Ramiz ƏSKƏr türk xalqlari əDƏBİyyati oçerkləRİ-1 Bakı – 2011



Yüklə 1,75 Mb.
səhifə6/12
tarix01.12.2016
ölçüsü1,75 Mb.
#533
1   2   3   4   5   6   7   8   9   ...   12

DAMĞALAR HAQQINDA
Atası ağıl,

Anası nağıl,

Bir qız doğulmuş

İyirmi dörd şəkil.


Bu qədər gözəldir millətin yarı,

Bunlar bizdən əvvəl olsa da zarı,

Elinin gözünə görünməz idi,

Türk eli dünyaya gələndən bəri.


Kim alsa onu,

Bütün ömrünü

Şad olub yaşar,

Tut bu əmrini.

Doğub artarsız,

Yağı basarsız,

Siz dolub-daşıb

Yerini qısarsız.


Bilsin bu cahan,

Sizindir dövran,

Vuruşsa düşman,

Başın kəsərsiz.


Dilə gətirdim,

Əldən ötürdüm,

Qəfildən qaçdı,

Söz qanad açdı,

Yerli-yerində

Düzüb bitirdim,

Sirrimi qəlbim

Elimə açdı.


ƏNDƏLİBİN OĞUZ XANA

MATƏM MƏRSİYƏSİ
Bir asimani-bəla enib nihandan,

Apardı o dürri-qiymət bəhanı,

Həyatda əzizdi o bizə candan,

Oğuz övladının ruhi-rəvanı.


Əgər ki Nuh yaşın verdi əvvəli,

Veribdir bugün də badi-xəzanı,

Neçə il bizimlə yaşayan ulu

Dəf edə bilmədi tiri-qəzanı.


Onu rədd eyləmək əmri-mahalı,

Məhv olmaz söylədi onun yazanı,

Əgər rədd etməyə olsa məcalı,

Kindir o qovulmuş, elin azanı?


Yaşın üç mindən çox, keçibdi dördə,

Bu yaşda çəkmədin rəncü rizanı,

Gedib, oğuzları salıbsan dərdə,

Qoyubsan bizlərə matəm qazanı.


Səni asimani-əjdəha uddu,

Sən Yunissən, girib tutdun məkanı,

Camalından cahan könlün soyutdu,

Mən oldum Əndəlib – vəsfin yazanı.



İLƏN

(«Leyli və Məcnun» dastanından)
Vardım ədəb sarayına,

Şənbə günü səba ilən,

Düşüb gözüm ayağına,

Bir neçə dilrüba ilən.


Lövhə açıb oxur sapaq,

Hər sapağı düz üç varaq.

Nur qoxular tabaq-tabaq,

Ağzı dolu səna ilən.


Bir pəri naz ilə baxar,

Baxışı canımı yaxar,

Danışsa şəkəri axar,

Ləblərindən şəfa ilən.


Bir pəri təzə, xoş-xürrəm,

Novgüli-bağ, lalə-fam,

Kakili müşk, Leyli nam,

Yaşmaq örtər həya ilən.


Qapqaradır gözü-qaşı,

Qolunu salıb sarmaşır,

Oynayanda xub yaraşır,

Bir-birinə iba ilən.


Mən Qeysi oda saldılar,

Könlümü əldən aldılar,

Təzim edib əyildilər,

Xoş dedilər riza ilən.



İNDİ SƏN
(«Baba Rövşən» dastanından)
Xəznə nədi, Baba Rövşən,

Gəl arxama min indi sən,

Ağlın gedib, yıxılarsan,

Gözün möhkəm yum indi sən.


Hara varsam, ora gedək,

Göz görməyən yerə gedək,

Altı aylıq yola gedək,

Kəramətim gör indi sən.


Yoxsulluqdan oldun əda,

Sənə canım olsun fəda,

Borclu olmaq – qəhri-xuda,

Zinhar, həzar qıl indi sən.


Sür bazara, qula qatıb,

«Qulumdur» de, məni satıb,

Mədinəyə geri çatıb,

Cuhuda ver pul indi sən.


Əziz başım sənə quldur,

Borcunun əlacı budur,

Müsəlmansan, din rəsuldur,

Borcdan xilas ol indi sən.


Adım Əli Şahimərdan,

Bir də derlər şiri-yəzdan,

Dostlar mənə olar xəndan,

Sözüm qəbul qıl indi sən.


ABDULLA ŞAHBƏNDƏ

(1720 – 1800)
Klassik türkmən ədəbiyyatının görkəmli nümayəndəsi Ab­dul­la Şahbəndə 1720-ci ildə Vas şəhərində anadan olmuşdur. Türk­­mənlərin yomut bo­yunun qoçaq tayfasına nənsub olan şairin ömrü Vasda və Köhnə Ür­gəncdə, Qafqazda və İranda (Ətrək, Gür­gan və İsfahanda) keç­mişdir. Atasının adı Məmi, ana­sının adı Döv­lətbikə, sevgilisinin (ar­vadının) adı Mənlidir. Özünün əsl adı­nın Əb­dünə­zər olduğu söy­lənir. Şairin Seyid­nə­zər, Dövlətnə­zər, Məmməd­nə­zər və An­namənli adlı dörd oğlu olmuşdur. Şahbən­dənin nəslindən olanlar hazır­da Türk­mə­­­nis­ta­nın Daşoğuz vilatəti­nin Köh­nə Ür­gənc və Taxta maha­lında, bir qolu isə Türkmən­səh­rada (İran) ya­şa­yır­lar. Şair 1800-cü ildə vəfat etmiş və Daşoğuzda Aşıq Aydının kümbəzi ya­nın­da dəfn olunmuşdur.

Əldə olan məlumata görə, Şahbəndə yaxşı təhsil almış, Xi­və­­dəki məş­hur Şirqazi mədrəsəsində oxumuş, dövrünün ən bilgə adamlarından biri ol­muşdur. Şeir­lə­ri, xüsusilə müəm­ma­ları onun Şərq ədəbiyyatı, ilahiyyat, mi­fo­logiya, tarix, coğ­rafiya, astrono­mi­ya, təbabət sahələrində dərin bilik sahibi oldu­ğunu göstərir.

Şahbəndənin gerçək həyatı başdan-başa əfsanə dumanına bü­rünmüş­dür. Onun adı haqqında da xüsusi rəvayət var. Deyilənə gö­rə, ən yaxın dostu savaşda əsir düşür və Şahbəndə onu axta­rmağa çı­xır. Gəlib görür ki, dostu bir şahın əlində əsirdir. Öz-özü­nə belə deyir: „Dostumla mənim aramda heç bir fərq yoxdur. Əs­lində, mən də şahın bir bəndəsi və əsiriyəm». Bundan son­ra onun adı Şah­bən­də olaraq söylənir.

Abdulla Şahbəndə Məmmədvəli Kəminə və Murad Talıbi ilə (rəvayətə görə, həm də Məxdumqulu Fəraqi ilə) yaxın dost olmuş­dur. Xalq arasında on­ların dostluğu haqqında maraqlı rə­vayətlər do­laşır.

Şahbəndənin yaradıcılığı geniş və çoxşaxəlidir. Onun möv­zularının ək­­­səriyyəti real həyat hadisələrindən götürül­müş­dür. Bəzi­ şeirləri avtobio­qra­fik səciyyə daşıyır. Şeirlərində didaktik motivlər güclüdür. O, insanları da­im yaxşılıq etməyə, xeyirxahlığa səsləmiş, xüsusilə gənclərə mərdlik, şü­caət, əda­­lət duyğuları aşı­lamağa çalış­mışdır. Şairin dini mövzuda yazdığı şe­­ir­lərdə həzrəti peyğəmbərin hə­yatı və islam dininin gözəllikləri ustalıqla və sə­mi­miyyətlə vəsf edilmişdir.

Abdulla Şahbəndənin poetik irsinin böyük hissəsi itib-bat­mış, çox az bir qismi gəlib bizə çat­mış­dır. Onun bəzi şeirləri başqa şa­ir­lərin adına çıxıl­mış, dini məzmunlu şeirləri isə sovet dövründə ümimiyyətlə ortaya çıxarıl­mamışdır. Bununla birlikdə, şa­irin yara­dı­cılığı türkmən ədəbiyyatında çox mühüm bir mərhələ təşkil edir. O, sələfləri Nurməhəmməd Əndəlibdən və Dövlət­məmməd Azadi­dən təsirləndiyi kimi, özündən sonra gələn xələf­ləri­nə, o cümlədən Məx­dumquluya, Zəliliyə, Molla Nəfəsə, Kati­bi­yə, Aşiqiyə və başqa şair­lərə qüv­vətli təsir göstərmiş, onlara nü­munə olmuşdur.

Şahbəndə təmiz türkcə yazmağa xüsusi diqqət yetirmiş, mü­rəkkəb ərəb-fars tərkiblərindən imkan daxilində qaçmış, dilin saf­lığı uğrunda mübarizə aparmışdır. Şair "Nə bilsin» adlı şeirində türkmən şairlərini ana di­lini sevməyə, yad və doğma sözləri bir-birindən ayır­mağa çağırmışdır:

Türkcədən xəbərsiz neçə mollalar,

Ərəb dilin, divan xəttin nə bilsin,

Əlifdən şərməndə quru səllələr,

Hər sözün doğmasın, yadın nə bilsin.

Şairin yaradıcılığında müəmma janrı xüsusi yer tutur. Di­ni və dün­yəvi elmlər üzrə dərin bilik, böyük yaddaş və müşahidə, eyni za­manda çevik zəka tələb edən bu janrda bir sıra mürəkkəb əsərlər ya­radan Şahbəndə özündən sonrakı şairlərə güclü təsir göstərmişdir. Onun «Qırx», «Beş», «Nədir», „Hansıdır–budur» rə­difli müəmma­la­rı olduqca çətin və ağırdır. Deyilənə görə, onların çoxu bugünə qə­dər açılmamışdır. Sevindirici haldır ki, Abdulla Şah­bəndə bəzi müəm­maların cavabını özü açmışdır. Məsələn, bu şəkildə:


Ol nə quş, yetmiş başı, qırx tən, iki yüzdür ayaq,

İki türfə qanadı – biri qaradır, biri ağ,

Ol nə səyyad qəsd edib, kim yolunda qurmuş duzaq,

Fəhm edib, ustad isən, əbcəd hesabı birlə bax,

Ver xəbər indi görüm, ol quşa aşyan hansıdır?
Ömür – quş, yetmiş başı, qırx tən, iki yüzdür ayaq,

Gecə-gündüz qanadı – biri qaradır, biri ağ,

Bu əcəl səyyad olur, kim yolunda qurmuş duzaq,

Çün ömür üç hərf, əbcəddən etsəm iftiraq,

Bizi ustad bilsən, indi bu cəsəd aşyan olur.
Üstəlik, şairin müəmmalarında suallar bir bəddə formulə edil­mir, bəzən hər sətirdə bir müəmma müşahidə olunur. Məsələn:

Xəbər vergil, Bəkir xocam,

O nə anddır, vallahı qırx?

Doqquz oğlan bir beşikdə,

Anası dörd, Allahı qırx?
Nə ölüdür, yaşı doqquz,

Nə mizandır, başı doqquz,

Nə tirəndaz, daşı doqquz,

Nə əjdəha, kəlləsi qırx?
Ehtimal ki, bu sualların hər biri bir miflə, dini olayla və ya di­ni kitablardakı hadisələrlə bağlıdır. Yaxud bu iki bəndə baxaq:

Xəbər vergil, Haşım xocam,

Nə çölistandır, dağı beş?

Ağzında qırx min qırx dişi,

Nə ilandır, ayağı beş?
Nə qumaşdır, xərci səksən,

Nə tüccardır, borcu səksən,

Nə qaladır, bürcü səksən,

Bağbanı yetmiş, bağı beş?
Şahbəndənin digər müəmmalarından daha çətin nümu­nə­lər gös­tərmək mümkündür. Şübhəsiz ki, bunlar bizim aşıqların, aşıq sə­nəti həvəskarlarının diqqətini cəlb edəcək.

Abdulla Şahbəndə lirik-fəlsəfi şeirlərlə yanaşı həm də bir ne­çə dastan müəllifidir. Onun «Şah Bəh­ram», «Gül-Bül­bül», «Xo­cam­verdixan» adlı dastanları var. Bun­lar­dan «Şah Bəhram» hind mifolo­gi­yasının savaş, ovçuluq və zəfər tanrısı Varaxra, yaxud Viret-rana ilə bağlıdır. Bu surət sonralar İran mifo­logiyasına keçərək Bəhram kimi sabit­ləş­mişdir. Mifik obraz olaraq Bəhram Mars (Mərrix) ki­mi savaşı simvolizə edir. Sasani­lə­rin on dördüncü şahı olan, ədəbiy­yat­da qulan (gur, çöl eşşəyi) ov­layan Bəhram Gur ki­mi məşhurlaş­mış­dır. Nizami Gəncəvi «Yeddi gözəl» əsərində, Əmir Xos­rov Dəh­ləvi isə «Həşt behişt» poemasın­da onun surətini yarat­mış­lar. Şah­bəndə də on­ların təsiri altında bu möv­zuya mü­raciət etmiş­dir. Lakin «Şah Bəhram» das­tanının süjeti xeyli fərqli və orijinaldir.

Dastan Bəhramın şikara çıxması və orada bir qulanı tut­ması və minməsi ilə başlayır. Bu, əslində qulan cildinə girmiş Dev Sə­fid (qara dev) imiş. O, hamının gözləri qarşısında göyə uçaraq Bəh­ramı Qaf dağındakı qalasına gətitir, şah burada eyş-iş­rət­ə qur­şanır, hətta bir zamanlar şah olduğunu da unundur. Vəziri Bəh­ramın yerinə şah seçirlər.

Qardaşı­nın toyuna gedən dev darıxmaması üçün ikinci bağın açarını da şaha verir. Bəhram bu bağda Balahüsn adlı bir pəri qızını görüb onu se­vir. Dev də bu qızı sevirmiş, hətta həmin gözəl bağı da onun xatirinə saldırıbmış. Nəhayət, pəri qızının məsləhəti ilə Bəh­ram Dev Səfidi cinlərin və devlərin peyğəmbəri Süleymana and iç­dirir və Balahüsnü sevdiyini söyləyir. Bundan sonra dev Balahüsnü ona bağışlayır.

Bəhram beş il sonra sövdəgər qılığında öz vilayətinə qayı­dır. Öyrənir ki, vəzir onun hərəmxanasını ələ keçirmişdir. Təsa­dü­fən və­zir Balahüsnü də görür, onu zorla almaq istəyir. Bu za­man Bəh­ram de­vi köməyə çağıraraq vəziri məhv edir, yenidən şah olur.

Burada dastanın ən mifik və maraqlı hissəsi başlayır. Bala­hüsn inciyərək öz vətəninə, Şəhrisəbz şəhərinə qayıdır. Bəhram onu tapmaq üçün devlərə müraciət edir. Dev Səfid və onun üç qardaşı əmrlərindəki bütün devləri səfərbər etsələr də, Şəhrisəbz şəhərinin yerini tapa bilmirlər. Ancaq devlər ona Süleyman pey­ğəmbərin mö­cüzəvi məziyyətə malik küllahını (onu başına qoyan adam baş­qa­­la­rının gözünə görünmür), əsasını (onun köməyi ilə bütün bağlı qa­pı­ları açmaq olur) və çarığını (onu geyən nə qədər yol getsə də, yo­rul­mur) hədiyyə edirlər. Axırda bir dev Şəhrisəb­zin yerini öyrənir və devlər Bəhramı ora qədər gətirirlər. Bəhram Süleyman peyğəm­bə­­rin əş­ya­larının vasitəsilə Balahüsnü tapır, atasından icazə alaraq onu öz vilayətinə gətirir.

Dastanın şeirləri isə müs­təs­na dərəcədə gözəldir. Şair öz əsəri­ni qoşma, gəraylı, müxəmməs və qəzəllərlə bəzəmişdir. Xü­su­silə gə­raylı janrında yazılmış şeirləri çox axıcı, situativ məz­munlu, dolğun və lirikdir. Gəraylilar əsasən yeddi, deyişmələr on iki-on dörd bənd­dir. Şeirlərin qafiyələri Şahbəndənin yüksək istedadından və parlaq sənətkarlığından xəbər verir. Bəhramın tə­ri­finə həsr olu­nan və onun xarakterini tam açan bu şeir dedik­lərimizə gözəl bir nümunədir:
Bir xuda dilində idi

Gecə-gündüz, sübhü şamı.

Yeddi iqlim, İran, Turan

Hökmündə idi tamamı.

Camalı misli-afitab,

Görənlərin bağrı kabab,

Sağ əlində badeyi-nab,

Sol əlində dolu camı.
Qulluq edər aləm, cahan,

Özü adil, hökmü rəvan.

Ali himmət, müşkül açan,

Sözləsə şirin kəlamı.
İran ölkəsini sarıb,

Aldı ləşkərin sındırıb,

Aləm, cahan baş endirib,

Əflatun verdi salamı.
Dad etsəydi bir biçarə,

Eylərdi dərdinə çarə,

Çıxıb hər gündə şikarə,

Qurardı çöl yerdə damı.
Yoxdu onun ciyərbəndi,

Qırx hərəmdən bir fərzəndi,

Könül ərki, can peyvəndi,

Oğul adlı bir qulamı.
Şahbəndə der aləm şasın,

Geyibdir zərrin libasın,

Fars şəhrinin padişasın –

Tərif etdi Şah Bəhramı.
Yaxud başqa şeirin bəndlərindəki (ilk bənddə ikinci və dör­düncü, digər bəndlərdəki dördüncü) qafiyələrə baxaq:

Xoş gəlibsən çağımıza / Qədəm basdın bağımıza/ Qoşul ürək yağımıza / Solumuza, sağımıza / Gəlib düşdün ağımıza (to­rumuza) / Düyün vurma dağımıza / Bağda sünbül tağımıza.

Yei gəlmişkən, qafiyə məsələsi Abdulla Şahbəndənin şeirlə­ri üçün ümumən problem deyl; istər bu, dörd misralı 7 bəndlik şeir­lər­də olsun, istər beş misralı 10 bəndlik şeirlərində olsun, istərsə də on iki misralı 6 bənlik şeirlərində olsun, şairin nəfəsinin daral­ması, qa­fi­yə xatirinə məzmuna xələl gəlməsi, süniliyə gedilməsi heç vaxt müşahidə olunmur. Məsələn, şairin «Gözəlim» şeirində bu­nu açıq-aş­­­kar görürük:
Pərilərin sultanı, gəlsənə, xan gözəlim,

Aldın səbrü qərarım, arami-can, gözəlim,

Tuti kimi süxənvər, şirin zəban, gözəlim,

Kirpiklərin xəncərdir, qaşı kaman, gözəlim,

Ləblərin şəhdi-şəkər, püstə dəhan, gözəlim,

Qoynun içində bitmiş bağü bostan, gözəlim,

Eşqində divanəyəm, dəli, heyran, gözəlim,

Açılıbsan qönçə gül, tər gülüstan, gözəlim,

Hicrində çıxdı canım, insaf, aman, gözəlim,

Həsrətindən olubdur bağrımız qan, gözəlim,

Sallanışın yaxıbdır bəlli məstan, gözəlim,

Sənsiz mənə gərəkməz aydın cahan, gözəlim.
Şahbəndənin «Gül-Bülbül» adlı dastanı da çox maraqlıdır. Bu möv­zu­da on­dan əvvəl də əsərlər yazılmışdır. 1456-cı ildə Bədiəddin Mənuçöhr ət-Təbrizi, daha sonra özbək şairlərindən Səlahi «Gül-Bülbül», Lütfi isə «Gül və Novruz» adlı əsər yaz­mış­­lar. Şahbəndə öz dastanına başqa bir ruh vermiş, onun sujetini öz istəyinə və poe­tik məramına görə dəyişdirmişdir. Şair das­ta­nın so­nunda onun ya­zılma tarixi haqqında (hicri təqvimlə 1214, miladi təq­vimlə 1799/ 1800-cü il) məlumat verərək yazmışdır:
Min iki yüz on dörd oldu tarixdə,

Bicin (meymun) ili yazdım qissəni, bəylər.
«Gül-Bülbül» dastanı ilə «Şah Bəhram» dastanı arasında sü­jet və surətlər baxımından bənzərliklər çoxdur. Hər iki das­tanda əsas qəhrəmanlar pəri qızlarına vurulurlar. Hər iki əsərdə devlər və pəri­lər mühüm rol oy­nayırlar. Burada ədəbiyyatın daimi möv­zu­su olan məhəbbət insan – pəri müstəvisinə keçirilmişdir. Şair ədəbi düşün­cə­sinə görə, əsər bu şəkildə daha romantik, daha sehrli olur, daha hə­yəcanlı səhnələr ya­ratmaq müm­kün olur. „Gül-Bül­bül» dastanın­da əlavə ola­raq yuxuda buta vermə məsələsi, dərviş, xoca və həz­rəti-Əli tərəfin­dən aşiqlərə yol göstərmə kimi motivlər də güclüdür.

«Gül-Bülbül» dastanında bəzi real və mifik şəhərlərin adı çə­ki­lir. Burada İstanbul xüsusi olaraq vəsf edilir.

Bu dastanın şeirləri də oxucunu valeh edir. Biz „Gül-Bül­bül» dastanının həd­siz dərəcədə uzun olduğunu nəzərə alaraq bü­tün epi­zod­ları əhatə etmək şətilə onun qısa məzmununu verdik.

Şairin «Xocamverdixan» dastanı da orijinal və maraqlı əsər­­dir. Lakin bu dastan əlimizdə olmadığı üçün onu kitaba daxil edə bil­mədik.

Bunlardan başqa, mənbələrdə verilən məlumata görə, Şah­bən­­dənin gə­zib-gördüyü yerlərdən bəhs etdiyi «Səyahət­na­mə» adlı bir əsəri də olmuşdur, lakin bu əsər indiyədək aşkar edilməmişdir.

Abdulla Şahbəndənin şeirləri və dastanlarının yüzdən artıq əlyazması hazırda Türkmənistan Elmlər Akademiyasının Milli Əl­yazmalar İnstitutun­da saxlanır. Şairin əsərləri dəfələrlə nəşr edil­miş, haqqında elmi-tədqiqat iş­ləri yazılmışdır.

Abdulla Şahbəndənin əsərləri Azərbaycanda çox da bilinmir. Ölkə­miz­də əvvəl­lər bizim və başqa müəlliflərin tərtib etdikləri an­to­logiya­lar­da onun cəmi bir neçə şeiri çap olun­muşdur. Şairin yara­dı­cı­lığı Bakı Dövlət Uni­versitetinin tükr xalqları ədə­biy­yatı kafed­ra­sın­da və bəzi ali məktəblərin fi­lologiya fakültələrində təd­ris olunur.


QIRX
Xəbər vergil, Bəkir xocam,

O nə anddır, vallahı qırx,

Doqquz oğlan bir beşikdə,

Anası dörd, Allahı qırx?


Önü yürür, izi yetməz,

Yerdə-göydə məskən tutmaz,

O nə quşdur ölməz-itməz,

Ayağı dörd, kəlləsi qırx?


Nə mizan olar, nə yerdə,

Nə şəfadır yüz min dərdə,

Yeddi kiriş, yetmiş pərdə,

Sazı birdir, zilləsi1 qırx?


Nə dəryadır, girdabı dörd,

O nə bağdır, ərbabı dörd,

Atı doxsan, əsbabı dörd,

Donu doxsan, hülləsi2 qırx?


Nə ölkədir, eli beşdir,

Yağar yağmur, seli beşdir,

Nə tüfəngdir, nili1 beşdir,

Çaxmağı bir, mərmisi qırx?


Nə ölüdür, yaşı doqquz,

Nə mizandır, başı doqquz,


Nə tirəndaz, daşı doqquz,

Nə əjdaha, kəlləsi qırx?


Nə qaladır, bürcü doxsan,

Nə bəzirgan, borcu doxsan,

Nə qumaşdır, xərci doxsan,

Dağı on dörd, qallası2 qırx.


O nə oddur, tütünü yüz,

O nə sözdür, ütünü3 yüz,

Nə məsciddir, sütunu yüz,

Oğlanı üç, mollası qırx?


Sınsa çoxdur, daşsa azdır,

O nə söhbət, o nə sazdır,

O nə novruz, o nə yazdır,

Qışı doxsan, çilləsi qırx?


Aşma, xocam, bu bir pillə,

Bu sözümdə yoxdur hiylə,

Tapa bilməz neçə molla,

Məğər olsa silləsi4 qırx.


Şahbəndə söylər hər sözdən,

Tut hesabın yüzdən, yüzdən,

Dörd çeşmə axar bir gözdən,

Bəndi beş yüz, damlası qırx.



BEŞ
Xəbər vergil, Haşım xocam,

Nə çölistandır, dağı beş?

Ağzında qırx min qırx dişi,

Nə ilandır, ayağı beş?


Sinəmdə eşqin dağı var,

Dilsiz-ağızsız yağı var,

Üç yüz altmış ayağı var,

Hər ayağın barmağı beş.


Nə qumaşdır, xərci səksən,

Nə tüccardır, borcu səksən,

Nə qaladır, bürcü səksən,

Bağbanı yetmiş, bağı beş?


Qaranlıq dünyada aləm,

İyirmi beş at bir öydə cəm,

Hər atda iyirmi beş adam,

Hər birinin yarağı beş?


Şahbəndə deyər, nə filan,

Nə gün yazılmış, nə divan,

Səhər vaxtı doğan keyvan,

Qarası qırx min, ağı beş.




NƏDİR
Xəbər vergil, nə məxluqdur, üç dilli,

Hər dilin şərh eylə, bəyanı nədir?

İkisi mənalı, biri bikamal,

Birinə bənd olmuş, zamanı nədir?


Bir dilində yüzdə birdə hesab var,

Bir dilində yüzdə səksən cavab var,

İki yüzdə səkkiz dənə hicab var,

Doqquz xəbər, üç and, zəbanı nədir?


Birini üçə böl, üç-dörd baş olar,

Birin iki bölsən, neçə baş olar?

Üçdə üç, dörddə dörd, beşdə beş olar,

Üç yerdə salınan dükanı nədir?


Nə məxluqdur, dildə çoxdur qovğası,

İki ayaqlıdır, yetmiş kəlləsi,

Dişi iyirmi doqquz, yüz on pilləsi,

Fəhm eylə, qurulmuş mizanı nədir?


Fəhmin olsa, tut sən gündüz gecədən,

Neçə yumurta çıxar tək bir cücədən,

Sən bilməzsən, soruş Bəkir xocadan,

Ölkəsi, məskəni, məkanı nədir?


Bunların şanında otuz bir yağı,

Yetmiş baş, qırx bir tən, otuz ayağı,

Başın tutub, taxıb qıçına bağı,

Dörd qılıncla salan nişanı nədir?


O nə quşdur, onda nə tən var, nə can,

Çərx vurar, çevrilər misali-asiman,

Yumurtlayar toyuq kimi hər zaman,

Xoruz tək banlayar, fəğanı nədir?
Ayağı məğribdə, başı məşriqdə,

Çəpər tək tikilmiş, nə sirdir haqda,

Məşq edibdir hansı kitab-varaqda,

Fəhm eylə, katibi, yazanı nədir?


Məna sor, məna al, can ilə təndən,

Doğru söz çıxarmı əyri bədəndən?

Utanma, şairim, soruşum səndən,

Bildinmi başında qovğanı, nədir?


Nə ümmandır, daşdı, coşdu, səngidi,

Bu yolda bağlamış Şahbəndə bəndi,

Əkdi, biçdi, çəkdi, durma sən indi,

Gəlibsən dərməyə, başağı nədir?



BİLİNMƏZ
Arif olsan, səndən xəbər alım mən,

Nə millətdir, hardalığı bilinməz?

Xəbər ver, soruşum, gənci-xəzinə,

Fəqirdəmi, baydalığı1 bilinməz.


Nə kirişdir, bənd olubdur kamana,

Hansı gün qopacaq axır-zamana?

Nə səbəbdən qərq olubdur ümmana,

Kənardamı, saydalığı2 bilinməz.


Nə gövhər, nə yerdə yatar kəmbaha,

Necə isbat etmiş sureyi-Taha,

Qarkı3, çoban, quzu, bülbül, əjdəha,

Beşinin bir öydəliyi bilinməz.


O nə quşdur, qonduğu yer gümüşlü,

Altı min qanadlı, əlli min başlı,

Atası qırxında, oğlu yüz yaşlı,

Yasdalığı, toydalığı bilinməz.


O nədir ki, dörd yanında üzü var,

O nədir ki, sinəsində gözü var,

Nə kəlamdır, üç yüz altmış sözü var,

Yerdə, göydə, aydalığı bilinməz.


O nədir ki, önü var da, ardı yox,

O nədir ki, qonar-köçər, yurdu yox,

Hesab edib görsəm, yenə dördü yox,

Nə məkanda, caydalığı bilinməz.
Şahbəndə der: üç min üç yüzü dursun,

Dörd min dörd yüz qırx dörd səfasın sürsün,

Hər kim ustad isə, cavabın versin,

Dörd dalın bir zedəliyi1 bilinməz.



PƏRİ İLƏ ŞAH BƏHRAMIN DEYİŞMƏSİ
Pəri:

Qaçıb çıxdım qollarından,

Sənin yarın mən deyiləm.

Yürü, qalma yollarından,

Sənin yarın mən deyiləm.
Şah Bəhram:

Əylən, qara gözlü pərim,

Sənin yarın mənəm, mənəm.

Şəhdi-şəkər sözlü pərim,

Sənin yarın mənəm, mənəm.
Pəri:

Qafil idim, saldın ala,

Aşiq oldun bu camala,

Yeri, düşmə xam xəyala,

Sənin yarın mən deyiləm.
Şah Bəhram:

Gül qalmadı bağça-barda,

Əlim yetməz, zülfün darda,

Qoyma bizi ahu zarda,

Sənin yarın mənəm, mənəm.
Pəri:

Nə qəzirsən ançalarda,

Bağ içində bağçalarda,

Tər açılan qönçələrdə,

Sənin yarın mən deyiləm.
Şah Bəhram:

Bəndivanam sözlərində,

Qara xallı üzlərində,

Səfil qaldım izlərində,

Sənin yarın mənəm, mənəm.
Pəri:

Pəri adamzada yetməz,

Yetən yerdə məskən tutmaz,

Pərizadam, əlin yetməz,

Sənin yarın mən deyiləm.
Şah Bəhram:

Gah doluyam, gah xalıyam,

Sənin eşqində dəliyəm,

Gül üzünün abdalıyam,

Sənin yarın mənəm, mənəm.
Pəri:

Libaslarım aldın mənim,

Nə sözün var, nə mətləbin?

Vardır məndə nə məqsədin?

Sənin yarın mən deyiləm.
Şah Bəhram:

Düşdüm sənin xəyalına,

Aşiq oldum camalına,

İntizaram vüsalına,

Sənin yarın məməm, mənəm.
Pəri:

Gəl ey adamzadım mənim,

Kimə yetər dadım mənim,

Balahüsn adım mənim,

Sənin yarın mən deyiləm.
Şah Bəhram:

Şah Bəhram der, həvəsiyəm,

Qönçə gülün nəvasıyam,

Fars elinin paşasıyam,

Sənin yarın mənəm, mənəm.

MƏXDUMQULU FƏRAQİ

(1733 – 1798)
Məxdumqulu Fəraqi tarix boyu gəlib keçmiş ən böyük türk­mən şairidir. Onun türkmən ədəbiyyatı tari­xindəki yerini ve möv­qeyini qısaca olaraq bir cümlə ilə sə­ciy­yə­ləndirmək istəsək, demə­li­yik ki, Bayron ingilis ədəbiyyatı, Dante italyan ədəbiy­ya­tı, Puşkin rus ədə­biy­yatı üçün nədirsə, Məxdumqulu da türkmən ədəbiy­yatı üçün odur.

Məxdumqulu türkmən xalqının varlığına nüfuz etmiş, ilik­lə­rinə qədər işləmiş, sinif, zümrə, təbəqə, qo­ca-cavan, böyük-kiçik, qadın-kişi demədən, yeddidən yetmişə qədər bütün türkmənlərin mənəviy­yatına hop­muş, onlar üçün hava-su, duz-çörək qədər vacib olan mə­nəvi qidaya çevrilmişdir. Böyük türkoloq Barthol­dun yaz­dığı kimi, tarixdə hələ heç bir türk şairi öz xal­qı arasında Məxdum­qulu qədər populyar olmamış, onun qədər sevilməmiş, oxunmamış və əzbərlən­mə­miş­dir. Bu sahədə onunla yalnız Xoca Əhməd Yə­sə­vi və Yunus İmrə yarışa bilər.

Məxdumqulu Türkmənistanın mənəvi qurucula­rın­dan və li­der­­lə­rin­­dən biri, türkmən xalqını milli gü­vən­ci, sonsuz ifti­xar qay­nağı, bütün dövrlərin və kö­nüllərin şairidir. O, misilsiz söz ustası, sufi-ozan ol­maqla yanaşı eyni zamanda müdrik filosof, ünlü mü­tə­fək­kir, böyük alim, ba­carıqlı müəllim, ağıllı məslə­hət­çi, istedadlı das­tan­çı, mahir folklorçu, nəhayət, uzaq­görən siyasətçisidir, bir sözlə, türk­mənlərin ruhi dün­yasının rəhbəridir.

Türk dünyasının dahi yazıçısı Çingiz Aytmatov bunun səbəb­lərini belə izah etmişdir: «Məxdum­qu­lu­nun əsərlərinin bizim döv­rü­­müzə gəlib çatması türk­mən xalqının rəşadətidir. O, türkmən­lə­rin qəlbində - gə­zəri baxşı-dərvişlərin dilində, böyük və kiçik yol­lar­da, ba­zarlarda və karvan­saralarda, yurdlarda və çoban tonqal­larının ba­şında qorun­muşdur. Onun şeirləri ilə sa­vaşa yollanmış, cəllad kötü­yünə getmiş­lər. Məx­dum­qulunun şe­irləri insanın doğul­masını qarşı­lamış, onun ölümünə ağlamışdır. Məx­dumqulunun şe­ir­ləri se­vən qəlb­­lərin him­ninə çevrilmişdir».

Xalqın Məxdumquluya bəslədiyi sevgi şairin öz xalqına qarşı duyduğu ülvi, bəlkə də ilahi məhəbbətlə düz mütənasibdir. Məx­dum­qulu türkmən və türk xalq­larının ən yaxşı poetik ənə­nə­lərini özündə birləş­dir­diyi və təcəssüm etdirdiyi kimi, xalq da ona olan sevg­isi­ni ana südü ilə əmmiş, öz qan yaddaşında və genlə­rin­də daşıyaraq əsr­lərdən-əsrlərə, nə­sillərdən-nəsillərə ötür­müş­dür.

* * *


Məxdumqulu Fəraqi 1733-cü ildə Türkmənis­ta­nın Ətrək vila­yə­tində Kümbəzhovuzun şərqindəki Ha­cı­qovşan adlı yerdə, başqa bir məlumata görə, Qızılba­yır (indiki Şarlavuk) obasında türkmən ədəbiyyatının klassiki Dövlətməmməd Azadinin (1700-1760) ailə­sin­də dünyaya gəlmişdir. Öz dövrünün bilgili alimi və vətənpərvər şa­iri olan Aza­di «Vəzi-Azad», «He­kayəti-Cabir Ən­sar», «Mü­na­cat», «Behiştnamə» adlı məs­nə­­vi­lə­rin müəl­li­fi kimi məş­hurdur.

Məxdumqulu ilk təhsilini evdə öz atasından al­mış, daha sonra qon­şuluqda yerləşən Qızılayaq kən­din­dəki İdris Baba məktəbində oxu­muş­dur. Burada təhsilini ba­şa vurduq­dan sonra atası onu Buxa­ra­dakı məşhur Kökəltaş mədrəsə­sinə gön­­dər­mişdir. Məxdumqulu bu təhsil ocağında dövrünün tanın­mış xocala­rından dərs almış, baş­da Quran olmaqla ilahiy­yat elmini, hən­də­sə, hesab, nücum, tarix, coğrafiya və tədris proqramına daxil olan digər fənləri dərindən öy­rənmişdir. O, ədəbiyyata və dilə xüsu­si maraq gös­tə­rə­rək Şərq ədə­biy­yatı klassiklərini ciddi mütaliə et­miş, Xoca Əhməd Yəsəvi, Fü­zuli, Nəvai, Nəsimi, Hacı Bəktaş Vəli, Yunus İm­rə, Nizami, Hafiz, Xəyyam, Cami, Dəhlə­vi kimi şairlərin yaradıcılığını mənim­sə­miş, cağatay, ərəb və fars dil­lərinə mükəmməl şəkildə yiyələn­miş­­dir. Bü­tün bun­lar gənc Məx­dumqulunun bir şair və ozan kimi ye­tişməsində mühüm amil olmuşdur.

Məxdumqulu Buxarada nəqşibəndi ordeninə ciddi maraq gös­tər­miş, bu orde­nin şeyxi Bəhaəddin Nəqşibəndinin yarat­dığı su­fi mək­təbinin güclü təsi­rinə məruz qal­mış, şeyxin «Dilin yar ilən, əlin kar ilən olsun» şüarı­nı öz həyatının və sənətinin əsas kre­dosu, ma­ya­sı və mənası kimi qə­bul etmişdir.

Daha sonra Məxdumqulu həmin dövrdə Orta Asiyada ən nü­fuzlu təhsil mü­əssisəsi sayılan «Şirqazi» mədrəsəsinə daxil olmuş­dur. El­mə, təhsilə, mədəniyyətə böyük önəm verən Xivə hökmdarı Şirqazi xanın (1715-1728) əmri ilə qurulan bu mədrəsə öz dövrünün uni­ver­siteti hesab edilirdi. Buxara mədrəsəsinin məzunu olan Məx­dum­qulu burada daha münbit elmi-ədəbi mühitə düşmüş, Şərqin bö­yük alim­lərindən Fəra­binin, Biruninin, ibn Sina­nın, əl-Xarəz­mi­nin, Mənsur Həllacın, Qəzalinin, Zəməxşərinin, Nəi­minin, Bəya­zid Bis­taminin və başqalarının elmi-fəlsəfi irsi ilə tanış olmuş, ədəbiy­yat sa­həsindəki bi­liklərini daha da təkmil­ləşdirmişdir.

«Şirqazi» mədrəsəsində ali təhsilini başa vur­an Məx­dum­qulu öz doğma yurduna dönmüşdür. Üç il «məkan tutub duzunu yediyi», də­rin bilik və böyük mənəvi sərvət qazandığı «qızıl qapılı» mədrə­sə­­ni ömrü boyu unutmamış, ona vida şeiri də həsr etmişdir:
Məkan tutub, üç il yedim duzunu,

Gedər oldum, xoş qal, gözəl «Şirqazi».

Ötürdüm qışını, novruz-yazını,

Gedər oldum, xoş qal, gözəl «Şirqazi».
...Məxdumqulu yığıb könül vəfasın,

Təzim etdi, kim çəkmişdi cəfasın,

Heç zaman unutmaz qızıl qapısın,

Gedər oldum, xoş qal, gözəl «Şirqazi».
Əldə olan məlumatlara görə, Məxdumqulu ilk gəncliyin­dən bə­ri sonsuz bir məhəbbətlə sevdiyi Mənli adlı qıza qovuşmamış, bu eşq onu daim yandırmış, ilham qaynağına çev­rilmiş, bədii yaradı­cı­lığını körük­ləmişdir. Şair Mənliyə bir çox şeirlər həsr etmişdir.

Məxdumqulunun şəxsi həyatı faciələrlə keçmişdir. Abdul­la ad­lı qar­daşı hansı səbəbdənsə ata yurdunu tərk etmiş, 1754-cü ildə üç ailə üzvü – ba­cısı Xanmənli, kiçik qardaşı Canəsən və onun ar­vadı Bay­­ram ey­ni gün­də dünyadan köçmüş, bu dərd 21 yaşlı Məx­dum­qu­lunu, onun atası Aza­dini və anasını dərin kədərə qərq et­mişdir. Üs­tə­lik, şairin iki uşağının ikisi də kiçik yaşlarında ölmüş, çırağını yan­dıracaq başqa övladı olmadı­ğından Məxdumqulu bir ata və insan ki­mi bunu böyük ürək ağrısı ilə qarşılamış, «Bəxtim qaradır» şei­rində yaz­mışdır:


Koroğlu tək qeyrətimdən ayrıldım,

Qocalmışam, qüvvətimdən ayrıldım,

İki didəm − züryətimdən ayrıldım,

Rəhm edən olmadı, bəxtim qaradır.
Məxdumqulu bir şərqli, müsəlman və türk olaraq övlad­sız­lıq dər­dini bir çox şeirində yana-yana dilə gətir­miş­dir. Onun müx­təlif şe­ir­lərindən seçdiyimiz aşağıdakı bənd­lər də bunu göstərir:

Tənhalıq həsrəti başdan ötərmiş,

Oğulsuzluq bütün işdən betərmiş,

Züryətsiz igidin yeri itərmiş,

Yurdu yox, karvanı köçdü dedilər.
Dağımda bənd qaldı sellər,

Getdi huşum, əyri bellər,

Məxdumqulu deyər, ellər,

İzimdə züryət qalmadı.
Pünhan sirrim aşkara,

Neylək, çıxıb şikara,

Məxdumqulu biçara

Bircə züryəti gözlər.
Derlər: «Yaxınmış axirət»,

Görən varmıdır aqibət,

Məxdumqulu, quru dərəxt ―

Adamda züryət olmasa.
Şeirlərindəki «Pis xatın başa möhnətdir», «Yaman xatın yax­şı ərə Sovulmaz töhmətə bənzər», «Yenə yaxşı bir igidə Ya­man xatın tuş ol­masın», «Tuş olsan yaman xatına Ömrün ötər şər iləni» kimi mis­ralardan belə anlaşılır ki, Məxdumqulunun evində dinclik, könül ra­hatlığı ol­mamış, daima əsəbilik hökm sürmüşdür. Ona görə də şair yaxşı, xoşxasiyyət qa­dın­ları tərif­lə­miş, milli türk psi­xo­logiyasına və təfəkkürünə, ədəbi ənənə­sinə uyğun olaraq (burada dahi Yusif Bala­sa­­ğun­lunu və onun məşhur «Qu­tadğu Bilig» didak­tik poemasını xa­tırla­maq yerinə düşərdi) evlənmə işində gənc­lə­rə bəzi məslə­hət­lər ver­­mişdir:
Məxdumqulu, kimsə bilməz batini,

Evlənsəniz, baxıb alın zatını,

Yiyəm görkəzməsin yaman xatını,

Adam özün bilməz, xam xəyal olar.
Bütün bunlar yetməzmiş kimi, Məxdumqulu sonra öz qiblə­ga­hı say­dığı atası Azadini və sevimli anasını da itirmış, bu fani dünyada ya­pa­yalnız qalmışdır. Bundan sonra öz şeirlərini hamıdan ayrılmış, fə­rağa, uza­ğa düşmüş mənasına gələn Fəraqi təxəllüsü ilə yazmağa başlamışdır. O, bir neçə şeirində nəyə görə bu təxəllüsü qəbul etdiyi­ni bu şəkildə açıqlamışdır:
Cahanı yandırdı odun,

Qaçar oldu yaxın-yadın,

Məxdumqulu, sənin adın,

Olsun indi qoy Fəraqi.
Məxdumqulu, adın döndü Fərağa,

Fəraq olub, çək özünü qırağa...
Məxdumqulu gənc yaşlarından etibarən səyahətə çıxaraq bü­tün Türkmənistanı, Orta Asiyanı, İranı və Hindistanın bir qis­mi­ni gəzib do­laş­mışdır. Hətta ilk dəfə səfərə çıxmaq istədikdə ata­­sı gənc və təc­rübəsiz ol­du­ğunu söyləyə­rək ona mane olmağa ça­lış­mışdır. Bu haqda ata ilə oğulun maraqlı bir deyişməsi də vardır.

Məxdumqulunun Azərbaycanda və Anadoluda olub-olma­ma­sı də­qiq məlum deyil. Doğrudur, onun əsərlərində Azərbay­can, eləcə də Kay­seri və Qars barədə müəyyən məlumatlar var, lakin bu məsələ hə­ləlik açıq qalır. Ümumiyyətlə, Məxdum­qu­lunun şeirlərin­də bir çox ölkə, vilayət, şə­hər, el-oba, kənd adı çək­mişdir ki, bun­la­rın əksəriy­yə­ti poetik ənənəyə uyğun olaraq işlədilmişdir. Məsə­lən, Yusifdən ya­zarkən Kənan (indiki Fə­ləs­tin) və Misiri xatırlat­mamaq mümkün deyil. Eləcə də bir şeyin vüsətini, genişliyini, kiminsə şan-şöhrətinin, ad­­-sa­­nınin yeddi iqlimə yayılmasını bir qə­dər də mü­baliğəli göstər­mək üçün Mi­­sir, Həbəş, Zəngistan, Firəng, Yunan, Rumistan, Tür­küstan, Çin-Maçin, Hin­dis­tan kimi bir-bi­rin­dən çox-çox uzaqda yer­ləşən məmlə­kətlərin ad­larının bir şeirdə ya­naşı çə­kilməsi poezi­yada məqbuldur. La­kin da­nılmaz həqi­qət­dir ki, Məxdumqu­lu­nun coğra­fi­ya sahəsin­dəki bilik­ləri heyrəra­miz dərə­cədə genişdir. Biz bunu şai­rin «Bu dünya» adlı şe­irində ba­riz şə­kildə görürük. Burada isla­mi bil­­gilər işığında 15 öl­kə­nin sahəsi ağacla-fərsəxlə verilmiş, su, bataq­lıq, dağ, adam yaşa­ma­yan yer­lər, səhralar və s. göstərilməklə təqri­bən bütün dün­ya coğ­rafiyası əhatə olun­muş­dur. Şeirdə oxuyuruq:


On iki min ağac cayi-Hindistan,

Altı min ağac yol ərzi-Rumistan,

Dörd min Səklab, Səncab, dörd min Zəngistan,

Sanki keçib varan seldir bu dünya.
Dörd min fərsəx Yəmən, bir min də Bulğar,

Zəmini-yunan həm olar yek həzar,

Min ağac yol dağdır, devi-mərdumxor,

Onda keçib varan saldır bu dünya…
Üç min üç yüz ağac əhli-islamdır,

İraq, Xəzirbaycan, Misirdir, Şamdır,

Xorasan, Fars, Bəzirkuhda tamamdır,

Yox olunca, qalmaqaldır bu dünya.
Mütəxəssislərin hesablamalarına görə, şairin yaradıcılı­ğın­da iş­lə­dil­miş re­­al coğrafi, dini-mövhumi məntəqələrin, tarixi və əf­sanə­vi şəxs ad­la­rının sayı 258-dir. Yeri gəlmişkən, bir statis­tik mə­lu­matı da ver­mək istər­dik: Məxdumqulunun əlimizdəki şeirlərində bir sözün dəfələrlə işləndiyini nəzərə almaqla ümu­mən 101 min kəlmədən isti­fadə edildiyi kompüter sa­yımı zamanı ortaya çıxdı...

Məxdumqulunun sonraki həyatı barədə əldə dəqiq məlu­mat­­lar yox­dur. Onun vafat tarixi də mübahisəlidir. Bəzi araşdır­maçılar şai­rin 1783-cü ildə, bəziləri isə 1793-cü, hətta 1798-ci ildə böyük acılar çəkdiyi bu dünyadan əbədi xatırlanacaq bir ad və böyük poetik irs qo­­yaraq köçdü­yü­nü qeyd edirlər.

* * *

Məxdumqulu hər şeydən əvvəl böyük şair və istedadlı aşıq­dır. Artıq XVII əsrdən etibarən türk ədəbiyyatında divan ədə­biy­yatı ilə klassik aşıq yaradıcılığı qovuşaraq yeni bir mər­hə­ləyə qədəm qo­ymuş, yazılı ədəbiy­yatla şifahi ədəbiyyatın sintezi nəticəsin­də şa­ir-aşıq sənətkarlar yetışmış­dir. Türkmənis­tanda Məxdumqulu, Azər­bay­canda Vaqif, Türkiyədə isə Nədim bun­ların ən parlaq nüma­yən­­dəsi sayılır. Saz çalıb-çalmama­sın­dan, məclislərdə çıxış edib-etmə­mə­­sin­dən asılı olmayaraq on­la­rın yaradıcılığı şifahi xalq ədə­biyyatı ənənə­ləri üzə­rində yük­səl­miş, folklordan bəhrə­lə­nərək nəşv-nüma tap­­mış, aşıq şe­i­ri janr­ları aparıcı mövqedə olmuş, eyni zamanda di­van ədə­biyyatı da öz qüvvətli təsirini qorumuşdur. Bu tipli sənət­kar­ların ya­radı­cılığın­da qoşma, gəraylı, təcnis janrında yazılmış əsər­lər­lə bəra­bər qəzəl, qə­sidə və məsnəvilərə də rast gəl­mək mümkün­dür.



Məxdumqulu söz sənətinə aşıq kimi qədəm qoymuş, türk­mən və ümum­­türk folklorunu dərindən mənimsəyən və inkişaf etdirən bir haqq aşığı səviyyəsinə yüksəlmişdir. O, digər haqq aşıqları ki­mi ba­də içmişdir. Üstəlik, Məxdumqulu yeganə aşıqdır ki, onun hə­­yatında badə içmə doqquz dəfə baş vermiş­dir. Türk ədəbiyyatı tarixində na­dir hadisə olduğu üçün bu məsələ üzərində bir qədər ge­niş dayanmaq lazımdır.

Müqəddəslər əlindən badə içməsi (türkməncə buna «haq­dan iç­mə» deyilir), bunun məkanı və zamanı, kimlərin iştirakı ilə və nə şə­kildə baş ver­mə­si şairin öz şeirlərində təsvir edilmişdir. Bunların ən mü­fəssəli və geni­şi «Durgil» dedilər» adlı şeirdir. Qısalıq na­mi­nə biz badə şe­ir­­lərini sxe­matik olaraq verməyi məqsədəuyğun he­sab edirik.



Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin