Referat elmi rəhbər: Nailə Abdullayeva Tələbə: Muradova Çimnaz Plan Giriş



Yüklə 36,1 Kb.
səhifə4/4
tarix02.01.2022
ölçüsü36,1 Kb.
#44922
növüReferat
1   2   3   4
Muradova

Qədim misir mədəniyyəti

Qədim Misir Şimali-Şərqi Afrikada Nil çayının vadisində və

deltasında yerləşirdi. Yayın əvvəlində gur yağışlar yağır, ətrafı su

basırdı. Noyabrda su çəkilir, üzvi maddələrlə zəngin olan lil sahili

örtürdü. Bu qara lil qatı rütubəti yaxşı saxladığı üçün çox

məhsuldar idi. Buna görə də misirlilər öz ölkələrini “Qara torpaq”

adlandırırdılar. Əvvəllər Nilin vadisi keçilməz cəngəlliklər,

bataqlıqlardan ibarət idi. Burada çoxlu vəhşi heyvanlar, xəstəliklər

yayan müxtəlif həşəratlar var idi. E.ə. VIII minillikdə Böyük

səhrada yaşayan insanlar tədricən Nil vadisini mənimsəməyə

başladılar. Bu tayfalar yığıcılıq, balıqçılıq, ovçuluq edir, kolluqları

qırır, bəndlər düzəldir, kanallar çəkir, əkinçiliklə məşğul

olurdular. Misirlilərin başlıca məşğuliyyətləri əkinçilik idi.

Hündür yerlərə su çıxarmaq üçün şaduf adlanan qurğudan istifadə

etmişdilər. Onlar torpaqları toxa və sadə xışlarla şumlayırdılar.

Qədim misirlilər arpa, buğda, meyvə, tərəvəz becərirdilər. Onlar

mal-qara da saxlayırdılar. Onlar sənət və mübadilə ilə məşğul

olurdular. Bacarıqlı dulusçu, daşyonan sənətkarlar idilər. Misir

e.ə. IV minillikdə əhalisi sıx olan ölkəyə çevrildi.

Qədim Misirdə e.ə. IV minillikdə quldarlıq cəmiyyəti

meydana gəldi. Tayfa başçıları, adlı-sanlı əyanlar qəbilə

üzvlərinin əməyini istismar etməyə başladılar. Qədim Misirdə

əhalinin bir hissəsini kəndlilər təşkil edirdi. Misir dövlətlərinin

padşahları firon adlanırdı. Misirin bütün adamları, torpaqlar, sular

fironun ixtiyarında idi. Firon öləndən sonra onun oğlu, yaxud

yaxın qohumu firon olurdu. Onlar işğalçılıq müharibələri aparır,

cənubda Nubiyaya, şərqdə Sinay yarımadasına hücumlar təşkil

edirdilər.

Misir fironları özləri üçün ehramlar (piramidalar)

tikdirmişlər. Ehramların inşası “tarixin atası” Herodotun “Tarix”

əsərində geniş təsvir edilmişdir. Fironlar öldükdən sonra həmin

ehramlarda dəfn edilirdilər. Yüz minlərlə qula nəhəng daşlardan

ehramlar tikdirirdilər. Bu möhtəşəm ehramlar bir tərəfdən axirət

dünyasına inam yaratmalı, digər tərəfdən isə fironların əzəmətini nümayiş etdirməli idi. Qədim Misirdə fironun sərdabəsinə o

dünyada ona xidmət etmək üçün «uşebti» adlanan insan fiqurları

qoyurdular. Ən möhtəşəm ehram e.ə. XXVII əsrdə Memfis

yaxınlığında firon Xeopsun (Xufunun) şərəfinə tikilmişdir.

Ehramların yaxınlığında bütöv qaya parçasından insan başlı

aslan bədənli nəhəng heykəl - sfinks yonulmuşdur. Bu nəhəng

heykəl çox vahiməli olduğu üçün “dəhşətlər atası”

adlandırılmışdır. Bəlkə də, sfinks ehramların qoruyucusu məqsədi

ilə qoyulmuşdur.

Misirdə işarə-şəkillər heroqliflərdən istifadə edilirdi. 750

heroqlif var idi. Yazı üçün papirusdan istifadə edilirdi. Qədim

Misir yazılarını 1801-ci ildə fransız alimi Şampaliyon oxumuşdur.

Misirlilər bənd, binalar tikmək üçün hesablamalar aparırdılar.

Hesab və həndəsə elmi yarandı. Misirlilər daşqın zamanı həmişə

ulduzların eyni nöqtədə olduğunu müşahidə edirdilər. Misirlilər

ulduzları müşahidə etmələri nəticəsində astronomiya elmini

yaratmışdılar. Onlar astronomiya elmi sahəsindəki biliklərinə

əsasən təqvim tərtib etdilər. İl 12 aya bölünürdü. İldə 365 gün var

idi. Misirdə tibb elmi inkişaf etmişdi, onlar cərrahiyyə işlərini

bacarırdılar.

Misirdə dövlət idarələrində və məbədlərdə məktəblər

açılırdı. Bu məktəblərdə oğlanlar oxuyurdular. Kiçik məktəblilər

qab-qaçaq qırıntıları, böyük məktəblilər isə papirus üzərində

yazırdılar. Məktəblərdə varlıların balaları oxuyurdu.

Qədim Misirdə musiqi və rəqs sənəti yüksək inkişaf etmişdi.

Nəfəs, zərb və simli musiqi alətləri mövcud idi. Rəqqasələr bəzən

döyüş səhnələrini təsvir edən pantomimlər ifa edir, məbədlərdə

dini mərasimləri səhnələşdirirdilər.

Qədim Misirdə allahları heyvan başlı insan şəklində təsvir

edirdilər. Bu da ovçuluqla bağlı idi. Misirlilərin etiqadına görə,

ölən adamın cəsədi saxlansa, onun ruhu vaxtaşırı oraya qayıdar.

Elə buna görə də misirlilər ölüləri mumiyalayırdılar. Misirlilərə

görə kinli allah Set bitki və əkin himayəçisi Osirisi öldürür. Osiris

dirilir, axirətdə padşah və hakim olur. O, ölənlərin ruhunu

mühakimə edir. Məbədlərə kahinlər rəhbərlik edirdilər. Məbəd

allahın evi sayılırdı. Kahinlər qul sahibi idilər. Fiva şəhərindəki məbədin 80 min qulu var idi. Misirdə Amon Ra (Günəş allahı) baş

allah sayılırdı. Qədim Misirdə adlı-sanlı kübarlar zümrəsinə

dayaqlanan kahinlər təbəqəsi böyük nüfuza malik idi. Bəzən belə

durum firon təkhakimiyyətliliyi ilə ziddiyyət yaradırdı. Məsələn,

IV Amenxotepin (1372-1354) dövründə kəskin qarşıdurma baş

verir. Ehnaton adını qəbul etmiş IV Amenxotep dini islahat

keçirir, Misirə Aton Ra allahına sitayişi zorla qəbul etdirir. Lakin

Ehnatonun vəfatından sonra hər şey köhnə axarına qayıdır.

IV Amenxotepin arvadı Nefertiti minilliklər ərzində gözəllik

təcəssümü sayılıb. Misir Yaxın Şərqin zəngin dövlətlərindən

birinə çevrilmişdi. Uğurlu müharibələr ölkənin maddi ehtiyatlarını

artırmışdı. Misirin təsərrüfatında yüksəliş gözə çarpırdı.

Müharibələrdən əsir gətirilmiş əhali təsərrüfatda qul kimi

işlədilirdi. Təcavüzkar xarici siyasətdən imtina etmiş III

Amenxotep Misirin daxili vəziyyətinə diqqəti artırdı. Onun

fəaliyyəti geniş tikinti işləri ilə bağlı idi. Misir fironları Nilin qərb

sahilində Amon allahın şərəfinə inşaat işləri aparmış və onun

adına məbəd tikdirmişdilər. Burada Misirin mərkəzi şəhərlərindən

olan Fiv yerləşirdi. Bu şəhər Yeni səltənət dövründə ölkənin

paytaxtı mövqeyini saxlayırdı. Müasir Karnak yaxınlığında Fiv

şəhərinin xarabalığı qalmışdır. III Amenxotep də Fiv şəhərində

Amonun şərəfinə tikinti işləri görmüşdü. O, Amon məbədinin

giriş hissəsinin hər iki tərəfindən kəsik ehram şəklində darvaza

ucaltdırmışdı. Özünəməxsus xeyrat məbədlərdən birini Amona

həsr etmişdi. Amon məbədi önündəki darvaza qızılla işlənmişdi.

Luksor məbədlərinin divarlarına qızıl təbəqəsi, döşəməyə isə

gümüş vurulmuşdu. Məbədlərə gedən yollar lövhə ilə döşənmişdi.

Amon məbədinə gedən yolun kənarında qoyun heykəlləri

düzülmüşdü. Qoyun Amon məbədinin müqəddəs heyvanı hesab

edilirdi. Hökmdarın xeyrat məbədi yolu kənarına itəbənzər

heykəllər qoyulmuşdu. Məbədlərdə fironun əzəmətli və hündür

heykəlləri də ucaldılırdı.

III Amenxotepin vəfatından sonra oğlu IV Amenxotep (e.ə.

1365-1348-cü illər) hakimiyyətə gəldi. O, Misirin Asiya

vilayətlərindəki siyasi vəziyyətə məhəl qoymadı, öz fəaliyyətini

büsbütün daxili ixtilafların aradan qaldırılmasına həsr etdi. Köhnə hakim quldar təbəqəsi ilə yeni yaranan əyanlar təbəqəsi arasında

kəskin mübarizə gedirdi. Köhnə hakim sinif nümayəndələri

kahinlər ətrafında cəmləşmişdi. Əvvəlki illərin uzun sürən

müharibələri, ölkəyə axan qənimət və insan qüvvəsi məbədləri və

onlara qulluq edən kahinləri varlandırmışdı. Misirin baş və ən

nüfuzlu allahlarına həsr olunmuş məbədlərinin xeyli mal-qarası

var idi. Məbəd xəzinəsi dolu idi. Xüsusilə Amon məbədi (Fiv

şəhəri) fərqlənirdi. Ölkədə Amon allahına ibadət geniş yayılmışdı.

Ona bol qurbanlar kəsilir və nəzirlər verilirdi. Adətən quş və

heyvan, taxıl və meyvə, içki (şərab və pivə), ətriyyat və sair nəzir

kimi məbədə gətirilirdi. Məbəddə ərzaq qıtlığı olmurdu, əksinə,

həmişə bolluq olur, kahinlər və məbəd xidmətçiləri, habelə

məbədətrafı yetim-yesir ərzaqla təmin edilirdi.

Firon IV Amenxotepin ətrafına yeni əyanlar təbəqəsinin

nümayəndələri cəmləşmişdi. Onların içərisində yoxsulluqdan

çıxmış və az-çox varlanmış xidmət adamları da vardı. Bu sosial

təbəqə nemxu - "yetim, kasıb, yetim-yesir" adlanırdı. Yeni

əyanların tərkibində nemxu, yəni yetim-yesir anlayışı artıq məcazi

mənada işlədilirdi, eyni zamanda da belə adamların aşağı

təbəqədən çıxdığını bildirirdi.

XVIII sülalənin son dövrlərində "yetim-yesir" (nemxu)

təbəqəsinə mənsub olan, lakin artıq varlanmış adamlar Misirin

inzibati və təsərrüfat idarələrində, ordu və firon sarayında qulluq

edirdilər. Belə varlı və vəzifəli "yetim-yesirlər" yazılarında firon

IV Amenxotep sayəsində ad-sana çatdıqlarını və əyan səviyyəsinə

qədər ucaldıqlarını qeyd edirdilər. Varlı, adlı-sanlı və idarələrdə

çalışan "yetim-yesirlər" fironun dayağına çevrilmişdilər. Fironun

əhatəsində adlı-sanlı əyanlar da vardı. IV Amenxotep yeni əyanlar

təbəqəsinə etimad göstərirdi. Yazılarında fironu onları yaradan

kimi qələmə verirdilər.

Amon ümum Misir allahı hesab olunurdu. Ona həsr

olunmuş məbədlər hər yerdə inşa edilmişdi. Amon məbədlərinin

xeyli gəliri olurdu. Amon kahinləri fironun daxili və xarici

siyasətinə istiqamət verən əsas qüvvəyə çevrilmişdi. III

Amenxotepin dövründə bu allah Amon-Ra, yəni "Amon-günəş"

adlandırılırdı. Günəş allahına (Raya) Misirin müxtəlif şəhərlərində sitayiş edirdilər. Fironlar özlərini "Günəşin (Ranın) oğlu"

