Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ


BƏXTİYAR VAHABZADƏNİN ŞAİR



Yüklə 1,06 Mb.
səhifə3/13
tarix02.12.2016
ölçüsü1,06 Mb.
#616
1   2   3   4   5   6   7   8   9   ...   13

BƏXTİYAR VAHABZADƏNİN ŞAİR

HALİSTİN KUKULA MƏKTUBLARI
Bir insanın öz xalqını və öz doğma dilini dəlicəsinə sevə bilmək qabiliyyətini mən B.Vahabzadədən öyrəndim”.

Əhməd Şmide


B.Vahabzadənin 70 illik yubileyi münasibətilə yazdı­ğım bir məqalədə onun yaradıcılığına münasibətimi aşa­ğıdakı şəkildə ifadə etmişəm: “B.Vahabzadənin hər bir əsəri əks-səda doğur­muş, şıdırğı bir sürətlə oxucular arasında ya­yıl­­mışdır. Çünki bu poeziya Azərbaycan adlı Ananın halal südündən, isti nəfəsindən yoğrulmuş müdrik poe­zi­yadır” (“Azərbaycanın Bəxtiyarı”. Bakı, 1995, səh. 140).

B.Vahabzadə yaradıcılığındakı müdrik fəlsəfi anlayış, onun xalqımızın milli varlığını, milli-mənəvi dəyərlərini, dilini, tari­xi­ni əks etdirən ədəbi, elmi-publisistik yazıları, poe­zi­ya­sındakı fəl­səfə dünyanın bir çox siyasətçilərinin, elm, ədə­biy­yat xadim­lə­ri­nin fikrini məşğul etmiş, haqqında fikir söy­lə­məyə vadar etmişdir.

Azərbaycanda və onun hüdudlarından kənarda yaşa­yan­lar, onun yaradıcılığını izləyənlər B.Vahabzadə haq­qında bir-birin­dən maraqlı fikirlər söyləmişlər.

Türk dünyasının böyük qələm ustası Çingiz Aytmatov ya­zırdı: “Vahabzadənin poetik təfəkkür mədəniyyəti tə­biət­cə milli­dir. Bu, müstəsna dərəcədə zəruri haldır ki, sən övladı olduğun xalqın nitq hissəsində feil olmağı bacarasan” (Ç.Aytmatov. “Azərbaycanın Bəxtiyarı”. Bakı, 1995, səh.189).

Prof. Mehmet Kaplan B.Vahabzadə şeirini “Brilyant kimi bir şeir” adlandırmış, prof. Dursun Yıldırım onu “Azər­baycan türk­lərinin olduğu qədər müasir dünya türk­lərinin də böyük şeir ustadı” hesab etmiş, prof. Əhməd Bican Ercilasunun “Vahab­zadə bizə öyrətdi ki, hər millətin ana dili o dilin namusu və vicdanıdır” konsepsiyası, onun şeirini “insanın içində yanan bir atəşə” bənzədən Əli Yavuz Akpınarın poetik düşüncələri, Yavuz Bülənd Bakilərin “Türk ədəbiyyatı üçün Mehmet Akif, Yahya Kamal, Nəcib Fazil nə isə Azərbaycan ədəbiyyatı üçün də Bəx­tiyar Vahab­zadə odur. Bu baxımdan yeni Azərbaycan Cüm­hu­riy­yə­tinin yaradılmasında onun haykıran yaradıcılığının mü­hüm payı vardır” deməsi Vahabzadə yaradıcılığının ictimai-bədii və siyasi məziyyətlərini göz qabağına gətirməkdədir.

B.Vahabzadə haqqında yazılanlar, deyilənlər böyük bir təd­qiqata möhtacdır. Biz bu yazımızda türk dünyasının milli dü­şüncələrini, türk dünyasına, o cümlədən Azərbaycan türk­lərinə böyük məhəbbətini şeir və yazılarında ifadə edən Samsunlu şair Halistin Kukul və Bəxtiyar Vahabzadə mü­nasibətlərindəki mü­la­hizələrimizi ifadə etməyə, onların mək­tub və düşüncələrini əlimizdə olan məktub və yazılara istinad etməklə şərh etməyə çalışdıq.

Vaxtilə Türkiyənin On Doqquz Mayıs Universitetinin fran­sız dili müəllimi indi təqaüdə ayrılmış, elmi-publisistik yazıları, şeir və nəsr əsərləri ilə tanınan Halistin Kukul Sovetlər Birli­yinin dağılması ərəfəsində türk dünyasına, Azərbaycana münasi­bətini ifadə edən “Salam” şeirində türk dünyasına olan həsrətini ürək yanğısı ilə belə ifadə edirdi:
Salam sənə, ey xorlanan Türk eli,

Salam sənə, Türk deyilən sevgili,

Dədəm Qorqud, Yunus Əmrə, Nəsimi,

Həsrətiniz könlümdə buram-buram,

Salamün əleyküm, əleyküm salam.

Qırğız, Qazax, Özbək, Türkmən, Azəri,

Türk atanın cövhərindən, cövhəri,

Görünməli bu gecənin səhəri,

Duysun bizə bütün cahan ehtiram,

Salamün əleyküm, əleyküm salam.


Halistin Kukul 1992-ci ildə yazdığı “Qarabağ acıları” şei­rində Qarabağda ermənilərin törətdikləri vəhşilikləri “Yaban ellər aldı yavrularımı”, “qırdılar o canım cavan­la­rımı”, “əm, ey qara torpaq acılarımı” şəklində ifadə edərək Sovetlər Birli­yindən qopan türk dünyasının zəncirlərini qır­dığını alqışlayır, lakin Azərbaycanın bir parçası Qarabağın düşmən tapdağından xilası üçün Allaha dualar edərək yazırdı:
Cümlə aləm bilir Qarabağ bizim,

Zəncirləri qırdıq, yeni çağ bizim,

Yamyaşıl vadilər, qarlı dağ bizim,

Qəbul eylə Rəbbim, dualarımı…


Türk milli düşüncəsi ilə yaşayan şair Halistin Kukul, şüb­hə­siz ki, türk dünyasına səs salmış Azərbaycan şairi B.Vahab­zadənin yaradıcılığından xəbərdar idi. Şairin özü ilə ilk dəfə 1992-ci ildə görüşməsini isə Halistin bəy “Vahab­zadəni din­lərkən” adlı məqaləsində belə ifadə edirdi: “Şeirlərini illərdir zövq və həyəcanla oxuduğum Azərbaycan şairi Bəxtiyar Va­habzadə ilə “Türk Dünyası Yazarlar Qu­rultayı”nda çox məsud və həyəcanlı bir halda qarşı­laş­dıq. Onunla görüşüm təxminən on iki dəqiqə çəkdi. 70 il deyil, sanki min illik həsrətlilər kimi görüşdük. Onu pro­fessor Məhmət Kaplanın “Türk Ədəbiyyatı” dərgisində yayınlanan “Pırlanta kimi bir şeir” məqaləsi ilə daha çox sev­diyimi söyləyincə, “Rəhmətlik Məhmət Kaplan başqay­dı. O, çox möhtərəmdi” - dedi. “Mənim bu yazımda məqsədim B.Vahabzadənin bu Qurultayda etdiyi məruzə və bu məruzədə onun davranışıdır. Çəkilən bunca cəfaya, bu vüsal günündə yenilərinin əlavəsini istəmir. Etidal, təmkin və sürət istəyir. Laf deyil, iş istəyir. Mum deyil, günəş istəyir. Öz ifadələrilə “Yum­ruq kimi birləşmək istəyir” (Bax: “Türk Ədəbiyyatı” jurnalı, dekabr 1992, səh. 42).

Halistin Kukul “Bəxtiyar Vahabzadə Ağabəimə” epiqrafı ilə yazdığı “Yumruq kimi birləşməli” şeirində


Eyni dağın gülləriyik,

Tomur-tomur dərləşməli.

Dərdləri də, sevinci də,

Həp birlikdə üləşməli!


Düz edib qarlı dağları,

Aşıb üstündən çağları,

Yandıraraq çıraqları,

İztirabları deşməli!


Dün və bu gün, həm də yarın,

Gözü doymaz canavarın,

Bizə tələ quranların,

Çuxurlarını eşməli.


Çox az qaldı, yol qısaldı,

Qaf dağımı? Bir masaldı,

Bəxtiyar bir haray saldı,

“Yumruq kimi birləşməli!”


1990-cı illərdə B.Vahabzadənin Türkiyədə bir neçə kita­bı, o cümlədən “Sonbahar düşüncələri”, “Ürəkdədir sözün kökü”, “Gün var min aya dəyər”, “Yücəlikdə tən­halıq”, “Tavşana kaç, tazıya tut”, “Açılan sabahlara sa­lam”, “Nerəyə gediyor bu dünya”, “Şehitlər” kitabları yayınlandı.

