Kazak Abdal:
Kazak Abdal söylər bu türlü sözü,
Yoğurt, ayran ilə həll olmuş özü.
Köydən şəhrə gələn bir yörük qızı,
İnci, yaqut istər, mərcan bəyənməz.
Aşıq Seyrani:
Molu karyesində həsir toxuyar,
Gəlir Kayseriyə kilim bəyənməz.
Şöylə-böylə bir kaç hərfi oxuyan,
Gedər mədrəsəyə elim bəyənməz.
Tufarqanlının “Adam var” baş qafiyə ilə başlayan həmin şeiri yenə sələf və xələf məsələsini xatırladır:
Abbas Tufarqanlı:
Adam var dolanır səhranı, düzü,
Adam var döşürür gülü, nərgizi.
Adam var geyməyə tapammaz bezi,
Adam var al geyər, şalı bəyənməz.
XV-XVI əsrdə yazıya alınmış “Oğuznamə”də “adəmi var” misraları ilə başlayan bir bənd isə belədir:
Adəmi var, qızıl alma naqşıdır,
Adəmi var, heyvan ondan yaxşıdır.
Adəmi var, söhbətində baş yitər,
Adəmi var, söhbətində can bitər.
XIX-XX əsr türk aşıq şeirinin görkəmli nümayəndəsi Aşıq Sümmaninin aşağıdakı bəndində də bu yaxın ab-hava hiss olunur.
Adam var dərk etmiş mətni Quranı,
Adam var, dövr etmiş Bəhri ümmanı.
Hər bir haldan bixəbərdir Sümmanı,
Sazına üç-beş tel qoşmağı bilir.
XX əsrdə Bəxtiyar Vahabzadənin aşağıdakı bəndi də sağlam milli-mənəvi dəyərlərin yaşanması arzusundan irəli gəlmişdir.
Adam var, yanında olsan bir qədər,
Tamam unudular dərdin, məlalın.
Adam var, bir kəlmə danışsa əgər,
Dəymişin dururkən tökülər kalın.
Bunlar nəsillərin poeziya aləmində bir-birindən xəbərsiz qurduqları mənəvi körpülərdir, milli mədəniyyətimizin bünövrəsindən xəbər verən, böyük bir coğrafiyanı əhatə edən poeziyanın qüdrəti, mənəvi-əxlaqi dəyərləridir.
ANADOLU AŞIQLARININ TÜRK
MƏDƏNİYYƏTİNDƏ YERİ*
Türk mədəniyyətinin qədim bir sahəsi olan saz-söz sənətininin türk milli mədəniyyətin kökündə dayandığını musiqi və folklor araşdırıcıları isbatlamışlar. Türk dünyasının zəngin mədəniyyəti ilə bağlı olan saz-söz sənəti əsrlər boyu türklərin güclü sənət tribunası olmuş, türk milli-mənəvi dəyərlərinin bir qismi də saz-söz sənətində qorunub yaşamışdır.
Tarixi qədimlərə söykənən “qopuz” , “bağlama” adlanan saz təkmilləşərək “cürə” sazdan “tavar” saza, “tavar” sazdan daha iri saz olan “ustad saza”, daha doğrusu, üçtellidən on iki telliyə qədər saz növünə dönüşmüşdür. Saz həm də türklərin musiqi mədəniyyətindən xəbər verir. Bu mədəni alətdə onlarla aşıq havasının çalınıb günümüzə qədər gəldiyi təsbit edilmişdir. Aşıq havaları yeni aşıq tərzli şeir növlərinin də yaranmasına səbəb olmuşdur. Sazın aşıq ifaçılıq sənətinə verdiyi töhfələr, aşığın ifaçılığında yaranan musiqi rəngarəngliyi, sazın aşıq terminologiyasına məxsus adları, saz-söz sənətində yeni-yeni havaların yaranıb zənginləşməsi, saz-söz sənətində özünə xas geyim-kecim xalqın qədim mədəniyyətindən, etnoqrafiyasından xəbər verir və türklərin milli kimliyində müstəsna rol oynadığını əsaslandırır. Sazın müşayiətilə ortaya çıxan aşıq sənətinin musiqi, şeir, rəqs, aktryorluq və ifaçılığı əhatə etməsi aşıq sənətinin özünəxas özəlliyini ifadə edir.
Aşıq sənəti mədəni və milli dəyərlər baxımından xüsusi bir tarixi missiya daşıyan qaynaqları ilə qədim bir tarixə malikdir. O, mükəmməl bir tarixi mərhələ keçmiş, ozanlıqdan başlayaraq günümüzə qədər ortaq Türk mədəniyyətini yaşatmışdır. Qədim əcdadlarımızın yaratdığı ozan aşıq mədəniyyətinin təməli İslam dininin qəbulundan öncə atılmışdır. İslamiyyətdən əvvəl də, sonra da Türk millətinin səsi olan ozanların yaratdığı mədəniyyət XIII-
XIV və hətta XVI əsrə qədər “ozan” adıyla davam etmiş, sonrakı
------------------------------
* May 2013-cü ildə Sarayevo şəhərində keçirilən “Türk dili”simpoziumuna Türkiyə türkcəsi ilə təqdim olunmuş məqalənin Azərbaycan dilində mətnidir.
mərhələdə “ozan” məfhumu “aşıq” məfhumu ilə əvəz olunmağa başlamışdı. Ozana məxsus bütün yaradıcılıq ənənələrinin üzərini yeni məzmunda davam etdirən aşıqlar orta əsrlərin bir çox təriqət görüşlərindən, bütünlükdə isə əzəmətli İslam dəyərlərindən bəhrələnməklə qüdrətli bir mədəniyyət yaradaraq ümumtürk mədəniyyətində əhəmiyyətli bir yerə sahib olmuşlar.
