Plan:4
Azərbaycanda yeni sənaye müəssisələrinin istifadəyə verilməsi
Azərbaycanda yeni sənaye müəssisələrinin istifadəyə verilməsi, yeni maşın və
avadanlıqların alınması bütövlükdə SSRİ-də olduğuna nisbətən daha sürətlə
həyata keçirildiyindən əsas kapital da burada SSRİ-də olduğuna nisbətən daha
böyük həcmdə artmış və işçilərin fondla silahlanma səviyyəsi daha yüksək
olmuşdu. Bir işçiyə düşən əsas fondların dəyəri keçmiş SSRİ üzrə 1980-ci ildə
13,3 min rubl, 1985-ci ildə 17,8 və 1990-cı ildə 24,2 min rubl təşkil edirdisə,
Azərbaycanda bu göstəricilər xeyli yüksək olub, müvafiq surətdə 1980-ci ildə
19,5 min rubl, sonrakı illərdə 24,5 və 33,4 min rubla bərabər olmuşdu.
Azərbaycan SSR-in vəsaiti və ondan göndərilən xammalla işləyən bir çox
müəssisələr Ukrayna, Rusiya və digər respublikalarda fəaliyyət göstərirdi. 80-ci
illərin ortalarında Azərbaycanda güclü istehsal potensialı yarandığım başqa
faktlar da sübut edir. Misal üçün 80-ci illərdə Azərbaycandan ittifaq fonduna
ayrılan məhsul Azərbaycana gətiriləndən hər il orta hesabla 2,0 milyard rubl,
ayrı-ayrı illərdə isə daha çox olmuşdu.
Azərbaycan uzun müddət keçmiş Sovetlər birliyinin üzvü olduğundan onun
iqtisadiyyatı keçmiş SSRİ-nin vahid xalq təsərrüfatı kompleksinin tərkib hissəsi
kimi formalaşmış və onun strukturu tamamilə həmin birliyin iqtisadiyyatının
tələblərinə uyğunlaşdırılmışdı.
Müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikasının qarşısında duran
mühüm vəzifələrdən biri də müstəqil ölkənin tələblərinə cavab verən və müasir
dünya təsərrüfatına səmərəli inteqrasiya edən, bazar prinsipləri əsasında
qurulmuş milli iqtisadiyyatı formalaşdırmaq idi.
Zəngin karbohidrogen ehtiyatlarına və bunların hasilatı və emalı sahəsində
uzunmüddətli təcrübəyə malik olması ölkədə neft hasilatı və emalı sənayesinin,
habelə neft-kimya sənayesinin inkişafına, əlverişli təbii-iqlim və torpaq
resurslarının mövcudluğu kənd təsərrüfatı və turizm sahələrinin inkişafına,
əlverişli coğrafi mövqe isə ölkənin beynəlxalq tranzit nəqliyyat sisteminə
qoşulmasına əlverişli zəmin təşkil edirdi. Müstəqil Azərbaycan Respublikasının
iqtisadiyyatı məhz bu zəminlər üzərində dəyişməyə və formalaşmağa başladı.
1990-cı illərdə iqtisadi islahatların aparılması üçün hüquqi bazanın yaradılması
məqsədilə təxirəsalınmaz əsas normativ və qanunvericilik aktları qəbul edildi.
Dövlət sifarişi, kvotalaşma və lisenziyalaşma sistemi ləğv edildi, xarici ticarət
fəaliyyəti, qiymətlər tamamilə liberallaşdırıldı, müəssisələr tərəfindən əldə
edilmiş valyutaların məcburi qaydada satılması tələbi aradan qaldırıldı, valyuta
büdcəsi ləğv edildi, əmək haqqı üzrə məhdudiyyətlər aradan qaldırıldı, sərt
maliyyə və pul-kredit siyasəti tətbiq edildi, gömrük və vergi siyasəti
təkmilləşdirildi, xarici və xüsusi investisiyaların cəlb edilməsi üçün münasib
hüquqi şərait yaradıldı. Azərbaycan Dövlət Statistika Komitəsinin
məlumatlarına əsasən, 1995-ci ildə respublikada artıq 10 min kiçik müəssisə, 80
minə yaxın fərdi kommersiya strukturları, 100-dən çox kommersiya bankı, 3,5
min kooperativ, 850 fermer təsərrüfatı, xarici investorların iştirakı ilə birgə
müəssisə fəaliyyət göstərirdi.
Bu dövrdə, ilk növbədə, xarici investorlar üçün yüksək dərəcədə cəlbedici olan
ölkənin zəngin neft ehtiyatları diqqətə gətirildi: 1994-cü ilin sentyabrında
“Azəri-Çıraq-Günəşli” yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay
bölgüsü sazişi - “Əsrin müqaviləsi” imzalandı. Bundan sonra 2000-ci ilədək
olan qısa müddətdə Azərbaycanın neft və qaz yataqlarının kəşfiyyatı və
işlənilməsinə 12 ölkənin 29 iri enerji şirkəti cəlb edildi, onların iştirakı ilə neft
və qaz yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə 30-dan çox beynəlxalq saziş
(hasilatın pay bölgüsü sazişləri) imzalandı. Həmin sazişlərin əhəmiyyətli bir
hissəsi üzrə kəşfiyyat və qazma işləri bu gün də davam edir, bir neçə saziş üzrə
neft və qaz hasilatı və ixracı həyata keçirilməkdədir. Xüsusilə “Azəri-Çıraq-
Günəşli” və “Şah-Dəniz” sazişləri üzrə neft və qaz hasilatı və ixracı həcmləri
ildən-ilə artmaqdadır.
Hazırda ölkə iqtisadiyyatının əsasını neft-qaz sektoru təşkil edir. 2010-cu ildə
ölkədə 50,8 milyon ton neft hasil edilmişdir ki, bu da 2003-cü ildə (15,4 milyon
ton) olduğundan 3,3 dəfə çoxdur. Neftin 8,5 milyon tonu (16,7 faizi) milli neft
şirkəti olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən,
qalanı isə neft sazişləri (əsasən “Azəri-Çıraq-Günəşli” konsorsiumu)
çərçivəsində hasil edilmişdir. Ümumiyyətlə, son illər Azərbaycanda neft və qaz
hasilatı məhz neft-qaz sazişləri çərçivəsində fəaliyyət göstərən konsorsiumların
hasilatı hesabına artmaqdadır. Hazırda Azərbaycan nefti 22 ölkəyə ixrac olunur.
Ölkənin ixracının 86,5 faizi xam neftin, 6,0 faizi isə neft məhsullarının payına
düşür. 2010-cu ildə konsorsiumlar tərəfindən çıxarılan neftin 71 faizi
Azərbaycan dövlətinin payına çatmışdır.
2010-cu ildə ölkədə qaz hasilatı 26,3 milyard kub metr səviyyəsinə çatıb ki,
bunun 7,1 milyardı (27,4 faizi) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti,
qalan 19,2 milyard kub metri isə “Azəri-Çıraq-Günəşli” və “Şah-Dəniz”
konsorsiumları tərəfindən hasil edilmişdir.
Ölkədə beynəlxalq neft sazişləri çərçivəsində neft-qaz hasilatı və ixracı
həcmlərinin daha da artması və neftin dünya bazar qiymətlərinin yüksəlməsi
hesabına ölkənin böyük neft gəlirləri əldə etməsi Azərbaycanı 2005-2007-ci
illərdə illik ÜDM-in artım templərinə görə dünya liderləri sırasına çıxarmışdı:
ölkədə 2005-ci ildə 26,4 faizlik, 2006-cı ildə 34,5 faizlik, 2007-ci ildə isə 25,0
faizlik ÜDM artımı qeydə alındı. 2008-ci ildə dünyanı bürümüş olan maliyyə-
iqtisadi böhrana rəğmən Azərbaycanda ÜDM-in kifayət qədər yüksək illik artım
tempi qeydə alındı – 10,8 faizlik real artım. Həmin ildə ölkənin ÜDM-i 48,85
milyard ABŞ dolları təşkil etdi ki, bu da 2004-cü ildə olduğundan 5,6 dəfə çox
idi. 2008-ci ildə adambaşına düşən ÜDM 5600 ABŞ dolları səviyyəsinə çatıb.
Rəsmi məlumatlara əsasən, 2005-2008-ci illərdə ölkədə yaradılan ÜDM-nin 55-
60 faizi neft-qaz sektorunun payına düşüb. 2009-2010-cu illərdə neft sektorunun
payının azalması, qeyri-neft sektorunun payının isə bir qədər artması müşahidə
edilmidir.
Hazırda ölkə iqtisadiyyatında 4 milyondan çox insan məşğuldur. Məşğul
əhalinin 1 milyon 560 mindən bir qədər çoxu, yaxud 38,4 faizi kənd təsərrüfatı
və meşə təsərrüfatında çalışır, lakin bu sahədə ölkənin illik ÜDM-nin cəmi 5
faizinə qədəri yaradılır. Ölkədə həm bitkiçilik (meyvə-tərəvəz istehsalı,
üzümçülük, bostan məhsulları, texniki bitkilər və s.), həm də heyvandarlıq
(südlük və ətlik-südlük iribuynuzlu heyvandarlıq, qoyunçuluq, quşçuluq və
s.) sahələri fəaliyyət göstərir.
Son illər ölkədə yeni yaradılan emal sənayesi müəssisələrinin sayı artdıqca
burada çalışanların sayı da artmaqdadır: belə ki, əgər 2000-ci ildə bu sahənin
müəssisələrində 170 minədək işçi məşğul idisə, 2009-cu ildə onların sayı 200
minə yaxınlaşıb ki, bu da bütün məşğul əhalinin 5,0 faizi qədərdir. Ölkədə tikinti
işlərinin geniş vüsət alması bu sektorda çalışanların sayında da özünü göstərir:
məşğul əhalinin 5,5 faizi yaxud təqribən 225 min nəfəri burada çalışır ki, bu
sektorun ÜDM-də payı son illər təqribən 6-8 faiz aralığında dəyişir. Məşğul
əhalinin təqribən 1,0 faizi (40,5 min nəfər) elektrik enerjisi, qaz və suyun
istehsalı və bölüşdürülməsi işlərində çalışır. Beləliklə, ölkə iqtisadiyyatının
bütün istehsal sahələrində hazırda təqribən 2,0 milyondan bir qədər çox insan
(məşğul əhalinin təqribən yarısı) çalışır.
Məşğul əhalinin qalan hissəsi xidmət sektorlarında fəaliyyət göstərir. Bunlardan
660 mindən bir qədər çoxu (bütün məşğul əhalinin təqribən 16-17 faizi topdan
və pərakəndə ticarətlə, habelə avtomobillərin və məişət texnikasının təmiri ilə
məşğul olmaqdadır. Məşğul əhalinin 347 min nəfəri (8,5 faizi) təhsildə, 280 min
nəfərə qədəri (7 faizədək) dövlət idarəetməsi və müdafiədə, habelə sosial
təminatda, 210 mini (5 faizi) nəqliyyat, anbar təsərrüfatı və rabitə sahələrində,
180 mindən bir qədər çoxu (4,5 faizi) səhiyyə və digər sosial xidmətlər
sferasında, 140 minə qədəri (3-4 faizi) daşınmaz əmlak üzrə əməliyyatlar və
icarə işlərində, 135 minə qədəri (3 faizi) kommunal və şəxsi xidmətlər
göstərilməsində, 18-19 min nəfəri isə maliyyə fəaliyyəti sahəsində xidmət
göstərir.
2010-cu ildə ölkədə yaradılan ÜDM-in 52,6 faizi sənayedə, 5,4 faizi kənd
təsərrüfatı, meşə təsərrüfatı və ovçuluqda, 7,5 faizi tikintidə, 7,6 faizi ticarət və
pullu xidmətlər sahəsində, 6,0 faizi nəqliyyat və yük daşınmasında, 1,9 faizi
rabitə və informasiya xidməti sahəsində. 11,9 faizi isə sosial xidmətlər
sektorunda formalaşmışdır. ÜDM-in 7,1 faizi məhsula və idxala vergilər
hesabınadır.
2010-cu ildə ölkədə istehsal olunan sənaye məhsulunun 75,7 faizi
mədənçıxarma (neft-qaz, və digər mineral sərvətlərin hasilatı), 19,2 faizi emal,
4,5 faizi elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi, 0,6 faizi su
təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sahələrində yaradılıb.
Ölkənin sənaye sahələrində işləyənlərin sayı 165,4 min nəfər təşkil edib ki,
onların 21,1 faizi mədənçıxarma, 48,2 faizi emal, 17,5 faizi elektrik enerjisi, qaz
və suyun istehsalı və bölüşdürülməsi, 13,2 faizi su təchizatı, çirkli suların və
tullantıların təmizlənməsi sahələrinə aid müəssisələrdə çalışıb.
2010-cu il ərzində əhaliyə 18404 mln. manatlıq və ya 2009-cu illə müqayisədə
9,4% çox geniş çeşidli istehlak malları satılmış və pullu xidmətlər
göstərilmişdir. Hesabat dövründə 2009-cu illə müqayisədə əmtəə dövriyyəsi 9%,
pullu xidmətlərin həcmi isə 10,8% artmışdır. Dövr ərzində ölkə sakinləri ticarət
şəbəkəsindən 8796,1 mln. manatlıq ərzaq məhsulları və 4883,4 mln. manatlıq
qeyri-ərzaq malları almış və bu göstəricilərin real həcmi 2009-cu ilin eyni
dövrünə nəzərən müvafiq olaraq 7,5% və 13,8% artmışdır.
Ötən ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqları
ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% artaraq 325 manat təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən gəlirləri isə 11,9% artaraq 2866 manata çatmışdır.
Hesabat dövründə xarici ticarət dövriyyəsi 27,1 mlrd. ABŞ dolları, o cümlədən,
ixrac 21,8 mlrd. ABŞ dolları, idxal isə 6,4 mlrd. ABŞ dolları olmaqla 14,4 mlrd.
ABŞ dolları həcmində müsbət ticarət saldosu yaranmışdır.
2010-cu il üzrə orta illik inflyasiya 5,7% təşkil etmişdir.
"Yaşayış minimumu haqqında" və "Ünvanlı dövlət sosial yardımı haqqında"
Azərbaycan Respublikası qanunlarına uyğun olaraq ehtiyac meyarı mərhələlərlə
yaşayış minimumuna çatdırılmalıdır. Aztəminatlı ailələrin sosial müdafiəsini
təmin edən ünvanlı sosial yardımın hesablanmasında tətbiq edilən ehtiyac
meyarının məbləği artırılaraq 2010-cu ildə 65 manata çatdırılmış, ünvanlı sosial
yardım 110,6 min ailə və ya 500 min nəfər aztəminatlı şəxsi əhatə etmişdir.
2011-ci ildə ehtiyac meyarının məbləği yaşayış minimumunun 78,9%-i
götürülməklə 75 manat müəyyənləş dirilmişdir ki, bu da çətin vəziyyətdə
yaşayan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət
tərəfindən görülən konkret tədbirlərdən biridir.
2011-ci il yanvarın 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 4346,3 min
nəfər olmuş, onlardan 4088 min nəfərini (94,1%) iqtisadiyyatın və sosial
bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil etmişdir. Həyata
keçirilən tədbirlər sosial sahədə əhəmiyyətli müsbət dəyişiklikləri təmin
etmişdir. Belə ki, 2010-cu ildə ölkə əhalisinin nominal pul gəlirləri 13,3%
artaraq 25,6 mlrd. manata çatmış, onun adambaşına həcmi 2866 manat və ya
ayda orta hesabla 238,8 manat təşkil etmişdir. Hesabat dövründə işləyənlərin
orta aylıq əmək haqqı orta hesabla 9,1% artaraq 325 manata çatmışdır.
Azərbaycan Respublikasının milli iqtisadiyyatının beynəlmiləlləşməsinin və
inteqrasiyasının müasir mahiyyəti Beynəlxalq Əmək Bölgüsünə (BƏB-ə) əsasən
müəyyən olunur. Belə ki, BƏB sayəsində dünya ölkələrinin dünya bazarında
istehsal həcminin ümumi göstəricisi müəyyən olunur. Beynəlxalq iqtisadi
inteqrasiya dövlətlər arasında istehsal amillərinin və malların sərbəst hərəkətini
nəzərdə tutur. İqtisadi inteqrasiyaya uğrayan Azərbaycan Respublikası siyasi
cəhətdən müstəqil olmaqla iqtisadi cəhətdən qarşılıqlı asılı vəziyyətdə olur.
Azərbaycan Respublikasının regional iqtisadi birləşmələrini nəzərdən keçirdikdə
məlum olur ki, coğrafi mövqe mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının xarici iqtisadi münasibətlərinin əsas
xüsusiyyəti beynəlxalq, regional və yerli xarakterli iqtisadi təşkilatlara daxil
olmaq və bununla da ictimai həyatın bütün sahələrində bu təşkilatlara
inteqrasiya olunmaqdır.
Dostları ilə paylaş: |