Bu sətirlərin müəllifi o illərdə (1992-1998) şair Halistin Kukulun müəllimlik etdiyi Samsun On Doqquz Mayıs Univer­sitetində professor kimi fəaliyyət göstərirdi. B.Vahab­zadənin Türkiyədə çap olunmuş kitablarının necə sürətlə yayılıb-oxun­duğunun mən də şahidi olmuşam. 1993-cü ildə B.Vahabzadə mənə və Halistin bəyə məktub göndər­mişdi. Halistin bəyə yazdığı məktubu ona çatdırmağımı xahiş edirdi. Bəxtiyar müəllim yazır­dı: “Hörmətli Maarifə xanım. Sizə telefonla dediyim, M.Halistin Kukula yazdığım məktubu ona çatdır­ma­ğınızı xahiş edirəm.

Mən sizdən xahiş edirəm, tapşırdığım işlərin taleyi barədə mə­nə yazasınız. Ələlxüsus Fırat Kızıltuqla telefonla danışa bil­dinizmi?

Diynət Vakfı mənim yeni kitabımı nəşr etmişdir (“Ürək­dədir sözün kökü”). Ondan da nümunə üçün sizə bir nüsxə göndərirəm.

Müfəssəl məktubunu gözləyirəm. Məndən oradakı dostların hamısına salam söyləyin.

Hörmətlə: B.Vahabzadə. 4.03.1993”.

Halistin Kukul B.Vahabzadənin Türkiyədə yayın­lanan, demək olar ki, bütün kitablarına münasibət bildirir, haqqında qəzet və jurnallarda məqalələr dərc etdirirdi. 1992-ci ildə B.Vahabzadənin İzmirdə nəşr olunan “Gün var min aya dəyər” kitabındakı “Örüm­çək ağ bağladı” (“Hö­rüm­çək tor bağladı”) şeirini təhlilə cəlb edən Halistin bəy “Ortadoğu” qəzetində “Örümçək ağ bağladı” şeirinin təh­lili” adlı məqaləsində ya­zırdı: “Örümçək ağ bağladı” insanı hədəf alan və bütün cəhətləri ilə bir cəmiyyəti çök­dürmək is­təyən bir diktatorluq rejiminə qarşı baş qaldırış və üsyandır.

…Bu şeirdə B.Vahabzadə Azərbaycanın düçar olduğu 70 illik macəralarını anladır. Başdan sona ifadə etdiyi mə­sələ milli mədəniyyət qiymətlərimizdir. O, bu şeirində heç bir zaman maddi məsələlərə toxunmur. Çünki bir milləti məhkum vəziy­yətə gətirmək üçün maddi deyil, onun mənəvi dəyərlərini məhv etmək, onu milli-mənəvi dəyərlərdən uzaqlaşdırmaq lazımdır. Budur 70 illik ponorama”.

Sonrakı məqalələrimin birində yenə bu şeir üzərində təhlil apararaq yazır: “Diqqət edilirsə, Mehmet Akif, Yahya Kamal, Nevcip Fazılın ümumi fikir anlayışlarının təməlində din (isla­miyyət), milli tarix (türk tarixi) və dil (türkcə) ən mühüm ittifaqı təşkil edər. …B.Vahabzadə 1968-ci ildə yazdığı “Örümçək ağ bağladı” adlı şeirində bu üç ünsürün üzərində durur. Bu üç ünsürdən məhrum bir millətin hafizəsi yoxdur (“Erciyes”, 2010, mart, səh. 1).

H.Kukul B.Vahabzadənin “Sonbahar düşüncələri” kitabı haqqında yazdığı “Qürub düşüncələri” adlı məqaləsində də Bəxtiyar Vahabzadəni “Azərbaycanın gursəsli, üfüqlü, alim-şairi adlandıraraq yazırdı: “Şeirdən ləzzət almaq istəyənlər, tarixdən ibrət almaq istəyənlər və çilə içində gözəlliyi görmək istəyənlər “Qürub düşüncələri”ni oxusunlar (bax: “Türk ədəbiyyatı” jur­nalı, 1986, sayı 276, ekim, səh. 48-49).

Halistin bəy “Bəxtiyar Vahabzadənin türkcə sevdası” (“Türk ədəbiyyatı”, 2004, iyul) “Vahabzadə eşqi” (“Erciyes” jurnalı 2007, iyun), “Gün var min aya dəyər” (“Türk ədə­biyyatı”, 1993, fevral), “Bəxtiyar Vahabzadənin “Allahü-Əkbər” şeirinin təhlili” (“Erci­yes” 2001, mart), Bəx­tiyar Vahabzadənin “Haqqı yox” şeiri haq­qında” (“Erciyes” 2008, oktyabr), “Yücəlikdə tənhalıq kitabı haq­qında” (“Çağrı” jurnalı, 2004, dekabr) məqalələrində ustad B.Va­hab­zadənin sənət dünyasına girdiyi gündən Azərbaycan üçün hay­kıran milli şair olduğunu dönə-dönə qeyd edir.

2009-cu ilin 13 fevralında Azərbaycanın böyük şairi və alimi, siyasətçisi B.Vahabzadənin dünyasını dəyişməsindən sonra Halis­tin Kukul şairin ölüm xəbərindən sarsılmış “Türk dünyasının bö­yük şairi Bəxtiyar Vahabzadənin ar­dın­dan” (“Erciyes”, 2009, aprel), “Bəxtiyar Vahabzadəsiz dörd il” (“Çağrı” dərgisi, 2013, fevral) məqalələri ilə B.Vahabzadənin əziz xatirəsini yad edirdi.

Mən 2013-cü ilin oktyabr ayında Samsunda bir sim­po­ziumda iştirak edirdim. Simpoziumda Halistin Kukul da çox maraqlı bir mövzuda məruzə etdi. Biz köhnə tanışlar kimi görüş­dük, səmimi söhbət etdik. Şübhəsiz ki, B.Va­hab­zadə söhbəti­mizdə birinci yerdə idi. Halistin bəy B.Vahab­zadənin ona yaz­dığı məktubların kopyasını mənə ver­di, «lazım olar” dedi. “Əl­bəttə, dedim, bunlar tarix üçün çox önəmlidir”.

Şair Halistin Kukula Bəxtiyar Vahabzadənin yazdığı ona qədər məktubdan məlum olur ki, onların arasında əqidə dost­luğu, qardaşlıq və milli düşüncə sevgisi birinci yerdədir.

Məktubların bir qismində B.Vahabzadə çox böyük təva­zö­karlıqla Halistin bəyin onun haqqında yazdığı mə­qalələrə görə ona təşəkkür edir, yazılara münasibət bildirirdi.

B.Vahabzadənin şair Halistin Kukula yazdığı mək­tub­ların ikisinin foto-şəklini verməyi lazım bildim. Bu mək­tublardan biri B.Vahabzadənin öz xətti ilə yazılmışdır, makinada yazılmış digər məktubda isə şairin imzası vardır.







YENƏ ŞƏHRİYAR*
Ürəyimdən xəbər alsan: -Necə keçdi ömrün?

Göz yaşımla yazacaq: - Mən günüm ağlar keçdi.
M.Şəhriyar
O taylı-bu taylı Azərbaycanın XX əsrdə yetişdirdiyi ustad şair Məmmədhüseyn Şəhriyar (1906-1988), o Şəhriyar ki, onun haqqında “Əvvəli sultani-eşq, axırı ustadi-şeir Şəhriyar” deyə ədəbi nəticəyə gəlinmişdir.

XX əsr farsdilli və azərbaycandilli İran poeziyasının qüd­rətli qələm ustası M.Şəhriyar farsdilli İran şeirinin ən mü­kəmməl nümunələri ilə bərabər, “Türkün dili tək sevgili, istəkli dil olmaz” deyərək ana dilində yazdığı şeirləri ilə Azərbaycan dilli poeziyanın ən xəlqi, ən milli nümunələrini də yaratmışdır. “Elinin dərdini farsicə də söyləyən dili” olsa belə yenə də


Türkün məsəli, folkloru dünyada təkdir,

Xan yorğanı- kənd içrə məsəldir – mitil olmaz –


deyərək ana dilinin üstünlüyünü, gözəlliyini bər-bəzəkli xan yor­ğanına bənzətmişdir.

XX əsr fars şeirini, bütövlükdə İran ədəbiyyatını yeni pil­ləyə qaldırmış Şəhriyar yaradıcılığı Orta Asiya, Türkiyə, Qaf­qaz, Pakistan, Əfqanıstan, Hindistan və b. ölkələrdə ədəbi pro­sesə ciddi təsir etmiş, saysız-hesabsız insanlar onun saf şeir çeşməsindən faydalanmış, mənəvi zövq almışlar.

İranın dini lideri Ayətullah Xomneyi “Şəhriyar İran tari­xi­nin bütöv dövrlərinin ən böyük şairlərindəndir. “Hey­dər­ba­baya salam” poeması onun böyüklüyünün göstəricisidir. Şəh­ri­ya­rın şeirlərinin bütün gözəllikləri bu poemada görün­mək­dədir” – de­yərək Şəhriyar yaradıcılığına münasibətini bildir­mişdir.

--------------------------------



* 2006-cı ildə Təbrizdə Şəhriyarın yubiley tədbirlərində iştirak etdiyim gün­lərin birində əziz Şəhriyarın qəbrini ziyarət etmək mənə də nəsib oldu.

Əsas mayası canlı xalq dili, xalq mənəviyyatı, xalqın mil­li-mənəvi dəyərləri olan “Heydərbabaya salam” mənzuməsi sö­zün tam mənasında folklordan, xalqın əsrlərin süzgəcindən keçmiş canlı ünsiyyət dilindən yaradıcı şəkildə bəhrələnməyin ən parlaq nümunəsi, Şəhriyar yaradıcılığının təkamülü, mö­cü­zəsidir. Bu mənada Şəhriyarın anadilli şeirləri üçün ona “Hey­dərbaba şairi” deyənlər haqlıdırlar.

“Heydərbabaya salam” poemasının yazılmasından sonra Şimali Azərbaycanda daha çox tanınan və sevilən Məm­məd­hüseyn Şəhriyar ədəbi ictimaiyyətin daha çox diqqət mərkəzinə çevrilməyə başladı. “Dərya elədim” şeirində özünün ifadə etdiyi kimi bir çeşmə olan türkcəni dərya eləmiş və ümid edir ki, bu çeşmə okean olacaq:
Türkinin canını almışdı həyasız tağut,

Mən həyat aldım ona, haqq üçün əhya elədim.

…Bax ki, “Heydərbaba” əfsanətək olmuş bir Qaf,

Mən kiçik bir dağı sərmənzili-ənqa elədim.

…Nə tək İranda vəlvələ salmış qələmim,

Bax ki, Türkiyədə, Qafqazda nə qövğa elədim.

…Aci dillərdə şirin türki olurdu hənzəl,

Mən şirin dillərə qatdım onu həlva elədim.

…Hər nə qalmış keçənlərdən ona bal pətəyi,

Əridib mumlu balın, şəhdi-müsəvva elədim.

(“Divani-türki”. Bakı, 1993, səh. 210-211)
Şəhriyarın ana dilində yazdığı şeirlərin, o cümlədən “Hey­dərbabaya salam” poemasının Azərbaycanda yayınlan­ma­sın­dan bu günə qədər onun yaradıcılığına olan sonsuz sevgim bu ali qələm ustasının dilinə, dininə, torpağına bağlı insanın haq­qında bir neçə məqaləmin ərsəyə gəlməsinə səbəb ol­muş­dur. 1964-cü ildə şairin Azərbaycanda nəşr olunan “Hey­dərbabaya salam” poe­masından və bir müdət sonra Şəhriyarın öz səsi ilə “Heydər­babaya salam”ın kasetdə yazılan və əldən-ələ, evdən-evə gəzən dəfələrlə dinləyib göz yaşı tökdüyüm sə­sindən sonra mən “Hey­dərbaba şairi” adlı məqalə yazdım və bu məqaləni 1984-cü ildə “Yazıçı” nəşriyyatı tərəfindən ya­yın­lanan “Müdriklik çeşmə­si” kitabıma daxil etdim. 1988-1990-cı ildə Azərbaycan televizi­ya­sın­da Şəhriyar haqqında hazırlanan bir verilişdə onun haqqında da­nışıb səsinin də verilişdə səs­lən­dirilməsi şərəfinə nail oldum. 1994-cü ildə Türkiyənin On Doq­­quz Mayıs Universitetində müəl­lifi olduğum “XX əsr Azər­baycan ədəbiyyatı” dərsliyində Şəhri­yarın da həyat və yaradıcılığına ayrıca fəsil ayırdım.

Onun ana dilli poeziyası, bu poeziyadakı folklor qay­naq­larına olan marağım “Heydərbabaya salam” poemasında folk­lor ünsürləri”, “Heydərbabaya salam” mənzuməsində təbiət”, “Məm­mədhüseyn Şəhriyarın türkdilli şeirlərində folklor mo­tiv­lə­ri” kimi məqalələr yazmağıma səbəb oldu. Bu sonuncu mə­qa­ləm İranda “Varlıq” dərgisində və başqa dərgilərdə ya­yınlandı.

2006-cı ildə İranda Tehran və Təbriz şəhərlərində Şəh­ri­yarın anadan olmasının yüz illiyi münasibətilə keçirilən Bey­nəlxalq yubiley tədbirlərində Azərbaycandan İrana gedən 17 nəfərin içərisində mən də məruzə ilə çıxış etmək şərə­finə nail oldum. Bu tədbirdə ulu Şəhriyarın səsi yazılan bir kaset də yubiley iştirakçılarına hədiyyə edildi.

10 il boyunca Şəhriyarın müxtəlif məqamlarda səsi yazılmış bu gözəl ərməğanı dinləməyim məni “Yenə Şəhriyar” adlı məqalə yazmağa vadar etdi. Şəhriyar haqqında öz səsindən eşitdiyim həqiqətlər haqqında doğru fikirlər söyləməyə səbəb oldu.

Şəhriyarın öz səsi ilə dediyindən aydın olur ki, o şəmsi təq­vimi ilə 1386-cı ildə, hicri-qəməri təqvimi ilə 1325-ci ildə (yəni 1906-cıildə) Təbrizin Çay qırağında Seyid İsmayıl Mu­səvinin ailəsində dünyaya gəlib. Atası mükəmməl təhsil almış bir vəkil və xəttat imiş. Özünün ifadə etdiyi kimi, Azər­bay­canda (Cənubi Azər­baycanda – M.H.) olan iki mükəmməl vəkildən biri onun atası Hacı Mirzə Qədir Xoşginabi və ikincisi Molla Qədirdir.

Ulu babalarının İraqdan Nəcəfə gəldiklərini, özlərinin Seyid İmam Rza nəslindən olduğunu deyir. Anadan olduğu il Səttar xan illərinə təsadüf edir. O, qundaqda imiş. Evləri sən­gərə yaxın olduğu üçün oradan getməyi məsləhət bilmişlər. Atası ailəsini hadisələrdən qorumaq üçün Kəvköşənə – öz doğ­ma yerləri Xoşginaba, Heydərbaba dağının ətəklərinə kö­çürür.

Şəhriyar:
Mənim ilham ilə qonuşub dil-dodağım,

Qurana, Hafizə burda açılıb dil-dodağım.

Burda kəşf oldu ki, Həqdən nə kəramət olacaq,

Neçə şətrənc ki, şahlar hamısı mat olacaq- deyir.


6 yaşından əlifbanı öyrəndiyini, İranda Səttar xan inqilabı yatırıldıqdan, məşrutə şölələri söndürüldükdən sonra kənddən Təbrizə köçdüklərini söyləyir. Təbrizdə onu fransızca öyrən­mək üçün bir fransız dili müəlliminə tapşırırlar. Fransız dilini və nəstəliq xəttini öyrənir. Aşağıdakı beyti də o zaman yazır:
Ruqiyyə bacı, başımın tacı,

Əti at itə, mənə ver kətə.


Altı yaşından əlifbanı öyrənib, Quranı və Hafizi oxuyan Şəhriyar etiraf edir ki, sonra ona çox şeylər adi gəlirdi.

Təbrizə onun yaşadığı evə böyük şairlər gəlirdi. Özü Həbib Sahir, Mirzə Əbdülqasim Şiva kimi gənc şairlərlə dost­luq edirdi. Məşrutə şairi Mir Əbdül Qazinin Mirağa adlı bir oğ­lu olduğunu, “Onun bir səsi var idi ki, dünyada belə şey ol­maz” deyən Şəh­riyar şair Qazinin “Ayaqdan düşmüşəm, saqi, əlimdən tut, ayaq eylə” şeirini və “Yazıq İranlılar” şeirindəki


şahdan çarə var biz millətə, ya rəbbi, nə məclisdən,

Bizə hər kim yar olsa, ona Allah pənah olsun –

misralarını söylərkən səsi titrəyən Şəhriyar şair İqbal Azərin münacatını, gurultulu zənguləsini xatırlayaraq belə bir Təbriz mühitində böyüdüyünü söyləyir.

Özünün də dediyi kimi, şeirlərini o zaman “Behcat” təxəllüsü ilə yazırmış.

Adı Məmmədhüseyn olan şair “Şəhriyar” təxəllüsünü Ha­fizdən hədiyyə aldığını söyləyir. Deyir ki, 2 dəfə çərx açdıq, “Şəhriyar” gəldi. “Dedilər, bu təxəllüsü dərbaridən almalısan. Dedim ki, bunu mənə Hafiz verib. Dörd il bu imza ilə şeir yaz­dım, amma Şəhriyar adını dilə gətirmədim. Sonra imzam bi­lindi. O Şəhriyarlar getdi, indi məruf Şəhriyar mənəm”- deyir.

14 yaşında ailəsi ilə Tehrana gələn Şəhriyar tibb məd­rə­səsinə daxil olur, üçillik təhsildən sonra Universitetə daxil olub tibb təhsilini başa vurur. Bir eşq macərası üzündən dost­la­rından ayrı düşməyə məcbur olan Şəhriyarın şeirlərinin “Behcətabad xatirəsi” dövrü başlayır. Şəhriyarın sevgilisi ilə evlənən Rza şahın əmisi oğlu Çıraqəli xan Pəhləvi (Əmir Əkrəm) Şəhriyarı Tehrandan çıxmağa məcbur edir (bu barədə bax: “Divani-Türki”. Bakı, s. 86). Şəhriyarı zindana atırlar və o, Xorasana get­məyə məcbur olur. 6 il sürən Xorasan həyatı dövründə atasını itirir, başı çox bəlalar çəkən Şəhriyar ailəni dolandırmaq məcburiyyətində qalır.

Bir müddət sonra Tehrana dönən şair fars ədəbiyyatının qızıl səhifələri olan, bütün İranı ovsunlayan əsər­lərini yazır.

Özünün dediyi kimi, o dövrdə onun ana dili ilə o qədər ün­siyyəti yox idi. Deyir ki, dilimizi əvvəldən açmağa qoy­ma­dılar. Tehrana gələndə anası deyəndən sonra ana dilində bir şeir yazır. Anası həmişə Seyid Əzim Şirvaninin qəzəlindən aşa­ğıdakı iki beyti zümzümə edirmiş:


Getmə, tərsa balası, mən də sənə sayə gəlim,

Yapışım dəmənüvə mən də kəlisayə gəlim.


Ya sən islamı qəbul eylə, mənim dinimə gəl,

Ya ki, təlim eylə, mən məzhəbi-İsayə gəlim.

(Bu barədə bax: “Divani-türki”, səh. 90).
O zaman Şəhriyar Seyid Əzimin qəzəlinin hamısını tapa bilmədiyi üçün anasının zümzümə etdiyi o iki beytə nəzirə ola­raq “Getmə, tərsa balası” adlı qəzəlini yazır. Qəzəlin bir neçə beyti belədir:

…Mən cəhənnəmdə də baş yastığa qoysam sən ilə,

Heç ayılmam ki, durub cənnəti-məvayə gəlim.
Nənə qarnında da sənlə əkiz olsaydım əgər,

İstəməzdim doğulub bir də bu dünyayə gəlim.


…Allahından sən əgər qorxmayıb olsan tərsa,

Qorxuram mən də dönüb dini-Məsihayə gəlim.


Yox, sənəm, anlamadım, anlamadım,

Buraxıb məscidimi, sənlə kəmkayə gəlim?

(“Divani-türkü”, səh. 90-91).
Eşq macərasından uzun illər keçdikdən sonra o, Əzizə Əb­dülxaliki adlı bir müəllimə ilə evlənir. Bu evlilikdən onun Mər­yəm və Şəhrzad adlı iki qızı, Hadi adlı bir oğlu dünyaya gəlir. O, Əzizə xanıma yazdığı “Əzizəcan”, “Əzizə”, “Yar qasidi”, “Bə­lalı baş”, “Toy yas ol” kimi şeirlə­rin­də sevgisini, ona olan sədaqətini
“Eşqimin bülbülü səni tutmuş,

Hər nə dünyada gül var, atmışdı”-


şəklində ifadə edirdi. Şairi rahatladan ailə həyatı da onun üzünə gülmür. Əzizə xanım 40 yaşına çatmadan dünyasını dəyişir. O zaman Şəhriyarın 67 yaşı vardı. “Əzizə” adlı şeirində
Qırxa sən yetmədin, cavan getdin,

Mən gedəydim ki, yeddim altmışdı – deyir.

(“Divani-türkü”, səh. 152).
“Yar qasidi” şeirində isə ağrı-acını bir mərsiyəyə çevirir:
…Sən yatalı, mən gözümə,

“Ulduzları say” – demişəm.

…Səndən sonra mən həyata,

Şirindisə, zay demişəm.

Sənin güntək batmağıvı,

Ay batana tay demişəm.

İndi yaya qış deyirəm,

Sabiq qışa yay demişəm.

Gah toyuvu yada salıb,

Mən dəli “nay-nay” demişəm.

Sonra yenə yasa batıb,

Ağları hay-hay demişəm.

Ömrə sürən mən qərəgün,

Ax demişəm, vay demişəm.

(“Divani-türkü”, səh. 153-154).
Əzizə xanımın vəfatından sonra qız övladlarını da itirən Şəhriyar “Bir uşaqlıqda xoş oldum, o da yel kimi qaçdı” deyib ömrünün başıbəlalı günlərini yaşayır. Özü də deyir ki, hər bir şah əsərimi yazarkən əvəzində sevimli istəklilərimi itirmişəm. “Heydərbaba” anamı əlimdən aldı, “Səhəndiyyə” Əzizəni. Ar­va­­dım öldü, qızlarım bu dünyadan köçdü. Qocalıq məni kor quş kimi qəfəsə salıb.

Bir müddət Tehranda yaşayan Məmmədhüseyn Şəhriyar Tehrandan ayrılıb doğma Təbrizə köçür:


Tehranın qeyrəti yox Şəhriyarı saxlamağa,

Qaçmışam Təbrizə qoy yaxşıyla, yaman bəllənsin –


deyir və bir də Tehrana Səhəndin ölümündə gəlir. “Mən The­randan incimişdim, Səhənd məni buraya gətirdi” deyir.

Təbrizə köç edən ustad Şəhriyar burada bir çox şah əsər­lərini, qəzəllərini yazır. Alim və şair dostları xaric, ata yurdu Təb­rizdəki evinin qapısını özünün ifadə etdiyi kimi, “Allahdan qeyri-hamıya bağlayır. Təbrizdə “Heydərbabaya salam” poema­sının II hissəsini ayrı ruh, ayrı əhval-ruhiyyə və ayrı bəyanatlarla yazır. O, bir daha Heydərbabaya gedərək kənddə kənd uşaq­larının yerini boş, buradakı o əski bildiyi insanların gedər-gəl­məz yollara getdiyini görür, köhnə xatirələr çözələnib dil açır: “Ahılları yetmiş kəfən çürüdən, cahillərini dünya qəmi kiridən” Heydərbabaya mürəciətlə:


Heydərbaba, səni vətən bilmişdim,

Vətən deyib baş götürüb gəlmişdim.

Səni görüb göz yaşımı silmişdim,

Halbuki, lap qəmli qürbət səndəymiş,

Qara zindan, acı şərbət səndəymiş –
deyir.

İki hissədən ibarət olan “Heydərbabaya salam” poeması bü­tövlükdə o qədər sadə, əsil, nəcib bir Azərbaycan dilində ya­zılmışdır ki, Şəhriyarın özü etiraf edir ki, onu fars dilinə tərcümə etmək mümkün olmur. Şəhriyar onu da qeyd edir ki, fars şairləri onu oxumaq üçün Azərbaycan dilini öyrənməyə çalışırdılar. Ömrünün təxminən son qırx ilini Təbrizdə yaşayan Şəhriyar Arazın o tayı olan Şimali Azərbaycan şairləri ilə şeirləşərək Azər­baycan dilində yazdığı şeirləri ilə “Həsrət ədəbiyyatı”nı yazmağa başlayır.

Şəhriyarın səsi olan diskdə Cənubi Azərbaycanın böyük mil­li şairi Səhəndə Azərbaycan dilində həsr etdiyi “Səhəndiyyə” poemasını da oxuyar və Səhəndə müraciətlə:
Dərdimiz sanma ki, bir Təbrizü Tehrandır, əzizim,

Ya ki, biz türkə cəhənnəm olan İrandır, əzizim.

…Amma məndən sarı sən arxayın ol, şanlı Sədəndim,

Dəli ceyranlı Cəhəndim.

Mən daha ərşi-əla kölgəsitək başda tacım var,

Əldə Firona qənim bir ağacım var.

…Başda sınmaz sipərim, əldə kütəlməz qılıncım var –

deyir və Azərbaycan haqqında “Bizim iftixarımız budur ki, azər­baycanlıyıq. Azərbaycan milləti ölməzdir. Ölməz bir mil­lətin məgər qabağını ala bilərlər? 50 il qabağını aldılar. Yenə şişdi, “Heydərbaba”, “Səhəndiyyə” kimi nəhənglər yaratdı. Bun­lar məhv olmaz. Mən İranı mülki-Azərbaycan bilirəm. Şah İsmayıl İranı məmləkət eyləyib verdi xalqına. Azərbaycan ol­masaydı, İran olmazdı. Azərbaycan olmasaydı, İranda Məşruyə olmazdı. Azər­baycan olmasaydı, İranda dini-islam olmazdı. İran bir pey­kərdir, bu peykərin kəlləsi, başı Azərbaycandır. Səttar xan kim idi? Azərbaycanlıların əzizi, rəşidi, sərdarı. “Heç zaman istə­məz­dim ki, daxili inqilab düşsün”.

Danışıqlarından ayrı-ayrı alınmış bu fikirlər Şəhriyarın mil­li ruhunu ifadə etməkdədir.

Şəhriyarın II diskdən ibarət olan və aparıcının ifadə etdiyi kimi 10 il ərzində qeydə alınmış hər iki diskdə şairin öz səsi ilə oxu­duğu “Heydərbabaya salam”, “Səhəndiyyə”, “Azan səsi”, “Getmə, tərsa qızı”, “Demişəm”, “Eyləmisən”, “Yeri boş” şeir­lərini Şəhriyar səlis ana dilində söyləmişdir. Bu kasset “Öm­rü­mün axırıdı, qoy səs qalsın” deyərək ürəyindən keçənləri söy­ləyən şairin tarixi bir səs yadigarıdır.

1988-ci ildə dünyasını dəyişən Məmmədhüseyn Şəhriyar öz vəsiyyətinə görə Təbrizin Surxab məhəlləsində “Məqbəreyi-Şüara” qəbiristanlığında dəfn edilmişdir.


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin