arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
236
6. (Bundan) sonra sizə onların üzərində təkrar zəfər çaldırdıq, (yenidən) var-dövlət,
oğul-uşaq verməklə kömək göstərdik və sayca sizi (əvvəl olduğunuzdan və ya
düşmənlərinizdən) daha çox etdik.
7. Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də! İkinci fitnə-fəsadınızın (cəza)
vaxtı gəldikdə üzünüzü qara (sizi xəcil) etmək, məscidə (Məscidüləqsaya) birinci dəfə
girdikləri kimi girmək və ələ keçirtdikləri hər şeyi büsbütün məhv etmək üçün (fars və
rum padşahlarını) üstünüzə göndərdik. (Siz Yəhyanı öldürdünüz, onlar da əvəzində
sizi qətl edib, mə’bədinizi dağıdıb, yurdunuzu viran qoydular).
8. (Tövbə edəcəyiniz təqdirdə) ola bilsin ki, Rəbbiniz sizə rəhm etsin! Əgər siz (yenidən
yaramaz əməllərinizə) qayıtsanız, Biz də (sizi yenidən cəzalandırmağa) qayıdarıq. Biz
Cəhənnəmi kafirlərdən ötrü bir zindan etdik.
9. Həqiqətən, bu Qur’an (bütün bəşəriyyəti) ən doğru yola (islama) yönəldir, yaxşı işlər
görən mö’minlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir!
10. Axirətə inanmayanlar üçün isə şiddətli bir əzab hazırlamışıq!
11. İnsan (özünə) xeyir-dua etdiyi kimi, bəd dua da edər. (Adamın hirsi tutduqda
özünə, yaxud övladına bəd dua edər. Əgər Allah həmin şəxsin duasını qəbul etsə,
dərhal onun özünü, yaxud övladını məhv etməlidir. Lakin Allah səbirlidir, bəndələrinə
əzab verməkdə tələsməz). İnsan (hər şeydə) tələskəndir (gördüyü işin aqibətini
düşünməyə hövsələsi çatmaz).
12. Biz gecə və gündüzü (qüdrətimizə dəlalət edən) iki əlamət müəyyən etdik.
Rəbbinizdən ruzi diləməniz, illərin sayını və hesabı (vaxt ölçülərini) bilməyiniz üçün
gecənin əlamətini (qaranlığı) silib (yerinə) gündüzün işıqlı (görünən) əlamətini gətirdik.
Biz (ehtiyac hiss etdiyiniz) hər şeyi (Qur’anda) müfəssəl izah etdik.
13. Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün əməllərini)
açıq kitab kimi qarşısına qoyarıq.
14. (Və ona belə deyərik: ) "Oxu, kitabını (əməl dəftərini). Bu gün sən haqq-hesab
çəkməyə özün-özünə (özün öz əməllərinin şahidi olmağa) kifayətsən!"
15. Doğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər.
Heç bir günahkar başqasının günahını daşımaz. (Hərə öz günahına cavabdehdir). Biz,
peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik!
|