NİZAMİNİN TOYUNDA
Ey Nizami, şairlərin sultanı,
Sən ən böyük ustaların birisən,
Səkkiz əsr öncə gəldin dünyaya,
Hamı öldü, sən hələ də dirisən.
Qələm etdin lələyini ağ qazın,
Bu dünyanı heyran etdi hər yazın,
Karvanlara yol göstərir mayak tək
Mavzoleyin güneyində Qafqazın.
Sən dirisən bu gün doğma elində,
Şeirlərin Azərbaycan dilində.
Ey Nizami, mən şeirinin vurğunu,
Salamlaram səni, Səməd Vurğunu.
AZƏRBAYCAN QIZINA
Adın Sona, gözün qara, gözəl qız,
Səni gördüm, niyə oldum qərarsız,
Əgər könül albomunda yer olsa,
Mən qazaxın rəsmini də qoyarsız.
Təbriz-Bakı səmasında bir sona,
Gümüş Xəzər sahilində gül Sona,
Ürəyimdən ürəyinə nə axar,
Mən deməyim, ürəyinə sorsana.
QOLTUQAĞACLI İGİD
Mən ağaclı bir igidi gördüm də,
Qəsdən ona bu sualı verdim də:
–Söylə, dostum, hardadır bir ayağın?
Harda onu bada verib gəldin də?
İgid imiş, cavab verdi o saat:
–Görürsən ki, bir ayağım yerində,
Sizinkilər qalsın deyə salamat,
İkincini qoyub gəldim Berlində!
ALMA BAĞINDA
Qılınc, xəncər qurşandı,
Bir qoç igid at minib.
Çıxdı alma bağından
Cavan gəlin şad, gülüb.
İgid dedi yarına:
–Bağ qoruyub, qəm çəkdim,
Mənə alma bağında
Sən neçə cür gül əkdin?
Dedi ona gəlincik:
–Bağı tez-tez yoxladım,
Gülü sənə bağda yox,
Ürəyimdə saxladım.
Gün bu sözdən nur aldı,
Güldü alma, güldü bağ.
İki ürək bir oldu,
Mahnı dedi kefi çağ.
YAYLIQ
Müqəddəs bir andımdır,
Peymanımdır bu yaylıq.
Bürü ona qəlbini,
Uzun çəksə ayrılıq.
Bu ləkəsiz yaylığa
Göz yaşımı tökmüşəm,
Canım, onu məndən al,
Sənin üçün tikmişəm.
Eli qoru yağıdan,
Kaş ki sənə yarasın,
Lazım olar sarmağa
Biləyinin yarasın.
Bəlkə onda bu yaylıq
Qızıl qana boyanar,
Yara gəlsə bəd xəbər,
Tez yuxudan oyanar.
Vətən üçün, sən üçün
Dağı-daşı çaparam,
Keçib neçə təpə, dağ
Axır səni taparam.
Qanın hopan bu yaylıq
Sonda bizi bağlayar,
Bu yaylıqda bir sirr var,
Mahnı olub çağlayar.
OXU, OXU, BÜLBÜLÜM
Oxu, oxu, bülbülüm,
Nəğmə axsın dilindən,
Dan quşları zövq alsın
Sənin şirin ünündən.
Oxu, oxu, bülbülüm,
Tale quşu inləsin,
Göydə durna, göldə qaz
Susub səni dinləsin.
Oxu, oxu, bülbülüm,
Səda versin uca dağ,
Qalın meşə dincəlsin,
Çiçək açsın bağça-bağ.
Oxu, oxu, bülbülüm,
İnci taxsın gümüş su,
İpək kimi oxşansın
Gənc qızların duyğusu.
Oxu, oxu, bülbülüm,
Heyran qalsın altın gün,
Bəhs eləsin ulduzlar
Macərandan gecə – tün.
Oxu, oxu, bülbülüm,
Səsin yurdda çağlasın,
Yad eldəki qəriblər
Yaylıq alıb ağlasın.
Oxu, oxu, bülbülüm,
Qoy çin olsun diləyim,
Sən cəh-cəh vur, sirdaşım,
Mən də şeir söyləyim.
Susma, oxu ilhamla,
Qoyma səsin üzülsün,
Mən səs verim səsinə,
Söz mərcanı düzülsün.
Can susayar xoş səsə,
Ruha qida – xoş avaz,
Bu xalq üçün, el üçün,
Ha oxusaq, yenə az.
ORAZ YAĞMUR
(1947)
Yazar, şair və araşdırmacı Oraz Yağmur (Orazdurdı Yağmırov) 1947-ci il avqust ayının 15-də Türkmənistanın Mərv vilayətində anadan olmuşdur. 1972-ci ildə Məxdumqulu adına Aşqabad Dövlət Universitetinin türkmən dili və ədəbiyatı fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Bir müddət nəşriyyatda, daha sonra uzun illər baş nazirin dəftərxanasında işləmiş, Türkmənistan Ədəbiyyat Fondunun müdiri, Məxdumqulu Cəmiyyətinin baş katibi vəzifələrində çalışmışdır.
Oraz Yağmur on beş ildir ki, sərbəst yaradıcılıqla məşğuldur. 1989-cu ildə onun «Duman dağılanda» adlı romanı 57 min nüsxə tirajla ard-arda iki dəfə nəşr olunmuşdur. Bu əsərdə bəzi dövlət adamları ilə mafiyanın əməkdaşlığı təsvir edilir. Yazarın ikinci romanı «Məxdumqulunamə»dir. Bu roman 1992-ci ildə 30 min tirajla buraxılmışdır. 1994-cü ildə böyük türkmən dastançısı Qurd Yaqubun həyatından bəhs edən kitabı iki ayda 40 min ədəd satılmışdır. Müəllifin «Qaz kralı» adlı üçüncü romanı isə hələ öz nəşrini gözləyir. Bu əsər beynəlxalq imperializmin Orta Asyanı gizli şəkildə necə idarə etdiyini göstərir.
Oraz Yağmur türk dünyasının problemlərini yaxşı bilir və onların həllinə çalışır. O, şüurlu ve yetkin bir türkçü kimi, Türkmənistanda yaxşı tanınmayan böyük ədəbi şəxsiyyətləri təbliğ etmək üçün xüsusi səy göstərir. Sovet dövründə fars şairi kimi təqdim olunan Mövlana Cəlaləddin Ruminin «Olduğun kimi görün» adlı kitabını türkməncə çap etdirmiş və Mövlananın bir türk mütəfəkkiri olduğunu tarixi dəlillərlə sübut etmişdir. Sovet dövründə «xain» damğası (!?) vurulan və əsərləri yasaqlanan Qaracaoğlanın yenidən Türkmənistana bəxş edilməsində Orazın 1990-cı ildə çap olunan «Qaracaoğlanı zindandan kim çıxarar?» məqaləsi mühüm rol oynamışdır. Yazarın 1994-cü ildə «Saçların qara deyilmi?», 2007-ci ildə «Qumru səslim, hardasan?» kitabları Qaracaoğlanı yalnız Türkmənistanda deyil, bütün Orta Asiyada tanıtmışdır. Onun «Qaracaoğlan - sevgi irmağı» adlı məqaləsi bir çox ölkənin qəzet və jurnallarında çap olunmuşdur. Qaracaoğlanı dünyaya tanıtmaqda uğurları münasibətilə Oraz 2005-ci ildə Tarsus bələdiyyəsinin «Beş Altın» ödülünə layiq görülmüşdür.
Oraz Yağmurun 1999-cu ildə çapdan çıxan «Mən Atatürk» adlı kitabı Türkmənistanda sonsuz maraqla qarşılanmışdır. Onun hazırladığı «Türk dünyası şeir antologiyası» isə poeziya həvəskarlarını türk boylarının zəngin mənəvi mədəniyyəti ilə tanış etmişdir. O, Yunus Əmrənin şeirlərini türkməncəyə çevirərək «Sevəlim, seviləlim» adı altında buraxmış, kitaba sanballı bir ön söz də yazmışdır. Ancaq böyük sufi-filosof Hacı Bəkdaş Vəli haqqında yazdığı «Hacı Bəktaş Vəli» kitabı və Niyazi Yıldırım Gəncosmanoğlunun əsərlərindən seçmələr hələlik öz çapını gözləyir.
Oraz Yağmur Aşqabadda Məhmət Akif Ərsoyun, Qaraca-oğlanın, Mövlananın, Yunus Əmrənin və Atatürkün xatirə gecələrini təşkil etmişdir. O, Türkiyədə, Şimali Kiprdə, Azərbaycanda, Qazaxıstanda, Özbəkistanda, İranda keçirilən müxtəlif konqres, simpozium və konfranslarda iştirak etmiş, məruzələr oxumuşdur.
Oraz Yağmur türk dünyası qarşısında üstün xidmətlərin-dən dolayı 1999-cu ildə Türkiyə Prezidenti tərəfindən «Ləyaqət Ödülü»nə, 2008-ci ildə isə «Türk Kültürünə Xidmət Ödülü»nə layiq görülmüşdür.
Oraz eyni zamanda gözəl tədqiqatçıdır. Onun müxtəlif beynəlxalq simpozium və konfranslarda klassik və çağdaş türkmən şair və yazıçılarının yaradıcılığı haqqında dərin məzmunlu məruzələrinin şahidi olmuşam. Yazar ulu Məxdumqulu Fəraqinin həyatından və sənətindən yorulmadan, saatlarla danışır. Məxdumqulu onun idealıdır. Oraz Fəraqinin bir çox şeirlərini tamamilə başqa bucaqdan təhlil edir, onların gerçək mənalarını üzə çıxarıır. Mən Məxdumqulunun seçilmiş əsərlərini çapa hazırlayanda Oraz məni bir çox ədəbi-bədii, tarixi, elmi mənbələrlə tanış etdi, çox dəyərli məsləhətlər verdi. Bunun üçün ona təşəkkür edirəm.
Orazı Azərbaycanla çox şey bağlayır. Şairin ordu sıralarında xidməti Bakıda keçmişdir. Həmin vaxtdan bəri o, Bakını sonsuz bir məhəbbətlə sevir. Ara-sıra Bakıya yolu düşən şair burada öz gəncliyini xatırlayır, Azərbaycan ədiblərinin abidələrini zayarət edir, İçərişəhərin dar küçələrini, geniş Baku bulvarını gəzir. Mütləq Şəhidlər xiyabanına baş çəkir, vətən uğrunda canından keçən soydaşlarımızın qəbri üstünə qərənfil düzür.
Oraz Yağmur Azərbaycan ədəbiyyatını, xüsusilə poeziyamızı çox dərindən bilir və sevir. Ulu Şəhriyarın, böyük Səməd Vurğunun, unudulmaz Bəxtiyar Vahabzadənin və Məmməd Arazın poetik dühasına ehtiram bəsləyir, onların şeirlərini əzbərdən deyir. Adil Cəmil, Elçin İskəndərzadə, Əkbər Qoşalı və başqa şairlərimizlə yaxından dostluq edir.
Azərbaycan, Azərbaycan!
Bu dünyada varsa baxtım,
Yarı sənin, yarı mənim.
Könüllərdə uca taxtım,
Yarı sənin, yarı mənim.
Onun həssas şair qəlbi Qarabağ yarası ilə sızlayır. Şair ürəkdən inanır ki, tezliklə bu problem öz ədalərli həllini tapacaq, Azərbaycan torpaqları düşmən tapdağından azad olacaq. O öz şeirlərinin birində belə yazmışdır:
Əgər Qarabağda
Bir düşmən görsəm,
Yumulmaz gözlərim
Min dəfə ölsəm.
2009-cu ilin oktyabrında Oraz Yağmur Qafqaz Universiteti tərəfindən keçirilən şeir şölənində iştirak etmək üçün Bakıya gəlmişdi. O, gözəl şeirlərinə görə Bakıda bir neçə ödül aldı, türkmən poeziyasının adını yüksəltdi. Ancaq özünün səmimi etirafına görə, TürkSOY kitabxanası seriyasının ilk kitabını Oraza həsr etməklə ən böyük ödülü ona biz vermişdik. Müəllifin Azərbaycan oxucularına təqdim etdiyimiz ilk kitabında (Qarabağlı ananın ağısı. Bakı, MBM, 2009, 84 s.) incə ruhlu, lirik, axıcı şeirləri ilə yanaşı türk dünyasının problemlərinə, Azərbaycana, Bakıya həsr olunmuş əsərləri də vardır. Oraz Yağmurun həmin kitabı şeirsevərlərin xoşuna gəldi.
QARABAĞLI ANANIN AĞISI
Şair dostum Adil Cəmilin anasına
Ay, balaam!
Vay, balaam!
Qarabağın suyundan
İçmək cana ləzzətdi.
Təndirlərin tüstüsü
Buludlara bülənddi.
Günəş sisdən çıxanda,
Yarpaqlar bərq vurardı…
Hamı xoruz banıyla
Saatını qurardı.
Ay balaam!
Vay balaam!
Qürbətdədi Qarabağ,
Gedib çıxa bilmirəm,
Uzaqdan da yurduma
Dönüb baxa bilmirəm.
Ulu Tanrı əzəldən
Məni xanım yaratmış,
Di gəl ki, baxt payımı
Belə yarım yaratmış,
Nə qədər ki, yurdumda
Qaniçən düşmən gəzir,
Qəfəsdə bülbül kimi
Mənim ürəyim əsir.
Ay balaam!
Vay, balaaam!!!
TÜRKİYƏ, TƏK TÜRKİYƏ
Haydı-haydı,
Daha-daha,
Yenə-yenə,
Bir addım irəli,
Türkiyə! Tək Türkiyə!
Önündə Atatürk,
Arxanda Türk Dünyası.
Keçmişə, gələcəyə,
Özünə və nəslinə,
Dostuna, düşməninə
Göstər kim olduğunu!
İrmaqların gur axsın,
Pınarlardan nur axsın,
İgidləri coşdursun,
Gözəllərin xoş dursun.
Dünyaya bir də göstər,
Göstər, bir daha ansın,
Fatehlərə inansın.
Aləmin böyüsü sən,
Uca Allah böyütsün,
Xoşgörülər ürət sən
Böyük-böyük Türkiyə.
Haydı-haydı,
Daha-daha,
Yenə-yenə,
Bir addım irəli,
Türkiyə! Tək Türkiyə!
ŞƏHİDLƏR OYANDI
Heey millət!
Kəmiklərin dağ oldu,
Qan axıb irmaq oldu.
Oyan! Oyan!
Ələ silah aldı oyanaraq o şəhid,
Sən qalacaqsanmı sadəcə şahid?!
Babam Seyid son nəfəsdə
Çanaqqalada
Topa mərmi sürmüşdü,
Dədəm ağır gəmiləri
Qaradan yürütmüşdü.
Atalarmız öyünürdü:
«Düşmənim böyük» deyə,
Bax, ey Türk!
Bax bu talesizliyə:
Düşmənin nökər oldu,
Oğru, quldur, bəbək qatili
Ayaqdan çəkər oldu.
Heeey millət!
Qapıda zillət!
Kəmiklərin dağ oldu,
Qan axıb irmaq oldu.
Ələ silah aldı oyanaraq o şəhid,
Sən qalacaqsanmı sadəcə şahid?!
TÜRK MƏN
Ərgənəkon – dəmir məkan,
Çıxılmazdan çıxan Türk mən.
Altaylardan Balkanlara,
Şərqdən Qərbə axan Türk mən.
Gəzdim Asiya düzlərini,
Cəddin ayaq izlərini.
Daşa yazdım sözlərimi,
Bilin, Bilgə xaqan Türk mən.
Kimsə məni qul yapammaz,
Öz atına çul yapammaz,
Məni qara pul yapammaz,
Altun, gümüş, mərcan Türk mən.
Harda saz var, orda siməm,
Harda dərd var, orda sinəm,
Bildinizmi indi kiməm,
Baxşı, aşıq, ozan Türk mən.
İgidliyim zəmanətdi,
Tanrı verən dəyanətdi,
Dünya mənə əmanətdi,
Ulu tarix yazan Türk mən.
BAYRAQ
Kəmiklərimdən torpaq yapıram,
Qırmızı qanımla yoğururam,
Geniş bir yerə sərirəm.
Harda görsəm bir Hilal,
Əllərimlə götürürəm dərlal.
Sol yanda oturduram.
Ulduz yaxalamaq daha zor.
Ən gözəl ulduzu tapıram,
Sağ yanda qondururam,
İndi zəfərə gedə bilərsiniz.
KİMLİK
Ehey, ağalar, bəylər!
Allah ulu deyənlər!
Dinimiz Mühəmmədi,
Bizə tanrı qisməti.
Millətimiz əsilli,
Törə, yasa nəsilli,
Ordumuz Alp Arslanlı,
Zəfərimiz Osmanlı,
Fatehimiz qəhrəman,
Düşmənimiz əhrimən.
Aşığımız Qaracaoğlan,
Sevgimiz qoşma, dastan,
Yolumuz Atatürklü,
Qəlblərmiz türkülü,
Rəhbərimiz yabançı,
Zənginimiz Sabancı,
Yoxsulumuz Şairmiz,
Oraz Yağmur fəqirmiz.
ULDUZLARA YÜRÜYƏN AĞSAQQAL
Çanaqqala Universitetinin keçmiş rektoru
Prof. Dr. Əbdürrəhman Gözəl ağabəyimə
Dalmış dərin bilgiyə,
Yunus, Bəktaş Vəliyə,
Abdallardan Qayğusuz,
Abdallardan qayğısız,
Bənzər Kağan Bilgəyə.
Könlü Türkün yanında,
Bəyaz başlı Ağsaqqal.
Könlü böyük,
Fikri böyük,
Kor dünyaya uyuşmur.
Zaman-zaman,
Sanki vulkan
Püskürür.
Dürüstlük - çörəyi,
Saf dostluq - əməyi,
Bir olalım deməyi
Unutmayan Ağsaqqal.
Aşağılıq, iftira
Onun ayaq altında.
Ağsaqqalı görüncə
Utanır xas altun da.
Yürü-yürü yol uzaq,
Başın ağ buludlarda,
Kimsə qurmasın tuzaq.
Türkmənin Ağsaqqalı!
Türklüyün Ağsaqqalı!
QARACAOĞLAN KİMİ SEVMİŞ?
Qaracaoğlan kimi sevmiş?
Çox gözəl bir qızı sevmiş.
Anası qızdan gözəlmiş,
Qız anasından gözəlmiş.
Gözləri göz deyil, qormuş.
Dilindən ballar damlarkən
Könüllərə közlər qonmuş.
Qara saçı Leylanınmış.
Baxışları ceyranınmış.
Ağ əlində qönçə güllər
Səssizcə naz edər, gülər.
Yerlərdə yürür, izi yox.
Dünyada bir bənzəri yox.
Sözmü gözəl, sazmı gözəl,
Gülmü gözəl, qızmı gözəl?
Bunu özü də bilməzmiş.
DİL UCUNDA BİR KƏLMƏ
Dil ucunda bir kəlmə
Söyləyimmi,
Söyləməyimmi demə,
Böylə suküt eləmə,
Söylə!
Sözlərin dodaqdan bal kimi axsın,
Bu qərib başıma şah tacı taxsın.
Könlümü isindirsin,
Hər kəsi qısqandırsın,
Söylə!
Suküt eləmə böylə!
O sözü eşidincə
Dərə suyu dayanar.
Durnalar
Bir ayaqda dayanar.
Ağ qönçələr açılar,
Bənövşələr saçılar.
Eşqim! Bircə kəlməyə
Ömrüm tıxandı qaldı,
Söylə, canım, tez söylə!
Səbrim tükəndi qaldı.
ÜÇ ÇİNARIN ARASI
Yadımdadır üç çinarın arası,
Solmamışdı qara gözün qarası.
Yarpaqlar xışıldayırdı,
Dodaqlar pıçıldayırdı.
Gizlicə bir şey uçdu,
Sandım ki çalıquşu.
Anidən dondu bağlar,
İrmaq, pınarlı dağlar.
Sən təkcə yürüyürdün,
Səndən başqasını görmürdün.
Kor oldum.
Koroğluydum,
Kölə oldum.
Yalnızca səni düşünən ağlım,
Sənin tərəfinə gedən yolum,
Qeyb oldu.
Ayaqlarım donar oldu.
Sən təkcə yürüyürdün,
Mən heykələ döndüm.
İndi çarpsa ildırım,
Yaxa bilməz haldayam.
Yadımdadır üç çinarın arası,
İrinləşdi o günlərin yarası.
Sonra duydum.
O uçan, quş deyilmiş.
Qəlbin səni tərk etmiş.
Todur ZANET
(1958)
Tanınmış qaqauz şairi, dramaturqu, publisisti, ictimai xadimi Todur Zanet 1958-ci ilin gilas (iyun) ayının 14-də Qaqauziyanın Konqaz kəndində anadan oldu.
1975-ci ildə orta məktəbi bitirdi.
«Mali» adlı ilk şeirini 1977-ci ildə yazdı.
1976-81-ci illərdə Kişineu Politexnik İnstitutunda oxudu.
1986-90-cı illərdə «Bucağın dalğasında» adlı kanalda redaktor işlədi, qaqauz dilində TV və radio verilişləri hazırladı.
1988-1994-cu illərdə ilk qaqauz qəzeti «Ana sözü»nü çıxardı. 1999-cu ildən bugünədək həmin qəzetin və «Kırlanğaç» («Qaranquş») jurnalının baş redaktorudur.
1989-cu ildən SSRİ və Moldova Jurnalistlər Birliyinin, 1990-cı illdən SSRİ və Moldova Yazarlar Birliyinin, 1992-ci ildən isə Türk Dünyasi Yazarlar Birliyinin üzvüdür.
Todur Zanetin yazdığı Qaqauz Milli Himni Qaqauz Xalq Kongresi tətəfindən 22 iyul 1990-cı ildə Qaqauz Respublikasının himni olaraq 411 səslə qəbul edildi.
Qaqauziyada latın qrafikasına keçmək sahəsində ilk addımları ataraq əvvəlcə «Ana sözü»nün səhifələrində alışdırma yazıları verdi, 1993-cü ilin ceviz (sentyabr) ayının 25-dən etibarən qəzetini bütünlüklə latın qrafikasında çıxarmağa başladı.
1991-1993-cü illərdə Todur Zanet Kişineu İncəsənət İnstitutunda qaqauz aktyorlarına qaqauzca dərs dedi. Həmin illərdə Jan Rassinin «Bəyazid» mənzum pyesini, E.Georgitanın «İki gəlinli qaynana», M.Baciyevin «Şənbə axşamı» əsərlərini qaqauz dilinə tərcümə etdi. Bu pyeslər onun tələbələri tərəfindən tamaşaya qoyuldu.
Todur Zanet öz qələmini dramaturgiya sahəsində sınayaraq iki pyes yazdı: «Aclıq qurbanları» (1998) və «Sehirli mağaza» (2004). Bu əsərlər Mixail Çakır adına qaqauz milli teatrı tərəfindən səhnələşdirildi.
Dramaturgiya sahəsində xidmətlərinə görə Todur Zanetə 2006-cı ildə Kişineuda keçirilən Uluslararası kitab sərgisinin və Moldova Milli Kitabxanasının diplomu verildi.
Ədibin «Aclıq qurbanları» adlı pyesi rumın dilinə çevirildi və 2006-cı ildə «Viaţa Besarabiei» jurnalında yayınlandı.
2000-ci və 2009-cu illərdə qaqauzluq qarşısında xidmətlərinə və qaqauz dövlətinin qurulması uğrunda coşğun fəaliyyətinə görə Qaqauziyanın medalları ilə təltif edildi.
2003-cü ilin xıdırelləz (may) ayında ədəbiyyat və jurnalistika sahəsində fəaliyyətinə görə Todur Zanetə Amerika Birləşmiş Ştatlarının Kentucky ştatının Louisville şəhərinin fəxri vətəndaşı adı verildi.
Tordur Zanetin bir çox şeirinə musuqu bəstələndi. Onların əksəriyyəti xalq mahnısına çevrildi: «Şən oynar qaqauzlar», «Yaşa, xalqım!», «Vətən», «Sən Çadır, gözəl Çadır», «Sənə sevdam» və s.
Todur Zanet 2007-ci ildə KIBATEK ədəbiyyat ödülünə layiq görüldü. Şairin nəşr olunan şeir kitabları onu çağdaş qaqauz ədəbiyyatının ən məşhur simalarından biri kimi tanıtdı. Todur Zanetin «Gün aydın, evim!» (1989, 1990), «Qarışqalıq» (1989), «Axardı batıya günəş» (1993), «Qıcırdayar qafamın çarxları» (1993), «Axar ulduz» (1998) kitabları oxucular arasında çox populyardır. Onun uşaqlar üçün qələmə aldığı «Böcəcik» (1991) kitabı isə Moldova təhsil və elm nazirliyi tərəfindən uşaq bağçaları və ibtidai siniflər üçün vəsait olaraq qəbul edildi.
Todur Zanetin bədii yaradıcılığı, xüsusilə poeziyası zəngin və çoxşaxəlidir. Mövzu baxımından onun şeirlərini iki əsas qrupda toplamaq mümkündür: sosial-siyasi məzmunlu şeirlər və məhəbbət lirikası. İlk qrupa daxil olan əsərlərində şair doğma xalqının şərəfli və keşməkeşli tarixini, onun yaşadığı faciə və fəlakətləri, xoşbəxt həyat və azadlıq uğrunda mübarizəsini, verdiyi qurbanları vətəndaş qeyrəti və yanğısı ilə təsvir edir, qaqauzların gələcəyi, dili, mədəniyyəti ilə bağlı düşüncə, əndişə və arzularını dilə gətirir, hamını birliyə, həmrəyliyə səsləyir. Bu baxımdan onun «Qaqauzluq yox olmaz!», «Bozqurd haqqında nəğmələr», «Kiminmiş bu torpaq», «Yaşa, xalqım», «Ana dilim», «Ayrılma dilindən, xalqım», «Mən bilirəm» və s. şeirləri diqqəti xüsusilə cəlb edir.
Qaqauzların Balkanlara gəlmə xalq olduğunu söyləyənlərə qarşı şairin poetik cavabı çox kəsərli və sərtdir:
Kiminmiş bu torpaq?
Çıx at üstünə, bax:
Kurqanlar qaplamış dolayları,
Dədələrimin məzarları,
Səsləsən adlarını
Verərlər cavabını,
Verərlər cavabını.
Todurun «Dua» adlı şeirində doğma xalqın gələcəyi və sabahı ilə bağlı bir vətən övladının ulu yaradana, haqqa səmimi yalvarışları öz əksini tapır. Şair burada bir xalqın milli varlığı üçün həyati önəm daşıyan üç ünsürü dilə gətirir: dövlət-millət-dil. Bunların hər hansı biri olmadan bir xalqın, etnosun yaşaması, günəş altında sığınacaq tapması mümkün deyil. Ona görə də Todurun duası aydın və qısa, arzusu ülvi və müqəddəsdir:
Allahım,
İstəyirəm olsun dövlətim,
Əbədi yaşasın millətim,
Olsun öz ana dilim,
Olmasın dilim-dilim,
Olsun bir bütöv, bütün –
Dün, bugün, sabah, hər gün!
Əbədi və daima!
Amin!
Todur Zanetin ana vətənə, onun keçmişinə, başından keçən faciələrə, eləcə də doğma yurdun gözəlliklərinə, qaqauzların milli xarakterinə, ata ocağının istisinə və doğulub böyüdüyü evə duyduğu niskilə və həsrətə həsr edilmiş şeirləri az deyil. Bunlara misal olaraq «Mərz daşı», «Zavallı torpaq», «Əski məzarlıq», «Aclıq», «Bucağım», «Konqaz», «Şən oynar qaqauzlar», «Gün aydın, evim» və başqa şeirləri göstərmək mümkündür. Bu əsərlərdə biz qaqauzlara xas olan bir sıra etnoqrafik lövhələrlə və özəlliklərlə də tanış oluruq.
Todurun öz anasına və atasına, vəfalı və vəfasız dostlarına, yazıçlara və şairlərə, qaqauzların tanınmış sənətkarlarına, milli inkişaf üçün öz canını verən vətənpərvər insanlara yazdığı şeirlər sonsuz məhəbbət hissilə, xəyanət yoluna qədəm qoyan satqınlara isə hədsiz nifrət hissilə doludur. Bu əsərlərdə o bir şair və insan kimi qarşımıza çıxır. Şairin «Anama», «Anam 60 yaşında», «Ana gözləri», «Əfv et», «Atama», «Şam yanar», «Dostlara», «Düşmənimə 17 sual», «Qara zəlilər», «Satqınlara» kimi şeirləri, N.Baboğluna və V.Mixalcana poetik məktubları, mərhum dostları Peti Buzaçı, Qara Çoban və Valentina Kotenko-Baurçulunun ölümünə həsr etdiyi elegiyalar çox təsirlidir.
Hər şair kimi Todur Zanetin də yaradıcılığında məhəbbət lirikası mühüm yer tutur. Bu şeirlərdə gənc aşigin qəlbini parçalayan həsrət və niskil, ilk məhəbbətin unudulmaz xatirələri, iki sevgilinin görüşləri və görüş yerləri, birlikdə keçirdikləri xoşbəxt anlar, çəkdikləri iztirablar parlaq boyalarla təsvir olunur. Bu şeirlər arasında «İlk gecə», «Gecə növbəsi», «Əridi canım», «Yanğın», «An kimi sevda», «Allahın bəxşişimi», «Elə şirinsən sən» və başqaları yadda qalan cizgilərlə zəngindir. Məsələn, onlardan birinə - «Sevdama» şeirinə baxaq:
Aman, Allahım, aman,
Dizlərinə baş qoysam.
Aman, Allahım, aman,
Yanağına toxunsam.
Aman, Allahım, aman,
Gözündə qərq olsam.
Aman, Allahım, aman,
Canında yansam.
Aman, Allahım, aman,
Sevdadan sönsəm.
Aman, Allahım, aman...
Todur Zanetin poeziyasına xas olan bəzi xüsusiyyətləri qısaca qeyd etmək istərdik. O, hər şeydən əvvəl, bizim alışdığımız uslubda yazmır. Todur qafiyədən az istifadə edir, şeirləri nadir hallarda qafiyəlidir, cinas heç yoxdur. Qulaq qafiyəsi və alliterasiya da o qədər çox deyil. O, əsasən qafiyəsiz yazır. Bu, bir tərəfdən çağdaş qaqauz poeziyasının inkişaf meylləri ilə əlaqədardırsa, digər tərəfdən onun Avropa və türk şeiri ilə bağlılığının məhsuludur, şairin öz orijinallığı və fərdi dəst-xəttidir.
Todurun yaradıcılığının digər bir xüsusiyyəti onun bir bənddən ibarət şeirlərə üstünlük verməsidir. Bu tip şeirlər ilk baxışda çox sadə görünür, lakin onlarda müəyyən fikir və tutum vardır. Məsələn, aşağıdakı bənd-şeir dediklərimizə misal ola bilər:
Dündən bugünə, həm yarına,
Keçərik biz addım-addım.
Ömür dolar damla-damla,
Qalacaqsa – qalar adın.
Və yaxud bu bəndin nə qədər obrazlı, məntiqli olduğu göz önündədir:
Saatın əqrəbləri
İki bıçaq kimi
Saplandılar mənə -
Gözləyərkən.
Söylədiklərimizə yekun olaraq onu deyə bilərik ki, Todur Zanetin Azərbaycanda nəşr olunan ilk kitabı (bu, ümumən qaqauz ədəbiyyatından ilk kitabdır) oxucular tərəfindən fərqli şəkildə də qəbul edilə bilər. Bu zaman bir xüsus nəzərə alınmalı və unudulmamalıdır ki, qaqauz folkloru, şifahi xalq ədəbiyyatı nə qədər qədim və köklüdürsə, qaqauz yazılı ədəbiyyatı bir o qədər gəncdir; bu ədəbiyyatın əsası XX əsrin ortalarında qoyulmuşdur.
Dostları ilə paylaş: |