Rafiq İsmayılov Solmaz Abdullayeva



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix24.04.2017
ölçüsü4,8 Kb.
#15708
1   ...   4   5   6   7   8   9   10   11   12

1-ci hissə
Arazla Gülnazın babası kənddən onlara şüşə qabda üç rəngdə balıq göndərmişdi:
qızıl balıq, ala balıq və ağ balıq.
Uşaqlar balıqları akvariuma salıb pəncərənin qabağına qoymuşdular. Balıqlar çox
qəşəng idi. Dərilərini örtmüş xırda pulcuqlar işıqda par-par parıldayırdı. Qızıl balığın
quyruğu isə qəribə - təyyarə quyruğutək üç haça idi.
Araz bacısına dedi:
- Gülnaz, yemək gətir. Görmürsən balıqlar acıb?!
Gülnaz mətbəxə gedib çörək gətirdi. Araz çörəyi xırdalayıb bankaya səpdi. Balıqlar
qırıntıları acgözlüklə udurdular. Amma bir azdan bədbəxtlik baş verdi: ağ balıq
yırğalana-yırğalana üzməyə başladı. O, tez-tez böyrü üstə dönürdü. Balığın
qəlsəmələri yavaş-yavaş qalxıb enirdi. Uşaqlar bundan təşvişə düşdülər. Gülnaz o
biri otağa gedib atasına xəbər verdi:
- Ağ balıq xəstələnib!
Ağ balığın qarnının şişdiyini görən ata uşaqlardan soruşdu:
- Balıqlara nə yedizdirmisiniz?
Araz dedi:
- Çörək qırıntısı.
- Yəqin, çox səpmisiniz?
Gülnaz bildirdi:
- Lap doyunca.

- Hm... aydındır! Balıq çörəkdən köpüb, tələf olacaq. Onlara balıq yemi vermək
lazımdır.
Ertəsi gün Araz atası ilə birlikdə zoomağazaya gedib balıq yemi aldı. Sağ qalan
balıqları yemlədi. Ala balıq və qızıl balıq yemi iştahla yeyirdi.
Axşamçağı Araz Gülnaza dedi:
- Balıqların suyu bulanıqdır, kömək elə, dəyişək.

Gülnaz anasından qab aldı. Araz balıqları bir-bir tutub oraya saldı. Sonra şüşə
bankanı təmiz su ilə doldurdu və balıqları öz yerinə qaytardı. Balıqlar şəffaf suda
daha yaraşıqlı görünürdü.
Lakin uşaqların sevinci uzun sürmədi. Çox keçmədən ala balıq da yanı üstə düşdü.
O, üzgəclərini işlədib suda düz durmağa çalışsa da, bir şey çıxmırdı.
2-ci hissə
Səhər bacı və qardaş mağazaya getdilər. Araz satıcıya müraciət etdi:
- Dünən sizdən aldığımız su birəsi tozunu balıqlara verdik. Sularını təzələdikdən
sonra nədənsə biri öldü.
- Bir de görüm, suyu necə dəyişdiniz?
- Çətin iş deyil ki! Kranı açıb akvariumu doldurduq.
- Balıqları da dərhal oraya saldınız, eləmi?
- Bəli.
- Tələsmisiniz, bala! Tələsmisiniz! Kran suyunda çoxlu hava olur. Bu isə balıq üçün
ziyandır. Akvariumu kran suyu ilə doldurandan sonra bir müddət gözləmək lazımdır
ki, içindəki hava çıxsın.
Artıq qızıl balıq tək qalmışdı. O daha əvvəlki kimi cəld və qıvraq deyildi. Qabın dibinə
qısılıb hərəkətsiz dururdu.
Arazın ona yazığı gəlirdi. Bir dəfə o, bacısına dedi:
- Gəlsənə qızıl balığı aparıb gölə buraxaq?
Gülnaz burnunu salladı:
- Yox, istəmirəm!
- Tərslik eləmə. Axı balıq da azadlıq sevir.
Arazgilin evi şəhərin ucqarında idi. Məhəllənin yaxınlığındakı dərədə kiçik bir göl
vardı. Yazda və payızda yağan yağışlar yamaclardan süzülüb buraya tökülürdü. Yayın
qızmar vaxtında belə gölcük qurumurdu. Onun sahilində hündür qamış bitir, ətrafı
yaşıl otluqla örtülü olurdu. Baharda uşaqlar çəməndən zərif və ətirli çöl çiçəkləri
yığırdılar.

Araz və Gülnaz gölün qırağına gəldilər. Araz bankanı əyib boşaltdı. Qızıl balıq şappıltı
ilə suya düşdü. Əvvəlcə oyan-buyana vurnuxdu, sonra ehtiyatla üzərək sahildən
aralandı. O, dərinlikdə gözdən itdi...
Uşaqlar qızıl balığın dalınca xeyli baxdılar. Gülnaz tutulan kimi oldu:

- Buraya tez-tez gəlib balığımıza baş çəkərik.
Araz dedi:
- Eh, sən də söz danışdın! Bu boyda göldə o balığı görmək olar?!
Amma uşaqlar təəssüflənmirdilər. Çünki sakit göldə onların qızıl balığı yaşayırdı.
Çingiz Ələkbərzadə
DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
1. 
Baba Arazla Gülnaza balıqları bağışlayan kimi uşaqlar kitab mağazasından
akvarium balıqları haqqında sorğu kitabı alsa idilər, hadisələr necə davam
edərdi?
2. 
Balıqlar haqqında bildiyin və mətndən öyrəndiyin elmi məlumatlar əsasında
təqdimat hazırla.
3. 
Aşağıdakı cümlədə köməkçi nitq hissələrini tap. Onlardan hansı mürəkkəb
cümlənin tərkib hissələrini bir-birinə bağlayır?
Samir dostları ilə dəniz sahilinə getmək istəyirdi, amma hava soyuq olduğu
üçün anası icazə vermədi.
YADDA SAXLA!
4. 
Nöqtələrin yerinə uyğun gələn bağlayıcı yazmaqla cümlələri dəftərinə köçür.
və, amma, çünki
1.  Ana oğlundan məktub gözləyirdi, ... poçtalyon bu dəfə də əliboş
gəlmişdi.
2.  Ana çox nigaran idi, ... çoxdandır oğlu məktub yazmırdı.
3.  Nəhayət, bir gün qapı açıldı ... poçtalyon əlindəki məktubu anaya uzatdı.
Mürəkkəb cümlənin tərkib hissələri vergüllə və ya köməkçi nitq hissələri
ilə bağlanır. Məsələn: 
Gün batdı, hava qaraldı. Müəllim sinfə girdi və dərs
başlandı.
Cümlələri bir-birinə bağlayan köməkçi nitq hissəsi bağlayıcı adlanır.

Üçüncü dəfə gələndə İlqar əlindəki çiçək dəstəsini sağsağana tərəf yellətdi. Fit çaldı.
Onu qorxutmaq istədi. Sağsağan öz işindəydi. Onu vecinə almırdı. İlqar bərk
hirsləndi. Sağsağanın dalınca düşdü. Sağsağan isə elə bil onunla qaçdı-tutdu
oynayırdı. Yaxınlaşan kimi uçub daha uzaqdakı inəyin, yaxud qoyun-quzunun belinə
qonurdu...
Atası kənardan sakitcə onları izləyir, öz-özünə gülürdü. Axırda gördü ki, uşaq
heyvanları ürküdüb dağıdacaq, ayağa qalxıb onu harayladı:
– İlqar! Ay İlqar!..
– Nədir, ata? – İlqar dayanıb ona tərəf gözünü qıydı. Bərk tövşüyürdü.
– Sağsağanla işin olmasın, oğlum...
– Axı heyvanların belini dimdikləyib deşir...
Atası onu sakitləşdirdi:
– Deşməz, oğlum. Sağsağan heyvanların belində başqa şey axtarır.
– Nə axtarır, ata?.. – İlqar yavaş-yavaş geri qayıdıb atasına yaxınlaşdı.
Nigar Həbibova
DÜŞÜN VƏ CAVAB VER
SAĞSAĞAN NƏ AXTARIRDI
Mal-qara, qoyun-quzu düzə yayılıb
otluyurdu. Ata bir qıraqda yapıncısını
çəmənliyə sərib uzanmışdı. Bir gözü
oğlunda, balaca İlqarda idi.
İlqar yamacda çiçək topluyur, kəpənək
qovurdu. Birdən xallı inəyin belindəki sağ
sağanı görüb dayandı. Ala sağsağan inəyin
belində gəzir, nəyisə dimdikləyirdi.
Sonra o, havaya qalxdı, uçub gözdən itdi.
Aradan bir az keçmiş təzədən göründü. Bu
dəfə başqa bir inəyin belinə qondu. Eyni
qaydada nəsə axtarmağa başladı. Bir də
uçub getdi. Amma İlqar onun dimdiyində
nə apardığını görmədi...
1. 
Səncə, sağsağan nə axtarırdı? Öz variantını de, sonra kitabı çevir və oxu.
2. 
Altından xətt çəkilmiş hansı söz düzgün yazılıb?

YAZ
Getdi qışın ayazı, 
Parladı ilin yazı. 
Əridi dağlarda qar, 
Bulanıq sellər axar. 
Yenə coşub Araz, Kür, 
Sahilləri hey sökür. 
Yaşıl geymiş dağ, dərə, 
Yenə bizim ellərə 
Quşlar da gəldi qonaq, 
Yuva oldu hər budaq. 
Bəzəndi boz yamaclar, 
Qırqovullar, turaclar 
Kollarda qaqqıldaşır, 
Kənddə adam qaynaşır. 

Yaz xoş xəbərlə gəlmiş, 
Canlanır hər yanda iş. 
Traktorlar səslənir,
Qoyun, quzu bəslənir. 
Bir yanda sürü, çoban, 
Bir yanda bağça, bostan. 
Bir yanda göy tarlalar 
Dəniztək dalğalanar. 
Uğur olsun, gözəl yaz! 
Səni sevməmək olmaz! 
Açdıqca əlvan güllər 
Fərəhlənir könüllər. 
Əlində elin sazı, 
Xoş gəldin, ilin yazı!
Abdulla Şaiq
SÖZ EHTİYATI
DÜŞÜN VƏ CAVAB VER
1.  "Yaz" sözünü müxtəlif mənalarda cümlələrdə işlət.
2. 
Şair şeirin son misraları ilə nə demək istəyir?

ALMA AĞACI
Cəfər hündür barıya dırmaşıb həyətə
boylandı. Zakirin yer qazdığını görüb qışqırdı:
- Ey! Orada nə edirsən?
- Ağac əkirəm, - deyə Zakir astadan cavab
verdi.
Cəfər barını aşıb onun yanına gəldi. Zakir
nazik zoğlu alma şitilini Cəfərə uzatdı:
- Al, bağınızda əkərsən, bir-iki ildən sonra
böyüyər, bar verər, - dedi.
Cəfər çiyinlərini çəkdi:
- Nəyimə lazımdır? Uşaqlar sənin adını bağban qoyublar, özün də ək.
- Pis iş deyil ki, sən də öyrən.
- Mən bilirəm.
- Bilmirsən...
- Bilirəm.
Onlar xeyli mübahisə etdilər. Cəfər acığa düşüb alma ağacını Zakirdən aldı. Zakir
dedi:
- Gəl sənə əkməyi öyrədim.
-Bah! 
 Özüm o qədər əkmişəm ki, - deyib Cəfər getdi.
O öz həyətlərinin ortasında çala qazdı. Ağacı basdırıb dibinə də bir vedrə su tökdü...
Aradan bir ay keçdi. Zakirin əkdiyi ağaclar yavaş-yavaş dirçəlməyə başladı. Cəfərin
ağacı isə günü-gündən quruyurdu. O nə qədər fikirləşirdisə, bunun səbəbini anlaya
bilmirdi. Zakirdən də soruşmağa üzü gəlmirdi.
Bir gün Zakir onun əkdiyi ağaca baxdı.
- Bu niyə quruyur? - deyə soruşdu.
Cəfər dilləndi:
- Mən ona yaxşı qulluq edirəm, hər gün suluyuram. ancaq nədənsə bitmir ki, bitmir.

- Qəribədir, - deyə Zakir təəccüblə dodaqlarını büzdü.
Cəfər də çiynini çəkdi.
- Mən hər gün su tökməzdən əvvəl onu çıxarıb kökünə baxıram, görürəm ki,
bitməyib.
- Necə? Kökünə baxırsan? - Zakir güldü.
- Hə də, kökünə baxıb yoxluyuram da. Bəs haradan bilim ki, tutub, ya yox?
Zakir qəhqəhə çəkib güldü. Cəfər pərt olmuşdu. O, başını aşağı saldı. Deyəsən, öz
səhvini anlamışdı.
İsi Məlikzadə
DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
ŞİFAHİ NİTQ
1. 
Cəfərin ağacı nə üçün qurudu?
2. 
Hansı atalar sözü mətnin məzmununa uyğun deyil?
A) Bağ salan barın yeyər. 
B) Lovğalığın sonu xəcalətdir. 
C) Bilməmək eyib deyil, bilməyib soruşmamaq eyibdir.
3. 
Altından xətt çəkilmiş sözlərdən hansı düzgün yazılıb?
4. 
Mavi rəngli boşluğun yerinə hansı ifadə uyğun gəlir?
A) Bişmiş toyuğun gülməyi gəlir. 
B) Vaxtsız banlayan xoruzun başını kəsərlər. 
C) Xoruz yox idi, səhər açılmırdı?
Məsəllər
5. 
Elə bir mətn qur ki, orada “Toydan sonra nağara” məsəlini işlətmək mümkün
olsun.
Yazılı və şifahi nitqdə müəyyən məqamlarla bağlı məsəllər işlədilir.
Məsələn: ”Dava yorğan davasıdır'',”Heç hənanın yeridir?
Atalar sözündən fərqli olaraq məsəllər müdrik fikir ifadə etmir, sadəcə,
müəyyən məqamı daha qabarıq və obrazlı nəzərə çatdırır.

ÜMUMİLƏŞDİRİCİ TƏKRAR
1. 
Bölmədəki hansı mətnlərdə ağaclar haqqında məlumat var? Hər bir
mətndən öyrəndiyin məlumat haqqında danış.
2. 
Hansı mətndə ağacların xeyri haqqında daha çox məlumat var? Onları
sadala.
3. 
“Suallar, cavablar”, “Gülgəz”, “Buğda üşüyürmü”, “Alma ağacı” mətnləri üçün
ümumi cəhət nədir? Bu mətnlərin qəhrəmanları haqqında nə deyə bilərsən?
Onların oxşar və fərqli cəhətləri haqqında danış.
4. 
Mətnlərdən heyvanlara qulluq haqqında nə öyrəndin?
5. 
Bölmədəki mətnlərdən, sənin fikrincə, ən maraqlı, ən gülməli, ən təsirli
olanını seçib cədvəli dəftərində tamamla.
6. 
Verilmiş mürəkkəb cümlələri sadə cümlələrə ayır.
1. İldırım çaxır, şiddətli yağış yağırdı. 
2. Elman pəncərəyə yaxınlaşdı və sevincdən gözləri güldü. 
3. Etibar atdan yıxıldı, ancaq ona heç nə olmadı.
7. 
Verilmiş nümunələrdə bənzətmə və epiteti müəyyənləşdir.
Çox keçmişəm bu dağlardan, 
Durnagözlü bulaqlardan! 
Eşitmişəm uzaqlardan 
Sakit axan Arazları, 
Sınamışam dostu, yarı... 
(Səməd Vurğun)
Könül tərlan kimi baş alıb oynar, 
Buluddan buluda qanad çalaraq. 
(Səməd Vurğun)
8. 
“Dava yorğan davası imiş” məsəlinin işləndiyi məqamı müəyyənləşdir və
onunla bağlı mətn qur.

MƏNİ İTİRMƏYİN
Dağların zirvəsində dolaşan qara buludlar
qəfildən sıxlaşdı, dərələrin, meşələrin üstü ilə
üzüaşağı səhralara doğru yeridi. Şiddətli külək
xəzəli, toz-torpağı göyə sovurub uğultu ilə çöllərə
yaydı. Göy şaqqıldadı, şimşək çaxdı. Dəliqanlı dağ
çayları köpüklənib yatağından çıxdı. İnsan
məskənlərində haray qopdu. Hamı bildi ki, fəlakət
var, göylərdən bəla gəlir.
Analar körpələrini dallarına şəllədilər. Uşaqlar əl-
ələ yapışdılar, təpələrə, dikdirlərə üz tutdular.
Əllər göylərə uzanıb imdad dilədi:
- Allah, sən saxla!
Sel daxmaları, evləri ağuşuna götürdü. Bir anda hər yeri su basdı.
Göy yenidən şaqqıldadı. Elə bil səma ortadan buz kimi çatlayıb qırıldı və əyri-üyrü
yarıqların arasından od püskürdü. Bu odlu zolağın bir hissəsi yerə sancılıb xeyli
titrədi.
Meşələrdən yeriyib gələn alov suya hücum çəkdi. Su qəzəblənib poqquldadı, alovun
üstünə atıldı, əlbəyaxa oldular. Elə bu vaxt göy gurultusundan da dəhşətli bir səs
eşidildi:
- Dayanın!!!
Bu səs şaqqıldadı, əks-səda verə-verə üfüqə doğru gedən selin dalınca yayıldı,
alovda qovrulan meşənin üstündən keçdi. Hər şey diksinib dayandı.
- Sən kimsən?
- Mən Vicdanam!
Ləpələr bir-birinə dəyib şappıldadı: “Vicdan, Vicdan”. Od tutub alışan meşələrdəki
ağaclar çatırdadı: “Vicdan, Vicdan”. Əlləri göylərə qalxan insanların dodaqları
tərpəndi: “Vicdan, Vicdan”. Bu səslər əks-səda verdi, qol-qanad açdı və Kainatın hər
yerindən eşidildi: “Vicdan, Vicdan”. Vicdanın göy şaqqıltısından da güclü səsi yenidən
eşidildi:
- Geri çəkilin!

Od çatırdayıb, şaqqıldayıb qəhqəhə çəkdi:
- Yoxsa bizə düz yol göstərmək istəyirsən, ey Vicdan?

- Bəli! Sən dünyaya yandırıb-yaxmağa gəlməyibsən! Sən də, ey su, uçurub-dağıtmaq
üçün yaranmayıbsan! Bilin və yadınızda saxlayın: dünyaya gələn yaratmalı,
yaradanlara kömək etməlidir.
Su Vicdana qulaq asdı. Sakitcə çalxalandı. Dinməz-söyləməz dəstələnib öz yatağına
yığışdı. Suyun altında qalmış insan məskənləri üzə çıxdı, ürküdülmüş heyvanlar geri
qayıtdı. Təpənin zirvəsinə pənah gətirənlər sevincdən ağlaya-ağlaya aşağı endilər.
Ancaq yolun ortasında dayandılar. Hər yan lillənmişdi.
- Niyə dayanmısan? - deyə Vicdan çaşıb-qalmış odu səslədi. - Tez ol, bataqlığı qurut,
daxmalarda ocaq qala, soyuqdan titrəşənləri isit!
Od hərəkətə gəldi. Azacıq sonra daxmaların bacalarından tüstü qalxdı, həyətdəki
ocaqlar çatırdadı. İnsanlar məskənlərinə qayıtdılar.
...O gündən Od, Su və Vicdan yoldaş oldular. Sonsuz səhralara su verdilər, şaxtalı,
boranlı diyarlara istilik gətirdilər. Harada insan gördülər, dayandılar, onların məskən
saldıqları yerləri suladılar, evlərində ocaq qaladılar, ürəklərə sevinc gətirdilər. İndi
isə ayrılmaq vaxtı idi. Vicdan əlini dostlarının çiyninə qoyub soruşdu:
- İşdir, birdən bir-birimizi itirsək, necə tapışacağıq?
Su gülə-gülə dilləndi:
- Harada çəmənlik, yaşıllıq görsəniz, məni orada axtarın.
Od dedi:
- Harada ocaq, bacalardan burulub çıxan tüstü görsəniz, bilin ki, oradayam. Bəs səni
itirsək, necə tapaq, ay Vicdan?
Vicdan köksünü ötürüb üfüqlərə baxdı və titrək səslə dilləndi:
- Amanın bir günüdür, məni itirməyin, itirsəniz, tapa bilməzsiniz.
İsmayıl Şıxlı
DÜŞÜN VƏ CAVAB VER
1. 
Mətndə hansı təbii fəlakətlərdən danışılır?
2. 
Mətnə görə, alov nədən yarandı?
A) dağın zirvəsində vulkanın püskürməsi nəticəsində 
B) meşəyə ildırım düşməsi nəticəsində 
C) meşəyə qaçmış uşaqların dəcəlliyi nəticəsində
3. 
Vicdanın hansı sözləri əsərin əsas ideyasını ifadə edir? Həmin cümləni izah
et.

ƏN BÖYÜK DÖVLƏT
(rəvayət)
Keçmiş zamanlarda bir cavan oğlan
daim öz kasıblığından şikayət edərdi.
- Ah, kaş mənim də böyük dövlətim
olaydı! Onda mən həmişə deyib-gülüb
yaşayardım! - deyə o, həmişə
gileylənirdi.
Bir qoca daşyonan onun evinin
yanından keçəndə oğlanın sözlərini
eşidib dedi:
- Sən nədən şikayətlənirsən? Sən ki
böyük dövlət sahibisən!
- Mən dövlət sahibiyəm? - deyə oğlan təəccübləndi. - Bəs hanı?
- Sənin gözlərin. Sən bir gözünün əvəzinə nə almaq istərdin? - deyə qoca ondan
soruşdu.
- Sən nə danışırsan?! - deyə oğlan təşvişlə ona cavab verdi. - Mən gözümü heç bir
xəzinəyə dəyişmərəm.

- Yaxşı, - deyə daşyonan sözünə davam etdi. - Onda gəl əllərini kəsək. Əvəzinə sənə
çoxlu qızıl verərəm!
- Yox, mən əllərimi qızıla satmaram, - deyə oğlan cavab verdi.
Daşyonan dedi:
- İndi görürsən ki, sən necə dövlətlisən?! Bəs nə üçün şikayətlənirsən? Mənə inan,
insan üçün ən böyük dövlət qüvvət və sağlamlıqdır. Bunları heç bir pulla almaq
olmaz!
Qoca bunu deyib öz yolu ilə getdi.
DÜŞÜN VƏ CAVAB VER
İnsan üçün gözlərin, əllərin əhəmiyyəti nədədir? Yalnız gözlər və əllərlə dövlətli
olmaq olar? Onlarla yanaşı nələr vacibdir? Bunu nəzərə alaraq dialoqu davam
etdir.

BUZ
Payız çoxdan öz yerini qışa
vermiş, qar yağmışdı. Lakin
havalar 
mülayim
 keçdiyindən
son günlərdə yağan qar suya
dönürdü. Həyətin küncündə
olan bir topa qar diqqətimi cəlb
etdi. Görünür, günəşin 
zəyif
şüalarından uzaqda olduğundan
hələ əriməmişdi. İndiyə qədər
çox qar görmüşdüm. Ancaq
bilmirəm nədəndir, bu bir topa
qar mənə çoxdan baş vermiş
hadisəni xatırlatdı. Çox qəribə
hislər keçirdim, həm sevindim,
həm də məni həyəcan bürüdü.
Bu hadisə mən uşaq olanda baş vermişdi. Yaz gəlsə də, havalar soyuq keçirdi.
Xalam xəstələnmişdi. Həkim çağırdılar, xalamı 
müayinə
 etdi və bir neçə dərman
yazdı. Gedəndə də dedi ki, xəstənin vəziyyəti yaxşı deyil, ondan muğayat olaq.
Ailəmizin bütün üzvləri kimi mən də narahat oldum. Sonra xalamın əri məni bazara
göndərdi ki, gedib buz alım, ancaq yubanmayım. Özü isə dərman almağa getdi.
Sonra öyrəndim ki, xalam çox qızdırmalı olduğundan bu buzu onun ürəyinə
qoyacaqdılar.

Bazara gedib buzu aldım. Geri qayıdanda həyətin bütün uşaqları yolda idi. Çox
maraqlı oyun gedirdi, mən buzu yolun bir tərəfinə qoyub uşaqlara qoşuldum. Bir
qədər oynadıq, sonra necə oldusa Hacı Muradın oğlu Şirəli ilə dalaşdıq. Uşaqlardan
bəzisi kənarda durub baxır, bəzisi isə bizim dalaşmağımızdan əylənir, necə deyərlər,
bizi daha da “həvəsləndirirdi”. Nə qədər vaxt keçdiyini deyə bilmərəm, bir də ayıldım
ki, Hacı Murad oğlunun çiynindən tutub apardı. Mən üst-başımı düzəldib uşaqlarla
yenidən oynamağa hazırlaşırdım ki, yolun kənarına qoyduğum buzu gördüm.
Qızdırma içində olan xalam yadıma düşdü.
Bir neçə dəqiqə sonra təşviş içində evə çatdım. Anam dedi: “Ay bala, harada qaldın?
Arvad qızdırmadan yandı ki!..” Buzu xalamın ürəyinin üstünə qoydular. Bir neçə
saatdan sonra onun qızdırması endi,

yavaş-yavaş özünə gəlməyə başladı. Sonra anamdan eşitdim ki, bir neçə dəqiqə də
geciksəydim, xalamı itirəcəkdik.
İndi həyətin küncündəki topa qarı görəndə sevinclə qarışıq bir qorxu hissi məni
bürüdü. Bu qar elə bil qəlbimə yeni bir qış soyuqluğu gətirdi. Bəlkə, hər şey tərsinə
olardı? Mənim məsuliyyətsiz uşaqlığım üzündən xalamı itirərdik. Bu qorxunc
fikirdən uzaqlaşmaq istədim Sevindim. Sevindim ki, xalamı xilas etmək üçün
gecikmədim.
Cəlil Məmmədquluzadənin 
eyniadlı hekayəsi əsasında
DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
1. 
Hansı atalar sözü mətnin məzmununa uyğun gəlir?
A) Oğul dayıya çəkər, qız xalaya. 
B) Uşağı buyur, dalınca yüyür. 
C) Oğul günahsız olmaz, ata mərhəmətsiz.
2. 
Səncə, uşaq olmaq məsuliyyətsizliyə haqq qazandırırmı?
3. 
Mətni başqa cür necə adlandırmaq olar?
4. 
Mətndə hadisə birinci şəxsin dilindən verilir. Mətni üçüncü şəxsin dilindən
danış.
5. 
Mavi rənglə verilmiş sözlərdən hansı səhv yazılıb? Hər üç sözü fonetik təhlil
et.
6. 
"Hacı Murad oğlunun çiynindən tutub apardı" cümləsində altından xətt
çəkilmiş sözlərin kökünü müəyyən et. Şəkilçi qoşulduqdan sonra sözün
kökündə hansı dəyişiklik baş verir?
7. 
Verilmiş mürəkkəb cümləni sadə cümlələrə ayır və baş üzvlərini müəyyən et.
Çox maraqlı oyun gedirdi, mən buzu yolun bir tərəfinə qoyub uşaqlara
qoşuldum.
8. 
Sonuncu abzasda altından xətt çəkilmiş cümlənin mübtədasını bərpa
etməklə oxu.

dünyanın ən güclüsü hesab edirdi. Çinar
heç nədən çəkinmirdi, heç nədən
qorxmurdu. İş o yerə çatdı ki, günlərin bir günü onun yarpaqları xışıldadı:
- Mən heç nədən, heç küləkdən də qorxmuram!
Külək bu xışıltını eşitdi və qəzəbləndi.
Külək çinar ağacının ətrafında fırlandı, sonra daha da bərk əsdi, getdikcə lap bərkidi,
çovğuna çevrildi. Yer titrədi, göy titrədi, çinar ağacı silkələndi, yarpaqları qopdu,
budaqları qırılmağa başladı. Qəzəbli külək çinarın ətrafında elə bir burulğan yaratdı
ki, o boyda ağac uzun-uzun illər bundan əvvəlki nazik gövdəcik kimi əsim-əsim
əsməyə başladı. Az qaldı ki, torpaqdan qopsun.
Külək bircə an dayandı ki, yeni bir qüvvə ilə hücum edib çinar ağacını göyə sovursun.
Elə bu an bir civilti səsi eşidildi. Çinar ağacının yaxınlığında köhnə bir dəyirman var
idi və külək burulğanının dalğası bu dəyirmana da çatırdı. Dəyirmanın tavanının
altında isə bir qaranquş yuvası var idi. Zəif-zəif civildəyən də o yuvadakı qaranquş
Çinar ağacı lap balaca idi. Gün keçdi, ay
dolandı, il keçdi, çinar ağacı böyüdü. O
qədər böyüdü ki, haçansa balaca olmağı
yadından çıxdı. Yadından çıxdı ki,
yanından yüngülcə bir yel ötəndə çöp
kimi nazik gövdəsi az qalırdı sınsın. İndi
çinarın başı göylərə dəyirdi. O, bütün yer
üzünə yuxarıdan aşağı baxırdı və özünü
bu

balası idi.
Qaranquş balası yuvanın içində cıqqılı başını balaca və zəif bədəninə qısmışdı.
Birdən-birə aləmi bürümüş qasırğadan elə qorxmuşdu ki, təkcə öz ürəyinin
döyüntüsünü eşidirdi, daha başqa heç nə görmür, eşitmirdi. Külək bircə an sükut
edəndə cıqqılı ürəyin döyüntüsünü eşitdi:

- Mən qorxuram...
Külək yenidən qıy vurmağa hazır idi və bilirdi ki, o qıydan sonra çinar ağacı köklü-
köməcli qopub göyə sovrulacaq, amma külək bu civiltini eşitdi və birdən-birə
tamamən boşaldı. Daha bir də qıy vura bilmədi. Külək qıy vursa idi, çinar ağacı ilə
birlikdə bu köhnə dəyirman da, köhnə dəyirmandakı qaranquş yuvası da göyə
sovrulacaqdı. Balaca qaranquş balası başını qaldırıb xırdaca və qapqara gözləriylə
nigaran-nigaran ətrafa baxdı. Çinar ağacı isə yavaş-yavaş özünə gəlirdi və qol-budağı
sınsa da, yenə əvvəlki kimi yer üzünə yuxarıdan aşağı baxa-baxa deyirdi:
- Gördünüz?! Külək mənə heç nə eləyə bilmədi.
Elçin
XAN ÇİNAR
...Karvan çəkər göydə qara
buludlar, 
Çovğun gələr, şaxta kəsər, su
donar, 
Xan çinarım əyməz məğrur
başını, 
Kimsə bilməz Xan çinarın
yaşını. 
Gecə qara, durdum, düşündüm
bir az, 
Dedim, nədən ulu çinar
yıxılmaz? 
Birdən çinar dilə gəldi, dedi: -
Bax! 
Bu torpaqda dərindən kök
salaraq 
Hər tərəfə uzatmışam qolumu, 
Övladlarım bürüyüb sağ-
solumu. 
Belə məğrur dayanmağa
haqlıyam, 
Mən kökümlə bu torpağa
bağlıyam.
Rəsul Rza
DÜŞÜN VƏ CAVAB VER
1. 
“Çinar ağacı” və “Xan çinar” əsərlərindəki çinar obrazlarını müqayisə et.

2. 
Xan çinar “övladlarım” dedikdə nəyi nəzərdə tuturdu?
3. 
Birinci mətndə olan hansı obraz “Xan çinar” şeirində yoxdur?
A) çovğun
B) torpaq
C) qaranquş balası

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin