* * *
Gözün bütün sağları məst edəsidir,
Qəmzən bütün məstləri pəst edəsidir,
Çox zahidü parsanı1 Babur yanlığ2
Ləlin həvəsi badəpərəst edəsidir.
* * *
Hər kim ki vəfa qılsa, vəfa tapasıdır,
Hər kim ki cəfa qılsa, cəfa tapasıdır,
Yaxşı kişi etməz bir yamanlıq hərgiz,
Hər kim ki yaman olsa, cəza tapasıdır.
* * *
Hicran qafasında can quşu dəm qıladır3,
Qürbət bu əziz ömrü kəm qıladır,
Nə növ yazım fəraqü qürbət şərhin
Kim, göz yaşı namənin üzün nəm qıladır.
* * *
Cismimdə isitmə gündə möhkəm oladır,
Gözdən uçadır uyğu, çü axşam oladır,
Hər ikisi qəmim bilə səbrim tək
Hey dəyişər; bu artadır, ol kəm oladır.
* * *
Ya rəb, məndə nə yaxşı tale vardır,
Kim bəxti-mütiyü yari-tabe vardır,
Məzur tut gər vəslinə çox gec yetsəm,
Nə çarə qılaq, bir azca mane vardır.
* * *
Xatiri-bahar fəslində gəşt aladır,
Göz nurunun rəngi-laləyi-dəşt aladır,
Xoş ol ki, talalarda yürüb, seyr etsə,
Bu fəsldə kim, lətifü dilkəş taladır.
* * *
Hicr ara aramü qərarım yoxdur,
Vəslinə yetməyə ixtiyarım yoxdur,
Kimə açayım raz ki, yox məhrəmi-raz,
Qəm kimə deyim ki, qəmgüsarım yoxdur.
* * *
Düz, ah, Zəhirəddin Məhəmməd Babur,
Yüz ah, Zəhirəddin Məhəmməd Babur,
Sər rişteyi-eyşdən könülü zinhar,
Üz, ah, Zəhirəddin Məhəmməd Babur.
* * *
Qayğını çəkə-çəkə qəribdir Babur,
Rəhm eylə ki, özündən varıbdır Babur,
Narınc göndərdi sana kim, biləsən,
Yəni ki, bu rəng saralıbdır Babur.
tüyuğlar
Vəsldən söz deyən yox yara, mana1,
Hicr ara rəhm eyləgil, yara, mana,2
Oxun etdi çox yaman yara mana3,
Mərhəmi lütfün bilə yara mana1.
* * *
Mehr kim, göyə qılır ahəngi-təng,
Alnında olsa iməs birəngi-təng,
Xalı vü ikki ləbi dik olmaya,
Hindü ər gətirsə şəkkər təng-təng.
* * *
Məni bihal eyləyən yar ay dürur,
Kim onun vəsli mana yaray dürur.
Gər vüsalı olmasa gedər yerim
Ya Xorasan, ya Xıtay, ya Rey dürur.
* * *
Ol ki, hər gözü qəzali-Çin2 dürur,
Qaşında pəyvəstə onun çin3 dürur,
Çünki çox yalan dedi ol mana,
Gər, desəm «yalançı» onu, çin4 dürur.
* * *
Ta könül verdim oşol kaysarıya1,
Varalım bilmədim kay sarıya2,
Dostlar, yara məni saqındırın,
Salsanız nagah ayaq Kaysarıya3.
* * *
Nə bəla böyük dürur dövlət tağı4,
Kuhi-qəmi nə bilər dövlət tağı5,
Hümməti tut, dəxi dövlət istəgil,
Hümmətin olsa, olar dövlət tağı6.
* * *
Gəl qılaq canı nisarın, a yarım,
Nəqdi canı varmı səndən ayarım7,
Busə versən gər tamam ağzın bilə,
Gənci-ağzından alayım a, yarım8.
* * *
Sən kimi bir dilrübanı bilmənəm9,
Aşiqi-sadiq ki, derlər, bil, mənəm10.
Qıl təsəvvür göz yaşımı bir dəniz,
Özgə aşiq əşki kimi bilmə nəm11.
NURMƏHƏMMƏD ƏNDƏLİB
(1661-1740)
Nurməhəmməd Əndəlib zəngin türkmən ədəbiyyatının ən böyük nümayəndələrindən biri, özündən sonra gələn bütün türkmən şairlərinin müəllimi və ustadıdır. Azadi, Şahbəndə, Məxdimqulu, Şeydayi, Məğrubi, Qayıbi, Talıbi, Qurdoğlu, Kəminə, Seyidnəzər Seydi, Zəlili, Seydulla Seydi, Zinhari, Molla Nəfəs, Aşiqi, Katibi, Möhtaci, Miskinqılınc, Balqızıl kimi tanınmış söz ustaları onun ardıcılları və şagirdləridir.
Əndəlibin türkmən ədəbiyyatı qarşısında xidmətləri ölçüyəgəlməz dərəcədə böyükdür. Hər şeydən əvvəl o, türkmən ədəbiyyatının və ədəbi yazı dilinin banisidir. Ondan əvvəl yaşayıb-yaradan türkmən şairlərindən Bayram xan və Vəfai öz əsərlərini həmin dövrdə bütün Orta Asiyada geniş yayılan və əsasən mədrəsə təhsili görmüş adamların işlətdiyi ədəbi çağatay türkcəsi ilə qələmə almışlar. Əndəlib isə əsərlərini uşaqlıqdan bəri sevə-sevə dinlədiyi milli-məhəlli dastanların təsiri altında şirin türkmən dilində yazmaqla bir ilki gerçəkləşdirmişdir. Şairin ikinci böyük xidməti türkmən ədəbiyyatını mövzu və janr baxımından zənginləşdirməsidir. Əslində, Əndəlib realist türkmən şeirinin ilk rüşeymlərini qoymuş, Məxdumqulu isə onu zirvəyə qaldırmışdır. Milli ədəbiyyatda ilk poemanın, ilk dastanın müəllifi də Əndəlibdir. Nəhayət, o, türkmən ədəbiyyatında ilk tərcüməçilərdən biridir.
Nurməhəmməd Əndəlibin həyatı haqqında əldə dəqiq məlumatlar yoxdur, hətta doğum tarixi də mübahisəlidir. Bütün tədqiqatçılar onun Daşoğuzun İlanlı bölgəsinin Qaramazı kəndində anadan olduğunu qəbul edirlər. Şair sonra amansız bir xəstəliyə tutulduğu için təbdili-iqlim məqsədilə özbəklər arasına köçmüs, Ürgəncdə, əsasən də Xivədə yaşamışdır. O, «Risaleyi-Nəsimi» poemasının giriş qismində həyatı, doğulduğu və yaşadığı yer, habelə təxəllüsü haqqında kiçik bilgilər vermişdir. Orada bu beytləri oxuyuruq:
Adım idi Nurməhəmməd Qərib,
Sözdə təxəllüsüm idi Əndəlib.
Şəhrimiz Urgənc – vilayət idi,
Xanımız Şirqazi himayət idi.
Əsli-məkanım ki Qaramazıdır,
Adəmi işrətdə qışı-yazıdır.
Bil ki, Qaramazı bizim cayımız,
Zikri-xuda eşq ilə dilxahımız...
Barça xəlayiq içində bəd işim,
Yetdi əlli beşə mənin bu yaşım.
Burada bütün məsələ «Xanımız Şirqazi himayət idi» misrasındadır. Üç əlyazmada Şahqazi xanın (hakimiyyət illəri: 1766-67), birində isə Şirqazi xanın (1715-28) adı keçir. Əgər Şahqazi xanın adı əsas alınsa, o zaman 1766-dan 55 çıxılmalıdır. Buna görə Əndəlib 1710/11-ci ildə doğulmuş olmalıdır. Şairin təvəllüdü Şirqazi xanın taxta çıxdığı il üzrə hesablansa, 1715-55= 1660-cı il alınır. Bəs mübahisə necə həll edilmişdir? Şairin «Yusif və Züleyxa» dastanının sonunda farsca belə bir qeyd var: «Tamam in kitab ruzi-şənbə sənə 1122». Hicri 1122-ci il miladi tarixlə 1710/11-ci ilə uyğun gəlir. Bu rəqəmdən 55 çıxdıqda, 1661-ci il alınır. Deməli, şair həmin ildə anadan olmuş, Şirqazi xanın dövründə yaşamış və ondan himayə görmüşdür. Bu həmin Şirqazi xandır ki, 1719-20-ci illərdə Xivədə öz adını daşıyan məşhur Şirqazi mədrəsəsini açmış, Orta Asiyalı şairlərin əksəriyyəti burada təhsil almışdır. Əndəlib 1740-cı ildə 80 yaşında vəfat etmişdir, Şahqazi isə bundan 26 il sonra taxta çıxmışdır.
Şair öz əsərlərini Əndəlib təxəllüsü ilə yazmışdır. Rəvayətə görə o, gəncliyində Gül adlı bir qızı sevmiş, ona nisbət olsun deyə özünə Əndəlib, yəni «Bülbül» təxəllüsünü seçmişdir. Adının tərkibindəki Qərib sözü isə doğma vətəndən, el-obadan uzaqda yaşamasına işarədir. Şeirlərində özünü Əndəlibi-binəva, Əndəlibi-zar, Əndəlibi-bəlakeş adlandırması həyatının məşəqqət içində keçdiyini göstərir. Bu beyt də onun dərd külbəsi içində fəğan etdiyinə şahiddir:
Gahi xərabatda işim, gah fəğan,
Külbeyi-əhzan idi gahi məkan.
Şairin təhsili, şəxsi həyatı haqqında yazılı mənbələrdə elə bir ciddi məlumat yoxdur. Ancaq əsərlərindən anlaşıldığına görə, o çox mükəmməl təhsil almış, Şərq poeziyasını, onun bədii ifadə vasitələrini dərindən mənimsəmiş, ərəb, fars, tacik dillərini də yaxşı öyrənmişdir. Şairin «Şahnamə»ni tərcümə etməsi barədə bəzi məxəzlərdə bilgi verilir. Təəssüf ki, bu tərcümə indiyədək tapılmamışdır. Əndəlibin bir sıra şairlərin əsərlərinə nəzirə yazması onu göstərir ki, o, klassik Şərq şeirini ciddi mütaliə etmiş, söz sənətinin bütün incəliklərinə yiyələnmişdir.
Əndəlibin zəngin poetik irsinin çox az qismi bizə gəlib çatmışdır. Hazırda əlimizdə onun səkkiz qəzəli, bir neçə mürəbbəsi, müxəmməsi və müsəddəsi, bəzi başqa şeirləri var. Bunlar sayca az olsalar da, janr və məzmunca çox əlvan, bədii cəhətdən isə çox mükəmməl əsərlərdir. Əndəlib sənətinə dərin ehtiram bəslədiyi Nəvainin on yeddi, Füzulinin iki, Vəfai, Həbib, Übeydi və Caminin birər qəzəlinə təxmis, Nəvainin bir qəzəlinə təsmin, Məşrəbin bir qəzəlinə və bir mürəbbəsinə təzmin yazmışdır. Onun qələmə aldığı təzmin, təxmis və təsminlər ən yüksək poetik səviyyədədir, orijinallarından əsla geri qalmır. Bu, Əndəlibin parlaq istedadından xəbər verir. Tək bir misal göstərək. Dahi Füzulinin məşhur «Şəbi-hicran» qəzəlinə yazdığı təxmisin bir bəndinə nəzər yetirək:
Çıxıbdır namüsəlmanım,
Qılıbdır qəsdi-imanım,
Fələkdə ahü suzanım,
Gözümdə əşki-qəltanım,
İçimdə dərdi-pünhanım,
Təbiba, yoxmu dərmanım,
«Şəbi-hicran yanar canım,
Tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfğanım,
Qara bəxtim oyanmazmı?»
Onun sənətinə hörmət əlaməti olaraq özbək şairləri Muxlis və Munis də hərəsi Əndəlibin bir qəzəlinə təxmis yazmışlar. Beləliklə, Əndəlib Orta Asiyada nəzirəçiliyin, dolayısı ilə, ədəbi əlaqələrin inkişafında mühüm rol oynamışdır. O, məşhur fars şairi Caminin on bir qəzəlini türkmən dilinə eyni ilhamla tərcümə etmiş və türkmən ədəbiyyatında tərcümə sənətinin təməlini qoymuşdur.
Böyük sənətkar yazdığı poemalarla özündən sonrakı şairlərə də nümunə olmuşdur. Onun «Risaleyi-Nəsimi», «Oğuznamə», «Səəd Vəqqas» və «Qisseyi-firon» adlı dörd poeması var.
«Oğuznamə» bizim üçün son dərəcə vacib əsərdir. Çünki Azərbaycan xalqı türklərin oğuz qoluna mənsubdur və Oğuz xan bizim ulu babamızdır. Oğuzların dini-fəlsəfi baxışlarını, tarixi-mifoloji görüşlərini, ictimai-siyasi sistemini, həyat tərzini, bədii təfəkkürünü əks etdirən əsərlər oğuznamə adlanır. Türk ədəbiyyatında oğuznaməçilik ənənəsi çox güclüdür, indiyədək iyirmidən çox oğuznamə qələmə alınmışdır. Bunlardan ilki Dəvadarinin bizə gəlib çatmayan «Dürər üt-tican» adlı tarixi xronikasıdır. «Kitabi-Dədə Qorqud»un «Kitabi-Dədəm Qorqud əla lisani-taifeyi-oğuzan» adlanan Drezden nüsxəsi, «Hekayəti-oğuznameyi-Qazan bəy və qeyri» adlanan Vatikan nüsxəsi birər oğuznamədir. Bunlardan başqa, elm aləminə uyğur hərfləri ilə yazılmış «Oğuz xaqan» dastanı (XIII əsr), Uzunköprü «Oğuznamə»si (XIII-XIV əsr), Fəzlullah Rəşidəddinin «Oğuznamə»si (1303), Yazıçıoğlu Əlinin «Oğuznamə»si (1436), Salur Baba Qul Əli oğlu Xiridarinin «Oğuznamə»si (XVI əsr), Dana Ata Ehsan Şeyxin «Oğuznamə»si (XVI əsr), Əbülqazi Bahadır xanın «Şəcəreyi-türki»si və «Şəcəreyi-tərakimə»si (1660), Cüveyninin «Tarixi-cahangüşa»sı, «Məcməil-əmsali-Məhəmmədəli» (XVII əsr), «Əmsali-tərakimə» kimi atalar sözlərini əhatə edən əlyazmalar, Əndəlibin «Oğuznamə»si və başqa əsərlər məlumdur. Bunlar Azərbaycanda geniş şəkildə tədqiq edilmişdir. Bu sahədə Həmid Araslının, Fərhad Zeynalovun, Samət Əlizadənin, Tofiq Hacıyevin, Füzuli Bayatın, İsmixan Osmanlının əməyi xüsusi olaraq vurğulanmalıdır. Faruq Sümərin «Oğuzlar» (Bakı, 1992) və Bahəddin Ögəlin «Türk mifologiyası» (Bakı, 2004, hər ikisini mən çevirmişəm) kitabında bu oğuznamələr haqqında geniş bilgi verilmişdir.
Əndəlibin «Oğuznamə»si digər oğuznamələrlə məzmun etibarilə ümumən səsləşə, əksər məqamlarda üst-üstə düşsə də, bir sıra fərqlər də müşahidə edilir, yəni burada şairin orijinal dəst-xətti, bədii üslubu və təhkiyəsi özünü göstərir. Əndəlibdə Oğuz xanın türk cahan hakimiyyəti uğrunda mübarizəsi daha yığcam, daha fərqli epizodlarla təsvir edilir. Hətta eyni detallarda belə bəzi fərqlər görmək mümkündür. Oğuz xanın ölümünə şairin mərsiyəsi onun ən orijinal tərəfidir.
Əndəlibin «Risaleyi-Nəsimi» poeması da bizə tarixi və ədəbi cəhətdən tanış olan Nəsimi obrazından xeyli fərqli bir Nəsimi təqdim edir. Bizim bildiyimiz Nəsimi hekayəsində nə şeyx Mənsur, nə də Ənəl adlı qız, nə də Zünnun Misri adlı şəxs yoxdur. Üstəlik, real Nəsimi həyatda qeybdən dürlü xəbərlər söyləyən, gələcəyi görən bir vəli, Bağdad hakimi Əmirin qardaşı deyildir. Əndəlib öz poemasının süjet xəttini bu adamlar üzərində qursa da, Nəsiminin əqidəsini, üsyankar ruhunu ümumən doğru təsvir etmişdir. Şair poemanın kompozisiyasına müxtəlif surətlərin dilindən qəzəllər əlavə etməklə həm əlvanlıq yaratmış, həm də süjetə dinamika və canlılıq vermişdir. Əruz vəzni ilə məsnəvi şəklində yazılan əsərin dili xeyli ağır və dolaylıdır. Bəzən şairin nə demək istədiyi bir neçə beyt sonra anlaşılır. Hamının başa düşməsi üçün əsəri heca vəzni ilə çevirdik.
«Səəd Vəqqas» və «Qisseyi-firon» adlı poemalar dini səciyyəli əsərlərdir. Səəd Vəqqas məşhur islam sərkərdəsi və dövlət xadimi, öz səxavəti və xeyirxahlığı ilə əfsanəvi şöhrət qazanmış tarixi şəxsiyyətdır. Poemada onun mərdliyi və comərdliyi, bu yolda hətta oğlunu qurban verməsi təsvir olunur.
«Qisseyi-firon» isə yəhudi peyğəmbəri Musanın doğulması və zülmkar Misir fironunu devirməsi haqqındadır.
Əndəlib türkmən ədəbiyyatında ilk dəfə olaraq dastanları, rəvayətləri, xalq hekayələrini nəzmə çəkmiş, onları ədəbi cəhətdən cilalamış, süjet xəttinə əl gəzdirmiş, şeirlərini yenidən işləmişdir. Bu proses bizim ədəbiyyatda bir az fərqli şəkildə cərəyan etmişdir. Bizdəki dastanlar (məsələn, «Koroğlu», «Qaçaq Nəbi» və s.) naməlum aşıqlar tərəfindən qoşulmuşdur. Bununla yanaşı, bəzi aşıqlar öz dastanlarını yaratmışlar (məsələn, «Valeh və Zərnigar», «Ələsgər və Səhnəbanu»). Türkmənlərdə isə xalq dastanları şairlər tərəfindən işlənmiş, aşıqlar öz fərdi dastanlarını qoşmağa xüsusi meyl göstərməmişlər.
Əndəlib «Leyli və Məcnun», «Yusif və Züleyxa», «Baba Rövşən» və «Zeynal Ərəb» dastanlarını işləmişdir. Başqa bir məlumata görə, „Mirzə Həmdəm» dastanı da ona məxsusdur. Şairin yolu ilə gedən ulu Məxdumqulu artıq on bir dastandan ibarət antologiya (bu silsilə «İbrahim və Sara» ilə başlayır, «Aşıq Qərib və Şahsənəm»lə başa çatır) hazırlamışdır. Bu ənənə daha sonra digər şairlər tərəfindən uğurla davam etdirilmiş, Molla Nəfəs isə «Zöhrə və Tahir» dastanını işləmişdir.
Əndəlibin bu dastanlarından ikisi, daha doğrusu, «Leyli və Məcnun»la «Yusif və Züleyxa» eynən Azərbaycan versiyası ilə səsləşir və bizə məlum olan məzmundadır. Şairin dini-mənqibəvi səciyyə daşıyan «Baba Rövşən» və «Zeynal Ərəb» dastanları isə bizdə çox da bilinmir və aşıqlarımızın dastan repertuarında yoxdur. Doğrudur, uşaqlıqda Ağbaba aşıq məktəbi nümayəndələri tərəfindən «Baba Rövşən» dastanının ifasını dinləyib-dinləmədiyimi tam xatırlaya bilməsəm də, bu əsərdə həzrət Əliyə verilən poetik Qəşəmşəm adı nə üçünsə yaddaşıma möhkəm həkk olunub.
Şairin dastanlarının hamısı süjet və sənətkarlıq baxımından çox mükəmməl, şeirləri isə çox gözəldir. «Zeynal Ərəb» dastanı isə bəzi cizgiləri ilə bizim Ərəbzəngini andırır.
Əndəlib ana dilində əsərlər yazmağı milli bir vəzifə saymış, bu barədə «Yusif və Züleyxa» dastanının girişində maraqlı bir məlumat vermişdir. Həmin məlumatdan anlaşıldığına görə, şair bu dastanı kiminsə sifarişi ilə yazmışdır. Ehtimal ki, onun yanına gələn şahsuvar Şirqazi xanın özü, ya da elçisi imiş:
... Necə müddət idi farağat işim,
Yox idi heç kimsə ilə danişim...
Gəldi mənim qaşıma bir şahsuvar,
Nitqi nəzih, yaxşı sözə intizar...
Dedi onlar: – Əndəlibi-binəva,
Könlümüzə düşdü əcəb macəra...
Yusif siddiqi və Züleyxanı sən,
Türki xəlayiqə qılgil əncümən...
Əndəlibin məqsədidir ki bustan,
Könlünə xoş gəldi bu əcəb dastan ...
Eylədi türki dil ilən ibtida,
Gahi nəsr, gahi qəzəl, xoş nəva ...
Əsərlərini türkcə yazmaq düşüncəsi Əndəlibdə bir həvəs deyil, tutqudur. Məsələn, «Risaleyi-Nəsimi»də də yuxarıdakı beytləri azca dəyişdirərək belə yazmışdır:
Gəldi mənim qaşıma bir şahsuvar,
Yaxşı fəza, lütfi-sözə intizar.
Başqaları ərdi mənə həmnişin,
Üzəri gül, sözü şəkər-əngəbin.
Dedi onlar: – ey Əndəlib, binəva,
Könlümizə düşdü əcəb macəra.
Var ki «Qisas» içrə əcəb dastan,
Nə oladır qılsan onu bustan...
Bunca sözü qılsan, hekayət olar,
Seyid Nəsimidən rəvayət olar...
Eylədi türki dil ilən ibtida,
Gahi nəsr, gahi qəzəl, xoş nəva.
Bir neçəsin nəzmi-müxəmməs qılıb,
Aşiqi-məşuqlara əlbəs qılıb...
Məqaməti-Nəsimi, şeyx Mənsur,
Qılıram nəzmi-türki, gəl, oxu, gör.
2011-ci il Əndəlibin 350 illik yubileyi ilidir. Bu il ölkənin müxtəlif şəhərlərində bir sıra yubiley tədbirləri, təntənəli mərasimlər keçirildi. 10-12 mart tarixlərində isə şairin vətəni Daşoğuzda Türkmənistan Elmlər Akademiyasının və Daşoğuz vilayət icra hakimiyyətinin birgə əməkdaşlığı ilə Əndəlibə həsr edilən beynəlxalq elmi konfrans təşkil edildi. Bu bayram əslində bütün Türk Dünyasının bayramıdır.
OLDU ƏNDƏLİB
Daş ara eylər vətən, daşbağa oldu Əndəlib,
Torpağa bağrın basıb qurbağa oldu Əndəlib.
Olmasa qurbağa, daşbağa ol nəsbi-yaman,
Nə üçün bir öydə daim yekkə oldu Əndəlib.
Biqənaətlik tutub əzasından balü pərin,
Bu üqubət birlə tikkə-tikkə oldu Əndəlib.
Dost olanlar eşitsələr soyuqdan ölməyini,
Gülüşüb söylərlər, ölsə xəkdə oldu Əndəlib.
Olsa qış, urmuş qovağa, yaz olsa yazılar,
Gəh bayquş oldu, gəhi çəkkə oldu Əndəlib.
.
XƏNDAN-XƏNDAN
Gəldi ol sərvi-səxi naz ilə xəndan-xəndan,
Aldı könlümü nəvaziş bilə çəndan-çəndan.
Şükrülillah ki, gözüm düşdü günəş tək üzünə,
Müntəzir olmuş idim yolunda çəndan-çəndan.
Cismimə salmaq üçün işvə bilə tab üzə tab,
Sünbülün gül üzünə eylədi piçan-piçan.
Qaldılar seyr qılarda üzü-ləli-ləbinə
Gül baxıb, qönçə açıb ağzını heyran-heyran.
Əndəliba, qıla ver vəsl gününün şükrün,
Qalmazsan sən yenə hicarnında nalan-nalan.
NƏ BƏLA XUB
Ey rəşki-pəri, mehri-camalın nə bəla xub,
Vey nilufəri tək qoşa xalın nə bəla xub.
Fikrində olub, gözlərimə cilvə nümayən
Hər saətü hər ləhzə xəyalın nə bəla xub.
Ləlin qəmindən dışladı Xızır abi-həyatın,
Kövsər suyu tək safi-zülalın nə bəla xub.
Ey huri, üzünün biri ay, birisi gün tək,
Bu ayü günəş üzrə hilalın nə bəla xub.
Başdan ayağındır açılan gülşəni-xubu,
Sər ta beqədəm tazə nihalın nə bəla xub.
Öldürsə gözün, iki ləbin leyk verir can,
Canbəxşliyin xubi-qitalın nə bəla xub.
Baxsa üzünə, Əndəlibə heç əcəb olmaz,
Firqətzədə olana vüsalın nə bəla xub.
AÇDI
Bahar əyyamı gözdən qönçələr gülşəndə xab açdı,
Səba məşşatəsi sünbülün zülfün yaydı, tab açdı.
Görüb sərgəştə əhvalını bəzmi-bustan içrə,
Təbəssümlər ilən bülbülə güllər ləli-nab açdı.
Dodağın gül qönçəsi güllər dəmə-dəm bülbülün səslər,
Hərəmi-gülşən içrə səbz süfrədən kitab açdı.
Təqdimi-bülbülə zərrin piyalə birlə gülşəndə,
Diymənlər nəstəran ləbə-ləb güli-şərab açdı.
Xəlil kimi özünü atəşi-eşq içrə uran çün,
Bilin, həq rövzeyi-gülzarından bülbülə bab açdı.
Dəbistani-çəməndə tifl sayaq Əndəlibi-zar,
Ki bismilla oxuban eldə həmradan kitab açdı.
YETSƏ
Nə xoş gündür, müsahiblər, kişi cananına yetsə,
Görüb dürlü məlamətlər, axır dildarına yetsə.
Çəkib rənci-məşəqqətlər, ki eşq yolunda afətlər,
Görüb yüz min əlamətlər, könül ərmanına yetsə.
Fələk ursa ona şəbxun, yıxılsa başına gərdun,
Görüb yüz dərdü qəm əfzun, yenə dərmanına yetsə.
Dilü canım xarab olsa, yolunda min əzab olsa,
Yanıb bağrım kabab olsa, nə ərman canına yetsə.
Mələk sima, qəddi ziba, gözü ahu, üzü həmra,
Olub çün Əndəlib şeyda, güli-xəndanına yetsə.
GÜNƏŞ
(Nəvainin qəzəlinə təxmis)
Ah, kim qəddim düta qıldı iki ol əymə qaş,
Eylədim çərxi-kühən təqini naləmdən xəraş,
Can könlüm qəmgin olmaqlıq dilər, eylər təlaş,
«Çıxdı yarım gecə yol əzmin qılıb, ol bağrı daş,
Bəs əcaibdir qaranğu gecə çıxmaqlıq günəş».
Bu günəşin navəki-müjgənindən tərkeş dolar,
Ol günəşin tabından aləm ara atəş dolar,
Bu günəşin ləblərindən badeyi-biğəş dolar,
«Ol günəşə el nəzər qılsa, gözünə yaş dolar,
Bu günəş gəlcək nəzərdən gözlərimə doldu yaş».
Gəh ağzı rəmzinin qalü-məqalın istəyər,
Gəh rəna qəddinin ziba nihalın istəyər,
Gəh bilü fikrinin nazik xəyalın istəyər,
«Firqətindən ağlayıb çıxdım visalın istəyəm,
Qəh saçar mən başa topraq, gəh qoyar mən yerə baş».
Əndəliba, olalı bir məh liqa avarəsi,
Əncüm deyildir fələk üstündə bağrım parəsi,
Qan-yaşım oldu könlün sabit ol səyyarəsi,
«Faş edər mehrin Nəvainin sarı rüxsarəsi,
Sübh tək kim saralıb, rüxsarı eylər mehr faş».
BƏRÇƏMƏN İDİ
(Nəvainin qəzəlinə təxmis)
Xali-siyahi müşki-Xətayi-Xotən idi,
Guya ləbi-canbəxşi nəbati-Dəkən idi,
Kirpikləri can qəsdinə navəkfəkən idi,
«Ötən gecə yanar idim, ol simtən idi,
Gülşən üzündə məskənim bərçəmən idi».
Hay-hay, nə pəri çöhrədir ol dilbəri-tənnaz,
Görkəzdi iki ləli-ləbi Məsiha kimi ecaz,
Yusifi-Misri olubdur ona dəmsaz,
«Eylədi gəh naz, gəhi ərbədə ağaz,
Köksüm can olan ona pirəhən idi».
Ol məhliqa oldu gəlib zinəti-məxfil,
Can nəqdini saçdım ayağında məni-bidil,
Məqsudi bu idi oluban yara vasil,
«Gülşən ara iki kişiyə sayğuçu mənzil,
Bülbül ilə gül tək əkinimə vətən idi».
Zövq ilə qılıb Əndəlib nəşeyi-məstan,
Çəkmiş onu ağuşuna bir qönçeyi-xəndan,
Guya ol ikiləri idi Bilqeys-Süleyman,
«Hicr indi Nəvaini gər öldürsə, nə ərman,
Bunca ki muradı ona bu məhcəvan idi».
YANMAZMI
(Füzulinin qəzəlinə təxmis)
Fəğan, kim ol ləbi-meygun içib qanımı qanmazmı?
Həzin canıma hər dəm zülmi-bidadın dayanmazmı?
Yanıb şövq oduna başdan-ayaq cismim tükənməzmi?
«Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?»
Olub ol büt niqabəfkən, çəkərəm mən dərdü şivən,
Fələk səqfin qılıb rövzən, qəzam ənduh, yerim külxən,
İşim nalə, dilim elkən, sözüm olarmı müstəhsən,
«Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən,
Desəm ol bivəfa, bilmən, inanarmı, inanmazmı?»
Çıxıbdır ol məhi-taban, camalından cahan rəxşan,
Güvən, ey göz, könül, ey can, içində qalmasın ərman,
Əyləndirmə olub heyran, qalıbdır vədeyi-peyman,
«Qamu bimarinə canan dəvayi-dərd edər ehsan,
Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı?»
Gözün pür fitneyi-cadu, gəzəli-müşki-ənbərbu,
Atarsan ox-kəman əbru, qılaram canımı kabu,
Durur könlüm ona ötru, varır əşkim olub cu-cu,
«Güli-rüxsarına qarşu gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?»
Fərağında məni-bidil, işim müşkil üzə müşkil,
Tutubsan qeyr ilə məxfil, yatıb mən xəstə ayü il,
Səri-köyün qılıb mənzil, muradım olmadı hasil,
«Deyildim mən sənə mail, sən etdim əqlimi zail,
Mənə tən eyləyən qafil, səni görcək utanmazmı?»
Çıxıbdır namüsəlmanım, qılıbdır qəsdi-imanım,
Fələkdə ahü suzanım, gözümdə əşki-qəltanım,
İçimdə dərdi-pünhanım, təbiba, yoxmu dərmanım,
«Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?»
Cahanda dolu qovğadır, fəğani-Əndəlibadır,
Bu necə füruşəfzadır, dilim vəsfində guyadır,
Ana köyündə məvadır, əlində cami-səhbadır,
«Füzuli rindi-şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun kim, bu nə sövdadır, bu sövdadan usanmazmı?»
Dostları ilə paylaş: |