Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ


AŞIQ KEMALİ BÜLBÜL VƏ TÜRK DÜNYASI*



Yüklə 1,06 Mb.
səhifə10/13
tarix02.12.2016
ölçüsü1,06 Mb.
#616
1   ...   5   6   7   8   9   10   11   12   13

AŞIQ KEMALİ BÜLBÜL VƏ TÜRK DÜNYASI*
Türk xalq şeirinin əlisazlı, ürəyisözlü usta sənətkarları xalqın milli-mənəvi sərvətlərini, coğrafiyasını, etnik ənənə­lə­rini əks et­dirən şeirləri ilə zəngin türk mədəniyyətinin işıqlı səhi­fələrini yaz­mışlar. Onlar günümüzdə də bu ənənəni yaşat­maqla, türk­lüyün zəngin saz-söz sənəti üzərində qol-budaq atmaqdadırlar.

Müasir türk aşıq şeirinin təmsilçilərindən “məmləkət sevgisi gəlir imandan” deyən Samsunlu Aşıq Kemali Bülbülün Türkiyə sevdası ilə bərabər, bütün türk dünyasına olan sevgisini dilə gə­tirən şeirlərini bir araya gətirib incələməyə çalışdıq və bu şeirlərdə Kemali Bülbülün Azərbaycan, qırğız, boşnak, türkmən, kərkük, kıbrıs (Kipr), tatar kimi soylarına olan böyük sevgisini gördük.

Bu yazıda Kemali Bülbülün “Qara sevdam Azərbaycan”, “Qara sevda”, “Serblərə məktub”, “Türküstan”, “Erməni zülmü”, “Kər­küküm”, “Kərküknamə”, “Kıbrıs şehidlərinə”, “Kıbrıs das­tanları”, “Kıbrıs zəfəri”, “Ya taksim, ya ölüm” kimi şeirləri incə­lənəcək, şeirlərdə ifadə edilən tarixi köklərə diqqət yetiriləcək, türk dünyası ilə qurulan yıxılmaz körpülər və milli düşüncə tərzi özətlənəcəkdir. Samsunluların çox sevdiyi Kemali Bülbül yalnız Samsun üçün deyil, Türkiyə və türk dün­yası üçün də qiymətli bir xalq şairidir. Onun türk dünyasını əks etdirən şeirlərini bir araya gətirib incələyincə bu düşüncənin gerçəkliyi ortaya çıxdı.

Şairin haqqında yazanlar “gözəlləmələrində vətənin gö­zəl­liklərini tərənnüm etmiş, bacarıqlı siyasətçilər və ida­rə­ediciləri öyməkdən zövq almış, yanlış addım atanları isə taş­lamalarında (həcvlərində) yerdən-yerə vurmaqdan çəkin­mə­miş, doğruları söy­ləməkdən qorxmamışdır” demişlər. Şairin türk dünyası haq­qında yazdıqlarını da bu baxımdan incələdikcə maraqlı nəticələr görməkdəyik.

Şeirlərinin ana mövzuları rəngarəng olan şairin türk dün­ya­sı­na, islami dəyərlərə verdiyi önəmin ayrıca yeri vardır. Ke­mali

---------------------------------

* Məqalə 24-26 oktyabr 2013-cü ildə Samsunda keçirilən III Uluslararası Samsun və dəyərləri simpoziumunda Türkiyə türkcəsi ilə məruzə edilmişdir.

Bül­bül adı türk olan bir millətin azəri, tatar, türkmən, kər­kük deyə parçalandığına inanır və turançı bir düşüncə ilə belə deyir:


Kemali Bülbül der mən Turançıyım,

O heçlər yolçudur, mənsə hancıyım.

Nə satılmış kölə, nə yalançıyım,

Deyirəm imansızlar insafa gəlsin.


və ya

Dünyaya haykırdı türk türklüyünü,

Turana türklüyə türkü söylədik.
misralarında türkçlük-turançılıq idealını açıqca ifadə edərək, Turan zəfərinin mütləq qələbəsinə inanan, bu zəfəri görmək ar­zusunda olan bir şairdir.

Türk dünyasının böyük mütəfəkkiri Ziya Gökalp “Turan” mənzuməsində, türkçülüyü bütün məfkurələrilə ortaya qoya­raq olduqca iddialı bir şəkildə belə ifadə edər:


Vətən nə Türkiyədir, nə Türküstan,

Vətən böyük mühebbet bir ölkədir Turan.

(Fevziye Abdullah Tansel. Ziya

Çokalp Külliyatı I, səh. 4).


Yenə Ziya Çokalp “Türkiçülüyün əsasları” adlı əsərində Turançılığa belə tərif verir: “Turan, türklərin mazidə və bəlkə də istiqbalda şeniyet olan böyük vətənidir” (səh. 24).

Ziya Gökalpın düşüncələrinə hörmətlə yanaşan Kemali Bülbül islamçı, türkçü və turançı fikirləri ifadə edən bir çox şeir yazmışdır. Onun “Türküstan”, “Ayaqlar Kıbrısda, gözlər Bos­nada”, “Kərküknamə”, “Serblərə məktub”, “Salam yol­ladıq” şeir­ləri bunlardan bir neçəsidir.

Kemali Bülbülün Azərbaycan və onun qədim diyarı, ayrıl­maz bir parçası olan Qarabağla bağlı şeirlərində sovet dönəmi illə­rin­dəki Azərbaycanın dərdləri dilə gətirilir. “Qara sev­dam Azər­bay­can” şeirində kökü bir, dili, dini bir olan Azər­baycan türk­lərinə olan məhəbbət ifadə edilməklə bərabər, XX əsrin sonlarında Azər­baycana qarşı olan haqsızlıqlar ürək ağrısı ilə dilə gətirilir:
Əldə, dildə təsbehimsin

Mənə görə tək isimsin.

Həm qardaşım, həm hısımsın,

Azərbaycan, Azərbaycan,

Dərdin məni üzər baycan.
Dağlarında maralım var,

Krım, İdil, Uralım var.

Türküstanda sevdalım var,

Azərbaycan, Azərbaycan,

Tarix qarip yazar baycan.
Atəşimsin, ocağımsın,

Çözülməyən can bağımsın.

Meydanımsın, otağımsın,

Azərbaycan, Azərbaycan,

Qəlbim sənə məzar, baycan.
Kemaliyim Qafqazlıyım,

Əslim bəlli türk əsliyim.

Sən Kərəmsən, mən Əsliyim,

Azərbaycan, Azərbaycan,

Yapayılnız gəzər baycan.
Gözəl Türkiyə türkcəsindən süzülüb gələn və sevgi ilə poetikləşmiş bu şeirlərdə Azərbaycan sevdası bütün ayrıntıları ilə poeziya dilinə həkk olunur.

“Qarabağ qan ağlayır əllərim yanda”, “Qarabağ ortada bək­lər müdaxil” misralarında Qarabağın erməni terroristləri tərəfin­dən işğalına dünyanın səssiz qalmasına etirazını ifadə edir. Qarabağ mövzusuna həsr etdiyi “Erməni zülmü” şeirində döşünə düşmən silahı dayanmış Qarabağın fəryad, imdad səsinin eşidil­mədiyinə üzülərək, 1990-cı illərdə yazdığı bu şeirində dost görü­nən Avropanın erməni hiyləsinə, erməni zülmünə seyrci qalma­sına, bu xainlik və qəddarlığa səssizliyinə heyrət edərək, hövsə­lə­dən çıxır və ümidini yalnız türk ordusuna bağlayaraq yazır:


Kemali Bülbülüm, havsalam durur,

İnsanlıq, mərhəmət, islami qürur.

Bilməm səbrin sonu haraya varır,

Bunu durduracaq güc Türk Ordusu.


Türkçü, Turançı fikirlərə sahib olan Kemali Bülbülün şeir­lərində “Türküstan” anlayışına keçmədən öncə “Türküstan” ter­mini ilə bağlı bəzi bilgiləri vermək yararlı olacaqdır.

Sovet hakimiyyəti illərində Özbəkistan, Qırğızıstan, Taci­kistan, Türkmənistan və Qazaxıstanın güney bölgəsinə coğ­rafi termin olaraq Orta Asiya deyilirdi. 1924-25-ci illərə qədər bu bölgəyə Türküstan deyilirdi.

Orta Asiya Qərbdə Xəzər, Şərqdə Çin, güneydə İran və Əf­qanıstanla həmsərhəddir. Bu bölgə eradan əvvəl VI əsrin ortala­rında Əhəmənilər, e.ə. 329-327-ci illərdə isə Makedoniyalı İsgən­dər tərəfindən işğal edilmişdir. Eradan əvvəl 3000-ci əsrdə Parfi­ya, Yunan, Bəlx, Kişan dövləti qurulmuşdu. Kuşan­ların dillərinin türkcə olduğu bilinməkdədir. Eradan əvvəl 2000-ci ilin sonu, 1000-ci ilin əvvəlində Soğd, Xarəzm və Bəlx dövlətləri, IV-V əsr­lərdə Eftalilər dövləti qurulmuş, daha sonra bu dövlət türk xaqan­lığına daxil edilmişdir. XIII əsrdə ərəb-islam xilafətinə tabe olan Orta Asiya IX əsrdə xilafətdən ayrılır və Orta Asiya və ona qonşu olan ölkələrdə Samanilər, Tahi­rilər, daha sonra da Qaraxanlılar, Qarahitaylar dövlətləri quru­lur. IX-XII əsrlər arasında Orta Asiya bölgəsində Özbək-Türkmən, Qırğız-Qazax adı verilən türkdilli müsəlmanlar şəkillənməyə başladı. Səmərqənd, Buxara, Ürgenç, Mərv islam aləminin dini mərkəzinə çevrildi və türkcə bir ədə­biyyat yaran­mağa başladı. Kaşqarlı Mahmudun, Balasaqunlu Yu­sif Has Hacibin, Əhməd Yasəvinin əsərləri bu bölgənin əbədi-mənəvi zənginliklərini meydana gətirdi. Fərabı, Biruni, İbn-Sina və Ömər Xəyyamın əsərləri Orta Asiyada tibbi, fəlsəfi və bədii düşüncənin inkişafında böyük bir mərhələ oldu (bax: Maarifə Hacıyeva, Şahin Köktürk, Kerim Sarılar. Türk Dünyası ve Kardaş Ülkeler Edebiyatı (türk dilində. Samsun, 1997, səh.79).