adlandırırdılar. IV Amenxotep hakimiyyətə gələndə bir müddət bu

Misir dini ənənəsini dəyişdirmədi. Günəşə sitayiş tədricən fironun

başlıca ideoloji mənsəbinə çevrildi. Əvvəllər günəş, üstündə

dairəsi olan şahin başlı insan kimi təsvir olunurdu. IV Amenxotep

dini islahat həyata keçirtdi. O, "görünən Günəşə" (Aton) sitayişi

bərqərar etdi. Günəş şüalı şəkildə təsvir olunurdu, günəş

dairəsindən şüalar insan əli şəklində uzanırdı. IV Amenxotepin

şüa saçan günəşə öz ailəsi ilə birlikdə sitayişini təsvir edən abidə

bizə gəlib çatmışdır. Ffironun islahatı günəş Allahı Atonun

ibadətini müəyyən etdi. Bu islahatın siyasi və iqtisadi nəticələri

tezliklə özünü büruzə verdi. Bir müddət Aton və Amon allahlarına

ibadət yanaşı aparılırdı. Lakin Aton məbədində taxıl adi ölçülərlə

yox, dolu ölçülərlə buraxılırdı. Digər Qədim Şərq ölkələrində

olduğu kimi, Misirdə də müxtəlif həcmli çəki ölçüsü (əndazə)

mövcud idi. Aton məbədinin təsərrüfatı yarandı. Məbəddə

qoyulmuş çoxlu qurbangahlar boş qalmırdı. Məbədin zəngin mal

və ərzaq anbarları vardı. "Günəş evi" adlanan Aton məbədi

zənginliyi ilə fərqlənirdi. Aton məbədlərinin gəliri də artırdı.

Ehtimala görə, IV Amenxotep hakimiyyətinin altıncı ili

(təxminən e.ə. 1360-cı il) yeni ibadət mərkəzi yaratdı. O, Amon

məbədi güclü olan paytaxtı Fiv şəhərini tərk etməli oldu. Misirin

orta hissəsində (indiki əl-Amarna) Nilin sağ sahilində yeni paytaxt

saldırdı. Adını yeni ibadətin şərəfinə Axetaton, yəni "Günəş

üfüqü" qoydu. Belə təsəvvür yaradılmışdı ki, Axetaton, ən qədim

dövrlərdən guya günəşin məskəni olmuşdur. Şəhər ətrafı əhalisi,

torpağı, suyu, çölü və dağları ilə birlikdə Günəşin mülkü elan

edildi. Eyni zamanda, firon Amenxotep (yəni "Amon

məmnundur") adını dəyişdirib Exnaton ("Günəşə sərfəli") qoydu.

Digər şəxsi adlarda Amon Aton ilə əvəz edildi. Exnatonun ailə

üzvləri, onu əhatə edən əyanlar buna uyğun olaraq adlarını

dəyişdirməli oldular. Digər yerli allahlara ibadət sıxışdırıldı.

Exnatonun dini islahatı təkallahlığa doğru atılmış ilk addım idi.

Exnaton ömrünün son ilini Axetatonda yaşadı. Axetaton bağlıbağatlı böyük şəhərə çevrilmişdi. Atonun şərəfinə böyük məbəd

tikilmişdi. Firon sarayları öz əzəməti ilə fərqlənirdi. Ən böyük saray ağ daşdan hörülmüşdü. Saray divarları naxışla bəzənmiş,

qiymətli daşlarla doldurulmuş, yaxud qızıldan üz çəkilmişdi.

Günəş allahına sadiq olan yeni əynlar da Axetatonda ev

tikdirmişdilər. Onlar Axetatonda sərdabələr tikdirir, divarlarını

müxtəlif rəsmlərlə bəzəyirdilər. Rəsmlərin əksəriyyəti Exnatona

həsr olunmuş, onun gündəlik işini təsvir edirdi. Məqbərə

yazılarında əyanların firona minnətdarlığı bildirilirdi. Ev və

sərdabə divarlarında Günəşin və onun oğlu hesab edilən

Exnatonun və arvadının ünvanına dua-müraciət mətnləri həkk

edilmişdi. Onlar firon və firon arvadından yaxşı gün-güzəranlıq və

öləndən sonra nemətlər diləyirdilər.

Exnatonun dini-siyasi islahatı geniş xalq kütlələrinin maddi

vəziyyətini yaxşılaşdırmadı. Atonun şərəfinə yazdığı himn sadə

adamların güzəranından bir kəlmə də olsun bəhs etmir. Burada

ancaq Günəş allahının qüdrəti təsvir olunur: "Sən (yəni Aton)

səmanın üfüqündə qəşəng parıldayırsan, həyatın başlanğıcını

qoymuş diri Günəş dairəsi! Sən şərq üfüqündə çıxırsan və bütün

yeri öz gözəlliyinlə doldurursan. Sən qəşəngsən, böyüksən,

nursaçansan və yer üzündə yüksəkdəsən! Sənin şüaların sənin

yaratdığın bütün ölkələrin sərhədlərini bürüyür! Sən zülməti

qovursan öz şüalarını saçanda. Hər iki torpaq şadlıq edir. Onlar

(insanlar) oyanır, ayağa durur, qalxır sənə görə. Bədənlərini

yuyurlar və geyimlərini götürürlər. Onların əlləri sənin parıltını

vəsf edir, onlar işə girişirlər. Mal-qara otlayır. Ağac və ot göyərir.

Quşlar yuvasından uçur. Bütün heyvanlar ayaq üstə hoppanırlar.

Gəmilər şimala üzür, həm də cənuba və bütün yollar sən nur

saçanda açılır. Çayda balıqlar sənin görüşünə çıxırlar. Sənin

şüaların dənizə cumur. Sənin şüaların hər bir əkinə qida verir. Sən

çıxanda o canlanır və göyərir sənə görə... Sən uzaq səmanı

yaratdın ki, oradan doğasan və özün yaratdığına baxasan... Sən

mənim ürəyimdəsən, elə birisi yoxdur ki, sənin oğlun

Neferxepruradan (Exnatonun adıdır) başqa səni dərk etsin..."

Exnaton ancaq günəşin yer kürəsinə bəxş etdiyi işıq və şüanın

müsbət nəticələrinə dini don geyindirmiş və onun şərəfinə mədh

demişdi. Yəqin ki, Exnaton sadə adamların müəyyən hissəsinə əl

tuturdu, "yetim-yesir" təbəqəsindən əyanlığa qəbul edirdi, lakin başlıca olaraq yeni quldar əyanların mənafeyini qoruyurdu. Yeni

dini təlimin sosial və ictimai-iqtisadi bünövrəsi yox idi. Əhalinin

vəziyyətinin yaxşılaşdırılması üçün heç bir tədbir görülmürdü.

Atona sitayiş ancaq Amon kahinlərinin imtiyazlarını ləğv etmək

məqsədinin güdürdü. Amona ibadət Misir əhalisi arasında dərin

köklərə malik idi. Amon məbədlərinin var-dövləti əsrlər boyu

yığılmışdı, bu da onun kahinlərini iqtisadi cəhətdən

möhkəmləndirirdi. Aton məbədinin nə belə maddi bünövrəsi, nə

də ibadətinin tarixi ənənəsi var idi. Bu ibadətin ömrü Exnatonun

varlığı ilə ölçülürdü. Hər halda Exnaton vəfat etdikdən sonra

Amon kahinlərinin və dindarlarının əl-qolu açıldı. Hadisələr

göstərdi ki, Aton ibadəti Misirdə dərin kök sala bilməmişdi.

Exnatonun 17 illik hakimiyyəti buna imkan vermədi.

Exnatonun varisləri Atona ibadətin mövqeyini qoruyub

saxlaya bilmədilər. Hakimiyyətə gəlmiş firon Semnexkara

Exnatonun Nefertitidən olan qızına evlənmişdi. Nefertiti dövrünün

ən gözəl və incə qadınlarından idi. Nefertitinin Exnatondan altı

qızı var idi. Nefertiti və kürəkəni Semnexkara müəyyən müddət

Axetaton ənənəsini saxlaya bildilər. Atona ibadətə sadiq qaldılar.

Lakin bununla yanaşı, Fiva Amon allahına ibadəti dirçəltməyə

başladı. Cəmi üç il fironluq etmiş Semnexkara Amonun yenidən

dirçəlməsinin qarşısını ala bilmədi, bəlkə də ona sitayişi bərpa

etmişdi. Hakimiyyətə doqquz yaşlı Tutanxaton ("Günəş həyatına

yaraşan") gəldi. Exnatonun digər qızı Anxesenpaaton ("O, Günəş

üçün yaşayır") Tutanxatonun arvadı elan edilmişdi. Onlar Aton ilə

yanaşı, başqa allahlara da sitayiş edirdilər. Gənc firon Amon

ideologiyasının təzyiqinə məruz qaldı. Bir müddət sonra o, adını

dəyişdirib Tutanxamon, yəni "Amon həyatına yaraşan" qoydu.

Arvadı isə Anexesenpaamon adını qəbul etdi. Eyni zamanda,

Axetaton əyanları ilə birlikdə Memfis şəhərinə köçdü. Vaxtaşırı

Fiv ziyafətlərində iştirak edirdi.

Tutanxamon Efiopiyada və Asiyada müharibələr aparmışdı.

Ehtimal ki, əldən gedən Asiya vilayətlərində Misir hakimiyyətini

bərpa edə bilmişdi. Yəqin ki, hərbi əməliyyatlarda sərkərdə

Xoremxeb də iştirak edirdi. Amona ibadətin tam bərpa

edilməsində Xoremxeb böyük səylə fəaliyyət göstərmişdi. Az-çox Atona sitayişi qoruyub saxlayanlardan biri isə əyan Eye olmuşdu.

Ehtimal edilir ki, Eye gənc Tutanxamonun adından Misiri idarə

edirdi. Tutanxamon Amon məbədinin hüquqlarını qəti olaraq

bərpa etdi. Tutanxamonun hakimiyyəti uzun sürmədi. O, təxminən

on doqquz yaşında vəfat etdi. Tutanxamon böyük dəbdəbə ilə

yeraltı sərdabədə dəfn olundu. Onun sərdabəsi Fiva yaxınlığında

"hökmdarlar dərəsi"ndə tikilmişdi. Fiva kahinləri Tutanxamonun

bütün saray əmlakını, əşyalarını, qiymətli bəzək-düzəklərini, oyun

lövhələrini, onun surətini əks etdirən qızıl dəbilqəsini, müxtəlif

heykəllərini və s. sərdabədə yerləşdirmişdilər. Tutanxamonun

sərdabəsi hələ qədimdə qarətdən qorunmuşdu, halbuki əksər firon

sərdabələri hələ o zaman talan edilmişdi. Sərdabə qarətçilərini

tutub məhkəməyə verirdilər. Talan olunmamış Exnaton və

Nefertiti sərdabələrinin qalanı XIX əsr qarətçiləri Atona (Günəşə)

ibadət tərəfindən təmizlənmişdi. Hovard Karter 1922-ci ildə

Tutanxamonun sərdabəsini aşkar etmişdi. Məlum oldu ki,

Tutanxamonun da sərdabəsinə girmişlər, lakin elə bir şey apara

bilməmişlər. Sonralar isə burada XVI Ramzesin sərdabəsi

tikilərkən, Tutanxamonun yeraltı sərdabəsinin girişi torpaq və

çınqılla dolmuş, oğrular sərdabəyə giriş yolunu itirmişdilər.

Nəticə


Qədim misirlilər bütövlükdə dünyaya miflərin prizmasından yanaşaraq göstərirdilər ki, səmanı ulduzlar və onların topluları şəklində göy ilahəsinin (nut) gərilmiş bədəni yaratmışdır. İnsanlar isə günəş Allahı Ranın göz yaşlarından törənmişlər. Onların əsaslandıqları İsida və Osiris rəvayətinə görə Osiris həm həyatı, həm də ölümü özündə birləşdirən hər şeyə qadir qüvvədir, onun ölümü Nil çayının suyunun səviyyəsinin aşağı düşməsini, onun parçalanıb suya atılmış bədən hissələri Nil çayının daşmasından sonrakı kiçik gölcüklər, bataqlıqlardır, Osirisin dirilməsi çayın yenidən daşması, yeni həyatın başlanğıcıdır.
Ədəbiyyat

  1. Mirzəyev M.N. Kassilərin hakimiyyəti dövründə Babilin Misirlə əlaqələri haqqında. - "Qədim və orta əsr Şərqi Aralıq dənizi hövzəsi". Məcmuəsi. В., 1989.

  2. Fərhadoğlu M. Fəlsəfənin əsasları. Bakı, 2004

  3. Hacıyev Z. Fəlsəfə.Bakı, 2001

  4. İmanov H. Fəlsəfə. Bakı, 2005

  5. Abışov V. Fəlsəfə. Bakı, 2005

  6. Xəlilov S. Fəlsəfə və təhsil, Bakı, 2005

  7. Zeynalov M. Qərb fəlsəfəsi. Bakı, 2008

Yüklə 36,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin