arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
302
10. Onlardır (bilin) varis olanlar -
11. Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!
12. Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq. (Biz Adəmi
torpaqdan, Adəm övladını isə süzülmüş xalis palçıqdan - nütfədən xəlq etdik).
13. Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində)
yerləşdirdik.
14. Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik,
sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra
onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə
qədər (uca, nə qədər) uludur!
15. (Belə bir yaradılışdan) sonra siz mütləq öləcəksiniz!
16. Sonra siz qiyamət günü yenidən dirildiləcəksiniz!
17. And olsun ki, Biz sizin üstünüzdə yeddi yol (göy) yaratdıq. Biz (onların altındakı)
məxluqatdan da xəbərsiz deyilik. (Onları qoruyub saxlayır, nə etdiklərini bilirik).
18. Biz göydən lazımi qədər yağmur endirdik və onu yerdə (dənizdə, çayda, göllərdə və
quyularda) saxladıq. Biz, sözsüz ki, onu aparmağa da (yox etməyə də) qadirik!
19. Sonra sizin üçün onunla (o su ilə) xurma və üzüm bağları yaratdıq. Sizin üçün orada
bir çox meyvələr vardır ki, onlardan yeyirsiniz.
20. (Sizin üçün həmçinin mənşə e’tibarilə) Sina dağından çıxan bir ağac da (yaratdıq ki),
o, yeyənlər üçün zeytun və (çörəyin üstünə yaxılan, xörəyə qatılan) yağ bitirər.
21. Həqiqətən, heyvanlarda (ev heyvanlarında) da sizin üçün bir ibrət vardır. Biz
onların qarınlarında olandan (süddən) sizə içirdirik. Onlarda sizin üçün daha bir çox
mənfəətlər də vardır. (Bə’zilərini minir, bəzilərinin yunundan, bəzilərinin isə tükündən
istifadə edirsiniz). Həm də onlardan yeyirsiniz!
22. Həm onların, həm də gəmilərin üstündə (bir yerdən başqa yerə) daşınırsınız.
23. Həqiqətən, Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O belə dedi: "Ey qövmüm!
Allaha ibadət edin. Sizin Ondan başqa (ibadət edəcək) heç bir tanrınız yoxdur. Məgər
(Allahın əzabından) qorxmursunuz?"
|