XIX əsr alman fəlsəfəsi
İ.Kantdan başlayaraq Alman klassik fəlsəfəsi ənənəvi metafizikadan subyektin öyrənilməsinə doğru uğurlu addımlar atmağa başlamışdır. Yenə də Kantdan başlayaraq fəlsəfi bilik sahəsində çox böyük dəyişikliklər, o cümlədən ağırlıq mərkəzinin subyektin və onun fəaliyyətdə olan təbiətinin öyrənilməsinə yönəldilməsi ilə bağlı olmuşdur. Alman klassik fəlsəfəsinin inkişafının kuliminasiya momenti Hegel (1770– 1831) fəlsəfəsi olmuşdur. Hegelin Kantı tez– tez tənqid etməsinə baxmayaraq, onun sistemi Kantın fəlsəfi sistemi olmadan meydana gələ bilməzdi.
Ümumiyyətlə, XIX əsr fəlsəfəsinə Hegelin təsiri olduqca böyük olmuşdur. XIX əsrin sonunda Amerika, İngiltərə, ümumiyyətlə Avropanın bütün aparıcı filosoflarının əksəriyyəti, demək olar ki, hegelçi olmuşlar. Hegel fəlsəfəsi siyasi nəzəriyyələrə də böyük təsir göstərmişdir. Məlum olduğu kimi, K.Marks gəncliyində hegelçi olmuş və bütün ömrü boyu öz yaradıcılığında hegelçilik cizgilərini saxlamışdır. Təsadüfi deyildir ki, hegel fəlsəfəsi Marksizmin əsas mənbələrindən biri olmuşdur.
«Hegel fəlsəfəsinin... əsil əhəmiyyəti və inqilabi xarakteri də məhz ondan ibarətdir ki, o, insan təfəkkürü və hərəkəti nəticələrinin son– qəti xarakteri haqqındakı hər cür təsəvvürə birdəfəlik son qoydu. Fəlsəfənin dərk etməli olduğu həqiqəti Hegel daha, birdəfəlik kəşf edildiyinə görə ancaq əzbərlənməsi lazım gələn dəyişilməz hazır müddəalar yığını şəklində təsəvvür etmirdi; indi həqiqət idrak prosesini özündən, elmin uzun tarixi inkişafından ibarət idi ki, burada elmi biliyin aşağı pillələrindən getdikcə daha yüksək pillələrinə qalxır, lakin heç vaxt elə bir nöqtəyə çatmır ki, burada mütləq həqiqət deyilən şeyi taparaq, daha irəli gedə bilməsi və burada elm üçün ancaq əllərini qoyub tapdığı bu mütləq həqiqəti seyr etməkdən başqa bir iş qalmasın. Həm də təkcə fəlsəfi idrakda deyil, hər bir başqa idrak da həmçinin əməli hərəkət sahəsində də iş belədir. İdrak kimi tarix də heç zaman bəşəriyyətin müəyyən bir mükəmməl və ideal vəziyyətində qəti başa çata bilməyəcəkdir; mükəmməl cəmiyyət, mükəmməl «dövlət»,– bunlar ancaq xəyalda mövcud ola bilən şeylərdir. Əksinə tarixin gedişindən bir– birini əvəz edən bütün ictimai qaydalar ancaq bəşər cəmiyyətinin aşağı pillədən yüksək pilləyə sonsuz inkişafının keçici pillələrindən ibarətdir. Hər bir pillə zəruridir və beləliklə, onun həmin pilləni doğurmuş olan zaman və şərait üçün bəraəti vardır. Lakin bu pillə onun öz içərisində tədriciliyini itirir və öz bəraətindən məhrum olur. Bu pillə öz yerini daha yüksək pilləyə tərk etməyə məcburdur, o da habelə öz növbəsində süqut edir və məhv olur». Hegel akademik filosof olmuşdur və ömrü boyu fəlsəfəni tədris etmişdir.
L.Feyerbax (1804– 1871) Hegelin sistemini geniş şəkildə tənqid edən ilk filosof olmuşdur. L.Feyerbax «Xristianlığın mahiyyəti» adlı ən böyük əsərində idealist fəlsəfənin və dinin tənqidçisi kimi çıxış etmişdir. Görkəmli filosof fəlsəfəni materializm kimi başa düşmüş, idealizmi dinin nəzəri əsaslandırılması hesab etmişdir. Ona görə dinin əsasında etiqad, ehkamlar durduğu kimi, fəlsəfənin əsasında mühümlük, əql durur. Feyerbaxa görə, din insanın mahiyyətinin özgələşməsidir. Allaha aid edilən atributlar isə gerçəklikdə insana xas olan atributlardır. Hegeli tənqid edərək Feyerbax yazırdı ki, Hegelin fəlsəfəsindən imtina etməyən teologiyadan da imtina etməyəndir. Hegelin təlimindəki təbiət, reallıq, ideyalar tərəfindən əsası qoyulandır– deyildir. Bu isə teoloji təlimin rasional ifadəsindən başqa bir şey deyildir. Çünki teologiyaya görə, təbiət allah tərəfindən yaradılmışdır, maddi varlıqlar qeyri– maddi varlıqlar, daha dəqiq desək abstrakt varlıqlar tərəfidən yaradılmışdır.
Lakin Feyerbax Hegelin fəlsəfəsində heç nə görmür. Feyerbax sistemi dağıtdı və onu sadəcə olaraq bir kənara tulladı. Lakin müəyyən bir fəlsəfənin səhv olduğunu müəyyən etmək, hələ onunla işi qurtarmaq demək deyildir. Millətin mənəvi inkişafına çox böyük təsiri olan Hegel fəlsəfəsi kimi nəhəng bir irsi sadəcə etinasızlıq göstərmək vasitəsilə kənar etmək olmazdı. Hegel fəlsəfəsini, onun öz mənasında «aradan götürmək» lazım idi, yəni tənqid onun formasını məhv etməli, onun əldə etdiyi yeni məzmunu xilas etməli idi (F.Enegels).
Marks eləcə də marksizm fəlsəfəsi alman klassik fəlsəfəsinin, eləcə də XIX əsrin 40– cı illərində Avropadakı sosializm və kommunizm ictimai hərəkatının təsiri altında formalaşmışdır. K.Marks qarşısına kommunizmi fəlsəfi cəhətdən əsaslandırmaq məqsədini qoymuşdur. Bu zaman O, xeyli dərəcədə L.Feyerbaxın antropoloji materializminə əsaslanmışdır. Hər şeydən əvvəl, Feyerbax insan ideyasını bəşəriyyətin gələcəyi ilə əlaqələndirirdi. Bu təsəvvürlər çox halda Marksın təsəvvürləri ilə üst– üstə düşürdü. Feyerbax gələcəyi insanların ümumi qardaşlığı kimi başa düşürdü ki, bunu da çox vaxt kommunizm adlandırırdı.
F.Engels K.Marksın və özünün necə Hegelçi və sonra Feyerbaxçı olmasını ətraflı təsvir etmişdir. O yazırdı ki, Marksın xidməti ondadır ki, o zamankı Almaniyada rəhbər mövqe tutan hay– küyçü, iddialı və lap dar düşüncəli təqlidçilərin əksinə olaraq, unudulmuş dialektik metodu ilk dəfə yenidən meydana çıxarmış, bunun Hegel dialektikası ilə əlaqəsini, habelə ondan fərqini göstərmiş və eyni zamanda «Kapital»da həmin metodu müəyyən empirik elmin faktlarına, siyasi iqtisadın faktlarına tətbiq etmişdir. Lakin K.Marks «Kapital»ın I cildində özünün dialektik metodunun Hegelinkindən fərqini də göstərmişdir. «Mənim dialektik metodum Hegelin dialektik metodundan nəinki kökündən fərqlidir, hətta onun tamamilə əksidir. Hegelin ideya adı ilə hətta müstəqil subyektə çevirdiyi təfəkkür prosesi, onun fikrincə, gerçəkliyin demiurqudur (yəni yaradıcısıdır), gerçəklik isə təfəkkür prosesinin yalnız xarici təzahürüdür. Mənim fikrimcə, əksinə, ideya insanın başın köçüb orada yeni şəkil almış maddi varlıqdan başqa bir şey deyildir».
Dostları ilə paylaş: |