Sazlı-sözlü dastan ənənlərinə əsaslanan türk ozan-aşıqlarının Anadolu təkkələrində söylədikləri milli vəznli sadə və səmimi ilahilər xalq tərəfindən rəğbət və ehtiramla qarşılanmış onlar xalqın gözündə haqq aşığı kimi dəyər qazanmışlar. Odur ki, ozanın aşığa, başqa bir deyişlə, haqq aşığına çevrilmə beşiyi Anadolu olmuşdur, desək, səhv olmaz.
XI əsrdən kütləvi şəkildə Anadoluya gəlməyə başlayan oğuz türkləri arasında əlisazlı ozanlara ordugahlarda, saraylarda bəylər, sultanlar yanında çox böyük ehtiram göstərilmiş, onlar başa çəkilmişlər.
Ozanlar zəfərləri və xalqın ortaq duyğularını dilə gətirən milli heca vəzni ilə yazdıqları şeirlərini əllərində sazları elbəel, yurdbayurd gəzərək çalıb-oxuyan, türk dünyasının ata şairi, Osmanlılar arasında ikitelli adı ilə anılan qopuz isə ata yadigarı olan ən qədim türk sazıdır. XV-XVI əsrə qədər milli türk şeirinin təmsilçiləri olan ozanlar əllərində sazları və heç bir zaman itirmədikləri milli şəxsiyyətləri ilə ümumtürk mədəniyyətini, milli türk şeirini əsrlər boyu yaşadaraq günümüzə gətirən xalq aşıqlarıdır. Onların yaradıcılığında xalq həyatının bütün əlamətləri, xalqın tarixi və mədəniyyəti, milli-mənəvi dəyərləri bütün əlamətləri ilə əks olunmuşdur. Bu sənət mahiyyətcə Türk dünyasının şəriksiz ortaq dəyəridir. YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin 2009-cu il 30 oktyabarda Azərbaycan aşıq sənətini YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil etməsi Türk dünyasının şəriksiz ortaq dəyərinin önəmini bir daha vurğulayır və bu sənəti var edən, onu yaşadan, nəsildən-nəslə ötürən aşıqların – el sənətkarlarının yaratdıqları poetik irsin mədəniyyətdəki yerinin dərinliyini göstərir.
Bu məqalədə əsrlər boyunca Anadolu torpaqlarında yetişən müdrik, ağsaqqal, idrak sahibi olan türk aşıqlarının türk mədəniyyəti, türk tarixi, türk etnoqrafiyasındaki yeri, Anadolu aşıqlarının ümumaşıq poeziyasına verdiyi yeni mövzu və məzmunu incələməyə çalışdıq. Bu baxımdan, XIII əsrdə Anadoluda türkün sənət beşiyi başında duran Yunus Əmrədən başlayaraq Pir Sultan, Qaracaoğlan, Aşıq Gövhəri, Dadaloğlu, Aşıq Şenlik, Aşıq Veysəl, Murad Çobanoğlu, Ozan Arifə qədər əsrlərin yetişdirdiyi bir çox türk aşığının yaradıcılığında görülən türk kulturoloji milli-mənəvi dəyərləri incələməyə cəhd etdik.
Anadolu aşıqlarının saz-söz sənətinin türk dünyasındakı mədəni kimliyinin mühüm rolunu ilk əvvəl onların türkcəni qorumasında gördük. Türk aşıqları əsrlər boyunca xalqın danışdığı türkçəni şeirlərində istifadə edərək milli şeir nümunələri meydana gətirmişlər. Bu şeirlərdən istifadə saf türkcəni nəsildən-nəslə ötürərək xalq şeiri dediyimiz zəngin bir xəzinə meydana gətirmişlər. Türk millətinin mənəvi dəyərlər toplusu olan arı türkcə əsrlər boyunca türk aşıqlarının şeirlərində yaşadıqları ən böyük sərvətdir. Bu qiymətli sərvətin ən gözəl örnəkləri türk aşıqlarının şeirlərində mövcuddur:
Ala gözlərini sevdiyim dilbər,
Mən gözəl görmədim səndən ziyadə.
Bilməm hurimisin, göydənmi endin?
Bu gün gözəlliyin dündən ziyadə.
(Aşıq Qaracaoğlan)
Bu gün mən bir bağa girdim
Nə bağ duydu, nə bağbançı,
Gülün şəftalisin derdim
Nə bağ duydu, nə bağbançı,
Səhərin dan yeri atdı
Bülbül əlvan-əlvan ötdü.
Gövhəri yükünü tutdu,
Nə bağ duydu, nə bağbançı,
(Aşıq Gövhəri)
Məmləkətə dasdan oldum
Yarım məni bəyənmədi
Eşten oldum, dostdan oldum
Yarım məni bəyənmədi
Nə söyləsəm dəli dedi
Meyvə verməz çəlı dedi.
Açma mənə qolu dedi
Yarım məni bəyənmədi.
(Aşıq Veysəl)
Türk aşıqlarının zəngin xüsusiyyətlərindən olan milli vəzndə sadə səmimi şeirləri türk mədəniyyətində önəmli yerə sahibdir. XIII əsrdən başlayaraq Anadolu təkkələrində milli vəzn ilə sadə və səmimi ilahilər yazan Yunus Əmrə, Aşıq Paşa, Əşrəfoğlu Rumi kimi xalq şairləri xalq tərəfindən rəğbət və ehtiramla qarşılanmışdır. Sonrakı əsrlərdə yetişmiş Aşıq Ömər, Qaracaoğlan, Aşıq Gövhəri, Aşıq Seyrani, Tokatlı Nuri, Dadaloğlu kimi aşıqlar xalq dilinin incəliklərini və gözəlliklərini bütün təravəti ilə şeirə gətirdilər. Onların milli heca vəznində qoşma, varsağı, səmai şəkillərində yazdıqları şeirlərin türk milli mədəniyyətində ayrıca yeri var:
Buna fələk derlər, fələk
Nə aman bilir, nə dilək.
Axır ömrümüzü həlak,
Etmədən bir dəm sürəlim.
(Qaracaoğlan)
Badi-səba mənim xəsbi-halimdən
Varıb nazlı yarə dedin, nə dedi?
Cünunu-aşk ilə aşıq-i şeyda
Gəziyor avarə dedin, nə dedi?
(Dərdli)
Daşdın yinə, dəli könül,
Sular kimi çağlarmısın?
Axdın yenə, qanlı yaşım,
Yollarımı bağlarmısın?
(Yunus Əmrə)
Ala gözlərinə qurban olduğum,
Üzünə baxmağa doyamadım mən.
İbrət üçün gəlmiş derlər cahana
Nöqtədir bənlərin, sayamadım mən.
(Aşıq Ömər)
İstər ixtiyar ol, istər növcavan
Bu dünyada baki qalan öyünsün
Maraqsız, fikirsiz, qəmsiz, efkarsız
Hər zaman şad olub gülən öyünsün.
(Aşıq Şenlik)
Göründüğü kimi, xalq arasında danışılan təmiz türkcədən istifadə edərək türk aşıqları türk mədəniyyətini içində yaşadan yetkin əsərlər ərsəyə gətirmişlər.
Türk aşıqlarının şeirlərində ifadə etdikləri vətən mövzusu ənənəvi türk mədəniyyətində ana mövzu olmuşdur. Türkün daşını, dağını, obasını, yaylasını sevərək tərənnüm edən türk aşıqları bir vətən dili meydana gətirmişlər. Bu dillə türk xalqının həyat tərzi əks olunan dağlar təriflənir, dağın müqəddəsliyi, önəmi göstərilir. Vətənin bir parçası olan hər qarış torpaq, bu torpaqda olan şəhər, qəsəbə, kənd, türk aşıqlarının dilində önəmli milli mədəniyyəti ifadə edir:
Kokuyor burnuma Sivralan köyü,
Sərindir dağları, soyuqtur suyu.
Yar məndil göndərmiş yadigar deyü
Gözünün yaşını sil deyü yazmış.
(Aşıq Veysel)
Çıxarım Bozok dağına
Avşar eli görünürmü?
Allah bir de, işi iki
Getdi, amma gəlinirmi?
(Dadaloğlu)
Dumanlıdır Aladağın alanı
Ortasında sarı çiçək savranı.
İgid durağı da arslan yatağı
Dilbərlərin həp də böylə olamı?
(Dadaloğlu)
Dağlar vətən coğrafiyasını bildirən ən gözəl mənzərə olmaqla, bir yaşayış məskəni, vəfalı dost, tanrıya yaxın bir məskəndir türk aşıqlarının dilində.
Başına bir hal gəlirsə,
Dağlara gəl, dağlara.
Səni saxlar, verməz ələ
Dağlara gəl, dağlara
(Aşık Gövhəri)
Türk aşıq şeirində vətən toprağında mövcud dağların adları sevilərək şeirə gətirilir. Bu dağlar vətənin tarixi coğrafiyasının bir parçası kimi tərənnüm edilir.
Dadaloğlu şeirlərində Kozan, Çiçək, Aladağ, Çavur dağları, Bozok dağı, Akdağ, Erciyes kimi dağ isimlərini dilə gətirməklə sanki Anadolu coğrafiyasının xəritəsini çəkir:
“Çıkarım Bozok dağına”
“Devretdim Akdağı Bozoka düştüm”
“Axır dağdan gördüm Maraş ilini”
“Erciyes karşıdan yaman görünür”
“Səndə bir gümanım var, Çiçək dağı”
“Dumanlıdır Aladağın dumanı”
“Gavur dağlarının başı dumanlı”
“Namlı namlı qar istəsən
O da Çiçək dağında olur”
(Dadaloğlu)
Eləcə də Pir Sultanın şeirlərində adı keçən Yıldız dağı, “Koroğlu”da Çamlıbel, Ercisli Emrahda Ağrı dağı, Aşıq Kemali Bülbüldə Mamur dağı, Karadağ kimi dağların adları türk coğrafiyasının bir simvoludur. Eyni zamanda türk mədəniyyətində önəmli yeri olan bir sığnaq və məskəndir.
Koroğluyam arxa verdim dağlara – deyən Koroğlu kimi qəhramanların qalası da dağlardır.
Anadolu aşıqları saz-söz sənətinin türk mədəniyyətində mühüm rolu olmuş qaynaqlarından biri aşıqların yazdıqları “Şairnamə”lərdir. Məlumdur ki, türk saz şeirinin birinci yazılı qaynağı “cünq”lərdir. Digər sözlü qaynaqlar arasında “Şairnamə”lər önəmli yer tutur. Bunlar tarixdə yaşamış şairlər və aşıqlar haqqında məlumat verir, onların türk mədəniyyəti haqqında düşüncələrini əks etdirir.
Prof. Şükrü Elçin “Şairnamə”ləri belə qiymətləndirir:
“Şairnamə”lər, ümumiyyətlə, xalk şairlərinin tərcümeyi-halına işıq tutan məlumatları içinə alan mənzumələrdir. Bu mənzumələr heca vəzni ilə söylənmiş və yazılmış əsərlərdir. Şairlərin müasirləri ilə özlərindən əvvəl yaşayan sənətkarların adlarına, sənətlərinə, dövrlərinə, məmləkətlərinə, bağlı olduqları təriqət, zümrə və ya siniflərə dair məlumatlarla bəzənən bu şeirlər bir baxıma divan ədəbiyatının təzkirələrini xatırladır”.
“Şairnamə”lərdə sözü gedən aşıqlara dair məlumatlar bir yerə gətirildiyində aşiqin yaşadığı dövr, müasirləri və bəzi xüsusiyyətləri haqqında məlumat əldə edilə bilər. Sənətkarlıq baxımından “Şairnamə”lər, ümumiyyətlə, milli heca vəzninin on bir heca ölçüsüylə, nadir hallarda da səkkiz heca ilə yazılır.
İlkini XVII yüzildə Aşıq Ömərin yazdığı “Şairnamə”də türkü və qoşmaları ilə bilinən bir çox xalq ozanları xatırlanır, onların “nam-ü nişanı” göstərilir. XVII yüzillikdə Aşıq Ömərdə gördüyümüz “Şairnamə” yazma ənənələri sonrakı əsrlərdə də davam etmişdir. Fəryadi, Həsrəti, Qul Qazi, Səfil Səlimin “Şairnamə”ləri türk mədəniyyətində izi olan Anadolu aşıqları haqqında məlumat verir. Bunun nümunəsini aşağıdakı “Şairnamə”də görmək olar. Bu “Şairnamə”də türk ədəbiyyatında xidməti olan bir çox şairlərin adı çəkilir, onların türk mədəniyyətinə xidməti xatırlanır:
Mən aşiqəm, – deyə аh etmə könül,
Dağlarda duman var sən, n olacaqsın
Çağlar Hak dilincə Haqqa çağırır
Şad Murat Umman var sən n olacaqsın.
Yazıcoğlu yanmış evrak əlində
Məcnun Hakka yetmiş Leyla dilində
Fərhad canı vermiş Şirin yolunda
Füzuli sultan var sən n olacaqsın.
Eşq ilə kül olmuş yanmış Niyazi
Əşrəfoğlu gəzmiş Şamı, Şirazı
Yunus mələklərdən olmuşdu razı
Bekâyı bulan var sən n olacaqsın.
Arınmış Kuddusi həp mâsivâdan
Əmrah köçün çəkmiş darı fənаdan
Mansuri kəndini asmuş səmаdan
Canına qıyan var sən n olacaqsın.
Âşıq Ömər gəlmiş çox yazmış ebyât
Kâmili dünyada almamış murat
Nizamoğlu, Dərtli çok qılmış fəryad
Bekâyı, bulan var sən n olacaqsın.
Aşık Qərib sazın asmış duvara
Kərəm yana-yana dönmüş fənərə
Kusuri’nin gözü bənzər pınara
Ənəl Hak deyən var sən n olacaqsın.
Mən аşiqəm, deyü çox qılma zârı
Otur bir köşəyə edib qərarı
Nə sultanlar gəlmiş Adəmdən bəri
Fəryd i figan var sən n olacaqsın.
Bəxşi âşık vardır sürər savurur
Mahbûdi aşkından dağı devirir
Altmış beş yaşında çalır çağırır
Məsləki suzan var sən n olacaqsın.
Mən deyiləm Hak söylədir dilimi
Badə içdim kimsə bilməz halımı
Bu yalan dünyadan çəkdim əlimi
Məftuni nihan var sən n olacaqsın.
Bilirsənmi аşıqlığın sirrini
Cümləsi bu yolda vermiş sərini
Daha öldürmədim nəfsin birini
Ruhsati külhan var sən n olacaqsın.
Tarix türk mədəniyyətinin təməlidir. Anadolu aşıqlarının şeirlərində türk tarixini əks etdirən poetik nümunələri mövcuddur. Bu örnəklər Türk dünyası tarixini yazan tarixçilərə də bir ipucu verir.
Məlumdur ki, Səlcuq dövləti 1243-də Kösedağ döyüşündə monqollara məğlub olmuş və tənəzzül etməyə başlamış, nəticədə tamam süqut etmişdir. Bir tərəfdən monqol istilası və zülümlər, digər tərəfdən dərəbəylik, məzhəb-təriqət davaları Anadoluda tam bir kəşməkeşli vəziyyət yaratmışdı. Yunus Əmrə bu tarixin, coğrafiyanın, siyasi və sosial həyatın, tatar-monqol istilasının Anadolu insanlarına çəkdirdiyi ağrını şeirlərində belə ifadə etmişdir:
Canımı əsir eylədin nə der mənə yağı tatar
Ol dodaqda bitər inan iman bitsə bidət güman
Dün gün isim budur həmən nəfsimə bir tatar oldun.
1645-ci ildə başlayan Girit döyüşündə Osmanlı ordusu Girit adasını fəth etdiyi halda Kandiyə qalası (1647-1669-a qədər) 22 il davam gətirmiş, çətin döyüşlərdən sonra təslim olmuşdur. Son zəfər Fazil Əhməd Paşaya qismət olmuşdur. Girit müharibəsilə əlaqədar aşıqların bir neçə şeiri vardır. Araşdırmaçılar “Girit türküsü” şeirinin adanın mühasirəsindən 53 gün sonra Rumeli bəylərbəyi Kiçik Hasan Paşa tərəfindən Hanya qalasının alınması (1643) münasibətilə deyildiyi, bunun bir zəfər türküsü olduğunu yazırlar: Şeir belədir:
Girit dəftərləri irsal olundu
Hak-I izzətinlə bil, padişahım.
Cümlə düşmənlərin bağrı dəlindi,
Sən gül kimi açıl, gül, padişahım.
Top-tüfəng səsindən inlədi dağlar,
Yanar atəşlərdən açılır bağlar
Venedik kıralı ah edib ağlar,
Axar gözlərindən sel, padişahım.
Qazilər qılıcın alır qəsdinə
Cümləsin muradı küffar üstünə
Əlli beş gündə Girit üstünə
Sər verip sər aldı qul, padişahım.
Garib Aşık bunu böylə der idi
Qalmayıb düşmənin bağrı əridi
Min əlli beşində aldı Giridi
Qayət mübarəkdir hal, padişahım.
Döyüşlərin aşıq şeirlərinə və türkülərə əks olunmasının ilk nümunələri XVI əsrdə Bakşının Sultan Səlimin 1516-17-ci illərdə Misir yürüşü haqqında yazdığı dastanda, XVII əsrdə Kayıkçı Qul Mustafada “Gənç Osman” dastanında görüldüyü kimi XVII əsrdə Aşıq Gövhəridə də görmək olur. Onun 1669-cu ildə Türk-Avstriya müharibəsi ilə əlaqədar söylədiyi şeirler buna misal ola bilər.
Aşıq Ravzi (XVIII əsr) 1711 və ya 1713-cü ildə ruslarla aparılan bir savaşa dair söylədiyi şeir belədir:
Yenə baş qaldırdı Moskva kralı
Qaçma, kafir, sənə meydanımız var.
Səninlə eyləriz cəngi-cidali
Bu yolda öləcək qurbanımız var.
Açılıb al yaşıl bayraq düzüldü,
Hər diyardan sərdən keçdi, yazıldı.
Boşandı aç qurdlar, bəndi çözüldü
Ağzını açmışlar arslanımız var.
Boşnak Arnavut heç gəlməz hesaba
Tatar Han əsgəri dönmüş qəssaba
Yakarlar ölkəni olur xaraba
Oxlar atar bunca kamanımız var.
Yeddi kral qalxsa, pozulur irzi
İslama yardımcı Mevlanın fevzi
Səfərdir şühəda mənzili Ravzi
Bu yola sər fəda imanımız var.
Kabasakal Mehmet (XVIII əsr) 1737-ci ildə Niş qalasının Ahmet Paşa tərəfindən geri alınması üzərinə söylədiyi dastanda da türkün qəhrəmanlığı qələmə alınmış, Ahmet Paşanın sücaəti öyülmüşdür:
Niş kimi qalanın fəthini qıldın
Qoymadın küffardan intiqam aldın
Aləmdə qazilik şöhrətin buldun
Kullar intikamın alır, əfəndim.
Aşıq Şenliyin “93 koçaklaması”. 24 aprel 1877-ci ildə rusların Kenarbelden, Ardahan və Arpaçayı keçərək Qars üzərinə gəldiyini eşidən Aşıq Şenlik bu şeiri söyləmişdir. Burada 93 könüllü əsgərin qəhrəmanlığı ifadə olunmuşdur.
Əhli-İslam olan eşitsin, bilsin,
Can sağ ikən yurd verməniz düşmana.
İstərsə Uruset nə ki var gəlsin,
Can sağ ikən yurt verməniz düşmana.
Qurşanın qılıncı giyinin donu,
Qavğa buludları sardı dört yanı.
Doğdu qoç iğidin şan almak günü,
Can sağ ikən yurd verməniz düşmana.
Əsgər olan bölük – bölük bölünür.
Sandınızmı Kars qalası alınır,
Boz atlar üstündə qılıç çalınır
Can sağ ikən yurd verməniz düşmana.
Hələ Ali-Osmanın görməmiş zorun,
Din qeyrəti olan tədarik görün.
At təpib, baş kəsin, kazağın qırın,
Can sağ ikən yurd verməniz düşmana.
Ben esverdir bilin Urusun əsli,
Orman yabanisi, balıqçı nəsli.
Hınzır sürüsünə dalıb qurd misli,
Can sağ ikən yurd verməniz düşmana.
Şenlik, nə durursuz atları minin,
Sıyrı qılınc düşmən üstünə dönün.
Artacakdır şanı bu Al-Osmanın,
Can sağ ikən yurt verməniz düşmana.
Tarix boyu türk aşıqlarının sevə-sevə söylədikləri geyim-kecim şeirləri türk milli kimliyinin bir ifadəsidir. Milli geyimləri ifadə edən bəzək əşyaları, qurşaq, kəmər, ayaq, bilək bəzəkləri, türkün milli etnoqrafiyasıdır.
Türk mədəniyyətində geyim-kecim mövzusu aşıq şeirinin əsas qaynaqlarından olub türk mədəniyyətinin milli ünsürü kimi tərənnüm edilir. Bu ünsür Qaracaoğlanın, Dadaloğlunun dilində belə dilə gətirilir:
Sarı edik geymiş, koncu qısarak,
Gidiyor da birim-birim basarak.
…Meles köynək geymiş, vücudu nazik,
Qollarını sıxmış altın bilərzik.
…Kadifə şalvarlı tül libaslının,
Göyərçin topuklu sarı məstlinin.
Əlləri xınalı qumru səslinin,
Zülüfü gərdana tarayışlının.
Əntari geyinmiş frəngi rəngi
Yanaqları qırmızı almas irəngi
Saçları topuqla eyliyor cəngi
Bir hüma bakışlı on dört yaşlının.
(Qaracaoğlan)
Oturmuş ağ gəlin daşın üstünə
Daramış zülfünü qaşın üstünə
Bir salamın gəldi başım üstünə
Alırım kız səni qoymam ellərə.
(Dadaloğlu)
Türk mədəniyyətini yaşadan miraslardan biri də toy ənənəsidir. Bu ənənənin canlı daşıyıcılarından da biri türk aşıqlarıdır. Toya dəvət ediləcək aşığın məclislərdə nələr söyləyəcəyi türk mədəniyyətinin əhəmiyyətli ifadələridir. Aşıq qarşılaşmaları, onların söylədikləri qəhrəmanlıq, həcv xarakterli şeirlər, xalq ənənələrini və adətlərini, xalq musiqisini, xalq fəlsəfəsini ifadə edən şeirlər türk mədəniyyətinin mənəvi inciləridir:
Düyündə, bayramda ağır zinətdə
Bütün xınalanır əli qızların.
Halaya düzülür məşhur gözəllər
Gərdandan oynayır qolu qızların.
(Aşık Talib Coşkun)
Göründüyü kimi, türk aşıqlarının türk mədəniyyətində oynadığı rol, onların qan yaddaşındakı düşüncələri, şeirlərinin poetikası ilə səsləşən cəhətlər, o şeirlərdəki mövzu və fikri göz önünə alsaq, türk aşıqlarının musiqidən başlamış sözünə, sazına qədər türk xalq mədəniyyətindəki yeri bir gerçəkdir və bu gerçəklik türk mədəniyyətindəki milli-mənəvi mövcudluğu günümüzə qədər yaşatmaqdadır.
BİR MÜƏLLİM ÖMRÜNÜN
POEZİYA KARVANI
Ədəbiyyat aləmində müxtəlif sahələrdə ixtsas sahibləri olan qələm ustalarının sayı çoxdur. Azərbaycan teatrına əvəzsiz dram əsərləri bəxş edən İlyas Əfəndiyev, XX əsrin mütəfəkkir şairlərindən Məmməd Araz ixtisasca coğrafiyaçı, professor Xudu Məmmədov, kimyaçı-kristolloqraf, “həkimlik kəbinli arvadım, şairlik sevgilimdir” deyən məşhur rus yazıçısı A.P.Çexov isə həkim idi. Poeziya aləmindən söhbət açdığımız “Dağlar üz döndərib məndən”, “Bir tənhalıq axtarıram”, “Çəkir öz dərdini özündə dünya” kitabları ilə oxucu rəğbətini qazanan Oqtay Ələkbərov (Zəngilanlı) da ixtisasca coğrafiyaçıdır. Özünə ünvan seçdiyi “Zəngilanlı” ləqəbi ilə tanınan Oqtay müəllimin imzası şeir-sənət sərraflarına yaxşı tanışdı. O, Azərbaycanın bu gün erməni işğalı altında olan qədim Zəngilan rayonunun Veysəlli kəndində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsini bitirərək uzun müddət Zəngilan orta məktəbində müəllim, məktəb direktoru kimi fəaliyyət göstərmiş, 1993-cü ildə Zəngilanın ermənilər tərəfindən işğalından sonra Bakıda məskunlaşaraq, pedaqoji fəaliyyətini davam etdirmişdir. Bir çox mükafatlara layiq görülən Oqtay Zəngilanlı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qarabağ müharibəsi veteranıdar.
Ulu öndər Heydər Əliyevin “Mən müəllimdən yüksək ad tanımıram” kimi məşhur kəlamı şərəfli bir müəllim ömrü yaşayan Oqtay Zəngilanlının bütün müəllimlik fəaliyyətinin – yolgöstəricisi, müəllim kimi şərəfli adı daşımağının nümunəsidir. O.Zəngilanlı “Müəllim” şeirinin:
İdrak süzgəcindən keçirir sözü,
Gah tutqun görünür, gah gülür üzü,
Ömrünü şam edir, əriyir üzü…-
misralarında elmin qapısına yollar açan müəllim ömrünü insanlıq elmini öyrədən yollarda şam kimi işıq saça-saça əriyən bir heykələ bənzədir.
Azərbaycan milli təqvimində yer alan tarixi günləri ifadə edən şeirlər Oqtay Zəngilanlının poeziyasında bir silsilə təşkil edir.
20 Yanvar – Şəhidlər günü, 26 Fevral – Xocalı soyqırımı günü, 20-21 Mart – Novruz Bayramı, 31 Mart – Azərbaycanlıların soyqırımı günü, 28 May – Respublika günü, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik gününə, eləcə də 1-2 Yanvar – Yeni il bayramına, 8 Mart – Beynəlxalq Qadınlar Gününə, 9 May – Faşizm üzərində qələbə gününə həsr etdiyi şeirlər öz məzmun və ideyası ilə oxucu ilə doğmalaşır.
1990-cı ilin 20 yanvarında öz müstəqilliyi uğrunda ayağa qalxan Azərbaycan xalqının igid oğul və qızları şəhid oldular. Şair “Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar” şeirində şəhidlərin öz ölümləri ilə ölməzlik qazandıqlarını ifadə edərək yazır:
Şəhidlər Vətən daşı, yurdun vətəndaşıdır,
Şəhidlər azadlığın uca heykəl daşıdır,
Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır,
Şəhidlər unudulmaz, ölməz, can dağlamazlar,
Şəhidlər ölməzlərdir, ölməzi ağlamazlar.
Bütün tarixlərin beşiyi, millətlərin sərmayəsi olan Vətən, vətənin tarixi, mədəniyyəti, dünəni, bu günü Oqtay Zəngilanlının şeirlərində mövzuya çevrilir. Vətənin müqəddəs torpağına daşına olan ülvi məhəbbət onun qələminə və sözünə kəsər verir. “Azərbaycan”, “Gözəldir Azərbaycan”, “Qalx döyüşə, Azərbaycan”, “Şuşa”, “Zəngilan həsrəti”, “Mincivan”, “Veynəli”, “Alınacaq qala Laçın, darıxma”, “Niyə məni doğdun, ana”, “Canlı şəhid mənəm, babam” kimi şeirləri vətən torpağının ətrini bir tütyə kimi ciyərlərinə çəkmək istəyən şairin harayıdır:
Aylar ötdü, il addadı,
Göy gurladı, yer çatladı,
Nə qədər ki, yurd yaddadı,
Canlı şəhid mənəm, babam.
…Kədər dənizində üzən gəmiyəm,
Yanıqlı bir udun zili, bəmiyəm,
Yurdu viran qalan elin qəmiyəm,
Bir vətən həsrətli göz itirmişəm.
Türk dünyasının böyük şairi Yahya Kamal Bəyatlı deyirdi ki, “Vətən nə bir filosofun fikridir, nə də bir şairin duyğusu… Yəni vətən gerçək və həqiqi məkandır. Onun hər maddəsini və halını sevənlər vətəni sevə bilər. Vətən İstanbuldur, Üsküdardır, Trabzondur, Yozqatdır, Ankaradır və bunların içərisində saysız-hesabsız xatirələr vətəndir”.
Oqtay Zəngilanlıya görə də, Vətən Qarabağdı, Zəngilandı, Şuşadı, Cəbrayıldı, Micivandı, Veynəlidi, otaylı-butaylı Azərbaycandı.
Yadlar böldü torpağımı ikiyə,
O tay Vətən, bu tay Vətən deyilmi?
Hicran dərdim gələ bilmir çəkiyə,
O tay Vətən, bu tay Vətən deyilmi?
İşğal altında qalan doğma yurd Qarabağ, Zəngilan, Şuşa, Cəbrayıl, doğma kənd Veynəli, Diridağ şairin həsrətinə dönür. Bu həsrətin kədər notları da üzücü, təlatümlü, kədərlidir. Aşağıdakı misralar işğal altında qalıb qəribsəyən ana torpağın ağrı-acısının poetik ifadəsidir:
Bağlanıbdı könül sənə,
Ürək səni ata bilmir,
Əl uzatdım dönə-dönə,
Əlim sənə çata bilmir.
(“Zəngilan həsrəti” şeirindən)
“Unudulmur Vətən dərdi” şeirində isə Oqtay Zəngilanlı “ananı, bacını, doğmaları itirsə də bu dərdlər unudula bilər, amma Vətən dərdini unutmaq mümkün deyil” düşüncəsinə hakimdir. Vətən torpağının itirilməsi elə bir dərddir ki, bu dərdin çarəsi vətəni yağılardan azad etməkdir, itirilmiş torpaqlarda, doğma Qarabağda zəfər çalmaqdır. O zaman şair zəfər marşı çalan şeirlərini yazacaqdır.
İki əsrlik bir tarixi əhatə edən Araz çayı boyunca ikiyə bölünmüş Azərbaycan adlı bir ananın dərdi S.Vurğundan, S.Rüstəmdən, M.Arazdan, B.Vahabzadədən bu yana bütün qələm sahiblərinin acısı olmuşdur.
Oqtay Zəngilanlının o taylı-bu taylı Azərbaycana həsr etdiyi “Dan ulduzu Şəhriyarım”, “Arazı keçdiyim zaman”, “Azərbaycan” kimi şeirlərində Azərbaycanın qədim tarixi, onun mədəniyyəti, ona arxadan vurulan güllə yarası şairi kədər notları üstündə kökləyir:
Ürək yanır hər baxdıqca qəmli axan Arazına,
Araz olub hicran çayı həm oğluna, həm qızına,
Görən nə vaxt o tay, bu tay son qoyar həsrət buzuna,
Bu ayrılıq, bu nisgillər qalacaqdır nə vaxtacan,
Arazınla iki yerə aralanmış Azərbaycan!
“Bir millət – iki dövlət” ifadəsi bu gün dilimizdə isbata ehtiyacı olmayan aksiomdur. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi bu ifadə münbit torpağa düşüb yetişən bir toxum kimi hər gün cücərir, pöhrələyir, neçə-neçə qələm sahiblərinin dilində poetik incilərə çevrilir.
Şairin “Bir millət, iki dövlət”, “Əyilməzdir türk oğlu”, “Türkün bayrağı”, “Millətin atası” kimi şeirlərinin məhvərində:
Bir millət, iki dövlət, var millətin öndəri,
Ölməz türk dünyasının Atatürkü – Heydəri –
fəlsəfi ideyası durur.
Vətən, millət, dil, torpaq, din, tarix kimi milli kimliyi ifadə edən mövzular Oqtay Zəngilanlının şeirlərinin ana xəttini təşkil edir. Bu milli kimliyin sahibləri Vətən torpağının yetişdirdiyi tarixi şəxsiyyətlərdir, milli qəhrəmanlardır. Bu cəhətdən onun Azərbaycanın milli qəhrəmanı, xalqımızın qeyrətli oğlu Mübariz İbrahimova həsr etdiyi “Vətən oğlu Mübariz” şeiri öz ideya səciyyəsi ilə seçilir. Erməni terroristləri ilə mübarizədə şəhid olan vətənin qeyrətli oğlu bu gün hər bir Azərbaycan vətəndaşının iftixarıdır. Şair xalqın qəhrəmanına olan sevgisini belə tərənnüm edir:
Ana vətən uğrunda sarıldı silahına,
Canını fəda etdi Vətənin sabahına,
Ölməz ruhu yol gedir Tanrının dərgahına,
Şəhidlik zirvəsində vicdanı, ruhu təmiz,
Ölməzliyə qovuşub, ölümsüzdü Mübariz!
“Zər qədrini zərgər bilər” ata sözünü şeirlərində təkrar-təkrar ifadə edən Oqtay Zəngilanlının Azərbaycan şeir-sənət dünyasının böyük ustadlarına həsr etdiyi şeirlər öz mükəmməlliyi, milli-mənəvi keyfiyyətləri ilə seçilir.
“Nizaminin dahiliyini” tarix özü yaşadır, “Musiqimin günəşi”, “Füzuli nişanəsi var”, “Füzulidir”, “Ustad Şəhriyar”, “Vətən oğlu Məmməd Araz”, “Vaxtsız getdi Xəlil Rza” kimi şeirlər məhz Azərbaycanın mükəmməl şeir-sənət ustadlarına həsr edilmişdir.
Bəzən ümid, bəzən hiddət, bəzən də şairlərin qınaq yerinə çevrilən dünya şeirlərimizdə bütün parametrləri ilə bədii ifadə vasitəsinə çevrilir. Oqtay Zəngilanlı “Dünya nədir?”, “Dünya gözəldir”, “A dünya”, “Çəkir öz dərdini özündə dünya” kimi şeirlərində “dünya gözəldir” desə də, yenə dünyanı gah sorğu-suala tutur, çox müşküllərin səbəbini də çox vaxt dünyada görür:
Çəkir dağı özü dünya,
Satır ağı, bezi dünya.
Udur axı bizi dünya,
Biləmmirəm, dünya nədir?
İçindəki bir səs ona:
“Allah da dünyadan əl çəkib daha”.
Odur ki, “Çəkir öz dərdini özündə dünya” –
deyərək dünya məfhumuna fəlsəfi bir anlam gətirir:
Dünyanı tutubdur kimin qarğışı?
Min fitnə törədir hər addımbaşı,
Pozulub elə bil tərəzi daşı,
Qovrulur odunda, közündə dünya.
Bədii yaradıcılıqda xalqın əsrlərin sınağından çıxmış deyim tərzinə canlı dilin ifadə vasitələrinə arxalanmaq klassik ənənələrimizdən gəlir. Oqtay Zəngilanlının qəliblənmiş xalq ifadə tərzini şeirə gətirməsi şeirlərinin poetikasına canayaxın bir aura verir, poeziyasına bir torpaq münbitliyi gətirir: “pərsəng”, “dərdəcər”, “qaxınc”, “cad”, “şər-şəbədə”, “alababat”, “pinə”, “nimdaş”, “yalquzaq” kimi daha çox canlı danışıq dilində ifadə edilən sözlər. O.Zəngilanlı şeirlərinin poetikasına canlı dilin duru şəffaflığını gətirir:
Qalx atlan qeyrət atına,
Düşmənə döyülmə, oğul.
Razı ol arpa cadına,
Namərdə əyilmə, oğul.
Demirəm sözlərim baldı, nabatdı,
Uzağı uç-dördü alababatdı.
Dərdim Şuşa, Laçın, Ağdam, Kəlbəcər,
Edir bu dərd məni xəstə, dərdəcər.
İnsan gördüm, üst-baş nimdaş,
Yurd dərdiylə ağardıb baş.
Diş qıcayır qara fələk,
Göz bərəldir yalquzaq tək.
Oqtay Zəngilanlının şeirlərində belə bədii nümunələr çoxdur. Bu nümənələr şairin söz emalatxanasında olduqca poetik mənalandırılır. Belə bədii bəhrələnmə nəticəsində onun şeir dili olduqca təbii və səmimi görünür.
Dostları ilə paylaş: |