Ramiz ƏSKƏr türk xalqlari əDƏBİyyati oçerkləRİ-1 Bakı – 2011



Yüklə 1,75 Mb.
səhifə9/12
tarix01.12.2016
ölçüsü1,75 Mb.
#533
1   ...   4   5   6   7   8   9   10   11   12

BİR YANA
Tiği-peykanın gəzləyir,

Qaş bir yana, göz bir yana,

Dəhanın açıb sözləyir,

Dür bir yana, söz bir yana,


Xəzan ayrılmaz gülümdən,

Bir qəzəl yazdım dilimdən,

Yaşılbaş uçdu gölümdən,

Su bir yana, qaz bir yana.


Sevdiyim qız sanki quşdu,

Birbaş rəqiblərə uçdu,

Bir səbəbdən ayrı düşdü

Yar bir yana, biz bir yana.


Bəzənib canım alarlar,

Görənlər heyran qalarlar,

Cilvə edib sallanarlar,

Yar bir yana, qız bir yana.


Qulaq verin ahu-zara,

Söyləsin Nəfəs biçara,

Etdi bağrımı səd para,

Tiğ bir yana, tiz bir yana.




FƏRAĞINDAN
Dilbər, yazım vəsfini,

Yandım ki fərağından.

Mən təşnəni yandırma,

Busə ver dodağından.


Yar qaməti ərərdir,

Rüxsarı onun zərdir,

Aləm ki münəvvərdir,

Köksündəki ağından.


Firqət işığın yapsam,

Rəhmətdə vüsal tapsam,

Gəhi gözündən öpsəm,

Gəh alma yanağından.


Bağlara qılıb seyran,

Ağlımı edib heyran,

Zülfün olub iki yan

Şirmayı darağından.


Eşqində yanan qulam,

Özgəyə nəzər salmam,

Tər qönçədə bülbüləm,

Yar, qovlama bağından.


Çün aşiqi-məstanam,

Ləlin meyindən qanam,

Həm başına qurbanam,

Həm qaşi-qabağından.

Məstanə Nəfəs hər dəm

Özünə dilər həmdəm,

Tozun gözümə sürtəm,

Gər çıxsa ayağından.



İLƏ
Tuti təkəllüm bir pəri,

Sözlər şəkər xarı ilə.

Könlüm quşun bənd eyləmiş

Zülfünün bir tarı ilə.


Gözə görünsə gül üzü,

Otursa gecə-gündüzü,

Yar gəlsə tənha bir özü,

Gəlməsə əğyarı ilə.


Müşkin saçın eylər düyün,

Halımı eyləyib zəbun,

Razıyam, öldürsə bu gün

Qoynundakı narı ilə.


Bəh-bəh, əcaib simi-tən,

Odur məni Məcnun edən,

Ağlıqda bəhs eylər bədən

Qırx çillənin qarı ilə.


Hər kim özün ram eyləyir,

Sübhün onun şam eyləyir,

Kafiri islam eyləyir

İzhari-göftarı ilə.


Gəh sarmaşıq tək sarmaşıb,

Gəh öpüşüb, gəh oynaşıb,

Molla Nəfəs der, yanaşıb,

Otursa öz yarı ilə.



AŞİQ AĞLAR, ARZU EDƏR
Aşiq ağlar, arzu edər,

Öz yarının ədasıdır.

Eşqin yükün atıb gedər,

Yay qaşının sədasıdır.


Bu dünyaya gəlsin alim,

Xalqa bir az versin elm; -

Aşiqlərə qılsan zülüm,

Bir dostunın cəfasıdır.


Tale yel tək belə əsib,

Mənə etdi bunu nəsib.

Çün müsəlman aşiq Yusif

Kafirlərin gədasıdır.


Qara ilanın zəhrində,

Böyük əjdərha qəhrində,

Yar surəti can şəhrində,

Adam ölsə, bəlasıdır.


İndi artar mənim ərzim,

İrağa çatmaz nəzərim,

Nəfəs deyər, mənim yarım

Gəlin-qızların xasıdır.



KİÇGİNƏ
Məni eşqində yaxan qəhri yaman kiçginə,

Xoş təkəllümginəsi şövqi-zəban kiçginə.

Qaşı qaraginəsi misli-kaman kiçginə,

Dişi dür, ləbginəsi qönçə-dəhan kiçginə,

Əlqərəz, yaxdı məni nari-suzan kiçginə.
Girib bağginəsinə, üzübən gülginəsin,

Quruban damginəsin, dinlər bülbülginəsin,

Töküb üzginəsinə zülfi-sünbülginəsin,

Gəh qısıb ləbginəsin, gəh açıb qolginəsin,

Saldı mənim sinəmə daği-nihan kiçginə.
Qısdı qolginəsinə məmeyi-kiçginəsin,

Tökdü üstginəsinə müşk-ənbər saçginəsin,

Gizlədi narginəsin, qoymadı heçginəsin,

Görmək istədim, söydü, yığaraq güçginəsin,

Saldı yumruqginəsin qəhri yaman kiçginə.
Tutdu hörükginəsin, hüllə, qunduzginəsin,

Geydi əyninə gözəl qırmız libasginəsin,

Gündə yüz bir paltarda görkəzir özginəsin,

Qucdum belginəsini, öpməyə üzginəsin,

Qıldı yalanginədən ahi-fəğan kiçginə.
Gəldi tez-çəbikginə, oturdu həmdəmginə,

Al yanaği tərginə, qəbqəbi-şəbnəmginə,

Bildim bu nə rəyginə, sordum oşol dəmginə,

Dedi əğyar, rəqibəm mən sənə həmdəmginə,

Atəşim yüksəlsə də, keçdi rəvan kiçginə.

Al-yaşıl bəzəndi ol qədginə, qamətginə,

Qoydu mənim canıma nazi-qiyamətginə,

Qurdu mənim qəsdimə yayi-xoşamədginə,

Atdı öldürmək üçün ol oxi-afətginə,

Nəfəs der: canım alan arami-can kiçginə.



DEDİM-DEDİ
Dedim: «Aşiqlər şahı!» Dedi: «De ərzin, mehman!».

Dedim: «Keç günahımdan!» Dedi: «Ötdüm damla qan».

Dedim: «Təxtin bərqərar!» Dedi: «Bənzər, bipayan».

Dedim: «Sənin tək şahlar...» Dedi: «Yoxdur bigüman».

Dedim: «Gəldim. Qulun mən».

«Dur get, - dedi, - müsəlman!».


Dedim: «Ol nə püstədir?» Dedi ki: «Dəhan olar».

Dedim: «Ol nə qumrudur?» Dedi ki: «Zəban olar».

Dedim: «Ağ üzdə xallar...» Dedi ki: «Reyhan olar».

Dedim: «Bu necə dondur?» Dedi: «Zərəfşan olar».

Dedim: «Ölsəm ərman yox». Dedi: «Tökmə nahaq qan».
Dedim: «Zülflər ovsunçu...» Dedi: «Dağdan gəldi mar».

Dedim: «Nə qoşa alma?» Dedi: «Ağ köksümdə nar...».

Dedim: «Ol nə əncirdir?» Dedi ki: «Bağda ənar».

Dedim: «Çillə qarıdır...» Dedi: «Onda gül-güzar».

Dedim: «Yoxdur günahım». Dedi: «Çoxlarda ərman».
Dedim: «Bir busə vergil!» Dedi: «Verim, güldürsən».

Dedim: «Haqq aşığıyam». Dedi: «Karın bildirsən».

Dedim: «Əziz mehmanam». Dedi: «Gəlib öldürsən»,

Dedim: «Bu nə sözdür, ey!...» Dedi: «Gəlib qaldırsan».

Aldım dərhal qoluma. Dedi: «Görəcək bağban...».
Qolum saldım boynuna, gəldi tavusum uçub,

Dedim: «Gəl indi tutum». Dedi: «Gül tək çulğaşıb...».

Dedim: «Vüsalın yetir». Dedi ki: «Ağlın çaşıb».

Çıxdı ürək yerindən, getdi qərar sıçraşıb,

Aşıq Nəfəs bu gecə sürdü belə çox dövran.


İSTƏYİB GÖZƏL YARI
İstəyib gözəl yarı, gördüm ki səlamətdir,

Baş qoydum ayağına, «Dur! - dedi, - nə halətdir?»

Durdum, dedim: «Ərzim var», - «Ərz eylə, ədalətdir!»

Dedim: «Sənə aşiqəm», «Qoy, - dedi, - nə hacətdir?»

Dedim: «Pərilər xanı,

Sənsiz nedirəm canı?»

Dedi: «Bu sözün bizə yalançı hekayətdir».
Dedim: «Gözün öldürdü, qəmzən ki qılıb xəstə».

«Şəksiz ölərsən, - dedi, - bir qeyri vətən istə».

Dedim ki: «Özüm getsəm, canım sənə vabəstə!»

Dedi: «Nə əlac edim, sən bir aşiq şikəstə?»

Dedim ki: «Əlac eylə,

Hüsnün mənə tac eylə»,

Güldü əlin dişləyib, dedi: «Nə zərafətdir?»
Dedim: «Nə tütündir bu?» - «Zülfi-kakilim» dedi.

Dedim: «Nə əlifdir bu?» Ol: «İncə belim» dedi.

Dedim: «Nə şəkərdir bu?» - «Şərbətli dilim» dedi.

Bir busə tələb qıldım, - «Lazımdır ölüm» dedi.

Dedim: «Məni ya öldür,

Ya busə mürüvvət qıl!»

Ağzıma barmaq qoydu: «Sus, - dedi, - qəbahətdir».
Ümmidi-vüsal ilən qapını kiçik açdım,

Gözlədi əl altından, göz eylədi, mən düşdüm,

Düşmənlərdən gizlincə bir ləhzə xəbərləşdim,

«Pünhan yerə var» dedi, vardım ki qucaqlaşdım,

Dedim ki: «Eşqində, ah,

Yandırma məni, ey şah!»

Dedi ki: «Yanıb - ölmək aşiqlərə adətdir».

Dedim ki: «Gülü-cənnət,

Bir dəm sürəlim işrət...».

Dedi ki: «Səhər oldu...», durdu, dilədi rüxsət.

«Rüxsəti verək desəm, araya düşər firqət»,

Ağlayıb əlim tutdu. «Sən çəkmə, - dedi, - həsrət»,

Dedim ki: «Məni öldür,

Bu - ayrılıq, ey dildar!»

Dedi: «Sənə bu işrət hər gecə ziyafətdir...»
Çağırdı, sual etdi. «Yanına varaq» dedim.

Dedi ki: «Kəsbin nədir?» - «Qulluqda duraq» dedim.

Pərdə ilə sözləşdi. «Aç üzün, görək» dedim.

Dedi ki: «Nə gətirdin?» - «Canımı verək» dedim.

Dedi: «Bu nə divanə?»

Dedim: «Sənə pərvanə».

Dedi: «Sənə görmək yox, can təndə əmanətdir».
Dedim ki: «Mənim könlüm,

Almazmısan, ey zalım?»

Dedi ki: «Nə axmaqsan, xalq deyir sənə alim».

Dedim: «Nə günahım var, söylə, nədir amalım?»

Dedi ki: «Pünhan sirrim xalq içrə qılıb məlim».

Dedim ki: «Günahkaram,

Möhnətə giriftaram».

Dedi mənə ol yarım: «Möhnət sonu rahətdir».


«Nədən bu gözün yaşı giryan varadır?» dedi.

«Firqət ki yaman» dedim, «Sinəm yaradır» dedi.

Boynuna qolum saldım, «Düşmən görədir» dedi.

Öpdüm yanağın, «Ey, vay, bəxtim qaradır» dedi.

Dedim: «Bu nə təşvişdir?»

Dedi ki: «Bu nə işdir?»

Mən dedim: «Əcəb işdir». Yar dedi: «Məlamətdir».

Yatanda güli-gülşən,

Bir gecə gələrək mən,

Duraraq qulaq verdim, uyğuda yatmış ikən,

Vararaq üzün açdım, oyandı qəzəb ilən,

«Kimsən?» dedi. Dedim: «Mən». Dedi ki: «Nəfəsmisən?»

Dedi ki: «Gəlibsən xoş!», «Xoşbəxt olasan» dedim.

Aşiq ilə məşuqdan bir-birnə xoşaməddir.



VƏQTİDİR
Ey könül, pəndim sənə: mərdanə olsan, vəqtidir,

Yanaraq həqq şəminə pərvanə olsan, vəqtidir.

Qeyri-həqqi tərk edib, biganə olsan, vəqtidir,

Cindeyi-fəqrin geyib, divanə olsan, vəqtidir,

Can çəkib cabbarına, cananə olsan, vəqtidir.
Bəndəsən, dur uyğudan, vəqtin ki ötməzdən öncə,

Köksün üzrə pis əcəlin xarı bitməzdən öncə,

Tut, giribanın yaxaya dəsti yetməzdən öncə,

Əjdəri ağzın açıb, cismini udmazdan öncə,

Bu qara torpaq ilə həmxanə olsan, vəqtidir.
Yaşın altmışa yetibdir, novca çağlardan keçib,

Şər işə baş qoyarsan, kari-rəhmətdən qaçıb,

Qəhri-həqdən qorxuban, hər gündə göz yaşın saçıb,

Hər səhərlər «hu» deyib, vəhdət şərabından içib,

Məşrəbü Mənsur kimi məstanə olsan, vəqtidir.
Bu cahan rənasının faydası yoxdur canına,

Pis əcəl yayın çəkib, tirini atar şanına,

Həq deyib tapsan qəza allah zamindir qanına,

Gecə-gün xidmət qılıb, zinət verib imanına,

Dövləti-iman ilə dövranə olsan, vəqtidir.
Ey Nəfəs, ötdü bu ömrün nəbz üçün möhnət çəkib,

Yaxşıdan üz döndərib, gəzdin yaman sarı baxıb,

Arsız dünya cilvə eylər gündə göz-qaşın dartıb,

Hüsni-ciyərsuzlar ilə sən həm ciyər-bağrın yaxıb,

Həq qaşında gövhəri-yeganə olsan, vəqtidir.


MOLLA NƏFƏS
Qəflət uyğusunda qaldın,

Oyan indi, Molla Nəfəs!

Gəh saralıb, gəhi soldun,

Oyan indi, Molla Nəfəs!


Hicran bağrını dağlayar,

Həsrət sinəndə çağlayar,

Sevən yarın çox ağlayar,

Oyan indi, Molla Nəfəs!


Bu dünyaya dürlər doldu,

Aylar ötdü, günlər qaldı,

Dur ayağa, vaxt oldu,

Oyan indi, Molla Nəfəs!


Yad eylə gəl sevən yarı,

Ağ köksündə alma, narı,

Dolanmışdır zülfi-tarı,

Oyan indi, Molla Nəfəs!


Nəfəs, gəlgil sən huşuna,

Çox oyun gələr başına,

Yetmək üçün sirdaşına,

Oyan indi, Molla Nəfəs!



ABDULLA TUKAY

(1886-1913)
Abdulla Tukay qardaş tatar xalqının bağrından qopan, onun ru­huna, arzu və düşüncələrinə tərcüman olan azman bir sənətkar­dır. Qətiyyətlə demək olar ki, hələ heç bir tatar şairi öz xalqına Tu­­kay qədər yaxın olmamış və tatar xalqı hələ heç bir şairini Tukayı sevdiyi qədər səmimiyyətlə, hətta dəlicəsinə sevməmişdir. Halbuki Tukaya qədər tatarların min il­lik tarixə malik qədim və zəngin ədə­biyyatı, yüzlərlə şairi olmuşdur. Bu sev­ginin, zən­nim­cə, bir neçə səbəbi var­dır. Hər şeydən əvvəl, Tu­kay son dərəcə parlaq istedad sahibi­dir. O, bir dahi olaraq doğulmuş, ulu Tanrı ona sağ­lamlıqdan baş­qa hər şeyi böyük səxavətlə əta etmişdir. İkincisi, Tukay bu is­te­dadını həlakət həddinə çatan bir fədakarlıqla heç bir qarşılıq göz­ləmədən, son damlasına qədər doğma xalqına xərclə­mişdir. Üçün­cü­­sü, tatar ta­ri­xində heç bir şair Tukay qədər xəlqi və milli olma­mış­dır. Dör­düncüsü, Tukay zəmanənin yetirdiyi bir sənətkar idi.

Tatar ədəbiyyatında Abdulla Tukayın tutduğu mövqeyi barə­də bir cümlələ bunu demək olar: o, tatarların Bayronu, Puşkini, Dantesi, Məxdumqulusu və Sabiridir.


* * *

Abdulla Tukay 26 aprel 1886-cı ildə Tatarıstanın paytaxtı Ka­zan şə­hə­rindən 60 verst aralıda yerləşən Quşlavıç kəndində (in­ki Ətnə rayonu) do­ğulmuşdur. Atası Məhəmmədarif Məhəm­məd­alim oğlu (1843-1886) öz dövrü üçün yaxşı təhsil al­mış bir ziyalı – kənd mol­lası, anası Bibiməmdudə Zinətulla qızı (1864-1890) isə savadlı, ara-sıra şeir yazan bir qadın olub. Abdullanın hər iki ba­ba­sı rəsmi icazə ilə uzun müddət mollalıq etmişlər. Abdulla beş aylıq ikən ata­sı vəfat edir. O, 2 yaş səkkiz aylığına qədər anası Bi­bi­məm­dudə ilə yaşayır, la­kin anası qonşu Sasna kəndinin mollası ilə ailə həyatı qurduğundan onu öz kədlərində Şərifə adlı bir qadı­na mü­vəqqəti olaraq saxlama­ğa ver­ir. Zavallı uşaq bir neçə ay bu­rada hər cür mər­hə­mət və şəfqətdən uzaq bir şə­raitdə yaşamağa məc­­bur olur. 1889-cu ilin yazında ana­­sı onu Sasna kəndinə öz ya­nına apa­rır, lakin tale bu dəfə də Abdul­lanın üzü­nə gülmür; o, 1890-cı ilin yanvarında anasını itirir, atalığı isə onu ba­basının ya­nına göndərir. Sonrakı illərdə Abdulla beş-altı də­­fə başqa-başqa ailələrə düşür, ne­çə-neçə qadına «ana», neçə-neçə kişiyə «ata» deyir, kiçik is­tis­nalarla çox acılı-əzablı günlər görür, xor­lanır, al­çaldılır, ac-susuz, çılpaq qalır. Bu barədə şairin öz qələ­min­dən çı­xan və bu kitaba sa­lınan «Yadımda qalanlar» adlı xa­tirə­sində ge­niş məlumat verildiyi üçün təfsilata lüzum görmürük. Burada yal­nız onu qeyd etmək la­zımdır ki, Ab­dulla mollaxanada oxuyur, öz fitri istedadı sayəsində yaxşı təhsil ala bilir.

Abdulla Tukay hələ uşaqlıqdan öz yaddaşı, məntiqi, ağlı-fə­ra­səti, dərin müşahidə qabiliyyəti ilə seçilir. Özünün gördüyü, yaş­lıların danışdığı hər şeyi yaddaşına həkk edir, nağılları, atalar söz­lərini, rəvayətləri, xalq nəğmələrini, mahnıları, bir sözlə, zəngin ta­tar folklorunu diqqətlə öyrənir.

Yaşadığı kəndlərin füsunkar təbiəti, xoş ab-havası, qalın me­şələri, çayları ona erkən yaşlarda poetik duyğular aşılayır. Ara­-sıra yaşadığı kəndlərdəki varlıların evlərinə, Kazana, Ətnəyə, Daş­ayaq bazarına gedərkən hər dəfə özü üçün yeni-yeni şeylər kəşf edir, öz dünyagörüşünü genişləndirir, artırır.

Bir neçə il Qırlavıç, Sasna, Qırlay, Yeni sloboda kənd­lərində müxtəlif xarakterli ailələrdə yaşadıqdan sonra, nəhayət, bibisi Əzi­zə və onun əri Ələsgər Osmanovun səyi nəticəsində 1894-cü ildə Abdulla Tu­kay Yaik (indiki Uralsk) şəhərinə gəlir və 1907-ci ilə qə­­dər burada yaşa­yır.

Yaik şəhəri 1613-cü ildə, romanovlar sülaləsinin taxta çıx­dı­ğı il hərbi-strateji məntəqə kimi salınmışdır. O, İdil-Ural eli ilə Or­ta Asiya arasında mühüm bir şəhər kimi sürətlə böyümüş, iri ti­ca­rət mərkəzi halına gəlmişdir. 1775-ci ildə şəhərin adı dəyiş­diri­lərək Uralsk adlandırılmışdır. Salındığı gündən bəri şə­hərdə rus, ukray­nalı, qazax, yəhudi icmaları yaranmış, lakin onun əsas əha­lisi tatar­lardan ibarət olmuşdur. Onlar Tatarıstanın müxtəlif yer­lərin­dən, əl­əlxüsus da Kazan ətrafından buraya kö­çərək məs­kun­laş­mış, əkin­çi­lik və ticarətlə məş­ğul ol­muşlar. Abdulla Tukayın bi­bi­sinin əri isə son dövrün tatar köçkün­lərindən biri idi.

O dövrdə Uralskda üç mədrəsə - «Mütiiyyə», «Rəqibiyyə» və «Eyniyyə» fəaliyyət göstərirdi. Yeznəsi 1895-ci ilin sentya­b­rın­da Abdullanı «Mütiiyyə» mədrəsəsinə qoyur. Bura öz döv­rünə gö­rə xeylı mü­tərəqqi təhsil ocağı idi. Mədrəsənin sahibi el­mi-əruz, fiqh, ərəb dili dərslərini deyən Mü­ti­ulla Töhfətullinin evində royal və iri bir kitab­xana vardı, onun oğlu Kamil isə hafiz olmaqla ya­na­şı yax­şı də­rə­cə­də ərəbcə, farsca və rusca bilir, mahnı oxu­yur­du. Ka­millə dost­laşan Abdulla ondan və evlərindəki kitabxanadan çox şey əxz edir. Kamil təhsilini artırmaq məqsədilə iki illiyə İstan­bula gedir, qayıdan­da özü ilə xeyli kitab gətirir, bunları oxumaq üçün Abdullaya verir.

1896-cı ildə Abdulla üçillik rus məktəbinə yazılır, müəlli­mi Əh­­mədşah Siracəddinovun sayəsində həm rusca öyrənir, həm də rus ədəbiyyatı ilə dərindən tanış olur. 1899-cu ildə hə­min məktə­­bi­ni bitirən gənc Abdulla türk, ərəb, fars və rus dilləri və ədəbiy­yat­ları sahəsində dərin bilikli bir ziyalı kimi formalaşır.

1900-cü ildə özü ilə eyni mədrəsədə oxuyan şair Mir­heydər Çolpanla yaxınlaşan Abdulla Tukay onun təsiri altında poeziya ba­rə­də fikirləşir, lakin ilk qələm təcrübələrini 1901-02-ci illərdə or­ta­ya qoyur. Bunda İstanbul Universitetindən qovulan türk gənci Əb­düləli Əmrullanın da rolu olur. O, təx­minən bir il Abdulla Tu­ka­yın oxuduğu mədrəsədə təhsil almışdı. Daha sonra məktəb yoldaşla­rın­dan Şərif Qəyyumovun və Əli Hikmə­tul­linin verdikləri məlumata görə, onlar şairin ilk şeir­lə­rini 1902-ci ildə onun özün­dən dinləmiş­lər. Lakin həmin dövrdə Uralskda tatarca mətbuat ol­ma­­dığından bu şeirləri çap etmək mümkün olmamışdır.

1905-ci ildə I rus inqilabı başlanır. Onun təsiri altında çar II Ni­kolay 17 oktyabr 1905-ci ildə manifest imzalayaraq bəzi gü­zəşt­lərə gedir. O tarixdən başlayaraq Rusiyanın türk xalqları, o cümlə­dən tatarlar də öz dillərində qəzət və jurnallar, kitablar nəşr etmə­k imkanı qazanırlar. Yeni vəziyyətdən istifadə edən molla Mütiulla­nın oğlu Kamil «Uralets» qəzetinin mətbəəsini satın alır. Abdulla Tu­kay bu­rada mürəttib işinə düzəlir, şair və jurnalist kimi yetişir.

Abdulla Tukayın bir qrup dostu ilə birlikdə hələ 1904-cü ilin iyunun­dan «Əsrül-cədid» («Yeni əsr») adlı əlyazma jurnal burax­dığı bi­linir. Sonuncu nömrəsi 1905-ci ilin 12 mayında çıxan (cəmi 9 nöm­rə) bu jurnal­da onun ilk yazıları verimişdir. Şairin şeirləri ilk dəfə 1905-ci ilin sent­yabrında «Əsrül-cədid» qəzetinin reklam-elan vərəqlə­rində çap edilir. Həmin il sentyabrın 2-də Pe­terburqda ilk ta­tar qəzeti olan «Nur» çap­dan çıxır. Tukay bu hadisəni alqış­la­yan şeir yazır və redaksiyaya göndərir.

1905-ci ilin 26 noyabr günü Kamil Töhfətullinin redaktor­lu­ğu altında «Fi­kir» qəzetinin bi­­­rinci sayı nəşr olunur. Tukay burada əv­vəlcə ayda 8 manat maaşla mürəttib-korrektor, sonra isə 25 ma­nat ma­aşla xəbərlər şöbəsinin müdiri işləyir. Burada onun «Mujik yolkası» şe­iri, Uralskda «Ka­­zan» mehman­xana­sının açılışı müna­si­bə­tilə «Bu gün­də bir sa­ray aç­dı əhali», «Hürriyyət haqqında», «Dostlara bir söz», «İttifaq haqqında» adlı şeirləri və başqa yazı­la­rı dərc edilir.

1906-ci il yanvarın 15-də Kamil Töhfətullinin redak­tor­luğu al­tında «Əsrül-cədid» adlı aylıq ədəbi-elmi-ictimai jurnal nəşrə baş­­­­layır. Tukay burada re­daksiya he­yətinin üzvü, daha sonra məsul katib və fak­tiki olaraq re­daktor və­zifəsini yerinə yetirir. Jur­nalın ilk nömrəsində onun «Allah eşqinə», ikinci nömrəsində Krılovdan elədiyi tərcümələr verilir. 1906-cı ilin iyununda «Uk­lar» (Oxlar») jurnalı fəaliyyətə başlayır. Abdulla Tukay Uralskda çıxan mətbuat orqanlarının hamısında şeir, məqalə və tərcümə­lə­ri­ni çap etdirir.

1907-ci ilin mayında «Fikir» qəzeti və «Əsrül-cədid» jurnalı bağlanır, Tukay işsiz qalır.

Uralsk şəhəri, onun ədəbi-mədəni-mətbu aləmi artıq Ab­dul­la Tukaya dar gəlir. Uşaqlıqdan bəri dərin məhəbbətlə sevdiyi elm, mədəniy­yət mərkəzi Kazan onu özünə çəkir. Şair 1907-ci ilin pa­yı­zında yo­la çıxır, Uralskdan Kazana gəlir. Şair bunu özünün «Bir cüt at» şe­irində gözəl bədii boyalarla təsvir etmişdir.

8 yaşında bir mollaxana şagirdi ikən ayrıldığı bu yerlərə artıq təhsilini başa vuran, öz gözəl əsərləri ilə bütün Tata­rıs­tan­da və ət­raf türk ellərində tanınan məşhur şair və publisist kimi qa­yıdan Ab­­dulla Tukayı Kazanın coşqun ədəbi mühiti öz ağu­şu­na alır. Şa­irin bundan sonra qalan beş il səkkiz aylıq qısa öm­rü, yara­dı­cılığı­nın ən yetkin dövrü və son mərhələsi burada keçir.

Abdulla Tukay həmin dövrdə Kazanda nəşr olunan «Əl-İs­lah», «Ya­şen» («İldırım»), «Yalt-yult» («Şəfəq»), «Millət», «Azad xalq», «Ül­fət», «Azad», «Əxbar», «Vətən xadimi» və b. tatar qə­zet və jurnallarında öz şeirlərini, publisistik yazılarını çap etdi­rir, şə­hərdə keçirilən müxtəlif mədəni tədbirlərdə, ədəbi-bədii ge­cələr­də, müsamirələrdə, teatr tamaşalarında iştirak edir, klub­lar­da mü­ha­zi­rələr oxuyur.

Şair burada yeni dostlar qazanır. Fatih Əmirxan, Ələsgər Ka­mal, Əhməd Urmançiyev, Fahih Seyfi Kazanlı, Nəcib Dumavi, Sə­id Sünçələy, Şəhid Əhmədiyev, Mirəziz Ukmasi, Məcid Qafuri, Qa­fur Güləhmədov və başqa qələm sahibləri ilə dostlaşan Abdulla Tukay yavaş-yavaş Kazanın qaynar ədəbi mühitinə bələd olur. Fa­tih Əmirxan və Səid Sünçələy onun xüsusilə sevdiyi, çox şeylər öy­rəndiyi məsləkdaşları idi.

Abdulla Tukay Kazanda əvvəlcə «Əl-İslah» qəzetində işə dü­zəlir. 1908-ci ilin martında o, «Kitab» nəşriyyatında korrek­tor və ekspeditor kimi çalışmağa başlayır. Avqustda isə «Yaşen» jur­na­lı­nın əməkdaşı, faktiki olaraq redaktoru olur. Sair özünün əsas sa­ti­rik şeirlərini bu jurnalın səhifələrində dərc etdirir.

Bu arada onun ilk kitabları da işıq üzü görür. 1908-ci ilin de­kabrinda Tukayın bi­rinci kitabı, 1909-cu ilin yanvarında isə «Di­van» adlandırılan ikin­ci kitabı nəşr edilir. Burada o dövr üçün xa­rakterik olan bir məsə­ləni qeyd etmək lazımdır. 1909-cu ildə Tu­kayın ard-arda beş-altı kitabı çapdan çıxır. Ümumi həcmi 48 səhi­fə olan «Divan» 6 min nüsxə, fevralda çıxan 18 səhifəlik «Al­tın ətəç» adlı kitabı 5 min nüs­xə, 6 mart tarixində çapa imzalanan 48 sə­hi­fəlik «Şeirlər»i 4 min nüsxə tirajla nəşr olunur. Göründüyü kimi, ki­tabların həcmi kiçik olsa da, tirajları olduqca yüksəkdir. Deməli, o dövrdə tatar cəmiyyətində mütaliəyə, xüsusən də Tuka­yın şeirlə­rini oxumağa böyük həvəs var­mış.

15 mart 1910-cu ildə Kazanda Əhməd Urmançiyevin redak­torluğu altında satirik «Yalt-yult» jurnalının ilk nömrəsi çapdan çı­xır. Kazan, Krım, Ural tatarları arasında hədsiz dərə­cədə popul­yar olan bu rəngli, illüstrasiyalı jurnal Orta Asiyada və Azərbay­canda da sevilə-sevilə oxunurdu. Onun tirajı 1.200 nüsxədən artıq idi. Bunda məsul katib və müəllif kimi Tukayın payı böyük idi.

1910-cu ildə Tukayın bir neçə kitabı çapdan çıxır. Bun­lardan «Könüllü səhifələr» (aprel ayında, 16 səhifə, 5 min ədəd) və  «Kö­nül meyvələri» (may ayında, 46 səhifə 6 min tiraj) kitabları qısa bir müddət ərzində satılır.

Məsələ burasındadır ki, Tukay bir kitabında çıxan heç bir şei­rini başqa kitabına daxil etmir. O, ildə bir neçə dəfə yeni şeir­lərin­dən ibarət yeni kitabı ilə oxucuların görüşünə gəlir. Burada bir sta­tis­tik məlumatı da vermək lazımdır. Hazırda elmə Tukayın təxmi­nən 410 şeiri məlumdur. O bunları 7-8 il ərzində yazmışdır.

Üstəlik, Tukayın tatar məktəblərində ədəbiyyat dərsləri üçün hazırladığı dərs kitabları, oxu kitabları və müntəxəbatlar, müx­təlif qəzetlərdə yazdığı say­sız-hesabsız publisistik məqalə, iş, görüşlər, çıxışlar, cəhalətlə, dini xurafatla mübarizə, qarşı görüşlü adam­lar­la polemika və mübahisələr, öz kitablarının korrekturası və s. onun səhhətini korlayır. Gecə-gündüz gərgin işləmək uşaqlıqdan bəri və­­rəmdən əziyyət çə­kən zəif cüssəli Tukayı əldən salır. Evi, ailəsi olmayan, təkbaşına yaşa­yan, otellərdə qalan gəncin sağlam­lığında ciddi problemlər yaranır.

Abdulla Tukay bir qədər dincəlmək və özünə gəlmək üçün sə­yahətə çıxır. 1911-ci ildə Üçilə kəndinə gedərək bir neçə ay ora­da qalır. Sonra Ufaya, Peteburqa, Novqorod yarmarkasına, daha sonra Simbir qə­zasına, Həştərxana səfər edir.  

1912-ci ildə yaxın dostu Həsən Yamaşevin ölümü onu həd­siz dərəcədə sarsıdır. Lakin ədəbiyyatdan bir saniyə də olsun qop­mur. Hətta yeni-yeni layihələr üzərində düşünür. «Anq» («Şüur») adlı yeni bir mətbuat orqanı yaratmaq üçün təşəbbüsə keçir.  

1913-cü ilin əvvəllərində Tukayın səhhəti getdikcə pisləşir. Yaxın dostlarının məsləhəti ilə o, xəstəxanada yatır. Lakin artıq çox gec idi. Dostu Fatih Əmirxan ona sağalmağı və tezliklə görüş­məyi arzulayanda Abdul­la Tukay gülərək «Belə tez görüşə ehtiyac yoxdur. Sən hələ uzun illər yaşa» deyir.

1913-cü ilin 15 aprelində Abdulla Tukayın gənc, lakin yor­ğun qəlbi dayanır. Şairin ölümü bütün Tatarıstana ildırım sürətilə yayılır. Dəfni günü Kazanda bütün məktəblər, dükanlar bağlanır, on minlərlə adam bu böyük şairə ehtiramını bildirmək və onu son mən­zilə yola salmaq üçün toplaşır. Qəzet və jurnal redaksiyalarına saysız-hesabsız başsağlığı teleqramı daxil olur. Tatarıstanda, Mos-kvada, Peterburqda çıxan qəzetlərdə nekro­loqlar dərc edilir. Peter­burqda nəşr olunan «Den» qəzeti onu «tatar Puşkini» adlandırır.

Abdulla Tukayın sənəti haqqında Maksim Qorki, Lui Ara­qon, Aleksandr Fadeyev, Pavlo Tıçina, Muxtar Auezov, Çingiz Atymatov... kimi şəxslər xoş sözlər söyləmişlər. Hətta dünya pro­le­­ta­­riatı­nın rəhbəri, ədəbiyyatı ideoloji işin, partiyanın «vintciyi və tə­kər­ciyi» adlandıran Vladimir Le­nin də onun po­e­ziyası ilə tanış imiş. 1921-ci ildə Rusiya bolşevikləri­nin X qurul­ta­yında tatar bol­şevikləri ilə söhbət zamanı «Hə, tatar ədəbiyyatı nə yer­də­dir? Sizdə bir şair vardı. Mollanın oğlu... Puş­kini, Ler­mon­tovu öz di­li­nə tər­cü­mə eləmişdi. Onun layiqli davamçıları varmı? Nəydi adı... Ab­dulla, Ab­dulla...» de­yərkən tatar bolşevikləri «Bəli, Vladimir İliç, Tu­kay» demişdilər. Lenin razılıqla gülümsəmişdi.

Abdulla Tukay tatar ədəbiyyatının Dankosu idi. Ürəyini gü­nə­­şə çevirərək bütün varlığı ilə yandı, dağma xalqının cəhalətdən, zülmətdən çıxmasına kö­mək etdi, bu yolda öz həyatını əsirgəmədi.

Abdulla Tukay bugün də öz xalqı ilə birlikdədir. Gənc nəsil­ləri tərbiyə edir. Onun şeirləri tatarlara ana lay­­lası qədər şirin, ana südü qədər əzizdir. Biz burada Tukayın movzuları, realizmi, xəlqi­liyi, milliliyi, ideya-siyasi mübarizəsi, sənətkarlıq xüsusiyyətlə­ri, müasir ədəbi tatar dilini ya­ratması, onun Azərbaycanla, məşhur «Molla Nəsrəddin»lə, Sabirlə bağlılığı ... haqqında danışmaq istə­mi­rik. Oxucular şairin bu kitabdakı şeirlərini oxuduqca bunu özləri görəcəklər.

Tukayın xatirəsi vətənində daima əziz tutulur. Tatarıs­tanda bir bir çox elm və mədəniyyət mərkəzinə, məktəblərə, müx­tə­lif şə­hər­lərdəki prospekt və küçələrə Abdulla Tukayın adı verilmiş, hey­­kəlləri ucaldılmış, muzeyləri açılmışdır. Onun əsərlərinin 5 cild­liyi nəşr edilmiş, yara­dıcılığı ciddi şəkildə tədqiq olunmuş, haq­­qında çoxlu məqalə və dissertasiya yazılmış, həyatı haqqında elmi, bədii kitablar qələmə alın­mışdır. Tukayın əsərləri mövzu­sunda bir neçə balet və simfoniya ya­zıl­mış, multiplikasiya filmləri çəkilmiş, rəsm əsərləri yaradıl­mışdır. Tatarıstan Respublikasında 1958-ci il­də Ab­dulla Tu­kay adına Dövlət mükafatı təsis edilmişdir.

Tukayın adı türk dünyasının ən yaxşı şairləri arasında dərin hörmət­lə çəkilir. Onun əsərləri ucsuz-bucaqsız türk coğ­rafiyasının hər guşəsində oxunur. O, Azərbaycanda da çox sevilir. Şairin bir çox şeiri ana dilimizə çevrilmişdir. Bu kitab da onun sənətinə bəs­lənən böyük sevginin kiçik bir təzahürüdür.

Biz bu kitabı da TürkSOY kitabxanası seriyasından nəşr edi­rik. Bu, həmin silsilədən bizim 10-cu, say etiba­rilə, bir növ, yubi­ley kitabımızdır. Və çox xoşdur ki, bu kitab böyük tatar şairi, or­taq türk ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Tukayın 125 il­lik yubile­yinə həsr olunmuşdur. Biz kitabı iki dildə çap et­məyi qə­rara aldıq və bununla azərbaycanlıların tatarca, tatarların isə azər­baycanca əlavə bir kitab əldə etməsini, bu iki qardaş dilin qarşılıqlı müqayisə edilə bilməsini, xalqlarımızın dil, ədəbiyyat, dü­şüncə, in­kişaf yolu baxımından bir-birinə nə qədər yaxın oldu­ğunun görün­məsini istədik. Düzdür, şeirlərin iki dildə veril­məsi tərcümə baxı­mından bizim sərbəstliyimizi qismən məhdud­laşdırdı, bir çox mə­qamda hətta poetikliyə zərər vurdu, lakin bunun da öz gözəlliyinin olduğu aşkardır.­



YADIMDA QALANLAR

Ön söz


Bir neçə naşir onlar üçün öz tərcümeti-halımı yazmaq barədə xahişlə mənə müraciət eləmişdi. Bu müraciət «Yadımda qalanlar» adlı bu qeydləri yazmağıma səbəb oldu.

Mən doğulduğum vaxtdan bu yaşıma qədərki həyatımı qısaca təsvir etmək niyyətilə qələmi əlimə aldım, ancaq mənim hekayəm xeyli uzandı.

Oxucular özləri də görəcəklər ki, mənim həyatım xoşagə­lən olmayıb, hətta xeyli qəmgin olub, bununla birlikdə maraqlı olub. Başlamışkən yadımda qalanların hamısını yazmaq istədim. Ona görə də Uralska gələnə qədər yaşadıqlarımı, həm də o gün­dən bu vaxta qədər yadımda qalanların hamısını, bu sətirləri ya­za­rkən, iki kitabça halında çap eləməyin doğru olacağını düşün­düm.

A.Tukayev.

29 sentyabr 1909-cu il.

I

Atam Məhəmmədarif Məhəmmədalim oğlu, Quşlavıç kən­dinin mollası, 14-15 yaşında ikən Qışqar kəndindəki mədrəsəyə da­xil olmuş, orada təhsilin başa vurmaq üçün neşə il lazımdırsa oxumuş, sonra öz kəndimizə qayıdaraq yaşlı atası sağ ikən molla olmuşdu. Sonra evlənmiş, ancaq arvadı ilə vur-tut bir neçə il yaşa­ya bilmişdi, çünki arvadı onu iki balaca uşaqla – bir oğlan, bir qız – qoyaraq vəfat eləmişdi. Bundan sonra atam ikinci dəfə Üçilə kəndinin mollası Zinətullanın qızı, mənim anam Məmdudə ilə ev­lənmişdi.

Bundan il yarım sonra onların ilk övladı kimi mən anadan ol­muşam1. Mən beş aylıq olanda atam qısa sürən xəstəlikdən son­ra ölmüşdü. Bir müddət dul anamla yaşadıqdan sonra o məni bizim kənddən Şərifə adlı yaşlı kasıb bir qadına müvəqqəti sax­lamaq üçün vermiş, özü isə Sasna kəndinin imamına ərə getmişdi.

O vaxt atamın valideynləri (babay və əbi) çoxdan ölmüş­dülər, kənddə başqa qohumlarım da yox idi; bu qoca arvadın ailəsində mən artıq və heç kimə lazım olmayan bir uşaq idim; o nəinki mə­nim qayğımı çəkmir və tərbiyə eləmirdi, üstəlik, mənə qarşı meh­riban deyildi. Balaca uşaq üçün isə bundan pis heç nə ola bil­məz. Mən özüm o dövrü xatırlamıram, belə fikirləşirəm ki, o vaxt mən iki yaş, iki yaş yarım olardım.

Mənim körpəlik çağımı xatırlayan kəndimizdəki qadınlar və qarılar mənim tərbiyəçimin mənimlə necə pis rəftar elədiyi barədə indi özümə çox şey danışırlar. Məsələn, gecə mən ayaqyalın və bir köynəkdə həyətə çıxıram, sonra qapıya gəlirəm ki, evə girəm. An­caq qışda damın qapısını açmaq, uşaq bir yana, böyük adam üçün də çətindir; mən, təbii olaraq, qapını aça bilmirəm və ayaqlarım buza yapışana qədər bayırda dururam. «Qorxma, heç zad olmaz, oğulluqdur» deyə «şəfqətlə» düşünən qarı məni qapının arxasında saxlayır, yalnız ağlı kəsəndə söyə-söyə içəri buraxırmış.

O qarı çoxdan ölüb, Allah rəhmət eləsin!

Hələ ki mən orada yaşayırdım, mənim anam, hər halda, öz mollasının yanında yerini isidəndən sonra bir dəfə Sasnadan mə­nim dalımca at göndərdi. Guya ki, at məni Sasnaya gətirdi. Düzü, bu sözləri mən başqa adamların dilindən yazıram. At üstündə ge­dəndə, uşaq olsam da, bir növ məndə şüur hasil olmuşdu, gözlə­rim açılmışdı. O vaxtdan bəri mənə elə gəlir ki, mən özümü geniş və işıqlı bir aləmdə hiss eləyirdim və yol boyu gözlərim qarşısında parlaq şüaların bərq vurduğunu görürdüm.

Mən Sasnaya gəldim. Məni kim, necə, nə təhər qarşıladı – yadımda deyil. Ancaq atalığımın mehribanlığı, onun mənə çayla birlikdə üstünə şan balı yaxılmış ağ çörək verməsi və mənim onda necə sevinməyim qısa bir yuxu kimi indiyədək yadımdadır. Ancaq bu sevinc uzun sürmədi. Mənim anam mollanın yanında bir il, bəlkə də bir az çox yaşadı, sonra bilmirəm hansısa xəstəliyə tu­tuldu və öldü. Bütün bunlar mənə başqalarının söhbətlərindən mə­lumdur, çünki o yaşdakı uşağın yaddaşında onun həyatının ən na­dir dəqiqələri qala bilər. Bunu isə öz yaddaşımdan yazıram: mər­hum anamın evdən aparıldığını başa düşəndə ayaqyalın, başı­açıq hönkürə-hönkürə darvazadan çıx­dım və «Anamı apar­ma­yın, ana­mı verin» deyə qışqıraraq cənazənin dalınca xeyli qaçdım.

Anamın ölümündən sonra mən tam yetim qaldım və mol­la­nın evində yaşaya bilmədim, o məni Üçilə kəndinə ana ba­bamın ya­nına göndərdi. Mənim doğma nənəm, anamın anası hələ anam qız ikən ölmüşdü və babam hansısa mollanın altı uşaqlı dul arva­dını almışdı.

Üçilə kəndi1, adından da göründüyü kimi, çox kiçik və yox­sul kənd idi, həm də mən yetim qalan illərdə o tərəflərdə möhkəm aclıq hökm sürürdü, babamgilin güzəranı da hədsiz dərəcədə ağır idi.

Bu çoxuşaqlı kasıb ailəyə bir də məni əlavə elədilər. Ögey nə­nəmin altı göyərçini arasında mən yad bir zağça idim. Ağla­yan­da məni ovundurmaq, şəfqətə ehtiyacı olanda əzizləmək, yazığı gəlmək, ac-susuz olanda yedirib içirmək heç kimin yadına düş­mürdü, məni dürtmələmək və sancmaqdan başqa bir işləri yox idi.

Günü bugün də yadımddır: bu ailədə yoxsulluq o həddə çat­mışdı ki, babam daha varlı qonşu kəndlərdən çörək qırıntıları yı­ğıb gətirmişdi.

Günlər beləcə keçirdi, mən o vaxt orada su çiçəyinə də yaxa­landım, başqa xəstəliklər də tapdım və bunlar məndə iz qoydular.

Bu ailədə (o vaxt artıq yetişkin qız olan Sacidədən başqa) hamı mənim xəstəliklərimə eyni şəkildə yanaşırdı: «Gəbərsə, yeyənin biri azalar». İndiyə qədər yadımdadır ki, Sacidə nə­nədən gizilin mənə təsəlli verir, nəvaziş göstərirdi, elə ki nənə yaxınlaşdı, mənə heç bir dəxli olmayan biganə adam roluna girirdi. O vaxtdan bəri o qız mənim qəlbimdə bir mələk kimi yer tutur. Elə ki onun haqqında düşünməyə başlayıram, dərhal gözlərim qarşısında ağap­paq, pak bir mələk surəti canlanır.

Mənim orada nələr keçirdiyimə baxmayaraq, bütün hallarda, mən bu ailədə artıq idim. Bir dəfə babam, gərək ki, nənənin məs­ləhəti ilə məni bizim kənddən olan yamçının yanına otuzdurub Ka­zana göndərdi. Yamçı Kazana çatan kimi (bizim kənd oradan alt­mış verst məsafədədir) Saman bazarına gedib car çəkdi: «Kim sax­lamağa uşaq götürər? Kimə uşaq lazımdır?» Camaatın içindən biri çıxıb məni yamçıdan aldı. O məni müddətsiz saxlamağa götürüb öz evinə gətirdi.

Onun evindəki həyatı mən indi xəyal kimi xatırlayıram. Mə­sə­lən, yadımdadır ki, hansısa xəstəlikdən gözlərim ağrıyanda məni bir qarının yanına aparmışdılar, o da mənim gözümə şəkər tökmüş­dü, mən isə müqavimət göstərmiş və onun əlindən çıxmağa çalış­mışdım.

Bir neçə kəlmə də yeni valideynlərimin həyatı haqqında ya­zım. Mənə ata olan adamın adı Məhəmmədvəli, anamın adı Əzizə idi. Onlar Yeni slobodada yaşayırdılar. Atam ya şeytan­ba­zarda alver edirdi, ya da dabbaq idi – bunu dəqiq xatırla­mı­ram. Anam isə durub dincəlmədən varlılar üçün kəlləpuş1 tikir­di.

Anam tikdiyi kəlləpuşları satmaq üçün Saman bazarına apa­­randa, yaxud hər hansı bir işlə əlaqədar varlıların evinə ge­dəndə bəzən məni də özü ilə götürürdü. Mən varlı evinin müxəl­ləfatına, döşəmədən tavana qədər olan böyük güzgülərə, sandıq boyda or­qan­lara baxanda düşünürdüm ki, buradakılar cənnət­dəki kimi yaşa­yırlar. Bir dəfə bir bayın evinə gedəndə mən həyətdə tovuz­quşu gö­rüb heyran oldum; onun ləl-cəvahirat və qızılla bəzənmiş quyru­ğu günəşin şüaları altında bərq vururdu.

Atamla anam hər ikisi işlədiyi üçün onların yanında aclıq çək­mirdim.

Bəzən anamla Daşayaq bazrına gedirdim və acgözlüklə piş­tax­tadakı oyuncaqlara baxır, sevinə-svinə təkayaqlı diyircək­lərdə sürüşən, yaxud taxta atlar sürən uşaqlara həsəd apaırdım. Mən də atlara minmək istəyirdim, ancaq pul yox idi. Anamdan istəməyə çəkinirdim, mənə pul vermək isə onun ağlına gəlmirdi. Başqa­ları­nın sevincinə baxa-baxa beləcə evə qayıdırdım.

İki sloboda arasında uşaqlarla bərabər yaşıl otlar üstündə qaz lələyinin dalınca qaçdığımı, yorulanda üzü Xan məscidinə1 doğru ot üstə uzanıb dincəldiyimi heç cür unuda bilmirəm.

Yeni valideynlərimin yanında təxminən iki il yaşamışdım ki, onlar ikisi də eyni vaxtda xəstələndilər. Ölüm haqqında düşünərək «Birdən ölsək, uşağın halı nə olar? Heç olmasa onu öz kəndinə yo­la salaq» əndişəsi ilə məni Kazana gətirən yamçını tapdılar və mə­ni Üçiləyə göndərdilər.

Məndən həmişəlik xilas olduğunu zənn edən ailənin məni ne­cə qarşıladığını təsəvvür etmək çətin deyil. Bir müddət sonra məni şəhərə göndərməkdən əlini üzən baba ilə nənə məni hansısa qonşu kəndə saxlamağa vermək barədə düşünməyə başladılar. Başqa kənd­dən bizə gələn hər kəsə yetim oğlan haqqında danışır, ona tər­biyəçi axtardıqlarını deyirdilər. Bu ciddi-cəhdin nəticəsində yeddi verst uzaqlıqda yerləşən Qırlay kəndindən Sədi adlı bir adam gəlib məni öz evinə apadi; onun oğlu yox idi.

Buradan başlayaraq axıra qədər öz həyatım haqqında söhbəti mən başqa adamların sözlərinə görə deyil, özümün xatirələrim əsasında davam etdirəcəyəm.



II

Babamın evindən çıxdıq və Sədi əminin arabasına mindik. Ba­bamla nənəm (hər halda, Sədi əmidən utanaraq) məni yola sal­mağa çıxdılar. Arabanın yanında ayaqyalın uşaqlar qaçır, mə­nim gedişimi izləyirdilər.

Araba yerindən tərpəndi. Mən Sədi əminin yanında oturmuş­dum. O, «Bax, indi Qırlaya çatarıq, yəqin ki, orada artıq anan səni qarşılamağa çıxıb. Allah bol eləsin, bizdə süd, qatıq, çörək çoxdur, doyunca yeyərsən» deyərək yolboyu məni ovundururdu. O mənə xoşbəxtlik vəd edirdi və bu xoşbəxtlik iki-üç verst sonra məni göz­ləyirdi.

Çoxdan bəri heç bir xoş söz eşitmədiyim üçün mən buna ürə­yimdə çox sevinirdim.

Yayln ən gözəl çağı idi, ətrafdakı meşələr və yaşıl otlar, öz şüaları ilə adamı oxşayan mülayim günəş də mənə sevinc bəxş edirdi.

Nəhayət, Qırlaya çatdıq. Sədi əminin evi tarlaya açılan dar­va­zanın yanında idi; bir azdan biz samandan damı və çəpəri olan alçaq evin yanında dayandıq. Eynən Sədi əminin dediyi kimi, mə­nim yeni anam məni qarşılamağa çıxdı. Darvazanı açdı, gülərüzlə məni arabadan düşürüb evə götürdü.

Həyətdəki işini qurtaran, atları açan atam evə girdi. Girən ki­mi, üzünü anama tutub «Xatın! Uşağa qatıq-çörək gətir!» deyə əmr elədi. Anam dərhal zirzəmidən qatıq çıxardı və mənə bir yarım iri par­ça çörək verdi.

Kazandan bəri əməlli-başlı yemək yemədiyim üçün mən bir anda böyük iştahla çörəyin və qatığın öhdəsindən gəldim. Doyan­dan sonra mən anamdan icazə alıb küçəyə çıxdım. Az­maq­dan qor­xaraq devikə-devikə xeyli getdim və hardan çıxdıqları bəlli olma­yan oğlanların əhatəsinə düşdüm. Hər gün kəndin bir başından o biri başına qaçdıqları halda məni bugünə qədər görmədikləri üçün, həm də əynimdəki haşiyəli çit Kazan köynəyinə, başımdakı rəng­bərəng məxmərlə bəzədilmiş kəllə­pu­şa görə (bunu mənə kazanlı anam xatirə olaraq tikmişdi) qır­laylı uşaqlar heyrətlə mənə baxır­dılar. Onlar baxıb-baxıb sonra götürüldülər; mən bugün onalara qoşula bilmədim və evə qayıt­dım.

Evə girirəm, evdə iki böyük qız var (necə olubsa, bayaq qa­tıq yeyəndə onları fərq eləməmişəm). Onlardan biri sağlam, qırmızı yanaqlı, mavi gözlü, o birisi arıq, solğun, qoltuq ağacı ilə gəzən to­pal bir qızdır.

Anam mənə «Bunlar sənin böyük bacılarındır: biri Sacidə apa, o biri Sabirə apa, salamlaş» deyəndə mən yavaşca yaxın­laşıb əl verdim. Məlum oldu ki, bunlar Sədi əminin qızlarıdır və axsa­ya­nın adı Sacidədir. Mənim buradakı tam razı qaldığım həyatım beləcə başladı. Kəndin uşaqları ilə də tanış oldum.

Yolda Sədi əminin dediyi kimi, burada süd və qatıq çox, kartof da bol idi.

Mənim gəlişimdən bir ay, bəlkə də çox keçmişdi ki, biçin möv­sümü çatdı. Atam, anam və iki bacım tarlada işə getməyə baş­ladılar.

Mən biçinə getmirdim. Bütün günü kənddəki uşaqlarla oynayır və talalarda veyillənirdim. Bəzən oyun zamanı acanda böyürdəki pən­cərə­dən evə girir, anamın mənim üçün qoyduğu kartofu və bir parça çörəyi yeyirdim. Onlar nahardan sonra qapını bağlayır, ancaq böyür pəncərəni içəridən mənə görə açıq qoyurdular.

Biçin vaxtı camaat işdə olurdu. Kənddə işə yaramayan qarı­lar­dan başqa heç kim qalmadığından biz bostanlardakı göy soğan ləklərinə keçilərdən artıq ziyan vururduq. Evə qarovul çəkən qarı­lar bizi görəndə çəpərdən aşıb qaçırdıq. Zavallı arvad­lara qışqır­madan və dişini qıcamaqdan başqa heç nə qalmırdı.

Oyun zamanı qızışaraq biz anbarın arxasındakı kiçik çaya enir, qırağa çıxmadan saatlarca çayda çimir, şalvar və köynəyi­miz­lə balıq tuturduq. Necə də şən çağlar idi!

Bir dəfə belə oyunlardan sonra axşamüstü evə gəlirəm; hamı dilxor və bikefdir. «Nə baş verib?» deyə düşünürəm və görürəm ki, Sabirə apa döşəmədə arxası üstə uzanıb dəli kimi qışqırır, gözləri hədə­qə­dən çıxmış halda nə rast gəlsə özünü çırpır. Öyrəndim ki, o, bi­çindən xəstə, «qudurmuş» halda qayıdıb. O gecə evdə heç kim yat­madı. Təkcə mən çox yuxum gələndə həyətə çıxıb arabanın içində uzandım.

Sübh çağı qulağıma səs gəlir: «Bacın Sabirə apa ölüb, ancaq sən hələ də yatırsan, qalx, qalx!» Gözümü açıb görürəm ki, anam qabağımda durub. Bu mənim üçün də elə-belə xəbər deyildi; yuxu şirin olsa da, sıçrayıb qalxıram.

Sabirəni elə həmin gün dəfn elədilər. Dəfndən bir neçə gün sonra anam atama deyir:

– Düz demişlər ki, «yetim uşağı götürsən ağzın-burnun qana batar, yetim buzovu götürsən ağzın-burnun yağa batar». Lap düz imiş: elə ona görə bizdə də belə oldu.

Bu söz ara-sıra mənim qulağıma gəlib çatırdı. Ondan sonra mən anamın sözünə baxmayanda, ya da bir şeyi başqa cür eləyən­də bu sözü mənim üzümə qarşı deyirdi.

Atamla aram çox yaxşı idi. O bir dəfə də olsun mənə sərt bir söz demədi. Məsələn, bir dəfə mənim Kazan paltarım – şalvarım, köynəyim, büzməli qazağım və tumanım tam yırtılmışdı, atam qərara aldı ki, mənim gəlişimdən bir il əvvəl ölmüş oğlundan qalan göy kətan köynəyi və arxalığı mənə versin. Anam uzun müddət bununla razılaşmadı: «Mən öz oğlumun paltarını yad adama verə bilmərəm, mən onu xatirə kimi qoruyuram».

Nəhayət, atam: «Gic-gic danışma! Sənin qarnından çıxma­dığı üçün uşaq çılpaq gəzməlidir?» dedi və paltarı ondan az qala zorla çəkib aldı və mənə verdi.



III

Biçin başa çatdı, payız gəldi. Taxıl yığılandan sonra növbə kartof yığmağa çatdı. Bu dəfə, yəni kartof yığımında artıq mən bi­çin vaxtındakı kimi qaçıb oynaya bilmədim, çünki mən torpaqdan çıxarılan kartofu kisələrə doldurmalı idim. Mən öz işimin öhdə­sindən yaxşı gəldim.

Artıq payız soyuqları düşsə də, mən ayaqyalın idim. Ayaq­larım çox üşüməsin deyə mən onları torpağa basdırırdım. Bir dəfə mən ayaqlarımı torpağa gömüb kartof seçirdim, axsaq Sacidə apa bilmədən dəmir beli düz ora sancdı. Ayağımda dərin yara açıldı, mən yerimdən sıçrayıb kənarda bir az ağladım, yenə işləməyə da­vam elədim, ancaq ayaqlarım nə qədər üşüsə də daha onları tor­pağa basdırmağa qorxurdum.

(Deyə bilərlər ki, bunu niyə yazırsan? Nə üçün? Ona görə ki, yaram çox möhkəm ağrıdı, bugünə qədər də ayağımda onun izi qa­lır, elə ona görə də yazdım).

Ona qədər tarla işləri başa çatdı.

Bir dəfə axşam atamla anam mənə dedilər ki, sabah tezdən məni məktəbə abıstayın, yəni mollanın arvadının yanına aparacaq­lar.

Tezdən gün doğmamış biz durub çay-çörək yedik. Qab-qa­şığı yığışdıran anam mənim əlimdən tutub Fəthirəhman həzrətin evinə apardı. Bu ev bizim evdən beş-altı addım aralı idi.

Gəldik. Yanında dərs oxuyacağım abıstay əlində çubuq tuta­raq oturmuşdu, onun ətrafında isə mənimlə eyni yaşda olan çoxlu balaca qız, bir neçə də böyük qız oturmuşdu. Onların arasında buğ­dadakı noxud misalı bir neçə mənim kimi oğlan da vardı.

Anam müəlliməyə iki bütöv çörək, bir, yaxud iki qəpik pul verdi, sonra onlar ikisi və biz şagirdlər uzun müddət dua elədik. Anam məni məktəbdə qoyub gedəndə mən qızlarla birlikdə utan­madan uca səslə oxumağa başladım: «əlif, bey, ti, si». Bir neçə gün «əlif, bey, ti, si» deyə əzbərlədikdən sonra mənə «İman şər­ti»ni verdilər.

Bu kitabdakı hecalar və surələr bütün qış üçün mənə kifayət ol­du. Bu qış mən bu kiçik «şərtlər»in ətrafında fırlandım və irəli gedə bilmədim.

«İman şərti»ni qurtaranda mən əlavə olaraq bəzi nadinc qızların abıstay evdə olmayanda oxuduqları cığal şeirləri eşitdim: «Kəlimətən tayyibətən, anamız çox varlıdır, qoynunda pulu çox­dur, burnu da dolu ...».

İlk dəfə eşitdiyin və ilk dəfə gördüyün şey artıq bilikdir, təbii olaraq, mən bu şeirləri dərhal yadımda saxladım və onları oxu­maq­la mənim kimi «alim» olmayan oğlanları güldürməyə başladım.



IV

Qırlaydakı ilk qışım belə keçdi. Yaz gəldi, qarlar əridi. Tez­liklə tarlalar və çəmənlər qar altından çıxaraq qaralmağa başladı­lar. Bir az da keçəndən sonra sabantuy gəlib çatdı. Sabantuy günü məni tezdən yuxudan oyatdılar və mənə tənbəki torbasından bir az böyük olan kiçik bir çanta verdilər.

Mən bu çanta ilə kəndi dolaşdım. Kənd camaatı onsuz da yu­xudan tez durur, bu gün isə sabantuy münasibətilə xüsusilə tez dur­muşdu, hər üzdə təbəssüm, mehribanlıq vardı. Hansı evə girsəm, ev sahibləri mənə həm yetim, həm də mollanın oğlu kimi başqa uşaqlardan fərqlı olaraq konfetlər, bir-iki qoğal, üstəlik, boyanmış bir yumurta verirdilər.

Mənim çantam boyanmış yumurtalarla tez dolduğu üçün mən evə qayıtdım. Başqa uşaqlar isə hələ də gəzirdilər. Atamla anam mənim çantam belə tez dolmasına təəccübləndilər və se­vindilər.

Bilmirəm, mən o gün çay-çörək yedim, yoxsa yox, bir-iki yu­murta götürüb küçəyə cumdum. Küçəyə çıxanda gün xeyli qalx­mış­dı, bütün kənd qızılı günəş şüalarına qərq olmuşdu, kəndin gənc oğlanları və qızları ağ corablarını daha tarım çəkərək, çarıq­la­rının dolaqlarını daha gözlə dolayaraq artıq küçəyə çıxmışdılar.

O biri tərəfdən sabantuybaşı əlindəki ələmlə (dəyənəyə bağ­lanmış parça) evləri gəzərək yaylıq, çit və buna bənzər şeylər yı­ğır­dı. Biz, ayaqyalın uşaqlar isə bir addım belə geri qalmadan onun dalınca qaçırdıq.

Yaylıqlar, parçalar yığılıb qurtarandan sonra bütün kənd ca­maatı – qadınlar, qızlar, uşaqlar – hamı çəmənlikdə bir yerə top­lan­dı. Güləş, qaçış yarışı başlandı. Çəmənlikdə qoz-fındıq, tum, qı­zıl belli ağ qoğallar yüklənmiş arabaların sayı-hesabı yox idi. Bun­ların içində oğlanın qıza ən layiqli hədiyyəsi, əlbəttə, qızıl bel­li ağ qoğal idi. Çünki bu qoğal haqqında hətta mahnı da oxuyurlar:
Qartal qondu çəmənə,

Çaş-baş saldı qazları,

Qızıl belli ağ qoğal

Sevindirər qızları.
At yarışı da keçirildi, uşaqlar da qaçışdı, yaylıq da pay­landı, bununla da sabantuy başa çatdı. İndi o sabantuyun neçə gün da­vam elədiyi yadımda deyil, mən onun bir gününü təsvir elədim. Əgər o üç-dörd gün davam elə­miş olsa belə, mənə bir gün kimi gəl­mişdi.

Onu da demək lazımdır ki, bu yay mən keçən yaydakı kimi oynayıb əylənə bilmirdim, çünki yazqabağı Sədi əminin evində oğlan uşağı doğulmuşdu, anam işdə olanda bu uşağa həmişə mən baxırdım.

Yenə biçin mövsümü gəldi; keçən yay hamı işdə olanda mən küçədə kef çəkirdim, ancaq bu dəfə Sədrini (uşağın adı Sədrəddin idi) uşaq arabasında gəzdirmək üçün məni də biçinə apardılar. Bu üzdən mənim bu yayım işdə keçdi; bu, oyun həvəskarı üçün ağır sı­naqdır.

Bu uşaq dünyaya gələndən sonra da atam mənə qarşı meh­riban idi, ancaq anam bir tapşırıq vermək, yaxud iş buyurmaq la­zım olmasa, mənimlə bir kəlmə də kəsmirdi. Mən taleyimə düşən o kiçik şəfqətdən də beləcə məhrum oldum. Bu azmış kimi, o ax­saq qız da durmadan Sədrini əzizləyərək mənə acıq vermək üçün qəsdən deyirdi: «Mənim doğma qardaşım! Mənim öz qardaşım!»



V

Payız gəldi. Kartof yığımı üzrə öz adi işimi qurtardıqdan sonra məni mədrəsəyə qoydular (qızlarla birlikdə abıstayın yanın­dakına yox). Mən orada «Həftiyak»ın heca və surələrini çox sü­rətlə mənimsədikdən sonra «Bədavam»a və «Kəsikbaş»a başladım. Öz tapşırığımı sürətlə yerinə yetirdiyim üçün mən uzun müddət boş otururdum, ona görə də məni zəif uşaqlara təhkim eləməyə başla­dılar. Belə uşaqlardan biri bizim kəndin varlısının oğlu idi və o məni öz müəllimi kimi bəzən pərinc piroqu ilə çaya dəvət edirdi.

Mən bir tərəfdən yaxşı oxuyur, digər tərəfdən isə az da olsa ev işlərinə yarayırdım. Səhər sobanın siyirməsini açır, sonra bağ­layırdım, qalamaq üçün küləş hazırlayırdım, inəyi naxıra qatır, ax­şam qarşılayırdım – bunlar mənim üçün elə də ağır deyildi.

Bəzən yayda atamla Ətnə bazarına gedirdim. O, bazarda öz işlərini görənə qədər mən atların yanında qalırdım.

Kəndimizin mollası Fəthirəhman həzrət, geyəsən, vaxtilə mənim mərhum atamın dostu olmuşdu, yaxud onunla mədrəsədə bir oxumuşdu, bilmirəm, nə üçünsə mənə həftədə beş qəpik verirdi. Mən bu pula Ətnə bazarında ağ çörək alıb yolboyu evə çatana qədər yeyirdim. Mən arxada arabada oturub çörək yeyəndə atam bəzən geri qanrılıb deyirdi: «Bir az da anan üçün çörək saxla!» Mən «Yaxşı» deyə cavab verirdim. Ən xırda tikələr qoparıb yesəm də, anama bir şey qalıb-qaımadığını xatırlamıram.

Qırlay kəndi mənim gözlərimin dünyaya açıldığı yer olduğu üçün bu xatirələr üzərində çox dayanmalı oldum. Ona görə də orada baş verən dəyişikliklər haqqında və yaddaşımda qalanlar barədə bir neçə cümlə yazaraq Qırlayı biritmək istəyirəm.

Sacidə apa uzun müddət vərəmdən əziyyət çəkdi, atam onu hamama və başqa yerə dalına alıb aparırdı, nəhayət, öldü. Atam isə bir dəfə hansısa kənddən qayıdıb atları açanda qəfildən hansısa xəstəliyə tutuldu. O xəstəlik haqqında «at cini vurub», «düşən ulduz vurub» kimi mühakimələr yürüdürdülər. Atam bu xəstəliyə görə işdən qalmadı, ancaq bir ayağını çəkməyə başladı.

Bir dəfə payızda nahardan sonra atamla anam anbarda idilər, mən isə böyürdəki pəncərənin yanında oturub «Risaleyi-Əzizə» kitabını oxuyurdum. Bizim qapının ağzında bir araba dayandı. Bir adam atları orada qoyub evə girdi və məndən soruşdu: «Atan-anan hara­dadır?». «Anbarda» deyə cavab verdim. Onda həmin adam de­di: «Get çağır». Mən anbara qaçıb dedim: «Bir adam gəlib, sizi çağı­rır». Atamla anam dərhal tərpəndilər. Onlar bir azdan evə gə­lib qo­naqla görüşdülər.

Çay qoyuldu. Bu dəfə adət xilafına qonağın yanında məni də çay süfrəsinə oturtdular, qabağıma da bir tikə qənd qoydular.

Atamın «Nə yaxşı gəlibsiniz?» sualına qonaq belə cavab ver­­di: «Bax, bu uşaq üçün gəlmişəm». Bu sözlər atamı heyrətə sal­dı: «Necə yəni? Niyə onun üçün gəlibsən?» Bu və buna bənzər suallardan sonra qonaq sözə başladı:

«Mən özüm Quşlavıçdanam. Bu uşaq bizim imamın oğlu­dur. Biz onu neçə ildi itirmişdik, onun haqqında məlumatımız yox idi, indi tapmışıq. Sən demə, o sizdə imiş. Yaikdə onun yeznəsi var. O adam bunun atasının doğma bacısı ilə evlidir. Həmin yeznə eşidib ki, onun arvadının qardaşı oğlu belə sadə adamların əlindədir, onu öz yanına Yaikə aparmaq istəyir. Mən Yaikdə onun əmri ilə bu uşağı axtarmağa çıxdım və indi onu özümlə aparacağam».

Qonağın bu sözləri atamla anamı çox dilxor elədi:

«Yaxşıca, vallahi! Taxılın pudu filan qədər olanda biz onu üç-dörd il bəsləyək, o, işə yarayanda da verək sənə. Elə şey yox­dur! Əgər onun qohumları varsa, bəs əvvəllər harda idilər?»

Bu kimi sözlərlə höcət eləməyə başladılar. Anam arada bir əlavə edirdi: «Yoxdur! Bizim artıq uşağımız yoxdur!»

Qonaq Bədrəddin əmi:

«Yox bir! Haqın yoxdur! Başqasının uşağını zorla saxlaya bilməzsən. Mən indi gedib uryadnikə deyəcəyəm. Biz nə müd­dət­dir onu axtarırıq, sən demə, uşaq sizdə imiş. Mən sizi məhkəməyə verəcəyəm!»

Kənd adamını belə sözlərlə qorxutmaq çətin deyil. Zavallı atamla anam yum­şaldılar.

Bir az keçəndən sonra mənim inadcıl anam:

«Neynək, atası, verək; demək ki, bizim uşağımız olması qis­mətdə yoxmuş. Allah göstərməsin, sonra bir bəlaya-zada düçar ola­rıq», - deyib hönkürməyə başladı.

Bir azdan güclü küləkdən sonra hələ də dalğalanan dəniz ki­mi sakitləşən müba­hi­sənin axırda atam da təslim oldu.

Köhnə beşmetimi əynimə və incə keçə çəkmələrimi ayağıma geydirərək məni dərhal gətirib arabaya mindirdilər. Anamla atam göz yaşları içində məni bayır qapısına qədər yola saldılar. Nəhayət, anam: «Bizi unutma! Unutma! Unutsan, cəhənnəmdə kösöv kimi yanarsan!» deyə son sözlərini qışqırdı və biz kənddən çıxdıq.

Mənim gedişim az qala yarım saat ərzində tam həll olundu­ğuna görə mən bu kənddəki yoldaşlarımla və tanışlarımla vidalaşa bilmədim. Onlar heç nədən xəbər tut­ma­dılar.

Biz kənddən çıxan kimi axşam düşdü, hava qaralmağa baş­ladı. Yolüstü Üçilə kən­dinə babamgilə dəydik, çay içdik. Bu ailədə hər şey mənim vaxtımda olduğu kimi idi, bircə Sacidə apa ərə getmişdi.

Çay içəndən sonra hansısa Yuxarı Atı, Orta Atı və Aşağı Atı kəndlərini ke­çəndən sonra biz mənim doğma Quşlavıç kən­dimə gəldik. Ehtimal ki, yolda araba məni möhkəm atıb-tutduğuna görə mən Bədri əminin evində ölü kimi yatdım.

Səhər oyananda mən özümü qara bir daxmada gördüm. Bu­ra­da yalnız parçlar, fincanlar, qaşıqlar, çömçə, xamut, qoşqu qayışı və buna bənzər şeylər vardı, heç bir sə­liqə-sahman yox idi.

Çay içdik. Bədri əminin iri mavi gözlü, gülər üzlü Ayşə adlı arvadı, 14-15 yaşlı Kəmaləddin adlı oğlu, 12 yaşlı Kaşifə adlı qızı və Nəimə adlı südəmər bir qızı vardı. Çaydan sonra biz qarşıdakı evə keçdik. Bu ev mənim gecələdiyim qara daxmaya oxşa­mırdı: di­varları təzə sarı şam ağacından idi, səliqəsi və yazı masası kənd sakini üçün ka­fidən də artıq idi.

Mən Bədri əminin ət, yarma, buğda, çovdar dolu anbarını görəndə başa düşdüm ki, o bu kəndin ən varlı adamlarından biridir. Kəmaləddin mənə onların böyük bağını da gös­tərdi. Bağ payızda o qədər gözəl olmasa da, arı pətəyi ilə dolu idi.

Belə gözəl evə girmişkən, mən artıq oradan çıxmadım və elə burada gecələdim. Axşam kitabları gözdən keçirəndə «Fəvaqih ül-cələsa»1 kitabına rast gəldim və onu oxu­mağa başladım. Oradakı son şeirlər mənim çox xoşuma gəldi, onları anlamağa çalışdım, çünki mən Qırlayda yalnız «Əzizə»ni və dini-mistik «Səbat əl-acizin» kitabını oxu­muşdum. Bu kitabdakı ədəbsiz sözlər məni qayğılandırmışdı. Öz-özümə sual verdim: kitabda belə sözləri ne­cə yazmaq olar?

Bəzən qara damda paltar yuyan Ayşə abıstayla «Fəvaqih ül-cələsa» kitabının təsiri altında möhkəm mübahisə edirdim. O, kişiləri rüsvay edir, mən də öz növbəmdə qadın­ları ələ salırdım.

Hara getsəm məni oğlanların arasında mollanın oğlu kimi fərq­lən­dirirdilər. Hətta hamının toplaşdığı yerlərdə qızlarla qaçdı-tutdu oynamaq da mənə qadağan edilirdi, elə mən özüm də özümü mollanın oğluna layiq aparmağa, öz oxumuşluğumu nəzərə çarpdırmağa çalışırdım. Mə­sələn, bir dəfə mən Bədri əmi­gildə olanda kənddəki Siddiq adlı məşhur bir adam məni görməyə gəlmişdi, özü də sərxoş idi. O mənə yaxınlaşıb sa­lam verdi, mən cavab vermədim, əlini uzatdı, əlini sıxmadım. Səbə­bini soruşdular, mən də «Bədavam»dan

«Sən sərxoş adama göndərmə salam,

Nə əl ver, nə də kəs onunla kəlam», –

beytini düz qaşqasına çırpdım. Bundan başqa, Bədri əminin bütün ailəsi mənim bu cür dindar olmağımın bütün kənddə bilinməsinə heyrət edirdi.

Bədri əmi məni gətirən kimi hansı iş üçünsə Kazana getdi. Mən bir ay boş yerə orada qaldım. Biz Kəmaləddinlə bizim kənd­dəki mədrəsəyə oxşayan məktəbə gedirdik, çox vaxt da məşğələ­lərə görə orada gecələməli olurduq. Buradakı həzrət bilikləri öz şagirdlərinin beyninə çox sərt şəkildə yeridən müəllim idi. Bu qısa müddət ərzində onun hər gün bir neçə adamı it kimi döydüyünü görüb möhkəm qorxmuşdum. Bir gün həzrətin çubuğunun mənə də dəymə ehtimalı məni çox vahiməyə salırdı. Başqa şagirdlərlə birlikdə sübh namazına sürülmək də çox ağır idi. Öz-özümə de­yirdim ki, kaş Bədri əmi tez gələ, mən də Yaikə gedəm!

Nəhayət, Bədri əmi gəldi, mənə təzə papaq, keçə çəkmə və beşmet gətirdi. Mən böyük sevinclə təzə paltarımı geydim, nim­daşlarımdan köhnə papağımı nə vaxtsa bu­raya gəlib tapmaq ümi­diylə çardaqda gizlətdim. Bu da mənim qəribə hərəkət­lərim­dən bi­ri idi. Bundan sonra Quşlavuçda cəmisi bir neçə gün qaldıq. Ha­zırlaşdıq və Bədri əmi ilə Yaikə tərəf yola çıxdıq.

Bir sutka yol gedib Kazana varid olduq (gərək ki, Saman ba­zarı tərəfdən) və bir yerdə dayandıq. Bu vaxt gördük ki, gözləri sevinclə yanan, qollarını açmış, saqqalı ta­mam ağarmış bir adam bizə doğru qaçır. Mənə çataraq «Doğrudanmı, sən hələ sağsan?! Anan dünən səni yuxusunda görüb. Gəl gedək, səni evə aparım, çay iç, gecə bizdə qal» dedi və məni apardı.

Evə gəldik. Anam məni qarşıladı. Zavallı, darıxıb, o da ağ­la­yır. Mənim üçün çay süfrəsi açdılar. Atam aşxanadan düşbərə gə­tirib məni qonaq elədi. Bu müddət ərzində necə yaşadığımı so­ruş­dular, mən də yadımda qalanları dedim.

Bu valideynlərimlə1 ayrı düşdüyümüz müddətdə atamın saq­qalı ağarmış, bir də on­lar Yeni slobodadan Köhnə slobodaya köç­müşdülər, başqa bir yenilik görünmürdü.

O gecə onlarda qaldım. Səhər çay-çörəkdən sonda anam mə­ni tasda çimizdirdi, mənə təzə kəlləpuş və qışda uzun səfər üçün çox lazım olan dəri şalvar geyindirdi. Məni mehman­xanaya Bədri əminin yanına göndərəndə mənə hədiyyə olaraq təsbeh və «Mər­yəm ana» 2 adlanan kəlləpuş bəzəyi vermək is­tədi. Mən nə üçünsə etiraz elədim və «Lazım deyil, heç nə lazım deyil, mən varlı evə gedirəm» dedim.

Mehmanxanadakı nömrəmiz nə yaxşı, nə də pisdi, orta idi. Yaikdən mənim dalım­ca gələn Alti-beş Səfi adlı adam hələ Ka­zana gəlib çatmamışdı, ona görə də Bədri əmi ilə mən bir-iki həftə onu gözlədik.

Nəhayət, çoxdan gözlədiyimiz Alti-beş Səfi gəldi və bizimlə üzbəüz otaqda yer­ləşdi. Bundan bir neçə gün sonra Bədri əmi məni onun nömrəsinə gətirib mənə altı dənə iki qəpik pul, cəmi 12 qəpik verib kəndə öz evinə qayıtdı. Ondan əsla ayrılmaq istə­mir­dim, ona görə heç olamasa bircə gün qalması üçün çox yalvarsam da, o məni müx­təlif sözlərlə ovunduraraq getdi. O gedəndən sonra mən Alti-beş Səfi və onun arvadı ilə qal­dım.

Başqa şəhərdən gələn bu adamın danışığı da, paltarı da mənə yad idi. Məsələn, o, söhbət zamanı «Mən ahıl adamam» deyirdi, mən isə bu «ahıl» sözünü heç cürə anlamırdım. Alti-beş Səfinin əynində tülkü dərisindən yaxalığı və qolu olan kürk vardı. Mən fikirləşirdim ki, onun belə kürkü olduğu üçün o, «ahıl»dır. Sonra Yaikdə öyrəndim ki, «ahıl» qoca de­məkdir.

Bədri əminin verdiyi 12 qəpiyə duzlu balıq – çapaq və tum aldım.

Bir neçə gün sonra yola düşdük. Məni həsir döşənmiş örtülü kirşədə Altı-beş Səfinin arvadının dizinin dibinə yerləşdirdilər və tərpənməyə icazə vermədilər. Yalnız hansısa kənddə çay içmək üçün dayananda məni azadlığa buraxırdılar. «Qoyun piyada gedim, sərbəst olanda daha yaxşıdır» deyə nə qədər xahiş eləsəm də, bu­raxmayıb belə deyirdilər: «Üşüyərsən, yeznən tapşırıb ki, səni so­yuğa verməyək».

Yeznəm bu Altı-beş Səfiyə əmr eləmişdi ki, Kazandan bir gözəl kirşə gətirsin, o, bizim kirşənin arxasına bağlanmış­dı, biz­dən qabaqda isə yaikli adamların müxtəlif şeylər yüklənmiş kir­şələri gedirdi, ona görə biz qatar halında hərəkət edirdik. İçində minlərlə ən müxtəlif narahatlıq olan həbsxana kimi qapalı kirşə­lərə doldu­rulan bizlər on səkkizinci günün axırında axşam Yaikə çat­dıq.

Yaikdə əvvəlcə Səfi əmigilə düşdük. «Çay içək, səni yez­nən­­gilə sonra aparaq» dedilər. Axşam iki namazın arasında Sə­finin müşayiəti ilə mən yeznəmin və bibimin yanına getdim. Yola bizə yaşıl çapanlı bir qadın rast gəldi. Altı-beş Səfi mənə dedi: «Bu sənin bibindir, get görüş». Mən bibimlə salam­laşdım.

Onların evi vur-tut on sajın1 məsafədə imiş. Həyətə girib çox uca pilləkənlə yuxarı qalxaraq ikinci mərtəbəyə qədəm qoydum...


Millətə
Cümlə fikrim gecə-gündüz sənə aid, millətim,

Səhhətindir səhhətim, həm illətindir illətim.


Müqəddəssən, möhtərəmsən gözümdə bütün nəsnədən,

Satmaram bu kainata millətim, milliyyətim.


Bəxtiyaram bəndəni gər etsələr nisbət sana,

Acizanə şairin olmağa vardır niyyətim.


Ləfzi «milli» sevər qəlbim mənim, bilməm nədən?

Eylə «milli», millətim, bəxş eylə məmnuniyyətim.


Hər xəyaldan dadlıdır millət xəyalı, la müxal,

Bu xəyalətdən gəlir gər gəlsə məcnuniyyətim.


Eylə şairlikdə sabit ta əbəd, tanrım, məni,

Bu səbata münhəsir məftun və məclubiyyətim.

Ey fələk, al canımı, leyk alma, zinhar, şanımı,

Məncə, ölməkdən əşədd mənsa və mətrukiyyətim.


Ölmə sən, ölsəm də, nami-acizim unutma sən,

Getməsin boşa mənim cəhdim və məşğuliyyətim.


Hər zaman yad eyləsə bililtifat millət məni, –

İştə, budur məqsədim, bəxtim və məsudiyyətim.


Eylədim ərsi-məhəbbət mən sana, ey millətim,

Dost görərsən sən məni də - var buna əmniyyətim.




Doğma vətənimə
Səndən ayrı düşsəm də ömrümün ilk danında,

Kazan ətrafı, sənə döndüm eşqin canımda.


Tanış qırlar, çəmənlər çəkdi əvvəl hissimi,

Çəkib güclə qaytardı axır sənə cismimi.


Sıxsa da səndə məni fəqirliklər, yetimlik,

Əzsə də dostlarımın pis rəftarı və kəmlik.

Ötdü artıq o günlər, uçub gedən quş kimi,

Xatırlaram onları xəyal kimi, düş kimi.


Coşsa da dalğaların, batırıb qərq etmədi,

Dörd yanımı sardı od, yandırıb xərq etmədi.


Bu səbəbdən anladım, ey sevgili vətənim,

Çox əzizdir canıma dalğan, alovun mənim!


Hər şey necə əzizdir – çayın, çeşmən, ormanın,

Yolun, kəndin, çöllərin, dərzin, tayan, xırmanın.


Hər fəslin öz ləzzəti - ağ corabın, sarığın,

Qışda keçə çəkmənin, yazda isə çarığın.


Həm çobanı, həm iti, həm qoyunu, həm qurdu,

Hər şeyi çox gözəldir bu vətənin, bu yurdun !



Dilənçi
Qışdır, boran, sərt bir hava, lopa-lopa qar yağmada,

Torpaq üstə düşən qarı külək dərhal sovurmada.


Sızlayır yel, qışqırır yel, artır boran qar arttıqca,

Durmuş məscid qabağında bu havada kor bir qoca.


Gecə-gündüz bu yerdədir, tanrının hər yazmış günü,

Tutur əlindəki qabı yay və payız, yaz, qış günü.


Yoxdur halı zavallının, ayaq üstə güclə durmuş:

–Versənizə bir qara pul, manat deyil, qəpik-quruş.


İndi deyim ondan sizə: bir vaxt kefi çox çağ idi,

İçdiyi bal, şərbət idi, yediyi də çim yağ idi.


Bir zamanlar yayılmışdı kor qocanın adı-sanı,

Bürümüşdü həm Kazanı, Xankirməni, Həştərxanı.

Nə söyləyim, dükanının, mallarının hesabı yox, –

Hə istəsən, hər şey hazır, alan alsın, çeşidi çox.

Neçə-neçə troykası, neçə gözəl faytonları,

Vardı tülkü dərisindən nə kürkləri, nə donları!


Əla idi, yaxşı idi, bundan artıq mən nə deyim,

İndi çılpaq, paltarı yox, versənizə bircə geyim.


Olmuşdu bütün mollalar bu qocanın məftunları,

Oxunmuşdu onun üçün duaları, əfsunları.


Başlarını sallayaraq, çevrəsində küllənərək,

Yürüdülər ətrafında yorğa atın dayçası tək.
Hanı indi onun əziz yar-yoldaşı, tay-tuşları,

Hara yox oldu hamısı: Qaynukları, Axmuşları?


Yoxdur halı zavallının, ayaq üstə güclə durmuş,

Versənizə bir qara pul, manat deyil, qəpik-quruş.


Bu beş namaz qılanlara onun əli açıq qalar,

Nə bir molla görər onu, nə gözucu nəzər salar.


A, beləmi? Axça varsa, demək, çoxdur dost da, yar da,

Axça iyi gəlməyirsə, vəfa yoxdur dostda, yarda!



Bir cüt at
Bir cüt atı qoşduraraq, düz Kazana düşdüm yola;

Faytonçum da muşquraraq cilov çırpır sağa-sola.


Axşam düşür. Şadlıq ilə nurlar saçıb ay şellənir;

Sakit əsən külək ilə yarpaq, ağac, ot yellənir.


Hər yan səssiz. Duyğularım sanki mənə layla oxur;

Göz yumulur yavaş-yavaş, basır məni şirin yuxu.


Birdən açdım gözlərimi, yad çöllərdə nəsə olur;

Ah, yoxsa bu, ayrılıqdır? Ömrümdə ilk dəfə olur.


Salamat qal, gəl bağışla, doğma yerim, ayım-nurum,

İstəyirəm yeni yerdə özümə bir yuva qurum.


Sağ ol, ömrüm keçən şəhər! İndi iraqda qaldınız,

Siz, ey mənə doğma yurdlar, xeyli uzaqda qaldınız.


İçimdə dərd, yanır ürək, həsrət ilə fikirdə mən,

Nə dostum var, nə həmdəmim, ikimizik: fikir və mən.


Ah, günahım nədir görən, bu faytonçu susdu nədən,

Oxumadı bir gözəlin üzüyündən, örpəyindən.


Sanki nəsə yox kimidir; bir nəsnə yox, bir nəsnə kəm;

Hər şey var da, doğmalar yox, həm öksüzəm, həm yetiməm.


Burdakılar yaddır mənə: bu Minqali, Bikmolla kim?

Bikməhəmməd, ya Biktəmir, mən nə bilim, nə molla kim!


Sizdən ayrıldım, doğmalar! Keçmədi ah-vaysız ömür;

Bilməm, bunu necə deyim, günəşsiz, həm aysız ömür.
Belə-belə fikirlərlə bir daş kimi şişdi başım,

Çeşmə kimi, ixtiyarsız gözlərimdən axdı yaşım.


Bir səs gəldi qulağıma, uğuldadı elə bu an:

–Dur, ey şagird! Lap az qaldı, önümüzdə durur Kazan!


Açıldı bu səslə könlüm, şadlığımdan gəldim cana:

–Ey faytonçu, qov atları, tez yetişək biz Kazana!


Çağırır sübh namazına lətafətli, gözəl əzan,

Sən ey Kazan, dərdli Kazan, qəmli Kazan, nurlu Kazan!


Onda bizim babaların otaqları, ocaqları,

Onda dərdli könüllərin huriləri, uçmaqları1.


Ondadır hikmət, mərifət, həm onda irfanım, nurum;

Onda mənim incəbelim, cənnətim, həm onda hurim...



Görsədir
Bu adam dışdan üzündə yaxşı xislət görsədir,

Yaxşıya rəğbət, yaman işlərə nifrət görsədir.


Bir xuda bilsə bilər içindəki bəd niyyəti,–

Əhli-dünyaya dışından istiqamət görsədir.


Əmri-həq qursaq ilə qarşıya-qarşı gəlməsə,

O, daim dinə və Qurana itaət görsədir.


Dəyməsə gər özünə doğru deməkdən zərər, –

O da doğruluq sevir, sözdə sədaqət görsədir.


Birinə bir borcu olsa, ömrü billah ödəməz,

Borcluya isə: yanarsan der, qiyamət görsədir.


Çox qürurludur, sənə heç ehtiyacı olmasa;

Bir işi düşsə əgər, bal tək fəsahət görsədir.


O, tütün çəkəndə od yandırmaz dostundan qabaq;

Əvvəl od tutur ona – ikram və hörmət görsədir.


Bir dostun məclisində olsa o, saqi əgər,

Düppədüz süzər badə – guya ədalət görsədir.


Mən şirəm deyir, sənin malını tələf edəndə,

Sən möhtac qalsan, fəqirəm, der, cəbanət görsədir.


Saplasa da könlünə yavuz lisani-xəncərin,

Niyə keyfin yoxdur, dostum, der, məhəbbət görsədir.


Dinləsən dışdan, sənin qeybət onun ağzındadır;

İçəri qirsən, açıq, məsum qiyafət görsədir.


Acı həqiqət


Bakırqan»dan)
Tatar bayı – bilgiçi,

Türmələrə girgiçi;


Ömür boyu nə etmiş –

Orda məlum olğuçu.


Bay çağında gülgüçü,

Eybin-suçun görgüçü;


Tapılmaz bu miskini

Doğru yola sürgüçü.


Bayın var naxşı derlər,

Hər feli yaxşı derlər;


Onun dörd bir yanına

Münafiqlər dolğuçu.


Malı-mülkü bitdisə,

Var-dövləti getdisə,


Malın qədrin bilməz der,

Dostları da gülgüçü.




Doğma dil
Ey doğma dil, gözəl dil, atam-anamın dili!

Çox şeyləri öyrəndim mən səninlə ilgili.


Beşikdə layla çaldı anam bu dildə mənə,

Hər gecə nağıl dedi mənə bu dildə nənəm.


Ey doğma dil! Hər zaman sənin köməyin ilə,

Sevincimi, qəmimi daim gətirdim dilə.


Ey doğma dil! Səninlə dilə gəldi ilk duam:

Qoru, dedim, sən məni, ata-anamı, xudam!



Yer yuxusu
Çölə ağ qardan

Qış yorğan salmış.

Yaza qədər yer

Yuxuya dalmış.

Yatar, oyanmaz,

Qış tam ötüncə, –

Quşlar cənubdan

Geri köçüncə.

Yazın ayları,

Aprel, mayları,

Çox gözəl olur

Daşan çayları.

Orman uğuldar,

Oxuyar quşlar,

Göylər kükrəyər,

Yağar yağışlar.


Gün boyu oxşar

Günəş nuru, meh;

Hər gecə düşər

Qalın qırov, şeh.


Düşər yadına

Həm o da, bu da,

Neçə ki yatar

Görər yuxuda.


Sakit yatar yer,

Görər şirin düş.

Oyanma hələ,

Gözlə, ötsün qış!


Qəzetə mürəttiblərinə
Millətin əfkarını tərtib edənlər sizsiniz;

Çarəsiz dərdə dəva tərkib edənlər sizsiniz.


Sizsiniz, ya, yazıya, yazıçıya qeyrət verən;

Yazmaya təşviq edən, tərğib edənlər sizsiniz.


Sizsiniz var ömrünüzü millətə təxsis edən;

Rahi-qəflətdən bizi təxlis edənlər sizsiniz.


Kəndi hüsnündən xəbərsiz bir gözəl çocuq kimi,

Qədrinizi kəndiniz tənqis edənlər sizsiniz.


Çün səhafətlər mürəttibliyə heç lazım deyil,–

Bunları, bilməm nədən, təsvib edənlər sizsiniz.


Pək müxalisdir mübəzzirlik mürəttib şəninə;

Namünasib işləri tənsib edənlər sizsiniz.


Getsəniz də bilxəta bəzən lüzumsuz işlərə,

Sonra xülqi-binnədəm təhzib edənlər sizsiniz.


Sizsiniz millət yolunda daimən qaim olan,

Nəfsinizi bilqiyam təzib edənlər sizsiniz.


Sizə təslim eyləmiş millət bütün övraqını;

Onları inci kimi mənsur edənlər sizsiniz.


Çəkməyin qəm: bizcə, siz məmduhsunuz, məqbulsunuz;

İştə şeiri yazmaya məcbur edənlər sizsiniz.


Bu şeirim, şübhəsiz, gəlmişdir afaqi-xəyalımdan;

Sizi tərdirə məcburəm, deyil kəndi xəyalımdan.


Bu söz axır sözümdür: sağ olun, dostlar, mürəttiblər;

Sizə dair bir az yazdım – gələncə iqtidarımdan.


Hürriyyət haqqında
Hara getdi senzurluq,

Qulluq, darlıq, kəmxorluq?

Geri baxsaq, biryolluq

Onlar uzaq qaldı ya.


Bir oldular zakonda

Tatar, urus, yapon da;

Ağ önlüklü zəbun da

Tam azadlıq aldı ya.


Bütün senzur yabıldı1,

Dərdə dərman tapıldı,

Qızıl qara boyanan

Karxanalar böldü ya.


Çox gənc igidlər öldü,

Meyidlə dünya doldu,

Adları baqi oldu

Ta qiyamət dedi ya.


Şagird, student – barı2,

Dara asılanları,–

Siz də bu arslanları

Unutmayın dedi ya.


Qısqanmadı malların,

Qurban qıldı canların,

Can verəndə şadlanıb,

Gülə-gülə öldü ya.


İndi getdi irəli

Zəncirlənən dilləri,

Millətin bülbülləri

Cəh-cəh vurub durdu ya.

 

*

Getdi həsrət, ələmlər,

Azad oldu qələmlər;

Olsun çox-çox salamlar

Ruhlarına dedi ya.
Məmnun olsun ruhları,

Əziz olsun duxları;

Bunların ax-uxları

Hürriyyəti verdi ya.

 

Balkan nəğmələri
I

Hər kəs hökm edər: –


Türkiyə bitər!
Balkanlar işi
Hələ çox gedər.

Tək bu Ədirnə


Alınmır yenə.
Yaniya, Şkudra
Yekə həngamə.

Çatalca yaman,


Ağzı dolu qan,
Toplar desinmi,
Dastan dünyadan.

Ay-hay, Çatalca,


Sən yağlı qalça;
Udulmayınca
İstanbul harda?

II

Sözlə atışdıq,


Əllə vuruşduq;
Biz quşlar kimi,
Londona uçduq.

Burada türklər –


Çirkin yörüklər –
Ağızlarından
Odlar tökülər!

«Siz kimsiz?» derlər,


«Biz türküz» derlər;
Belə deyib heç
Ümid üzmürlər.

Derlər: «Osmanlı


Üç istehkamı
Əldə tutanda,
Dayanmaz qanı.

Artıq yıxıldız,


Möhkəm dağıldız.
Niyə tarixdən
İbrət almırsız?

Ruslar da artıq


Yaxına gəldi;
Ona nemsələr
Çoxmu yer verdi»?

«Qorxma nemsələr –


Biznən kimsələr,
Vilhelm layiq,
Xəlif desələr.

Bizə gəl də bir,


Etsəniz səbr,
Çatalcada da
Sizə var qəbr!»


Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin