DÜŞÜNƏN VƏ DÜŞÜNDÜRƏN ŞAİR
Azərbaycanın XX yüzildə yetişdirdiyi böyük şəxsiyyətlərdən olan Bəxtiyar Vahabzadə öz ədəbi, siyasi, elmi görüşləri ilə dünyanın bir çox elm, siyasət və mədəniyyət xadimlərinin diqqətini cəlb etmişdir.
Bəxtiyar Vahabzadə yaradıcılığındakı müdrik fəlsəfi analyış, onun xalqının varlığını, milli-mənəvi dəyərlərini, dilini, tarixini əks etdirən ədəbi, elmi-publisistik yazıları, poeziyasındakı fəlsəfə dünyanın bir çox siyasətçilərini, elm, ədəbiyyat xadimlərini onun haqqında fikir söyləməyə vadar etmişdir.
Azərbaycan və onun hüdudlarında B.Vahabzadə yaradıcılığını izləyənlər onun haqqında bir-birindən maraqlı fikirlər söyləmişlər. Alman şərqşünası Hans Ahmet Şmide “Bir insanın öz xalqını və öz doğma dilini dəlicəsinə sevə bilmək qabiliyətini mən B.Vahabzadədən öyrəndim” demişdir.
Bəxtiyar Vahabzadənin Azərbaycan ictimai və ədəbi düşüncəsindəki yeri, onun haqqında deyilənlər içərisində ümummilli lider Heydər Əliyevin ayrıca yeri vardır.
Ədəbiyyat məsələlərinə dair çox qiymətli fikirləri olan, Azərbaycan mədəniyyət tarixində şərəfli bir səhifə açan Heydər Əliyev “Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, yəni insanlığın mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur” – deməklə ədəbiyyatın milli mentalitetin formalaşmasındakı mühüm rolunu xüsusi qeyd edirdi.
Azərbaycan ziyalısını, bu ziyalıların içərisində olan görkəmli ədəbiyyat xadimlərini hələ Sovet İttifaqının sərt rejimi dövründə də bir çox məhrumiyyətlərdən qorumağı bacaran Heydər Əliyev son illərdə bunu özü bir neçə faktla açıqlamış, çıxışlarının birində bu barədə demişdir: “60-70-ci illərdə Azərbaycanda dissendent axtarsaydıq, onlar çox idi. Ən böyük dissident Bəxtiyar Vahabzadə idi. Hətta mənim xatirimdədir, mən Təhlükəsizlik Nazirliyində işləyən zaman onun həbs olunması məsələsi qoyulmuşdu. Yaxud Xəlil Rza ən böyük dissidentlərdən biri idi. Ancaq biz Xəlil Rzanı da qoruyub saxladıq”.
Heydər Əliyevin Təhlükəsizlik Nazirliyində işlədiyi illər Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını 1958-ci ildə yazıb, 1963-cü ildə “Şəki fəhləsi” qəzetində çap etdirdiyi illər idi. Şimali və Cənubi Azərbaycanın ayrılıq faciəsini əks etdirən, o zaman əlyazması şəklində əldən-ələ gəzən bu poemaya görə B.Vahabzadə ittiham edilir, siyasi təqiblərə məruz qalaraq onun siyasi həbsi gözlənilirdi. B.Vahabzadə dərin milli təəssüblə yazdığı “Gülüstan” poemasında 1813-cü ildə Azərbaycanı işğal edən Çarlıq Rusiyası ilə İranın aralarında bağlanan “Gülüstan” müqaviləsinə nifrətini, narazılığını bildirir, müqavilə bağlayan tərəflərin yadlar olduğunu ürək ağrısı ilə yazırdı:
…Tərəflər kim idi? Hər ikisi yad!
Yadlarmı edəcək bu xalqa imdad? – deyirdi.
Poemada işğal olunmuş Azərbaycanın var-dövlətini talan edənlər nifrətlə qələmə alınırdı:
Min ləkə vurdular şərəfimizə,
Verdik, sahibimiz yenə ver dedi.
Lap yaxşı eyləyib doğrudan bizə,
Biri “baran”* dedi, biri “xər”* dedi.
Bizi həm yedilər, həm də mindilər,
Amma dalımızca hey deyindilər.
O zaman “Şəki fəhləsi” qəzetində nəşr edilən bu poemaya görə qəzetin redaktoru Məhiyəddin Abbas işdən çıxarıldı, qəzetin nüsxələri yığışdırılsa da, poema əldən-ələ gəzdi. B.Vahabzadənin adı şübhəlilər siyahısına düşdü, əsərləri üzərində senzor gücləndi. “Ana dili”, “Latın dili”, “Oğrular”, “Riyakar” kimi əsərləri tənqid hədəfinə çevrildi. “Köklər və budaqlar” əsərinin nüsxələrini satışdan götürərək yığışdırdılar. O zaman Təhlükəsizlik Nazirliyində işləyən Heydər Əliyevin sayəsində şair həbs olunmaq təhlükəsindən qurtarmışdı. Bunu B.Vahabzadə özü dəfələrlə etiraf etmişdi.
“Azərbaycan xalqının, Azərbaycan dövlətinin istiqlal və azadlıq mücadiləsində Bəxtiyar Vahabzadənin xidmətləri çox böyükdür, əvəzsizdir” – deyən Heydər Əliyev Bəxtiyar Vahabzadənin yaradıcılığına hər zaman diqqətlə yanaşmış, onun yaradıcılığı haqqında dərin məntiqi ilə seçilən fikirlər söyləmişdir. Bu baxımdan Ümummilli Liderin B.Vahabzadənin “Özümüzü kəsən qılınc” və “Hara gedir bu dünya” əsərləri haqqındakı ədəbi düşüncələri çox qiymətlidir. H.Əliyev tarixi mövzuda yazılmış “Özümüzü kəsən qılınc” əsərinin tamaşaşından sonra demişdir: “Belə bir əsər qədim tariximizin, o cümlədən millətimizin qədim köklərinin tarixinin böyük bir səhifəsini açıb ictimaiyyətə göstərir. Bu mövzunun indiki dövr üçün əhəmiyyətli cəhəti bir də ondan ibarətdir ki, biz köklərimizin türk millətinə, qədim türk tarixinə bağlı olduğunu da XX əsrdə ya deməmişik, ya da bunu deməyə cəsarət tapmamışıq. Burada heç kəsin günahı yoxdur. Sadəcə olaraq tarixi təhrif edənlər insanları bu tarixi köklərdən məhrum ediblər”.
Heydər Əliyevin B.Vahabzadənin mənəvi psixoloji mövzuda yazdığı “Hara gedir bu dünya” pyesi haqqında söylədiyi “Əsərdə kökə qayıtmaq məsələsi var. Mən onun mənasını belə anlayıram ki, kökümüzdə olan o müsbət cəhətləri götürmək lazımdır”. Milli-mənəvi irsimizdə, soykökümüzdə dəyərli nə varsa, onların qorunub saxlanmasını ifadə edən bu fikir, şübhəsiz, dərin ideya və məzmunu ilə seçilir.
B.Vahabzadə haqqında öz vətənində yazılanlar, deyilənlər böyük bir tədqiqata möhtacdır. Biz bu yazımızda bunların bir neçəsini incələməyə çalışacağıq.
Akademik Məmmədcəfər Cəfərov, böyük yazıçı və tənqidçi Mehdi Hüseyn, dünyaca ünlü Mayestro Niyazi, yazıçılardan Süleyman Rüstəm, Rəsul Rza, Süleyman Rəhimov, Nəriman Həsənzadə, İsmayıl Şıxlı, prof. Nizami Cəfərov, prof. Yaşar Qarayev, prof. Xudu Məmmədov kimi dövlət, siyasət və elm adamları B.Vahabzadə haqqında bir-birindən maraqlı fikirlər söyləmişlər.
B.Vahabzadənin alim və şairliyini ifadə edən, onun alimliyindən daha ziyadə şairliyinə yüksək qiymət verərək “qatlayıb dizinin altına qoyar, alim Bəxtiyarı şair Bəxtiyar” deyən ünlü xalq şairi Süleyman Rüstəm “Bəxtiyar Vahabzadənin yaradıcılığında mənim xoşuma gələn nədir? Bu suala belə cavab verirəm: ilk növbədə vətəndaşlıq, azərbaycançılıq, sonra da çəsarət, dərinlik. Onun respublikamızdan kənarda çap olunan şeirlərində imzasının yanında “Azərbaycan” sözünü yazmamaq da olar. Sanki onun bütün yaradıcılığına “Azərbaycan” möhürü vurulmuşdur” (“Azərbaycanın Bəxtiyarı”. Bakı, 1995, səh. 28).
Şeirlərinin birində:
Mən dərddən qaçanda dərd yalqız qalır,
Bu da mənim üçün təzə dərd olur –
deyən Bəxtiyar Vahabzadə yaradıcılığına yüksək qiymət verən görkəmli tənqidçi və publisist Mehdi Hüseyn Vahabzadəni haqlı olaraq “Narahat şair” adlandırdı və bu baxımdan onun yaradıcılığının diqqət mərkəzində olduğunu vurğulayaraq “Vahabzadə sözün ən yaxşı mənasında narahat şairdir. B.Vahabzadənin qəhrəmanı ilə özü arasında ziddiyyət yoxdur” – deyirdi (Bax: Bəxtiyar Vahabzadə. Bakı, 1995).
Akademik Məmməd Cəfər “Hikmətli-fəlsəfi fikirlə zəngin klassik şeir və siyasi kəskinliyi ilə fərqlənən yeni məzmunlu şeir mədəniyyəti Bəxtiyar şeirinin bünövrəsidir” deməklə B.Vahabzadənin əsərlərində dərin siyasi fikir və fəlsəfə olduğuna diqqət çəkmişdir (“Azərbaycanın Bəxtiyarı”. Bakı, 1995, səh. 41).
Görkəmli bəstəkar Niyazi də parlaq istedad adlandırdığı Bəxtiyar Vahabzadəyə xalq sevgisini onun xalqla olan qarşılıqlı sevgisində görürdü.
“Bəxtiyar ona görə bəxtiyardır ki, onu xalq sevir, xalqı da ona görə bəxtiyardır ki, onun Bəxtiyarı var” (Bax: B.Vahabzadə. Bakı, 1995).
Süleyman Rəhimov onu “Şeiri bulaq kimi axıb tökülən, şeirləri, şeir kitabları dil-dil, əl-əl gəzən şair” adlandırır, professor Yaşar Qarayev “Azərbaycan poeziyasında Bəxtiyar zirvəsi təkrarsız qranit qaya zirvəsi kimi bütün cinahlardan görünən” zirvə olduğunu deyir, Rəsul Rzanın “Şair Bəxtiyarın bəxtiyarlığı onun qibtə ediləcək dərəcədə böyük olan poetik istedadıdır” ifadəsi B.Vahabzadənin Azərbaycan ictimai və ədəbi düşüncəsindəki yerini müəyyənləşdirmək üçün kifayət qədər yetərli məlumatlardır.
Əslən azərbaycanlı, İranın Məşhəd şəhərində yaşayan Mehdi Münəccimi Məmqaninin B.Vahabzadəyə yazdığı bir şeirində Vahabzadənin milli ruhunu, onun bütöv Azərbaycan düşüncəsini belə dilə gətirmişdi:
Məktəbi-eşqdə sən xətmi-kəlam eyləmisən,
Bu böyük mədrəsədə dərsi tamam eyləmisən.
Sən həyatın boyu dünyadan ədalət dilədin,
Şərə meydan oxuyub, zülmə qiyam eyləmisən.
Sabirin, Şəhriyarın şeirində qeyrət yolunu,
Sən məharətlə, cəsarətlə davam eyləmisən.
Bəxtiyar oldu adın, dərd-qəmi ləzzətlə yeyib,
Bilirik, sən özünə keyfi haram eyləmisən.
Şəki şəhərində doğuldun, nəfəsin çatdı bizə,
Sən Azərbaycanı öz şeirinə cəm eyləmisən.
(“Azərbaycanın Bəxtiyarı”. Bakı, 1995, səh. 393).
B.Vahabzadə vətənində çox vaxt haqsız tənqidlərlə də qarşılaşıb. Bütün ömrünü, bütün yaradıcılığını Azərbaycan adlı məmləkətin varlığına, azadlığına həsr edən əsərləri ilə, “Gülüstan” poeması ilə Azərbaycanı ikiyə bölənlərə açıqca nifrətini bildirsə də, bu üsyanına görə onun başına nələr gəldiyi bir tarixi həqiqət olsa da, yenə öz amalından dönməyən şair üçün əslində qadağan olunanlar, yasaq edilənlər yox idi. Onsuz da sözünü sətiraltı ifadələrdə deyirdi. Yadımdadır, B.Vahabzadə özü deyirdi ki, onun “Azərbaycan” şeiri işıq üzü görəndə, üzdəniraq tənqidçilərdən biri orada “Azərbaycan” deyil, “Sovet Azərbaycanı” yazılmamasına etirazını bildirmişdi. Bütün bu haqsız tənqidlərə baxmayaraq o, yenə də sovet rejimi illərində yazıb çap etdirə bilmədiyi bir sıra əsərəlrində Azərbaycan və digər türk torpaqlarının Rusiyanın işğal etdiyi günü matəm günü hesab etmişdi. 1963-cü ildə qırğız türklərinin Rusiyaya ilhaq edildiyi günün 100-cü ilindən bəhs edən şeirində qırğızlara bu günün bayram etdirilməsini “yadın toxtasını taxaraq ağ günə çıxmaları”nın bayram deyil, “zar-zar ağlamaq günü”, “öldüyü gün” olduğunu istehzalı şəkildə ifadə edərək:
Buna bax, buna! Sevinir
Fəxr edir qul olduğuna.
Bayramamı?
Zar-zar ağlayasan gərək sən bu gün –
deməkdən çəkinmirdi.
1990-cı ildə rus imperiyasının Azərbaycanda törətdiyi 20 Yanvar faciəsi Azərbaycanın tarixi yarasıdır. O zaman B.Vahabzadə bu haqsızlığa və zorakılığa qarşı səsini ucaltmış, 20 yanvarda Televiziya Şirkətinin həyətində enerji blokunun partladılmasına rəhbərlik edən rus generalının üzünə tüpürmüşdü. Bu hadisə şair Yusif Nəğməkarın “Tüpürcək” şeiri ilə tarixləşmişdi.
Şair neyləyəydi? – sinəsi dağlı,
O ki öz xalqının bağlı diliydi.
Günahsız qırılan millətin oğlu,
Qanlı göz yaşını türüpməliydi.
Sonralar tənqidçilərdən Vaqif Yusifli yazırdı: “Qanlı Yanvar faciəsindən bir nesə gün sonra Bəxtiyar Vahabzadənin rus generalının üzünə tüpürdüyünü dedilər, amma o öz şeirlərində çox-çox əvvəl imperiyanın üzünə tüpürmüşdü”.
Yaradıcılığının ilk illərindən Azərbaycanda marağa və mübahisəyə səbəb olan Bəxtiyar Vahabzadənin mövqeyi dəmir pərdələri aşaraq türk ictimai və ədəbi düşüncəsini məşğul etmişdir.
Azərbaycanın müstəqilliyi illərində Azərbaycan-Türkiyə əlaqələrinin genişlənməsi ilə onun haqqında elmi-tədqiqat əsərləri yazılmağa başlanmışdır.
1996-cı ildə Türkiyənin On Doqquz Mayıs Universitetində Hüsniyyə Mayadağlı “B.Vahabzadə. Həyatı və əsərləri” mövzusunda namizədlik işi müdafiə etmiş, müəllifin 420 səhifəlik əsəri 1988-ci ildə Türkiyə Diyanət Vakfı tərəfindən yayınlanmışdır.
Azərbaycan Universitetlərində fəaliyyət göstərən türk tədqiqatçıları da 2010-cu ildə B.Vahabzadə yaradıcılığına həsr olunmuş bir namizədlik dissertasiyası müdafiə etmiş, (Bayram Gündoğdu. “B.Vahabzadənin publisistikası. Əsər 2013-cü ildə Qafqaz Universitetində yayınlanmışdır). Yenə Qafqaz Universitetinin müəllimi Erdal Karamanın “Türk dünyasının səsi B.Vahabzadə” monoqrafiyası da 2009-cu ildə Qafqaz Universitetində yayınlanmışdır.
1990-cı illərdən başlayaraq B.Vahabzadənin şeirlər kitabı, publisistik yazıları Türkiyədə yayınlanır, teatr əsərləri tamaşaya qoyulurdu. Onun əsərləri haqqında Türkiyədə onlarla məqalə dərc edilir, özünün də bir çox məqalələri hələ 1980-ci illərdən Türkiyənin nüfuzlu jurnallarında dərc edilirdi.
B.Vahabzadənin özü, əsərləri haqqında daha çox yazısı olan müəlliflərdən biri də indi təqaüddə olan, o dövrdə Türkiyənin On Doqquz Mayıs Universitetində fransız dili müəllimi işləyən şair Halistin Kukul olmuşdur.
Halistin Kukul B.Vahabzadənin Türkiyədə yayınlanan, demək olar ki, bütün kitablarına münasibət bildirir, haqqında qəzet və jurnallarda məqalələr dərc etdirirdi. 1992-ci ildə B.Vahabzadənin İzmirdə nəşr olunan “Gün var min aya dəyər” kitabındakı “Örümçək ağ bağladı” (“Hörümçək tor bağladı”) şeirini təhlilə cəlb edən Halistin bəy “Ortadoğu” qəzetində “Örümçək ağ bağladı” şeirinin təhlili” adlı məqaləsində yazırdı: “Örümçək ağ bağladı insanı hədəf alan və bütün cəbhələri ilə bir cəmiyyəti çökdürmək istəyən bir diktatorluq rejiminə qarşı baş qaldırmış üsyandır. …Bu şeirdə B.Vahabzadə Azərbaycanın düçar olduğu 70 illik macəralarını anladır. Başdan sona ifadə etdiyi məsələ milli mədəniyyət qiymətlərimizdir. O, bu şeirində heç bir zaman maddi məsələlərə toxunmur. Çünki bir milləti məhkum vəziyyətə gətirmək üçün maddi deyil, onun mənəvi dəyərlərini məhv etmək, onu milli-mənəvi dəyərlərdən uzaqlaşdırmaq lazımdır. Budur 70 illik panorama”.
Sonrakı məqalələrinin birində Halistin bəy yenə bu şeir üzərində təhlil apararaq yazır: “Diqqət edilirsə, Mehmet Akif, Yahya Kamal Neçip Fazılın ümumi fikir anlayışlarının təməlində din (islamiyyət), milli tarix (türk tarixi) və dil (türkcə) ən mühüm ittifaqı təşkil edər. …B.Vahabzadə 1968-ci ildə yazdığı “Örümçək ağ bağladı” adlı şeirində bu üç ünsürün üzərində durur. Bu üç ünsürdən məhrum bir millətin hafizəsi yoxdur” deyir (“Erciyes” 2010 mart, səh.1).
H.Kukul B.Vahabzadənin “Sonbahar düşüncələri” kitabı haqqında yazdığı “Qurub düşüncələri” adlı məqaləsində də Bəxtiyar Vahabzadəni “Azərbaycanın gur səsli, üfüqlü, alim şairi” adlandıraraq yazırdı: “Şeirdən ləzzət almaq istəyənlər, tarixdən ibrət almaq istəyənlər və çilə içində gözəlliyi görmək istəyənlər “Qurub düşüncələri”ni oxusunlar” (Bax: “Türk ədəbiyyatı” jurnalı 1996, sayı 276, ekim, səh. 48-49).
Bəxtiyar Vahabzadənin yaradıcılığının formalaşdığı dövr keçmiş sovet dövrünə təsadüf edir. Bu dövrdə xalq həyatına, milli duyğulara, dövlətçilik ideologiyasına münasibət birmənalı olmamışdır. Velikorus şovinizminə aludəçiliyin baş aldığı bir dövrdə ana dili ilə bağlı yazılan mövzular hər bir sənətkar üçün millətçilik kimi yozulurdu. Bu dövrdə B.Vahabzadənin “Latın dili” şeiri ilə bağlı qaldırılan hay-küy bunun əyani nümunəsidir.
B.Vahabzadənin ana dilinə olan xüsusi vurğunluğu türk dünyası aydınlarının diqqətini cəlb etmişdi. B.Vahabzadənin ana dilinin saflığına, xalqın milli-mənəvi dəyərəlrinə, ədəbiyyatının xəlqiliyinə, türk xalqları ədəbiyytanın ortaq dəyərlərinə verdiyi qiymətlər və əsərlərinin bu mövzulara həsr edilməsi mütərəqqi türk aydınlarını B.Vahabzadə yaradıcılığına yaxınlaşdırırdı.
Prof. Mehmet Kaplan B.Vahabzadə şeirini “Brilyant kimi bir şeir” adlandırmış, prof. Dursun Yıldırım onu “Azərbaycan türklərinin olduğu qədər müasir dünya türklərinin də böyük şeir ustası” hesab etmiş, prof. Ahmed Bican Ercilasunun “Vahabzadə bizə öyrətdi ki, hər millətin ana dili o dilin namusu və vicdanıdır” konsepsiyası, onun şeirini “insanın içində yanan bir atəş”ə bənzədən Ali Yavuz Akpınarın poetik düşüncələri, Yavuz Bülend Bakilərin “Türk ədəbiyyatı üçün Mehmet Akif, Yahya Kamal, Nəcib Fazıl kim isə Azərbaycan ədəbiyyatı üçün də Bəxtiyar Vahabzadə odur. Bu baxımdan yeni Azərbaycan Cümhuriyyətinin yaradılmasında onun haykıran yaradıcılığının mühüm payı vardır” deməsi Vahabzadə yaradıcılığının Türkiyədəki ictimai və siyasi məziyyətlərini göz qabağını gətirməkdədi.
1995-ci ildə o zaman Türkiyənin IX Prezidenti olan Süleyman Dəmirəl Bakıya gələndə B.Vahabzadəni qəbul etmişdi, onunla söhbətində “Sizin ədəbi yaradıcılığınız bütün türk dünyasının mənəvi birliyi və yüksəlişi ilə də yaxından əlaqədardır. Odur ki, sizi sadəcə azərbaycanlı qardaşlarımızın deyil, çağdaş türk dünyasının böyük bir qələm ustadı olaraq salamlayıram” demişdi (B.Vahabzadə. “Azərbaycan” Nəşriyyatı, 2000, səh. 18).
Türkiyənin IX Prezidentinin B.Vahabzadənin 1967-ci ildə yazdığı “Kök” şeirini əzbər deməsi də təsadüfi deyildi.
Ağaclar
Kök üstə boy atır.
Ucalır.
Ağaclar
Kökündən güc alır.
Dünyada
Hər şeyin kökü var.
Kökü var
Torpağın, daşın da…
Adamsa kökünü
Gəzdirir başında.
Süleyman Dəmirəl kökümüzün bir olduğu və “Bir millət, iki dövlət” kimi aksiomlanmış Azəbaycan və Türkiyə münasibətlərində ortaq dəyərlərimizin müstəsna rolunu qeyd edərək, bu ortaq dəyərləri yaşadan məşhur şəxsiyyətlər içərisində B.Vahabzadənin də adını çəkərək böyüyən bu ortaq dəyərlərin hamımızın olduğunu, bütün türk xalqlarının eyni kökdən olduğu üçün eyni kökdən də boy atıb ucalmalarını, eyni ideala xidmət etmələrini deyirdi.
Türk dünyasının böyük qələm ustası Ç.Aytmatov B.Vahabzadə yaradıcılığından qürur, iftixar və məhəbbətlə söz açaraq yazırdı: “Bizi əhatə edən aləmdə nə varsa, Vahabzadəni düşündürür: xeyir və şəri, gözəlliklə eybəcərliyi, böyüklərlə kiçikliyi, bir sözlə, insan ruhunun ali və xırda duyğularını poeziya səviyyəsinə qaldırmaq ehtirası Bəxtiyarın fitrətindədir” (B.Vahabzadə. “Gəlin açıq danışaq”. Bakı, 1988, səh. 111).
B.Vahabzadənin böyük sənətkar, böyük vətəndaş, böyük insan deyə qiymətləndirdiyi Ç.Aytmatovu Vahabzadəyə bağlayan tellərdən biri də Ç.Aytmatovun da ana dilinə olan milli münasibətdir. Qırğızıstanda keçirilən elmi-praktik konfransda rus jurnalisti Romanyukun qırğız dilində məktəblərin lüzumsuzluğunu ifadə edən fikrini Ç.Aytmatovun acı istehza ilə “Əgər qırğızlar öz dillərini bilməsələr, görəsən qırğız dilini öyrənən ruslar bu dildə kimlə danışacaqlar?” - eyhamına B.Vahabzadənin münasibəti kəsərli idi. O “İftiraya cavab” məqaləsində yazırdı: “…Heç bir xalq, o cümlədən qırğızlar öz ana dilinən əl çəkməzlər. Söhbət “Manas” kimi epos yaradan bir xalqın dilindən gedir. Bu xalq öz uşaqlarını ana dilində oxumaq istəmir? Xalq da ana dilindən imtina edərmi? Bax, məsələnin dəhşətli tərəfi budur. Boynuna ədaləti müdafiə missiyası götürən müxbir bəs buna niyə narahat olmur? Yoxsa, bu, ona sərf eləmir?” (“Gəlin açıq danışaq”, səh. 27-28).
Ç.Aytmatov başqa bir yazısında “B.Vahabzadənin poetik təfəkkür mədəniyyəti təbiətcə millidir. Bu, müstəsna dərəcədə zəruri haldır ki, sən övladı olduğun xalqın nitq hissəsində fel olmağı bacarasan. Xalqının canlı dil memarlığına öz töhfəni verəsən” deyirdi (B.Vahabzadənin “Достоинство” (rus dilində) kitabına yazdığı ön sözdən. Bakı, “Yazıçı”, 1988).
B.Vahabzadənin milli və bəşəri amallara xidmət edən bədii və publisist yaradıcılığına diqqət edən Qazax türklərinin milli düşüncəli ədibi Oljas Süleymenov yazırdı: “Onun poeziyasında Şərqə məxsus bütün gözəl keyfiyyətlər əksini tapıb. O, xalq şairidir, lauretdır, ən böyük mükafatlara layiq görülüb. Lakin ən böyük mükafatı xalqın sevgisidir. Bəxtiyarın həm bədii yaradıcılığı, həm də ictimai fəaliyyəti hər cür hörmətə layiqdir” (B.Vahabzadə. Bakı “Azərbaycan” Nəşriyyatı, 1995).
O zamanlar Sovetlər Birliyində yaşayan mütərəqqi fikirli elm adamları, qələm ustaları da İranda yaşayan Azərbaycan şairləri də B.Vahabzadə yaradıcılığının önəmini qeyd edirdilər.
Görkəmli tarixçi alim Lev Qumilyovun B.Vahabzadənin “Fəryad” əsəri haqqındakı aşağıdakı fikri də öz səmimiyyəti ilə önəmlidir. O yazırdı: “Bəxtiyar Vahabzadə azad fikirli qəhrəmanlarını mütəfəkkir şair və şəhidlər, onların düşmənlərini isə doğma övladlarının belə üz döndərməyə hazır olduğu amansız, kütbeyin ehkamçılar kimi təsvir etməkdə haqlıdır. Onların davranışında xeyirxahlıq və mənəviyyat, qeyd-şərtsiz, qorxaqlıqdan və şəxsi mənafe güdmək cəhdindən daha güclüdür. Müəllif tarixi həqiqəti təhrif etməyib. Çünki qədim türklərə təmənnasızlıq, rəşadət və öz ideallarına sədaqət xas idi. Məhz bu keyfiyyətlər türklərə bəşəriyyət tarixində şərəfli yer tutmaqda kömək etmişdir (Bax: “Azərbaycanın Bəxtiyarı”. Bakı, 1995, səh. 246).
Rus şairi Yevgeni Yevtuşenko yazırdı ki, “Bəxtiyarı dinləyəndə, dili bilməsən də, onun şeirləri adama şirinsoy gəlir. Hətta sətri tərcüməni oxuyanda dilin gözəlliyi arxasında gizlənmiş dərin qəm və kədəri hiss edirsən. Elə bil ki, Azərbaycan narıdır: şirəsini içirsən, şirindir, qabıqlı yesən acıdır” (B.Vahabzadə. “Рука в руке” (rus dilində) kitabına öz sözdən. Bakı, Gənclik, 1981).
Başqa bir rus yazıçısı İqor İsayevin B.Vahabzadənin rus dilində nəşr olunan “Мы на одном коробле» (“Bir gəminin yolçusuyuq” kitabına yazdığı ön sözdən bir neçə cümlə: “Bəxtiyar dərin axtarışda olan və narahat düşüncələr şairidir. Sözü ilə əməli bir olan adamdır. Bir insan və şair kimi xarakterinin bu keyfiyyəti təkcə onun kiçik şeirlərində deyil, epik əsərlərində, adamları vicdana, igidlik və gözəlliyə çağıran poemalarında da meydana çıxır”.
B.Vahabzadə şeirlərini rus dilinə tərcümə edən rus şairi Rimma Kazakovanın “Mən Bəxtiyar Vahabzadəyə müəllim deyirəm, çünki onun şeirlərini oxuyanda, yaxud tərcümə edəndə öyrəndim və öyrənirəm. Onun kimi əsl müəllimdən yalnız öz sənətini cilalamağı yox, ürəyin etiqad etdiyi ciddi, vicdan qanunlarını mənimsəyirsən” (bax: «Литературная газета» (rus dilində) 1985, 21 avqust) ədəbi düşüncəsi, Ukrayna şairi Pavlo Movçanın “Bəxtiyar Vahabzadə insan varlığını, insan taleyini ənənəvi motivlərlə, ən yeni poeziyanın nailiyyətləri ilə birləşdirərək, geniş imkanlar yaradır… Şair hər şeirində təbiidir, çünki o səmimidir, ürəyiaçıqdır, ədəbaz deyil, sünilikdən uzaqdır” deməsi («Литературная газета» (rus dilində) 1984, 12 sentyabr) Vahabzadənin real sənətinə verilən əsil qiymətdir.
B.Vahabzadə haqqında yazılanlardan da göründüyü kimi, vətən, dil, milli-mənəvi dəyər onun əsərlərinin baş mövzusudur.
B.Vahabzadə bir publisist məqaləsində Vətən haqqında yazırdı: “Sevgilini sevməyin müddəti ömür qədərdir. Yəni burada sevginin müddəti ömrə bərabərdir… Vətən sevgisinin müddəti isə ömürdən o tərəfə keçir. Sevgilini özümüz üçün seviriksə, Vətəni xalqımız üçün, bu xalqın gələcəyi üçün, üzünü belə görə bilməyəcəyimiz nəvələrimiz, nəticələrimiz və kötücələrimiz üçün sevirik” (“Gəlin açıq danışaq” Bakı, 1988, səh. 72-73).
Altmış illik yaradıcılığını Azərbaycançılıq, türkçülük, dövlətçilik məfkurəsinə və milli-mənəvi dəyərlərin qorunmasına həsr edən vətənpərvər şair sözün əsl mənasında xalq üçün yaşamışdır. Deyə bildiklərinə cəsarəti çatmış, deyə bilmədikləri həqiqətlər isə “dilinin ucunda” qalmışdır. Böyük mütəfəkkir Əlibəy Hüseynzdənin dediyi kimi:
Dilimin ucundadır həqiqətin böyüyü,
Nə qoydular deməyə, nə kəsdilər dilimi.
B.Vahabzadə isə bədxahlardan ehtiyat edib deyə bilmədiklərini:
Çəkilmişəm qınıma
qorxuram mən,
Yalan desəm Tanrıdan,
Doğru desəm bəndədən –
şəklində etiraf edirdi.
Məqalədə B.Vahabzadənin Azərbaycan və türk dünyasının, eləcə də dünyanın ictimai, ədəbi düşüncəsindəki yeri, onun haqqındakı qərəzli və qərəzsiz mülahizələri incələməyə, dövlət, ədəbiyyat, siyasət və elm adamlarının B.Vahabzadə yaradıcılığına olan mövqeyini açıqlamağa çalışdıq.
PAYIZ DÜŞÜNCƏLƏRI
Məsləki həkim olan rus yazıçısı A.P.Çexov “Həkimlik mənim kəbinli arvadım, yazıçılıq isə sevgilim” deyərək, yazıçılığını daha çox sevdiyni bildirmək istəmişdir. Çexovun həkimliyindən çox “sevgilisi” tarixiləşmiş, onun yaradıcılığının bəlgəsi olmuşdur. XX əsrin Azərbaycan klassiklərindən məsləkcə həkim olan Abbas Səhhət isə məsləkini tərcümeyi-halı kimi qiymətləndirmiş, “Məsləkim tərcümeyi-halımdır” yazmaqla həyatının önəmini nədə deyil, nə etdiyində görmüşdür. Yaradıcılığını vaxtilə iki məqalədə şərh etməyə çalışdığım müəllim və alim həmkarım, Naxçıvan Pedaqoji Universitetinin dosenti Xanəli Kərimlini bizdən fərqləndirən onun şairliyidir, məsləkini tərcümeyi-halında büruzə verən şairlərə verilən Allah vergisi, Peyğəmbər xeyir-duasıdır.
2013-cü ildə Xanəli Kərimlinin nəşr olunmuş 540 səhifəlik “Payız duyğuları” adlı şeirlər kitabını oxuduqca onun mövzularının əlvanlığı, şeirlərində ifadə etdiyi tarix və tarixi həqiqətlər, milli-mənəvi dəyərlərimizə olan doğma münasibət bu şeirlər haqqında söz deməyə, bu şeirləri şərh etməyə haqq qazandırır. Kitaba verilən “Payız duyğuları” adı da düşündürücüdür. Şairin ömrün payız fəslində gördükləri, bildikləri və yazdıqları haqqında öz-özünə hesabatıdır.
“Payız duyğuları” kitabında Xanəli Kərimlinin Azərbaycanın müstəqillyinə qədər yazdığı və müstəqillik günündən günümüzə qədərki dövrünü əhatə edən bir çox şeirlər toplanmışdır.
Azərbaycanımızın 1992-ci ilə qədər və sonrakı dövrü, bu günü bir tarixi gerçəklikdir. Onun 1992-ci illərdə yazdığı “Necə ki…”, 1993-cü ildə yazdığı “Gördüm… görmədim”, “Dəli sayıqlaması” şeirlərində şair Azərbaycanın zamanla yaşadığı ictimai-siyasi vəziyyətə münasibətini
Çox şeylər gördüm bu yaşımda…
Çox şeylər ilişib qaldı yaddaşımda.
Bu millətin
Ömrünün ahın çağında,
Mühacirət ömrü yaşayan,
Qəlbində əbədi
Vətən nisgili daşıyan,
Şairini də gördüm,
Alimini də.
…Özgələri sevən kimi,
Özümüzü sevəmmədik.
Özgənin milçəyini fil bildik,
Özümüzün dəvəmizə
güvənmədik.
…Qoruya bilmədik,
Vətən adlı minillik əmanəti,
Babalardan qalma ləyaqəti, qeyrəti
(səh. 130-131) -
şəklində itirilmiş torpaqlarımızın ağrı-acısını ürək yanğısı ilə ifadə edir.
Böyük dövlət xadimi, ulu öndərimiz, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin çoxşaxəli möhtəşəm fəaliyyəti haqqında çox yazılmış, hələ çox da yazılacaq. Tarixdə etdiyi fədakarlıq, gördüyü böyük işlər haqqında hələ deyilməmiş həqiqətlər haqqında boş qalan tarixi səhifələr zamanla dolub öz yerini tutacaqdır.
Xanəli Kərimli Azərbaycanın ictimai-siyasi həyatına bir xilaskar kimi daxil olan Heydər Əliyev haqqında yazdığı “Onu zaman doğmuşdu” şeirində şairin öz təbirincə desək, “Tanrı elçisi”, “Sahib-zaman” Heydər Əliyevin müstəqil Azərbaycanın dövlət quruculuğu işlərində gördüyü böyük işlər, onun bir çağırışıyla millətin səfərbər olduğu, Azərbaycan torpağının hər oğlunun yenilməzlik rəmzini, Heydər Əliyev kimi dönməz iradəli, bir siyasət adamını yetişdirən bir xalqın əbədi yaşayacağı inamı ifadə edilir:
Heydər kimi bir düha,
Yetiribdirsə bu xalq.
Bu xalqa ölüm yoxdur –
Əbədi yaşayacaq!!! (səh. 16)
Ədəbiyyatımızda ayrıca tarixi bir mövzu olan Cənubi Azərbaycan mövzusu Xanəli Kərimlinin “Payız duyğuları” kitabında bir silsilə təşkil edir.
Tarixi miladdan çox-çox əvvəllərə dayanan Azərbaycan türklərinin torpaqları XIX əsrin əvvəllərində (1813) Rus və İran işğalına uğramış tarixi bir talesizlikdən, ikiyə bölünmüş “Şimali Azərbaycan”, “Cənubi Azərbaycan” kimi coğrafi adlarla xəritələrdə qeyd olunmağa başlamışdır. Şimali Azərbaycan torpaqlarında Çar Rusiyası və Sovet Rusiyasının, Cənubi Azərbaycan torpaqlarında 1813-cü ildən günümüzə qədər İranın hökmranlıq etməsinə baxmayaraq bütöv Azərbaycanın ifadəsi olan Vətən mövzusu zəmanənin bütün qadağalarına baxmayaraq, ədəbiyyatımızda Səməd Vurğun, Məmməd Rahim, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Məmmədhüseyn Şəhriyar, Səhənd kimi şairlərin şeirlərində aparıcı ana mövzulardan biri olmuş, Araz çayı, Heydərbaba dağı, Savalan dağı, Təbriz Vətəninin simvoluna çevrilmişdir. Azərbaycanı “şimal” və “cənub” deyə ikiyə ayıran Araz çayı sanki günahkar kimi şeirlərdə ittiham edilmişdi:
Axma, Araz,
Dayan bir az.
Bir ürəyi,
Cəllad kimi,
İki yerə bölmək olmaz –
deyən xalq şairi Süleyman Rüstəm vahid Azərbaycan məfhumu üzərində durmuşdu.
XX əsrin sonlarında müstəqilliyini qazanan (1992) Şimali Azərbaycanın – indiki müstəqil Azərbaycan dövlətinin hakimiyyəit illərində İrana ilhaq olunmuş Cənubi Azərbaycana dəfələrlə səfər edən şair Xanəli Kərimlinin “Payız duyğuları” kitabında toplanan şeirlərinin bir qisminin mövzusu da itirilmiş vətən torpaqları haqqındakı acı təəssüratlardır. “Gəzirəm vətəndə itən vətəni”, “Niyə qayıdırsan”, “A Kür bacım”, “Hayıf sənə, Təbriz yolu” itirilmiş vətən torpaqları haqqındakı şeirlərin bir neçəsidir.
Hayınan, küyünən yaşanmaz Vətən,
Ciblərdə sikkə tək daşınmaz Vətən.
Lüt-üryan qadın tək yaşınmaz Vətən,
Gəzirəm “vətəndə” itən Vətəni… (səh. 59)
Azərbaycan tarixinin böyük şəxsiyyətləri elm, tarix, mədəniyyət və ədəbiyyatımızın iftixar səhifələrində yer almışlar. Nəsrəddin Tusi, Məmmədəmin Rəsulzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Əhməd Cavad, Savalan…
Xanəli Kərimlinin Nəsrəddin Tusiyə yazdığı “Sənlə necə dərdləşim…” Cəlil Məmmədquluzadəyə yazdığı “Şükür sənin hüsnünə”, “Heykələ xitab”, Hüseyn Cavidə yazdığı “Ustad”, “Cavid əfəndi”, Şəhriyara yazdığı “Aparmağa”, “Sual” şeirləri, eləcə də Rəsul Rza (“Qayıda bilsən”), Mirzə İbrahimov (“Şükür ki…”), Məmməd Araz (“Əbədiyyət heykəli”), Xəlil Rza Ulutürk (“Elegiya”, “Rəhmət sənə”) haqqındakı şeirləri öz bədii mükəmməlliyi ilə seçilir. Marağa şəhərində olarkən Azərbaycanın elm və mədəniyyət sahəsində yetişdirdiyi riyaziyyat, astronom, ədəbiyyat alimi Nəsrəddin Tusiyə yazdığı “Sənlə necə dərdləşim…” şeirində kainatın sirrini zəkası ilə fəth edən cismi torpaq altında, ruhu haqqın yanında olan böyük Azərbaycan alimi Nəsrəddin Tusi ilə dərdləşir, Allahın möcüzəsi olan böyük alimə olan sevgisini belə ifadə edir:
Səkkiz yüz ildən sonra,
Görüşünə gəlmişəm.
Sən, ey Tusda doğulub,
Marağada yaşayıb,
Bağdadda ölən kişi.
Sevincini, qəmini,
Zamanın sitəmini,
Göylərlə bölən kişi.
Sən fəzilət şahısan,
Elmlər Allahısan. (səh. 51).
Şairin “Arximed”, “Kolumb”, “Şiraza gəlmişəm”, “Öz dilimsən” kimi düşündürücü fəlsəfi şeirləri də, kitaba daxil etdiyi tək bircə qəzəli də şeirlərinin poetik kamilliyinin nümunəsidir.
“Hər şairin öz dünyası var” – deyirlər. Xanəli Kərimlinin şeir dünyası kimi. Vətəndaşlıq və biganəlik… Bunlar bir-birinə tam əks olan, bir-birini təkzib edən qeyrət və qeyrətsizlik ifadəsidir demək yerinə düşər.
Şeirlərində “vətəndaş” və “biganə” təzadlarını ustalıqla qələmə alan Xanəli Kərimlinin poeziyasında türklük sevdası, ana dilinə, yaşadığı Vətən torpağına sonsuz sevgi var. Onun şeirləri oxucunu vətən əxlaqı, azərbaycançılığı milli ideyaya çevirmək, sözə ehtiram ruhu, Allahın göndərdiyi sözləri nurdan süzülüb gələn ərş-əla “bilərək” sözə ehtiyatla yanaşma ciddiyyəti təlqin edir.
Mən sözdən qorxuram –
Tanrıdan qorxan kimi,
Çünki söz Tanrının, Tanrı sözün özüdür.
O, bir nurdur süzülüb ərş-əladan gəlir,
Ərşlə fərşin zatı, astarıdır, üzüdür. (səh. 167).
Fikrimi vaxtilə Xanəli Kərimli haqqında yazdığım məqalələrimin birində olduğu kimi tamamlamaq istəyirəm: “Xanəli Kərimlinin şeirlərində xalqın cilalaya-cilalaya günümüzə qədər gətirdiyi söz uğurlu mənəvi sərvətdir. Ölçüsü-biçisi, hər cür əndazəsi yerində olan bu milli-mənəvi sərvət onun şeirlərində məqamında sərt, məqamında dadlı-duzlu fikirlər ifadə edir. Yaradıcılığındakı uğurları da, bəlkə sözə həssaslıqla, ehtiyatla, sənətkarlıqla yanaşmasıdır.
MÜNDƏRİCAT
Müəllifdən 3
Ön söz (Ə.Ələkbərli) 4
Folklor qaynaqları 6
«Dədə Qorqud”la mənəvi bağlılıqlar 10
Müşfiq poeziyasının folklor qaynaqları 17
“Azərbaycan şairi Nizami” adli kitab haqqında 24
Milli şeir ənənəsi 30
Bəxtiyar Vahabzadənin şair Halistin Kukula
məktubları 39
Yenə Şəhriyar 47
Nəbi Xəzri şeirlərində poetik tutum 56
Aşığın sevdası 62
Poetik kəşf 69
Türk dühasının ifadəçisi Həzrət Mevlanə
Cəlaləddin Rumi 74
Qadın Hüseyn Cavid yaradıcılığında 78
Bayatı 86
“İlk Azərbaycan kitabı” 90
Yaşdan giley ədəbi salnamədə 96
Qaracaoğlan şeirlərinin şəhdi-şəkəri 103
Abasqulu ağa Bakıxanov (Qüdsi) 112
Şeirimizdə “Dədə Qorqud” ifadələri 120
Marağalı Əvhədinin “Cami-cəm” əsərində
təsəvvüfün və xəlvətiliyin şərhi 129
Oxucunu düşündürən və yaşadan əsərlər 139
Azərbaycanın elm adamı Mirzə Kazım bəy 143
Tufarqanlı Abbas 147
Anadolu aşıqlarının türk mədəniyyətində yeri 152
Bir müəllim ömrünün poeziya karvanı 166
Aşıq Kemali Bülbül və türk dünyası 172
“Dədə Qorqud”da işlənən bir neçə
antroponim haqqında 181
Mayası məhəbbətlə yoğrulan poeziya 188
Azərbaycan mətbuat tarixindən 194
“Muğam, söz ifaçısı” 201
Ömrün karvanı 204
Sultan Süleymanın ekran həyatı 208
Düşünən və düşündürən şair 222
Payız düşüncələri 235
M.Hacıyeva.
Ədəbi qaynaqlar.
Bakı, “Elm və təhsil“, 2014.
Nəşriyyat direktoru:
Prof. Nadir Məmmədli
Kompyuterdə yığdı:
Ruhəngiz Əlihüseynova
Korrektor:
Vüsal Abiyev
Kompyuter tərtibçisi və
texniki redaktoru:
Aygün Balayeva
Kağız formatı: 70/100 1/16
Mətbəə kağızı: №1
Həcmi: 242 səh.
Tirajı: 300
Kitab Azərbaycan MEA Folklor İnstitutunun
Kompyuter Mərkəzində yığılmış, səhifələnmiş,
“Elm və təhsil” NPM-də hazır deopozitivlərdən
ofset üsulu ilə çap olunmuşdur.
Maarifə Hüseyn qızı Hacıyeva
Azərbaycanın Gədəbəy rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə indiki Bakı Dövlət Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində başlamışdır. Filologiya elmləri doktoru, professordur. 25-dən artıq kitabın (elmi monoqrafiya, dərslik, dərs vəsaiti) və 200-dən artıq elmi-metodiki məqalənin müəllifidir. “Folklor və müasir poetik proses”, “Folklor poetikası”, “Türk dünyası və qardaş ölkələr ədəbiyyatı”, “Türk aşıqları”, “Folklor və təsəvvüf ədəbiyyatı sözlüyü”, “Yahya Kamal Bəyatlı” bu kitablardan bir neçəsidir. Kitablarının altısı Türkiyədə və biri də Azərbaycanda Türkiyə türkcəsi ilə yayınlanmışdır.
2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş, 2011-ci ildə isə “Əməkdar müəllim” adına layiq görülmüşdür. Azərbaycan Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Mediyanın “Xan qızı Natəvan” və “Qızıl qələm” mükafatlarına layiq görülmüşdür.
Dostları ilə paylaş: |