Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ


ŞEİRİMİZDƏ “DƏDƏ QORQUD” İFADƏLƏRİ*



Yüklə 1,06 Mb.
səhifə7/13
tarix02.12.2016
ölçüsü1,06 Mb.
#616
1   2   3   4   5   6   7   8   9   10   ...   13

ŞEİRİMİZDƏ “DƏDƏ QORQUD” İFADƏLƏRİ*
Folklorumuzun, ana dilimizin qədim abidəsi olan “Dədə Qor­qud” dastanı elimizin mənəvi tarixini, adət-ənənələrini, məi­şətini, psixologiyasını özündə əks etdirən və qoruyub saxlayan abidədir. O, xalqımızın yazılı ədəbiyyatına da bila­va­sitə təsir gös­tərmiş, yazılı ədəbiyyatın obraz və dil sistemində dərin iz bu­raxmışdır.

“Dədə Qorqud” dastanı haqqında maraqlı tədqiqat apar­mış yazıçı Anar doğru olaraq qeyd edir: “Dədə Qorqud” dün­yası – bu gün yalnız qədim mətnlərdə, yazılı mənbələrdə, milli mədə­niyyət yadigarlarında qalmış bir dünya deyil. O, yaşarı bir dün­yadır və Azərbycanımızın müxtəlif guşələrində “tərə­kəmə”, “elat”, “ayrım” köçəri məişətində Dədə Qorqud ruhu, Dədə Qorqud ab-havası, Dədə Qorqud dili bu gün də yaşa­maq­dadır. “Kitabi Dədə Qorqud” bütünlüklə Azərbaycan xalqının, dilimi­zin, torpağımızın abidəsidir”.

Həqiqətən də, “Dədə Qorqud” kitabında indi daha çox dialekt və şivələrdə qalan, yaxud folklor və klassik ədəbiyyat mətnlərində həkk olunmuş bir çox söz və ifadə vardır ki, bunlar müasir poeziyada da işlənməkdədir. Həmin sözlərin bəzilərində onların klassik və müasir poeziyada işlənmə formasına və mənalarına diqqəti cəlb etmək, zənnimizcə, zəruridir. Məsələn, “Dədə Qorqud” dastanının dilində “don”, “döşürmək”, “yağı”, “qarmalamaq”, “axı”, “ismarlamaq”, “görk və s. söz və ifa­də­lər, müraciət formaları vardır ki, biz bu sözlərə klassik poezi­ya­mı­zın və Azərbaycan şeirinin poetik lüğət tərkibində rast gəlirik. “Dədə Qorqud”un dil materialı ilə bu yaxınlıq milli poetik dilin təşəkkülündə, onda canlı danışıq dil ünsürlərinin fəallanmasında müsbət rol oynamışdır.

“Dədə Qorqud” dilində “don” sözünə tez-tez rast gəlmək olur:

------------------------------

*Məqalə 13 may 1988-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində yayın­lan­mışdır.

“Ağ donuma kir ələndi

sənin üçün”.

“Atdan enib tacir donu

geyindilər”.
“Paltar”, “geyim” mənası ifadə edən “don” sözü bayatı­la­rımızda, aşıq poeziyasında, Vaqif poeziyasında işlənmiş və müa­sir Azərbaycan dilinin dialektlərində də işlənməkdədir.
Don tikdik ağı bizdən,

Belinin bağı bizdən.

Qoymayın yadellini,

Almağa bağı bizdən.

(Bayatı)
Al yaşıl geyinib tirmə bağlarsız,

Nə girmisiz dondan-dona, kəkliklər.

(Xəstə Qasım)
Meşədən don biçdin bu türyan dağa –

Qoy sərin meh əssin təbiətindən!

(M.Aslan)
Bu şeirlərdə “don” sözü libas mənasının poetik ifadəsinə xidmət edir. Aşıq şeirində və sonrakı poeziyamızda bu sözün sax­­lanılması “Dədə Qorqud” dilinin qədimliyi kimi izah olun­malıdır.

“Kitabi-Dədə Qorqud”un lüğət tərkibində “döşürmək” sözü vardır.

Xətainin şeirində bu söz “döyşürmək”, Abbas Tufar­qan­lıda isə “döşürmək” şəklindədir:
Hər çiçək üstə qondu zənbur,

Döyşürməyə çıxdı danəsin mur.

(Xətai).

Adam var dolanır səhranı, düzü,

Adam var döşürər gülü, nərgizi.

Adam var geyməyə tapammaz bezi,

Adam var al geyər, şalı bəyənməz.

(A.Tufarqanlı).


Şəhriyarın “Behcətabad xatirələri” qəzəlində və müasir Azərbaycan şairləri A.Sarıvəllinin, M.Aslanın və b. şeirlərində də söz “döşürmək” şəklindədir.
…Gözlər asılı, yox nə qaraltı, nə də bir səs,

Batmış qulağım gör nə döşürməkdədi darı.

(Şəhriyar).
Müasir Azərbaycan dilində ancaq dialektlərdə qalan “dö­şür­­mək” sözünün kökü daha qədimlə – “Dədə Qorqud”la bağlanır.

“Dədə Qorqud”la çoxəsrli şeirlərimizi birləşdirən, mənəvi əlaqə və irsilik körpüsü yaradan sözlər sırasında “yağı” sözünü də qeyd etməliyik. Biz bu sözə “Dədə Qorqud”un dilində rast gəlirik. Həm də söz öz əvvəlki mənasını saxlamışdır.

Müasir ədəbi dilimizdə “yağı” sözü “düşmən” sözünün sino­nimi kimi işlənir.

“Dədə Qorqud” dastanında da “yağı” düşmən mənası ifadə edir:

Kimi aydır:

– Yağı tozudur.

Və yaxud:

Qazan aydır:

– Bu gələn, bilmiş olun, yağıdır – dedi.

Sözün “Dədə Qorqud”dakı mənası və fonetik quruluşu “Koroğlu” dastanının şeirlərində də qorunub saxlanılmışdır:

Ucalardan uca dağı,

Hərgiz gələ bilməz yağı,

Koroğlu tək ər oylağı,

Nigar, Çənlibel budu, bu.

Düşmən mənasında işlənən “yağı” sözü klassik və aşıq poeziyamızda da çox işlənilmişdir. Aşıq Ələsgərin bir şeirində bu sözün incə poetik məna çalarına rast gəlirik:
Saxla dilin, özün üçün yağıdı,

Aşıq Ələsgərin odlu çağıdı,


Bu misralarda dilin “özün üçün yağıdı” mənası sözün kon­kret semantik mənasını ifadə edir.

“Yağı” sözü müasir Azərbaycan şeirinin dilində də işlən­mişdir. S.Rüstəm, M.Rahim və R.Rzanın siyasi-publisist ruhlu şeirlərində çox təsadüf edirik:

“Dədə Qorqud”un dilində elə sözlər var ki, nəinki şeir di­lində, həm də Azərbaycan dilinin ayrı-ayrı dialektlərində onların yaşadığı və arabir canlı ədəbi dildə funksional təsirini saxladığını görə bilərik. Məsələn, “qarmalamaq” belə sözlərdən biridir.

“Qamarlamaq” (dialektlərdə bəzən belə də işlənir) və ya “qar­malamaq” sözü “Azərbaycan dilinin izahlı lüğəti”ndə “tez-tələsik tutub götürmək”, “qapmaq”, “yapışmaq”, “tutmaq”, “qa­mar­­la­maq” kimi izah olunur.

“Dədə Qorqud” dastanının türk tədqiqatçısı Orxan Şaiq Gök­yay bu sözü “qaranlıqda o tərəf-bu tərəfə hərəkət etmək” kimi izah etmişdir. Lakin sözün belə izahının onun “Dədə Qorqud” mətnindəki mənası ilə heç bir uyarlığı yoxdur. Çünki həmin sözün həm dastanda, həm də müasir Azərbaycan dilində mənası eynidir. Məsələnin bu cəhətinə diqqəti cəlb edərək “Dədə Qorqud” dastanının tədqiqatçısı akademik Həmid Araslı yaz­mışdır: “Bu əsərin dili türk dilində danışan bir sıra xalqlara yaxın olsa da, öz lüğət tərkibi, frazeoloji ifadələr və qrammatik quruluşu etibarilə digər türk dillərinin hamısından daha çox Azərbaycan dililə bağlıdır”.

“Dədə Qorqud”da işlənən “qarmalamaq” sözü Azər­baycan dialektlərində işlənməklə yanaşı ədəbi-bədii dildə də ara-sıra işlənir. Məlumdur ki, ədəbi prosesdə dialektdən isti­fa­dənin uğur­ları ilə yanaşı itkiləri ola bilər. Poeziyanın dil tər­ki­binin xalq sözləri hesabına zənginləşdirilməsi, əlbəttə, sə­mə­rəli və müsbət hadisədir. Ancaq bu halda yazıçı sözün ümum­xalq miqyasda başa düşülməsini də nəzərə almalıdır. Bu baxım­dan, “qamar­la­maq” sözünün poeziyamızın dilində işlən­məsi etiraz doğura bil­məz, çünki poeziyaya folklordan daxil olmuşdur:


Dərya qamarladı, damladan umdu,

Ağzını ayırıb, gözünü yumdu.

Qızara-qızara kürsüyə cumdu,

Qızara-qızara sustalan oldu.

(M.Aslan).
Yeri gəlmişkən qeyd edək ki, “Dədə Qorqud”da işlənən “axı” ədatı haqqında da Orxan Şaiq Gökyayın mülahizələri düz­gün hesab edilməmişdir. H.Araslı tərəfindən bu müla­hi­zələrin tədqiqini düz­gün hesab etməliyik. Türk şərqşünası “axı” ədatının müasir Azər­baycan danışıq dilində çox geniş işlənən mənalarını “axilik” kimi başa düşmüşdür və beləliklə, dastanı tamam onun ideya məzmu­nunda olmayan bir tarixi-ictimai hərəkatla – əxiliklə bağlamışdır. Dastanın sözlüyündə müəllif bu ədatı “əliaçıq, comərd bir kimsənin sevdiklərindən yaxını” mənasında izah etmişdir.

Lakin həqiqətdə isə “Dədə Qorqud”da “axı” ədatı təkrar-təkrar işlənmişdir. Nümunələrə diqqət yetirək:


Qara qıyma gözlərini uyxu almış,

asğıl axı.

On ikicə süküciyin öyrən olmuş

yığışır axı…

Tanrı verən dadlı canın

seyrandaymış indi axı…

Öz gövdəndə canın varsa, oğul ver,

xəbər mana.

Qara başım qurban, oğul,

sana – dedi.

“Dədə Qorqud”un dilində işlənən bu ədat aşıq şeirində, Azərbaycan şairlərinin əsərlərində ən çox işlənən dil vahid­lərindən biridir. Məsələn, Aşıq Şəmşirin bir qoşması tamam bu dil vahidi əsasında qurulmuşdur:
Ürək deyir, bax gözələ,

Dizimdə gir yoxdu axı.

O cavanlıq düşməz ələ,

Qoca, düşgün vaxtdı axı.


Şəmşir, qadaq ver dilinə,

Hansı nər qatıb əlinə?

Ta baxmıram qız-gəlinə,

Gözüm-könlüm toxdu axı.


Müasir əbədi dilimizdə “sifariş” sözü işlənməkdədir. An­caq dialektlərdə bu sözün “ismarış”, “ismarınc”, “ismar­la­maq” şəkli vardır. “Anama ismarıc elədim”, “Bacıma ismar­la­dım”, “İsma­rışnan hac qəbul olunmaz” və s. Poetik dildə də bu sözə rast gəlirik.
Bir söz ismarlamış bəlkə yar eli,

Nədən anlaşılmaz quşların dili.

(Əhməd Cavad).
“Sifariş” sözü ilə “ismarış”, “ismarınc” sözlərinin fərqinə var­dıq­da, “ismarış”, “ismarınc” sözünün tədricən “sifariş” şək­li­nə düş­dü­yünü yəqin etmək olur. “Etmək” köməkçi feli “ismarış” felini “si­fariş etmək” şəklinə salıb. Halbuki, “ismarlamaq” daha yığcamdır.

Şifahi ədəbiyyatda, xüsusilə nağıl və dastanlarda “ismarış”, “ismarlamaq” sözünə tez-tez rast gəlirik.

Bu sözün də kökünü aradıqda tədqiqat bizi “Dədə Qor­qud”a aparıb çıxarır. Belə ki, “Dədə Qorqud”un nəsr dilin­də “is­marlamaq” sözü vardır.

… “Oğlanı həkimlərə ismarlayıb Dirsə xandan sax­la­dılar”.

Səciyyəvi haldır ki, sözün dastandakı mənası eynilə qalmış­dır. Müasir ədəbi dilimizdə və dialektlərdə işlənən “göynəmək”, “suç”, “yarımaq”, “iraq”, “sapand”, “aydan arı” kimi sözlər və ifadələrə də “Dədə Qorqud”un lüğət tərkibində rast gəlirik. Bu sözlər xalq poeziyasında və klassik poe­ziya­mızda da dönə-dönə işlənmişdir:
Səndən xəbər alım, ay Dədə Qasım,

Kim xəta eylədi, qaldı üstə suç?

(Xəstə Qasım).
Şəfaenin olmaz o qədər suçu,

Əvvəldən axıra ayrıdır köçü.

(M.P.Vaqif).
Yarımadıq yar olalı,

Nə sən məndən, nə mən səndən.

(Aşıq Ələsgər).
Nə özün yarıdır, nə sevənləri,

Bir para adamı kərkəvəz eylər.

(M.P.Vaqif).
Bu sözlər müasir şeirimizdə də işlənməkdədir. Deməli, ayrı-ayrı söz və ifadələr poetik dövrlərdə əsərlər arasında körpü ya­ra­dır, mənəvi varislik zəncirinin qırılmamasını təmin edir. Belə söz­lərdən biri də “görk” sözüdür. Müasir Azərbaycan ədəbi dilində, danışıqda bu söz az işlənir. Klassik poeziyanın dilində də bu sö­zün sıx-sıx işlənildiyini demək çətindir. Lakin buna baxmayaraq “görk” sözü “Dədə Qorqud”la klassik və müasir poeziya arasında mənəvi ünsiyyət yaradan bir vahid kimi qeyd oluna bilər.

Dialektlərdə işlənən “görk” sözü “Dədə Qorqud”da “bö­yük”, “uca”, “görkəmli”, “görümlü”, “baxımlı” məna­sın­dadır.


Axıntılı, görklü suyun,

Soğulmuşdu çalğadı axır.

…Dizin basıb oturanda

hilal görklü,

Dölümündən ağarsa baba görklü,

Ağ südün doya əmizdirsə

ana görklü.
Ş.Cəmşidov “Nəsimi şeirlərində “Dədə Qorqud” ifa­də­ləri” adlı məqaləsində “görklü” sözünü “gözəl”, “qəşəng” kimi izah edir.
Görklü yüzin nurindən aləm

münəvvər oldu,

Şirin sözün qatında şəkkər

mükəddər oldu.


Sözünə davam edən müəllif yazır: “Şübhə yoxdur ki, bu “görmək” feli ilə bağlı olub, əşyanın “zahiri görünüşü” gözəl görkəmi ilə əlaqədardı”. Müəllifin qənaətinə əsasən də, bu sözün əsasında “gözəl” sözü dayanır.

Doğrudan da, Azərbaycanın Qarabağ, Kəlbəcər, Gədəbəy və başqa ərazilərində yaxşı və ya pis işin müqabilində xalq “qoy başqasına görk olsun” deyir. Bizcə, sözün bu cür işlənməsində onun ibrət mənası ifadə etdiyini görmək çətin deyildir. Deməli, “Dədə Qorqud”da, Nəsimi şeirlərində görk sözü “uca, baxımlı, gözəl, ibrət” mənası ifadə etdiyi şübhəsizdir. Bu sözə biz müasir şairlərin əsərlərində də arabir təsadüf edirik. Məsələn, M.Asla­nın XX əsrin əvvəllərindəki erməni vəhşiliklərinə aid “Sümüklü dərə” şeirində “görk” sözü, ibrət, nümunə mənası ifadə edir.


Uzanıb əsəbi, göz deyə-deyə,

Qəzəbi tuşlanıb hansı nöqtəyə?

Çürütmür sümüyü görk olsun deyə –

Sümüklü dərə.

(M.Aslan).

“Kitabi-Dədə Qorqud”un dili canlı və əlvandır. Bu xüsu­siyyəti yaradan amillərdən biri dastanın dilində alqış, and, qarğış ifadə edən ifadələrin işlənməsidir ki, müasir poeziyamızda bu­nun saysız-hesabsız nümunələrinə rast gəlmək mümkündür. “Də­də Qorqud”da dilimizin poetik zəngin­lik­lə­rinin dərin və silinməz izləri qalmışdır. Məsələn, “aydan arı” ifadəsini götürək. Dastanda arı təmiz, saf mənasındadır. İndi də xalq arasında “aydan arı, sudan duru” ifadəsi vardır. Xalq şairi B.Vahabzadə “Muğam” poemasında “Aydan arı, sudan durum mənim. Ay yanıqlı şurum mənim” beytində bu ifadəni təmiz­lik, paklıq mənasında işlətmişdir. Dilimizdə saflıq, təmizlik anlayışı ifadə edən bu söz “Dədə Qorqud”un poetik parça­larında “Aydan arı, gündən görklü” şəklindədir:


Aydan arı, gündən görklü qız qardaşın Banıçiçəyi,

Bamsı Beyrəyə diləməyə gəlmişəm – dedi.


Dastanın başqa bir yerində isə arı su ifadəsi “təmiz, saf” mənasını ifadə edir.

60-cı illərdə Azərbaycan poeziyasında yeni üslubi və forma meyillərinin sürətlə inkişaf etməsi, realizmə və sadəliyə meylin qüvvətlənməsi müasir şairləri “Dədə Qorqud”a müraciət etməyə gətirib çıxarmışdır. Belə bir müraciət müasir poeziyamızın həm vəzn, həm də obrazlı strukturunda özünü hiss etdirmişdir.




MARAĞALI ƏVHƏDİNİN “CAMİ-CƏM” ƏSƏRİNDƏ TƏSƏVVÜFÜN VƏ XƏLVƏTİLİYİN ŞƏRHİ*
İnsanın nəfsi ilə mücadilə edərək, onu islah və tərbiyə et­məsi, öz varlığından keçərək Allaha qovuşmaq məqsədi gü­dən tə­səvvüf islam dinindəki mənəvi həyatın, əxlaqi dəyərlərin adıdır. Sufilərin Haqqa çatmaq yollarına verdikləri bir isim olan təsəvvüf sufilik məsləkidir. Bəzi sufilər təsəvvüfü sülhü olma­yan bir savaş, nəfsə qul olmamaq, şeytana aldanmamaq, nəfsin nəsibini tərk edərək Haqqın nəsibini axtarmaq, zahirdən uzaq­laşıb batilə yaxınlaşmaq, əziyyətləri gizləmək, comərdlik, zərif­lik və təmizlik kimi dəyərləndirmişlər.

Seyid Yəhya Bakuvinin yetirməsi olan Dədə Ömər Rövşəni təsəvvüfü belə açıqlamışdır:


Təsəvvüf qəlbi Həqqə bağlamaqdır,

Ürəyin eşq oduyla dağlamaqdır,

Təsəvvüf hüsni-xülq ilə ədəbdir,

Vəli hüsni-ədəb ətayi-Rəbdir.

Təsəvvüf bilmədir ətvari-qəlbi,

Əridib qoymaya qəlbində qəlbi.

Təsəvvüf yad olub, var olmamaqdır,

Güli-gülzar olub, xar olmamaqdır.

(Bax: M.Hacıyeva, M.Rıhtım. Folklor və təsəvvüf

ədəbiyyatı sözlüyü. Bakı, 2009, s.299-300).

Sufilərin əksəriyyətinə görə, təsəvvüfün qaynağı “Quran” və hədislərdir. Təsəvvüfün Hz.Peyğəmbər (s.a.v.) dövründə adı olmasa da, məzmunu mövcud olmuşdur. Çünki “Quran”da haq­qında bəhs olunan təqva, zikr, tövbə, riza kimi qəlbə aid əməl­lərin necə gerçəkləşəcəyini “Quran” və şəriətdən alıb xalq ara­sında yayanlar, tətbiqi olaraq öyrədənlər zahidlərdir.

-------------------------------

* Məqalə 24-26 noyabr 2013-cü ildə Eskişehirdə keçirilən “Uluslararası Se­yid Yahya Şirvani və Xəlvətilik” Simpoziumunda məruzə edilmişdir.

Azərbaycanda İslamın ilk illərindən etibarən sufilik yayıl­mağa başlamışdır. Bəzi mənbələrdə Hz.Məhəmməd (s.a.v.) döv­ründə yaşamış təsəvvüf tarixi üçün mühüm əhə­miy­yətə malik olan Veysəl Qaraninin (v.657) qəbrinin Azərbaycan ərazisində olduğu yazılmaqdadır (bax: Mehmet Rıhtım. Seyid Yəhya Ba­kuvi və xəlvətilik. Bakı, Qismət, s. 74).

Azərbaycanın əksər coğrafi bölgələrində rast gəlinən, adı-sanı unudulsa da, türbələri xalqın yaddaşında yaşayan minlərlə pir qəbri və məqamı da Azərbaycan torpağında islamın yayıl­ması və inkişafında sufilərin mövqeyini göstərən dəlillərdir.

“Kitabi-Dədə Qorqud”da Burla Xatunun Salur Qazana söylədiyi:


Quru-quru çaylara su saldım,

Qara donlu dərvişlərə nəzir verdim –


misralarında olduğu kimi Azərbaycan şifahi və yazılı ədə­biy­yatının başqa mətnlərində də sufilərdən bəhs edilir.

Klassik Azərbaycan ədəbiyyatının islam mədəniyyətinə verdi­yi dəyərli töhfələrdən biri də təsəvvüf ədəbiyyatı sa­hə­sindədir. Azərbaycan ədəbiyyatında Babakuhi Şirvani, Nizami Gəncəvi, Mahmud Şəbüstəri, İmaməddin Nəsimi, Qasimi Ənvar, Dədə Ömər Rövşəni, İbrahim Gülşəni, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Əbdülqasim Nəbati, Mir Həmzə Nigari kimi şairlər dini təsəvvüfi düşüncələri əks etdirən bədii nümunələr yazmışlar.

