3) Həzm aparatının quruluşu və funksiyaları Həzm traktı bəzi genişlənmələri olan uzun borudan ibarətdir. Həzm yolu ağız
boşluğundan başlanır və anal dəliyində qurtarır. Ən əvvəl, qida ağız boşluğuna
daxil olur və burada bərk və yüksək sıxlığa malik olan qidalar xırdalanır və ağız
şirəsi (ağız suyu, tüpürcək) ilə isladılır. Ağız boşluğunda yerləşən 32 ədəd diş
vasitəsilə qida çeynənilir, dilin köməyi ilə qarışdırılır. Dil əzələ orqanı olub, səthi
selikli qişa ilə örtülüdür, burada yerləşən dad reseptorları isə qidanın dadını
müəyyən edirlər. Ağız şirəsi özlü, rəngsiz, neytral və ya zəif qələvi xassəli maye
olub, ağız boşluğunun ətrafında olan ağızsuyu vəzilərinin - çənəaltı, dilaltı və
qulaqyanı vəzilərin ifraz etdiyi həzm şirəsidir. Onun tərkibində 98,5-99% su və 1-
1,5 % üzvi maddələr (zülal maddələrindən musin, mürəkkəb şəkərlərə təsir edən
maltaza, amilaza və ya ptialin fermenti, qidadakı mikrobları zərərsizləşdirən
lizosim fermenti, habelə qeyri-üzvi maddələr (fosfor, natrium, kalium duzları)
vardır. Ağız suyu vəzilərinin sekretor fəaliyyəti ağıza düşən qidanın vəziyyəti,
miqdarı və keyfıyyətindən asılı olaraq şərtsiz və şərti refleks mexanizmləri
vasitəsilə tənzimlənilir.