Maddə 3. Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında qanunvericilik Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında qanunvericilik Azərbaycan Respublikasının
Konstitusiyasından, “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və bu Qanuna uyğun qəbul olunmuş digər normativ hüquqi aktlardan ibarətdir.
Maddə 4. Azərbaycan Respublikasının Dövlət Gerbi ilə bağlı dövlətin vəzifələri 4.0. Azərbaycan Respublikasının Dövlət Gerbi ilə bağlı dövlətin vəzifələri aşağıdakılardır:
4.0.1. Azərbaycan Respublikasının Dövlət Gerbinin mahiyyətini və əhəmiyyətini əhali arasında geniş təbliğ etmək və onları bu barədə maarifləndirmək;
4.0.2. gəncləri və təhsilalanları Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmət ruhunda tərbiyələndirmək;
4.0.3. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının Dövlət Gerbi barədə təhqiredici hərəkətlərin qarşısının alınması üçün beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun tədbirlər görmək; 4.0.4. bu Qanuna riayət olunmasına nəzarəti təmin etmək.
Maddə 5. Azərbaycan Respublikasının Dövlət Gerbinə müəlliflik hüququ 5.1. “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət rəmzləri müəlliflik hüququnun obyekti deyildir. 5.2. Azərbaycan dövləti Azərbaycan Respublikasının Dövlət Gerbini qeyri-qanuni istifadədən və ona zərər vuran digər hərəkətlərdən qoruyur. Maddə 6. Azərbaycan Respublikasının Dövlət Gerbinin qabarıq təsvirinin vurulduğu yerlər 6.1. Azərbaycan Respublikasının Dövlət Gerbinin qabarıq təsviri aşağıdakı yerlərə vurulur:
6.1.1. Azərbaycan Respublikasının Prezident sarayına, dövlət iqamətgahlarının binalarına, Azərbaycan
Respublikası Prezidentinin xidməti otağına;
6.1.2. Azərbaycan Respublikası Milli Məclisinin binasına və iclas salonuna, Azərbaycan Respublikası Milli
Məclisinin Sədrinin xidməti otağına;
6.1.3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin binasına və iclas salonuna, Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədrinin xidməti otağına;
6.1.4. müvafiq icra hakimiyyəti orqanının (Prezident) müəyyən etdiyi orqanların (qurumların) binalarına;
6.1.5. Azərbaycan Respublikasının bütün məhkəmələrinin binalarına və məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin və Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin xidməti otağına;
6.1.6. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının binalarına.
6.2. Azərbaycan Respublikasının Dövlət Gerbinin qabarıq təsvirinin istehsalı və vurulması qaydaları müvafiq icra hakimiyyəti (Prezident)müəyyən etdiyi orqan (Nazirlər Kabineti) (qurum) tərəfindən müəyyən edilir.