məhəl qoymadan, general mundiri geymiş oğlan uşağını yanında oturtdu, oğlan isə,
zanbaq rənginə çalan əlcəyini çıxarıb camaata əl elədi; anasına görə, qədim
vaxtların şahzadələri camaatı bu cür salamlayırmış; hökumət lojasında daha heç
kim gözə dəymirdi, lakin, o, ordadı, biz onun gözəgörünməz iştirakını – dinc
qəlbimizin sakitliyini poeziyanın üsyankar havasından qoruyan insanın iştirakını
hiss edirdik… axı bizim sevgi hissimizin ölçüsünü, ümumiyyətlə, hisslərimizin
ölçüsünü, az qala ölüm vaxtımızı belə o müəyyənləşdirirdi. Bəli, o, ordaydı,
lojanın, bizlərə görünməyən, qaranlıq küncündə, şairin görə bilmədiyi yerdə
oturmuşdu, şair, əzəmətli səsiylə onun gözünə möhtəşəm minotavr kimi
görünürdü; bu səsin ahəngi, sanki darısqal zaldan yox, açıq dənizdən gəlirdi; bu
səs, qeyri-ixtiyari əla həzrətlərini, oturduğu lojadan da, bu zaldan da bütün bu yer
ölçülərindən yuxarıya – qızıl şeypurların çalındığı yerlərə qaldırdı, şeypurların bu
gümüşü sədaları altında Marsın və Minervanın triumfal girişləri – şöhrət
səltənətinin triumfal girişi göründü. - «Sizin şöhrətinizin yox, mənim generalım!»
O, pəhləvan-cəngavərləri, adamı ölümcül qapan qara itləri, dəmir nallı döyüş
altarını, kobud lələkli şlyapalı, əlinizəli, cüssəli bayraqdarları, bu cəngavərlərin
qəribə, yad bayrağı zəbt etdiyini gördü. - «Sizin silahınızın hesabına zəbt
etmədilər, mənim generalım!» O, vətəndaş müharibəsində ayaqyalın əsgər kimi
döyüşdüyü vaxtlar, qızdırmalı sayıqlamalarda duyub hiss etdiklərinə - vətənin
şərəfi və əbədiliyi naminə qızmar yay günəşinə, soyuq qışın qarına və küləyinə,
gecəyə, şaxtaya, ölümə meydan oxuyan bütöv bir qəzəbli gənclər ordusunu gördü,
gurultulu alqış partlayışı içində özünü xırda və miskin hiss etdisə də, öz qaranlıq
küncündən camaata qoşulub əl çala-çala, öz - özünə: «Anam mənim, Bendisyon
Alvarado, zəfər, buna deyərlər! Buna baxanda, camaatın mənim üçün elədikləri
heç nədi!»
O, özünü tənha və atılmış, bürkünün və uzunayaqlı ağcaqanadların dumanı altında
əzilmiş hiss edir, fəxri lojasının qızıl naxışlı sütunlarına, rəngi itmiş məxmərinə
görə xəcalət çəkirdi. - «Lənət şeytana, axı bu, necə ola bilər ki, bu hindu dalını
yuyan əl belə bir gözəl əsər yazsın?» Qoca, ona tam aydın olmayan bu poetik
dildən, qəlbinin dərinliklərinəcən riqqətə gələrək, özünə yer tapa bilmir, yekə
ayaqlarını möhtəşəm sətirlərin təntənəli ritminə uyğunlaşdırmağa çalışaraq, qəzəbli
fil kimi o baş-bu başa var-gəl edir, arada bir Letisiya Nesarenonun, pationun
nəhəng ağaclarının budaqlarından yığılmış triumfal girişində təşkil etdiyi ehtiraslı,
zil səsli xorun ritmi altında yuxuya gedirdi; o, qəlbini riqqətə gətirən bu şeirləri
122
tualetlərin divarlarında yazır, poemanın yadında qalan parçalarını süd fermasında,
isti təzək dağının üstünə çıxıb birnəfəsə əzbərdən oxumağa hazırlaşırdı ki, bu
məqam, karet sarayında dayanan prezident limuzininin arxasında qoyulmuş
dinamit, nəzərdə tutulan vaxtdan əvvəl partladı… - «Bu, dəhşət idi, mənim
generalım, elə möhkəm partlayış olmuşdu ki, biz maşının dəmir-dümürünü hələ bir
neçə aydan sonra şəhərin müxtəlif kvartallarından tapırdıq. Məhz bu maşında,
Letisiya Nasareno hər çərşənbə elədiyi kimi, bazarı çapıb-talamağa yollanacaqdı.
«Odu ki, sui-qəsd onun üçün hazırlanmışdı, mənim generalım, ayrı bir kəs üçün
yox!» Burda o, alnına vurub: «Lənət şeytana, necə olub ki, mən bunu hiss
eləməmişəm?» Həqiqətən də, onun əfsanəvi duyumu hara yoxa çıxmışdı?! Axı,
son bir neçə ayı tualet divarlarındakı yazılar da, həmişə olduğu kimi ona qarşı,
yaxud nazirlərdən hansınasa qarşı yox, məhz, dişlərini, generalitetin mənafeyinə,
kilsə knyazlarına qıcıyan həyasızlaşmış Nasarenolara qarşı yönəlmişdi. Düzdü, o,
belə hesab eləyirdi ki, bir vaxtlar bu divarlarda anasının müqəddəsliyi əleyhinə
yazılan təhqiramiz yazılar kimi, bu yazıların da elə bir təhlükəsi yoxdu, bütün
bunlar, tədricən adi söyüşə çevrilən tutuquşu kəkələməsindən savayı, bir şey deyil,
tualetin isti havasından yaranan acığın nəticəsidir; o, bu acığın böyüyüb şişərək, bir
gün belə bir hay-küyə səbəb olmasına əslində o özü şərait yaradırdı ki, camaat,
içindəki acığı beləcə çıxarıb soyusun, amma daha belə yox ki. bir dinamitin
əvəzinə ikisini bir qoysun?!.. İşə bir bax ki, dinamit gör bir gəlib hara çıxmışdı?!..
Hakimiyyətin göbəyinə! Bu, necə ola bilərdi axı, necə ola bilərdi?!.. Poeziyanın
qanadlı sətirlərinə bu dərəcədə uyaraq, öz incə pələng duyumunu necə itirə bilərdi?
Necə olmuşdu ki, o, bu köhnə tanış qoxunu – təhlükə hissinin qoxusunu vaxtında
duymamışdı? Bu nə biabırçılıq idi?.. O, təcili surətdə bütün generaliteti – təşviş
içində ağaran on dörd zabiti yanına çağırdı; uzun illərin məcburi xidmətindən sonra
onlar yenidən iki addım yaxınlıqlarında, adi insan bədəninə malik olması daim
heyrət doğuran qocanı gördülər. - «O, bizi iclas zalında sıravi əsgər formasında öz
taxtında, prezident kreslosunda oturduğu yerdə qəbul elədi; ondan skunsdan gələn
sidik iyi gəlirdi; gözündə nazik, qızıl çərçivəli eynək vardı; son günələrin
portretlərində onün üzündə bu eynək təsvir edilməmişdi; o hədsiz dərəcədə qoca və
bizdən ağlasığmaz dərəcədə uzaqdaydı; ipək əlcəklərini soyunanda, biz gördük ki,
onun əlləri heç də qoca hərbçi əllərinə oxşamır, bu əllər qadın əlləri kimi incə idi
və bu adamdan qat-qat cavan, incəqəlbli adamın əllərinə oxşayırdı; qalan hər bir
şey isə perqament kağızı kimi süni və bədheybət idi; biz diqqətlə baxdıqca gördük
ki, həyatının son nəfəsi onun etibarsız müvəqqəti bədənində dolaşmaqdadır, bu
nəfəs – inadkar hakimiyyətpərəstlik, bölünməz, mütləq hökmranlıq həvəsi idi;
içində qara tüstü kimi dolaşan bu xəbis iblisi saxlamaq, vəhşi atın cilovunu çəkib
saxlamaq qədər çətin idi; bizim hər birimiz onunla, baş komandanla rəsmi görüş
qaydasıyla görüşürdük; o isə bircə kəlmə belə olsun, danışmır, başını belə
tərpətmirdi; sonra hamılıqla onun əhatəsinə yarımdairəvi şəkildə düzülən kresloda
əyləşdikdə isə o, eynəyini çıxarıb sınayıcı nəzərlərlə bir-bir bizim hər birimizi
gözdən keçirməyə başladı; o, bizim gizli fikirlərimizin xəlvət döngələrini, bu gizli
fikirlərin aramla öz xəlvət yuvalarına sürünmələrini görür, onları dinməz-
söyləməz, bir-birinin ardınca qəddarcasına ifşa edirdi; bu prosesə onun, bir
dumanlı axşam barmağının işarəsiylə bizlərə hərbi rütbələr təyin etdiyi gündən bu
123
yana, kimin nə qədər dəyişildiyini müəyyənləşdirməsinə sərf etdiyi vaxt qədər vaxt
lazım oldu.
O öz baxışlarıyla nə qədər bu zabitlərin beyinlərini oyurdusa, sui-qəsdin məhz bu
on dörd gizli düşmənin arasında təşkil olunduğuna bir o qədər əmin olurdu; sonra
nə oldusa o, birdən-birə özünü bu adamların arasında o qədər tənha və köməksiz
hiss elədi ki, kirpiklərini iquana kimi qırpıb başını qaldırdı və onları birliyə səslədi.
- «Bu gün birlik qədər bizə lazım olan ayrı bir şey yoxdu, çünki söhbət, vətənin
taleyindən və hərbi qüvvələrin qeyrətindən gedir!» O, onlara təmkinli olmağı,
üzərlərinə düşən fəxri vəzifələri layiqincə yerinə yetirməyi tövsiyyə etdi; sui-
qəsdin təşkilatçıları təcili surətdə tapılıb, hərbi ədliyyəyə təhvil verilməliydi. «Bu
qədər, cənablar.» - deyə o, sui-qəsdin təşkilatçılarının bu adamlardan biri, yaxud
hamısının birlikdə olduğuna qəti əmin olaraq, sözünü yekunlaşdırdı.
Letisiya Nasarenonun həyatının, Allahın yox, məhz onun əlində olduğunu, onu,
əvvəl-axır, lənət şeytana, mütləq baş verəcək təhlükədən yalnız müdrikliyi qoruya
biləcəyini anladıqca, qəlbinin qanla dolub tikə-tikə söküldyünü hiss edirdi. O,
Letisiyanı, ictimai tədbirlərdə iştirak etməkdən imtina etməyə, ən tamahkar
qohumlarını, hərbi generallığın mənafe dairəsindən rədd olmağa məcbur edirdi; az-
çox qananları konsul təyin edir, ən lütləri isə, bazarın yabanı kolları arasından axıb
gedən çirkab suların içində görünürdülər; bir gün o, uzun illər iştirak etmədiyi
nazirlər kabinetinin iclasında yenidən peyda oldu, öz kreslosuna əyləşərək, ruhani
idarələrin dövlət işlərinə qarışmasını qəti qadağan etdi. - «Səni düşmənlərdən
qorumaq üçün, Letisiya!» Sonra öz generalitetini bir daha dişinə vurub bu qənaətə
gəldi ki, o görüşdən sonra yeddi hərbi rəis ona ortabab münasibətdədi; o ki, qaldı
müdafiə nazirinə, o, onun köhnə tanışı idi; beləliklə, onun bel bağlamadığı altı
nəfər hərbi rəis qalırdı, onun gecələrini uzun-uzadı uzadan, Letisiya Nasarenonun
ölüm məhkumluğuna möhür vuraraq, yuxularına zəhər qatan altı tapmaca qalırdı;
bəzən ona elə gəlirdi ki, onun tələb etdiyi bütün təhlükəsizlik tədbirlərinə
baxmayaraq, ələlxüsus çörəyin içindən balıq tıxı çıxandan sonra bütün yeməklərin
dadına baxdırmağı məcbur etməsinə baxmayaraq, Letisiya Nasarenonu onun
gözləri qarşısında öldürürlər; Letisiyanın yaşadığı otaqların havası hər gün
yoxlanırdı, çünki o qorxurdu ki, zəhər, cücüləri qırmaq üçün işlədilən aerozol
şüşəsinə də doldurula bilər; nahar vaxtı Letisiyanın rənginin saralmasından
diksinirdi, yataqda sevişdiyikləri yerdə səsinin xırıldamasından titrəyib əsirdi, ona
elə gəlirdi ki, Letisiyanın içdiyi suya, sarı titrəmə mikrobları, gözünə tökdüyü
damcılara isə kuporos qata bilərlər; müxtəlif növ qəsd üsulları barədə qəramətli
fikirləri, o günlər onun həyatının hər dəqiqəsinə zəhər qatır, gecənin bir aləmi, ona
həqiqət kimi görünən vahiməli yuxularından – Letisiyanın, hindu cadugərlərinin
cadusundan qan-qəltan içində üzdüyünü gördüyü yuxularından dik atılırdı. O,
Letisiyanın başına gələ biləcək yüzlərlə təsadüfi, real təhlükələrdən az qala
havalanırdı, odu ki, Letisiyaya, hər şübhəli şəxsə güllə açmağa hüququ olan ən
amansız qvardiyaçıların müşayiəti olmadan, küçəyə çıxmağı qəti qadağan etdi.
Bütün bunlara baxmayaraq, Letisiya yenə hər çərşənbə saraydan çıxır, o,
pəncərənin qarşısında dayanaraq, Letisiyanın, balaca oğluyla, yenicə zirehlənmiş
avtomobilə minməyinə tamaşa edir, təhlükələrdən qorunma duasını əliylə havada
124
cızaraq, ürəyində: «Anam mənim, Bendisyon Alvarado, onları qoru! Ona tuşlanan
güllələri geri qaytar, zəhərlə dolu piyaləni kənar elə, gizlini aşkar elə!» - deyirdi.
O, Letisiya Nasarenonu müşayiət edən qvardiyaçıların, de Armas meydanından
verdiyi siqnalını eşidinəcən, Letisiya oğluyla, mayakın sübh işığından qızaran
pationun yolu üstə görünənəcən, bircə dəqiqə belə olsun, rahat olmurdu. Letisiya
isə səfərdən, həyəcanlı və xoşbəxt əhval-ruhiyyədə qayıdır, rahat səsiylə, maşından
diri hinduşkaları, Enviqado orxideyasını, yeni il axşamı yandırılacaq rəngli işıqları
və sairəni düşürən mühafizə dəstəsinin əsgərlərinə müxtəlif əmrlər verirdi; belə
günlər küçələr, adətən, generalın sərəncamıyla, cürbəcür işıqlar və transparantlarla
qəsdən bəzədilirdi ki, onun narahatçılığı bütün bu al-əlvanlığın içində əriyib itsin;
o, Letisiyanı piləkənin başında, boynundakı tülkü dərisinin naftalin iyini, turşumuş
tər qoxusunu, yağlı saçlarının iyini ciyərlərinə çəkə-çəkə, qarşılayır, həyat
yoldaşının sağ-salamat olmasına sevinirdi; o, Letsiyaya, talayıb gətirdiyi növbəti
şikarını yataq otağına ötürməkdə kömək edir, özünü son dərəcə xoşbəxt hiss edir
və belə hesab edirdi ki, bu cür xoşbəxtliyin dadını, ümumiyyətlə, bilməsən yaxşıdı!
Bu bədbəxtliyin qarşısını almaq tədbirləri bir-bir tapıldıqca, onu bir az da dərin
kədər hissi bürüyürdü, bütün qoruyucu duaları elə bil bu fəlakəti bir az da
yaxınlaşdırırdı; hər gün həmin o dəhşətli çərşənbəni – Letisiya Nasarenonun həyatı
üçün əbədi qorxu və təşvişlərdən yoğrulan o günü yaxınlaşdırırdı, odu ki, o,
hövsələsi darala-darala: «Axır olacağa çarə yoxdu, nə olur-olsun, lənət şeytana!
Qoy lap bir az da tez olsun!» - deyə fikirləşdi. O, beynindən keçən bu ani fikrin
fərqinə varmamış, fikri, əmr almış kimi ildırım surətiylə yerinə yetirildi – kabinetə
iki adyutan daxil olub Letsiyanın və uşağın, indicə bazarda quduzlaşmış itlər
tərəfindən parçalanıb yeyilməsi barədə hesabat verdilər.
«İtlər onları diri-diri yedilər, mənim generalım! Amma bu, bizim adi küçə itləri
deyildi, dəriləri köpək balığının dərisi kimi hamar, sarı gözlü, vəhşi qoyun itləri
idi! Kimsə onları Letisiyanın boynundakı tülkü dərisinə qısqırtmışdı! Altmış it,
mənim generalım, altmış eyni sifətli, eyni biçimli it! Heç kim gözünü belə açmağa
macal tapmamış, onlar tərəvəz piştaxtalarının arxasından atılıb Letisiyayla uşağın
üstünə cumdular. Bizsə güllə açmağa ürək eləmədik ki, güllələr itlərin əvəzinə,
onlara dəyə bilərdi, mənim generalım!»
Bu, iblisin qanlı qiyaməti idi, dəhşətli ölüm burulğanı idi, içindən, gah Letisiyanın,
gah da uşağın əlləri yalvarışla göyə uzanan vahiməli it yumağı idi; hər iki qurban
göz qırpımında, itlərin acgözlüklə təpişdirdiyi ət parçalarına çevrildilər və bütün
bunlar bazar camaatının gözü qarşısında - yüzlərlə adamın qarşısında baş verdi;
bəzilərinin üzü dəhşətdən əyilmişdi, o birilər intiqam hissiylə alışıb-yanan
gözlərinin sevincini gizlədə bilmir, bəziləri isə ürək ağrısıyla ağlayırdılar; çox
keçmədi ki, bu qanlı tamaşa sona yetdi və hamı, yerdə, Letisiyadan qalan fetr
bənövşələrlə bəzədilmiş şlyapanı gördü… üst-başlarına qan sıçramış, dəhşətdən
yerlərində donub qalan göyərtisatan arvadlar səssizcə: «İlahi, generalın razılığı
olmasaydı, bu, heç vaxt baş verə bilməzdi!» - deyib içlərini çəkdilər. Bütün bu
mənzərə, qanlı tərəvəzlərin arasından yalnız ətsiz sümükləri yığıb-yığışdırmağa
macal tapan prezident qvardiyasının biabırçı gücsüzlüyünü nümayiş etdirdi. «Tək
bir ağappaq sümüklər, mənim generalım!» Düzdü, sümüklərdən savayı uşağın
medalları, oyuncaq padşahın balaca qılıncı, Letisiya Nasarenonun nəyə görəsə,
125
bazardan bir mil aralıda, liman sularının qoynunda üzən tumac ayaqqabıları,
rəngbərəng şüşələrdən yığılmış muncuq və zireh parçasından düzəldilmiş pul kisəsi
də tapıldı - «Bu əşyaları biz sizə təqdim edirik, mənim generalım, həm də bax, bu
üç açarı, qaralmış qızıl nişan üzüyünü və bu əlli sentavonu – beş onluq sentavonu.
Buyurun, sayın, xahiş edirik! Bundan savayı orda heç nə tapılmadı!»
Əgər o bilsəydi ki, cəmi bir neçə ildən sonra həmin bu taleyüklü çərşənbə günü baş
verənləri unudacaq, bütün bu faciənin onun üçün bir qara qəpik əhəmiyyəti
olmazdı, amma o gecə o, qəzəbdən hönkür-hönkür ağlaya-ağlaya, səhəri,
adamyeyən itlərin ulaşması altında açdı, uzun müddət heç cür bu itlərə hansı növ
cəza verəcəyini təyin edə bilmədi, çünki belə hesab edirdi ki, itlərin öldürülməsi,
Letisiya ilə uşağın təkrar ölümüdü, çünki onlar hələ ki, bu heyvanların
qarnındadılar; o, tərəvəz bazarının dəmir pavilyonunu sökdürüb yerində, səhləb
çiçəkləri əkilmiş bağ saldırmağı, bağın ortasında, mərmər xaç ucaldılmasını əmr
etdi, xaç, mayakdan uca və parlaq olmalıydı ki, gələcək nəsillər, generalın özünün,
abidə sökülməmişdən çox-çox əvvəl unutduğu bu tarixi qadın barədə unutmasınlar;
bu abidəni isə adi gecələrin birində partlatdılar və bu partlayış heç kimi
təəccübləndirmədi; səhləb çiçəklərini isə donuzlar yedilər; bağ, durğun və üfunətli
gölə çevrildi; lakin general bu mənzərəni heç vaxt görmədi, təkcə ona görə gömədi
ki, öz sürücüsünə əmr vermişdi ki, maşını, lap dünyanın başına hərlənməli olsa da,
bir vaxt tərəvəz bazarının yerləşdiyi o ərazidən sürməsin, həm də ona görə ki,
nazirlikləri şüşəli binaya köçürəndən və sarayda bir ovuc xidmətçisiylə təmtək
qalandan bəri o, ümumiyyətlə, şəhərə çıxmırdı; sarayda saraylıq əlaməti
qalmamışdı, o, Letisiya Nasarenonun sarayda şahlıq iddiasıyla qurub düzəltdiyi nə
vardısa, hamısını məhv eləməyi əmr etmişdi; bu hadisədən sonra o, generalitet üzrə
ara-sıra xırda-xuruş göstərişlər verməklə, nazirlər kabinetinin, arada bir, qəliz
məsələlər həll olunan və prezidentin rəyi tələb olunan iclaslarında iştirak etməklə
vaxtını keçirir, qalan vaxtları, tək-tənha, kimsəsiz dəhlizlərdə, boş otaqlarda
məqsədsiz-mənasız gəzib-dolaşırdı; bundan savayı, o, gecədən keçənədək,
seybanın kölgəsində oturub, Baltimordan gətirdiyi konfetlərə qonaq eləyə-eləyə,
çılpaq qadın şəkilləriylə dolu jurnallardan dürtüşdürə-dürtüşdürə, onu, xarici
borclarını, ölkənin ərazi sularının hesabına ödəməyə razı salmağa çalışan səfir
Uilsonun xəbis təşriflərinə də dözməli olurdu; o, səfirə doyunca danışmağa şərait
yaradır, özü isə lazım olanlara qulaq asır, lazım olmayanları isə sadəcə, eşitmirdi;
səfirin çərənləməsi həddindən artıq darıxdırıcı olanda isə o, bu mənasız söz axınını
qulaqardına vurur, bunun əvəzinə, ara-sıra, yaxınlıqda yerləşən qızlar məktəbindən
axıb gələn qızlar xorunun, yaşıl ağacda oturan qırmızı quş haqqında oxuduğu
mahnılarna qulaq asırdı; hava qaralanda isə o, səfiri patiodan yola sala-sala, qonağı
başa salmağa cəhd edirdi ki, o ondan, bir dənizdən savayı, ürəyi nə istəyir, tələb
eləyə bilər. – «Dənizsiz pəncərələr mənim nəyimə gərəkdi? Bu boyda tənha evdə
dənizsiz mən nə edərəm? Sübh, yaxud, qürüb çağı dənizin, yanar bataqlığa
oxşadığı mənzərəni görməsəm, necə yaşayaram? Dekabr gecələri mayakın yaşıl
işığına məhəl qoymadan, sınıq şüşələrdən uğultuyla içəri dolan küləklərsiz necə
yaşaya bilərəm? Mən – o adam ki, öz dumanlı səhralığını ataraq, qızdırmalı
titrəmətdən üzülə-üzülə, özümü vətəndaş müharibəsinin alovuna, tərcümeyi-
halımda yazıldığı kimi, dərin vətənpərvərlik hissindən, yaxud, bəzilərinin hesab
126
elədiyi kimi, fırıldaq məqsədi ilə, yaxud federalizm ideyaları uğrunda da yox, təkcə
bu dənizi görmək üçün saldım! Qalan hər şey boş məsələdi, mənim əzizim, Uilson,
odu ki, siz ayrı bir şey fikirləşin.» - deyə o, əlini yüngülcə səfirin çiyninə
toxunduraraq, onunla xudahafizləşirdi. Səfiri yola salandan sonra isə geri – öz
iqamətgahına qayıdır, bir vaxt rəsmi idarələrə mənsub olan boş kabinetlərin
işıqlarını yandırırdı; günlərin bir günü isə axşamçağı o, sarayın dəhlizlərində, hansı
təsadüf üzündənsə buralarda azıb qalan inəyə rast gəldi, onu pilləkənlərə sarı
qovdu, heyvan, ayağı xalçanın dəlmə-deşiyinə ilişdiyindən kəllə-mayallaq aşıb, baş
gözünü partlatdı və bununla da acından üzülən cüzamlı xəstələri ağlasığmaz
dərəcədə sevindirdi; xəstələr cumub cəmdəyi bölüşdürdülər; Letisiya Nasarenonun
ölümündən sonra bütün cüzamlılar və ifliclər, korlar geri qayıdaraq, əvvəlki kimi,
bağda, qızılgül kollarının altında yaşayırdılar, yenə əvvəlki kimi, ondan bir çimdik
şəfqət duzu dilənir, ulduzlu gecələrdə mahnılar oxuyurdular; o da onlara qoşulub:
«Susanna, yanıma gəl, Susanna!» -nı oxuyurdu; axşamüstü saat beşdə isə tövlənin
pəncərəsindən yola boylanıb mavi döşlükdə, qısa corablarda məktəbdən qayıdan
hörüklü qızlara baxır, tamahdan nəfəsi darala-darala, əlcəkli barmaqlarını
pəncərənin dəmir qəfəsində oynada-oynada onları yanına çağırırdı: «Ay qız - ay
qız, bir bura gəl, gəl, səni əlləyim!» - deyirdi. «Vay dədə, vay! Biz ondan ilan
gözlü iblisdən qaçan kimi qaçırdıq! O isə qızların qaçdığını görüb: «Anam mənim
Bendisyon Alvarado, indiki qızlar necə də cavandı?!» - deyə fikirləşirdi; ona,
özünə gülməkdən savayı, heç nəyə yaramadığını boynuna almaqdan savayı heç nə
qalmırdı; daim nahara dəvət elədiyi səhiyyə naziri gözünün içinə baxıb nəbzini
yoxlamaqla qane olmayıb, qocalıq sklerozunun qarşısını almaq, yaddaşının durğun
kanallarını bağlamaq üçün ona sulu dərman yazanda isə o, onun ağzından vurub:
«İşim-gücüm yoxdu, dərman içəcəyəm! – deyirdi. – Mən, bircə müharibə illəri
tutulduğum titrətmə xəstəliyindən savayı heç bir xəstəliyə tutula bilmərəm!»
Axır vaxtlar isə o, bütün dünyaya arxa çevirib, dünydan küsmüş adamlar kimi,
təm-təkcə nahar eləməyə başlamışdı; böyük zəka sahibi, səfir Meyrilendin
dediyinə görə, qədim Mərakeş kralları məhz bu cür nahar edirdilər; o, nahar vaxtı,
dümdüz, başı dik oturmağa çalışır, çəngəli sol, bıçağı sağ əlində tutaraq keçmiş
müəlliminin qoyduğu qayda-qanunla, tikəni yaxşı-yaxşı çeynəyə-çeynəyə yeyirdi;
sonra bütün sarayı başdan-başa gəzib dolaşaraq, bal gizlətdiyi gizli divar
hücrələrini axtarır, tapdığı yeri ikicə saatdan sonra yenidən itirir və axtarışa
təzədən başlayırdı; ordan bal əvəzinə, bir vaxt siqaret kimi büküb dəlmə-deşiyə
soxduğu kağız bükmələrini tapırdı… çox-çox qədimlərdə, keçmiş dövrlərdə o, bu
kağız zolaqlarını, artıq çox illər keçdiyindən və nə yazdığını unutduğu cümlələri
yenidən yazmaq üçün kağızların haşiyələrindən qoparırdı: «Sabah çərşənbə
axşamıdı…» - zolağın birində yazılmışdı, o birində isə: «Sənin ağ yaylığında
qırmızı saplarla kiminsə adının baş hərfləri yazılıb, amma bu, sənin adın deyil,
mənim hökmdarım…» - yazılmışdı; o, bundan heç nə anlamadı və o biri zolağı
açıb oxudu: «Canım Letisiya Nasareno, gör bir sənsiz nə günlərə qalmışam…» -
«Letisiya Nasareno» - bu ada o, demək olar, hər kağız zolağında təsadüf edirdi və
heç cür başa düşə bilmirdi ki, özündən sonra bu qədər yazılı ah-uf, bu qədər dərd-
qəm qoyub getmiş bu bədbəxt kimdi. - «Özü də mənim xəttimin bura nə dəxli var,
lənət şeytana?» Bu onun xətti idi, özünü sakitləşdirmək üçün tualetlərin divarlarını:
127
«Yaşasın general!» - yaza-yaza bəzəyən solaxayın təkrarolunmaz kalliqrafiyası idi.
O, artıq öz zıqqılığına görə, səviyyəsinin, quru qoşun qüvvələrinin, yaxud dəniz
donanmasının sıravi əsgərdən də aşağı düşməsinə görə, kağız zolaqlarında
karandaşla yazılmış adından savayı heç nəyi qalmayan adi monastr rahibəsindən
ötrü üzülməyinə görə əsəbiləşmirdi; sadəcə, bütün bunların, həmin o taleyüklü
çərşənbə günündən sonra, adyutantların onun yazı stolunun üstünə qoyduğu
əşyaları – Letisiyanın və uşağın şeylərinə əl vurmaqdan imtina etdiyindən sonra nə
olduğunu xatırlamırdı; onda o, üzünü yana çevirib: «Bu çəkmələri aparın burdan,
bu medalları da, ölənləri yadıma sala bilən nə varsa, yığışdırın burdan.» - demişdi.
Odu ki, onlara aid bütün əşyaları Letisiyanın yataq otağına – onun bir vaxtlar
ehtiraslı siesta saatlarını keçirdiyi otağa yığmışdılar. - «O otaqların bütün qapı-
pəncərələrini mıxlayın ki, lənət şeytana, mən əmr eləsəm belə, heç kim ora girə
bilməsin. Bu əmri verdikdən sonra o, uzun illər dəhşətli qıcolmalar içində qovrula-
qovrula, Letisiyanı uşağıyla bir gəmirən itlərin ulaşmasına qulaq asır, hər hansı
itlərin, dəri soyulan məntəqələrə göndərilməsinə ürək eləmir və yenə fikirləşirdi ki,
onlara əzab vermək – əziz mərhumlarına əzab vermək deməkdi; günlərlə tor
yelləncəyinə pərçim olub, doğmalarının qatillərini unutmağa çalışaraq, qəzəbini
içində boğur, qatilləri evinin içində gördükcə, alçalıb təhqir olunurdusa da, bu
miskin vəziyyətə o səbəbdən dözməyə məcbur olurdu ki, o günlər, hələ qatillərin
boynunu sındırmaq gücü yox idi; o, əzizləri üçün təntənəli dəfn mərasimi təşkil
etmədi, yanına başsağlığı verməyə gəlməyi də qadağan etmişdi; matəm elan
Dostları ilə paylaş: |