XIX əsrdə və XX əsrin əvvəllərində Orta Asiyanın mərkəzi və Asiyanın türk xalqlarının yaşadığı coğrafiyanı əhatə edən bölgə üç adla tanınırdı: Qərbi Türküstan, Şərqi Türküstan (günü­müzdə Çin hüdudları içərisindədir) və Şimali Türküstan (günü­müzdə Əfqanıstan hüdudları içərisindədir). Qərbi Türküstan XIX əsrin 60-80-ci illərində Çar Rusiyasına ilhaq edildi və 1886-cı ildə bu bölgənin rəsmi adı “Türküstan” oldu. 1917-ci ilin noyabr ayından başlayaraq Türküstanın bir çox bölgələrində sovet hakimiyyəti quruldu. 1920-1930-cu illərdə Özbəkistan, Türk­mənistan, Tacikistan və Qırğızıstan kimi Sovet Res­pub­li­ka­ları yarandı. Bu respublikaların sərhədləri müəyyən edildikdən sonra (1924-25) “Türküstan” coğrafi adı “Orta Asiya” adlandı (A.k.ə., səh. 79-80).

“Türküstan” anlayışı Aşıq Kemali Bülbülə görə uca bir anlayışdır. Bu böyük bölgənin keçmiş Sovetlər Birliyi və Çin əsarəti altında olması şairin öz ifadəsilə üzüntüsüdür. Bu üzün­tünü o, “Türküstan” şeirində belə ifadə edir:
Kemali Bülbülüm üzüntüdəyim,

Bu uğurda sizlə mən də öləyim.

Əlimdən gələn bu daha nə edəyim,

Salam Türkiyədən, salam Kıbrısdan,

Türküstan, Türküstan, genə Türküstan.
Onun şeirlərində Türk Dünyasının Bosna-Hersek, Krım, Çeçen kimi soy və boylarına böyük sevgi var.
Kemali Bülbülüm ciyərim yandı,

Hərfiyən tutarım içdiyim andı.

Uyuyur sanmayın İslam oyandı,

İslamın qeyrəti Çeçenistanda.

1992-ci ildə yazdığı “Serblərə məktub”da serb və xor­vatların müsəlman boşnakları qətl etməsini serblərin ən böyük cinayəti hesab edir, onların fironluğunu pisləyir.
Fironundan betər çıxdı bu serblər,

Yoxsa canındanmı bıkdı bu serblər.

İpləri boynuna taxdı bu serblər –
deyərək Türkiyənin serblərin boşnakları qətl etməsinə biganə qalmayacağını, türkün ayağının Kıbrızda, gözlərinin Bosnada olduğunu vurğulayaraq qətlə məruz qalan boşnakların ahının yerdə qalmayacağına ümid bağlayır:
Kemali Bülbülüm hıkırıyorum,

Qoca kainata sığamıyorum.

Məzlum ahı yerdə qalmaz diyorum,

Ayaklar Kıbrısda, gözlər Bosnada.


Türkün zəfər tarixinə yazdığı “Kıbrıs şehidləri”, “Kıbrıs dastanları”, “Ya taksim, ya ölüm”, “Kıbrıs zəfəri” şeirlərində türkün qəhrəmanlıq səhifələri vərəqlənir, vətən yolunda ölən şəhidlər anılır. “Məmləkət sevgisi gəlir imandan” deyərək ən ulu sevginin Vətən sevgisi olduğunu vurğulayır:
Bunca ildir həsrət övladla ana,

Əsil vətən səndə, kərəm Kıbrısım.

Nasıl tərk edərim səni yunana,

Gəlib də yoluna öləm, Kıbrısım.


Eyni düşüncə tərzi şairin kərkük türkləri haqqında yazdığı şeirlərində də görünür. Məlumdur ki, İrakın Osmanlı böl­gə­sində yaşayan türklər XX əsrin əvvəllərindən etibarən dəfə­lərlə qətl edil­miş, bu qətillər, kərküklərə qarşı olan haqsızlıqlar Aşıq Kemali Bülbülə “Kərküknamə” adı verdiyi silsilə şeirlər yazdırmışdı.

Tarixdən məlumdur ki, çeşidli adlarla türk boylarının İraqa gəlmələri Səlcuqlu imperatorluğunun qurulmasından çox əvvəl­lər gerçəkləşmişdi. Abbasilərin V xəlifəsi olan Harun Rə­şidin (786-809) mühafiz birliyi tamamən türklərdən ibarət idi. Bu ba­rədə Türkiyədə yayınlanan “İraq Müasir Türk Şairləri Anto­lo­jisi” adlı kitabın ön sözündə yazılmışdı:

Abbasilər sülaləsinin VIII xəlifəsi Mütasim zamanında (833-842) əsgəri idarəçilikdə türklərin böyük rol almalarından dolayı bölgədə siyasi iqtidarın türk kökənli olmaları İraqdakı türklərin bu bölgədə rolunu göstərir. Abbasiləri himayələri altında idarə edən Səlcuqlulardan sonra bunların davamı olan Atabəylər (XII-XIII əsr) Monqol istilası ilə İlhanlılar (1258-1336), Cəlayirlər (XII-XIII əsr) bölgədə hökm sürmüşlər. Daha sonra Qaraqoyunlular (1340-1469), Ağqoyunlular (1469-1508) və Səfəvilər (1508-1534) o bölgədə iqtidarı əllərinə almışlar. 1534-cü ildə Osmanlı hökmdarı Qanuni Sultan Süleymanın çıxdığı İraq səfəri ilə bölgə tamamən Osmanlı torpaqlarına qatılmışdır.

Türklər İraqa gəldikləri zamandan Mosul, Kərkük, Altınkör­pü, Köysancaq, Takik (Dakika), Şeyhi-Zor bölgə­lə­rində yerləşmiş­lər. Bu türk boylarının çoxu 24 Oğuz boyundan (bayat, kayı, ka­raevli, alkaevli, yazır, döger, dodurqa, yaparlı, avşar, kızık, beydili, karkın, bayındır, beçenə, çavuldur, çepni, salur, eymur, alayuntlu, ürgir, yığdır, bürdüz, yıva, kınık) olan bayat boyuna mənsubdurlar.

Səlcuqlular, İlhanilər, Ərbin Atabəyləri və Qaraqo­yun­lular zamanı Kərkük bölgəsi tam mənası ilə türkləşdi. Tarixi bəlgələr Kərkük, Altınkoprü, Bayat, Karacuk, Kızılrıbat və Karatəpə ki­mi qəsəbə və kəndlərin də türklər tərəfindən qurulduğunu gös­tərir. Göründüyü kimi, İraqda 1000 ili aşan bir zamandan bəri varlıq göstərən türklər, ölkənin cənub və orta bölgələrində yaşa­maqdadırlar. Türklərin bu bölgədəki sayı başqa etnik qruplar kimi dəqiq deyildir. Günümüzdə bu böl­gələrdə yaşayan türklərin 2 milyon olduğu təxmin edilir (bax: M.Hacıyeva, Ş.Köktürk, K.Sarılar. Türk Dünyası ve Kardaş Ülkeler Edebiyatı. Samsun, 1997, səh.117).

Bu tarixi gözəl bilən Kemali Bülbül “Kərküknamə” adlı şeirində Kərkükdə yaşayan türk qardaşlarına səslənir:

Başında bayquşlar uçuşur durur,

Bağdadım, Mosulum, illa Kərküküm.

Canlılar qorxudan qaçışır, durur,

Biganə qalamam, mən də bir türküm.


Azərim, türkmənim, balam qardaşım,

Hələ seyricimi qallam, qardaşım.

İstərim yanında olam, qardaşım,

Gündən-günə artar, azalmaz yüküm.


Kemali Bülbül Kərkük türkmənlərinin acı taleyinə türkün biganə qal­mayacağını, bu torpaqların qədim türk torpaqları olduğunu vurğulayaraq yazır:
Sahibsiz deyilsin İraqlarda sən,

Allaha duada dodaqlarda sən.

Fıratda, Diclədə, İrmaqlarda sən,

Ey əski vətənim, dədədən mülküm.


Samsunlu şair Halistin Kukulun 1991-ci ildə türk dünyası həsrətilə yazdığı “Salam sənə, ey xorlanan türk eli” misrası ilə başlayan “Salam” şeirinə Kemali Bülbül də eyni ürək ağrısı və eyni şeir şəkli ilə bir nəzirə yazmışdır. Halistin Kukulun:
Salam sənə, ey xorlanan türk eli,

Salam sənə, türk deyilən sevgili.

Dədəm Qorqud, Yunus Əmrə, Füzuli,

Həsrətin könlümdə buram-buram.

Salamin əleyküm, əleyküm salam –
şeirinə Kemali Bülbül aşağıdakı bəndlərdə cavab verir:
Tanrı dağlarından qopan rüzgarı,

Şanlı əcdadımın, ey sadiq yarı.

Röyalarım gerçək olaydı barı.

Qara sevdalıyım, möhtərəm Kukul,

Mümkünsə, bu dərdin çarəsini bul.

Türklüyün bilgəsi dədəmiz Qorqud,

Elmin sultanıdır Kaşqarlı Mahmud.

Şamil könüllərin taxtında mövcud,

Mənə yardımçı ol, möhtərəm Kukul,

Cihadı əmr etmiş ümmətə Rəsul.


Gürcü, çərkəz, tatar, qırğız, türkmənim,

Müslümanlıq ruhum, türklük bədənim.

Millətlər içində ən böyük mənim,

Gerçək bizimlədir, möhtərəm Kukul,

Qədərin hökmüdür, edəlim qəbul.
Neçə zorluqlara – həp dayanmışız,

Sonsuz vədlərlə oyalanmışız.

Kimlərə inanmış, kimə qanmışız,

Gerçəklər ortada, möhtərəm Kukul,

Bərabər olmalı imanla ağıl.
Kemali Bülbülüm, doldum, boşaldım,

Fərqində deyiləm, kaç qapı çaldım.

Tükənmək üzrəyəm, qardaş, bunaldım,

Məni bağışlayın, möhtərəm Kukul,

Əl-ələ verəlim, şad olsun bu qul.
Göründüyü kimi, böyük türkçü Kemali Bülbül türk dün­yasına sevgi ifadə edən şeirlərində imandan gələn məm­ləkət sevgisi ilə türkün mərhəmətinə, turan düşüncəsinə, zəfərlər ta­rixinə yaxınlaşmasını ifadə etmişdir.

“Müsəlmançılıq ruhum, türklük bədənim” deyən şair türk dünyası üçün misralar tökərkən Balkanlar, Qafqazlar və Orta Şərqdə taleləlri ortaq olan soydaş və dindaşları da unutmamış, onların dərdlərini özünə dərd etmiş, ağrı-acılarını paylaşmışdır.

Şair Kemali Bülbül Allahın rəhmətinə qovuşmuşdur. Onun türk dünyasına yazdığı sevgi dolu şeirləri isə tarixə dönmüş, ta­rixin yaddaşında yaşayacaqdır.

DƏDƏ QORQUD”DA İŞLƏNƏN BİR NEÇƏ



ANTROPONİM HAQQINDA*
Antroponimlərin mənşəyini bədii əsərlərdə və bu əsər­lərdə adı çəkilən qədim sakinlərin adlarında axtarmaq da ma­raqlı araş­dırmalara gətirib çıxarır. Bu baxımdan “Dədə Qor­qud” dasta­nın­da xalqımızın yaşayış tərzi, məişəti, soykökü ilə bağlı olan şəxs adları maraq doğurur.

Xalqımızın etnogeni ilə bağlı oğuz tayfalarının soykö­kü­nə işıq salan antroponimlərdən bir qrupu da “Dədə Qorqud”da möv­­­cuddur.

Xalq şairi Anarın qeyd etdiyi kimi, “Dədə Qorqud” dün­yası bu gün yalnız qədim mətnlərdə, yazılı abidələrdə, milli mədəniyyət yadigarlarında qalmış bir dünya deyil, o yaşarı bir dün­yadır və Azər­baycanımızın müxtəlif guşələrində “tərə­kə­mə”, “ayrım” köçəri məi­şətində Dədə Qorqud ruhu, Dədə Qorqud ab-havası, Dədə Qorqud dili bu gün də yaşamaqdadır. “Kitabi-Dədə Qorqud” bütünlüklə Azər­baycan xalqının, dili­mi­zin, torpağımızın abidəsidir” (“Azərbay­can” jurnalı, 1985, №II, səh. 81-83).

Bu cəhətdən “Dədə Qorqud” dastanındakı şəxs ad­ları maraq doğurur ki, bu məqalədə dastanda rast gəldiyimiz bir sıra şəxs adları ilə bağlı mülahizələrimizi bildirmək istəyirik.

Dastandakı şəxs adlarına nəzər salsaq, təxminən aşa­ğı­dakı si­yahı alınar: Dədə Qorqud, Qazan xan, Dirsə xan, Ba­yandur, Bay­be­can, Baybura, Banu Çiçək, Burla xatın, Səlcan xatın, Qaraca (Qaraçuq) Çoban, Bəkil, İmran, Uruz, Bamsı Beyrək, Bu­ğac, Dəli Domrul, Dondar, Qaragünə, Yeynək, Qanlu Qoca, Qutlu Məlik, Şöklü Məlik, Aslan Məlik, San­dal Məlik, Qonur Qoca və s.

Biz bu yazıda Dədə Qorqud, Qazan, Oğuz xan, Qaraca (Qa­raçuq) Çoban, Banu Çiçək, Dondar obrazlarının adları ilə bağlı mülahizələrimizi bildirmək istəyirik.

Qeyd etmək lazımdır ki, “Dədə Qorqud” boylarının ya­ran­-

---------------------------------



* 1988-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda Azərbaycanın onomastika problemlərinə həsr olunmuş elmi-metodiki konfransda oxunmuş məqalə.

ma tarixini, oğuz qəhrəmanlarının soykökünü araşdırmaq bir sıra tədqiqatçıları məşğul etmiş, onların içərisində doğru elmi nəticələrə gələnlər də çoxdur. Biz bu yazımızda həmin araş­dırıcılara öz münasibətimizi bildirməyə çalışacağıq.

Əvvəla, abidənin müdrik qəhrəmanı Dədə Qorqud haq­qında. Bu adın birinci tərəfini təşkil edən “dədə” sözü Azər­baycan əra­zisində “ata” sözü əvəzində işlənmişdir. Təsadüfi de­yildir ki, bir sıra türkdilli xalqlar bu dastanı “Qorqud Ata” ad­landırırlar.

Klassik poeziyamızda bir çox şeirlərdə “dədə” sözü işlən­miş­dir:


Qaibədən dəlil göründün,

Dədəm, xoş gəldin, xoş gəldin.

(Şah İsmayıl Xətai)
Bir ocaqdı, hədyan demə təndirə,

Dədən çox yeyibdi, söymə pendirə.

(Aşıq Ələsgər)
Müasir poeziyamızda B.Vahabzadədən, Ə.Vahiddən gə­tir­diyimiz aşağıdakı misralardan da aydın olur ki, dilimizdə ata sözünü əvəz edən dədə sözü vardır.
O elə baxır ki,

Guya borcu var.

Onun dədəsinə mənim dədəmin.

(Bəxtiyar Vahabzadə)


Məhv oldum özüm, il də yavuqlaşdı, dədəm vay!

Düşdüm nə yaman dərdə, dilim çaşdı, dədəm vay!

(Əliağa Vahid)
Müasir Azərbaycan kəndlərinin bir çoxunda hal-hazırda da “ata”sözünü ifadə “dədə” sözü işlənməkdədir. Canlı danışıq di­lin­­də “Dədəm oğlu qardaşım” (Gədəbəy rayonu) ifadəsinin işlənmə­si də fikrimizi bir daha aydınlaşdırır. Eyni zamanda res­pub­lika­mı­zın Ağsu, Xaçmaz, Füzuli və başqa rayonlarında Də­dəli kəndlə­ri­nin mövcudluğu “dədə” sözünü bir daha bizim söykökümüzə bağlayır.

Dədə Qorqud sözünün ikinci tərəfi Qorqud haqqında maraqlı araşdırmalar aparmış prof. Mirəli Seyidov göstərir ki, bu sözün mənşəyi haqqında bir çox türkoloqlar, o sıradan V.V.Bartold, F.Köprülü, A.N.Samoyloviç, O.Ş.Gökyay, M.Ergin, Abdulqadir İnan, Giziroğlu, V.M.Jirmunski, H.Araslı, M.H.Təhmasib, Ə.Də­mirçizadə və başqaları fikir söy­ləmiş, ciddi elmi araşdırmalar aparmışlar və onun oğuz qəbi­ləsindən olduğunu qeyd etmişlər.

M.Seyidov “Qorqut” sözünün iki tərkib hissədən – “qor” və “qut” sözlərinlən ibarət olduğunu göstərir və “Qut” sözünün “xoş­bəxtlik, bəxt, bərəkət, tale, ruh” mənasında olduğunu qeyd edir3.

“Qut” sözü indi canlı danışıq dilində də işlənməkdədir (Matım-qutum qurudu, ifadəsinin bir tərəfində işlənir) yəni mat-məətəl qaldım, ruhum qurudu.

M.Seyidov qor sözünü “maya”, “od”, “küllə üstü örtül­müş od” kimi mənalandırır. Hal-hazırda bu söz dilimizdə “kül için­də qor” şəklində, yəni “kül içində qalan od” mənasında işlədilir.

Qorqud sözü də müasir Azərbaycaq dilində işlən­mək­dədir. Azərbaycanın bir sıra kəndlərində qovrulmuş buğdaya “qovur­qa”, döyülüb un halına salınmasına isə qorqut de­yirlər. Yəni qorda-odda qovrulan. Ehtimal ki, qorqut sözü bə­rəkət, ruzi ilə bağlı işlənmiş antroponimdi. Dədə Qorqud – ruzi verən, bərəkət gətirən, şənlik gətirən, ruzili ata mənasını da­şımışdır. Dastanda Dədə Qorqudun fəaliyyəti də bu fikri təsdiqləyir.

Prof. M.Seyidov yazır: “Qazanı türkdilli xalqların, o sı­radan azərbaycanlıların həyata, kainata baxışı yaratmış, sonra da o, Qorqud boylarına gəlmiş, yenilənmişdir”. Bununla da, müəl­lif onun kitabi “Dədə Qorqud”dan daha əvvəl xalq arasında əski bir şəxsiyyət kimi yaşadığını demək istəmişdir. O, Qazan sözünün bir tərəfi olan “qaz”, “qas” sözünün ucalığı, yük­sək­liyi bildirdi­yini göstərir. Qafqaz haqqında aparılmış təd­qi­qatlarda qaz, qas sözünün “ucalıq, yüksəlik” mənasını bil­dirdiyi gös­tə­rilir. De­mək, oğuzların baş qəhrəmanı olan Qazan xan adı ululuqla, yük­səkliklə, böyüklüklə bağlıdır.

İbadət Rüstəmov “Dədə Qorqud”da insan gözəlliyi” adlı ki­tabında isə Qazan sözünə öz rəşadətinə, qeyrətinə görə ad qa­zan­maq kimi məntiqi məna verir. Hal-hazırda dilimizdə ad qa­zanmaq sözünün mövcudluğu qazan sözünü dilimizlə doğ­ma­laşdırır.

Azərbaycan ərazisində Qazanla bağlı bir sıra tarixi to­po­nimik adların Qazan antroponiminin xalqımızın soykökü ilə bağlılığını bir daha aşkarlayır. Məsələn:

Qazan köşkü – Cəlilabadda uca dağ başında əski bir ti­ki­linin izləri.
Qazangöl – Girdimin çayı hövzəsində.

Qazandağ – Gəncə tərəflərdə.

Qazanbulaq qəsədəsi – Goranboy rayonu

Qazangöl düzü – Tovuz rayonunda Kürün sol sahilində.

Qazançı kəndi – Culfa ərazisində.

Qazanlı – Yevlax rayonunun Bozdağ sisiləsinin zirvəsi.


Hər iki halda Qazan sözü öz mənşəyinə görə Azər­bay­canla bağlanır. Prof Əbdüləzəl Dəmirçizadə yazır:

“Kitabi-Dədə Qorqud” dastanında işlənən bir sıra yer adları eyni zamanda tayfa və xalq mə­na­sında işlənmişdir. Bəzən də bunun əksinə olaraq el, tayfa adları yerinə görə həmin adla tanı­nan elin və ya tayfanın yaşadığı ərazini bildirən ad kimi də işlən­mişdir. Bununla belə, bu dastanda bir sıra el və ya tayfa adları daha çox və ya ancaq əsas mənasında (el, tayfa kimi) işlənmiş­dir. Belə adlardan xüsusilə aşağıdakıları qeyd etək olar: “Bayat, Oğuz, Qıpcaq, Səncuq, Tatar, Üç-oq, Boz-oq, Rum, Başı açuq tatyan (Didyan), Tat…”4

Biz burada yalnız “oğuz” sözünün üzərində dayanmaq istə­yirik.

Dastanın tədqiqatçılarından Şamil Cəmşidov oğuz qəh­rəmanları haqqında yazır: “Onların vətəni, yerləşdiyi sahə “Oğuz”, “İç Oğuz”, “Daş Oğuz”, yaxud “Oğuz elləri” şəklində gös­tərilir. Adı çəkilən başqa sərhəd xaricindəki yerlərə onlar tə­sadüfi olaraq düşürlər, ya ova çıxırlar, yaxud təsadüfi bir dö­yüşə düşürlərsə də, onlar yenə qayıdıb Oğuza gəlirlər5.

Tədqiqatçı dastanda oğuzun 3 mənada işləndiyini gös­tərir.


  1. Oğuz el-oba mənasında (məsələn: “Oğuz bir gün yaylağa köçdü”);

  2. Oğuz “türkmən” sözü kimi xalqın adını bildirir (mə­sələn, “Oğuzun arsızı türkmənin dəlisinə bənzər”);

  3. Oğuz hökmdarın adıdır, şəxs adıdır (məsələn, “Oğuz xanın ilxıçısı gəlib xəbər gətirdi”);

  4. Oğuz yer adıdır (məsələn, Dursa xan dişi əhlinin sözü ilə ulu toy elədi… hacət dilədi. İç oğuz, Daş oğuz bəylərin üstünə yığnaq etdi6.

Göründüyü kimi, oğuz sözü bütün mənalarında bizim torpağımızla, etnogenimizlə bağlıdır. “Oğuznamə” adlı atalar sözü və zərbi-məsəl toplusunun mövcudluğu da bunu bir daha təsdiqləyir.

Dastanın maraqlı surətlərindən Qaraca Çoban və ya Qa­racuq Çoban haqqında. Əvvəla, Qaraca, Qaracuq da dilimizdə doğma sözlərdir. Bəlkə də Qaraca sözü get-gedə dəyi­şilərək Qaraca, Qaracuq şəklinə və ya Qaracuq sözü Qaraca şəklinə düşmüşdür. Bəs onda bu antroponim necə adlanmalıdır. Qaraca sözü Azərbaycan dili üçün nə qədər doğma olsa da, bəzi təd­qi­qatçıların doğru qeyd etdiyi kimi, bu sözü vaxtilə akademik Bartold rus dilinə hərfən “Чёрный пастух» (“Qara çoban”) şəklində tərcümə etdiyindən irəli gəlmişdir. Dastanın tədqiqat­çı­larından Ş.Cəmşidov bu fikirdədir ki, bu surət Qaraçuq Çoban şəklində yazılmalıdır. Suat Hezarçı və Aydın OY kimi türk araş­dırıcılarının və rus alimi V.İ.Kurılevin də bu surətin adını “Qaracuq Çoban” şəklində yazdıqlarını göstərir7.

Ş.Cəmşidov bu fikrini Azərbaycanda olan Qaracuq dağı ərazisində yaşayan yerli əhalinin Qaracuq Çobanla bağlı olaraq çoxlu toponim əlamətlərlə əlaqələndirir. “Xalq igidliyinə və qəhrəmanlığına Qaraçuq dağının adı ilə əfsanələr dü­zəlt­diyi bu xariqüladə qəhrəman olsun ki, əslində Qaraçuqlu kimi …Yerli əhalinin Qaraçuq dağı ərazisində göstərdiyi to­ponimik əla­mət­lərdən “Qaraçuq Çobanın qoyun arxacı”, “Qa­raçuq Çobanın köç yolu”, “Qaraçuq Çobanın sapand daş­ları” və nəhayət, Qaraçuq Çobanın altı hissədən ibarət nəhəng “qəbri” diqqəti cəlb edir”8.

Ş.Cəmşidov yazır: “Xalq igidliyinə və qəhrəmanlığına görə adına Qaracuq dağının adı ilə əfsanələr düzəltdiyi və xari­qüladə qəhrəman olsun ki, Qaracuqlu imiş. Yerli əhalinin Qa­raçuq dağı ərazisində göstərdiyi toponimik əlamətlərdən “Qaraçuq Çobanın qoyun arxacı”, “Qaraçuq Çobanın köç yolu”, “Qaraçuq Çobanın sapand daşları” və nəyahət, Qaraçuq Çobanın altı hissədən ibarət nəhəng qəbri” diqqəti cəlb edir”.

“Qaraçuq”, “Qaraca dağ” sözlərindəki “qara” sözü di­li­mizə çox doğmadır. Kiçik dağa xalq Qaraca dağ deyə bilər və get-gedə Qaraca sözü Qaracıq-Qaracuq şəklinə düşə bilər. Azər­baycanın bir çox rayonlarında (Gədəbəy), hətta Bakı yaxınlığında “Qaradağ” adlanan yerlər mövcuddur.

Bir neçə kəlmə də Banu Çiçək haqqında:

“Dədə Qorqud” dastanlarında qızlar banu, qadınlar isə xanım, xatın kimi qeyd olunur.

Banu, xatın, xanım sözləri dilimizdə işlək sözdür. Hal-hazırda xanım sözü ilə yanaşı xanım-xatın ifadəsinin də iş­lən­məsi bu sözün xanım sözü mənasını ifadə etdiyini gös­tərir. “Banu” sözü Azərbaycan qadınlarına verilən adlarda, qız sözünü əvəz edərək işlənmişdir.

Məhin Banu, Xurşud Banu, Ünbül Banu adındakı “banu” qız sözünü əvəz edir. Banu, çiçək sözü də Azərbaycan qızlarına ve­rilən adla əlaqədardır. Xalq ən zərif çiçək və gül adlarını qızlarına vemişdir.

“Dondar” toponimi haqqında. “Dədə Qoqud” das­tanlarda “don” sözü paltar, geyim mənasında işlənmişdir, mə­sə­lən: “At­dan düşüb tacir donu geyindilər”. “Ağ donuma kir əy­ləndi sə­ninçün” və s.

Hal-hazırda Azərbaycanın bir çox yerlərində, o cümlədən Tovuz, Qubadlı və başqa rayonlarında Dondar aldı kəndlərin möv­cudluğu da Dondar antroponimini Azərbaycan xalqının et­no­geni ilə bağlayır.

Yuxarıda adları çəkilən antroponimlər “Dədə Qorqud” abi­dəsinin Azərbaycan xalqının tarixi keçmişi, soykökü ilə ay­rılmaz olduğunu və Dədə Qorqud boylarının qəhrəmanlarının daha qədim tariximizlə səsləşdiyini bir daha aydınlaşdırır.


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin