, öz həyatları qədər sevirlər». Həqiqətən də axı,
xəyanət deyilən nə vardısa, Demetrio Aldous prezident sarayında görmüşdü,
yüksək dövlət vəzifələrində işləyənlərin, özünü gözə soxanların tamahkarlığının,
ucsuz yarınmağının, xəbis yaltaqlığının şahidi olmuşdu, kasıb kütlələr arasında,
dilənçilər içində, heç nəyi olmayan, öz hökmdarlarından da heç nə ummayan
adamlarınsa, sadiq məhəbbətini görmüşdü; bu adamlar ümumiyyətlə, heç kimdən
heç nə istəmirdilər; onlar, başları üstə duran hökmdarı, torpaq kimi görünən və
ələgələn olduğundan, ona toxuna biləcəklərinə görə ilahi bir sevgiylə sevirdilər. -
«Allahın özünün paxıllığı tutası bir işdi, əla həzrətləri!» Lakin əla həzrətlərinin, bu
etirafı eşidəndən sonra da qaşının ucu belə tərpənmədi, halbuki ayrı vaxt olsaydı,
onun ürəyi gizli bir sevinclə şirin-şirin gizildəyərdi, içini çəkib həyəcanını içində
boğa-boğa özü-özünə fikirləşərdi: «Sizsə istəyirdiniz ki, məni heç kim sevməsin,
müqəddəs ata, ələlxüsus da indi, bu məmləkətdən gedib öz uydurma dünyanızın
qızıl qüllələri altında mənim bu biabırçı vəziyyətimdən və ələmimdən həzz
alacağınız bir vaxt, mənsə burda - üstümə yıxdığınız həqiqət yükü altında, bu dərdi
mənimlə bölə biləcək qayğıkeş anasız, öz istəyimlə seçmədiyim anadan olmağımla
qazandığım həmin bu məmləkətdə – əsrlərdən bəri olduğu kimi qalan vecsiz
mənzərəli, nəcis iyli, razılığım olmadan, adıma yazılanlara dünyasında
inanılmayan bu tarixsiz məmləkətdə, pərdəli karetin içində belə qırx dərəcə istisi,
doxsan səkkiz faiz nəmişliyi olan, tozundan nəfəs tutulan, arada bir qəhvədan kimi
yüngül fit verən şişimin ağrısından qovrulduğun bir yerdə, qəbullarda bircə partiya
domino oynamağa adam tapılmayan və bütün bu həqiqətlərə inana bilən bircə
adamın olmadığı bir ölkədə tək tənha qalım, müqəddəs ata?.. Özünüzü mənim
yerimə qoyun, müqəddəs ata!» O, güclə seziləcək tərzdə içini çəkib, iquana
kipriklərini yüngülcə qırparaq, monsenyor Demetrio Aldousdan xahiş etdi ki, bu
söhbət aralarında qalsın - «Siz mənə heç nə deməmisiniz, ata. Mən həqiqəti
bilmirəm, oldu?» Monseyor Demetrio Aldous da söz verdi: «Əlbəttə, əla həzrətləri,
siz, həqiqəti bilmirsiz. Bu söhbət, öz aramızda qalacaq, sizə kişi sözü verirəm.»
Bendisyon Alvaradonun müqəddəslik titulu alması haqqında iş, onun
müqəddəsliyini sübut edə biləcək faktların azlığı səbəbindən, yarımçıq
101
dayandırıldı, Romanın qərarıyla, hökumətin rəsmi razılığı əsasında, onun
amvonluqdan* çıxarıldığı elan edildi, bu qərarla həmçinin, ictimai asayişin
qorunmasına, hər hansı üsyan xarakterli çıxışlara nəzarət gücləndirilsə də,
üçyançılar dəstəsi, de Armas meydanında kafedral kilsənin darvazalarının
şalbanlarından ocaqlar qalayanda, Apostolik nunsiatura sarayının, mələklər və
cəngavərlər təsvir olunmuş rəngli şüşələrini daşla sındırıb tökəndə, yerli mühafizə
qüvvələri heç bir müqavimət göstərmədi. - «Onlar hər yeri dağıdıb sökürlər,
mənim generalım!» O, öz yelləncəyində sakit-sakit yırğalanır, qaşının ucu belə
tərpənmirdi. «Onlar, monastrları mühasirəyə alıblar, rahibləri acından öldürmək
istəyirlər. Onlar, kilsələri, missionerlərin evlərini yarır, dinə aid nə varsa, məhv
edirlər, mənim generalım!» Yüksək rütbəli zabitlərin hamısı bir adam kimi, əmrin
yerinə yetirilməsində aciz olduğunu, bu kütləvi həyəcanın, qan qırığının qarşısını
ala bilmədiyini boyunlarına almayınca, o, heç bir tədbir görmədən, laqeyd üzüylə
öz yelləncəyində yellənə-yellənə, diri güllərdən hörülmüş talvarın kölgəsində
oturub qaldı. Yalnız bu kütləvi etirafdan sonra o, yelləncəkdən qalxıb, uzun ayların
düşüncələrinə qərq olduğundan, daxil ola bilmədiyi kabinetinə sarı addımladı,
orda, xalqın yekdil rəyini ifadə eləmək məsuliyyətini öz üzərinə götürdüyü barədə
qərar qəbul etdi və bu qərarı, silahlı qüvvələri xəbərdar etmədən, nazirlərlə
məsləhətləşmədən, öz fəhmiylə yaratdığı dekretdə əks etdirdi. Dekretin birinci
maddəsi – azad və suveren xalqın ali istəyi ilə Bendisyon Alvaradonun vətəndaş
müqəddəsliyni elan edir, Bendisyon Alvaradoya Millətin Himayədarı,
Əzabkeşlərin Şəfaverəni, Quşların Mürəbbiyəsi titullarını verirdi, Bendisyon
Alvaradonun andan olan günü isə, həmin maddədə mili bayram elan edilirdi. İkinci
maddə – bu dekretin rəsmləşdiyi gündən, Vatikan dövlətinə və onun əhalisinə,
bütün qayda-qanunuyla, hüquq normalarına və beynəlxalq konvensiyalara
uyğunlaşdırılmış əsaslarla müharibə elan edirdi. Üçüncü maddədə – cənab
yepiskopun təcili surətdə ölkədən çıxarılması, o biri yepiskopların, apostolik
prefektlərin, gəlmə kahinlərin və rahibələrin, ümumiyyətlə, din xadimlərinin,
yaxud kilsə işləriylə hər hansı bir əlaqəsi olan yerli, yaxud, gəlmə adamların
qovulması qərara alınırdı. Bu adamların hamısına ölkənin ərazisində, yaxud hər
hansı bir bəhanəylə ərazi sularının əlli dəniz milinədək yaxında olmaq qəti qadağan
edilirdi. Və nəhayət, dördüncü maddə – bütün kilsə əmlakının müsadirə edilməsini
elan edirdi. Məbədlər və monastrlar – məktəbləri, şumluq sahələri, əmək alətləri və
mal-qarasıyla bir yerdə, kilsələrə məxsus şəkər zavodları, fabriklər, emalatxanalar,
bir sözlə, hər şey – din xadimlərinin ayağında olan, əslində isə kilsə mülkiyyəti
sayılan hər bir şey müsadirə edildi. Bütün bunlar, dekret ictimaiyyətə çatdırılandan,
ucadan oxunandan və ali hökmdarın möhürüylə təsdiq ediləndən sonra, Bendisyon
Alvaradonun və onun quşlarının ölümündən sonrakı əmlakı elan edildi. «Tabe olun
və əməl edin!» O, dekretdə yer almış bütün bu maddələrin yerinə yetirilməsinə,
atəşfəşanlığın rəngli fişənglərinə, kilsə zənglərinin, Bendisyon Alvaradonun
övliyalar sırasına keçməsi şərəfinə çaldığı qələbə marşlarına məhəl qoymadan,
şəxsən özü nəzarət edirdi ki, anasının müqəddəs ruhu bir daha növbəti yalanın
qurbanına çevrilməsin. O, hakimiyyət cilovlarını yenidən öz əlinə aldı, öz atlas
əlcəkli incə əlləriylə kobud cilovlardan möhkəm yapışdı; bir vaxtlar elədiyi kimi,
kasıb komalara girib toyuqların qırt oturuşuna, yaxud kəlçənin axtalanmağına
102
baxarkən, camaat onu pilləkənlərdə saxlayıb, nə vaxtsa şəhərin küçələrində
keçirilən atçapma mərasimlərini, çuvaliçi qaçış yarışlarını bərpa etməyini xahiş
edir, o da onların xahişini yerinə yetirirdi. O, yenə əvvəlki kimi, hər işə özü qarışır,
kilsə əmlakının inventarlaşma aktıyla şəxsən tanış olmaqdan boyun qaçırmır,
müsadirənin gedişinə özü rəhbərlik edir, göz qoyurdu ki, onun göstərişləriylə
həyata keçirilənlər arasında – dövlət sənədlərinin həqiqəti ilə real həyatın dəyişkən
həqiqətləri arasında, xırdaca belə boşluq olmasın. O, kralın saysız-hesabsız
sərvətlərini gizlicə, ikidibli çamadanlarda, xüsusi məharətlə tikilmiş korsajların
altında ölkədən çıxarmaq istəyən möhtəşəm kilsə icmalarının sürgünlərinə də
şəxsən özü nəzarət edirdi. Kasıblar qəbiristanlığında basdırılan həmin bu sərvətlər,
uzun illərin axtarışlarına baxmayaraq, Federasiya uğrunda döyüşənlər tərəfindən də
tapılmamışdı. Odu ki, belə bir əmr verildi: bircə kilsə xadimi, bir dəst alt paltarı
dəyişəyindən savayı özüylə yük apara bilməz; bundan savayı, onlara, gəmiyə
yalnız çılpaq, lüt anadangəlmə vəziyyətdə minməyə icazə verilirdi. Hamı əmrə
tabe oldu: heç nə qanmayan, yaxalarından əl çəksinlər deyə, ömürlərinin
axırınacan lümlüt gəzməyə hazır olan kobud kənd kahinləri, din dairələrinin,
titrəmədən heydən düşmüş prefektləri, mötəbər, keçəl yepiskoplar, onların ardınca
qadınlar – minilməmiş madyan təbiətli, utancaq rahibələr, səhralıqda tərəvəz
əkməyə öyrəşən sadə missioner qadınlar, incə biləkli bakirə-selesiankalar*… -
hamı da lüt anadangəlmə, dünyaya gəldikləri dərilərində; onlara baxdıqca, bu
adamların sinfi mənşəyi, sosial vəziyyəti və məşğuliyyəti haqqında fikirləşməyə
məcbur olurdun; onlar, möhtəşəm axınla gömrüyün nəhəng binaları arasından,
Dostları ilə paylaş: |