Biz bu məqalədə XIII əsrdə Azərbaycanın Marağa şəhə­rində yaşamış qəsidə, qəzəl, rübai, tərcibəndlərdən ibarət bir divan, “Dəhnamə” (yaxud “Məntiqülüşşaq”) adlı aşiqanə bir poema və di­daktik-fəlsəfi məsnəvi olan “Cami-Cəm” əsə­rinin müəllifi Mara­ğalı Əvhədinin (1274-1338) “Cami-Cəm” əsə­rin­dəki sufizm dü­şün­cələrini şərh edən ədəbi parçaları təhlil etməyə çalışacağıq.

Marağalı Əvhədinin 1333-cü ildə fars dilində yazdığı “Ca­mi-Cəm” əsəri orta əsr Azərbaycan mədəni irsinin, dini dün­­yagörüşünün bədii əksidir. Azərbaycan sözləri və məsə­lə­ləri ilə bəzənən bu əsəri şairin “Cami-Cəm” adlandırması təsadüfi de­yil­dir. Əsərin adı ilə əfsanəvi İran padşahı Cəmşidin is­tənilən hər şeyi özündə əks etdirən camında olduğu kimi hər məsələyə cavab tapmağın mümkünlüyünə işarə edilmişdir. Şair özü əsə­rinin “Cami-Cəm” adlanmasını belə izah edir:


Adını “Cəmşidin Camı” qoydum mən,

Varlığın əksini onda görərsən.

Əgər kim istəsə, dünyanı görmək,

Könlü istəyəni burda görəcək.

(“Cami-Cəm”, Bakı, 1970, s.40)
Doğrudan da, şərabın, bəngin, sərxoşluğun pislənmə­sin­dən tutmuş, övlad tərbiyəsi, mərdanəlik, elmə yiyələnmək, ədalətdən, zülmdən çəkinməyin yollarını şərh edən 9142 misradan ibarət olan “Cami-Cəm” əsəri tovhid, nət və mən­qəbətdən sonra 3 fəsildən ibarətdir ki, əsərin II fəslinin II his­sə­sində şair təsəvvüflə bağlı bir çox istilahları şərh edir. Poe­manın III fəsli isə axirət kimi əbədi səfərə necə hazırlaşmaq, bu dünyanın xeyir-duasını alıb axirətə əliboş getməmək ideyasının şərhi və təbliğidir.

Sovet hakimiyyəti illərində dini-təsəvvüfü düşüncələri, sufiz­mi təbliğ edən əsərlərin nəşr olunmamasına diqqət yetiril­mirdi. “Ca­mi-Cəm” əsərinin də bu mənada tərcüməsi və nəşri böyük cəsarət tələb edirdi. 1970-ci illərdə bu əsəri fars dilindən Azər­baycan dilinə tərcümə edən Qulamhüseyn Beydili və Xəlil Həmid oğlu böyük cəsarət göstərdilər. Əsərin redak­toru və ön söz müəllifi görkəmli alim Məmmədağa Sultanov əsərdə şairin icti­mai didaktik görüşlərinin daha qaba­rıq ol­duğunu vurğulayır və “Be­lə məğrur və başıuca yaşayan şairi ancaq sufi kimi qiymətlən­dirmək qətiyyən düzgün olmaz” deyərkən əsərin üzərinə senzura tərəfindən kölgə düşməməsinə çalışaraq, Azər­baycan xalqının bu orta əsr yazılı abidəsinin, onun dini-ideo­loji şərhinin xalqa çatdı­rılmasını, xalqın bu əsərdən xəbər­dar olmasını istəyirdi.

Sonralar 1982-ci ildə ali məktəblər üçün nəşr olunan “Qə­dim və orta əsrlər Azərbaycan ədəbiyyatı” dərsliyində Marağalı Əvhədi həmin dərs kitabına salınmış, onun “Cami-Cəm” əsəri­nin xeyirxah işlərə çağırışla dolu olduğu qeyd edilir və şairin sufi təlimi ilə bağlı fikirləri belə qiymətləndirilirdi: “İnkarolun­maz həqiqətdir ki, Əvhədi sufizmə meyil edən şairlərdən ol­muş­dur. Onun poemasında sufizm təlimi ilə bağlı fikirləri çoxdur. İkinci fəslinin ikinci hissəsində bu cəhət daha çox hiss olunur. “Mürşid və rəhbər haqqında”, “Şeyx və müridin sifətləri haq­qında”, “Tövbə haqqında”, “Xirqə vermək qaydası”, “Xəlvətin mənası” və s. bəhslərində sufizmin ən mü­hüm müddəaları əks olunmuşdur” (Bax: Ə.Səfərli, X.Yusifov. “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı: Maarif, 1982, s.159).

Orta əsr Azərbaycan ədəbiyyatının yazılı abidələrindən olan “Cami-Cəm” əsərində Allah, Tovhid, axirət, xəlvət, mürşüd, mürid, tövbə, ələst xirqə, zikr, şəhadət, salik, zöhd, ixlac, fəqih, oruc, eşq, təvəkkül, səbr, riza, şükr, təriqət, məzhəb, arif, ürfan, pir kimi dini təsəvvüfü terminlərinin şərhi verilir.

Eləcə də bir bucağa çəkilmənin faydası, müridliyin şərtləri, ac­­lığın faydası, yuxusuz qalmağın üstünlüyü, susmaq haqqında müx­­lislərin böyüklüyü kimi dini-didaktik məsələlər nəzmə çəki­lir.

Azərbaycanda qurulmuş bir təsəvvüf məktəbi olan xəl­vətiliyin iki piri, yəni qurucusu vardır. Bunlardan biri lahıclı Ömər, ikincisi Seyid Yəhya Bakuvi olduğu, XV əsrdə ən önəm­li mərkəzi Bakı olduğu yazılmaqdadır (bax: M.Rıhtım. A.K.Ə.)

Sufilərin xəlvətə çəkildikləri kiçik ölçülü yer olan xəl­vətxananın lüğəti mənası “tənha yer”, “tənha yerə çəkil­mə”dir. Xəlvətxana və ya xəlvətgah VIII əsrdən etibarən sufi­lərin nəfs­lərini tərbiyə etmək məqsədilə ibadət və təfəkkürə dal­dıqları, istifadə etdikləri bir məkandır (bu barədə bax: Maarifə Hacıye­va, Mehmet Rıhtım. Folklor və təsəvvüf ədə­biyyatı sözlüyü. Bakı, EA Folklor İnstitutu, 2009, s. 157-159).

Marağalı Əvhədinin “Cami-Cəm” əsərində “xəlvət”in mə­na­sı belə nəzmə çəkilir:


İnsan maneədən gərək olsun gen,

Ta ona xəlvətdə hüzur verilsin.

Su, çörək sözünü anmasın bir an,

Yolu göstərənə təslim olaraq,

Vaxtın işlərini gözləsin ancaq.

Ovcuna alaraq canı töfhətək,

“Ələst”ə üz tutsun ürəyi gərək,

Yoxdur dəryasına guylasın başı,

Bədəni ölümün olsun yoldaşı.

…Tərk etsin çoxluğu, sayı aşikar,

Rədd etsin Allahdan başqa hər nə var.

…Qırx yaman xisləti tərk eyləsən sən,

Çillədə tək, azad ola bilərsən:

Təkəbbür, mənəmlik, özünü çəkmək,

Qafillik, sərxoşluq, hiylə, qəzəb, şəkk,

Tərəddüd, paxıllıq, kələk, kin, tamah,

Yalançı, saxtakar, vəfasız olmaq.

Şəhvət, naz, yüngüllük, ağırlıq etmək,

Pozğunluq, nankorluq, insan incitmək,

İsraf, böhtançılıq, bir də fitnə, lağ,

Fırıldaq, qan içmək, riya nifaq,

Hirs, ikiüzlülük, acgözlük, həsəd,

Zülm, cövr, cəfa, süstlük nifrət.

Hər nə söylədimsə ondan qaç uzaq,

Onların əksiylə məşğul ol ancaq.

Sonra da xəlvətdə oturub ağla,

Qapını bağlayıb sən çillə saxla,

…Çilə elə budur, bax budur xəlvət!

Budur ariflərə yaraşan sifət!

(Əvhədi, “Cami-Cəm”. Bakı, 1970, s. 153-154)


Əsərin “Bir bucağa çəkilməyin xüsusiyyəti haqqında” ad­la­nan bölümündə (səh. 161-162) şair xəlvətin məziyyətini belə izah edir:

Xoşbəxt o kəsə ki, qaçdı insandan,

Döndərdi üzünü, gözünü ondan.

İşin olacaqsa Allahla əgər,

Başına bəladır bu əlaqələr.

…Qəlbi xalq yanında, özü xəlvətdə,

Azad, boynu bağlı quldur əlbəttə.

…Az olsun, çox olsun getsən xəlvətə,

Fikrində yer vermə vara, dövlətə.

Peyğəmbər alverdən olan tək uzaq,

Məskəni Hərada oldu bir bucaq.

Girdi Mağaraya çıxıb şəhərdən,

Sevincə, şadlığa qovuşdu həmən. (səh. 162)

Poemada onlarla təsəvvüf istilahlarının (tovhid, çillə, fəqih, axirət, ələst, mürid, mürşid, şeyx, irfan, eşq, tövbə, xirqə, zikr, səbr, cənnət, şəhadət, salik, oruc, zöhd, ixlac, təvəkkül, şükür və s.) geniş şərhi verilir. Biz bu istilahların bir neçəsinin haqqında fikrimizi izah etmək istəyirik.


Zikr

“Bütün təriqətlərin təməl ünsürü olan zikr hərfən anmaq, zikr etmək, xatırlamaq deməkdir. Zikr Allahın isimlərini, bəlli duaları, səsli və ya səssiz söyləmək, təkrar etmək deməkdir.

Zikrdə əsas ünsür digər varlıqları unudaraq, hətta yox sa­ya­raq Allahı anmaqdır. Ən əfzəl və üstün zikrin “Laila­həil­lal­lah” oldu­ğunu Peyğəmbərimiz söyləmişdir. Sufilər də bu cüm­ləni zikrin təməli olaraq almış və onun üzərində is­rarla dur­muş­lar” (Bax: Maa­rifə Hacıyeva, Mehmet Rıhtım. Folklor və təsəv­vüf ədəbiyyatı sözlüyü. Bakı, AMEA-nın Folklor İnsti­tutunun nəşri, 2009, s. 321).

Marağalı Əvhədi “Zikrin təlqini”ni belə izah edir:

Zikr yer taparaq əyləşən ürək,

Səs uca, ya alçaq, eynidir gerçək.

Eşidir hər şeyi ad çəkdiyin kəs,

Odur nərə, fəğan eyləmə əbəs.

O kəs ki, sözlərin bilir sirrini,

Dilsiz, danışıqsız qanacaq səni.

Əgər bir olmasa dil ilə ürək,

Əslində yaramaz zikrə cəhd etmək.

Dil ilə ürəyin dost olan zaman,

Onun pak adına layiq olarsan.

(Marağalı Əvhədi. “Cami-Cəm” , s. 150-151)
Tovhid

İslamda inancın ruhu tovhid, ibadətin ruhu ixlas, dünyəvi işlərin ruhu ədalətdir.

“Qurani-Kərim”in İxlas surəsinə Tovhid, Təfrid, Təcrid, Vilayət və Mərifət surəsi də deyilmişdir. Surədə Tovhid (Allah Təalanın bir olduğunu bilmək) inancı anlamlı şəkildə ifadə edilmişdir. İxlas surəsində Allah-Təala buyururdu ki, “Ya Mə­həmməd! De ki, Allah birdir. Saməddir. Heç bir şeyə möh­tac de­yil, hər şey ona möhtacdır, doğurmamışdır, doğulma­mış­dır. Heç bir şey onun bənzəri deyildir” (bax: Maarifə Hacıyeva, Mehmet Rıhtım. A.K.Ə., s. 165).

Marağalı Əvhədi əsərinin iki yerində “Tovhid” (s.9) və “Tov­hid” haqqında (s. 191) “Tovhid” kəlməsini şərh etmişdir (s. 191).


“De ki, o Allahdır”, onun sözüdür,

Alqışa, sənaya layiq özüdür.

O təkdir, qeyrisi tək ola bilməz,

Həmişə mövcuddur, doğmaz, törəməz.

Adı haqq əhlinə gün tək əyandır,

…Onun xaricində yoxdur bir məkan,

Onun sifətindən yoxdur bir nişan,

…Tayı olmamışdır mövcud olalı,

O, mövcud olduqca dəyişməz halı.

…Kim onun zatına əl atsa əgər,

…Yoxdur haqdan başqa ilahi – deyər.

Ağıl dərk eləməz onun zatını,

Düşüncə qavramaz bir sıfatını.

Onunla yaranmış gizli, aşikar,

Dünya və dünyada gördüyün nə var.

(“Cami-Cəm”. s. 9).

…Ürfanın axırı – onun görməsi!

Ürfanın əvvəli – onun bilməsi!

…Sayca yox, o, özü ümumən təkdir,

Yoxdur bir həmdəmi, həmişəlikdir.

…O, ağlı, idrakı yaratmış özü,

Ağla da göz verir onun öz gözü.

Onu görmək olmaz, gözlə heç zaman,

Gözə verilməmiş bu hal binadan.

(“Cami-Cəm”, s. 193).


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin