sonra, təzə gələn qəfəsləri asmaq üçün sarayda yer qalmadı. Bu qayğının üstünə
saysız-hesabsız dövlət işləri də yığıldı və bütün bu işlərin birdəfəlik həlli tələb
27
olundu. Otaqlara da o qədər adam doluşdu ki, məmurları, qəbula gələn adamlardan
ayırmaq mümkün olmadı. Darısqallıqdan can qurtarmaqdan ötrü divarları söküb o
qədər pəncərə düzəltdilər ki, növbəyə duranlar, sarayın pəncərələrindən dəniz
mənzərəsini seyr edə bilsinlər, bir otaqdan o birinə, yelkənli gəmi, payız günü açıq
dənizdə küləyi yarıb keçən kimi keçsinlər. Lap üzü qədimdən bəri adamlar, saray
pəncərələrindən vıyıltıyla içəri dolan soyuq mart küləyini sülh və əmin-amanlıq
küləyi adlandırmışdılar, mənim generalım və hətta uzun illərdən bəri qulağınızı
yoran uğultunun da sülh və əmin-amanlıq səsi olduğunu təsdiq eləmişdilər. Şəxsi
həkimi elə beləcə də demişdi: «Qulağınızda uğuldayan bu səs, sülh və əmin-
amanlıq səsidir, mənim generalım!» Həmin o gündən – ölüb-dirildiyi o taleyüklü
gündən sonra yerdə və göydə, ətrafda nə vardısa, hər şey sülh və əmin-amanlıqdan,
ümumi firavanlıqdan xəbər verirdi. O özü də buna sidq-ürəkdən inanırdı. İnanırdı
ki, artıq sakitlik və firavanlıq dövrü gəlib çatıb… və bir gün buna elə inandı ki,
yenə dekabrda dağın başına qalxdı, öz aralarında əttökən saxta qohum-qardaşlıq
münasibətləri yaratmış keçmiş diktatorların miskinliyindən zövq almaq üçün dağın
başındakı həmin o evə getdi. Onlar da onu görən kimi domino oynunu yarımçıq
kəsib, ovuclarında qalan daşları ona göstərə-göstərə: «Tutaq ki, məndə altı-altıdı,
bu kütbeyin konservatorlarda da tutaq ki, üç-üçdü… o da var ki, keşişlərlə
massonların əlaltı fırıldaqlarını bilmirdim…» İndi bu qoca çaqqala nə deyəsən?
Sonra o biri tula çərənləməyə başlayırdı ki, bax, bu külqabı tutaq ki, prezident
sarayıdı, düşmən isə dörd yüz metr məsafədən küləyin istiqamətiylə buranı atəşə
tutub və əgər külək bu səmtə əsməsə, düşmən gülləsi saraya çata bilməz. «Və əgər
indi siz məni bu vəziyyətdə görürsünüzsə, bu, cəmi-cümlətanı səksəncə santimetrin
işidi. Bədbəxtçiliyə bir bax!..» Sabiq diktatorların ən inadkarları belə, bu
uzunmüddətli sürgündən mənən sınmış, olan-qalan ümidlərini də itirmişdilər. Bircə
o ümidlə yaşayırdılar ki, arada bir üfüqdə görünən tüstüsünün rəngindən, fitinin
səsindən tanıdıqları doğma gəmiləri görüb limana enəcək, yağış başlarına döyə-
döyə, zibil yeşiklərində eşələnəcək, dənizçilərin, yemək bükmək üçün istifadə
elədikləri qəzet parçalarını axtarıb tapacaq, onları sətirbəsətir həm soldan sağa,
həm də sağdan sola oxuyacaq, bütün oxuduqlarından – məsələn orda, vətəndə
kimin kiminlə evləndiyi, kimin öldüyü, kimin kimi ad gününə kimi dəvət eləyib,
kimi dəvət eləmədiyi barədə yazılardan, öz ölkəsində baş verən hadisələrin siyasi
proqnozunu dəqiqləşdirəcəklər. Hər biri də, əvvəl-axır onun taleyini dəyişəcək
hansısa qasırğanı - Allah qoysa, ölkənin üstündən əsib, hər yeri viran qoyacaq
qasırğanı, bütün körpüləri, bəndləri kökündən qoparıb aparacaq, aşıb daşa-daşa,
əkin sahələrini, buğda zəmilərini yuya-yuya, bütün məhsulu məhv edəcək, evləri
aparıb, əvəzində aclıq, vəba və ölüm gətirəcək qasırğanın gəlişini gözləyirdi. Onda
camaatın, ölkəni başına götürmüş bu bəladan, bu özbaşınalıqdan qurtarmaq üçün,
bir vaxt ölkədən qovub çıxartdıqları adamı köməyə çağırmaqdan savayı ayrı əlacı
qalmayacaqdı. «Belə də olacaq, görərsiniz!» Həmin bu möhtəşəm məqamın
yetişəcəyi anın həsrətiylə yaşaya-yaşaya da, təzə gələnlərdən birini kənara çəkib
sakitcə: «Siz allah, bu iynəni saplayaydınız, şalvarımı yamamalıyam… mən bu
şalvarı ata bilmərəm, bu şalvar mənimçün əziz xatirədir…» - deməli olurdular.
Paltarlarını gizlində yumalı, heç kəs görməsin deyə, sığınacağa təzə gələnlərin ilk
günlər zibil qutusuna tulladıqları ülgücləri ordan üsulluca yığmalı, dişsiz ağızlarını,
28
qocalığın üzüqara xasiyyətini - özünü saxlaya bilməyib batırdığı şalvarlarını o
birilərdən gizləməkdən ötrü, otağının qapısını kilidləyib təklikdə nahar eləməli
olurdular. Axırı da bununla qurtarırdı ki, qocalardan qartıyıb lap əldən düşənlərinin
sonuncu babat köynəyini əyinlərinə geyindirib, orden-medallarını döşünə
yapışdırıb, bir vaxtlar qoyub qaçdığı ölkəsinin bayrağına büküb, üstündə milli
himnini oxuyur və bədbəxtləri bir-bir əbədilik dünyasına – qayaların altındakı
sualtı saraya yola salırıq və yer üzündə bu zavallıdan, artırmada tək-tənha yellənən
boş çimərlik stulundan savayı heç nə qalmır. «Biz də o stula əyləşib rəhmətliyin
olan-qalan pal-paltarıyla əylənirik, mənim generalım, siz bu dünyanın işinə baxın,
o boyda şan-şöhrət, axırda da bu cür ucuz ölüm.»
Ötən dekabrda, bu sığınacaq hələ təzə-təzə açılanda o, həmin bu artırmaya çıxıb
birdən-birə Qəraib sahillərinin şəhərlərini - boyunbağı kimi sırayla düzülən Antil
adalarını gördü. Bu mənzərə həqiqətdən çox yuxuya oxşayırdı. Amma bu, yuxu
deyildi, çünki yanında dayanan kimsə barmağını dənizə uzada-uzada, inadkar bir
həvəslə bu mənzərəni ona göstərməkdən yorulmurdu. «Ora baxın, mənim
generalım, Martinika oradır.» Və o, Martinikanı - bu əsrarəngiz, sönmüş vulkanı,
ordakı vərəm sanatoriyasını, kilsə sütunları arasında qubernator arvadlarına iri
qardeniya kolları satan gipür köynəkli nəhəng zənciləri gördü. «Paramaribo isə,
mənim generalım, ordadır». Onda o, Paramaribonun, cəhənnəmə oxşar bazarını -
dənizin dibindən borularla sürünüb sahil kafesinin stollarına dırmaşan xərçəngləri,
horra kimi məd yağışın altında dayana-dayana hind maskaları və imbir kökləri
satan gombul zənci qarıların ağızlarında bərq vuran brilyant dişləri, Tanaquarene
çimərliklərində günün altına yayxanan, qızılı inəklərə bənzər qadınları gördü.
«Xalis qızıldı, mənim generalım!» İkicə reala skripkanın olan-qalan simində çala-
çala ölümün özünü qovan quayyolu kor sehrbazı, Trinikdadenin qızmar
günortasını, dal-dalı gedən avtomobilləri, fil sümüyündən yonulmuş tumgöz
mandarin1 fiqurları və təbii ipəkdən köynəklər satılan piştaxtaların qarşısında
səkiyə çöməlib bayıra çıxan yaşıl paltarlı hinduları gördü. O, eləcə də Haiti
dəhşətlərini – bu şəhərin küçələrində sümsünən göyərmiş, qotur itləri, səhər tezdən
səkilərdən yığılıb öküz arabalarında harasa daşıınan me
1 Mandarin – Çin imperatorları sülalələrindən birinin adı.
yitləri, zanbaq işarəsiylə Hollandiyanın yenə buralara qayıtdığından xəbər verən
benzin anbarlarını, qarlı qışa hesablanmış dəyirmansayağı evlərin şiş qüllələrini,
şəhərin mərkəzi küçələriylə bir mehmanxanadan o birinə üzən əcayib okean
gəmisini, Kartaxenanın daşdan hörülmüş tövlələrini, dəmir buxovla əhatəyə
alınmış limanını, eyvanları, vitse-kral yeməyindən ötrü burnunun ucu göynəyə-
göynəyə qəm-qüssə içində əsnəyən yorğun parad atlarını gördü… «Təzək iyi gəlir,
mənim generalım! Möcüzədir! Dünya sərhədsizdir!» Dünya doğrudan sərhədsiz
idi, həm də məkrli idi. Çünki bu dekabr, general, dağın başındakı sığınacağa,
oranın bədbəxt sakinləri ilə - ona dünyanın pis üzünü, bədbəxt tərəfini xatırladan
bu mənfur qocalarla söhbət eləməkdən ötrü yox, həmin o sehrli anı - dekabrın
soyuq günəşi şəffaflaşan məqam, dənizin mavi sinəsinə salınmış əlvan
boyunbağını xatırladan Antil tacını, Barbadosdan Verakrusacan uzanan Qəraib
29
şəhərlərinin mənzərəsini görmək üçün gəlirdi. O mənzərə yerində idi, indi bu
adalar, ay işığının altında sahildə uyuyan timsahlara bənzəyirdi və hər şey yenə
həmin o oktyabr cüməsinin ala-toranını xatırladırdı. Onda, yadına gəlir, səhər
tezdən yataq otağından çıxanda bir də baxıb gördü ki, prezident sarayının bütün
əhlinin başında qırmızı papaqlar var. Sonra gördü ki, otaqları süpürən, quş
qəfəslərinin suyunu dəyişən arvadların da, ferma sağıcılarının da başında həmin bu
qırmızı papaqdan var. Qarovulçular da, həmişə pilləkənlər boyu oturan ifliclər də,
cüzamlılar da bu papaqlardaydılar. Bazar günü şənliyində də, hamı başında bu
qırmızı papaq, qızılgül kolları arasında gəzişirdi. O gecə general, dünyanın bu düz
vaxtında nə baş verdiyini heç cür anlaya bilmirdi, bütün şəhər camaatının qırmızı
papaqlarda, hərənin əlində də bir dəstə şaq-şaqlı oyuncaqla gəzməyinin mənasını
başa düşə bilmirdi. Uzun üzüntülərdən sonra axır ki, o gün nə baş verdiyini ona
izah eləyən bir adam tapıldı. «Bura hardansa xaricilər gəlib, mənim generalım,
onlar ispan dilində danışır*, amma bu, bizim danışdığımız ispan dili deyil, çünki
onlar dənizə «nə?» yox, «kim?» deyirlər, bizim tutuquşulara «papaqayo», qayığa
«almadiya», dustaqxanaya isə «asaqay» deyirlər. Biz qayıqlarda dənizə çıxıb
onların gəmiləri ətrafında fırlananda, onlar dor ağacına qalxıb bir-biriylə qışqıra-
qışqıra, bizim biçimli bədənimizdən, gözəl üzümüzdən danışıb, saçlarımızı
tərifləyirdilər, saçımızı at saçına bənzədirdilər. Görəndə ki, dərimiz gündən yanıb
soyulmasın deyə, bədənimizi rəngləmişik, tutuquşu kimi quqquldaşdılar ki, biz nə
onlar kimi ağıq, nə də generallar kimi qarayıq, bir Allah bilir nə rəngdəyik,
dərimizi də tünd qəhvəyi rənglə rəngləmişik, sonra da gülüşdülər, biz də başa
düşmədik bunlar nəyə gülür, axı, biz tamam lüt idik, mənim generalım,
anadangəlmə. Əslinə qalsa, gülməli olan, onların özləri idi, o cəhənnəm istisində
şahzadə kimi altdan geyinib, üstdən qıfıllanmışdılar, «bürkü» sözünü də holland
qaçaqmalçıları kimi deyirdilər, saçları da arvad saçına oxşayırdı. Aralarında bircə
qadın belə yox idi, hamısı kişi idi, onlar bizə qışqırırdılar ki, niyə biz adam dilində,
xristian dilində heç nə başa düşmürük, hərçənd özləri də adam dilində heç nə
qanmırdılar. Sonra onlar «almadiya» dedikləri qayıqlarda yanımıza üzdülər və
bizim, ucu sabala balığının sümüyündən düzəldilən avarlarımıza baxıb
təəccübləndilər. Onlar sabalaya «dişli balıq» deyirlər. Sonra da nəyimiz vardısa,
hamısını qırmızı papaqlara və şıq-şıq şıqqıldayan oyuncaqlara dəyişdilər. Biz bu
oyuncaqları boyun-boğazımıza taxıb xarici qonaqları bir xeyli güldürdük. Qalan
şeylərimizi isə dəmir çax-çaxlara, nimçələrə, güzgülərə, cürbəcür xarici cıncıq-
mıcığa dəyişdilər, mənim generalım və görəndə ki, bunlardan bizə heç bir ziyan
gəlməz, yavaş-yavaş, onlar da hiss eləmədən, sahilə yan aldıq. Burda da aləm
qarışdı, nə qarışdı. Bir hay-həşir qopdu, bir bazar açıldı ki, gəl görəsən! Kimin
əlinə nə keçdisə, eləmə tənbəllik, budu ha, sürütləyib gətirdi. Tutuquşu gətirən
kim, şokalad, quş yumurtası daşıyan kim… Daşıhadaşı… Onlar da hər şeyi
məmnuniyyətlə götürüb, əvəzində camaata öz zir-zibillərini soxuşdururdular, hələ
arada biri, öz məxmər cübbəsini bizim birimizlə dəyişmək istədi ki, aparıb
Avropada nümayiş elətdirsin. Təsəvvür eyləyirsiniz, mənim generalım?»
General, çaşqınlıq və həyəcan içində duruxub qalmışdı, nə edəcəyini bilmirdi, bu
qəribə işə onun qarışmağı lazım idimi?.. Bu işlərin ondan bir asılacağı var idimi?
Beləcə, çaşqınlıq və həyəcan içində o, prezident sarayına - öz yataq otağına
30
qayıdıb sabahkı günü gözlədi. Təzə açılacaq günün sübh şəfəqi hər şeyi
aydınlaşdıracaqdı, onda sular durulacaq, ona danışılan bütün bu məşəqqətlərin
əslində nə olduğu bilinəcəkdi. Amma pəncərəni açanda, onun gözünə, ilk növbədə,
nə vaxtsa dəniz desantının limanda qoyub getdiyi zirehli gəmidən savayı, acıqlı
dənizin ortasında aramla yırğalanan üç karavella dəydi.
***
Onun ölüsünü yenə həmin kabinetdə, elə həmin vəziyyətdə, həmin geyimdə -
qartalların didib-tökdüyü həmin üzüylə tapanda, bizim heç birimiz o qədər də qoca
deyildik ki, meyitin birinci dəfə tapılanda eyni ilə bu cür, ya başqa cür olduğunu
yadımıza sala bilək, amma dəqiq bilirdik ki, təkcə elə bir ölüm xəbəri ilə ölənin
məhz o olduğuna qəti inanmaq olmaz. Çünki əvvəllər də bir neçə dəfə belə
olmuşdu ki, hamıya məlum olan bir həqiqət onun özünə aid olanda, izaholunmaz
bir anlaşılmazlığa, şahidlərin dəlil-sübutları isə boşboğaz söz-söhbətə çevrilirdi.
Məsələn, deyirdilər, guya o, kiməsə müsahibə verəndə, dəhşətli sancılardan
qovrula-qovrula kreslodan yerə yıxılıb, ağzından da yamyaşıl öd köpüklənib;
yaxud, danışırdılar ki, Allah, acıdilliyinə görə ona qənim olub, dilini qurudub və
guya o, bircə söz belə deyə bilmir, təkcə ağzını, o da zorla açıb-yuma bilir, onun
əvəzinə isə pərdənin dalından ayrı adam danışır; sonra deyirdilər, əxlaqsız
hərəkətlərinin ucbatından, bədənini başdan-başa, balıq puluna bənzər əcayib səpki
basıb, qarnı da, hava dəyişəndə sancıdan elə doğranır ki, söyüşündən qulaq tutulur,
deyirdilər guya o, qarnını xüsusi arabaya qoyub gəzdirir ki, heç olmasa, əl-ayağını
tərpədə bilsin; «odu ki, deməli, ölümünə az qalıb…» – hamı bir ağızdan deyirdi.
Deyirdilər ki, guya kimsə öz gözləriylə, sarayın arxa qapısından onun, üstü qızılı
çələnglərlə bəzədilmiş məxmər tabutunun çıxarıldığını, Letisiya Nasarenonunsa
Yağışlar bağçasında qanlı göz yaşları ilə ağladığını görüb. Amma onun ölümü
barədə yayılan bu şayələr nə qədər həqiqətə oxşayırdısa və bu cəbərlər nə qədər
sevindirici olurdusa, sonradan, onun, əvvəlkindən də betər qıvraqlaşdığını görmək,
hakimiyyət sükanını əlinin içində möhkəm-möhkəm saxlaya-saxlaya dünya
durduqca, bizim taleyimizi idarə eləməyinin şahidi olmaq bir o qədər kədərli
olurdu. İlk baxışda elə bil hər şey çox sadə görünürdü; axı bu, məhz onun
bədəniydi?!.. Axı, dövlət möhürlü üzük təkcə onun barmağında olurdu?!.. Yastı
dabanları üstə yeriməkdən yorulmayan ayaqları, qartalların, nəyə görəsə dəymədiyi
dumbul qarnı haqqında biz çox eşitmişdik. Amma aramızda elələri də vardı ki, nə
vaxtsa bir dəfə, əlində eynilə bu cür üzük olan, yekə ayaqlı, dumbul qarınlı meyidi
görmüşdülər. Odu ki, biz bütün sarayı gəzib-dolaşandan sonra tapdığımız ölünün
əslini axtarmağı qərara aldıqsa da, sarayda aparılan ciddi yoxlamalar heç bir nəticə
vermədi. Anasının – Bendisyon Alvaradonun yataq otağında biz, içi, quruyub
qaxaca dönmüş ölü quşlarla dolu bir neçə sınıq qəfəs, inək təzəyinə bulanan hörmə
kreslonu gördük, akvarel rəngləri ilə dolu tübiklər və bir xeyli fırça tapdıq.
Bendisyon Alvaradonun satışa çıxardığı mallar məhz bu rənglərlə, bu fırçalarla
rənglənib bəzənir, bozarmış ütük cüllütlər gözəl qu quşuna çevrilir, sonra quş
bazarında pəh-pəhlə satılırdı. Burda, Bendisyon Alvaradonun yataq otağında biz,
baxımsızlıqdan solmaq əvəzinə, yaşıllaşıb daha iri qol-budaqlar atan melissa
31
kollarını gördük, onun şitilləri divarlarla dırmanıb portretlərə sarmaşmış, kətanların
arxasında kök atıb, şəkillərdə təsvir olunan adamların gözlərini deşərək, bu biri
üzdən asılmış, ordan sürünüb pəncərələrə dırmanmış, çölə uzanıb bağçanın sıx
yaşıllığına hörülmüşdü. Odu ki, ölüsünü axtardığımız adamın buralarda gizlənə
biləcəyinə zərrə qədər şübhə yeri qalmırdı. Letisiya Nasarenonun yataq otağında
gözümüzə ilk növbədə dəyən isə təmtəraqlı sevgi yatağı – şəbəkəli pərdənin altında
uyuyan, üstündə toyuqlar qaqqıldaşan nəhəng çarpayı oldu. Biz, otaq boyu
düzülmüş sandıqları açdıq və sandıqların içində çürüyən köhnə-kürüşü – güvələrin
yeyib dağıtdığaraq, bir yığın toz qalığına çevirdiyi tülkü dərilərini, uzunətəkli
qadın paltarlarının altından geyilən, məftildən hörülmüş tor tumanları, tozlu çiyin
örtüklərini, işləməli brüssel döşlüklərini, arada bir qadınların da ayaqlarına keçirib
gəzdikləri kişi başmaqlarını, qəbul günləri Letisiyanın şellənə-şellənə geyinib
gəzdiyi qızıl tesmalı, hündür dabanlı atlas çəkmələrini, üstünə fetrdən bənövşələr
çəkilmiş, uzunətəkli paltarını, yas mərasimlərində, ali xanımlıq nişanəsi sayılan
ağır taftadan düzəldilmiş qara rəngli matəm lentlərini gördük.
Sandıqların birindən biz, Letisiyanın, bir vaxtlar Yamaykadan oğurlanıb, büllur
qab-qacaq yeşiyində bizim tərəflərə gətiriləndə əyninə geydiyi yun tələbəlik
paltarını tapdıq. Həmin o əzablı səfərdən sonra Letisiyanı rahatca prezident
xanımının taxtına oturtmuşdular. Bütün bunlara baxmayaraq, biz Letisiyanın yataq
otağında, axtardığımız adamdan bircə əlamət belə tapa bilmədik və nəinki ondan,
hətta Letisiyanın quldursayağı oğurlanmasıyla bağlı da əlimizə bircə dənə belə
olsun, dəlil keçmədi. Biz, onun Letisiyaya olan sonsuz məhəbbətinə aid də orda
heç nə tapa bilmədik, elə bil o, heç ömründə Letisiyanın yataq otağına ayaq
basmamışdı. Ömrünün son illərini, ayağını çölə qoymadan içində keçirmiş yataq
otağında isə biz, üstü səliqəylə yığılmış əsgər çarpayısını, əntiqçilərin, evlərdən
ucuz qiymətə alıb yığdıqları qədim mizi, içindən doxsan iki orden çıxan dəmir
sandığı, qartalların, meyidin əynində dağıdıb tökdüyü nişansız hərbi səhra
formasını tapdıq, lakin sandıqdan tapıb çıxardığımız hərbi mundirin döş hissəsi,
altı irihəcmli güllə ilə deşilmiş, güllələrin açdığı dəliklərin kənarları yanıb
qaralmışdı və bu mənzərə bizi, onun ölməzliyi barədə gedən söz-söhbətlərə az qala
inandırmışdı. Deyilənə görə, guya ona heç bir güllə-filan təsir eləmirdi, guya
kürəyinə xaincəsinə atılan güllə, onun bədənindən xətərsiz-zədəsiz sivişib bu biri
üzə düşür, üzbəüz açılan digər güllələr isə sinəsinə dəyib geriyə qayıdaraq, gülləni
atanın sinəsini dəlib keçirdi. Deyirdilər, o yalnız bircə halda, ona son dərəcə
sədaqətli olan, yolunda ölümə getməyə hazır olan adamın gülləsindən ölə bilərdi.
Güllə yalnız rəhmlə atılmalıydı ki, təsiri olsun, deyirdilər… onu yalnız rəhmlə
atılan gülləylə öldürmək olardı. Tapdığımız bütün meyidlər onun bədəninə görə
balaca idisə də, ələ keçirdiyimiz geyimin məhz onun mundiri olduğuna qəti əmin
idik, çünki az-maz da olsa, onun yüz yaşınacan boy atıb böyüməyindən xəbərimiz
vardı, onu da bilirdik ki, yüz əlli yaşına çatanda o, üçüncü dəfə təzə diş çıxarmışdı.
Ağzındakı dişlər də elə xırdaydı, elə bil süd dişləriydi, sarımtıl ləkəli dərisi isə elə
sallanırdı, elə bil o, nə vaxtsa həddindən artıq kök olmuşdu… qalan hər bir şeyi isə
qaydasındaydı, bədəni, orta boylu adi adam bədəni idi, əcaib ölçülü yekə
qarnından, qızılquşun caynağına bənzər əyridırnaqlı, dördkünc ayaqlarından savayı
qeyri-adi bir şeyi yox idi. Bir də, nə vaxtsa qartalların dəlib çıxardıqları kədərli
32
gözlərinin dəlikləri niyəsə həddindən artıq yekəydi. Bir sözlə, bu adam, tarixçilərin
təsvir elədiyi kimi, o qədər də hündürboylu deyildi ki, sarayın dar və alçaq
qapılarından keçə bilməsin. Bu, deyilən kimi, uşaqları və qaranquşları sevən, bir
çox heyvanların dilini bilən, təbii fəlakətləri qabaqcadan hiss eləyən, gözlərə baxıb
ürəkləri oxuyan, bir çimdik duzla cüzamlı yaralıları sağaldan, iflicli xəstələri ayağa
qaldıran, şəfqət duzunun sirrini bilən adama oxşamırdı, onun haqqında bütün
danışılanlar, əlimizə keçən mundirlərinin ölçülərindən fərqli olaraq, onun,
həddindən artıq möhtəşəm cüssəsindən xəbər verirdi. Mənşəyinə gəldikdə isə, bu
barədə bütün məlumatların və qaynaqların məhv edilməsinə baxmayaraq, hamı
bilirdi ki, o, aran adamı idi, çünki onda, bütün aranlılara məxsus hakimiyyət
hərisliyi vardı. Qəddar idarəçilik üslubu - daim qanıqara gəzməsi də buna bir sübut
idi, dənizimizi, bilərəkdən xarici dövlətlərə satıb, bizi, ölü külünü andıran qupquru
tozanağa bürünmüş ucsuz-bucaqsız səhrada yaşamağa məhkum etməsi də. Şəxsi
həyatına qalanda isə, deyirdilər, saysız-hesabsız sevgililərindən, daha doğrusu,
yatdığı arvadlardan (əslinə qalsa, bu qadınların heç birini o sevməmişdi) onun beş
mindən çox uşağı vardı və bu uşaqlardan heç birinə, ağıllı-başlı, tamam-kamal
adam demək olmazdı. Bu uşaqların heç biri onun nə adını, nə də soyadını
daşımırdı. Bircə Letisiya Nasarenodan olan oğlundan savayı. Bu uşaq, dünyaya
gələr-gəlməz, general rütbəsi almış və ilk övlad hüququyla dairə diviziyasının
komandanı vəzifəsinə təyin edilmişdi. O da ona görə ki, bu uşağı Letisiya
doğmuşdu. Qalan uşaqlara gələndə isə, sahibləri belə hesab edirdi ki, uşaq tək bir
anayla da kifayətlənə bilər. Çünki o özü də, digər görkəmli despotların taleyinə
uyğun olaraq, atasının üzünü görməmişdi. Görüb tanıdığı, bircə anası Bendisyon
Alvarado olmuşdu. Bütün dərsliklərdə də yazılmışdı ki, Bendisyon da, Müqəddəs
Mariya kimi, yuxuda ikən bakirə hamiləlik möcüzəsi ilə boylu olmuş və ali
qüvvələr uşağın alnına möminlik taleyi yazmışdı. Odu ki, hakimiyyət zirvəsinə
çatan kimi o, xüsusi dekretlə Bendisyon Alvaradonu Vətən anası elan etdi – çünki
belə ana dünyada bircə dənə idi, «Ona görə ki, lənət şeytana, bu mənim anamdır!»
Əslində isə bu, nəsli-kökü bilinməyən, ağlasığmaz dərəcədə sadəlövh və dağınıq
təbiətinə görə, saraydaxili qayda-qanunları bütün ciddiliyi ilə qoruyub saxlayan
əyanların nifrətini qazanan qəribə bir qadın idi. Heç kim bu qadının, yəni dövlət
rəhbərinin anasının, qəm-kədər çəkməsin deyə, döşünə çörəkotu düyünü taxıb
gəzməsiylə, kürünü çəngəllə, özü də hər dənəsini çəngələ ilişdirə-ilişdirə
yeməsiylə, laklı çəkmələrini, ayaqlarından ağır qandallar asılıbmış kimi, arxasınca
sürüyən yerişiylə heç cür barışa bilmir, onun, musiqi məşqləri keçirilən şüşəbənddə
arı pətəkləri bəsləməyindən, dövlət idarəsinin binasında toyuq saxlamağından
hiddətlənir, tükləri bozarmış, ütük quşları akvarel rəngləri ilə rəngləyib bazarda
satmasından, əzəldən tarixi nitqlər söylənilmiş mötəbər prezitdent eyvanında,
yuyulmuş paltarları qurutmağından əsəbiləşirdilər. Rəsmi qəbulların birində isə,
onun giley-güzarından hamının az qala ürəyi dayanmışdı. O, oğlunun prezidentlik
əsarətindən azad olunması üçün gecə-gündüz Allaha yalvarmaqdan bezdiyi üçün
prezident sarayında yaşamağın çətinliklərindən şikayətlənirdi: «Elə bil gecə-
gündüz projektorların altındayam, senyor!» O, bu sözləri mili bayram günündə,
əlində boş şüşələrlə dolu səbət, fəxri qarovulu itələyib özünü prezident limuzininə
dürtüşdürəndə dediyi kimi, elə-beləcə də demişdi. Camaat əl çalır, təntənəli musiqi
33
səslənir, yollara güllər səpilir, limuzin fəxri paradı açmağa hazırlaşır, Bendisyon
Alvarado isə şüşə dolu səbətini maşina soxuşdurub: «Onsuz da dükana tərəf
gedirsən, oğul, bu şüşələri də qaytar!» - deyirdi. Yazıq ana… Axı o, nə biləydi ki,
tarixi an nə deyilən şeydi?! Bu qadında zərrə qədər də olsun, siyasi həssaslıq yox
idi. Bu çatışmazlıq, ələlxüsus, admiral Xiqqinsin rəhbərlik etdiyi Amerika hərbi
donanmasının yerləşdirilməsi şərəfinə verilən banketdə özünü büruzə verdi.
Banketdə, oğlunu ilk dəfə parad geyimində – döşü qızılı orden-medallarla
bəzədilmiş formada, ipək əlcəklərdə görən Bendisyon Alvarado, içinə sığmayan
analıq qürurunu gizlədə bilməyib, diplomatik korpus boyunca bərkdən-bərkdən:
«Bilsəydim balam bu boyda ölkənin prezidenti olacaq, heç olmasa onu
oxudardım!» - dedi. Bu, misli görünməmiş fəlakət idi…
Prezident biabır olmuşdu... Buna görə Bendisyon Alvarado təcili surətdə saraydan
Dostları ilə paylaş: |