QARABAĞIN YENİDƏN QURULMASI Qarabağ və Şərqi Zəngəzur torpaqlarının erməni işğalçılarından azad edilməsi ilə ərazidə yenidənqurma, bərpa işlərinə start verilib və quruculuq işləri sürətlə davam etdirilir. Artıq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə Almaniyadan gəlmiş bərpaçı mütəxəssislər Ağdamın Cümə, Qiyaslı və Şuşanın Yuxarı və Aşağı Gövhər Ağa, Saatlı məscidlərində bərpa işlərini həyata keçirirlər. Şuşa şəhərinin sovetlər dövründə inşa olunmuş “Qarabağ” hoteli, Bülbülün ev- muzeyi və büstü, Molla Pənah Vaqifin məqbərəsi bərpa olunub. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin və Bülbülün ev-muzeyləri açılıb, heykəlləri qoyulub. Şəhərdə “Xarı bülbül” hoteli istifadəyə verilib, yeni hotelin və muzey mərkəzinin təməli qoyulub. Bərpa işlərinin aparılmasında Heydər Əliyev Fondunun yaxından dəstəyi olub. Davamlı olaraq digər şəhər və kəndlərdə də dini tikililərin bərpası aparılıb. Tərtər, Bərdə, Füzuli və s. şəhərlərdə ziyan dəymiş yaşayış evləri bərpa olunur və ya yenidən tikilir.
Zəngilan şəhərindəki məscid kompleksi XIX əsrdə inşa edilib və memarlıq abidəsi kimi inventarlaşdırılıb. Ermənistanın işğalı dövründə məscid düşmən qüvvələri tərəfindən dağıdılmış və ilkin görkəmini, demək olar, tamamilə itirmişdi. XIX əsrin memarlıq abidəsi mövcud vəziyyətində konservasiya edilib və ərazidə yeni məscid inşa olunur.
Şuşanın mühafizə zonası şəhərin tarixi irsinin qorunması məqsədilə təşkil olunmuş komissiya tərəfindən onu əhatələyən təbii landşafta uyğun olaraq yaradılıb. Artıq qədim Şuşanın tarixi hissəsi qorunub saxlanılmaqla baş planı işlənib və təsdiq olunub. Birinci mərhələdə 25 yaşayış evinin inşası nəzərdə tutulub. Qərara alınıb ki, ermənilərin tamamilə dağıtdığı Mamayi və Merdinli məhəllə məscidləri arxiv materiallarına əsasən, olduğu kimi yenidən inşa olunsun. Tarixi ərazinin sərhədləri genişləndirilərək buradakı mülki tikililərin bərpası da tezliklə həyata keçiriləcəkdir.
Yuxarı Gövhər Ağa məscidinin interyeri erməni vandalları tərəfindən məhv edilib, minarələrinin dekoru zədələnib, örtükləri dağıdılıb. Məscidin birinci mərhələdə bərpası başa çatıb, ikinci mərhələ üzrə işlər aparılır. Bu mərhələdə məscidin daşları ilkin layihəyə uyğun olaraq dəyişdirilir. Məscid ərazisində dağıdılmış mədrəsə də bərpa edilir. Aşağı Gövhər Ağa məscidində isə xarici ekspertlər qiymətləndirmə işləri aparıblar. Hazırda məsciddə bərpa işləri davam edir. Məscidlərin minarələri bərpa olunacaq, eləcə də dam və döşəmə örtükləri dəyişdiriləcək.
Şuşa şəhərində yerləşən malikanə tipli tarixi yaşayış evi olan Mehmandarovların malikanə kompleksi Azərbaycanın XVIII əsr mülki memarlığının ən maraqlı nümunələrindən biridir. Bu maddi-mədəniyyət tikilisi də erməni işğalı dövründə dağıntılara məruz qalıb. Artıq abidənin əvvəlki görkəmi özünə qaytarılıb. Aparılan işlər zamanı tarixi mənbə və arxivlərdəki fotolardan istifadə edilib. Mehmandarovların malikanə kompleksinə daxil olan bulaq istifadəyə verilib. Bulağın örtüyü əvvəlki vəziyyətinə gətirilib. Təmir-bərpa işlərindən sonra burada muzey ekspozisiyası quraşdırılacaq. 2023-cü ilin sonlarında təmir-bərpa işlərinin başa çatdırılması nəzərdə tutulan bu malikanədə ev sahibinin məşğuliyyətini, marağını nümayiş etdirən əşyalarla təchiz olunmuş kabinetin, qonaqların qəbulu üçün nəzərdə tutulan evin ən təmtəraqlı otağı sayılan və bir çox hallarda taxta dekorativ panellər və parça divar kağızları ilə bəzədilən qonaq, yemək və yataq otaqlarının yaradılması nəzərdə tutulur.
Şuşada ilkin bərpa olunan binalardan biri də Qazançı kilsəsidir. Bütün digər tarix-mədəniyyət abidələrimiz kimi, Qazançı kilsəsinin də ilkin bədii-estetik görkəminə uyğun bərpa edilməsi nəzərdə tutulur. Bu, elmi-praktiki-tədqiqat fəaliyyəti olmaqla abidənin hərtərəfli təhlilini, memarlıq, tarixilik xüsusiyyətlərinin araşdırılmasını ehtiva edir. Hazırlanan bərpa layihəsi abidənin XIX əsrdəki ilkin-orijinal görkəminə qaytarılmasına imkan verir.
Şuşa şəhərində Şirin su hamamında, Köçərli küçəsi, 6 ünvanındakı yaşayış evində, Sadıqcanın, Mir Mövsün Nəvvabın evlərinin bərpası hazırlanan bərpa layihələrinə əsasən davam etdirilir.
Avstriyanın “Partner Consulting+Projects” şirkəti tərəfindən Ağdam Cümə məscidi, Qiyaslı məscidi, Pənahəli xanın Ağdamdakı ”İmarət” kompleksində saray və türbələrin bərpa və konsepsiyası işləri davam etdirilməkdədir. Qeyd olunan abidələr Qarabağın tarixi baxımdan çox önəmli abidələridir. Aparılan işlərdə əsas məqsəd abidələrin əvvəlki görüntüsünü özünə qaytarmaqla, onların tarixi abidələr sırasına qaytarmaqdan ibarətdir.
Əsas problemlərdən biri də işğaldan azad olunmuş ərazilərdə yeni tikinti işlərinin aparılmasından ibarətdir. Unutmaq olmaz ki, aparılan tikinti işləri tarixi irsin simasına, Arran (Qarabağ) memarlıq məktəbinə uyğunlaşdırılmaqla həyata keçirilməlidir.
Böyük qayıdışın nəticəsi olaraq aparılan bərpa və yenidənqurma işləri işğal olunmuş ərazilərimizə yeni həyat gətirməklə kimliyimizi sübut edəcək. Abidələrin bərpası yalnız bərpaçı mütəxəssislərin layihələndirdikləri bərpa layihələrinə əsasən, müəllif nəzarəti altında aparılmalıdır. Düzgün bərpa və yenidənqurma işləri qədim Qarabağın turizm mərkəzinə çevrilməsinə kömək edəcək.
Azərbaycan cəmiyyətinin və diasporun geniş dairələrini bərpa işlərinə cəlb etmək, onlarda iştirakın zəruriliyi hissini formalaşdırmaq məqsədilə Qarabağ Dirçəliş Fondu ilk növbədə aşağıda göstərilən mədəni dəyərlərin bərpasına xüsusi diqqət yetirəcək:
a) Tarixi və bədii maraq baxımından, Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən daşınar və ya daşınmaz mədəni irs (məsələn, memarlıq, incəsənət və ya tarixi abidələr, dini və ya dünyəvi obyektlər, arxeoloji obyektlər, memarlıq ansamblları);
b) Əsas və faktiki məqsəd kimi «а» bəndində göstərilən daşınan mədəni sərvətlərin qorunması və ya nümayişi üçün nəzərdə tutulmuş binalar, o cümlədən muzeylər, iri kitabxanalar, arxiv anbarları, habelə silahlı münaqişə hallarında daşınar mədəni sərvətlərin mühafizəsi üçün nəzərdə tutulmuş sığınacaqlar;
c) “a” və “b” bəndlərində göstərilən və əhəmiyyətli sayda mədəni sərvətlərin saxlanılması üçün nəzərdə tutulmuş mərkəzlər, yəni “mədəni sərvətlərin cəmləşmə mərkəzləri”.
Bu obyektlərin rəmzi dəyərinin Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Fondun resurs və imkanlarının ilk olaraq məhz onların bərpasına yönəldilməsi həm Azərbaycan xalqının maraqlarını təmin edəcək, həm də Fondun nüfuzuna müsbət təsir göstərməklə donorların cəlb olunmasına xidmət edəcək.