Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə24/27
tarix07.01.2017
ölçüsü1,46 Mb.
#4774
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   27
Pəncərə şüşələrini çilik-çilik edə-edə, ordunun canına vəlvələ salsa da, onu, hələ ki, 
sağ olduğuna inandıran gecə partlayışları da yox idi… sarayın, gecələr onu 
yatmağa qoymayan bu ölü sakitliyindən, o partlayışlar yaxşıydı; indi o, guya 
hakim-mütləq idi, amma divardakı kölgəsindən də gücsüzüydü; verdiyi, yaxud 
verməyə hazırlaşdığı bütün əmrlər, o, hələ ağzını açmağa macal tapmamış yerinə 
yetirilirdi; ağlına yenicə gələn gizli arzuları, artıq kiminsə tərəfindən icra olunurdu; 
siesta saatlarında adəti üzrə tor yelləncəyində uzana-uzana, oxuduğu rəsmi qəzetlər 
də bu barədə yazırdı. Yekə-yekə hərflər, onun hər addımı, havanı necə udması, 
bütün niyyətləri barədə bar-bar bağırırdı; şəkillərdə, onun tikdirmək niyyətində 
olduğu, lakin bu barədə əmr verməyi unutduğu körpü, uşaqlara, yalnız küçə 
süpürmək qaydaları öyrədilən məktəb və nəhayət, onun özünə də məlum olmayan 
nəyinsə təntənəli açılışında, sağmal inəyin və çörək ağacının yanında, ordenli, 
bərbəzəkli formasında lent kəsdiyi məqam həkk olunmuşdu; o, heç cür rahat 
olmur, iri, ağır ayaqlarını, kimsəsiz, boş otaqlar boyu qoca fil kimi sürüyə-sürüyə 
yeriyir, elə hey nəyi isə axtarır, nəyisə itirmək qorxusu canından əl çəkmirdi; 
otaqları gəzdikcə isə belə məlum olurdu ki, yenə kimsə quş qəfəslərinin üstünə 
tünd örtük çəkib; fermadakı inəkləri sayıb, bütün pəncərələrdən görünən dənizə 
baxdı: hər şey yerində və salamat idi deyə, çırağı əlinə alıb yataq otağına getdi, bir 
dəfə isə, dəhlizdə gəzişərkən, qəfildən prezident qvardiyasının qarovul otağında 
qulağına öz səsi gəldi; oğrun-oğrun ora boylananda, tüstüdən dumana bürünmüş 
otaqda, televizor ekranının tutqun işığı altında mürgüləyən bir qrup zabiti gördü; 
ekrandakı o özüydü, indikindən bir az arıq, səliqəli geyimdə: «Hər halda, bu mən 
idim, ana!» 
Dövlət gerbinin qarşısında, üstündə üç cüt qızıl çərçivəli gözlük olan masa 
arxasında falçı arvadın dediyi – ölməli olduğu kabinetində oturmuşdu; əslində, heç 
vaxt dilinə gətirə bilmədiyi çətin elmi terminlərlə danışaraq, dövlət işlərinin 
analiziylə bağlı çıxış edirdi; bu mənzərə onu, bir vaxt gül-çiçək içində itib-batan 
meyitinin tamaşasına baxdığı andan daha çox həyəcanlandırdı: «Bu diri adam 
özüm idim, ana, utandığımdan, camaatın üzünə çıxa bilməyən, xalqın qarşısında 
çıxış etməkdən xoflanan adam, indi öz səsiylə danışırdı!.. Bu doğurçu, adi insan 
mən idim, ana! Bu möcüzənin nə demək olduğunu ha götür-qoy elədimsə də, bir 
şey anlamadım, yerimdəcə donub qaldım!» Həmin bu televizya verilişi, generalda 
böyük qəzəb partlayışı, rejimin sonsuz illəri ərzində yeganə narazılıq partlayışı 
oyatdı; Xose İqnasio Saens de la Barra, onun hüzurunda özünü soyuqqanlı 
aparırdı: «Şişirtməyə dəyməz, general - Xose İqnasio şirin səsiylə deyirdi - bu 
qanunsız yollara, qanun çərçivəsində tərəqqi adlı gəmimizi qəzadan qurtarmaq 
naminə əl atmalı olduq. Bu, ilahidən gələn buyruq idi, general, onun köməyilə də 
xalqın, canlı insanın hakimiyyətinə, sizin varlığınıza olan şübhələrini azalda bildik, 
general! Camaat bilməlidi ki, hər ayın son çərşənbəsi, siz hökumətin fəaliyyəti 
barədə məruzə edirsiz. Onlar bunu, dövlətin radio-televiziyasıyla eşidib-
 
147

görməlidirlər. Axı, bu sayaq məruzələr ümumi qəm-qüssəni aradan qaldırır?!.. 
«Məsuliyyəti öz üzərimə götürürəm, general! Mikrafonlu günəbaxana oxşayan bu 
vazı bura mən qoymuşam. Bütün dedikləriniz, cümə günləri sizdən soruşduğum 
sualların cavabları bu mikrafonla yazılırdı. Verdiyiniz sadəlöhv cavabların, hər ay 
millətə olan müraciətlərinizin bir hissəsini təşkil etdiyi heç ağlınıza belə gəlmirdi! 
Amma onu da deyim ki, sizin əvəzinizə, özgəsinin şəkli istifadə olunan kadrlarda, 
demədiyiniz sözlərdən istifadə olunmayıb. Buna özünüz də əmin ola bilərsiz: bu da 
kino-lentləri və qrammofon yazısı olan vallar!» Xose İqnasio Saens de la Barra, 
kino lentlərini və valları, bir də gördüyü işlərin siyahısı yazılmış vərəqi stolun 
üstünə qoydu: «General, bu vərəqi elə yanınızda imzalayıram ki, taleyimi 
istədiyiniz kimi həll edəsiz!» O, gözlərini heyrətlə Xose İqnasio Saens de la 
Barraya zillədi və birdən-birə anladı ki, Xose İqnasio onun yanına, ilk dəfədi ki, 
köpəksiz, silahsız, ölü kimi solğun sifətdə gəlib… ah çəkib: «Yaxşı, Naço, 
vəzifənizi icra edin.» - dedi və həmişəkindən bir az da qoca, hədsiz yorğun 
vəziyyətdə, yumşaq kreslosuna yayxanıb, şəkillərdəki qəhərəmanın satqın 
gözlərinə baxmağa başladı; qoca qəmli və tutqun idi, sifətində, müəmmalı 
niyyətlərinin əbədi ifadəsi donub qalmışdı; həmin bu daşlaşmış ifadəni, Xose 
İqnasio Saens de la Barra iki həftə sonra - öz dobermanını zorla sürüyə-sürüyə, 
onun kabinetinə, təqdimatsız-filansız girəndə gördü: «Mühüm xəbər var, əla 
həzrətləri! Silahlı üsyan hazırlanır! Bunun qabağını ancaq siz ala bilərsiz!» 
General axır ki, uzun illərdən bəri bu divar kimi yarılmaz adamın, cadügar qəlbi 
kimi, sirli qəlbində aradığı kiçik çatı gördü: «Anam mənim, Bendisyon Alvarado… 
bu bədbəxt-qurumsaq qorxusundan ölür ki!» - deyə ürəyində fikirləşdisə də, 
içindəkini biruzə vermədən, Saens de la Barranı nəvazişlə qarşıladı və: «Narahat 
olmayın, Naço, vaxtımız çoxdu hələ, bizə, bu qarmaqarışıq xəbərlərin içindən, əsl 
həqiqəti tapmağa mane olan yoxdu!» - dedi. Bunu eşidən Saens de la Barra, cib 
saatına baxıb: «Yeddiyə az qalıb, general! Bu dəqiqə qoşun komandirləri öz 
evlərində, arvad-uşaqlarıyla şam yeməyini başa vururlar, şam yeməyini evdə 
yeyirlər ki, evdəkilər də heç nədən şübhələnməsin; onlar evlərinin arxa qapısından, 
adi geyimdə, mühafizəçisiz-filansız çıxıb, onları qapılarının ağzında gözləyən 
xidməti avtomobilə minəcəklər; bu maşınları onlar, onları izləyəcək adamlarımızı 
çaşdırmaq üçün, teleyfonla çağırtdırıblar. Onların sürücüləri bizim adamlardı, 
general, amma bu, onların ağıllarına da gəlmir!» «Aha! – general gülümsədi. – 
Belə həyəcanlanmaq lazım deyil, Naço! Bir məni yaxşı-yaxşı başa salın görüm, 
kəsdiyiniz başların reyestrinə əsasən, belə çıxır ki, düşmənlərimizin sayı, 
əsgərlərdən çoxdu, əgər belədisə, onda necə olub ki, siz indiyə qədər sağ-salamat 
qalmısız?» Saens de la Barra isə cib saatının zəif çıqqıltılarına qulaq asırdı, çünki 
həyatı bu dəqiqə bu çıqqıltılarından asılıydı: «Üç saatdan az qalıb, general! Piyada 
qoşunlarının komandiri, indi Kondedəki kazarmalara, hərbi dəniz qüvvələri 
komandiri, liman qalasına, hava donanması komandiri isə San-Xeronimo bazasına 
yola düşür. Onları hələ ki, ələ keçirmək olar. Komandirlərin ardınca, tərəvəz 
furqonu cildində, milli təhlükəsizlik furqonları düşüb». Generalın əhvalı bu sözdən 
sonra da dəyişmədi; general hiss edirdi ki, Xose İqnasio Saens de la Barranın get-
gedə artan bu həyəcanı onu, bu adamın, ağır yükə çevrilmiş xidmətindən - onun 
hakimiyyətpərəstlik yükündən də ağır olan xidmətindən azad edir. «Sakit olun, 
 
148

Naço, - o dedi - sakit olun və məni başa salın ki, niyə siz, özünüzə gəmi boyda 
nəhəng bir mülk almırsız? Əgər sizi pul maraqlandırmırsa, onda niyə gecə-gündüz 
uzunqulaq kimi işləyirsiz? Niyə əsgər kimi, kazarmada yaşayırsız, axı, ən əxlaqlı 
qadınlar belə, sizinlə bir yataqda yatmaqdan ötrü sinov gedir. Nədi bu, Naço, siz 
monarxlardan da müqəddəssiz?» Xose İqnasio Saens de la Barra isə boğulurdu, 
bədənini buz kimi soyuq tər basırdı, otağın, kremasiya sobası kimi cəhənnəm 
alovlu, onun soyuqqanlılıq maskasını əridib tərlədirdi. «Saat on birdi, - o dedi – 
fürsət əldən çıxdı! Bu dəqiqə onlar, bütün ölkə boyu qiyam qaldırmaq üçün şərti 
siqnalları teleqrafla bütün qarnizonlara ötürürlər!» Həmin vaxt həqiqətən, qiyamçı 
generallar, hakimiyyətə gələcək xunta üçün şəkil çəkdirməyə hazırlaşır, ordenlərini 
parad mundirlərinə taxır, generalların yavərləri, bu rəqibsiz döyüşdə onların 
adından son əmrləri verirdilər; döyüş əməliyyatları onunla nəticələndi ki, ordu, 
rabitə mərkəzi və mühüm hökumət binaları üzərində öz nəzarətini bərqərar etdi. 
Prezidentin otağında isə, əla həzrətləri gözünü qırpmağa macal tapmamış, məxmər 
dərili Lord Köxel, təhlükə duyub, əzələləri titrəyə-titrəyə, ağzının suyu süzülə-
süzülə döşəmədən qalxdı. «Qorxmayın, Naço, - general dedi, - yaxşısı budu, başa 
salın görək, niyə ölümdən bu qədər qorxursuz?» Xose İqnasio Saens de la Barra, 
tərdən islanmış sellüloid boyunluğunu çəkib qopartdısa da, daşa dönmüş bariton 
müğənnisi sifətini dəyişə bilmədi. «Bu, təbiidi, ölümqabağı xof - xoşbəxt həyatdan 
miras qalan közərmiş kömürdü. Bu hiss, sizin üçün əlçatmazdı, odu ki, onu duya 
bilməzsiz, general!» - o dedi və adəti üzrə, kilsə zənginin zərbələrini sayıb ayağa 
qalxdı: «On iki! Hər şey bitdi! Bu dünyada sizə sadiq olan daha heç kəs qalmadı! 
Mən sonuncuydum, general!» Lakin general, de Armas meydanı boyu irəliləyən 
ağır tankların səsindən titrəyən yerin gurultusunu eşidənəcən, kreslosundan 
tərpənmədi, tankların uğultusu eşidiləndə isə: «Səhviniz var, Naço, mənim xalqım 
var.» - deyib gülümsündü. 
Bu, həqiqətən də beləydi! Onun hələ xalqı vardı… yenilməz qocanın gizli planıyla, 
sübh çağından xeyli əvvəl küçələrə çıxan yoxsul, sədaqətli xalqı; o, dövlət radio və 
televiziyasıyla bütün xalqa - siyasi əqidəsindən asılı olmayaraq, bütün 
vətənpərvərlərə həyəcanla müraciət edib bilirdi ki, şəxsi əmriylə, xalqın suveren 
iradəsini ifadə edən bütün qoşun dəstələri, rejimin qüdrətli ideallarından 
ruhlanaraq, həmişəki kimi, kütlələrin haqlı qəzəbinə gəlmiş bu qanahəris adamın 
terror maşınını, bu tarixi gecə birdəfəlik darmadağın etmişlər!»; bu adamı xalq özü 
mühakimə edib cəzalandırdı. «Siz, əlləri qana batmış bu cəlladın, əcnəbi 
səfirliklərin heç birində gizlənə bilməməsi, siyasi sığınacaq istəməməsi üçün, 
uzaqgörənlik edib bizə, səfirliklər olan rayonu mühasirəyə almaq əmrini verəndə, 
mənim generalım, Xose İqnasio Saens de la Barra, sizin bir vaxt dediyniz kimi, de 
Armas meydandakı fənərdən - cinsi orqanı ağzında, ayaqlarından başıaşağı asıldı. 
Asılmamışdan qabaq camaat onu daşa basdı, amma bundan əvvəl biz, dörd mülki 
adamın içalatını yeyib-tökən, dörd əsgəri ölümcül dişləyən yırtıcı köpəyi 
güllələyib, aşsüzənə döndərməli olduq; bütün bunlar, bu yaramaz cəlladın 
iqamətgahına hücum zamanı baş verdi. Camaat onun pəncərələrindən, iki yüzdən 
çox, etiketli zərxaralı, təptəzə jilet, geyilməmiş üç min italyan ayaqqabısı… üç 
min, mənim generalım, dövlətin pulunu gör bir, bu nəyə xərcləyirmiş!.. Allah bilir, 
nə qədər qardeniya qutusu, axı onun ilgəklərində həmişə təzə qardeniya olurdu… 
 
149

və Bruknerin bütün vallarını bayıra tulladı. Sonra adamlar, zirzəmiləri açıb 
dustaqları çölə buraxdılar, «Generala eşq olsun, yaşasın əsl kişi! Yaşasın həqiqəti 
üzə çıxaran!» - deyə hamı qışqıra-qışqıra, keçmiş holland dəlixanasının işgəncə 
kameralarını yandırdılar… axı, hamı elə bilirdi ki, siz heç nə bilmirdiz, mənim 
generalım, ürəyiyumşaqlığınızdan, təhlükəsizlik xidmətinin xəbis cəlladları istifadə 
ediblər. Üsyan vaxtı onları, siçovulları tutan kimi tutduq, mənim generalım, sizin 
köməyinizlə tutduq, çünki, təhlükəsizlik xidmətinin uzun sürən hökmranlığı 
zamanı, camaatın üst-üstə yığılan nifrətini üzə çıxarmaq üçün, onların hər hansı 
müdafiə və mühafizədən məhrum olunması əmrini də siz verdiniz, mənim 
generalım.» 
O, xalqın bütün hərəkətlərini bəyəndi – «Razıyam!» - Ona minnətdarlıq edən 
camaatın istiqlal nəğmələrindən, şadyanalıqla çalınan zəng səslərindən və sevincək 
hay-küylərdən kövrəldi; de Armas meydanına toplaşan adamların əllərində iri 
transparantlar vardı; «İlahi, bizi terror zülmətindən qurtaran dahilər dahisini hifz 
et!» Zəng sədaları və camaatın uğultusu ona, çoxdankı, xoş xatirələri xatırlatdı. Bu, 
həmin o gözəl illərin efemer əks-sədası idi; o, bu səslərə, uğultuya qulaq asa-asa, 
hakimiyyət daxilində yaranan katorqa zəncirlərini qırmaqda ona kömək etmiş zabit 
kadrlarını öz patiosuna yığdı, barmağının bircə işarəsiylə, gücdən düşmüş rejiminin 
son ali komandanlığını bu zabitlərdən təşkil etdi. Onlar, Letisiya Nasarenonun və 
uşağının qatillərini – siyasi sığınacaq almağa çalışarkən, əcnəbi səfirliklərin 
qapılarındaca, alt paltarında tutulan generalları əvəz etdilər. İndi o, onların heç 
birini xatırlamırdı, adlarını da unutmuşdu; ən əsası isə o idi ki, ölənəcən ürəyində 
saxlamaq istədiyi qəzəbin közünü axtararkən, alçaq xudbinliyinin külündən savayı 
heç nə tapa bilmədi. Bu külü üfürüb alovlandırmağa dəyməzdi: «Qoy rədd 
olsunlar!» - deyə əmr verdi. Qatil generalları gəmiyə mindirdilər və gəmi elə bir 
yerə yön aldı ki, orda onlar heç kimə lazım deyildilər, orda bu bədbəxt 
qurumsaqlar heç kəsin yadına belə düşməyəcəkdilər. O, yeni hökumətin ilk iclasını 
– yeni əsrin yeni nəslinin bütün bu say-seçmə nümunələrinin, əvvəlki tozlu 
sürtuklu, süst mülki nazirlərindən ibarət olduğunu həmin dəqiqə hiss edərək, bu 
yenilərin, əvvəlkilərindən daha şöhrəstpərəst, daha qorxaq və yaltaq, daha faydasız 
və yararsız oldğunu anlayaraq, ciddi məsuliyyət hissi ilə aparırdı. Matəm içində 
olan ölkənin xarici borcları, satılası hər bir şeyin dəyərinin qiymətini ötüb 
keçmişdi. «Sonunucu qatar, arandan keçən dəmir yolundan uçuruma, səhləb 
çiçəklərinin arasına yuvarlanıb, mənim generalım, indi onun yumşaq 
oturacaqlarında bəbirlər mürgüləyir. Nuh əyyamından qalma təkərli gəminin 
sınıqları, çəltik zəmilərinə dağılıb. Məktublar, gəminin apardığı poçt kisələrində 
çürüyüb. Bir cüt Steller inəyi* prezident kayutunun güzgüləri arasında 
məzələnməkdədi. Sizinsə bundan xəbəriniz yoxdu, mənim generalım! Əlbəttə, 
qanun çərçivəsində Tərəqqiyə inanmaq, sizinçün cəmi bir nüsxə tirajla çap olunan 
bu qəzetdə, sizi cazibə və həzz dünyasına – bu adi, zəhlətökən siestadan fərqli 
aləmə aparan sərfəli xəbərlər, xoşunuza gələn foto şəkillər, reklam və elanlar da 
dərc olunub!» 
«Mən, heç nəyə inanmayan bu gözlərimlə, nazirlik binalarının möhtəşəm parıltısı 
arxasında, həmin limanın - təpələr boyu sıralanan alabəzək, zənci komalarının 
gizləndiyini, dənizin sahilə çıxaraq, bulvar boyu əkilmiş palma və eyvanları bir-
 
150

birinə oxşayan, klassik üslublu, yalançı mülkləri, saysız-hesabsız qasırğalarla 
dağıdıb tökdüyü xaraba məhəllələri görməsəydim, prezident vaqonunun 
pəncərəsindən gördüyüm dünyanı mənə, anam Bendisyon Alvaradonun bir-birinə 
oxşayan boz quşcuğazlarını rənglədiyi akvarel boyaları kimi bu cür alabəzək 
göstərməkçün, dəmir yolunun hər iki tərəfi boyu uzanan gül-çiçəklərin doğruçu 
olduğuna inana bilməzdim!» Yeni əyanları, bir vaxt general Rodriqo de Aqiların 
elədiyi kimi ona yarınmaq məqsədilə, yaxud Letisiya Nasareno kimi, sevgidən çox, 
rəhmdillikdən, yaxud onu artıq narahatçılıqdan qurtarmaq, əslində isə sonradan 
onu öz hakimiyyətinin quluna çevirmək məqsədilə aldatmırdılar; hər şey, illüziya 
və yalan idi, hətta məktəbli qızların xoru, onların yaşıl ağaca qonan çopur 
quşcuğaz haqqında oxuduqları mahnı da saxtaydı; bir sözlə, doğruçu olan bir şey 
yox idi. Bu, həyat deyil, Allah bilir nədi! O, dövlətin çiçəklənməsi naminə, 
ölkənin, kinə və başqa dərmanlar istehsal edən müəssisələrinin bərpası haqda 
dekret imzaladı və bütün yalanları unutmağa, reallıqla barışmağa çalışdı, reallıq isə 
onun gözləmədiyi süprizlərlə dolu idi; dünyanın bu qədər dəyişdiyi, həyatda ona 
tabe olmayan nəyinsə olduğu ağlına belə gəlməzdi. «Sənayemizi necə dirçəldək, 
mənim generalım, axı, yalnız sizin, səmərəsiz yerə dağıdılan saysız-hesabsız, şəxsi 
sərvətlərinizdən savayı nə kinə ağacımız, nə kakaomuz, nə indiqomuz, nə də ayrı 
bir şeyimiz qalmayıb! O bu məqamda da özünü itirmədi, qoca səfir Rauksberiyə 
kəskin mətnli bir məktub göndərdi ki, bəlkə səfir, domino oyunu ərəfəsində, xilas 
üçün, heç olmasa, bir şey tapa; səfir də ona, elə onun üslubunda cavab verdi: «Heç 
nə eləyə bilməyəcəksiz, zat aliləri! Dənizi çıxmaqla, bu ölkə qara qəpiyə də 
dəyməz. Dəniziniz o qədər şəffaf və iştah açandı ki, bütün dünyanı doyura biləcək 
xərçəng şorbası bişirmək üçün bircə, altını odlamamaq qalır. Bax belə, zat aliləri, 
odu ki, fikirləşin, borclarınızın əvəzinə, dənizi qəbul etməyə hazırıq, yoxsa 
borclarınızı, sizin kimi, zat aliləri, işgüzar qəhərəmanların heç yüz nəsli də ödəyə 
bilməyəcək!» 
O, Rauksberinin təklifini ciddi qəbul etmədi, onu pilləkənəcən ötürə-ötürə, öz-
özünə: «Anam, Bendisyon Alvarado, bax bir gör, bu qrinqolar necə vəhşidilər! – 
deyə fikirləşdi. – Bunların beynində bircə şey var, necə olursa-olsun, dənizi həzm-
rabedən keçirtmək.» O, qonaqla adəti üzrə, onun çiynini şappıldada-şappıldada 
ayrıldı, yenə tək-tənha xəyallar dumanına qərq oldu, xəyalən yaylaqların 
dumanlıqlarına üz qoydu, azmış adamlar kimi, dörd bir yanı bomboş sarayda 
dolaşdı; camaat isə artıq de Armas meydanını boşaltmışdı, standart plakatları 
özləriylə aparmış, hökumətin verdiyi trafaret şüarları gizləmişdi ki, bir də belə bir 
hadisəyə bənzər nə isə baş verəndə, istifadə etsinlər. Camaat, əsgərlər çəpiklərə ara 
veriləndə, payladıqları pulsuz yemək-içmək bitən kimi çıxıb getdi; indi, təkcə de 
Armas meydanı yox, onun, hər bir kəsin, istədiyi vaxt içəri girə bilməsi üçün 
qapıları açıq qoymağı əmr etməsinə baxmayaraq, sarayın özü də bom-boş idi; bir 
vaxtlarsa, bura hamının eviydi, daha indiki kimi dəfn kontoruna oxşamırdı. Bir də 
ki, lap elə də tək deyildi; cüzamlı xəstələri, ifliclər, korlar – bir sözlə, uzun illərini 
iqamətgahın divarları dibində yola salanlar – Yerusəlim darvazalarının önündə, 
günün altında qaralan Demetrio Aldousun, bu çarəsiz xəstələrin bura qayıtdığını 
sanki gözləriylə gördüyü kimi geri qayıtmışdılar; onlar bilirdilər ki, taleyin bütun 
zərbələrini dadan, ən sərt ehtiraslara əyilməyən, unutqanlığın ən məkrli 
 
151

tələlərindən, ölməz olduğuna görə yaxasını qurtaran bu adamın əlindən şəfa duzu 
istəyəcəklər. Hə, Demetrio Aldousun təsəvvürünə gətirdikləri düz çıxdı; səhər 
sağımından sonra fermadan qayıdarkən, general, bütün bu məsləkdaşlarını yenidən 
gördü; onlar kərpiclərdən ocağabənzər nə isə düzəldərək, konserv qablarında 
özlərinə zir-zibildən nahar hazırlayırdılar; bütün patio onlarla doluydu; yara-
xoralılar, yaralarının şirəsindən üzülüb cırılan həsirlərini ətirli qızılgül kollarının 
altına sərib, əlləri qoyunlarında uzanmışdılar; onlara yemək hazırlamaqdan ötrü 
əməlli-başlı ocaq çatmağı tapşırdı, təzə həsirlər aldı; xəstələrin iqamətgaha daxil 
oması üçün pationun içəri hissəsində palma yarpaqlarından talvar hazırlamağı 
tapşırdı; amma xeyri yox idi, yenə elə bir gün olmurdu ki, gah bu cüzamlını, gah o 
birini, İran xalçalarının üstündən durquzmasınlar, ya hansısa kor, sarayın içində 
azıb qalmasın, ifliclərdən biri, pilləkənlərdən yumalanıb ölümcül əzilməsin; o, 
cüzamlıların, içəri girərkən, divarlara söykənə-söykənə, öz irin və qan ləkələrini 
ora-bura yaxmaması üçün qapıları bağlamağı əmr etdi; saray əyyaşlarının, karbol 
turşusu iyi verməsini qadağan etməsinə baxmayaraq, sanitar xidməti binaya, həmin 
o turşudan səpdi; xidmətçilər, cüzamlıları, korları və iflicləri, bir ucdan hey qovur, 
onlar isə elə hey iqamətgaha, saray otaqlarına soxulurdular; görünür, onları bura 
yenə, artıq heç kimin heç nə umub gözləmədiyi köməksiz qocanın ecazkar 
sovqatlarıyla şəfa tapacaqlarına olan yenilməz, qədim, vəhşi bir inam sürükləyirdi. 
Qoca, yuxulu adamalarsayağı, öz xatirələr bataqlığında veyillənir, hara gəldi 
dürtdüyü yaddaş kağızlarının köməyilə, haraya gedəcəyini əl havasına tapır, tor 
yelləncəyində keçirdiyi saatlarda, yeni səfir Fişerdən yaxasını necə qurtarmaq 
barədə düşünürdü; səfir, ölkədə sarı qızdırma epidemiyasının başlandığının elan 
edilməsini tələb edirdi; səfirin təkidi, əslində – öz ölkəsinin gəmiləriylə, buranın 
ərazisinə dəniz piyadalarının yeridilməs üçün bir bahanə idi; qarşılıqlı yardım 
müqaviləsinə görə, dəniz piyadaları qeyri-müəyyən müddətə - can verən ölkəmizə 
yeni nəfəs gələnəcən burada qalmalıydılar. O, nə edəcəyini götür-qoy edir, yadına, 
rejimin ilk illərini salır və xatırlayırdı ki, o vaxt o epidemiyaya əsaslanaraq, öz 
üzərinə bütün fövqəladə səlahiyyətləri götürmüşdü, xalq kütlələrinin təlatümündən 
yaranan ciddi təhlükəyə cavab olaraq, hərbi qanunları tətbiq etmişdi. Lakin onda o, 
ölkədə sarı qızdırma yox, taun olduğunu elan etmiş, mayakın üstündə sarı bayraq 
qaldırılmış, liman bağlanmış, istirahət günləri ləğv edilmiş, ölənlər üçün elliklə göz 
yaşı tökmək, dəfn zamanı hüznlü marşlar səsləndirmək qadağan edilmişdi; 
prezidentin fövqəladə tapşırıqlarının icrasını təmin eləməyə cəlb olunmuş silahlı 
qüvvələr, yoluxmuş adamlarla istədiklərini etmək hüququ qazanmışdılar; 
qollarında sanitar sarğısı olan əsgərlər, müxtəlif mövqeli adamları kütləvi şəkildə 
qətlə yetirir, rejimdən narazılıqda şübhələndikləri sakinlərin mənzillərinin 
qapılarına qırmızı dairələr cızır, cinayətkarların, kişisifət lesbiyankaların və 
narkomanların alınlarını, mal-qaranı nişanlayan tək, işarələyir; səfir Mitçelin 
təkidiylə gələn sanitar missiyası, prezident sarayı sakinlərini tauna yoluxmaqdan 
xilas etməklə məşğul olurdu; missiyanın üzvləri, döşəmənin zir-zibilini analiz 
adıyla yığıb, onu lupayla tədqiq edir, su qablarına dezinfeksiya həbləri atır, 
laboratoriya heyvanlarına, hansısa ürəkbulandırıcı horra yedizdirirdilər, generalsa, 
gülməkdən uğunub, tərcüməçiylə onlara: «Axmaqlıq eləməyin, canablar, burda 
sizdən başqa xəstə-filan yoxdu!» - deyirdi. Onlarsa: «Yox-yox, var, zat aliləri! 
 
152

Yuxarıdan əmr almışıq ki, var. Əmr almışıq ki, olmalıdır!» - deyirdilər. Onlar, nə 
isə yaşıl rəngli, balaoxşar, müalicəvi məhlul hazırlayıb bu zəhrimardan, bir ucdan, 
sarayın bütün sakinlərinin – üzlərinə belə baxmadan, hamının – ən arıqların və ən 
adlı-sanlıların bədənlərinə yaxırdılar; prezidentin qəbuluna gələnlər, hamılıqla 
müəyyən məsafəyə riayət etməliydilər; o, salonun elə bir küncündə otururdu ki, 
qəbula gələnlərin bura nəfəsi yox, ancaq səsləri çatırdı; o, burda, yüksək rütbəli 
çılpaq adamlarla işgüzar məsələləri ucadan qışqıra-qışqıra müzakirə edirdi; 
kandarda dayanan adamlarsa bir əllərini ona uzadıb: «Zat aliləri» - deyir, o biri 
əlləriylə iyrənc maz yaxılmış sallaq üzvlərini örtməyə çalışırdılar; bütün bunlar – 
yuxusuzluqdan əziyyət çəkdiyindən uydurduğu yoluxucu xəstəlik fəlakətinin 
gedişini, bütün xırdalıqlarına qədər işləyib quran, camaatın canına vəlvələ salan 
şayiələr buraxdıra-buraxdıra, «camaat az anladıqca, çox qorxacaq» əqidəsinə 
əsaslanaraq, onları, öz axır-zaman peyğəmbərliyinə inanmağa məcbur edən bu 
adamı xəstəlikdən qorumaqçun idi. Odu ki, qorxudan rəngi, meyit rəngi alan 
yavərlərindən biri ona: «Mənim generalım, əhali arasında taundan ölənlərin sayı 
yaman çoxdu.» - deyə məlumat verəndə, onun qaşının ucu belə tərpənmədi. 
Prezident karetinin tutqun şüşələrindən, bomboş, adamsız küçələri, onun əmriylə 

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin